banner banner banner
Kraliçanın boyunbağısı
Kraliçanın boyunbağısı
Оценить:
Рейтинг: 0

Полная версия:

Kraliçanın boyunbağısı

скачать книгу бесплатно

Filip qızardığını hiss etdi. Soyuqqanlılığını qorumaq üçün isə dərhal dodağını dişlədi.

– Əla havadır! – kraliça sevinclə dedi. – Sabah buz əriyəcək. Kirşə isə mənə elə bu saat lazımdır.

– Əlahəzrət konki sürmək istəyir? – Filip soruşdu.

– Bəli, cənab de Taverne. Mən sizinlə ayrılmaq fikrində deyiləm. Qoluma girin.

Filip əmri yerinə yetirdi.

Kraliça pilləkənləri düşəndə meydanda təbillər, şeypurlar çalındı, silahlar cingildədi. Bütün bu təntənə görüşdən təsirlənmiş Filipin başını gicəlləndirdi.

Kraliça İsveçrəlilər gölündə görünərkən isə buz üstündə gəzənlər, sürüşənlər qışqırışdılar: “Yaşasın kraliça!” Bütün diqqət ona yönəldi. Ən zirək konkisürənlərin arasında xüsusi seçilən qraf d’Artua kraliçaya yaxınlaşıb soruşdu:

– Provans qrafının sizdən uzaq durduğunu sezdinizmi?

– Səbəb nədir?

– Məşhur sərkərdəmiz cənab de Süffrenin[10 - Süffren de Sen-Tropez (1729–1788) – görkəmli Fransa admiralı] bu axşam gələcəyini öyrənib. Sizin bundan xəbər tutmamağınızı istəyir.

– Cənab de Süffrenin gəlişindən xəbər tutmasam, qardaşımız nə udacaq?

– Cənab de Süffren Hindistandakı dəniz döyüşlərinin qəhrəmanıdır. Kral özü də bilmədən ona qarşı saymazyanalıq edir, siz də həmçinin. Cənab de Süffrenin gəlişindən məlumatlı olan Provans kralı isə dənizçini qarşılayır, üzünə gülümsəyir, ona xüsusi diqqət göstərir. Hindistan qəhrəmanının yan-yörəsində fırlanıb özü də Fransa qəhrəmanı olur. Provans qrafı, bir növ, mənim yolumla gedir. Axı mən də adamlara pul verib qardaşımın hərəkətlərindən, niyyətlərindən xəbər tuturam. Bunun mənə də faydası var, sizə də.

– Bu birliyə görə sağ olun. Bəs kralın məsələdən xəbəri varmı?

– Kral artıq xəbərdar edilib… Axşam görüşənə qədər!

– Axşam nə olacaq ki?

– Saray əhli kralın yanında ziyafətə toplaşacaq. Cənab de Süffren də oraya gətiriləcək.

– Çox gözəl. Deməli, axşama qədər!

Gənc şahzadə kraliçaya baş əyib camaata qarışdı.

De Süffren

De Süffrenin necə və saat neçədə gələcəyini XVI Lüdoviklə qraf d’Artuadan başqa heç kim bilmirdi.

Əyanlar kralın yanında yığışmışdılar. Hər kəs öz yerini tutanda qraf d’Artua asta addımlarla kraliçaya yaxınlaşdı.

– Bacı, ətrafınıza baxın, nə görürsünüz?

– Dost sifətlər görürəm, – kraliça dedi.

– Burada olanları demirəm, bacı, burada olmayanı deyirəm.

– Aydındır! – kraliçanın üzü güldü.

– Provans qrafı Fontenblo zastavasına göndərilib. Orada soyuqdan əsə-əsə kralın əyalət nümayəndəsini gözləyir. Kralın əmri ilə cənab de Süffren isə Parisə girmədən birbaşa Versala gələcək. Biz də onu burada gözləyirik.

– Əla düşünülüb!

– Elədir. Mən planımdan razıyam…

Saat səkkizə iyirmi dəqiqə qalanda ayaq səsləri eşidildi. Qəfil zala daxil olan marşal de Kastri ucadan dedi:

– Əlahəzrət! Tulondan gələn cənab de Süffreni qəbul etmək istərdinizmi?

Uca səslə elan edilmiş ad zalda hamını həyəcanlandırdı.

– Bəli, cənab, – kral cavab verdi, – böyük məmnuniyyətlə!

Süffren əlli altı yaşlarında kök, alçaqboylu, çəkisinə baxmayaraq zirək bir adam idi.

– Versala xoş gəlmisiniz! – kral onu gülərüzlə salamladı. – Bir qəhrəman kimi öz gəlişinizlə bizə şərəf verdiniz!

De Süffren ehtiram əlaməti olaraq kralın qarşısında diz çökdü. XVI Lüdovik onu ayağa qaldırıb elə hərarətlə qucaqladı ki, zaldakılar öz sevinclərini gizlədə bilmədilər.

– Cənab! – kraliça dilləndi. – Sizi layiqincə tərifləmək qüdrətində deyiləm. Ancaq bilin ki, Fransanın şərəfinə açdığınız hər yaylım atəşi ürəyimi riqqətə gətirirdi.

Bu zaman de Süffrenin əlindən tutan kral onu öz kabinetinə aparmaq istədi. Niyyəti admiralın dəniz səyahətləri barədə söhbətlərini dinləmək idi. Ancaq de Süffren ona ehtiramla müqavimət göstərərək dedi:

– Hökmdar, əgər mənə qarşı bu qədər mərhəmətlisinizsə, icazə verin…

– Məndən xahişinizmi var, cənab de Süffren? – kral soruşdu.

– Hökmdar, mənim zabitlərimdən biri intizamı elə pozub ki, yalnız siz bu məsələdə hakim ola bilərsiniz.

– Ah, cənab de Süffren, mən isə ümid edirdim ki, sizin ilk xahişiniz mərhəmət diləmək olacaq, kimisə cəzalandırmaq yox. Sizi eşidirəm.

– Haqqında danışdığım zabit son döyüşdə “Mətin” gəmisində olub.

– Bayrağını endirən gəmidə?! – kral üzünü turşutdu.

– Hökmdar! “Mətin”in kapitanı, doğrudan da, bayrağı endirib. İngilis admiralı hətta qayıq göndərib ki, öz qənimətinə sahiblənsin. Ancaq alt göyərtədən batareyanı müşahidə edən leytenant topların susduğunu eşidəndə dərhal yuxarı göyərtəyə qalxıb. Bayrağın endirildiyini görən kimi isə onun fransız qanı coşur. O, bayrağı yerindən asıb və atəşin davam etdirilməsinə göstəriş verib. Hökmdar, məhz bunun nəticəsində “Mətin” düşmənin əlinə keçməyib.

– Gözəl hərəkət edib! – kral dedi.

– Cəsarətli hərəkətdir! – kraliça əlavə etdi.

– Elədir. Ancaq bu, intizamın kobud surətdə pozulması deməkdir. Əmri kapitan vermişdi, leytenant onu yerinə yetirməyə borclu idi. Mən həmin zabitin bağışlanmasını istəyirəm, hökmdar. Üstəlik, o mənim bacım oğludur.

– Bağışlayıram, – kral səsləndi. – Cənab de Süffren, siz həmin zabiti mənə təqdim etməliydiniz.

– O, buradadır, – de Süffren başını yana çevirdi. – Cənab de Şarni, buraya gəlin.

Kraliça diksindi. Həmin ad ona lap yaxın günlərdə baş verənləri xatırlatdı.

Bu vaxt gənc zabit kralın qarşısında dayandı. Madmazel de Tavernenin rəngi ağardı və həyəcanla kraliçaya baxdı. De Şarni isə ətrafındakılara fikir vermədən təzim edib kralın əlini öpdü və sonra ciddi görkəmdə zabit dostlarının yanına qayıtdı. Zabitlər gənc dostlarını hay-küylə təbrik edib qucaqladılar.

Bir anlığa sükut çökdü. Bu səssizlikdə kraliçanın həyəcanı Filipin gözündən qaçmadı.

Cənab de Şarni

Kral cənab de Süffrenlə zaldan çıxan kimi şahzadə və şahzadə xanımlar kraliçanı dövrəyə aldılar. Andre ilə bir neçə dəfə baxışan kraliçanın isə həmin vaxt zərrə qədər şübhəsi qalmamışdı: “Bu həmin gəncdir”.

Filip kraliçanın narahatlığını hiss edir və bunun səbəbini tapmağa çalışırdı. Bu vaxt zala zabit və prelatların[11 - Prelat – katolik kilsəsində yüksək ruhani vəzifələrindən birinin adı] müşayiəti ilə kardinal[12 - Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə] geyimində bir nəfər daxil oldu. Kraliça onu – Lui de Roanı tanıdı. Sonra isə de Roanın hər addımını izləyərək lap axırda da qaşqabaq tökdüyünü gizlətmədən üzünü yana çevirdi.

Kardinal heç kimlə görüşmədən adamların arasından keçib birbaşa kraliçaya tərəf gələrək təzim etdi. Bu, ortayaşlı və yaraşıqlı bir kişi idi. Qadınlar onu lütfkarlığına, şit zarafatlar etmədiyinə görə sevirdilər. De Roan həm də əliaçıqlığı ilə tanınırdı. Alimliyinə görə kralın kardinaldan xoşu gəlirdi; kraliça isə, əksinə, ona nifrət eləyirdi. Eyni zamanda, şahzadə olan Lui de Roan, üstəlik, sarayın baş ruhanisi idi.

Kardinal ondan aralanan kimi Mariya Antuanetta bir qədər sakitləşdi.

– Bilirsiniz, – şahzadə, xanım de Lambala müraciətlə dedi, – gənc zabitin hərəkəti bu müharibədə ən cəsur hərəkətlərdən biridir! Mən cənab de Şarnini görmək istəyirəm. Deyin, onu tapsınlar.

Cəmi bir dəqiqə sonra de Şarni artıq kraliçanın hüzurunda dayanmışdı. O, kraliçanı və madmazel de Taverneni tanıdığını biruzə vermədi. Bu cür nəzakətli davranış gənc zabiti kraliçanın gözündə daha da böyütdü.

– Hamı bilməlidir ki, – kraliça dedi, – cənab de Şarni ingilislərə qarşı nə qədər amansızdırsa, qadınlara qarşı da bir o qədər iltifatlıdır. Haqqında danışdıqları bir əhvalat onu mənim gözümdə daha da yüksəltdi.

Bundan sonra kraliça ad çəkmədən, öz başına gələn əhvalatı bir az da bəzəyərək əvvəldən axıra kimi danışdı…

– Ən maraqlısı da odur ki, – kraliça sözünə davam etdi, – cənab de Şarni xilas etdiyi qadınların hətta adını da öyrənməyə çalışmayıb.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)