Читать книгу Kopenhagen trilogiyası (Тове Дитлевсен) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Kopenhagen trilogiyası
Kopenhagen trilogiyası
Оценить:
Kopenhagen trilogiyası

4

Полная версия:

Kopenhagen trilogiyası

Bu un məmulatlarını alan mən idim. Hər bazar günü saat 6-da anam məni yuxudan oyadır və gün ərzində görəcəyim işləri tapşırırdı. Özü isə hələ də yatmış olan atamın yanında, evlilik çarpayılarında yorğanı başına çəkib uzanırdı. Küçəyə çatmamış artıq soyuqdan keyiyən barmaqlarımla məktəbli çantamdan bərk yapışıb günün həmin vaxtında hələ də zülmət qaranlıq içində olan pilləkənlərlə aşağı uçurdum. Küçə qapısını açıb hər istiqamətə baxandan sonra ön binadakı pəncərələrə mübhəm bir nəzər salırdım, çünki heç kim mənim bu iyrənc tapşırığı həyata keçirdiyimi görməməli idi. Karlsberqvay məktəbinin bufetində yemək yemək heç də yaxşı şey hesab edilmirdi. Ora isə 1930-cu illərdə Vesterbroda yerləşən yeganə sosial institut idi. Sonuncuya, Edvin və mənə bunu etməyə icazə vermədilər. Bu baxımdan işləməyən ataya sahib olmaq da heç ürəkaçıcı deyildi, hərçənd birzlərdən çoxu məhz işsiz idik. Belədə biz bu utanc gətirən durumu dəlisov yalanlarla ört-basdır edirdik. Daha çox atamızın iş başında yıxılıb indi də sağlamlığına görə icazəli olduğu yalanını uydururduq. Tönderqada küçəsindəki çörəkçinin qarşısında uşaqlar ilan kimi burulan növbələr düzəltmişdilər. Hamısının çantası vardı və hamısı hansı çörəkçidə hansı çörəyin necə ləzzətli olması haqqında üyüdüb-tökürdülər. Xüsusən də çörək təzə bişmiş olanda. Növbə mənə çatanda mən çantamı piştaxtaya dürtdüm, tapşırığımı pıçıltı ilə deyib bərkdən əlavə etdim: “Varsa, kremli kökə verin. Anam dönə-dönə ağ çörək istəməyimi tapşırmışdı. Evə qayıdarkən 4-5 kremli kökəni birdəfəyə ağzıma basdım, sonra paltomun qolu ilə ağzımı sildim və anam çantanın dibində eşələnəndə belə ifşa olunmadım. Çox nadir hallarda, demək olar heç vaxt etdiyim cinayətlərə görə cəzalanmırdım. Anam məni tez-tez, özü də möhkəm vurardı, amma adətən bu lüzumsuz, ədalətsiz cəzalar idi. Və mən bu cəza müddətində gizli utanc, yaxud dərin kədər hiss edirdim. Çünki gözlərimdə yaranan yaş gilələri bizim aramızdakı məsafəni daha da böyüdürdü. Atam heç zaman məni vurmayıb. Əksinə, o, mənə qarşı mülayim olub. Bütün uşaq vaxtı sahib olduğum kitablar onunku idi və beş yaşım tamam olanda o, mənə “Qrim qardaşları nağılları”-nın möhtəşəm nüsxəsini hədiyyə etdi. Bu kitab olmasaydı uşaqlığım saya, mənasız, darıxdırıcı olardı. Bununla belə ona qarşı xüsusi güclü hissim yox idi. Atam divanda oturub sakit, nəsə axtaran nəzərlərini üzərimə zilləyəndə buna görə özümü tez-tez qınayırdım. Sanki mənə tərəf baxıb nəsə etmək, heç zaman demədiyi, ifadə edə bilmədiyi nəyi isə demək istəyir. Mən anamın qızı idim, Edvin də atamın oğlu – təbiətin qanunu dəyişdirilə bilməzdi. Bir dəfə atamdan soruşdum: – Sısqamaq nə deməkdir? Mən bu ifadəyə Qorkinin yaradıcılığında rast gəlmiş və bunu sevmişdim. Bığları ilə oynaya-oynaya atam uzun müddət bu söz üzərində götür-qoy etdi. Sonra dedi ki, “bu rus məfhumudur”. Ağrı, miskinlik və kədər deməkdir. Qorki böyük şair olub. Mən xoşbəxtliklə dedim: – “Mən də şair olmaq istəyirəm”. Dərhal sifəti dəyişdi, qaş-qabaq sallayıb dedi: – “Axmaq olma, qızdan şair ola bilməz”. İncidim, yenidən özümə qapandım, həmin ərəfədə isə anamla Edvin bu axmaq ideyaya dəli kimi gülməyə başladılar. Özümə and içdim ki, bir də heç vaxt xəyallarımı kimsəyə açıqlamayacağam və bütün uşaqlığım boyu bu anda əməl etdim.

V BÖLÜM

Axşamdır və mən adətim üzrə yataq otağındakı soyuq pəncərə kənarlığında oturub aşağı baxıram. Bu mənim günümün ən xoşbəxt saatıdır. Qorxunun ilk dalğası sakitləşmişdi. Atam “gecən xeyrə qalsın” deyib isti qonaq otağına geri dönmüşdü və qapımın arxasındakı paltarlar artıq məni qorxutmurdu. Axşam ulduzuna Allahın lütfkar gözü kimi baxdım. İndi bu ulduz ayıq-sayıqlıqla məni izləyir və gün ərzində olduğundan daha yaxındır. Bir gün mən içimdən keçən bütün sözləri yazacağam. Bir gün başqa insanlar onları kitabdan oxuyacaq və elə zövq alıb düşünəcəklər ki, qadın da şair ola bilərmiş. Anamla atam Edvinlə fəxr etdiklərindən daha çox mənimlə fəxr edəcəklər və məktəbdəki gözüaqndən heç nə qaçmayan müəllim (hələ yoxdur, gələcəkdə) deyəcək: bundakı istedadı hələ o vaxt, qız uşaq olanda görmüşdüm. Bu qızla bağlı xüsusi nəsə vardı. Elə istərdim içimdəkiləri bir yerə yazam, amma kağızları sonradan harada gizlədə bilərdim ki? Hətta valideynlərimin belə ağzı kilidlənən siyirtməsi yoxdur. Mən ikinci sinifdəyəm və himnlər yazmaq istəyirəm, çünki mənim düşüncəmə görə himnlər ən gözəl şeylərdir. Məktəbdəki birinci günümdə biz oxumuşduq: Allaha şükr olsun, tərif olsun! Biz o qədər hüzur içində yatmışdıq ki! Sonra növbəti sətirlərə keçdik:

“biz indi quş kimi canlı, dənizdəki balıq kimi cəld, pəncərə şüşəsindən içəri süzülüb düşən səhər günəşinin şüası kimiyik”. Bu mahnı məni o qədər riqqətə gətirmişdi ki, ağlamışdım. Mənim ağlamağıma bütün uşaqlar bir-birinə qoşulub – anamla Edvinin mənim qəribəliyimə güldükləri kimi- ucadan gülmüşdülər. Sinif yoldaşlarıma görə mən davamlı olaraq, son dərəcə gülməli biri idim. Mən hətta kloun roluna öyrəşmiş, bu rolda özümə hüznlü təskinlik belə tapmışdım. Çünki bu xüsusiyyət təsdiqlənmiş axmaqlığımla birləşdikdə məni fərqli olan hər kəsə qarşı xüsusi alçaqlıqdan qoruyur.

Kölgə aralı qalan qapıdan siçovul dəlikdən sivişən kimi sivişib içəri girir. Qaranlıq olmasına baxmayaraq onun korlanmış, təhrif edilmiş olduğunu görə bilirəm. Yolun maneəsiz olduğunu gördükdə şlyapasını alnından aşağı endirir qapını açıq qoyub unitaza doğru götürülür. İçərini görə bilmirəm, amma nə etdiyini bilirəm. Ondan qorxduğum vaxtlar artıq ötüb keçib, amma anam hələ də qorxur. Bir qədər öncə o, məni Svendsqada polis stansiyasına götürmüşdü, orada qətiyyətsiz, əsən səslə demişdi ki, qadınlar və uşaqlar onun iyrəncliyi ucbatından təhlükəsizlikdə deyillər. O, mənim balaca qızımı elə qorxutmuşdu ki, yazıq qızın bağrı yarıldı. Zabitə dedim ki, kölgə heç zaman başındakı şlyapanı çıxartmamışdı. Biz evə çatdığımızda anam atama dedi: – Polis bir şey etməyəcək. Bu ölkədə nə qanun qalıb, nə ədalət.

Qapı cırıldayıb açılır, mahnılar, gülüşlər və lənətlər təntənəli səssizliyi yarıb əvvəl otağa, sonra isə mənim içimə daxil olur. Kimin gəldiyini yaxşı görmək üçün boynumu uzadıram. Bu Rapunzeldir – onun atası, bir də valideynlərinin içki yoldaşlarından Tin Snout! Qız iki kişinin arasında gəzir, kişilərin hər biri əlini onun boynuna dolayıb. Onun qızılı saçları sanki görünməyən küçə işıq dirəyininin işığını əks etdirirmiş kimi şölələnir. Nərildəyərək, aşa-aşa küçədə yeriyirlər, bir qədər sonra səkiyə qusma səslərini eşidə bilirəm. Rapunzelin əsl adı Gerdadır, o demək olar ki, həddi-buluğa çatıb, 13 yaşı var. Keçən yay o, Qotur Hansla və gözəl Lili ilə qaraçı vaqonunda getdiklərində anam demişdi: – Məncə bu səfər Gerdaya qoturluqdan başqa şeylər də gətirib. Aşağıda, küçədə, zibil qablarının yanında dayanıb söhbət edən böyük qızlar da belə deyirdi. Çox vaxt onların yanında özümü artıq kimi hiss edirdim. Onlar bunu irişərək, alçaq səslə deyirdi və mən danışdıqlarının yalnız utancverici, çirkin, ədəbsiz, eyni zamanda Qotur Hansla Rapunzel haqqında olduğunu anlaya bilirdim. Belədə cəsarətimi toplayıb anamdan soruşdum: – xƏslində Gerdaya nə baş verib? Anam əsəbi və səbrsiz şəkildə dedi: Ay səni! O, daha məsum biri deyil, vəssalam! Və mən bu cavabdan heç müdrikləşmədim.

Buludsuz, ipək kimi səmaya baxıram və ona daha yaxın olmaq üçün pəncərəni açıram. Sanki Allah yavaş-yavaş incə sifətini endirir yerə və onun böyük ürəyi sakit və aramla mənimkinə yaxın bir yerdə döyünməyə başlayır. Mən özümü çox xoşbəxt hesab edirəm və uzun melanxolik cümlələr gəlib beynimdən keçir. Onlar məni, mən istəmədən əslində ən yaxın olmalı olduğum adamlardan ayırır. Mənim Allaha inanmağım valideynlərimin xoşuna gəlmir, eyni zamanda onlar mənim istifadə etdiyim dili də sevmir. Həmçinin, onların işlətdiyi dil də məndə ikrah doğurur, çünki hər zaman vulqar sözlərdən, kobud, qaba ifadələrdən istifadə edirlər. Həmin söz və ifadələr isə heç zaman onların demək istədiyi mənanı ifadə etmir. Allah sənə kömək olsun, əgər sən… Atam Allahı öz Yillan dialektində təhqir edir. Ola bilər, bu dialekt əslində pis deyil, amma məndə həmin dialektə qulaq asmaq heç də xoş hisslər oyatmır. Milad bayramı ərəfəsində biz yeni il ağacı ətrafında sosial demokrat savaş nəğmələri oxuyuruq və gəzirik. Amma eyni zamanda həm hiddət, həm də utanc hissi keçirdirdik, çünki biz gözəl himnlərin həm içkili, həm də Allahsız binalarda da oxunmasına şahidlik edirdik. “Sən gərək həm anana, həm də atana hörmət edəsən”, – mən öz-özümə dedim- “edirəm, amma indi bunu etmək mən uşaq olan zamanlardan daha çətindir”.

Gözəl, sərin yağış üzümə vurur və mən pəncərəni yenidən bağlayıram. Amma hələ də aşağıda açılıb-bağlanan qapının yumşaq səsini eşidə bilirəm. Sonra sanki incə, şəffaf çətirin altında gəlirmiş kimi sevimli bir varlıq həyətə daxil olur. Bu qarşımızdakı binada yaşayan gözəl, ruha bənzər qadın – Kettidir. O, uzun, sarı, ipək paltarının altından gümüşü hündürdaban ayaqqabı geyinib. Üstdən isə ağ xəzli palto, elə bilirsən qar qızdır. Kettinin saçı şəvə kimi qaradır. Bir an sonra alaqapı hər gecə mənim ürəyimi rövnəqləndirən gözəl səhnəni gizlədir. Ketti hər axşam bu zamanlar küçəyə çıxır və mənim atam deyir ki, ətrafda uşaqlar olanda qalmaqal qopur. Bu zaman onun nəyi nəzərdə tutduğunu anlamıram. Anam heç nə demir, çünki gün ərzində onunla mən tez-tez Kettinin qonaq otağına keçib ya qəhvə, ya da isti şokalad içirik. Bu hər tərəfi qırmızı mebellə bəzədilmiş möhtəşəm bir otaqdır. Lampanın kölgəsi belə qırmızıdır, Keti özü isə anam kimi çəhrayı-ağ rəngdədir, hərçənd o, anamdan daha cavandır. Bu ikili çox gülür, mən də bəzən onlara qoşulub gülürüm, bəzən elə olur, heç niyə güldüklərini anlamıram. Amma nə zaman ki, Keti mənimlə danışmağa başlayır, anam məni oradan göndərir, çünki söhbəti dinləməyimi bəyənmir. Eyni şeyləri mənimlə söhbət etməyi sevən Rosalia xala haqqında da demək olar. “Uşaqları olmayan qadınlar” – mənim anam demişdi, “hər zaman başqa qadınların uşaqları ilə məşğul olur”. Sonra isə Ketini ağ yuyub, qara sərir, çünki o, anasını küçəyə baxan, isinməyən otaqda yalnız qoyur və onu heç zaman qonaq otağına buraxmır. Anasının adı xanım Andersendir, anama görə bu ağ yalandır, çünki o, heç zaman evlənməyib. Bu halda uşağa sahib olmaq böyük günahdır, bunu bilirəm. Sonra mən anamdan soruşuram: – Keti öz anası ilə niyə belə pis davranır? Anam deyir səbəb odur ki, anası ona atasının kim olduğunu demir. Belə dəhşətli şey haqqında düşündüyündə, sən ailəndə normal münasibətlərə sahib olduğun üçün şükür etməlisən.

VI BÖLÜM

Uşaqlıq dövrü tabut kimi uzun və dardır, sən isə oradan özbaşına çıxa bilməzsən. Uşaqlıq dövrü hər zaman orada olur və hər kəs onu gözəl Lüviqin dovşan dodağı kimi görə bilər. Eyni sözləri gözəl Lili haqqında da demək olar, o elə çirkindir ki, sən onun anasının necə olmasını təsəvvür edə bilməzsən. Çirkin, bəxtsiz olan hər şeyi gözəl adlandırırlar və sən niyəsini bilmirsən. Sən uşaqlıq dövründən yaxa qurtara bilmirsən, o, sənə pis qoxu kimi yapışıb qalır. Sən bunu başqa uşaqlarda da müşahidə edirsən, hər bir uşaqlıq dövrünün öz qoxusu var. Sən öz iyini tanımırsan və bəzən qorxursan ki, bu iy başqalarından daha pisdir. Uşaqlıq dövrü kömür, kül iyi verən başqa bir qızın yanında dayanmısan, söhbət edirsən. Və birdən o, geri addım atır, çünki sənin uşaqlıq dövründən gələn pis qoxunu duya bilir. Gizli-gizli uşaqlıq dövrlərini içlərində gizlədən böyükləri müşahidə edirsən, bu dövr güvənin yeyib deşiklər açdığı, artıq heç kimin haqqında düşünmədiyi faydasız, cırıq-cırıq olan palaz kimidir. Yalnız onlara baxmaqla uşaqlıq dövrlərinin olduğunu deyə bilməzsən, eyni zaman simalarında həmin dövrün cızıqları, dərin çapıqları olmadan həmin dövrdən necə sağ-salamat qurtulduqlarını da söyləyə bilmirsən. Onların hansısa gizli üsuldan istifadə etdiklərindən şübhələnirsən, bəlkə də hansısa formada gələcəklərini, böyüklük dövrlərini tez yetişdirirlər. Onlar bunu bir gün evdə tək olduqlarında, uşaqlıqlarını üç qat ip tək ürəklərinin başına bağladıqlarında – Qrimm Qardaşları nağıllarındakı yalnız sahibi azad olanda ipləri qırılan Dəmir Hans kimi! Amma belə bir yaxınlaşdırma metodu bilmirsənsə, uşaqlıq dövrünü saatbasaat, sonsuz, nəhayətsiz illərin arasından keçərək yaşamalısan. Səni ondan yalnız ölüm xilas edə bilər və onu ağxalatlı, dostcanlı bir gecə sənin heç zaman oynamamağın üçün yaxınlaşıb qaşlarından öpən mələk kimi təsəvvür edirsən. Həmişə düşünürəm ki, bir gün böyüdüyüm zaman anam məni indi Edvini sevdiyi kimi sevəcək. Çünki mənim uşaqlıq dövrüm onu eyni məni qıcıqlandırdığı kimi qıcıqlandırır. Biz yalnız o, bir anda uşaqlığımın mövcudluğunu unutduğunda xoşbəxt ola bilirik. O zaman mənimlə Rosalia xala ilə, dostları ilə danışdığı kimi danışır. Və bu zaman mən çalışıram ki, cavablarım kifayət qədər qısa olsun ki, mənim uşaq olduğumu xatırlamasın. Əlini buraxıram, aramızda bir az məsafənin olmasını təmin edirəm ki, mənim uşaqlığımın qoxusunu duya bilməsin. Bu hər zaman mən onun İstedqada küçəsində alış-veriş etdiyim zaman baş verir. O, mənə uşaq ikən necə əyləndiyini danışır. Hər gün rəqs etməyə gedirmiş, rəqs meydançasından heç uzaq durmazmış. “Hər axşam mənim yeni oğlan sevgilim olardı”, – o deyir və ucadan gülür, – “hərçənd bu proses atan Ditlevi görəndə dayandı”. O, mənim atamdır və anam onu hər zaman “ata” adlandırır. Elə atam da onu “ana” adlandırır. Məndə belə bir təəssürat var ki, nə zamansa anam fərqli və xoşbəxt olub. Və o, Ditlevlə tanış olduğunda bütün bu xoşbəxtliyə son verilib. Atamdan bəhs edərkən elə bil atam haqqında deyil, hər gözəl, işıqlı, canlı şeyi məhv edən qara bir ruh haqqında danışır. Və mən deyirəm: – “Kaş Ditlev onun həyatına heç gəlməzdi”. Onun adını çəkməli olduğunda mənim uşaqlığımın bir hissəsi yadına düşür və ona əsəbi, təhdidedici tərzdə baxır. Həmin arada isə onu əhatə edən tutqun halqa daha da qaranlıqlaşır. O zaman qorxudan əsən uşaqlıq ümidsizcəsinə qalxıb ayaqlarının ucunda aradan çıxmağa çalışır, amma o, hələ çox balacadır və hələ bir neçə yüz il də atıla bilməz.

Daxilləri və xarici belə kobud uşaqlıq keçirdən insanlar uşaq adlanırlar və sən onlarla istədiyin kimi davrana bilərsən, çünki onlardan qorxmaq üçün bir səbəb yoxdur. Əgər çox hiyləgər deyillərsə, onların nə silahı var, nə maskası. Mən o tip hiyləgər uşaqlardanam və mənim maskam axmaqlıqdır. Çox diqqətli davranıram ki, heç kim bu maskanı məndən ala bilməsin. Ağzımı bir qədər açıram və gözlərimi sanki onlar hər zaman maviyə zilləniblərmiş kimi tam mənasızlaşdırıram. Heç bir böyük adam mənim ürəyimdəki nəğməni, köksümdəki söz çələngini duya, anlaya bilməz. Amma onlar həmin söz çələngi haqqında hansısa kanaldan süzülüb düşən söz parçaları vasitəsilə xəbər tutur. Mən həmin kanalı tanımıram, bu səbəbdən də onu saxlaya bilmirəm. Sən göylərdə uçmursan ki? Onlar şübhəli-şübhəli məndən xəbər alır. Və mən onları əmin edirəm ki, göylərdə uçmaq mənim heç ağlımın ucundan da keçməyib. Məktəbdə mənə sual edirlər. – “Sən nə barədə düşünürsən? Dediyim axırıncı cümlə nə oldu?” Amma onlar heç zaman mənim daxili aləmimə nüfuz edə bilmir. Məni yalnız həyətdə, küçədə oynayan uşaqlar görə bilir. “Sən özünü axmaq yerinə qoyursan”, – məndən böyük qızlar düşməncə bu sözləri deyib yaxınlaşır, “amma sən heç də axmaq deyilsən”. Sonra qızlardan biri məni başdan ayağa süzməyə başlayır və başqa bir neçə qız da sakitcə başıma yığışır və çevrə əmələ gətirir. Doğrudan da axmaq olduğumu sübut etməmiş həmin əhatədən mənə çıxış yoxdur. Nəhayət, mənim bütün axmaq cavablarımdan sonra bu onlara aydın olur və onlar mənim təhlükəsizliyə qaça bilməyim üçün çevrədə kiçik bir yarıq yaradırlar. “Çünki sən əslində olmadığın bir şey olmağını iddia etməməlisən”, – onlardan biri atamanlıqla arxamca bağırır.

Uşaqlıq dövrü qaranlıqdır və o, zirzəmidə bağlanıb unudulan balaca heyvan kimi hər zaman inildəyir. O, soyuq havada nəfəs alarkən ağzından çıxan nəfəs kimidir, bəzən çox kiçik olur, bəzənsə çox böyük. Heç zaman lazımi ölçüdə olmur. Yalnız o ötüb keçəndən sonra sən onun barəsində yoluxub sağ qaldığın xəstəlik kimi sakitliklə danışıb, sakit baxa bilərsən. Böyüklərin əksəri xoşbəxt uşaqlıq dövrünə sahib olduqlarını deyir, ola bilər, onlar doğrudan da, dediklərinə inanır, amma mən inanmıram. Mən sadəcə onların bunu unutduqlarını düşünürəm. Anamın xoşbəxt uşaqlığı olmayıb və bu başqalarında olduğu kimi onun daxilində gizlənməyib. Atasının tutmaları yadındadır, sonra divar üstlərinə aşmasın deyə onu ailələlikcə əlləri ilə saxladıqları da. Ona deyəndə ki, yazığım gəlir, mənim üstümə bağırır. Üzr istəyirəm, bu onun öz günahıdır! Sərxoş donuz! O, hər gün bir butulka içərdi və hər şeyə rəğmən nəhayət ki, güc tapıb özünü asdığında çox şey bizim üçün xeyli dərəcədə yaxşılaşdı. Anam həm də deyir ki, o, anamın 5 kiçik qardaşını öldürüb: – “O, qardaşlarımı beşikdən götürüb və onların başını divara çırpıb öldürüb”. Bir dəfə mən, anamın bacısı Rozalia xaladan soruşuram: – “Bu həqiqətdirmi?”, – və o cavabında deyir – “əlbəttə ki, yalandır, onlar hamısı özü ölüb. Bizim atamız bədbəxt adam olub, amma o, öldüyündə sənin ananın sadəcə 4 yaşı var idi. Ona nənənin nifrəti miras qalıb.” Nənə onların anasıdır, hərçənd artıq qocalıb, amma böyük nifrəti hələ də yaşatdığını təsəvvür edə bilirəm. Nənə Amaqer adasında yaşayır. Onun saçı tamamilə ağdır və hər zaman qara paltar geyinir. Anamla atam kimi. Mən ona yalnız kiminsə vasitəsilə söz deyə bilərəm, bu isə hər bir söhbəti xeyli dərəcədə çətinləşdirir və təkrarlarla doldurur. Çörəyi kəsmədən xaç çevirir, dırnaqlarını kəsdikdən sonra isə onları sobada yandırır. Niyə belə etdiyini soruşduğumda, – “bilmirəm”, deyir – “anam da belə edərdi.” Bütün böyüklər kimi anam da uşaqlar ondan nəsə soruşanda əsəbləşərdi, ancaq qısa cavablar verərdi. Haraya çevrilirsən-çevril uşaqlığınla rastlaşacaqsan və bu qarşılaşma səni ağrıdacaq. Çünki o möhkəm və iti ucludur, yalnız səni parça-parça edəndən sonra dayanır. Sanki hər kəsin öz uşaqlıq dövrü var və onlar bir-birindən tamamilə fərqlənir. Qardaşımın uşaqlığı çox səs-küylü keçib, mənimki isə əksinə, sakit, aramla. Heç kim onu xoşlamır və heç kimin ona bir ehtiyacı yoxdur. Qəfildən o, çox hündür olur və hər ikimiz ayağa qalxdığımızda mən anamın gözlərinə baxa bilirəm. “Sən yatarkən böyüyürsən” – o dedi. Mən gecəni oyaq qalmağa çalışıram, amma yuxu mənə güc gəlir və səhər başım gicəllənə-gicəllənə ayaqlarıma baxıram. Onlara kimi olan məsafə kifayət qədər artıb. “Böyük inəyə oxşayırsan!” – küçədəki oğlan arxamca bağırır. Və belə də davam edir. Mən böyüklər üçün Stormoqulendəki məktəbə gedəcəyəm. İndi uşaqlıq dövrüm məni incidir. Ağrı davam edir, artıq… Sən iyirmi yaşına çatana kimi dayanmır. Edvin belə deyir- o, hər şeyi bilir. Dünya və cəmiyyət haqqında da bilir. Onu siyasi müzakirələrə götürən atam kimi. Anam deyir ki, axırda hər ikisini polis həbs edəcək. Onlar anam belə şeylər danışanda ona qulaq asmırlar, çünki anam siyasət haqqında mənim bildiyim qədər az şey bilir. O, həmçinin deyir ki, atam sosialist olduğu üçün iş tapa bilməyəcək. Və atamın başının üzərindən, dənizçinin yanından asdığı Stauninqin şəkli bizə bir gün problem yaradacaq. Mən Stauninqi sevirəm, onu bir neçə dəfə Fəled parkda görmüşəm, haqqında çox eşitmişəm. Mən onu şən-şən küləkdə yellənən saqqalına görə sevirəm. Həm də ona görə sevirəm ki, baş nazir olsa belə, işçiləri ilə “yoldaş” statusunda dolanır. Siyasətə gəldikdə anamın yanlış olduğunu düşünürəm. Amma belə şeylər haqqında mənim kimi qızcığazın nə düşündüyü heç kimin vecinə deyil.

Bir gün mənim uşaqlığımdan qan iyi gəlir və mən onu görməzdən, bilməzdən gələ bilmirəm. “İndi sənin uşağın ola bilər”, – anam deyir, – “hələ çox tezdir, sənin heç 13 yaşın da yoxdur”. Mən bilirəm sənin necə uşağın olub, çünki mən valideynlərimlə yatıram, bunu bilirəm. Başqa yolla bunu öyrənə bilməzsən. Amma hətta belə durumda da, hələ də başa düşmədiyim bəzi şeylər var, elə bilirəm ki, istənilən an yanımda körpə uşaq yuxudan oyana bilərəm. Onun adı körpə Mariya qoyulardı , çünki qızım olacaq. Mən oğlanları xoşlamıram, mənə heç icazə vermirlər onlarla oynayım. Yeganə sevdiyim, məftunluq duyduğum oğlan Edvindir. Və evlənəcəyimi düşündüyüm yeganə oğlan da Edvindir. Hər kəs mənim qardaşımı sevir və mən tez-tez düşünürəm ki, onun uşaqlığı ona mənim uşaqlığım mənə yaraşandan daha çox yaraşır. Onun uşaqlığı böyüməsi ilə uyğunluq təşkil edirdi. Mənim uşaqlığım isə əksinə, tamam başqa bir qız üçün yaradılmışdı. Mən belə düşüncələrə dalanda uşaqlıq dövrüm daha da axmaqca görünür, çünki sən belə şeylər haqqında heç kimlə danışa bilməzsən. Hər zaman bir şeyin arzusundayam ki, sirli bir insanla qarşılaşım, o da məni dinləsin, məni başa düşsün. Oxuduğum kitablardan bilirəm ki, belə insanlar mövcuddur, amma mənim uşaqlıq küçələrimdə sən onları tapa bilməzsən.

VII BÖLÜM

Mənim uşaqlıq küçəm İstedqada küçəsidir – həmin küçənin ritmi hər zaman qanımda vuracaq, onun səsi hər zaman mənə yetişəcək və bizim bir-birimizə sadiq qalacağımız barədə içdiyimiz and uzaq zamanlardakı kimi olacaq. Həmin səs hər zaman isti, işıqlı, bayram əhval-ruhiyyəsində və həyəcanvericidir. Və bu səs sanki mənim özümü ifadə etmə qabiliyyətimi məmnun etmək üçün yaradılmışdır. Bu küçədə mən uşaqkən anamın əlindən tutaraq gəzir və önəmli şeylər öyrənirdim – bir yumurtanın İrma marketdə 6 öre, bir kiloqram marqarinin 58 öre olması kimi. Anam yeməkdən başqa hər şeyin bazarlığını edirdi. Satıcılar ümidsizliklə əllərini havada yelləyir və deyirdilər ki, əgər belə davam etsə onlar dəli olacaq. Həm də alış-veriş məsələlərində çox bacarıqlı idi, atamın geyindiyi köynəkləri sanki yeni imiş kimi satırdı. Və o mağazada növbənin sonuna keçə bilər, oradan var gücü ilə qışqırardı: – “Heyy, indi mənim növbəmdir. Mən nə qədər vaxtdır burada gözləyirəm.” Onunla zamanım əyləncəli keçirdi, mən onun Kopenhagenlilərə xas cəsarətini və cəld qərar verən təbiətini bəyənirdim. İşsizlər kiçik kafelərin ətrafında var-gəl edirdi. Onlar barmaqlarını ağızlarına salıb anama fit çalardı, o isə bu davranışa heç əhəmiyyət verməzdi. “Onlar ən azından evdə qala bilərdilər”, – anam deyir, – “atan kimi”. Amma iş axtarmaq üçün çıxmayıb evdə, boş-bekar divanın üzərində oturduğunda ona tamaşa etmək çox üzücü idi. Jurnalda bu sətri oxudum: “Oturub Allahımızın belə böyük bacarıqla yaratdığı iki yumruğa tamaşa etmək.” Bu işsizlər haqqında poemadır və atamı yadıma salır.

İstedsqata küçəsi mənim üçün məktəbdən sonra axşam yeməyinə qədər oyun oynadığım meydançaya yalnız mən Rutla tanış olandan sonra çevrildi. Onda mənim 9, Rutun isə 7 yaşı vardı. Biz onunla bir bazar səhəri valideynlər yorğun həftənin iztirabını çıxartsın və bir qədər çox yatsınlar deyə bütün uşaqları binadan küçəyə qovduqlarında tanış olduq. Hər zaman olduğu kimi böyük qızlar zibil vedrələri qoyulan küncə çəkilib qeybət edirdi, balaca qızlar isə klasklas oynayırdılar. Mən isə hər zaman bu oyunu korlayırdım, çünki xətlərin üzərinə basmaq olmazdı, mənsə özümü saxlaya bilmirdim, basırdım. Heç zaman bu oyunun mənasını başa düşmürdüm, bu səbəbdən mənə son dərəcə darıxdırıcı gəlirdi. Kimsə deyir ki, “uduzdun, çıx!” mən isə başımı aşağı salıb divara söykənirəm. Sonra binanın mətbəx pilləkənlərində sürətli addım səsləri eşidilir və qırmızı saçlı, yaşıl gözlü, burnunun kənarlarında yüngül-qəhvəyi rəngli çillər olan qız peyda olur: – Salam! O gülür, ağzı qulağının dibinə gedir, sonra deyir: “Mənim adım Rutdur.” Mən özümü utana-utana, naqolay şəkildə təqdim edirəm, çünki heç kim təzə uşaqlardan belə “cool” giriş etməyini gözləmirdi. Hər kəs gözünü Ruta zilləyib, o, isə deyəsən bütün bu baxışlardan xəbərsizdir. “Qaçdı-tutdu oynamaq istəyirsən?” – o, məndən soruşur. Pəncərəmizə tərəddüd içində atdığım nəzərdən sonra onun arxasınca düşürəm. (Necə ki, ondan sonra da bir neçə il – biz məktəbi bitirənə, dərin fərqlərimiz üzə çıxana kimi edəcəyəm)

İndi mənim bir dostum var və belədə əlbəttə ki, Rutu xoşlamayan anamdan asılılığım azalıb. “O övladlığa götürülüb və belə uşaqdan yaxşı nəsə gözləyə bilməzsən. Anam qara-qara desə də, mənə onunla oynamağı qadağan etmir. Rutun valideynləri bir cüt böyük, çirkin insanlardır, onlar özləri heç zaman Rut kimi sevimli uşağı dünyaya gətirə bilməzdilər. Atası ofisiantdır və balıq kimi içir. Anası köklükdən əziyyət çəkir, astma xəstəsidir. Rutu ən xırda səbəblərə görə vurur. Bu, Rutun heç vecinə də deyil. Caynaqlarını əsdirir, nərildəyərək mətbəx pilləkənlərini enir, gülərək bir cərgə ağ dişini göstərir və şən-şən deyir: “Kaş bu qancıq cəhənnəmə vasil olardı!” Rut söyüş söyəndə bu mənə alçaldıcı ya çirkin gəlmir. Çünki səsi mehriban və həlimdir. Balaca keçi Billi kimi. Onun ağzı qırmızı və ürək formalıdır, üst dodağı yuxarı çevrilib, nazikdir. Baxışları isə qorxu bilməyən adamın baxışlarıdır. Onda məndə olmayan hər şey var və mən onun məndən istədiyi hər şeyi edirəm. O da mənim kimi gerçək oyunlara laqeyddir. Heç zaman oyuncaqlarına toxunmur. Birlikdə oyuncaq qabının üzərində taxta parçası qoyub evcik-evcik oynayırıq. Amma bunu çox tez-tez edə bilmirik, çünki ya ev sahibəsi, ya da gözü bizdə olan analarımız – onlar pəncərədən hər şeyi görə bilir – bizə dərhal dayanmağı göstəriş verir. Yalnız İstedsqada küçəsində biz hər hansı nəzarətdən uzaq oluruq. Və mənim cinayətkarlıq yolum da məhz oradan başlayır. Mənim oğurlamağa hazır olmadığımı Rut şirinliklə və yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Amma mən məmurun diqqətini “üfürülən saqqızı nə zaman gətirəcəksiniz?” sualı ilə yayındırdığımda onun xırda, fərasətli barmaqları ağına-bozuna baxmadan hər şeyi götürür. Ən yaxın bloka gedib soyduğumuz şeyləri bölürük. Bəzən mağazalara gedib limitsiz şəkildə ayaqqabıları, paltarları geyinib yoxlayırıq. Ən baha şeyləri seçirik, sonra da nəzakətlə xahiş edirik ki, bunu hələlik qırağa qoysunlar, anamız gəlib götürəcək. Hələ qapıdan çıxmamış məmnun gülüşümüz eşidilir.

bannerbanner