banner banner banner
Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları
Оценить:
Рейтинг: 0

Полная версия:

Oliver Tvistin macəraları

скачать книгу бесплатно

Oliver Tvistin macəraları
Çarlz Dikkens

Dünya ədəbiyyatından seçmələr
Bu əsər ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur.

Çarlz Dikkens

OLİVER TVİSTİN MACƏRALARI

Oliver Tvistin uşaqlığı

Yenicə dünyaya gəlmiş körpə qışqırırdı. Ana zəif səslə dedi:

– Uşağı mənə göstərin, sonra ölüm.

– Allah eləməsin! – xəstə baxıcısı olan sərxoş arvad sözə qarışdı. – Görün uşağınız nə qəşəngdir!

Ana əlini uşağa uzatdı. Həkim uşağı götürüb onun qucağına qoydu. Ana solğun dodaqlarını körpənin alnına yapışdırdı. Əlini onun üzünə çəkdi və çılğın bir halda ətrafa baxdı. Birdən titrəyib sarsıldı, başı yastığa düşdü və …öldü.

– Hər şey bitdi, missis Tinqami! – deyə həkim handan-hana dilləndi.

– Hə, elədir, hər şey bitdi. Ah, yazıq!

Xəstəyə baxan arvad əyilib uşağı anasının qucağından götürdü.

– Əgər uşaq ağlayıb-qışqırsa, dalımca adam göndərməyin, – həkim dilləndi. – Ona duru sıyıq verərsiniz.

Həkim otaqdan çıxarkən soruşdu:

– O, haradan gəlmişdi?

Qoca arvad dedi:

– Bunu heç kəs bilmir.

Həkim əyilib ananın sol əlini qaldırdı və:

– Nişan üzüyü də yoxdur… – dedi.

Həkim getdi. Sərxoş arvad stula əyləşdi, uşağa balaca bir köynək geyindirdi və bələməyə başladı.

Uşağı burada qeydə aldılar, qoluna yarlıq bağladılar. Bununla da müəyyən edildi ki, o, yurdsuzlar evində doğulub, yetimdir.

Uşaq bərk qışqırırdı. Əgər bilsəydi ki, doğulduğu ilk gündən yetimdir, daha bərk qışqırardı. Ona Oliver Tvist adı verildi.

Onu əmziklə yedizdirirdilər. Oliverə dayə tapılmadığı üçün məhəllə hakimiyyəti onu “ferma”ya göndərməyə qərar verdi.

Ferma adlanan yerdə iyirmi-otuz uşaq yemək və paltarın nə olduğunu bilmir, bütün günü quru döşəmənin üstündə eşələnib, qaynaşırdı. Onlara yaşlı bir qadın nəzarət edirdi. Həmin qadın, yəni missis Mann aldığı pulun böyük hissəsini özünə xərcləyir, uşaqları ac qoyurdu. Aclıqdan hər on uşaqdan səkkizi ölürdü. Bəziləri ocağa düşüb yanırdı. Bəzisinin üstünə qaynar su tökülərək ölümcül bişirdi.

Məhəllə şurası arabir gəlib uşaqları yoxlayırdı. Yoxlama gələndə bidl əvvəlcədən xəbər verərdi. Bidl şurada ən aşağı vəzifə idi. Bu vəzifəni isə mister Bambl icra edirdi. Yoxlama gələndə uşaqları səliqəli geyindirir, sıraya düzürdülər. Məhəllə şurası da onlara baxıb razı qalırdı.

Oliver Tvist doqquz yaşına çatanda bənizi solğun, boyu balaca, cılız bir uşaqdı. Amma xoşxasiyyət idi. Bir dəfə ad günündə möhkəmcə kötəklənib iki uşaqla birlikdə kömür anbarına salınmışdı. Onlar ac olduqlarını cəsarət edib söylədiklərinə görə cəza almışdılar.

Həmin səhər mister Bambl qəflətən fermaya gəldi. Missis Mann onun gəldiyini görəndə qulluqçuya dedi:

– Oliveri və o biri iki uşağı gətir, tez əl-üzlərini yu!

Özü isə bidlin qarşısına çıxaraq hündürdən dedi:

– Mister Bambl, sizi görməyə necə də şadam!

Mister Bambl cüssəli adam idi. Missis Mann onun əsasını və üçkünc şlyapasını alıb masanın üstünə qoydu. Mister Bambl oturub alnının tərini sildi. O dedi:

– Missis Mann, bir iş üçün gəlmişəm. O sizdəki Oliver Tvistin bu gün doqquz yaşı tamam oldu. O vaxt məhəllə şurası onun atasının tapılması üçün on funt[1 - funt və ya funt sterlinq – Böyük Britaniyada bu günədək istifadə olunan qədim pul vahidi] mükafat təyin etmişdi, sonra iyirmi funta qaldırdı. Yenə də onun atasının kim olduğu bilinmədi.

Miss Mann heyrətlə ona baxırdı:

– Elə isə bəs ona soyadı necə vermişlər?

– Özüm uydurmuşam. Hə, məhəllə şurası onu yurdsuzlar evinə qaytarmağı qərara alıb. Gəlmişəm onu aparım.

– Bir dəqiqə, – deyə missis Mann otaqdan çıxdı.

Oliverin üzündə qartmaq bağlamış çirki mümkün qədər yuyub təmizləmişdilər. Missis Mann onu otağa gətirdi və Oliverə bidlə təzim etməyi əmr etdi. Oliver təzim etdi.

Mister Bambl vüqarla soruşdu:

– Mənimlə getmək istəyirsənmi, Oliver?

Oliver hazır idi desin ki, böyük bir həvəslə buradan gedər. Lakin gözlərini azacıq yuxarı qaldırıb bidlin oturduğu stulun arxasında missis Mannın qəzəbli sifətini və hədələyici yumruğunu gördü. Nitqi qurudu. Bu yumruqlar ona yaxşı tanış idi. Yazıq Oliver soruşdu:

– Tərbiyəçimiz də mənimlə gedəcək?

– Yox, o gedə bilməz. Amma hərdənbir gəlib sənə baş çəkəcək.

Ağlı kəsdi ki, hiylə işlətməlidir. Özünü elə göstərməlidir ki, guya buradan böyük təəssüflə ayrılır. Odur ki, bir az ağladı. Missis Mann onun öpdü, uşaq ac görünməsin deyə, üstünə yağ çəkilmiş bir parça çörək mükafat verdi. Oliverin ehtiyacı elə ən çox bu çörək parçasına idi.

O, bidlin yanına düşüb getdi. Onu kədərləndirən yeganə şey bu dünyadakı yeganə dostlarından ayrılması idi.

Mister Bambl küşə ilə iri addımlarla gedir, Oliver onun yanınca yorğalayırdı.

Oliver cəmi dörd saat olardı ki, yurdsuzlar evinə gəlmişdi. Ona verilmiş ikinci çörək tikəsini yenicə yeyib qurtarmışdı ki, mister Bambl qayıdıb gəldi. Elan etdi ki, Oliver məhəllə şurasına çağırılır.

Oliver məhəllə şurasının nə olduğunu bilmirdi. Karıxıb qalmışdı. Mister Bambl onu əsası ilə vurdu. Sonra əhənglə ağardılmış böyük bir otağa apardı. Masanın arxasında səkkiz-on nəfər kök centlmen əyləşmişdi. Oliver baş tərəfdə, daha hündür kresloda əyləşmiş qırmızısifət bir centlmen gördü.

– Məhəllə şurasına təzim et, – deyə bidl ona əmr etdi.

Oliver gözündəki damcıları birtəhər sildi və uzun masanı gördü. Təzim etdi. Hündür kresloda əyləşmiş centlmen soruşdu:

– Adın nədir, oğlan?

Oliver bu qədər centlmeni görüb titrəyirdi. Bidl onu arxadan bir yumruğa qonaq elədi. Bu da onu ağlamağa vadar etdi. Nəhayət, o, özünə gəlib cavab verdi.

– Bura bax, oğlan, – deyə hündür kresloda əyləşmiş centlmen ona müraciət etdi. – Yetim olduğunu, yəqin ki, bilirsən, hə?

– O, nə olan şeydir, ser? – deyə Oliver soruşdu.

– Bu oğlan lap axmaqdır ki! Mən elə baxan kimi bilmişdim, – ağ jiletli centlmen dedi. – Deyirəm ki, yəni sənin atan və anan yoxdur… Elədirmi?

– Bəli, ser.

Oliveri ağlamaq tutdu. Ağ jiletli centlmen təəccüblə:

– Niyə ağlayırsan? – deyə soruşdu.

– Doğrudan da, qəribədir! Axı bu uşaq nə üçün ağlasın? – bunu başqa bir centlmen dedi.

Sonra onu böyük bir otağa apardılar. Orada o, dəmir çarpayının üstündə yuxuya gedənə qədər ağladı.

Zavallı Oliver! Yaxşı ki, heç nədən xəbəri yox idi. Məhəllə şurası bir müddət əvvəl çox müdrik bir qərar qəbul etmişdi. Onlar bu qərara gəlmişdilər ki, yoxsullar yurdsuzlar evini yaman çox sevirlər! Bura onlar üçün müftə aşxanadır – səhər yeməyi, nahar və axşam yeməyi müftə. Əsl cənnət! İş yox, güc yox. Ona görə də məhəllə şurası buna belə əncam çəkmişdi: uşaqlara gündə üç dəfə yarma horrası, həftədə iki dəfə bir baş soğan və bazar günlərində isə para bulka verilməsini qərara almışdılar.

Yarım il idi ki, bu qayda tətbiq edilirdi. Amma tabut ustasının işi artmışdı. Bir-iki həftə yarma yeyəndən sonra yoxsullar arıqlayıb çöpə dönür, sayları sürətlə azalırdı.

Oğlanlara böyük bir otaqda yemək verirdilər. O başda tiyan vardı. Yemək vaxtı nəzarətçi önlüyünü taxıb həmin tiyandan horra paylayırdı. Hərəyə bir kasa verilirdi. Bundan artıq olmazdı. Hərə bir parça da çörək alırdı. Kasaları heç vaxt yumaq lazım gəlmirdi. Uşaqlar kasaları qaşıqla elə qaşıyıb təmizləyirdilər ki, içi yenə əvvəlki kimi parıldayırdı. Kasa təmizləmək işini bitirən kimi gözlərini dikirdilər tiyana.

Oliver və yoldaşları aclıqdan yavaş-yavaş əriyib çöpə dönür və o qədər hərisləşirdilər ki, hətta ağıllarını itirirdilər. Onların arasında yaşına görə ucaboy bir oğlan vardı. Bir gün bu uşaq qaşqabağını töküb demişdi ki, əgər ona bir kasa da horra verməsələr, qorxur ki, gecənin birində yanında yatan zəif uşağı basıb yeyər. Uşaqlar onun parıldayan gözlərinə baxıb qorxuya düşmüşdülər.

Nə isə, yığışıb məsləhətləşdilər. Həmin gün axşam yeməyindən sonra bir nəfər əlavə horra istəməli idi. Püşk atdılar, bu iş Oliverin öhdəsinə düşdü.

Axşam oldu, hərə öz yerini tutdu. Aşpazla köməkçilər tiyanın yanını kəsdirdilər. Horra kasalara töküldü. Yeməkdən əvvəl uzun bir dua oxundu. Dua bitən kimi horra da yoxa çıxdı. Uşaqlar pıçıldaşır, Oliverə göz vurur, dürtmələyirdilər. Nəhayət, Oliver masanın arxasından qalxdı, kasa əlində nəzarətçiyə yaxınlaşdı. Ürkək bir səslə dedi:

– Bağışlayın, ser, mən yenə istəyirəm.

Aşpaz yekəpər adam idi. O, bu sözü eşidəndə heyrətdən quruyub qaldı. Bir neçə saniyə bu kiçik üsyankara baxdı. Nəhayət, dillənib zəif bir səslə dedi:

– Nə deyirsən?..

– Bağışlayın, ser, mən yenə istəyirəm.

Aşpaz əlindəki çömçəni Oliverin başına vurdu, sonra da əllərindən tutub dəli kimi bağırdı, bidli çağırdı.

Mister Bambl məsələni öyrənib dəhşətə gəldi. Şuraya gedib hündür kresloda əyləşən centlmenə müraciət edərək dedi:

– Mister Limkins, məni əfv edin, ser! Oliver Tvist daha bir qab horra istəyib!

Dəhşətdən hamının üz-gözü əyildi.

– Yenə istəyib?! – deyə mister Limkins soruşdu. – Sakit olun, Bambl və mənə ağıllı-başlı bir cavab verin. Deməli, öz horra payını yeyəndən sonra yenə istəyib, hə?

– Bəli, bax o cür olub, ser.

Ağ jiletli centlmen dedi:

– Bu oğlanın son yeri dar ağacıdır. Bəli, mən bilirəm: ömrünü orada tamamlayacaq.

Qızğın müzakirə başlandı. Sərəncam belə oldu: Oliver dərhal həbsə alınsın.

O biri gün isə darvazaya belə bir elan vuruldu: Oliver Tvisti öz yanına hansısa sənət köməkçisi götürmək istəyən adama beş funt mükafat təklif olunur.

İş yüngül, maaş isə yaxşı ola bilməzdi

Oliver bir həftə qaranlıq otaqda dustaq qaldı. Az qalırdı burun dəsmalını boğazına bağlayıb özünü divardakı mıxdan assın. Lakin onun cib dəsmalı yox idi. Çünki yurdsuzlar evindəki yoxsullara burun dəsmalları verilmirdi.

Oliver bütün günü ağlayırdı. Gecə düşəndə isə qaranlığı görməmək üçün əlləri ilə gözlərini örtürdü. Bir küncə çəkilib yatmağa çalışır, tez-tez diksinib yuxudan ayılırdı.

Havalar soyuq keçirdi. Oliverə icazə verilmişdi ki, hər səhər həyətə çıxıb soyuq su ilə əl-üzünü yusun. Bu zaman mister Bambl da mütləq orada olmalı idi. O qayğıkeşlik göstərirdi ki, uşağa soyuq dəyməsin. Bu məqsədlə Oliverin bədəninə əlindəki əsa ilə qızışdırıcı zərbələr endirirdi.

Oliveri uşaqların nahar etdiyi otağa gətirir, hamıya dərs olsun deyə onların gözü qabağında döyürdülər. Hər axşam dua oxunan saatda onu yumruqlayıb uşaqların qarşısına çıxarırdılar. Məhəllə şurasının qərarı ilə duanın sonuna əlavələr edilmişdi. Bu əlavələrdə uşaqlar Allaha yalvarırdılar ki, onları Oliver Tvistin bəd əməllərindən qorusun. Deyilirdi ki, Oliver cin və şeytanların tilsiminə düşübdür.

…Həmin günlərin birində bacatəmizləyən mister Gemfild küçə ilə gedirdi. Borcunu verə bilmədiyi üçün fikir-xəyal içində idi. Beş funtu heç cür tapıb düzəldə bilmirdi. Yurdsuzlar evinin qabağına çatanda divarda yazılmış elanı gördü. Mister Gemfild eşşəyinə səsləndi:

– Hoqquş!

Eşşək də fikir-xəyal içində idi. Arabadakı yükdən nə vaxt xilas olacağını düşünürdü. Fikirləşirdi ki, bundan sonra ona bir-iki kələm özəyi qismət olacaqmı? Ona görə də əmri eşitmədi.

Mister Gemfild hirslənib eşşəyə lənətlər yağdırdı. Sonra qaçıb arabanı saxladı. Eşşəyin başına elə bir zərbə ilişdirdi ki, eşşəyin başqa yeri olsaydı, partlayardı. Belə etməkdə məqsədi o idi ki, sahibinin kim olduğunu ona başa salsın. Eşşək də insafən başa düşdü. Sonra eşşəyə daha bir zərbə ilişdirdi ki, yerindən tərpənməsin.

Ağ jiletli centlmen iclasda bir neçə dərin fikir söyləyib indicə bayıra çıxmışdı. Mister Gemfild ilə eşşək arasında baş verən incikliyi gördü. Onun elanı oxumaq üçün yanaşdığını görüb gülümsədi. Başa düşdü ki, Oliver Tvistə ağalıq edə biləcək adamdır.

Mister Gemfild də başa düşdü ki, bu uşaq balaca və sısqadır. Mükafat isə şirnikdirmək üçündür. Amma bacaları təmizləmək üçün çəlimsiz uşaqlar əlverişlidir.

Mister Gemfild dedi:

– Əgər məhəllə şurası arzu etsə ki, bu uşaq xoşagələn bir peşə sahibi olsun, mənə belə bir şagird lazımdır.

Ağ jiletli centlmen dedi:

– Keçin içəri.

İçəridə məhəllə şurası üzvləri oturmuşdular. Limkins dedi:

– Baca təmizləmək çox sarsaq sənətdir.

– Uşaqlar bacaların içində boğulur, – deyə o biri centlmen əlavə etdi.

Mister Gemfild izahat verib dedi:

– Elədir, amma bunun səbəbi var. Uşaqlar çox tərs və tənbəl olur. Onlar bacada yuxulayırlar. Onları oradan çıxmağa məcbur etmək üçün qızğın alovdan yaxşı çarə yoxdur. Uşağı bütünlüklə yandırmırsan ki… Ancaq aşağıdan onun ayaqlarını bişirirsən. Uşaq hiss edəndə ki, dabanı bişir, o saat var qüvvəsi ilə bacadan çıxmağa çalışır.