скачать книгу бесплатно
Oliverin paltarı tikə-tikə olmuşdu, saçları pırtlaşıq, üz-gözü göyərmişdi. Amma gözləri alışıb-yanırdı. O, qorxunc bir nəzərlə Noeyə baxdı.
– Daha sözüm yoxdur, – deyib mister Sauyerberi Oliveri silkələdi və bir şapalağa qonaq elədi.
– O, mənim anamı söyürdü, – deyə Oliver cavab verdi.
– Nə olsun ki, söyüb? Çox böyük iş olub! Sənin anan barədə nə deyibsə, yerində deyib. Anan elə o cür sözlərə layiqdir! – missis Sauyerberi çığırdı.
– Yox, layiq deyildir! – deyə Oliver cavab verdi.
– Yox, layiqdir, – deyə missis Sauyerberi bir də təkrar etdi.
– Bu, yalandır! – deyə Oliver qışqırdı. – Yalandır!
Missis Sauyerberinin durmadan ağladığını görən ağası Oliveri elə kötəklədi ki, nəhayət, arvadını razı saldı. Mister Bamblın əl ağacına isə ehtiyac qalmadı.
Axşama qədər Oliver anbarda qaldı. Axşam missis Sauyerberi gəlib qapının dalından onun anası barədə yenə xoşagəlməz sözlər dedi. Noe və Şarlott da tez-tez gəlib ona atmacalı sözlər deyirdilər. Sonra missis Sauyerberi ona yuxarı qalxmağı və öz miskin yatağına getməyi əmr etdi.
Oliver qaranlıq dükanda oturub düşünürdü. Anasını təhqir edəni döydüyü üçün qəlbi iftixar hissi ilə dolmuşdu. Onu heç kəs görmür və eşitmirdi. O, diz çöküb ağladı.
Soyuq və qaranlıq bir gecə idi. Oliver şam işığında əşyalarını səssizcə yığıb bağlama düzəltdi. Skamyada oturub səhərin açılmasını gözlədi. Hava işıqlaşanda küçəyə çıxdı.
Oliver mister Bamblın onu fermadan gətirdiyi yolu yaxşı xatırlayırdı. Həmin yolu tutub irəlilədi. Bir azdan gəlib fermanın böyrünə çıxdı. Deyəsən, hamı yuxuda idi. Oliver dayandı və bağa boylandı. Birdən gördü ki, uşaqlardan kim isə orada ləki təmizləyir. Oliver onu tanıdı. Bu uşaq onun əvvəlki yoldaşlarından idi.
Uşaq onu görən kimi qapıya – Oliverə sarı qaçdı.
– Səs salma, Dik! Yatağından qalxan var?
– Məndən başqa, heç kəs.
– Dik, məni gördüyünü heç kəsə demə. Mən qaçmışam. Məni döyür və incidirdilər. Qərara gəlmişəm ki, səadətimi başqa yerdə axtarım. Sən nə yaman saralmısan, Dik!
– Doktor deyirdi ki, öləcəyəm. Özüm eşitdim, – deyə uşaq ötəri gülümsəyib cavab verdi. – Çox şadam ki, səni gördüm. Amma vaxt itirmə, çıx get!
– Yox, mən səninlə vidalaşmaq istəyirəm. Biz yenə görüşəcəyik, Dik. Bilirəm ki, görüşəcəyik. Sən sağalacaqsan, xoşbəxt olacaqsan!
– Ümidim var, amma öləndən sonra. Mən bilirəm, doktor haqlıdır, Oliver. Çünki yuxuda həmişə göyləri, mələkləri, heç vaxt görmədiyim xeyirxah insanları görürəm. Məni öp, – deyə oğlan alçaq qapının üstünə dırmaşdı və zəif əllərini Oliverin boynuna doladı. – Əlvida, dostum, Tanrı sənə yar olsun!
Oliver ömründə ilk dəfə idi ki, ona ünvanlanan xeyir-dua eşidirdi. O, bu xeyir-duanı heç vaxt unutmadı.
Oliver Londona yollanır
Oliver çəpərlərə qısıla-qısıla qaçaraq gəlib böyük yola çıxdı. O qorxurdu ki, onu təqib edib tutarlar.
Nəhayət, dincəlmək üçün bir dirəyin yanında oturdu. Dirəyin üstünə iri hərflərlə yazılmışdı ki, buradan Londona yetmiş mil məsafə var. Bu yazı onda qəribə fikir oyatdı. London!.. Əzəmətli, böyük şəhər!.. Mister Bambl onu orada tapa bilməz…
Onun bağlamasında bir parça çörək, cod köynək və iki cüt corab vardı. Bundan əlavə, cibində bir penni pulu vardı. Bu pulu bir dəfn mərasimindən sonra ona ağası bəxşiş vermişdi. Çünki o dəfndə Oliver xüsusilə fərqlənmişdi. O, bu pulla uzun yolu necə gedəcəyini düşündü.
Həmin gün Oliver iyirmi mil getdi. Bu müddətdə quru çörək qabığından və yolüstü evlərdən xahişlə alıb içdiyi sudan başqa dilinə bir şey dəymədi.
Qaranlıq düşəndə yol kənarındakı biçənəyə döndü. Ot tayalarının birinə girib yatmağı qət etdi. Külək çöldə yaman bərk vıyıldayırdı. Oliver üşüyürdü. O, ac və yorğun idi.
Səhər qalxanda soyuqdan bədəni qurumuşdu. Bir yandan da aclıq onu əldən salmışdı. Gün ərzində on iki mil gedə bildi. Qıçları sızıldayırdı. Oliver o gecəni də soyuq bir yerdə keçirdi. Səhər ayaqlarını güclə sürüyürdü.
Oliver kəndlərdə vurulmuş iri lövhələrə tez-tez rast gəlirdi. Lövhələrin üzərində dilənçilik edənlərin həbsxanaya düşəcəyi yazılmışdı. Bu yazıları görəndə Oliver çox qorxurdu.
Bəzən kəndlərdə mehmanxanaların qabağında dayanıb qəmli baxışları ilə ora girib-çıxanlara baxırdı. Mehmanxana sahibləri düşünürdülər ki, bu uşaq nə isə oğurlamaq istəyir. Odur ki, onu qovurdular. Kiminsə evinin önündə dayanıb bir şey istəyəndə itləri üstünə salardılar.
Ac olduğu üçün tamam taqətdən düşmüşdü. Belə getsə, ölüb yolda qalacaqdı. Ən acınacaqlı vaxtında Oliver yolunun üstündə olan qarovulxanada rəhmdil bir gözətçiyə və şəfqətli qoca bir lediyə rast gəldi. Gözətçi onun qarnını pendir-çörəklə doyurdu.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: