banner banner banner
Devid Koperfild
Devid Koperfild
Оценить:
Рейтинг: 0

Полная версия:

Devid Koperfild

скачать книгу бесплатно

Onu eynilə fil kimi içəri ötürdü və üzü fil sifəti kimi tərpənməz qaldı. Soruşdu:

– Bunu o bişirib?

– Peqottini deyirsiniz, ser?

– Hə, onu.

– O bizim üçün hər növ piroqlar bişirir.

– Yaxşı görək? Deyirsən, alma piroqları da bişirə bilir?

Mən dedim, elədir ki var. Barkis fikrə getdi.

– Hə, gör nə deyirəm, yəqin, ona məktub yazarsan?

– Mütləq yazacağam.

– Yazarsanmı ki, mister Barkis ona biganə deyil, hə?

– Axı sabah Blanderstona dönürsünüz, bunu özünüz ona desəniz yaxşı olmazmı?

Mister Barkis buna razı olmadı, xahişini təkrar etdi. Nəsə dərin fikrə getmişdi.

Mən yuxudan ayılanda araba Yarmuta çatmışdı. Parlaq poçt kareti həyətdə dayanmışdı. Mister Barkis mənim sandığımı yerə düşürdü. Ət parçası və kəsilmiş toyuq əti sallanan pəncərədən bir ledinin başı göründü və soruşdu:

– Blanderstondan olan yeniyetmə centlmen budur?

Xanım zınqırovu çaldı, nökər qaçıb gəldi. O, təkcə mənim üçün masa sifariş verildiyinə bərk heyrətlənmişdi.

Məni uzun bir otaqda masa arxasında əyləşdirdi və süfrə saldı. Yemək gəldi. Mən ikinci kotletə girişmişdim ki, gördüm çox diqqətlə mənə baxır.

– Sizə yarım pinta[4 - Pinta – 0,568 litrə bərabər ənənəvi ingilis həcm ölçüsü] pivə sifariş verilib. Onu içmək istəyirsiniz?

Mən təşəkkür etdim və “hə” dedim.

O, qrafindən iri bir stəkana süzdü və əlində yuxarı tutub diqqətlə baxmağa başladı:

– Bir az çox deyil ki?

– Hə, bir az çoxdur…

– Dünən burada bir centlmen vardı. Bir stəkan bundan içdi və …yıxılıb öldü. Ona içmək olmazdı. Mən isə öyrəncəliyəm. Mənə heç nə olmaz. Amma bu sizin üçün sifariş verilib. Etiraz etmirsən, onu mən başıma çəkim?

Mat qalmışdım. Dedim, yaxşısı budur, mən su içim, siz isə bu pivəni içməklə mənə yaxşılıq etmiş olarsınız.

Pivə ona ziyan vermədi. Hətta bir az kefi kökəldi. Yaxın oturdu. Üstündən bir kotlet, sonra bir kartof, daha sonra bir kotlet və daha bir kartof götürüb uddu.

O gülürdü. Ürəklənib ondan kağız, qələm istədim və Peqottiyə məktub yazdım. O mənə poçt kağızının pullu olduğunu dedi, burada süfrələrin qır-qırıntısı ilə qarnını doyurduğunu, kömür kisələrinin üstündə yatdığını, ailəsində hamının xəstə olduğunu deyib ağlamağa başladı.

Üç şillinqimdən birini kağıza görə ona uzatdım. O, pulu farağat vəziyyəti alaraq ehtiramla götürdü.

Mən karetin damında arxa oturacağa əyləşəndə hamı mənə təəccüblə baxırdı. Qulluqçu arvadlardan biri başını pəncərədən çıxarıb konduktora dedi:

– Bu uşağa diqqət et, Corc. Birdən köpüb partlayar.

Nökər də hamı kimi mənə baxıb pıqqıldayırdı. Balaca boyum və bu qədər qarınqulu olmağım onları bərk heyrətə salmışdı. Mən isə oradan ac yola düşürdüm. Yolda karet nahar üçün dayananda utandığımdan heç nə yemədim.

Gecə yol gedəndə məni iki centlmenin arasında oturtmuşdular ki, birdən yıxılaram. Onlardan gah biri, gah digəri mürgüləyib məni sıxırdı. Odur ki onları tez-tez oyatmalı olurdum.

Səhər açılanda uzaqdan London göründü. Oxuduğum kitablardakı gənc qəhrəmanlarımın başlarına bu şəhərdə nə qədər işlər gəlmişdi. Məni adı ya "Göy buğa", ya da "Göy qaban" olan bir mehmanxananın yanında düşürdülər. Konduktor qapıya baxıb səsləndi:

– Blanderstondan olan Merdston soyadlı uşağın dalınca kim gəlib?

Səs çıxmadı. Karet getdi. Mən Robinzon Kruzo kimi tək qalmışdım.

Növbətçi məni içəri çağırdı. Oturub gözləməyə başladım. Çaşıb-qalmışdım. Ağlıma min fikir gəlirdi. Bu vaxt bir cənab gəldi.

Baqajları tərəzidə çəkən adamla pıçıltı ilə nəsə danışdı. O, çox pis geyinmişdi.

– Sən yeni şagirdsən? – dönüb məndən soruşdu.

– Bəli, ser.

– Mən Səlem-Hausdan gəlmiş müəlliməm.

Mən təzim etdim və rahat nəfəs aldım. Müəllimin adı mister Mell idi. Dedi ki, biz poçt karetində daha altı mil getməliyik. Mən özümdə cəsarət tapıb dedim ki, dünəndən bəri heç nə yeməmişəm. Bir dükan göstərdi, mən üç pensə[5 - Pens – 1/12 şillinqə bərabər xırda ingilis moneti] bir bulka aldım.

…Səlem-Haus hündür kərpic hasarı olan tutqun bir bina idi. Qapını öküz boyunlu, enlikürək və taxtaayaq bir adam açdı.

– Yeni şagirddir, – müəllim dilləndi.

Taxtaayaq məni başdan-ayağa süzərək içəri buraxdı və qapını açarla bağladı.

Bina boş və adamsız idi. Pansion sahibi mister Krikl arvadı və qızı ilə tətildə idi. Mister Mell məni son dərəcə cansıxıcı bir sinif otağına gətirdi. Partanın üstündə karton plakat gördüm. Üstündə yazılmışdı: "Ehtiyatlı ol! Qapır!"

– Bağışlayın, ser, … bəs it hanı?

– İt? Nə it?

– Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…

– Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.

Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:

– Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!

Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.

VI fəsil

Tanışlar dairəsini genişlədirəm

Mister Krikl qayıdan axşam məni onun yanına apardılar. Kresloda vüqarla əyləşmişdi. Masada şüşə və yanında qədəh vardı.

– Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!

Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:

– Bu uşaq barədə nə deyə bilərsən?

– Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.

Deyəsən, mister Kriklin bu cavabdan qanı qaraldı.

– Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.

– Bura yaxınlaş! – taxtaayaq təkrarladı.

– Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?

Əllərini amansız şəkildə oynadaraq qulağımı bururdu.

– Hələ yox, ser! – mən ağrıdan qıvrılaraq cavab verdim.

– Hələ yox? Hə? Çox tezliklə tanıyarsan!

Mən çox qorxdum və dedim ki, buna ümidvaram.

– Mən sənə deyərəm, mən kiməm! – qulağımı buraxıb fısıldadı. – Mən vəhşiyəm!

– Vəhşidir! – taxtaayaq təkrarladı.

– Mən qətiyyətli adamam! Nə dedim, o da olmalıdır! Apar onu!

Lakin mənim çox mühüm bir ricam vardı. Cəsarətə gəlib:

– Ser, əgər izin versəydiniz… Əgər mümkünsə, şagirdlər gəlməmiş bu yazını kürəyimdən götürün…

– Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.

…Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:

– Bir bax a! Yamanca gülməlidir!

Lakin şagirdlərin çoxu mənim plakatıma gülmədi. Bəzi şagirdlər ətrafımda rəqs edib məni cırnatmağa çalışırdı: "Qıs! Qıs!" Digərləri adımı "Qapı iti" qoymuşdu. Az qalırdı ağlayam.

Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:

– Nə qədər pulun var, Kopperfild?

– Yeddi şillinq.

– Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.

Mən bu dostcasına təklifi qəbul etməyə tələsdim və pulları onun ovcuna boşaltdım.

– Bunları xərcləmək istəmirsən?

– Yox, ser.

– İstəsən, bu, çox asandır. Bircə kəlmə de…

Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.

Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…

Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…

VII fəsil

Səlem-Hausda ilk "yarımil"

Ertəsi gün mister Krikl qapıda görünəndə sinfə dərin sükut çökdü. O, nağıllardakı nəhənglər kimi dayanmışdı. Tangey yanında idi. Mister Krikl dedi:

– Hə, uşaqlar, yeni yarımil başlanır. Heç kəsin başı sığallanmayacaq. Kürəyinizi qaşımağa ehtiyac yoxdur, onsuz da şallağımın yerini silə bilməzsiniz. İndisə, haydı!

Bu qorxulu çıxışı bitirib mənə yaxınlaşdı. Qamçını göstərdi və havada silkələyərək dedi ki, bu barədə nə düşünürəm? Suallarını davam etdirərək qamçını təpəmə-gözümə çırpırdı. Mən hər dəfə ağrıdan qıvrılırdım.

Təkcə mən döyülmədim. Sinifdə gəzişərək şagirdlərin çoxunu qamçı ilə döydü. Uşaqlar yerlərində qıvrılır, gözlərindən yaş axırdı.

Yazıq Tredls! Ən xoşxasiyyət və ən bədbəxt şagird idi. Onu yarım il ərzində hər gün qamçıladı. Onun bir adəti vardı: gözündə yaş olsa da, lövhədə həmişə skelet rəsmi çəkərdi. Anlaya bilmirdim ki, bu skelet çəkməkdə nə görüb?

Çox nəcib uşaq idi Tredls. Deyirdi ki, gərək şagirdlər bir-birinə qahmar çıxsın. Bunun üstündə nə qədər döyülmüşdü…

Stirfort çox faydalı dost çıxdı. Bircə məni mister Krikldən müdafiə edə bilmirdi. Bunu bacarmazdı da. Bir dəfə söhbət edəndə bildi ki, mən evdə çoxlu kitab oxumuşam. Soruşdu:

– Onlar yadında qalıb?

– Əlbəttə, yaddaşım əladır.

– Belədirsə, onları mənə nağıl edəcəksən.

Bundan sonra gecələr Ceyms Stirfortun çarpayısının yanında əyləşib bir vaxt oxumuş olduğum kitabları ona nağıl edirdim. Dərslər başlanandan bir həftə sonra Peqottidən sovqat gəldi. Uşaqlara yeni bir qonaqlıq verdim.

Müəllim mister Mell mənə çox kömək edirdi. Onu minnətdarlıqla xatırlayıram.

Həmin yarımildə daha bir hadisə baş verdi və onu indi də unuda bilmirəm. Tangey elan etdi ki, mister Kopperfildi görməyə gəliblər. Mister Peqotti və Hem məni görmək üçün məktəbə gəlmişdilər. Onları görəndə məni nə üçün ağlamaq tutduğunu bilmirəm.