banner banner banner
Devid Koperfild
Devid Koperfild
Оценить:
Рейтинг: 0

Полная версия:

Devid Koperfild

скачать книгу бесплатно

Evə gələndə qapını tanımadığım qulluqçu qadın açdı. Peqotti gəlib əlimdən tutub məni çəkə-çəkə mətbəxə apardı, qapını arxamızca örtdü.

– Peqotti, nə olub?

– Heç nə baş verməyib, – o özünü şən göstərək dedi. – Bilmirəm, bu sənin xoşuna gələcəkmi? İndi sənin atan var.

Mən diksindim və rəngim ağardı. Gözümün önünə kabus gəldi. Məgər qəbiristanlıqda yatan atam dirildi?

– Yeni atan, – Peqotti dedi.

– Yeni?

– Get onunla salamlaş.

– Onu görmək istəmirəm!

– Ananla da salamlaş…

Peqotti təkid edirdi. Sonra mən inadı buraxıb onunla qonaq otağına getdim. Buxarının bir tərəfində anam, digərində mister Merdston oturmuşdu. Anam məni görəndə toxuduğu tikişi əlindən saldı və tərəddüd içində ayağa qalxdı. Anam həyəcanlı idi və susub qalmışdı.

– Klara, əzizim, yadda saxla! Hər zaman özünü möhkəm tut, – deyə mister Merdston səsləndi. – Salam, Devi, necəsən?

Mən əlimi ona uzatdım. Bir anlıq tərəddüddən sonra anama yaxınlaşdım və onu öpdüm. O da məni öpdü. Nəvazişlə çiynimi sığalladı. Sonra əyləşib əl tikişinə davam etdi. Mən nə ona, nə də mister Merdstona baxa bilirdim. Hiss edirdim ki, getməliyəm.

Yuxarı çıxanda gördüm ki, əvvəlki otağım yoxdur. Mənə dəhlizin o başında otaq ayrılmışdı. Mən aşağı endim. Evdə yeri dəyişməyən heç nə qalmamışdı. Arxa həyətə keçdim. Əvvəl boş olan it damında qara rəngli yekə bir it vardı. Məni görən kimi bərkdən hürdü və üstümə sarı cumdu.

IV fəsil

Mən gözdən düşürəm

Birnəfəsə pilləkənlə yuxarı dırmaşanda it hələ də həyətdən arxamca hürürdü. Yeni otağımda qollarımı çarpazlayıb çarpayımda oturdum. Adyalı başıma çəkib ağladım və yuxuya getdim.

Məni anamın və Peqottinin səsi oyatdı:

– Devi, nə olub? – anamın səsi idi.

Mən üzüüstə çevrildim ki, ağladığımı görməsinlər.

– Devi! Devi, mənim balam! – anamın bu nidası məni daha da kövrəltdi. Məni yataqdan qaldırmaq istəyən anamın əlini itələdim. Bu vaxt mənə başqa bir əl toxundu. Bu, mister Merdstonun əli idi. O dedi:

– Bu nədir? Klara, sən unutdunmu?.. Sərt olmaq lazımdır, əzizim!..

– Bağışla, Eduard. Mənə çox ağırdır…

– Gedin aşağı, biz Devidlə birlikdə enərik.

Onlar gedəndə mister Merdston qapını örtdü, stulda oturdu və dedi:

– Devid, mən inadkar at və ya itlə üzləşəndə, səncə, nə edirəm?

– Bilmirəm.

– Mən onu döyürəm. Qarşımda tir-tir əsir.

Hiss etdim ki, nəfəsim tutulur. Dinib bir söz deyə bilmədim.

– Sən öz yaşına görə çox dərrakəlisən. Görürəm ki, məni çox yaxşı anladın.

Biz aşağı düşəndə mister Merdston dedi:

– Klara, əzizim. İndi ümidvaram ki, hər şey qaydasında olacaq.

Üçlükdə nahar edirdik. Anamla söhbətlərindən belə anlayıram ki, atalığımın böyük bacısı bizə köçür.

…Nahardan sonra miss Merdston gəlib çıxdı. Çox qaşqabaqlı bir ledi idi. Özüylə iri, mis dəstəkli iki sandıq gətirmişdi. Faytonçunun pulunu verəndə metal qapaqlı pulqabını çıxardı. Pulqabının ağzı həbsxana qapısı kimi şıqqıltı ilə açıldı və örtüldü. Mənə baxıb soruşdu:

– Sənin oğlundur, gəlin?

Anam başını tərpətdi:

– Ümumiyyətlə, mən oğlan uşaqlarını sevmirəm, – deyə miss Merdston bildirdi.

Mənə aydın oldu ki, həmişəlik gəlib. Səhəri gün miss Merdston evdə öz bildiyi kimi qayda yaratmağa başladı. Sanki buranın əsl sahibəsi anam deyil, o idi. Evdə hamı yatanda o ayaq üstə olurdu. Peqotti deyirdi ki, yəqin, miss Merdston yatanda da bir gözünü açıq qoyur.

O biri gün səhər anama dedi:

– Bilirsiniz, əziz Klara, mən gəlmişəm səni qayğılardan azad edim. Açarları mənə versəniz, evdə hər şeylə özüm məşğul olaram.

…O gündən açarları özünün həbsxana-çantasında saxlamağa başladı. Anam evdə hakimiyyətini itirməsi ilə elə də tez barışmadı. Bir dəfə miss Merdston ev təsərrüfatı barədə qardaşı ilə məsləhətləşəndə anam birdən ağladı:

– Çox ağırdır ki, mənim evimdə…

– Mənim evimdə? – Merdston onun sözünü kəsdi. – Klara!

– Mən demək istəyirdim: bizim evdə… mən ev təsərrüfatı barədə bir söz deyə bilmirəm…

– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.

– Ceyn Merdston! Sakit olun! Siz ki xasiyyətimi yaxşı bilirsiniz!

Anam dedi:

– Mən heç kəsin getməsini istəmirəm. Mən şüursuz deyiləm. Mən istəyirəm ki, mənimlə arabir məsləhətləşsinlər…

– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.

– Ceyn Merdston! – mister Merdstonun səsi gurladı. – Susacaqsanmı?

Sonra anama sarı döndü:

– Klara, sən məni heyrətə salırsan. Miss Merdston xeyirxahlıq edib mənə kömək etmək istəyir. Sən isə…

Mister Merdston bacısını haqlı çıxardı. Anamda mübahisəni davam etdirməyə hal qalmamışdı.

Mən anamın bu halını görüb əzab çəkirdim. Onlar sərt və kinli adamlar idilər.

Mən ev dərsi alırdım. Məni anam öyrədirdi. Zehinli uşaq idim və həvəslə oxuyurdum. İndiki dərslər isə ağır idi, uzun çəkirdi, bəzilərini anlamırdım. Bu dərslər məni qorxuya salırdı.

…Səhər yeməyindən sonra kitablarım da qoltuğumda kiçik qonaq otağına daxil oluram. Kitablarımdan birini anama uzadır və dərsi danışmağa başlayıram. Öz kreslolarında rahat əyləşən Merdstonların burada olmasından özümü itirir, öyrəndiklərimsə harasa uçub gedirdi. Dilim dolaşır. Üzümə qızartı çökür. Anam alçaqdan deyir:

– Devi, Devi!..

– Klara, uşaqla sərt ol! – mister Merdston müdaxilə edir.

– Dərsini bilmir, – miss Merdston zəhmlə dillənir.

Mister Merdston deyir:

– Klara, kitabı ona ver, qoy əzbərləyib öyrənsin.

Qavraya bilmədiyim dərslər get-gedə çoxalır. Onlar çoxaldıqca mən daha da kütləşirəm. Mən dolaşanda mister Merdston yerindən qalxır, kitabı qapıb üzümə çırpır, ya da kitabla boynumun ardına vurur. Miss Merdston bu halıma sevinir. Bütün günü ucuz tutulur, gözdən düşürəm. Halbuki Merdstonlar olmasaydı, mən dərslərimi əla hazırlaya bilərdim. Onlar ilan quşcuğazı ovsunlayan kimi sanki məni ovsunlayırdılar.

Mənə yaşıdlarımla oynamağa icazə verilmirdi. Artıq yarım ildən sonra mən qüssəli, tutqun və qaradinməz bir uşaq olmuşdum.

…Atamdan qalan kitablar yuxarı otaqda idi. Rodrik Rendom, Tom Cons, Don Kixot, Robinzon Kruzo – bunlar mənim dostlarım idi. Bir həftə Tom Cons, bir ay Redrik Rendom olurdum. Onlar gələcəkdə başqa bir həyatda mənim ümidlərim idilər.

Bir dəfə səhər kitablarım əlimdə otağa girəndə anamı narahat gördüm. Mister Merdston əlində oynatdığı elastik eşmə qamçının ucuna nəsə bağlayırdı. Mən içəri girəndə onu əlində oynadaraq havanı şaqqıltı ilə yardı.

– Sənə deyirəm, Klara, mənim özümü də az çırpmayıblar.

Mən mister Merdstonun baxışlarını tutdum:

– Devid, bu gün daha diqqətli olmalısan.

Yenə qamçını havada şaqqıldatdı. Dərsə pis başladım, get-gedə daha da dolaşdım. Halbuki diqqətlə hazırlaşmışdım, amma özümü itirdim. Gözaltı gördüm ki, o yerindən qalxdı, bacısına göz vurdu və qamçısını götürdü:

– Klara əlindən gələni etdi. Ondan artığını gözləmək də olmaz. Biz səninlə yuxarı qalxaq, Devid.

Məni otağa dartıb aparanda anam arxamızca yönəldi. Miss Merdston:

– Klara sən ağlını itirmisən! – deyərək onu tutub saxladı.

O məni öz otağıma yavaş addımlarla aparırdı. Əminəm ki, bu təntənəli məhkəmə marşı ona ləzzət verirdi. Biz oraya çatanda birdən yönəlib başımı qoltuğunun arasında sıxdı.

– Mister Merdston! Ser! – mən qışqırdım. – Lazım deyil! Lütfən, məni döyməyin! Mən çalışmışdım, ser! Lakin sizin yanınızda cavab verə bilmirəm! Bacarmıram!

– Bacarmırsan, Devid! Onda bu vasitəni sınaqdan çıxaraq.

Başımı qolu ilə sıxmışdı, mən isə iki əlimlə onu qucaqlayıb zərbələr endirməsinə mane olur, yalvarırdım ki, döyməsin. O, kürəyimə qamçıyla ağrılı bir zərbə endirdi. Elə həmin anda onun qolundan var gücümlə gəmirdim.

Məni elə döyürdü ki, sanki ölüncəyədək döymək istəyirdi. Bizim hay-harayda pillələrdə addım səsləri eşidildi. Qaçıb gələn Peqotti və anam idi. Anamın necə qışqırdığını eşitdim.

Merdston çıxdı və qapını açarla bağladı.

Mən döyülmüş halda döşəmədə sərilib qalmışdım.

Səs-səmir gəlmirdi. Çətinliklə döşəmədən qalxdım və güzgüdə üzümə baxdım. Sifətim qızarmış və şişmişdi. Bütün gövdəm ağrıyırdı. Məni yenidən ağlamaq tutdu.

…Qaranlıq düşürdü. Pəncərəni örtdüm. Birdən qapının açarı şıqqıldadı, miss Merdston göründü, çörək, süd və yemək gətirmişdi. Onları dinməzcə qoyub çıxdı və qapını arxadan bağladı. Daha heç kəs gəlmədi. Soyunub yerimə uzandım. Qorxu içində düşünürdüm ki, mənimlə nə edəcəklər? Məni həbs edərlərmi? Məni dar ağacından asılmaq gözləmir ki?

“Həbs”də olduğum beş gün ərzində hər gün yarım saatlığa bağda gəzişə bilərdim. Bu beş günün nə qədər uzun çəkdiyini təsvir edə bilmirəm.

Sonuncu gecə məni kiminsə pıçıltısı oyatdı.

– Peqotti, sənsən?

Çox yavaşcadan yenə öz adımı eşitdim. Səs açar deşiyindən gəlirdi.

– Mənəm, əziz Devi, yavaş, siçan kimi səssiz ol, yoxsa pişik eşidər!

Onun qapının o üzündə səssizcə ağladığını eşitdim.

– Mehriban Peqotti, mənimlə nə edəcəklər? Bilmirsənmi?

– Məktəb! London yaxınlığındadır. Orada oxuyacaqsan, – deyə Peqotti cavab verdi. – Devi, əzizim, məni unutma. Ananı tərk etmərəm, Devi. Sənə məktub yazacağam.

– Çox sağ ol, əziz Peqotti! Mister Peqottiyə, balaca Emmiyə, Hemə məktub yazarsan ki, mən heç də pis uşaq deyiləm. Onlara mənim salamımı yetir.

Zərif qəlbli Peqotti bunu edəcəyinə söz verdi.

Səhər miss Merdston gəlib dedi ki, səhər yeməyi yemək üçün tez qonaq otağına düşüm, məni məktəbə göndərirlər. Bu isə, əlbəttə, mənimçün yenilik deyildi.

Yəqin ki, Merdstonlar heç nəyə yaramayan bir uşaq olduğumu dəfələrlə anamın beyninə yeritmişdilər. Məhz bu səbəbdən də o, qonaq otağında səhər yeməyi zamanı mənim hərəkətimdən məyus olduğunu və düzələcəyimə ümid etdiyini bildirdi. Göz yaşlarım buterbrodun üstünə və fincandakı çayın içinə axırdı. Anam arabir miss Merdstonun sayıq nəzərlərindən yayınıb qəmgin halda mənə baxırdı.

Məni bağımızın qapısından yola salanda Peqotti və mister Merdston gözə dəymirdilər. Anam kövrəlmişdi:

– Görüşənədək, Devi. Sən gedirsən, lakin bu sənin xeyrinədir. Tətillərdə evə gələcəksən. Tanrı köməyin olsun, mənim balam!

V fəsil

Məni uzağa göndərirlər

Heç yarım mil[1 - Mil – 1609 metrə bərabər uzunluq vahidi] getməmişdik ki, araba birdən dayandı. Ətrafa boylandıqda gördüm ki, sarmaşıqlı hasarların arasından Peqotti qaçaraq gəlir. Heç nə demədən məni qucaqlayıb öpdü. Cibindən piroqlarla dolu kağız topba çıxarıb cibimə təpişdirdi. Bir də pul kisəsini ovcuma basdı. Məni bir də öpdü və heç nə deməyib qaçıb getdi.

– Hə, tərpən görək! – arabaçı tənbəl atına sərtləndi.

Gözümün suyunu tamam axıdandan sonra sakitləşdim və pul kisəmə baxdım. Parıltı saçan üç şillinq[2 - Şillinq – funt-sterlinqin ½-nə bərabər ingilis pulu] qoyulmuşdu. Kağıza bükülü iki yarımkron[3 - Yarımkron – 2,5 şillinqə bərabər mis-nikel ingilis moneti] da vardı. Kağıza yazılmışdı: "Deviyə onu sevən anasından". Mən pencəyimin biləyi ilə gözümün suyunu sildim və daha ağlamadım.

Arabaçı məni Yarmutda poçt karetinə çatdıracaqdı. Onun adı mister Barkis idi. Piroqumun birini hörmət əlaməti olaraq ona təklif etdim.