banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

İvan İvanıç dedi:

– Bax belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.

– Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stolun üstünə qoymuşdu və hey mənim yanıma gəlib, Varenkadan, ailə həyatından və evlənməyin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini heç dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ilə onda xəstəlik əlamətləri baş qaldırdı: arıqladı, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.

O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:

– Varvara Savviçna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq… Bilirsiniz, bu vəziyyət birdən-birə baş verdi… Bir az düşünmək lazımdır.

Mən ona:

– Düşünmək nə üçün? – deyirdim. – Evlənin, qurtarsın getsin.

– Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır… yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü, bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahı bir xata çıxar.

Odur ki evlənmək üçün qıza təklif etmir və məsələni hey təxirə salırdı. Bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfünə səbəb olurdu. Belikov qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq, hər gün Varenka ilə gəzirdi. Sonra o, yenə ailə həyatından söhbət etmək üçün mənim yanıma gəlirdi. Çox ehtimal ki, axırda evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bekarçılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də baş verəcəkdi. Ancaq birdən-birə kolossalische scandal[9 - Kolossalische scandal – böyük qalmaqal (almanca).] baş verdi. Burasını da qeyd etməliyəm ki, Varenkanın qardaşı Kovalenkonun tanışlığının ilk günündən Belikovdan zəhləsi gedirdi və onu görən gözü yox idi.

Kovalenko çiyinlərini çəkərək bizə deyirdi:

– Anlamıram, baş açmıram ki, siz belə çuğulçu, üz-gözündən zəhrimar tökülən adamla necə oturub-durursunuz? Eh, ağalar, siz belə yerdə necə yaşayırsınız? Sizin buradakı mühitiniz boğucudur, olduqca iyrəncdir. Siz məgər pedaqoqsunuz, müəllimsiniz? Siz rütbə dalınca qaçanlardansınız, məktəbiniz elm ocağı deyil, ədəb, namus divanxanasıdır və polis köşkü kimi turşumuş iy verir. Yox, əzizlərim, sizinlə bir qədər də yaşayıb öz xutoruma gedəcəyəm, orada xərçəng tutmaq və kəndli balalarına dərs vermək min dəfə bundan yaxşıdır. Mən çıxıb gedirəm. Siz isə öz İudanızla yaşayın, cəhənnəm olsun.

Ya da gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:

– O, nə üçün gəlib mənim evimdə oturur axı? Ona nə lazımdır? Elə hey, oturur, baxır.

Kovalenko, hətta Belikova ləqəb də qoymuşdu, ona “Kirpi-biçim” deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın “Kirpi-biçim”ə ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O bu məsləhətdən bərk pərt olub donquldanmışdı:

– Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.

İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri karikatura çəkmişdi. Belikov, ayağında qaloş, şalvarının balağı çırmanmış, çətir altında Varenka ilə qol-qola gedir; karikaturanın altında “Aşiq Antropos” sözü yazılmışdı. Bilirsinizmi, nə qəribə oxşatmışdılar! Rəssam, yəqin, şəklin üzərində bir neçə gecə çalışmışdı; çünki bütün oğlan və qız gimnaziyalarının müəllimləri, məmurları – hamısı bu karikaturadan bir nüsxə almışdılar. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.

Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplaşıb piyada şəhər kənarındakı balaca meşəyə getməyi qərara almışdıq. Belikov ilə bir yerdə ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qaşqabağı yerlə sürünürdü. O:

– Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, – dedi və dodaqları əsdi.

Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük! Kovalenko velosipedlə bizə yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdi.

Varenka bağırdı:

– Biz irəli gedirik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.

Sonra hər ikisi gözdən itdi. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki, yerində donub qaldı… Ayaq saxlayıb mənə baxdı.

– Bağışlayın, bu nə olan şeydir? – deyə məndən soruşdu. – Bəlkə, mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmi?

Mən:

– Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.

O, mənim sakitliyimə heyrət edərək çığırdı:

– Necə eyib deyil? Nə danışırsınız?

O bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istəməyib evinə qayıtdı.

Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının pis olduğunu üzündən sezmək olurdu. Hətta ömründə birinci dəfə olaraq dərsdən də çıxıb getdi. Nahar da eləmədi. Axşamüstü isə bayırda tamamilə yay havası olduğuna baxmayaraq, daha qalın paltar geyib Kovalenkogilə yollandı. Varenka evdə yox idi, qardaşı tək idi.

Kovalenko soyuq bir tərzdə:

– Oturun, acizanə rica edirəm, – dedi və qaşqabağını salladı; gözləri yuxulu idi, nahardan sonra dincəlmək üçün azacıq yatmışdı, ovqatı bərk təlxdi.

Belikov bir on dəqiqəyə qədər dinməz oturub sonra sözə başladı:

– Mən sizin yanınıza dərdimi dağıtmaq üçün gəlmişəm. Mənimçün çox ağırdır. Bir karikaturaçı məni və bizim hər ikimizə yaxın olan bir qadını gülünc bir şəkildə çəkmişdir. Bunda mənim, qətiyyən, təqsirim olmadığına sizi inandırmağı özümə borc bilirəm… Mən belə bir istehzaya imkan verməmişəm, əksinə, həmişə özümü abırlı bir adam kimi aparmışam.

Kovalenko qaşqabağını sallamış halda dinməz-söyləməz oturmuşdu. Belikov bir qədər gözlədikdən sonra yavaşca və həzin bir səslə dedi:

– Sizə bir deyəcəyim də var. Mən çoxdan qulluq edirəm, siz isə qulluğa hələ təzəcə başlamısınız. Mən böyük bir yoldaş kimi sizi xəbərdar etməyi özümə borc bilirəm. Siz velosipeddə gəzirsiniz, bu əyləncə isə heç də gəncləri tərbiyə edən bir adama yaraşan sifətlərdən deyil.

Kovalenko yoğun bir səslə soruşdu:

– Niyə?

– Bunu izah etməyə ehtiyac varmı, Mixail Savviç, məgər aydın deyilmi? Müəllim velosipedlə gəzəndə tələbə neyləyər? Onda tələbə lap adamların başında gəzər! Madam ki, buna sərəncamla icazə verilməyib, demək, yaramaz. Məni dünən dəhşət bürüdü! Sizin bacınızı da velosipeddə gördükdə gözlərimə lap qaranlıq çökdü, qadının və ya qızın velosipeddə gəzməyi rüsvayçılıqdır!

– Bircə söyləyin görüm sizə nə lazımdır?

– Mənə yalnız sizi xəbərdar etmək lazımdır, Mixail Savviç. Siz cavansınız, gələcəyiniz var, özünüzü mümkün qədər ehtiyatlı aparmalısınız, halbuki siz öz mövqeyinizə etinasız baxırsınız. Əyninizdə tikili köynək, əlinizdə də bir neçə kitab daim küçələri dolaşırsınız. İndi də velosiped. Sizin və bacınızın velosipeddə gəzdiyinizi direktor bilsə, sonra da gedib hamimizə yetişsə, yaxşı olmayacaq.

Kovalenko:

– Mənimlə bacımın velosipeddə gəzməyimizin heç kəsə dəxli yoxdur! – dedi və pul kimi qızardı. – Kim bizim ev və ailə işimizə qarışırsa, lap qələt eləyir!

Belikovun rəngi qaçdı, o, ayağa qalxdı və dedi:

– Madam ki, mənimlə bu cür danışırsınız, mən sözümə davam edə bilmərəm, rica edirəm, mənim hüzurumda müdiriyyət haqqında bu cür fikirdə olmayasınız. Hökumət adamlarına hörmət bəsləməlisiniz.

Kovalenko ona acıqla baxaraq soruşdu:

– Məgər mən burada hökumət adamlarının dalınca bir pis söz dedim? Rica edirəm, məni rahat buraxın. Mən namuslu bir adamam və sizin kimi bir cənabla heç danışmaq istəmirəm. Sizin kimi tipləri sevmirəm.

Belikov əsəbi halda əl-ayağa düşdü və üzündə dəhşət ifadəsi, cəld geyinməyə başladı. Axı belə qaba sözləri o, ömründə birinci dəfə idi, eşidirdi. Dəhlizdən pilləkənin artırmasına çıxaraq dedi:

– Kefiniz nə istəyirsə, deyin. Mən yalnız sizi xəbərdar etməliyəm. Bəlkə, bizim söhbətimizi dinləyən olmuşdur, sözümüzdən bir məna çıxarmasınlar və işin içindən əngəl çıxmasın deyə, söhbətimizin əsas məzmununu cənab müdirə bildirməliyəm. Bunu eləməyə borcluyam.

– Bildirmək? Get, bildir! – deyə Kovalenko daldan onun yaxalığından yapışıb itələdi.

Belikov qaloşlarını tappıldadaraq, pilləkəndən aşağı yumbalandı. Pilləkən uca və dikdi, ancaq Belikov pilləkənin ayağınacan sağ-salamat yumbalandı. Ayağa qalxıb əlini burnuna apardı ki, görsün, gözlüyü sınmayıb. Belikovun gurultu ilə aşağı yumbalandığı əsnada Varenka iki xanımla gəlirdi, hər üçü durub, bu mənzərəyə baxırdılar. Belikov üçün bundan dəhşətli şey ola bilməzdi. Adam bu cür rüsvayçılıqdansa, boynunu, qıçlarını sındırsaydı, daha yaxşı olardı, axı indi bütün şəhər bu əhvalatı biləcək, xəbər direktora da, hamiyə də yetişəcək, “Ah, kaş işin içindən bir əngəl çıxmayaydı”, karikatura çəkəcəklər və axırda iş o yerə çatacaq ki, onu istefaya çıxmağa məcbur edəcəklər…

Ayağa qalxdıqda Varenka onu tanıdı və gülünc üzünə, əzilmiş paltosuna, qaloşlarına baxaraq işin nə yerdə olduğunu anlamadan, onun ehtiyatsızlıqdan yıxıldığını güman edərək özünü saxlaya bilməyib qəhqəhə çəkdi.

– Ha-ha-ha!

Bu şaqqıltılı “ha-ha-ha” ilə hər şey – adaxlı olmaq da, Belikovun bu dünyadakı həyatı da bitdi. Artıq o, Varenkanın nə danışdığını eşitmir və heç bir şey görmürdü. Evə qayıtdıqda hər şeydən əvvəl Varenkanın şəklini stolun üstündən götürdü, sonra yatağına uzandı və oradan bir daha qalxmadı.

Üç gündən sonra Afanasi yanıma gəlib dedi ki, ağanın, deyəsən, əhvalı xarabdır, həkim üçün adam göndərsək, yaxşı olmazmı?

Mən Belikovun yanına getdim. O, yorğana bürünmüş halda dinməz-söyləməz miçətkən altında uzanmışdı; bir söz soruşanda hə-yoxdan başqa bir kəlmə cavab vermirdi. Afanasi də ovqatı təlx və qaşqabaqlı halda onun yanında dolaşır və dərindən ah çəkirdi; ağzından isə meyxanadakı kimi araq iyi gəlirdi.

Bir aydan sonra Belikov öldü. Biz hamımız, yəni hər iki gimnaziya və darülmüəlliminin pedaqoqları onu dəfn etdik. İndi tabutda uzanmış Belikovun üzündə həlim, xoş, hətta şən bir ifadə vardı. Sanki artıq heç vaxt çıxmayacağı bir qılafa qoyulduğuna şad idi. Bəli, o öz idealına nail olmuşdu. Sanki qəsdən, onun şərəfinə dəfn günü hava tutqun və yağışlı idi, ona görə hamımız qaloş geymiş və başımıza da çətir tutmuşduq. Varenka da dəfn mərasimində idi, tabutu qəbrə endirdikdə ağlamsındı da. Mən müşahidə etmişəm ki, ukraynalı qızlar yalnız ağlayır və ya qəhqəhə ilə gülürlər, onların əhvalında orta dərəcə olmur.

Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristanlıqdan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi. Bu duyğu çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı; ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana-bu yana qaçışır, azad nəfəs alırdıq, ah, azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?

Qəbiristanlıqdan kefikök qayıtdıq. Lakin bir həftə keçməmiş həyat qabaqkı kimi sərt, yorucu və mənasız bir tərzdə keçməyə başladı, belə bir həyat sərəncam ilə qadağan edilməsə də, buna aydın şəkildə icazə də verilməmişdi. Artıq bu həyatda yaxşılığa doğru heç bir dəyişiklik olmadı. Doğrudur, Belikovu dəfn etdik, ancaq bu cür qılaflı adamlar nə qədər desən vardır və olacaqdır da.

İvan İvanıç:

– Hə, bax, məsələ də burasındadır, – dedi və çubuğunu çəkməyə başladı.

– Hələ belələri nə qədər olacaqdır! – Burkin sözlərini təkrar etdi.

Gimnaziya müəllimi mərəkdən çıxdı. Bu, alçaqboylu, yoğun, başı tamamilə daz, qara saqqalı az qala, qurşağına qədər sallanmış bir adamdı; onunla bərabər bayıra iki it də çıxdı. O, göyə baxaraq dedi:

– Yaxşı ay işığıdır.

Artıq gecəyarısı idi. Sağ tərəfdən bütün kənd görünürdü, küçə beş verstə qədər uzanıb gedirdi. Hər şey sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardı, nə də bir səs. Hətta təbiətdə bu cür sakitlik ola biləcəyinə adam heç inana bilmirdi. Aydın bir gecədə daxmalara, ot tayalarına, yuxulu söyüd ağaclarına, geniş kənd küçəsinə baxdıqca adamın qəlbi sakitləşirdi. Bu kölgələrlə dolu, sakit, yuxuya dalmış, zəhmət, qayğı və dərddən gizlənmiş tənha küçə, olduqca həlim, məhzun və gözəl görünürdü; sanki ulduzlar da ona nəvaziş və riqqətlə baxırdılar. Adama elə gəlirdi ki, artıq heç bir pis iş yoxdur və hər şey öz qaydası ilə gedir. Solda kəndin kənarından tarla başlayır, üfüqə qədər uzanıb gedirdi, ay işığına qərq olmuş tarlada da nə bir hərəkət vardı, nə də bir hənirti.

İvan İvanıç:

– Hə, məsələ də burasındadır, – deyə təkrar etdi. – Məgər bizim şəhərin boğanağında, darısqallığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar arasında, sarsaq, yelbeyin qadınlar içərisində keçirməyimiz, cürbəcür mənasız sözlər danışmağımız və dinləməyimiz qılaf deyilmi? İstəyirsinizsə, sizə ibrətamiz bir əhvalat danışım.

Burkin:

– Yox artıq yatmaq vaxtıdır, − dedi, − sabaha qalsın!

Hər ikisi mərəyə girib ot üstündə uzandılar. Gözlərinə yuxu təzəcə getmişdi ki, birdən yüngülcə ayaq səsləri eşidildi, sanki kimsə bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenidən tup, tup… ayaq səsləri eşidildi. İtlər mırıldandılar.

Burkin:

– Bu gəzən Mavradır, − dedi. Ayaq səsləri kəsildi.

İvan İvanıç böyrüüstə çevrilərək dedi:

– Ətrafdakıların necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nəyə lazımdır? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçündürmü? Yox, bu cür yaşamaq artıq mümkün deyil!

Müəllim:

– Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, − dedi. − Gəl, yataq.

Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o böyrüüstə çevrilib ah çəkdi, sonra yenidən durub bayıra çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.

    Tərcümə edəni: İsgəndər Nəfisi

İT GƏZDİRƏN XANIM

I

Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub: it gəzdirən xanım. Yaltada yaşamasının iki həftəsi tamam olmuş, üzü-gözü buralara alışmış Dmitri Dmitriç Qurov da təzə gələnlə maraqlanmağa başladı. Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov bəstəboylu, başına beret qoymuş sarışın bir qadının sahildə gəzişdiyini və onun arxasınca ağ bir şpitsin[10 - Şpits – dikqulaqlı, qalıntüklü it.] qaçdığını gördü.

Sonra Qurov gündə bir neçə dəfə şəhər bağında ona rast gəldi. Qadın tək-tənha gəzişirdi, bereti başında, ağ şpitsi yanında olurdu. Kimliyini-nəçiliyini bilən yoxdu, ona, sadəcə olaraq, “it gəzdirən xanım” deyirdilər.

Qurov öz-özünə fikirləşdi: “Əgər bura ərsiz gəlibsə, tanış-bilişi yoxdursa, onunla tanışlıq pis olmazdı”.

Qurovun yaşı qırxa çatmamışdı, amma artıq on iki yaşlı qızı, iki gimnazist oğlu vardı. Onu tez, ikinci kurs tələbəsi olanda evləndirmişdilər, indisə arvadı ondan xeyli yaşlı görünürdü. Arvadı hündürboylu, sözü üzə deyən, qaraqaşlı, ədalı, mötəbər, özü demişkən, təfəkkürlü qadın idi. O, çox mütaliə edirdi, məktublarında “ъ” hərfini[11 - Rus dilində “ъ” hərfi heç bir səs bildirmir, sadəcə, özündən əvvəl gələn samitin qalın səsləndiyinə işarə edir.] yazmırdı, ərinə Dmitri yox, Dimitri deyirdi, Qurovsa onu dayaz, məhdud, kobud qadın sayırdı, ondan qorxurdu, buna görə də evdə olmağı xoşlamırdı. Arvadına çoxdan xəyanət eləməyə başlamışdı, özü də tez-tez xəyanət edirdi, bəlkə də, elə buna görə qadınlar haqqında həmişə pis fikir söyləyirdi, onlardan söhbət düşəndə deyirdi:

– Alçaq irqdir.

Ona elə gəlirdi ki, qadınlar haqqında ürəyindən keçənləri deməyə kifayət qədər acı təcrübəsi var, bununla belə “alçaq irq”siz ikicə gün də yaşaya bilmirdi. Kişi məclisində darıxırdı, özündə-sözündə olmurdu, ağzına su alıb otururdu, onlara qanı qaynamırdı. Qadın məclisinə düşəndə isə özünü azad hiss edirdi, onlarla nə danışmaq, özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi; hətta qadınlarla susmaq da onun üçün asan idi. Qurovun görkəmində, xasiyyətində, bütün təbiətində onu qadınlara sevdirən, onları yoldan çıxaran sezilməz bir cazibədarlıq vardı; o, bunu bilirdi və onun özünü də hansı bir qüvvəsə qadınlara tərəf çəkirdi.

Zəngin, həqiqətən, acı təcrübə çoxdan ona bir dərs vermişdi: əvvəl həyata xoş bir rəngarənglik gətirən, şirin və yüngül sərgüzəşt kimi görünən hər cür yaxınlıq sonradan istər-istəməz son dərəcə mürəkkəb məsələyə çevrilir və vəziyyət əvvəl-axır ağırlaşır; bu, ilk növbədə hörmətli adamlara, xüsusən süst, qətiyyətsiz moskvalılara aiddir. Amma maraqlı bir qadınla hər yeni görüşdə necə olurdusa, bu təcrübə yaddan çıxırdı və o yaşamaq istəyirdi, hər şey ona çox sadə və əyləncəli görünürdü.

Nəhayət, günlərin bir günü Qurov bağda oturub nahar edirdi, elə bu vaxt beretli xanım oturmaq üçün tələsmədən qonşu stola yaxınlaşdı. Üzünün ifadəsi, yerişi, paltarı, saçının düzümü, elə bil, Qurova deyirdi ki, nəcib cəmiyyətdəndir, ərdədir, Yaltaya birinci dəfə gəlib və təkdir, həm də darıxır… Yerli adət-ənənələrin çirkinliyi haqqındakı söhbətlərdə yalan az deyildir, o bu söhbətlərə nifrət edirdi və bilirdi ki, bu söhbətləri əksər hallarda qadınlarla günaha batmağa hazır olan, lakin bunu bacarmayan adamlar uydururlar. Qadın üç addımlığındakı stolun arxasında oturanda asan qələbələrlə, dağlarda gəzintilərlə bağlı söhbətlər yadına düşdü, adını-familiyasını bilmədiyi naməlum bir qadınla tələsik, ötəri yaxınlığın şirnikdirici fikri qəflətən onu həvəsə saldı.

O, mehribanlıqla muşqurdu, şpits yaxın gələndə barmağıyla onu hədələdi. Şpits mırıldandı. Qurov yenidən barmağını silkələdi.

Qadın ona baxdı, tez də gözlərini yerə dikdi.

– Qapan deyil, – deyə qadın dilləndi və qızardı.

– Sümük vermək olar?

Qadın başını razılıqla tərpədəndə Qurov gülərüzlə soruşdu:

– Yaltaya çoxdan təşrif gətirmisiniz?

– Beş gün olar.

– Mənsə ikinci həftəmi başa vururam.

Bir az susdular.

Qadın ona baxmadan dilləndi:

– Vaxt yaman tez gedir, bununla belə, buralar olduqca darıxdırıcıdır.

– Buraların darıxdırıcı olmasından şikayətlənmək dəbə çevrilib. Bir də görürsən ki, kənd əhlindən biri ya Belevdə, ya da Jizdrada özü üçün yaşayır, darıxıb eləmir, bura gələn kimi başlayır: “Ah, darıxdırıcıdır. Ah, istidir”. Fikirləşirsən ki, yəqin, Qrenadadan gəlib.

Qadın gülümsədi. Sonra yad adamlar kimi sakitcə yeməklərini davam etdirdilər; nahardan sonra yanaşı yola düzəldilər – sərbəst, məmnun, hara getdiklərinin, nədən danışdıqlarının fərqinə varmayan adamların zarafatyana, yüngül söhbətləri başladı. Onlar gəzişir, gəzişdikcə dənizin qəribə işıqlanmasından danışırdılar. Dəniz həlim və isti idi, yasəməni rəngə çalırdı, suyun üzərində ay işığının qızılı zolağı uzanırdı. İsti gündən sonra havanın boğanaq olmağından söhbət etdilər. Qurov özündən danışdı, dedi ki, moskvalıdır, təhsilinə görə filoloqdur, amma bankda işləyir; nə vaxtsa şəxsi operada oxumaq arzusundaymış, sonra daşını atıb, Moskvada iki evi var… Qadından isə öyrəndi ki, Peterburqda böyüyüb, amma S. şəhərində ərdədir, iki ildir orada yaşayır, hələ bir ay da Yaltada qalacaq, bəlkə, dincəlmək arzusunda olan əri dalınca gəldi. Qadın ərinin harada – quberniya heyətindəmi, yoxsa quberniya torpaq idarəsindəmi işlədiyini tapıb deyə bilmədi və bu, özünə də gülməli gəldi. Qurov bir də onu öyrəndi ki, qadının adı Anna Sergeyevnadır.