banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Hm… Belə… – deyərək köksünü ötürdü. – İnfluentsadır, bəlkə də, isitmədir. İndi şəhərdə yatalaq da var. Hə, neyləyək? Şükür Allaha, qarı dövranını sürüb… Neçə yaşı var?

– Yetmişinə bir il qalıb, Maksim Nikolaiç.

– Neyləyək? Dövranını sürüb…

Yakov nəzakət xatirinə gülümsədi:

– Maksim Nikolaiç, cənabınız, əlbəttə, doğru buyurur. Xoş rəftarınıza görə sizə çox minnətdarıq! Ancaq icazə verin deyim ki, nəinki insan, hətta hər bir həşərat da yaşamaq istəyir.

– Çox da ki istəyir! – Feldşer bu sözü elə tərzdə dedi ki, sanki, qarının yaşaması, ya ölməsi ondan asılı idi. – Belə, əzizim, alnına soyuq kompres qoyarsan, bu dərman tozundan da gündə iki dəfə ona verərsən. Hə, xudahafiz, bonjur[3 - Bonjur – xoş gördük (fransızca)].

Yakov feldşerin üzündəki ifadədən gördü ki, iş xarabdır, heç bir dərman tozu da kömək etməyəcək. İndi onun üçün aydın idi ki, Marfa tezliklə, bu gün də olmasa, sabah öləcək. O, yavaşca feldşerin dirsəyinə toxundu, göz vurdu və astadan dedi:

– Maksim Nikolaiç, ona küpə qoymaq lazımdır.

– Əzizim, vaxtım yoxdur, vaxtım yoxdur. Sən Allah, qarını da götürüb get. Xudahafiz.

Yakov yalvarmağa başladı:

– Bizə yazığınız gəlsin! Özünüz bilirsiniz ki, əgər onun, fərz eləyək, qarnı ağrısa, ya başqa bir xəstəliyi olsa, onda dərman tozu və damcı dərman kömək edər, axı ona soyuq dəyib. Soyuq dəyəndə birinci, gərək, qan alasan, Maksim Nikolaiç!

Feldşer başqa xəstəni çağırmışdı. Qəbul otağına qoca arvadla bir oğlan uşağı girdi.

Feldşer qaşqabağını tökərək dedi:

– Get, get!… Özündən hoqqa çıxarma!

– Onda, heç olmasa, zəli qoyun! Qoy həmişə sizə duaçı olsun.

Feldşer özündən çıxıb qışqırdı:

– Bir də ağzını açsan!.. Səfeh…

Yakov da hirsləndi, qıpqırmızı qızardı. Ancaq bir söz demədi, Marfanın qoluna girib qəbul otağından çıxartdı. Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı və istehza ilə baxaraq dedi:

– Sizin kimi bic-haramzadaları qoyublar ora! Dövlətli adam olsaydı, küpə qoyardın, kasıb üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!

Evə çatdıqda Marfa daxmaya girib sobaya söykəndi və on dəqiqə beləcə durdu. Ona elə gəlirdi ki, əgər uzansa, Yakov zərərləri haqqında danışmağa başlayacaq və onu həmişə uzandığı üçün, işləmək istəmədiyi üçün danlayacaqdı. Yakov isə qüssəli halda ona baxır və düşünürdü ki, sabah İoanna Boqoslov, bir gün sonra isə Nikolay Çudotvorets bayramıdır, sonra bazar günüdür, daha sonra da bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün iş olmayacaq. Marfa da, yəqin ki, bu günlərin birində öləcək. O, öz dəmir arşınını götürüb qarıya yaxınlaşdı və onun boyunu ölçdü. Sonra Marfa uzandı. Yakov da xaç vurub tabut düzəltməyə başladı.

İşini qurtardıqdan sonra gözlüyünü taxdı və dəftərinə bu sözləri yazdı:

“Marfa İvanovna üçün tabut – 2 m. 40 q.”

Bunu yazıb dərindən ah çəkdi. Qarı gözləri yumulu halda, sakitcə uzanmışdı. Lakin hava qaralanda o, birdən qocanı çağırdı:

– Yadındadırmı, Yakov, – deyə fərəhlə ona baxaraq soruşdu, – yadındadırmı, əlli il bundan qabaq Allah bizə sarışın saçlı bir övlad vermişdi. Biz onda səninlə çayın qırağında oturub mahnı oxuyardıq… söyüdün altında… – Sonra o, acı-acı gülümsəyərək əlavə etdi, – qızcığaz öldü.

Yakov bütün yaddaşını topladı, lakin nə uşağı, nə də söyüdü yadına sala bildi.

– Bu, sənin gözünə görünür, – dedi.

Keşiş gəldi, dua oxudu. Sonra Marfa sayıqlamağa başladı və səhərə yaxın öldü.

Qonşuluqda yaşayan qarılar onu yudular, geyindirib tabuta qoydular. Keşişə artıq pul verməmək üçün Yakov özü dua oxudu. Qəbir üçün ondan bir qəpik də almadılar, çünki qəbiristan keşikçisi onun xaç atalığı idi. Dörd nəfər kəndli tabutu pulla deyil, Yakova hörmət etdikləri üçün qəbiristana apardı. Tabutun dalınca qoca arvadlar, dilənçilər və iki nəfər qələndər gedirdi. Qabaqlarına çıxan adamlar xaç vururdular… Yakov da çox razı idi ki, hər şey öz qaydası ilə, şərəflə, həm ucuz, həm də heç kəs incimədən başa çatdı. O, son dəfə Marfa ilə vidalaşarkən əlini tabuta vurub fikirləşdi ki, yaxşı düzəldib.

Lakin qəbiristandan qayıtdıqdan sonra bərk qüssələndi. O, özünü pis hiss edirdi: boğazı yanır, ağır-ağır nəfəs alırdı, ayaqları süstləşmişdi, su içmək istəyirdi. Başına da cürbəcür fikirlər gəldi. Yenə də yadına düşdü ki, bütün ömrü boyu bir dəfə də olsun Marfaya acımamışdı, ona mehribanlıq etməmişdi. Bir daxmada yaşadıqları əlli iki il çox uzun sürmüşdü. Ancaq necə olmuşdusa, bu müddət ərzində o, bircə dəfə də Marfa haqqında düşünməmişdi, ona fikir verməmişdi, sanki, o, adam deyil, bir pişik, ya da it idi. Lakin Marfa hər gün sobanı yandırırdı, xörək bişirirdi, çörək bişirirdi, suya gedirdi, odun yarırdı, onunla bir çarpayıda yatırdı, toylardan sərxoş qayıtdıqda həmişə onun skripkasını hörmətlə divardan asırdı, özünü də yatağa uzandırırdı. Bunları da dinməzcə, qorxa-qorxa və qayğıkeşliklə edirdi.

Yakov bu fikirlərlə məşğul ikən Rotşild gülümsəyə-gülümsəyə və baş əyə-əyə ona tərəf gəlirdi.

– Mən sizi axtarıram, əmican, – dedi. – Moisey İliç sizə salam göndərdi və tapşırdı ki, bu saat onun yanına gələsiniz.

Lakin Yakovu məşğul edən bu deyildi. O, ağlamaq istəyirdi. “Əl çək!” – deyərək yoluna davam etdi. Rotşild yenə qabağa qaçaraq həyəcanla dedi:

– Heç belə şey olarmı? Moisey İliç inciyər! O tapşırdı ki, bu saat gələsiniz.

Yəhudinin tövşüməsi, tez-tez göz qırpması və sifətində çilin çox olması Yakova iyrənc görünürdü. Onun qara yamaqlı yaşıl pencəyinə də, zəif və sısqa bədəninə də baxmaq iyrənc idi.

Yakov çığırdı:

– Nə istəyirsən, zibil? Əl çək!

Yəhudi də qəzəblənib çığırdı:

– Xahiş edirəm, səsini ucaltma, yoxsa səni götürüb hasardan aşıraram!

Yakov çığırdı və yumruqlarını sıxaraq onun üstünə cumdu.

– Rədd ol gözümdən! İtil! Bu zir-zibildən göz açmaq olmur.

Qorxudan Rotşildin rəngi ağappaq ağardı, yerə çökdü və özünü zərbədən müdafiə edirmiş kimi əllərini yuxarı qaldırdı. Sonra yerindən qalxıb gücü yetdikcə qaçmağa başladı. Qaçarkən atılıb-düşür, heyrətlə əlini əlinə vururdu və onun uzun, arıq kürəyinin titrədiyi görünürdü. Küçədəki uşaqlar onun bu halına çox sevindilər, onun dalınca düşüb: “Cuhud! Cuhud!” – deyə çığırmağa başladılar. İtlər də hürüşə-hürüşə onun ardınca tökülmüşdü. Kim isə bərkdən qəhqəhə ilə güldü, sonra fit verdi, itlər də daha bərkdən hürüşdü… Sonra, yəqin ki, Rotşildi it tutdu, çünki o, bərk çığırdı.

Yakov örüşdə gəzirdi, sonra o, şəhərin kənarı ilə baş alıb getdi, uşaqlar da onun dalınca çığıra-çığıra deyirdilər “Bronza gəlir! Bronza gəlir!” O gəlib çaya çatdı. Burada cüllütlər civilti ilə uçuşur, ördəklər qaqqıldaşırdı. Günəş adamı yandırırdı, suyun üzü elə parıldayırdı ki, adamın gözünü qamaşdırırdı. Yakov çay qırağındakı cığırla getdi və bu zaman çay hamamından dolubədənli, qırmızıyanaqlı bir qadının çıxdığını görüb öz-özünə dedi: “Bir ona bax, su samuruna oxşayır!” Hamamın yaxınlığında uşaqlar tilovun ucuna ət bağlayıb xərçəng tuturdular. Onu görən kimi: “Bronza!” – deyə çığırmağa başladılar. Bu da böyük koğuşlu qoca söyüd ağacı! Onun başında qarğa yuvaları vardı… Birdən Yakovun təsəvvüründə sarışın saçlı körpə uşaq və Marfanın dediyi söyüd ağacı canlandı. Bəli, bu, həmin yaşıl, sakit, kədərli söyüd ağacı idi… Zavallı necə qocalmışdı!

O, söyüd ağacının altında oturdu və keçmişi xatırlamağa başladı. Çayın o biri tərəfində, indi çaybasar çəməni olan yerdə o zaman böyük ağcaqayın meşəsi, üfüqdə görünən o boz dağda isə köhnə şam meşəsi vardı. Çayda gəmilər üzərdi. İndi hər yer dümdüzdür, çayın o biri tayında qız kimi cavan və boy-buxunlu təkcə bir qayınağacı görünür. Çayda isə ancaq ördək və qaz üzür, heç kəs deyə bilməz ki, vaxtilə burada gəmilər üzərdi. Elə bil, əvvəlkinə nisbətən qazların da sayı azalmışdı. Yakov gözlərini yumdu və onun xəyalından bir-birinin ardınca uçuşan böyük ağ qaz dəstələri gəlib keçdi…

O, bir şeyə təəccüb edirdi. Necə olmuşdu ki, keçib gedən bu qırx ildə, əlli ildə bir dəfə də olsun, çay qırağına gəlməmişdi? Gəlmişdisə də, çaya diqqət etməmişdi? Axı çay kiçik çay deyildi. Onda balıq tutmaq olardı, balıqları tacirlərə, məmurlara və stansiyada bufetçiyə satmaq, sonra da pulları banka qoymaq olardı. Qayıqda bir yerdən o biri yerə üzə bilərdi, skripka çalardı, camaat da ona pul verərdi. Bəlkə, yenə də çayda qayıq sürmək olardı, hər halda, bu, tabut düzəltməkdən yaxşıdır. Nəhayət, qaz saxlamaq, onları qışda kəsib Moskvaya göndərmək, təkcə tüklərindən ildə on manat pul yığmaq olardı. Ancaq o, bunları nəzərdən qaçırmışdı! Gör ona necə ziyanlar dəyib! Ah, necə ziyanlar dəyib! Əgər balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi bir araya toplasan, gör nə böyük dövlət olardı! Lakin bunu heç yuxusunda da görmədi! Həyatı çox səmərəsiz, ləzzətsiz, boş yerə keçmişdi. Qabaqda isə heç bir şey görünmürdü. Geriyə baxanda da zərərdən başqa bir şey yox idi, elə zərərlər ki, yada düşəndə adamı dəhşətə salır! Nə üçün adam itkisiz və zərərsiz yaşaya bilmir? Nə üçün cavan ağcaqayın və şam ağaclarını qırıblar? Nə üçün örüş boş-boşuna qalıb? Nə üçün insanlar həmişə ancaq lazım olmayan şeyləri edirlər? Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hücum eləmiş, arvadını təhqir etmişdi? Hansı səbəbə görə bir az bundan qabaq yəhudini qorxudub təhqir etmişdi? Nə üçün insanlar, ümumiyyətlə, bir-birinin yaşamasına mane olurlar? Axı bunun nəticəsində böyük zərərlər olur! Dəhşətli zərərlər olur! Əgər nifrət və ədavət olmasaydı, insanlar bir-birindən böyük mənfəət görərdilər.

Çağa, söyüd ağacı, balıq, kəsilmiş qazlar, yan tərəfdən su içmək istəyən quşa oxşayan Marfa, Rotşildin solğun, zavallı sifəti axşam da, gecə də onun gözləri önündən çəkilmədi. Heyvan sifətinə bənzəyən başqa sifətlər də hər tərəfdən onun üzərinə hücum edir, mızıldaya-mızıldaya onun zərərlərindən danışırdılar. O, yerində qurdalanırdı, o yan-bu yana çevrilirdi, skripka çalmaq üçün beş dəfə yatağından qalxmışdı.

Səhər güclə yerindən qalxdı. Xəstəxanaya getdi. Həmin Maksim Nikolaiç ona dedi ki, başına soyuq kompres qoysun, dərman tozu da verdi. Yakov feldşerin üzündəki ifadədən və danışığından başa düşdü ki, iş xarabdır və daha heç bir dərman tozu ona kömək edə bilməz. Sonra evə gedərkən düşündü ki, ölümdən ancaq bir xeyir olacaqdır: bu da ondan ibarətdir ki, daha yemək, içmək, vergi vermək, insanları təhqir etmək lazım gəlməyəcəkdi. Belə ki, insan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablasan böyük bir məbləğ olar. Yaşamaqdan insana zərər, ölməkdənsə mənfəət gəlir. Belə bir fikir əlbəttə, doğrudur, lakin hər halda, acı və ağırdır. Nə üçün dünyada elə bir qayda var ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir?

Ölməyinə heyfislənmirdi, lakin evdə skripkasını görən kimi ürəyi sıxıldı və öləcəyinə təəssüfləndi. Skripkanı özü ilə qəbrə apara bilməyəcəkdi: o, yetim qalacaqdı, çayın və şam ağacı meşələrinin başına gələnlər onun da başına gələcəkdi. Bu dünyada olan hər şey məhv olurmuş və məhv olacaqdır. Yakov daxmadan çıxıb astanada oturdu, skripkanı sinəsinə basdı. Əldən getmiş, zərərlə dolu həyatını düşünərək, heç özü də bilmədən bir hava çaldı. Lakin bu hava çox təsirli və yanıqlı çıxdı. Yakovun yanaqlarından yaş axırdı. Düşündükcə skripkası daha kədərlə inildəyirdi.

Həyət qapısının cəftəsi bir-iki dəfə səsləndi. Rotşild qapıda göründü. Həyətin yarısına kimi cəsarətlə gəldi. Lakin Yakovu görən kimi dayandı, büzüşdü və yəqin, qorxudan əlləri ilə elə işarələr etdi ki, sanki, barmaqları ilə saatın neçə olduğunu göstərmək istəyirdi.

Yakov mehribancasına:

– Gəl, eybi yoxdur, gəl – dedi və onu yanına çağırdı.

Rotşild şübhə ilə və qorxa-qorxa yaxınlaşdı, qocadan bir sajen aralı durdu. Sonra çömələrək dedi:

– Mənə rəhm eləyin, məni döyməyin! Məni yenə də Moisey İliç göndərdi. “Qorxma, – dedi, – get Yakova de ki, onsuz iş keçmir”. Çərşənbə günü toydur… Bəli! Cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir… Toy çox yaxşı olacaqdır! Çox! – deyə əlavə etdi və bir gözünü qıydı.

Yakov ağır-ağır nəfəs alaraq dedi:

– Gedə bilməyəcəyəm… Xəstələnmişəm, qardaş.

Yenə də skripkanı çalmağa başladı, gözlərindən süzülən yaş damlaları skripkanın üstünə tökülürdü. Rotşild qollarını sinəsində çarpazlayaraq, yanakı oturub diqqətlə qulaq asırdı. Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli və iztirablı bir ifadə ilə əvəz olunurdu, əzabverici bir zövq duyurmuş kimi gözləri axdı və dərindən ah çəkdi. Göz yaşları yavaş-yavaş onun da yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılayırdı.

Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı. Axşam keşiş onun yanına gələndə soruşdu: “Böyük bir günah elədiyin yadına gəlirmi?” Yakov zəifləyən yaddaşını toplayaraq, yenə də Marfanın kədərli üzünü, it tutarkən yəhudinin çığırdığını xatırladı və güclə eşidilən bir səslə dedi:

– Skripkanı Rotşildə verin.

Keşiş də:

– Yaxşı, – dedi.

İndi şəhərdə hamı soruşur ki, bu yaxşı skripka Rotşildin əlinə haradan düşüb? Onu satın alıbmı, oğurlayıbmı, ya, bəlkə də, girov saxlayıb?! Rotşild, çoxdandır, fleytanı buraxıb, ancaq skripka çalırdı. Qabaqlar fleytanı çox yanıqlı çalardı, indi də skripkadan elə yanıqlı səslər çıxırdı. Lakin o, Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışdıqda elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı, özünün isə axırda gözləri axır və ah çəkirdi. Bu təzə hava şəhərdə hamının çox xoşuna gəlirdi, belə ki, tacirlər və məmurlar tez-tez Rotşildi öz yanına çağırır, bu havanı dəfələrlə ona çaldırırdılar.

    Tərcümə edəni: Qılman Musayev

QILAFLI ADAM

Mironositski kəndinin lap kənarında, yüzbaşı Prokofinin mərəyində iki gecikmiş ovçu gecələmək üçün qaldı. Bunların biri baytar İvan İvanıç idi, o biri isə gimnaziya müəllimi Burkin. İvan İvanıçın qəribə, ikimərtəbəli familiyası vardı – Çimşa-Himalayski, bu familiya ona qətiyyən, yaraşmırdı, ona görə də bütün quberniyada onu, sadəcə, adı və atasının adı ilə çağırırdılar. O, şəhərin yaxınlığında yerləşən at zavodunda yaşayırdı, indi təmiz hava udmaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P. -gilə qonaq gələrdi, ona görə də bu yerlərdə çoxdan bəri tanınmışdı.

Yatmamışdılar. Ucaboylu, arıq, uzunbığlı bir qoca olan İvan İvanıç mərəyin qapısı ağzında oturub çubuq çəkirdi, onun üstünə ay işığı düşmüşdü. Burkin isə içəridə ot üzərində uzanmışdı, qaranlıqda görünmürdü. Cürbəcür əhvalatlar danışırdılar. Söhbət əsnasında yüzbaşının arvadı Mavra haqqında da danışdılar: bu, sağlam və ağıllı-kamallı bir qadın olduğu halda ömrü boyu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmiryolu görmüşdü, son on il ərzində isə o, gününü sobanın yanında keçirir, yalnız gecələr küçəyə çıxırdı.

Burkin:

– Burada təəccüb ediləcək nə var? – dedi. – Öz təbiətinə görə tənhalığa meyil göstərən, xərçəng və ya ilbiz kimi çəkilib öz qınına girməyə çalışan adamlar bu dünyada az deyil. Bəlkə, burada atavizm hadisəsi baş verir, əcdadlarımız kimi, hələ ictimai varlıq olmayıb təkbaşına mağarada yaşadığı dövrə qayıtma meyilləri vardır. Bəlkə də, bu, sadəcə, insan xarakterinin müxtəlif növlərindən biridir, kim bilir? Mən psixoloq deyiləm, ona görə bu cür məsələlərə toxunmaq mənim işim deyil, mən ancaq onu demək istəyirəm ki, Mavra kimi adamlar heç də az deyil. Uzağa getmək nəyə lazım, bir-iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir iş yoldaşım vəfat etmişdi. Bu adam haqqında, əlbəttə, eşitmiş olarsınız. Onun ən qəribə cəhətlərindən biri bu idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı, özü də əyninə, hökmən, pambıq astarlı palto geyinərdi. Çətirinin də, saatının da qabı vardı, saatınınkı boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şüşəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabıqla, necə deyərlər, onu istənilən kənar təsirdən qoruyan və ayıran bir qılafla örtmək təşəbbüsü vardı. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi narahatlıq içərisində saxlayırdı və bəlkə, o, qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmişi və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:

– Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O, sanki, öz sözlərini sübut etmək üçün gözlərini qıyaraq və barmağını qaldıraraq:

– Antropos[4 - Antropos – insan]! – sözünü tələffüz edərdi.

Belikov, hətta öz fikrini də qılaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərəncamlar və qəzet məqalələri aydındı. Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxmaq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbətə qadağa qoyulduqda bu ondan ötrü tamamilə aydın bir şeydi: qadağan edilmişdir – vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə başını yırğalayıb yavaşca deyərdi:

– Əlbəttə, bunlar gözəl işdir, ancaq içindən əngəl çıxmaya!

Qanun-qaydanı, hər hansı şəkildə olursa olsun, pozmaq, ona əməl etməmək, qanundan geri çəkilmək Belikovu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəlliyi barədə xəbər yayıldıqda və ya müəllimələrdən birinin gecə bivaxt bir zabitlə gəzdiyini görən olanda o özündən çıxır və: “İşin içindən bir əngəl çıxmaya”, – deyərdi. Pedaqoji şuralarda isə o öz vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara gətirərdi; məsələn, “Oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, siniflərdə səs-küy salırlar, müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngəl çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa nə yaxşı olardı!” Xülasə, o öz ah-vayı ilə, sızıldaması ilə xırdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq üzrə qiymətini kəsirdik, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna “yoldaşlarla yaxşı əlaqə saxlamaq” deyirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.

İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

– Bəli. Düşüncəli, təfəkkürlü adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini[5 - Bokli – ingilis sosioloqu] və sairəni oxuyurlar, ancaq belə şeylərə tabe olurlar, dözürlər… Hə, məsələ məhz bundan ibarətdir.

Burkin sözünə davam etdi:

– Belikov mənimlə bir binada, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal: xalat, təsək[6 - Təsək – adətən gecələr yatarkən başa qoyulan araqçın tipli papaq], pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər… “Aman Allah, birdən işin içindən bir əngəl çıxar ha!” Ona pəhriz saxlamaq olmazdı, amma yağlı da yemirdi, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə sufbalığını kərə yağında qızardıb yeyərdi. Bu, pəhriz yeməyi deyildi, lakin buna pəhrizi pozmaq da demək olmazdı. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı. Xidmətçi əvəzinə, 60 yaşlı Afanasi adlı bir aşpazı vardı. Bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:

– Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.

Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkülü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Təbiətcə yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.

O öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

– Siniflərdə çox səs-küy salırlar, belə iş olar?

Bax həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.

İvan İvanıç birdən mərəyə baxıb dedi:

– Zarafat eləyirsiniz!

– Bəli, qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmişdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı. Üzündən səsinin yoğunluğu bəlli idi, doğrudan da, səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu… Bacısı isə artıq gənc deyildi, otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızıyanaq – bir sözlə, qız deyil, marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross[7 - Maloross – Ukrayna nəzərdə tutulur. Maloross dili – şərqi slavyan şivələri əsasında yaranmış dil, müasir Ukrayna dili.] romansları oxuyur və qəhqəhə ilə gülürdü. Bir şey olan kimi qəhqəhəsi aləmi tuturdu: ha-ha-ha! Yadımdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə – ad günündə oldu. Bir də gördük ki, ad gününə vəzifə borcu kimi gələn acıqlı, olduqca darıxdırıcı pedaqoqlar arasında yeni bir Afrodita peyda oldu; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayırdı. Böyük həssaslıqla “Viyut vitri”[8 - “Viyut vitri” – “Küləklər vıyıldayır”.] romansını oxudu, sonra başqa romanslar da oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub şirin bir təbəssümlə dedi:

– Maloross dili öz zərifliyi və ahəngdarlığı ilə qədim yunan dilini xatırladır.

Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anasının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danışmağa başladı. O deyirdi ki, “Ukraynada balqabaq və kududan elə ləzzətli borş bişirirlər ki, dadı adamın damağından getmir!”

Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi. Bu fikri direktorun arvadı səsləndirdi, o, yavaşcadan mənə dedi:

– Onları evləndirsək, yaxşı olar.

Hamımız, nədənsə, Belikovun evli olmadığını xatırladıq, bu, indi bizim hamımıza qəribə gəlirdi; necə olmuşdu ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Görəsən, qadınlara qarşı onun münasibəti nə cürdür, o bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllər də bu məsələ bizi əsla maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

– Onun yaşı qırxı çoxdan ötüb, qız isə otuz yaşındadır, – deyə direktorun arvadı öz sözünü izah etdi. – Mənə elə gəlir ki, qız ona ərə gedər.

Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər; bunların hamısı əsl lazım olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun, inspektorun arvadları və bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, bir də görürdük ki, əlində yekə bir yelpik tutmuş gülərüz, xoşbəxt Varenka lojada əyləşmişdir. Onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırdıq. Məlum oldu ki, Varenkanın da ərə getməyə könlü varmış. Onun həyatı qardaşının evində çox da şən keçmirdi. Həmişə söyüşüb-dalaşırdılar. Bunların həyatından bir səhnə: ucaboy, sağlam vücudlu Kovalenko naxışlı köynəkdə küçə ilə gedir, şapkasının altından kəkili çıxıb alnına tökülmüşdür. Bir əlində bir yığın kitab, o biri əlində isə yoğun bir əlağacı tutmuşdur. Bacısı da onun dalınca gedir, onun da əlində bir yığın kitab var.

Varenka uca səslə danışaraq qardaşıyla höcətləşir:

– Sən ki bunu oxumamısan, Mixaylik! Mən sənə deyirəm ki, vallah, bu kitabı oxumamısan!

Kovalenko əl ağacını səkiyə çırpa-çırpa onun üstünə qışqırır:

– Amma mən sənə deyirəm ki, oxumuşam!

– Ah, aman Allah, mənim Minçikim, nə üçün acıqlanırsan, axı bizim söhbətimiz prinsipialdır.

Kovalenko:

– Mən sənə deyirəm ki, oxumuşam! – deyə daha ucadan bağırır.

Evdə, kənar bir adam olanda vur-çatlasın başlardı. Bu cür həyat, yəqin ki, onu bezikdirmişdi, özünəməxsus bir bucaq axtarırdı. Bir də, yaşı nəzərə almaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə ərə gedər. Bir də, bizim qızlarımızın çoxu istəyirlər ki, kimə olursa olsun, təki ərə getsinlər. Hər halda, nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyil göstərməyə başladı.

Bəs Belikov? O, bizə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara da gedər oturar və danışmazdı. O, sükut içində oturur, Varenka isə “Viyut vitri” romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki birdən qəhqəhə çəkib gülürdü.

Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da Belikovu inandırmağa başladılar ki, o mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır. Biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyyat söyləyirdik, guya, evlənmə həyatda ən ciddi addımdır; bundan başqa, Varenka da pis qız deyildi, yaraşıqlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardı, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi münasibət bəsləyən birinci qadındı. Odur ki Belikovun ağlı başından çıxdı və doğrudan da, evlənmək fikrinə düşdü.