banner banner banner
Billikok təpəsinin sirri
Billikok təpəsinin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Billikok təpəsinin sirri

скачать книгу бесплатно

Billikok təpəsinin sirri
Enid Blayton

Möhtəşəm beşlik
“Möhtəşəm beşlik” seriyasına daxil olan bu kitabda dörd uşaq və onların sevimli köpəyini yeni təhlükəli macəra gözləyir: onlar hərbi aerodromdan iki təyyarəni kimlərin qaçırdığını öyrənmək qərarına gəlirlər…

Enid Blayton

BİLLİKOK TƏPƏSİNİN SİRRİ

Birhəftəlik tətil

– Xəritə haradadır? – Culian soruşdu. – Hə, budur, Corc, burdadır… Yaxşı, bəs onu harada açacağıq?

– Əlbəttə ki, döşəmənin üstündə, – Enn dedi. – Xəritəni yerdə daha yaxşı görmək olur. Mən masanı kənara çəkəcəyəm.

– Allah xətrinə, ehtiyatlı olun, – Corc (Yəqin, xatırlayırsınız ki, Corcina adlı bu qız onu bu cür – oğlan sayağı çağırmalarını istəyirdi.) dedi. – Atam indi iş otağındadır. İntəhası çıxıb bu qarışıqlığı görsə, bizə elə bir toy tutacaq ki!..

Hamı güldü. Corcun atasının adəti idi, həqiqətən də, kabinetində işlədiyi vaxt azacıq səs-küy eşidən kimi gözlənilmədən peyda olur, «həddini aşan» uşaqları məzəmmət etməyə başlayırdı. Lakin bu «həddin» harada başlayıb bitdiyini onun özündən başqa heç kəs bilmirdi. Bununla belə, uşaqlar masanı kənara itələdilər və qraflığın[1 - Qraflıq – qrafa – yüksək zadəgan rütbəsinə malik şəxsə məxsus olan əraz] xəritəsini açıb yerə sərdilər. Timmi (onun tam adı Timoti idi) uşaqların döşəmədə uzandığını görüb çox təəccübləndi və bunun yeni bir oyun olduğunu düşündü, dayanmadan hürməyə başladı.

– Sus, Timmi, – Dik dedi. – Onsuz da bu səhər qaldırdığın səs-küyə görə payını almısan. Bəs olmayıb?.. Bir də, xahiş edirəm, quyruğunu üzümə vurma.

– Hav, – Timmi astadan hürdü və xəritənin üzərində yerini rahatladı.

– Get burdan, axmaq köpək, – Dik qışqırdı. – Başa düşmürsən, vaxtımız azdır?! Billikok təpəsinin marşrutuna baxmalıyıq. Sonra da…

– Billikok! Ah, bu təpənin nə gözəl adı var! – Enn maraq içində dilləndi. – Deməli, biz ora gedəcəyik?

– Bəli, – Culian xəritəni diqqətlə gözdən keçirərək cavab verdi. – Yaxınlıqda mağaralar var, onları araşdıracağıq, bir qədər aralıda isə kəpənək ferması yerləşir.

– Kəpənək ferması? – Corc təəccüblə səsləndi. – Məgər elə şey də olur?

– Yəqin ki, olur. Burada qəribə nə var ki? Həmin fermada kəpənəkləri artırırlar. Məktəb yoldaşım Tobidən eşitmişəm. O, fermadan bir az aralıda yaşayır. Deyir ki, ora çox maraqlı yerdir. Cürbəcür kəpənək və pərvanələr yetişdirirlər… Sonra isə bunu kolleksiyaçılara satırlar.

– Nə gözəldir! – Enn dedi. – Əvvəllər mən də tırtıl yığırdım və onların necə dəyişdiklərini müşahidə edirdim… Sürfədən iri, qəşəng kəpənəklər çıxırdı. Əsl möcüzə idi! Ayrıca kəpənək ferması isə, yəqin ki, ikiqat möcüzədir! Ora getməyi çox istərdim. Doğrudanmı biz bu fermanı görə biləcəyik?

– Əlbəttə. Tobi deyir ki, sahibləri öz fermalarını başqalarına göstərməyi çox sevirlər. Xahiş etsək, bizə də mütləq göstərəcəklər. Belə başa düşürəm, Billikok təpəsi həşəratların yaşaması üçün əlverişli yerdir. Yoxsa orada ferma tikməzdilər. Təsəvvür edirəm, onlar bütün günü torla kəpənəklərin dalınca necə qaçırlar, gecələr isə pərvanələri izləyirlər!

– Həqiqətən də, mağaraları da, kəpənək fermasını da görmək maraqlı olar, – Dik razılaşdı. – Tobiyə də baş çəkərik.

– Beşlik yenə də bir araya gəldi! – Corc sevincindən çığırdı və əllərini Timminin belinə yavaşca vurdu. – Çöldə günəş parıldayır! Düz bir həftə tətil edəcəyik! Müqəddəs Üçlük Gününə[2 - Müqəddəs Üçlük Günü – xristianların Pasxa bayramından sonra başlayan əlli günlük Pasxa fəslinin sonuncu günü. «Müqəddəs Üçlük» deyərkən Allahın xristianlıqdakı üç sifəti – Ata, Oğul və Müqəddəs Ruh nəzərdə tutulur.] eşq olsun! Nə yaxşı ki, məktəblərdə tətil başlayıb!

Sonra uşaqlar yerdə uzandılar. Onlar xəritəyə diqqətlə baxaraq gələcək marşrutlarını gözdən keçirməyə başladılar. Uşaqlar işlərini görüb qurtarmamış kabinetdən əsəbi səs eşidildi:

– Yenə bu masada kim yır-yığış eləyib? Neçə dəfə demək olar, mənim əşyalarıma əl vurmayın! Burada kağızlar olmalı idi, hanı onlar? Fanni! Fanni, bura gəl!

– Anamı çağırır, – Corc dedi. – Gedim xəbər eləyim… Vay… Lap yadımdan çıxmışdı, axı anam bazarlığa gedib.

– Bu adamlar mənim kağızlarımdan nə istəyirlər axı?! – Kventin əminin səsi bu dəfə daha yaxından eşidildi. – Fanni! Fanni, bir cavab ver!

Kabinetin qapısı zərblə açıldı və cənab Kirrin dodağının altında deyinə-deyinə otaqdan çıxdı. Ev sahibi döşəməyə nəzər salmadığından orada uzanan uşaqları görmədi və ayaqları onlara ilişib yıxıldı.

Timmi sevinclə hürərək cənab Kirrinin üzərinə atıldı. İt elə bilirdi ki, bu da içində olduğu qəribə oyunun bir hissəsidir.

– Ah, ata, – cənab Kirrinin əli Corcun burnuna dəymişdi. – Dayan! Sən nə edirsən?

– Bağışlayın, Kventin əmi, – Culian üzr istədi. – Axı siz özünüz bizim üstümüzə yıxıldınız!.. Səsini kəs, Timmi, oyun vaxtı deyil!

O, əmisinə yerdən qalxmağa kömək elədi, sonra isə dayanıb baş verəcək qorxunc «partlayış»ı gözləməyə başladı.

Cənab Kirrin üst-başını çırpdı və gözlərini Culiana zilləyib:

– Döşəməyə sərələnmək belə vacibdir? – dedi. – Timmi, rədd ol burdan!.. Corc, mənə çox maraqlıdır, sənin anan haradadır?.. Bəsdir uzandın, qalx görüm!.. Yaxşı, bəs Coanna hara yoxa çıxıb? Bir də mənim masamın üstündəkilərə toxunsa, onu evdən qovacağam! Dərhal işdən çıxaracağam!

Aşpaz Coanna kandarda göründü. O, unlu əllərini önlüyünə silib:

– Bu nə səs-küydür? – soruşdu. – Ah, bağışlayın, cənab Kirrin, sizi görmədim.

– Coanna, boynunuza alın, siz yenə mənim masamda səliqə-sahman yaratmısınız? – cənab Kirrin xəbər aldı.

– Yox, nə danışırsınız… Yenə nəyisə itirmisiniz? Narahat olmayın, indi gəlib taparam, – Coannanın səsində heç bir narahatlıq duyulmurdu: o, ev sahibinin xasiyyətinə çoxdan alışmışdı. Qadın uşaqlara müraciətlə dedi: – Siz isə… xəritəni döşəmədən qaldırıb yerinə – masanın üzərinə qoyun… Səsini kəs, Timmi!.. Corc, iti burdan apar, yoxsa atan lap dəli olacaq.

– Timmi hamımızı yenidən bir yerdə gördüyü üçün həyəcanlanıb, – Corc izah etdi. Bununla belə, qız iti səsləyib özü ilə bağçaya çıxardı.

Uşaqlar da onun dalınca getdilər. Xəritəni yerinə qoyan Culian otaqdan axırda çıxdı.

– Gərək həmişə Kventin əmini öz hərəkətlərimizdən xəbərdar edək, – Dik söylədi. – O az qala evi dağıdacaqdı… Yaxşı, sonra neyləyəcəyik, Culian? Səfərə nə vaxt çıxırıq?

– Budur, anam da gəldi, – Corc dedi.

Xanım Kirrin əlində səbət hasarın yanında göründü. Culian doqqazı açmaq üçün həyətə götürüldü. O bu mehriban, gülərüz qadını – Fanni xalanı çox sevirdi.

Fanni xala hamını təbəssümlə nəzərdən keçirdi.

– Yaxşı, hara gedəcəyinizi və özünüzlə nə götürəcəyinizi dəqiqləşdirdiniz? Belə havada çadırlarda da gecələmək olar. Bu Müqəddəs Üçlük Günü necə gözəl hava var!

– Bəli, siz haqlısınız, – Culian belə deyib səbəti Fanni xalanın əlindən aldı. – Biz Billikok təpəsinə qalxmaq istəyirik. Dostumuz Tobi orada yaşayır, o bizi lazım olan hər şeylə təmin edəcək.

– Özümüzlə çadır, döşək kimi əlavə yük götürməli olmayacağıq, – Dik söylədi.

– Lap yaxşı. Bəs yemək məsələsini necə həll edəcəksiniz? Tobi bunda da sizə kömək göstərəcək?

– Əlbəttə, başqa söhbət ola bilməz! – Culian dedi. – Təbii ki, yeməyi onların fermasında yeməyəcəyik. Lakin oradan süd, yumurta, çörək alacağıq… Bizə başqa nə lazımdır ki?! Tobi deyirdi, o tərəflərdə çiyələk də artıq yetişmək üzrədir.

– Şükür, rahatladım. Yemək-içmək qayğısını üzərimdən götürdünüz, – xanım Kirrin gülümsədi. – Bir də ki, Timmi yanınızdadırsa, o hər şeyə nəzarət edəcək, bundan arxayın ola bilərəm. Düz deyirəm, Timmi? Sən qoymazsan, onların başına bir iş gəlsin!

– Hav, – Timmi yoğun səslə cavab verdi. Bu, «əlbəttə» demək idi. Köpək «sözünün» təsdiqi kimi quyruğunu da yellədi.

Bu zaman Dik Fanni xalanı evdə baş verən hadisədən xəbərdar etmək qərarına gəldi.

– Bir azdan mərəkə başlayacaq. Kventin əmi müharibəyə hazırlaşır, – oğlan söylədi. – Deyir, iş otağımda kim yır-yığış edibsə, boynuna alsın. O elə indicə kabinetdən çıxdı. Biz yerdə – xəritənin üzərində uzanmışdıq. Kventin əmi bizi görməyib düz üstümüzə yıxıldı!

– İlahi! – xanım Kirrin köks ötürdü. – Bəs bunu bayaqdan niyə mənə demirsiniz? Gedim görüm, çoxmu zədələnib. Yəqin, unudub ki, dünən onu təmizlik azarı tutmuşdu, masanı da özü yığışdırıb. Vacib kağızlar zibilqabıdan tapılsa, heç təəccüblənmərəm.

Bu sözlər hamıda gülüş oyatdı, bununla belə, xanım Kirrin vəziyyətin ciddiliyini başa düşüb evə tələsdi.

– Hazırlaşmaq lazımdır, – Culian dedi. – Çox yük götürməyimizə ehtiyac yoxdur, dostumuz Tobi yemək məsələsində, doğrudan da, bizə kömək edəcək. Lakin bəzi şeylər var ki… məsələn, xəz gödəkçələri yaddan çıxarmayaq… Timmi üçün it geyimi götürməyi də unutmamalıyıq… Bir də… xəritə mütləq üstümüzdə olmalıdır.

– Fənərlər də lazım olacaq, – Enn əlavə etdi: – Axı biz mağaraları araşdıracağıq… Çimərlik geyimlərini də yaddan çıxarmayaq! Bəlkə, oralarda yeraltı göllərə rast gəldik.

– Şam və kibrit də götürək, – Corc bunu deyib əllərini cins şalvarının ciblərinə çırpdı. – Mən nə qədər lazımdır, götürəcəyəm. Coannanın mətbəxində heç nə qoymayacağam… Konfet götürməyi də unutmayaq!

– O nanəli nabatlar olan qutunu götürək, – Culian xatırlatdı. – Hə, bir də, radioqəbuledici lazım olacaq.

– Düzdür, beləcə bütün sevimli verilişlərimizi dinləyə bilərik, – Enn razılaşdı. – Əlbəttə, xəbərlərə də qulaq asarıq. Biz mağarada olduğumuz müddətdə yer üzündə çox şey baş verə bilər.

– Üstəlik, orada qəzet almaq imkanımız da olmayacaq, – Dik əlavə etdi.

– Gedim velosipedləri anbardan çıxarım, – Culian söylədi. – Dik, sən də Coannadan ərzaqları götür. O bizə çoxlu buterbrod hazırlayacağına söz verib, axı Tobinin yanına axşam çatacağıq. Məncə, yeməyi artıq götürməyin bir ziyanı yoxdur.

– Hav, – Timmi razılaşdı. O, buterbrod sözünün mənasını yaxşı başa düşürdü. Coanna onlara iki iri torbada buterbrod və piroq dilimləri hazırladı, yanına da bir neçə şüşə meyvə şirəsi qoydu.

– Nə qədər ki fikrimi dəyişməmişəm, bunların hamısını götürün, – Coanna dedi. – Acından ölməzsiniz… Bu peçenyelər və dadlı sümüklər isə Timmi üçündür.

– Sən tanıdığım qadınların ən yaxşısısan, Coanna, – Dik dedi. – Ən əsası, bütün həftəni canını bizdən qurtarmış olursan. Məgər bu sənin üçün əsl bayram deyilmi?!

– Di tərpənin! – Culian göstəriş verdi. – Bu da velosipedlər! Gördüyünüz kimi, hələlik heç birində problem yoxdur.

Bir neçə dəqiqə ərzində hər şey torbalara yığılıb velosipedlərin yük yerinə daşındı. Timmi bütün torbaları qoxulayıb öz yeməyinin yerini tapmayınca sakitləşmədi. Yalnız tapandan sonra o, quyruğunu yırğaladı və sümük paketinin yanındaca yerini rahatladı: belədə özünü daha yaxşı hiss edirdi.

Səfərə çıxmaq üçün hər şey hazır idi. Beşlik yenidən bir araya gəlmişdi. Kim bilir, bu dəfə onları hansı macəralar gözləyirdi!

– Görüşənədək, əzizlərim, – uşaqları doqqaza qədər yola salan Fanni xala söylədi. – Culian, qızlardan muğayat ol. Timmi, sən də onları gözdən buraxma!

Qəfildən Kventin əmi də pəncərədən göründü.

– Yenə bu nə səs-küydür belə? – o, əsəbi halda soruşdu. – Az qala bir gündür ki… Həə, axır ki, yığışa bildiniz? Artıq bizim də baş-qulağımız dinc olar, biz də dincələrik… Yaxşı yol, uğur olsun. Özünüzü yaxşı aparın!

– Böyüklər həmişə eyni şeyləri deyirlər, – Enn köksünü ötürdü.

Beşlik evdən ayrılarkən ətrafı velosiped zənglərinin səsi bürüdü. Onlar, nəhayət ki, həsrətində olduqları sərbəstliyə qovuşdular:

– Ura! Biz yenə azadıq! Elə sən də, Timmi… Bu necə də gözəldir!

Billikok təpəsinə doğru

Beşlik Kirrin körfəzi boyunca uzanan torpaq yolla irəlilədiyi zaman günəş artıq öz şəfəqlərini hər yana səpmişdi. Timmi velosiped karvanının arxasınca qaçırdı, it ləhləyirdi, az qalırdı dili torpağa dəysin. Bununla belə, o, dostlarından geri qalmamağa çalışırdı. Enn deyirdi ki, ömrü boyu bundan uzun dili olan köpək görməyib!

Bir az aralıda, Kirrin körfəzinin ortasında eyniadlı ada, adanın dənizə yaxın yerində isə Corcun ailəsinə məxsus qəsr görünürdü.

– Gözəl qəsrdir, elə deyil? – Dik soruşdu. – Mən orada bir neçə gün keçirməkdən imtina eləməzdim. Adaya elə sahildən üzərək getmək pis olmazdı. Sən nə düşünürsən, Culian?

– Bunu yay tətilinə saxlayaq, – Culian dedi. – Oraları yaxşı tanıyırıq, indi gəlin tanımadığımız yerləri araşdıraq. Tobi mənə Billikokdakı mağaralar barədə çox şey danışıb, amma sizə hələlik heç nə deməyəcəyəm – özünüz görəcəksiniz.

– Sənin dostun Tobi necə oğlandır? – Corc soruşdu. – Haqqında o qədər eşitmişik ki… Amma mən də, Enn də onun üzünü görməmişik.

– İtoynadanın yekəsidir, – Dik söylədi. – Hər şeydən çox kəpənək tırtıllarını tutub adamların üstünə tullamağı sevir… Hə, onun belə kələkləri çoxdur. Odur ki ehtiyatlı olun, yaxasındakı gözəl qızılgülə aldanmayın, yəqin ki, Tobi sizə həmin gülü iyləməyi təklif edəcək.

– Nə üçün axı? – Enn soruşdu.

– Siz gülə tərəf əyiləndə oradan su düz sizin gözünüzə sıçrayacaq. Bu qızılgül elə kələkbazdır ki…

– Fuu! – Corc üz-gözünü turşutdu. – Nə mənasız zarafatdır! Məncə, sənin dostun bizim o qədər də xoşumuza gəlməyəcək. Daha ağıllı bir şey uydura bilmir? Mənimlə belə hoqqa çıxarsa, onun başını əzəcəyəm!

– Bunun heç bir faydası olmayacaq, – Dik onu inandırmağa çalışdı. – Əlbəttə, o sənə eyni cür cavab verməyəcək, lakin əvəzində iyirmi dəfə pis bir şey fikirləşib tapacaq!.. Yaxşı, Corc, qorxma, əslində, o, pis oğlan deyil, sadəcə, bir az şuluqdur… Böyük şey olmayacaq ki – üstünə su püskürdəcək də. Əvəzində biz düz bir həftə məktəbdən uzaqda dincələcəyik!..

Kirrin körfəzinin qumlu sahili artıq geridə qalmışdı. Onlar indi kəndlərin arasındakı yolla gedirdilər. Yolun kənarlarını yemişan kolları bürümüşdü. İyunun lap əvvəlləri idi, budaqlarda çəhrayı çiçəklər görünməyə başlamışdı. Uşaqlar üzüyuxarı – dağa tərəf qalxırdılar və dənizdən əsən yüngül meh onlara ləzzət verirdi.

– Nə bilmək olar, zirvəyə çatanda, bəlkə, qar da gördük, – Culian ehtimal etdi. – Şaxta da ola bilər.

– Ancaq mən indi dondurma yeyərdim, – Enn dedi. – İlahi, bu yoxuşa bax!.. Necə sərt yamacdır! Niyə özümüzə belə əziyyət veririk ki?! Yaxşısı budur, velosipedlərdən düşüb onları özümüzlə yuxarıya doğru sürüyək.

Bu zaman Timmi çoxdan irəli atılıb təpənin başına qalxmış, orada yerini rahatlamışdı. O, indi hədsiz uzun dilini çölə çıxarıb sərin küləyin ixtiyarına vermişdi. Zirvəyə ikinci çıxan Culian oldu. Oğlan çatan kimi aşağı, digər təpənin yamacına nəzər salmağa başladı.

– Budur, o lap aşağıdan görünən həmin qəsəbədir! – Culian qışqırdı. – İndi xəritə ilə tutuşduracağam… Hə, dəqiq, Tennik qəsəbəsidir! Orada düşərgə salıb öyrənərik, görək yaxınlıqda dondurma satırlarmı. Deyəsən, axı kimsə dondurma istəyirdi…

Qəsəbədə dondurma vardı. Özü də çiyələkli və vanilli dondurma! Uşaqların dördü də elə dükanın yaxınlığında, ağaclardan birinin altındakı skamyada oturdu. Taxta qaşıqları dondurma stəkanlarına da eyni vaxtda saldılar. Dostlarının yanında özünə yer eləyən Timmi ümid dolu baxışlarını uşaqların üzünə zilləmişdi, fikirləşirdi ki, onu da bu ləzzətdən məhrum etməzlər, heç olmasa, axırda stəkanları yalamasına imkan verərlər.

– Əzizim, biz sənin üçün dondurma götürmədik, çünki kifayət qədər kökəlmisən… – Corc dedi. – Belə yalvarışla baxma, xahiş edirəm… Yaxşı, məni yola gətirdin. Onsuz da səyahətimizin sonuna qədər gəzib-dolaşmaqdan arıqlayacaqsan. Odur ki indi sənə də dondurma alaram…

– Hav, – Timmi sevinclə cavab verdi. O, dükanın qapısından içəri cumub arxa ayaqları üstə qalxdı, qabaq ayaqlarını piştaxtaya qoydu. Heyvanın bu hərəkəti dükan sahibini çox təəccübləndirdi.

– Dondurmanın hamısını ona nahaq verirsən, – Enn dükandan çıxarkən Corca dedi. – Bir dəfəyə yeyəcək, heç dadını da hiss eləməyəcək. Üstəlik, bir də gördün, o, dondurmanı kağızı ilə birgə uddu.

On dəqiqə dincələndən sonra bizim beşlik yoluna davam etdi. Sərin külək hərəkət etməkdən tərləmiş uşaqlara ləzzət verirdi. Yaz olduğundan hər yer çiçəkləmişdi. Ətrafda hər şey qayğısız uşaqların qəlbindəki sevinc hissini gücləndirirdi: ağaclar və otlar zərif yaşıl rəngə boyanmışdı, çöllər göz oxşayırdı, minlərlə qızılı qaymaqçiçəyi onlara baş əyirdi – bütün bunlara necə sevinməyəsən axı?!

Uşaqların velosipedlə şütüdükləri qəsəbə bomboş idi, yolda kimsə gözə dəymirdi. Nadir hallarda uşaqlar fermer arabaları ilə qarşılaşırdılar, avtomobilə isə tək-tük rast gəlirdilər. Bizim səyyahlar elə bu cür yarıkimsəsiz yollara üstünlük verirdilər – onlar bu mənzərəni xətkeş kimi düz, səs-küylü şoselərdən daha çox sevirdilər…

– Saat 4-dən tez çatmayacağıq, – Dik fikrində nəyisə hesablayaraq dedi. – Həmin vaxtadək Billikok fermasında olmalıyıq. Bəs nə vaxt doyunca yemək yeyəcəyik? Sən nə düşünürsən, Culian? Harada dayanaq?

– Saat 1-də dayanarıq, – Culian qətiyyətlə cavab verdi. – Düz saat 1-də. Bir dəqiqə də gec olmasın. Lakin həmin vaxta qədər yemək barədə bir kəlmə də danışmayaq, yaxşı? – o, saata baxdı. – Hazırda 1-ə 3 dəqiqə işləyib.

– Mən daha çox su istəyirəm, nəinki yemək, – Enn dilləndi. – Əminəm ki, yazıq Timmi də susuzluqdan ölür. Gəlin elə qarşılaşacağımız ilk bulaqdaca dayanaq.

– Bu da bulaq! – Dik tezliklə çığırdı. – Bax o taladadır. Ey, Timmi, tez ol! Tez ol, qaç!

Timmiyə bu sözü deməyə ehtiyac da yox idi. O, var gücü ilə bulağa tərəf atıldı və az qala bütün qəsəbənin eşidəcəyi qədər hündürdən hürməyə başladı. Uşaqlar köpəyin sudan içib doymasını gözlədilər. Həmin vaxt Enn budaqdan bir çiçək qoparıb onu gödəkçəsinin yaxasına taxdı.

– Bütün yolu bu çiçəyi qoxulayacağam, – qız dedi. – Nə gözəl ətri var!