banner banner banner
Billikok təpəsinin sirri
Billikok təpəsinin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Billikok təpəsinin sirri

скачать книгу бесплатно

– Ey, Timmi! – Dik çağırdı. – Bulağı qurutdun ki! Corc, onu dayandır, yoxsa qarnı şar kimi şişəcək!

Corc bu sözlərə etirazını bildirsə də, Timmini yanına çağırdı:

– Bəsindir! Bura gəl! Gedirik!

Timmi sonuncu qurtumu alıb sahibəsinə tərəf qaçdı. Suyun dadı onun xoşuna gəlmişdi, köpək məmnun-məmnun hürürdü.

Onlar yenə uzun yola davam etdilər. Dostlarımız sərt yoxuşlarda inildəyir, sızıldayır, yol üzü enişə düşəndə sevincdən çığırıb elə sürətlə şütüyürdülər ki, külək qulaqlarında uğuldayırdı.

Nəhayət, Culian nahar üçün yer seçdi – onlar növbəti, ən hündür təpənin düz zirvəsində dayandılar. Uşaqlar buradan bir neçə mil uzaqlıqda yerləşən mənzərəni seyr edə bilirdilər. Burada təmiz, ancaq sərt külək əsirdi.

– Ayaq saxlayırıq! – Culianın bu elanını hamı razılıqla qarşıladı. – Dincəlmək üçün düz bir saat vaxtımız var.

– Nəhayət ki, – Enn donquldandı. – Səhər ayaqlarımızı hiss etməyəcəyik!

– Buradan düz beş qraflığı görmək olar, – Culian başını dörd tərəfə çevirib dedi. – Amma adlarını soruşmayın, unutmuşam… Gəlin yeməkdən əvvəl otların üzərində bir az uzanaq. Etiraz yoxdur ki?

Timmidən başqa heç kəs etiraz etmədi və hamı xalçanı xatırladan yumşaq süpürgə kollarının üstündə özünə yer düzəltdi.

Timmi isə inadkarlıqla nəsə istəyirdi. Nə istəyəcəkdi?! Əlbəttə ki, sümük! Sahibəsinin velosipedinin yük yerindən onun qoxusunu hiss edirdi. O tərəfə baxan yox idi – hamı dincəlirdi. Bunu görən Timmi yemək torbasına doğru hərəkət etməyə başladı.

Enn köpəyə daha yaxın məsafədə idi və o, şübhəli xışıltını eşidib yerindən durdu. Qız nə baş verdiyini bilmək istəyirdi.

– Timmi! – o qışqırdı. – Sən bizim buterbrodları yemək istəyirsən?

Corc da yerindən qalxdı. Timmi sakitcə kənara çəkildi, günahkarcasına quyruğunu tərpətdi, sanki demək istəyirdi: «Bağışlayın, amma mənim üçün götürdüyünüz sümüklər də buradadır axı!»

– İşiniz olmasın, – Corc onu müdafiə etdi. – O yalnız öz yeməyini istəyir. Enn, doğrudanmı sən inanırsan ki, Timmi bizim buterbrodlara əl vurar? Bunu düşünməyin özü belə Timmi üçün təhqirdir! O heç vaxt başqasının yeməyini götürməz!

– Yox, yaxşısı budur, mən elə indidən öz payımı yanıma qoyum, – Enn dedi. – Hamıya da bunu məsləhət görürəm. Culian, gəl yeməyə başlayaq! Həm də susamışam, şirə içmək istəyirəm…

Ennin sözlərindən sonra hamıda güclü aclıq və susuzluq hissi yarandı. Onlar bağlamaları açıb vetçinalı[3 - Vetçina – duzlanmış və hisə verilmiş donuz əti, donuz budu] və pomidorlu buterbrodları, meyvə piroqunun iri dilimlərini çıxardılar. Culian torbasından karton stəkanları götürüb onlara meyvə şirəsi süzdü.

– Əla yeməkdir! – Dik buterbrodu dişləyərək söylədi. (Ağzında yemək olduğundan cümləsi belə səsləndi: «Ala yemakdi».) O, ətrafa – süpürgə kollarından ibarət səhralıqlara, şumlanmış torpağın yaşıllaşmaqda olan hissələrinə, təpələrə baxdı və əlavə etdi: – Ən uzaqdakı o təpəyə baxın! Culian, görürsən? Bu, Billikok təpəsi deyil? Onun nə qəribə görünüşü var!

– İndi durbinlə baxaram, – Culian bunu deyib dəri çantasından durbini çıxardı, gözlərinə yaxınlaşdırıb uzun-uzadı baxdı. O, azmış yelkənli gəmidə torpaq görüb sevincindən qışqırmaq istəyən növbətçi matrosu xatırladırdı. Lakin Culian qışqırmaq əvəzinə sakitcə dedi: – Hə, deyəsən, odur, şimaldakı… Çəpəki qoyulmuş şlyapaya oxşayır… Baxmaq istəyirsiniz?

Hamı növbə ilə durbini gözlərinə yaxınlaşdırıb şlyapaya oxşayan təpəni diqqətlə nəzərdən keçirməyə başladı.

– O qədər də uzaq deyilmiş! – Corc gözünü durbindən çəkməyərək dedi. – Baxmaq istəyirsən, Timmi?

Köpək bu təklifdən qətiyyətlə boyun qaçırdı.

– O uçan qarğanın istiqamətində kəsə getsək, uzaq olmaz, – Culian durbini yenidən çantasına qoyub dedi. – Yox, əgər bizim elədiyimiz kimi, dolama cığır və yolla getsək, bu, xeyli vaxt alacaq… Yenə buterbrod yemək istəyən var?

– Hə, – Dik dedi, – əgər qalıbsa. Piroqun da axırına çıxmışıq… Ac olan varsa, nabatlardan sora bilər. Alın!

Məlum oldu ki, hamı acdır. Timmiyə cəmi bir nabat verdilər – çox şirni yemək itlərə ziyandır.

– Üstəlik, sən nabatı sormursan, bütöv udursan, – Corc ona izah etdi. – Ona görə də heç bir ləzzət ala bilmirsən.

– Dincəlmək üçün hələ yarım saatımız da var, – Culian təlimat verdi. – Sizi bilmirəm, amma mən indi böyrü üstə uzanıb gözlərimi yumacağam…

Uşaqlar otların üstündə yerlərini rahatladılar. Hamısı bir nəfər kimi yuxuya getdi. Elə bil qu tükündən yastıqları, yumşaq döşəkləri vardı. Hətta Timmi də mürgülədi. Bununla belə, itin bir qulağı səsdə idi: yad adam gəlsə, dostlarını təhlükədən xilas edə bilsin. Amma ətrafda sakitlik hökm sürürdü, ins-cins gözə dəymirdi. Uşaqlar dağ yollarında velosiped sürməkdən elə yorulmuşdular ki, yuxu üçün ayrılan vaxtdan on beş dəqiqə sonra oyandılar. Kim bilir, Ennin qolu ilə sürünən böcək olmasaydı, onların istirahətləri nə qədər çəkəcəkdi. Amma böcək Enni oyatdı və o qışqırmağa başladı:

– Oy, necə böyük, qara böcəkdir! – həşəratı üstündən atan qız saata baxdı və yenidən çığırmağa başladı: – Dik! Culian! Qalxın! Yoxsa bir azdan axşam düşəcək!

Tezliklə onlar təpə ilə üzüaşağı şütüməyə başladılar. Uşaqların səs-küyü aləmi bürümüşdü. Qarnı doymuş və yaxşıca dincəlmiş Timmi də onlara qoşulub durmadan hürürdü.

Dünyada tətilin başlamasından yaxşı nə ola bilər ki?!

Billikok ferması

Uşaqların heç biri ömründə, yəqin ki, bu qədər velosiped sürməmişdi! Timmi olmasaydı, şübhəsiz ki, onlar Billikok təpəsinə daha tez çatacaqdılar… Bürküdə qaçmaqdan yazıq itin nəfəsi təngiyirdi, ona görə də beşlik iyirmi-otuz dəqiqədən bir dayanmalı olurdu.

– Heyif ki, o belə böyük və ağırdır, – Enn deyirdi. – Balaca olsaydı, onu növbə ilə velosipedimizdə gəzdirə də bilərdik…

Billikok təpəsi artıq adi gözlə də yaxşı görünürdü. Bu ərazi, həqiqətən, çox qəribə forması ilə seçilirdi – elə bil yan qoyulmuş qədimdənqalma şlyapa idi. Onun üst hissəsində süpürgə kolları bitmişdi. Aşağıda isə təzə ot örtüyü gözə dəyirdi; bura inəklərin otlağı idi. Qoyunlar isə yuxarıda otlayırdılar; orada bitki örtüyü boy qaldırmasa da, daha sıx görünürdü.

Təpənin ətəyində bir neçə köhnə tikili – böyük ev, anbar, tövlə, istixanalar gözə dəyirdi.

– Billikok ferması elə bura olmalıdır, – Culian dedi. – Yaxşı gəldik, afərin bizə! Hələ saat 4 olmayıb, lakin biz artıq ünvana çatmışıq. Təklif edirəm, bu balaca çaydaca yuyunaq. Çox tərləmişik, üst-başımız da toz-torpaq içərisindədir. Timmi, ürəyin istəsə, sən də çimə bilərsən!

Su sərin idi, adama ləzzət edirdi. Uşaqlar üzlərini, boyunlarını yuyub rahatlaşdılar. Sonra da özünü çaya atmış köpəyə qibtə ilə baxdılar. Uşaqlardan fərqli olaraq it özünü suyun ixtiyarına vermişdi: dalğalar Timminin bədəninə dəyib geri çəkilirdi.

– Gözəl! – Dik iri cib dəsmalı ilə üzünü silə-silə dedi. – Artıq fermaya daxil ola bilərik. Ümid edirəm, Tobi əziz qonaqlarının gəlişini unutmayıb və vəd etdiyi hər şeyi hazırlayıb.

Uşaqlar saçlarına sığal çəkdilər, üst-başlarındakı toz-torpağı çırpdılar. Bu o demək idi ki, onlar yeni macəraya tamamilə hazırdırlar.

Beşlik taladan keçib fermanın darvazasına yaxınlaşdı. Ora aparan yol darısqal, əyri-üyrü idi. Odur ki sürəti azaltmaq lazım gəlirdi.

Budur, onlar artıq geniş həyətdədirlər – ətrafda toyuqlar dənlənir, balaca, yumru gölməçədə ördəklər üzür, bir az aralıda isə itlər hürüşürdü. Qəfil hansısa küncdən balaca, çəhrayı və şişman bir məxluq düz onların üstünə atıldı.

– Oy, bir buna baxın! – Enn çığırdı. – Donuz balası! Nə qəşəngdir!.. Sən öz pəyəndən qaçıb gəldin ki, bizi salamlayasan? Qonaqpərvərliyin üçün çox sağ ol! Necə tərtəmizsən!

Bərkdən zingildəyən donuz balası Timmiyə yaxınlaşdı, it onu görüb geri çəkildi, pəncələri üstə oturdu və təəccüblə bu qəribə məxluqu süzməyə başladı. Bəlkə, bu hansısa tüksüz it növü idi?

Donuz balası astaca Timmini kənara itələdi, köpək dik atıldı. Culian güldü.

– Timmi heç cür başa düşmür ki, bu nədir… Deyinmə, Timmi, o sənə heç nə eləyən deyil.

Lakin köpək özü də artıq bunu başa düşmüşdü.

– Ey, kimdir orada? Uşaqlar, bura baxın! – çığıran Dik idi, o daha bir balaca məxluqun evdən çıxdığını görmüşdü – bu, oğlan uşağı idi.

Oğlan dayandı və qonaqları diqqətlə nəzərdən keçirməyə başladı.

– Qəşəng uşaqdır, – Enn dedi. – Yəqin, Tobinin qardaşıdır.

Uşağın beş yaşı ancaq olardı, açıq rəngdə qıvrım saçları, iri, qonur gözləri vardı. O da elə böyük qardaşı kimi həmişə gülümsəyirdi – elə bil bu dəqiqə kiminsə yaxasına tırtıl atıb kənara çəkiləcəkdi.

– Bu donuz balası mənimkidir, – oğlan onlara yaxınlaşarkən belə dedi. – Əlimdən qaçıb. Çağırıram da, gəlmir.

– Onun adı nədir? – Enn soruşdu. Qız donuz balasını nəzərdə tuturdu.

– Qıvrım, – oğlan cavab verdi və əli ilə heyvanın quyruğuna işarə etdi. – Baxın, həmişə belədir. Nə qədər dartırsan, dart, quyruğu düzəlmir, elə hey qıvrılır.

– Axı o elə bu cür də qəşəngdir, niyə onu dartasan ki? – Enn dedi.

Həmin vaxt donuz balası oğlana tərəf qaçmışdı və uşaq onu danlamaqda idi.

– Tutduğun heç də yaxşı iş deyil. Söz ver ki, bir daha məndən qaçmayacaqsan!

Bundan sonra oğlan onu çətinliklə də olsa, qucağına alıb evə qayıtmaq istədi.

– De görüm, bura Billikok fermasıdır? – bu zaman Culian ona səsləndi. – Sənin qardaşının adı Tobidir?

Oğlan dayandı.

– Tobi? – uşaq təkrarladı. – Odur e, Tobi oradadır, – oğlan anbarlardan ən böyüyünə işarə etdi. – Binki ilə birgə siçovul ovuna çıxıb.

Bunu dedikdən sonra uşaq evin küncünə tərəf uzaqlaşdı.

Culian dilləndi:

– Anbara gedək. Görəsən, Binki kimdir? Bəlkə, Tobinin əmisi oğludur?

– Bəlkə də, bizim itin əmioğlusudur! – Corc belə deyib əlini Timminin xaltasına qoydu. – Ayıq-sayıq olmaq lazımdır, hər şey ola bilər, bir də gördün, dava düşdü.

– Haqlısan, – Culian razılaşdı. – Bəlkə də, Binki qəzəbli, təcrübəli siçovultutandır. Gəlin belə edək: siz Timmi ilə qalın, Diklə mən də anbara baş çəkək.

Beləliklə, Dik və Culian anbara yollandılar.

Qapısı bağlı anbardan səs-küy eşidilirdi. Oğlanlar yaxınlaşdıqca səs-küy də güclənirdi: içəridən qışqırıq səsi gəlir, eyni zamanda it hürürdü. Kimsə deyirdi:

– Tut onu, Binki! Tut! Budur o, çuvalın altındadır… Hə, tez ol!.. Eh, fərasətsiz, əlindən bir iş gəlmir!

Dik və Culian anbarın qapısını açdılar. İçəri yarıqaranlıq olduğundan əvvəlcə heç nə görmədilər, sonra divara söykədilən çuvalları sezdilər. Çuvalların kənarında dayanmış Tobini tanımaq isə çətin olmadı. Onun yanında şotland cinsi olan böyük bir it – kolli vardı. İt də sahibi qədər həyəcanlı görünürdü. Nə Tobi, nə də it anbara gələnlərin fərqində idi.

– Ey, Tobi! – Culian səsləndi.

Yalnız bundan sonra Tobi tər içində olan qırmızı sifətini onlara sarı çevirdi.

– Axır ki, gəlib çatdınız! – oğlan bunu deyib qapıya yaxınlaşdı. – Elə bilirdim, heç cür gəlib çıxa bilməyəcəksiniz. Xoş gördük!.. Cəmi iki nəfərsiniz? Mən dördnəfərlik masa düzəltmişəm.

– Timmini də saysaq, beş nəfərik, – Culian dedi. – Qızlar orada, həyətdədirlər, bizim itin xaltasından tutub saxlayıblar. Necə bilirsən, sənin itinlə dalaşmazlar ki?

– Mən onları tanış eləsəm, dalaşmazlar. Getdik!..

Timmini görəndə tükləri biz-biz olan Binki əvvəl yerindəcə donub-qaldı, sonra dartınıb bərkdən hürməyə başladı. Lakin bu, çox uzun sürmədi.

– Bunlar hamısı mənim dostlarımdır, – Tobi onu sakitləşdirdi. – Başa düşdün, Binki?

Binki sahibinin nə demək istədiyini anlayıb sakitləşdi. Lakin Corc yenə də ehtiyatı əldən verməyib Timminin xaltasından tutub saxlamaqda davam edirdi.

Tobi əyilib Binkinin düz qulağına dedi:

– Nəzakətli ol, qıza pəncəni uzat. İtin yanındakı qızı deyirəm, – Tobi başını Corca tərəf çevirdi. – Yaxın gəl. Ona əlini ver. Xaltanı da burax!

Corc onun dediyi kimi əyildi, Binki pəncəsini uzatdı ki, qız onu mehribanlıqla sıxa bilsin.

– İndi sən gəl, – Tobi bu dəfə Ennə müraciətlə təklif etdi.

Qız özünə doğru uzanan pəncəni həvəslə sıxdı – sıx tükləri, şokolad rəngində gözləri və zərif burnu olan bu nəhəng köpək onun xoşuna gəlmişdi.

– Bəs sənin itin görüşmək üçün pəncəsini uzada bilir? – Tobi soruşdu.

Corc başı ilə təsdiqlədi. Qız əsəbiləşdiyini zorla gizlətdi: Tobi Timminin tərbiyəsinə necə şübhə edə bilər axı?

– O zaman qoy Binki ilə görüşsünlər… Binki, pəncəni uzat!

– Timmi, pəncəni uzat!

Sahiblərinin köməyi ilə köpəklər bir-birinin pəncələrinə toxundular. Sonra Timmi astadan zingildədi. Binki də ona eyni cür cavab verdi və onlar hürərək bütün həyəti dolaşmağa başladılar. Toyuqlar bunu görüncə ürkdülər və qaqqıldaşaraq ətrafa dağılışdılar.

– Hər şey qaydasındadır, – Tobi dedi. – Mənim Binkim hamı ilə dil tapa bilir, adamlarla da, itlərlə də əla yola gedir. Xüsusən də pəncəsini uzadıb görüşdüsə, məsələ bitib. Mən onu xüsusi şəkildə öyrətmişəm. Bircə siçovul ovu məsələsində işlərimiz yaxşı getmir. Yəqin, Binkinin onlara yazığı gəlir. Bəs necə, onlar da canlıdırlar axı!.. Yaxşı, bəsdir burada dayandıq, evə gedək. Anam sizin üçün çay süfrəsi hazırlayıb.

Qonaqlar bunu eşidəndə çox sevindilər: onlar bayaqdan çay içməyi elə arzulayırdılar ki!

Enn gözünün altından Tobiyə nəzər saldı və fikirləşdi ki, yeni tanışları yaxşı oğlana oxşayır. Lakin Corc bu məsələdə onunla tam razılaşa bilmirdi, qızın şübhələri vardı. Məsələ burasında idi ki, Tobinin köynəyinin yaxasına qəribə bir gül sancılmışdı. Corc onun təbii olub-olmadığından əmin deyildi. Bununla belə, nəyə görəsə gördüyü mənzərədən xoşlanmamışdı…

– Biz bayaq burada çəhrayı donuz balası ilə dolaşan oğlan gördük, – Enn dedi. – O kimdir?

– O mənim qardaşım Bennidir, yanındakı da sevimli Qıvrımıdır. Benni ondan heç ayrılmır. Biz ona pişik, ya it vermək istədik, ancaq alınmadı! Heç üzlərinə də baxmadı… Onlar həmişə bir yerdədirlər… Ümumiyyətlə, balaca qardaşlar həmişə çox zəhlətökən olurlar, elə deyil?

– Bəzən elə balaca bacılar da belə olur, – Dik bir anlıq Ennə nəzər salaraq dedi. Enn dərhal qardaşını dürtməklədi və bununla da acıqlandığını göstərmək istədi.

Corc da Diklə razılaşmadı.

– Enn tamam başqadır. Onun barəsində belə danışmaq düz deyil. Tobi, inanmırsansa, Culiandan soruşa bilərsən…

Tobi bu söhbətin çox uzanmasını istəmirdi. Odur ki heç nə demədi. Uşaqlar evə keçdilər. Tobinin anası qonaqları mehribanlıqla qarşıladı. Onun açıqrəngli saçları vardı. Dolu bədənli bu qadın da eynilə oğulları kimi gülümsəməyi sevirdi.

– Tobi məni hər şeydən xəbərdar edib, – o dedi. – Hər gün təpəni enib süd, yağ, çörək üçün bura gələ bilərsiniz. Xahiş edirəm, nə lazım olsa, utanmayın, deyin.

Qəfildən ayaq səsləri eşidildi, çox keçmədi ki, Qıvrım sürətlə içəri girdi.

– Yenə gəldin?! – Tobinin anası çığırdı. – Bir sözü neçə dəfə deyərlər?.. Benni! Sən onu evə buraxmamalısan! İti, pişiyi birtəhər başa düşmək olar, etiraz etmirəm, lakin donuzlara dözmək fikrim yoxdur… Benni! Sən haradasan?