banner banner banner
Billikok təpəsinin sirri
Billikok təpəsinin sirri
Оценить:
Рейтинг: 0

Полная версия:

Billikok təpəsinin sirri

скачать книгу бесплатно

Donuz balasından fərqli olaraq Benni otağa sakitcə daxil oldu, onun üz-gözündən peşmanlıq yağırdı.

– Bağışla, ana, bu gün onun dəcəlliyi tutub… Siz çay içəcəksiniz? Olar mən də Qıvrımla birgə gəlim?

– Yəqin, əvvəlcə siz təzə qaymaq istəyərsiniz? – Tobinin anası Benninin sözlərinə əhəmiyyət verməyərək qonaqlardan soruşdu.

Bu təkliflə hamı razılaşdı. Belə bürkülü gündə evdə hazırlanan təmiz, təzə, sərin qaymaqdan yaxşı nə ola bilərdi?

Hamı masa ətrafına keçdi, uşaqlar süfrədə vetçina dilimləri və yenicə bişirilmiş isti çörəyi görəndə bir neçə saat əvvəl Coannanın yol üçün qoyduğu buterbrod və piroqlardan doyunca yediklərinə çox peşman oldular. Bundan başqa, soyuq qəlyanaltı – şüşə qabda səliqə ilə düzülmüş şehli kahı yarpaqları və qırmızı turp da vardı. Bir az aralıda bufetin üstündə böyük piroq, onun yanına isə arpa unundan hazırlanmış kökə qoyulmuşdu. Bundan başqa, bufetin üzərində kərə yağı, süd, bal və cemlə dolu bardaqlar da düzülmüşdü.

– Eh, təəssüf ki, mən hələ yaxşı acmamışam! – Dik köks ötürdü. – Yoxsa hamısını yeyərdim!

– Məncə, bu uzun səyahətdən sonra siz yeməkdən boyun qaçırmamalısınız, – mehriban ev sahibəsi dedi. O, haqlı idi. Qadın bu dəfə üzünü oğluna tutaraq əlavə etdi: – Tobi, uşaqlara qulluq elə… Benni, heyvanı dizinin üstündən götür, donuzu süfrə arxasında oturtmazlar!

– Diqqətli ol, yazıq heyvanın kefi pozulmasın, – vetçinadan kiçik bir dilim götürən Tobi qardaşına dedi. – Axı biz indi onun babasını yeyirik!

Benni tezcə Qıvrımı döşəməyə qoydu: doğrudan da, o öz əcdadının kədərli taleyindən xəbərdar olmasa, daha yaxşı idi!

Donuz balası Timmiyə yaxınlaşıb onun böyründə oturdu. Köpək bir qədər təəccüblənsə də, Qıvrımın bu mehribanlığından xeyli məmnun oldu.

Gecikmiş nahar yeməyi çox yaxşı keçdi. Məlum oldu ki, Tobi qonaqpərvər ev sahibidir: qızların üstünə bir tırtıl da atmadı, heç kəsin üst-başına su çiləmədi. O yalnız uşaqların qablarına yemək çəkir və fincanlarına süd süzürdü.

Süfrədən çəkilən Enn donuz balasının yanında oturdu. Qıvrım getdikcə qızın daha çox xoşuna gəlməyə başlayırdı.

– Mən kitab yazmalı olsaydım, – Enn astadan Culianın qulağına pıçıldadı, – ora mütləq Benni və onun Qıvrımı barədə hekayələr də daxil edərdim.

– Yaxşı, – xanım Tomas hamının yeyib-doyduğunu görəndən sonra soruşdu, – sizin planınız nədir? Tobi, çadırları gətir, lazım olan digər şeyləri də dostlarına göstər. Qoy harada və necə düşərgə salacaqlarına özləri qərar versinlər.

– İrəli! – Tobi dostlarını səslədi. Benni ilə Qıvrım hamıdan qabağa düşdü.

– İndi yükləri götürüb təpəyə qaldıracağıq, – Tobi yenidən dilləndi. – Sonra isə düşərgə üçün yer seçərik, yaxşı? Mən sizinlə orada qalmağı çox istərdim! Amma fermada görüləcək o qədər iş var ki…

Yazıq Tobi! Bu tətildə o, çadırda gecələyə bilməyəcək, nazik adyala bürünüb qaranlıqda sayrışan ulduzlara tamaşa etməyəcək…

Dünyanın ən gözəl yeri

Tobi uşaqları yaxınlıqdakı tövləyə apardı. Oğlanlar içəri girdilər, qızlar çöldə dayandılar. Binki ilə Timmi isə tətil sevincindən uçmağa hazır olan məktəblilər sayaq həyət boyu bir-birinin ardınca qaçmağa başladılar.

Culian və Dik onlar üçün hazırlanmış iki çadırı, kəndiri, dirəkləri və döşəkləri götürdülər. Çadırlar çox yaxşı vəziyyətdə idi, yırtıq-sökükləri yox idi. Əslində, hava gözəl olduğundan çadıra elə bir ehtiyac yox idi. Açıq havada yatmağın nəyi pisdir ki? Üstünü örtmək kifayətdir.

– Əhsən, Tobi! – Culian dostunun hazırlığını bəyənərək dedi. – Dərhal bilinir ki, təcrübəli səyyahsan. Hətta çaydan və sapılcanı belə unutmamısan.

– Hələ sən qazançanı demirsən, – Tobi sinəsini irəli verdi. – Bəlkə, könlünüzdən şorba yemək də keçdi.

– Niyə də yox! – Dik razılaşdı.

Tobi qazançanı Benninin sarışın, qıvrım başına qoydu və «papaq» oğlana çox yaraşdı. Lakin bu, balaca qardaşın xoşuna gəlmədi, o hiddətlənərək Tobini yumruqladı. Donuz çox qorxdu, fınxıraraq özünü tövlədən çölə atdı. Benni başındakı qazança ilə onun dalınca qaçsa da, Qıvrıma çata bilmədi.

Enn oğlanı qulaqlarınadək düşmüş «papaq»dan xilas elədi və Benni yenidən Tobinin üstünə hücum çəkdi.

– Çox pis adamsan! Sənin üzündən Qıvrım həmişəlik qaçıb getdi.

– Sənin Qıvrımın tapılacaq, bağırma, – Tobi qardaşını yüngülcə kənara itələdi. – Nədən desən, mərcə gələrəm, o, evin arxasında durub səni gözləyir, inanmırsan, get, bax!

Benni dərhal yoğun ayaqlarına güc verərək həmin tərəfə qaçdı.

Tobi rahat nəfəs alaraq dedi:

– Çox şükür, bir neçə dəqiqəlik də olsa, ondan canımız qurtardı.

Sonra üzünü Dikə tutub soruşdu:

– Səncə, heç nəyi unutmamışıq ki? Fənər, kibrit, şam… hamısını götürmüşük?

Dik cavab verdi:

– Hər şey qaydasındadır.

Culian dedi:

– Yaxşı ki, sən bir neçə adyal da götürdün, havanı bilmək olmur, bir də gördün, dəyişdi. Dənizlə zarafat eləmək bizə baha başa gələ bilər.

– Qar yağsa, aşağı enib özünüzə əlavə adyal götürərsiniz, – Tobi dedi. – Bizdə onların sayı-hesabı yoxdur. İndi isə gəlin yükləri yerbəyer edək.

Onlar əvvəlcə bütün əşyaları velosipedlərə yükləməyə cəhd etdilər, lakin bu, mümkün olmadı. İşi belə görən Tobi anbardan əl arabasını gətirdi.

– Velosipedlərin bir faydası yoxdur, onlar bizə əlavə yükdür, – Dik dedi.

– Əlbəttə, qoyun qalsın, onlara burada heç kim toxunmayacaq… Uzaqbaşı bir-iki dəfə Binki minib sürəcək, vəssalam… Yaxşı, hər şeyi yüklədinizmi? Az qala unutmuşdum, anam sizə bir az yemək hazırlayıb. İndi gətirirəm.

– Çox sağ olsun, – Culian onun arxasınca qışqırdı. Sonra öz yoldaşlarına tərəf dönərək təntənə ilə dedi. – Xanımlar və cənablar! Səyahətimizin birinci hissəsi bitdi. Bundan sonra isə ikinci və əsas hissə başlayır… Ətrafı yaxşı görmək üçün yüksək bir təpədə düşərgə salmaq daha yaxşı olardı. Siz nə deyirsiniz?

– Əla! Beş qraflığın beşini də görərik, – uşaqlar bir ağızdan dilləndilər.

Bu vaxt Tobi əlində iri bağlama ilə qayıtdı.

– Baxın, burada vetçina, təzə yumurta, çörək var, – o gətirdiklərini saymağa başladı.

– Sağ ol! Sağ ol! – uşaqlar yerbəyerdən razılıqla dilləndilər. – Saymağı saxla, bəsdir, yoxsa biz qaranlıq düşənədək burada qalmalı olacağıq.

Elə bu dəm Benni qaranəfəs qaçaraq onlara yaxınlaşdı, çəhrayı rəngli şən Qıvrım da yanında idi. Benni yetişmiş çiyələklə dolu səbəti Ennə uzadıb dedi:

– Özüm dərmişəm, götür.

– Bunlar dünyanın ən gözəl və dadlı meyvələridir! – qız cavab verdi.

– Əvvəl dadına bax, sonra danış.

– Uşaq düz deyir, – Tobi qardaşı Bennini müdafiə etdi.

– Mən də sizin yanınıza gəlsəm, olar? – Benni dedi. – Qıvrımı da özümlə gətirəcəyəm. O heç vaxt təpədə olmayıb.

– Əlbəttə, gəl.

– Hər şey hazırdırsa, yola düşək, – Culian səbirsizliklə dilləndi.

– Ah, az qala yadımdan çıxmışdı, – Tobi qəfildən qışqırdı. – Anam hələ sizin üçün süd də sağıb, gözləyin!

Beləliklə, arabaya iki şüşə süd də qoyuldu və bununla da yır-yığış başa çatdı.

– Yola çıxırıq! – Culian göstəriş verdi.

Dəstə yola düzəldi. Qabaqda Timmi və Binki gedirdi. Uşaqlar itlərin dalınca addımlayırdılar. Benni də qapıya qədər onlarla gəldi. Lakin darvazadan çıxmaq istəyəndə Tobi onu saxladı.

– Bilirsən ki, ana sənə icazə verməyib!

– Niyə axı?! – Benni bunu deyib bərkdən ağlamağa hazırlaşdı.

Tobi onu sakitləşdirməyə çalışdı.

– Balacalar tez yatmalıdırlar. Sən də, Qıvrım da balacasınız. Yoxsa Qıvrım səhər durub səninlə oynaya bilməz.

Qardaşının sözləri, deyəsən, Benninin ağlına batdı. Donuz balasını qucağına götürdü, uşaqlarla vidalaşdı və geri qayıtdı.

– Benni yaxşı uşaqdır, – Tobi hasarı keçib yamacı qalxarkən dedi. – Lakin sısqa və ağlağandır.

– Zəif olsa da, gördün ki, sən qazançanı onun başına keçirəndə səni necə vurdu, – Dik bunu deyib gülümsündü. – Hazır kikboksçudur.

– Açığı, Tobi, sənin ona qarşı bu hərəkətin heç xoşuma gəlmədi, – Enn söhbətə qoşuldu.

– Bunda pis nə var? Mən ona döyüşçü keyfiyyətləri aşılayıram, – Tobi dedi.

Yoxuşu çıxmaq çətinləşmişdi, ona görə də Tobi digər oğlanlara qoşulub arabanı dartmağa başladı.

– Sənin nəsə öyrətməyinə Benninin ehtiyacı yoxdur, – Corc dedi. – O, kifayət qədər yaxşı oğlandır. Görürsən, o, heyvanları necə sevir!

– Bəli, heyvanları çox sevir. Donuzdan əvvəl quzusu var idi, ondan heç ayrılmırdı. Quzudan əvvəl isə iki qaz saxlayırdı. Qazlar onun arxasınca yuxarı mərtəbəyədək qalxırdılar.

– Bəlkə, o, məşhur zooloq, ya da mahir heyvan təlimçisi olacaq, kim bilir, – Enn dedi.

Bizim səyahətçilər cığırla üzüyuxarı qalxmağa davam edirdilər. Artıq yorulmağa başlamışdılar. Bir azdan danışmağa belə heyləri qalmamışdı. Əl arabasını yuxarı dartmaq getdikcə çətinləşirdi, indi qızların da köməyinə ehtiyac var idi…

– Hələ çox qalxacağıq? – Tobi soruşdu. – Siz lap zirvəyə çıxmaq istəyirsiniz?

– Hə, düz zirvədə düşərgə salmaq fikrindəyik, – Culian dedi.

– Onda gəlin dayanıb bir az dincələk. Lakin arabanı elə saxlamaq lazımdır ki, aşıb aşağı diyirlənməsin.

Beləliklə, uşaqlar yamacda oturub nəfəslərini dərməyə və ətrafı seyr eləməyə başladılar. Uzaqlarda bənövşəyi dumanın içində təpələr sıralanmışdı. Yaxında da yüksəkliklər var idi, ancaq onlar yaşıl rəngdə idi. Yaşıllıqların arasında qızılı qaymaqçiçəyiləri gözə dəyirdi. Yastı təpələrdə yetişməkdə olan buğda zəmiləri boy verirdi. Çaylar yamaclar boyu gümüşü saplar kimi axıb gedirdi, tünd-yaşıl, bəzən qara rəngə çalan meşə zolağı bu füsunkar mənzərəyə xüsusi gözəllik qatırdı.

– Aşağıdakı nədir? – Corc yan tərəflərdən üstü çardaqla örtülmüş nəhəng sahəni göstərib soruşdu.

– O, aerodromdur, – Tobi dedi. – Daha doğrusu, gizli hava limanıdır. Orada xüsusi təyyarələri sınaqdan keçirirlər. Mən onlar haqqında hər şeyi bilirəm. Bir qohumumuz orada xidmət eləyir, aviasiya kapitanıdır. Bizə gələndə elə şeylər danışır ki!..

– Məsələn, nə danışır? – Enn soruşdu.

– Nə bilim… Müxtəlif şeylər… Hamısı yadımda qalmayıb… Lakin siz partlayışa oxşar dəhşətli səslər eşitsəniz, qorxmayın, bilin ki, nələrisə sınaqdan keçirirlər.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)