banner banner banner
Yaşıl mürəkkəb
Yaşıl mürəkkəb
Оценить:
Рейтинг: 0

Полная версия:

Yaşıl mürəkkəb

скачать книгу бесплатно

Yaşıl mürəkkəb
Osman Balcıgil

Osman Balcıgilin “Yaşıl mürəkkəb” romanı Səbahəddin Əli haqqında qələmə alınmış ən yaxşı əsərlərdəndir. Kitabda “Kürk paltolu Madonna”, “İçimizdəki şeytan”, “Quyucaqlı Yusif” və s. romanların müəllifi Səbahəddinin sevgi macəraları ilə yanaşı mübarizə dolu həyatı da öz əksini tapıb. Dəfələrlə həbs olunmuş, müxtəlif qəzetlərdə dərc edilən yazılarına görə təzyiqlərə məruz qalmış, vəzifədən uzaqlaşdırılmış, amma yenə də ideallarından imtina etməmişdi. Maraqlı süjet xətti və unikal yazıçı təhkiyəsi il seçilən bu romanı oxuduqca Səbahəddin Əlinin mübariz ruhuna heyran qalacaq, dövrün vəziyyətinə ürək ağrısı keçirəcək, aydınlara qarşı birləşən qüvvələrə nifrət edəcəksiniz.

OSMAN BALCIGİL

YAŞIL MÜRƏKKƏB

Səbahəddin Əli haqqında roman

Səbahəddin Əli başına gələcəklərdən agah olsaydı, qətiyyən həmin səfərə çıxmazdı.

Ötən günlərdəki kimi zəngli saatın təpəsinə vurar, yorğanı başına çəkər, səhər yuxusundan ləzzət alardı.

Bu dəfə əksini etdi: yataqdan sıçradı, gecə köynəyini qatlayıb əvvəldən hazırladığı çantaya qoydu. Əynini geyindi.

Hamama yüyürüb əl-üzünü yudu, dişlərini fırçaladı, ağ saçlarını səliqə ilə daradı, qızılı çərçivəli eynəyini taxdı.

Otağına qayıtdı, axşamdan hazırladığı iki zərfi və çantasını götürüb salona qalxdı.

Rasix qəlyanaltı süfrəsi hazırlayıb, onu gözləyirdi. Pürrəngi çay süzüb qardaşıtək sevdiyi Səbahəddinlə üzbəüz oturdu.

Oturan kimi parçaya bükülü əmanəti ona uzatdı.

– Yoxladım, qaydasındadır. Arxayın ol.

Səbahəddin Əlinin çöhrəsində qəribə təbəssüm oyandı.

Rasix bu təbəssümdən, “Silah nəyimə lazımdır?” – sualını oxumuşdu.

Məşhur yazıçı tapançanı özünə tərəf çəkdi, əyləşdiyi stula söykədiyi çantanı qucağına aldı.

Zərfləri stolun üstünə qoyub tapançanı götürdü.

* * *

Keçmişin gözəl xatirələrinə qarışdı.

Mavi səyahət vaxtlarında əlindəki tapançanın hekayəsi ilə birgə yaddaşına həkk olunmuş anlar zehnində canlandı.

Hərçənd ötən günləri bir o qədər yaxşı keçməmişdi, amma belə çətinliklərlə də üzləşməmişdi.

Əlqərəz, Səbahəddin hər şeyi puç etmişdi.

* * *

Nəhayət, xatirələrdən sivişdi, sağ əlinin şəhadət barmağını zərflərə uzadıb öləziyən səs tonu ilə:

– Dediyim kimi, gecə birini Aliyəyə çatdır, o birini də Məhməd Əlinin qapısının altından at. Hər ikisinin adı zərflərin üstündə yazılıb, – dedi.

Rasix başını yellədi. Üzünə Səbahəddinin xoşladığı, xüsusilə, çətin anlarda peyda olan etibarlı ifadənin işığı yayıldı.

Yazıçı düşündü ki, gənc oğlanın bu halını daha çox sevir. Onun bu görkəmini yaddaşının dərin qatlarına – əbədi xatirələrinin arasına həkk etdi.

Müşkül, hamının ondan hürkdüyü çətin günlərdə gənc Rasix hansısa təhlükədən çəkinmədən evinin qapısını ona açmış, bu müddət ərzində onun dostuna, qardaşına çevrilmişdi.

* * *

Gecə hər şeyi danışdıqları üçün səhər yeməyini hansısa ayini həyata keçirircəsinə səssizcə yedilər.

Bir neçə zeytun, bir tikə pendir, Rasixin qabığını soyub dilimlədiyi, üstünə zeytun yağı tökdüyü pomidor, armudu stəkanda pürrəngi çay. Qızardılmış çörək də öz yerində.

… Beləcə davam etsə, nə gözəl olardı.

Amma söhbət Səbahəddindən gedirsə, işlərin belə gözəl davam etməyinə nə imkan, nə də ehtimal vardı.

* * *

– Yolçu yolunda gərək! – yazıçı ayağa qalxdı.

Çantasını götürüb qarderoba tərəf addımladı, qararəngli dəri gödəkcəsini geyindi. Rasixi bərk-bərk qucaqladı.

– Başqa vaxt, başqa yerdə, Rasix… – dedi, – İki damcı göz yaşı yanaqlarına süzüldü.

Ağlamamaq üçün özünü güclə saxlayan, doluxmuş Rasix də, “Özünə yaxşı bax, qardaşım” – deyib təzədən ona sarıldı.

Rasix Səbahəddinə ilk və son dəfə, “Qardaşım” – demişdi.

Səbahəddin uzatmaq istəmədi. Yoxsa əlavə edərdi: “Vətən sənə əmanətdir, gənc dostum”.

Qəhərdən boğuldu, səsi çıxmadı. O danışmasa da, Rasix yazıçı dostunun nə demək istədiyini başa düşdü.

Məsələ ağır vəziyyətdə qıvrılan ölkəsi, bir tikə çörəyə möhtac insanlardırsa, zülmün, qəddarlığın kimdən necə gələcəyinin Rasix üçün qorxusu yox idi.

* * *

Pilləkəndə hiss etdi ki, gənc dostu onun ardınca qapını bağladı: beləcə, keçmişlə əlaqəsi qopmuş, gənc dostu ilə birgə tanıdığı dünya da geridə qalmışdı.

… Binanın ağır dəmir qapısını bağlayandan sonra necəliyi, nəticəsi haqda zərrəcə gümanı olmayan səfəri başlayacaqdı.

Tərəddüdsüz, sürətlə küçəyə çıxdı, yolun o tayına keçdi.

Son dəfə binaya – onu ən çətin zamanlarda qorxmadan qonaq edən Rasixin mənzilinə boylandı.

Gənc dostu da pəncərədən ona baxırdı.

– Əziz Rasix… – Səbahəddin öz-özünə pıçıldadı.

Dostu Rasixi və bir neçə əzizini arxada qoyub məchul yola üz tutdu.

* * *

“Bir dəfə də yola bu cür çıxmışdım”, – addımlayarkən düşündü.

İyirmi il əvvəlki səfərə bugünkündən fərqli yola salınmışdı…

BİR

1928-ci ilin dekabrında – qışın ilk günləri İstanbulun zərif tikilisi Sirkəçi vağzalında

yenə izdiham vardı.

Pəltək Səbahəddin onu yola salmağa gələnlərin arasında həmişəkitək işıq saçırdı. Səliqə ilə daranmış saçı, eynəyi, kostyumu, paltosu, qalstuku və fedora papaqla əsl alicənaba oxşayırdı. Digərlərinə nisbətən bəstəboy olsa da, bütün nəzərlər onda idi. Həmişəki kimi hamını özünə valeh edirdi.

Keçmişdən, indidən, gələcəkdən… – nələr danışmırdı! Otuz iki hissə hamısı birdən.

* * *

Həyəcanlı idi. Həyəcan nədir? Şövqlü idi! Möhtəşəm hədəfləri, izahımüşkül xəyalları vardı.

Gözəl xəbəri alanda, “Budur! Nəhayət, bəxtim açıldı” – demişdi.

Sirkəçi vağzalında sevincdən atılıb-düşməyinin, üz-gözündə güllər açmağının, zarafatlarının səbəbi başına qonan tale quşu idi.

* * *

Gözü bir qıza sataşdı. Deyəsən, qız da ona baxırdı, ya da Səbahəddin elə zənn etmişdi.

Göz-gözə gəlmək ümidi ilə təzədən boylandı.

Bu, Səbahəddinin adəti idi: qadınlarla ünsiyyət qurmağı xoşlayırdı. Yaşamı qadınlarsız təsəvvür etmirdi. Həmcinsləri olmasa, bəlkə, birtəhər dözərdi, amma qadınsız əsla.

Zarafatlar, söz-söhbətlər… Amma onun fikri həmin qızda idi.

İmtahanı bir yerdə vermişdilər. Deməli, o qız da qalib olub və səyahətə birgə çıxacaqlar.

Səbahəddinin ürəyi fərəhlə aşıb-daşdı.

* * *

Qatarın tərpənməyini gözləyənlər diqqətlə divardakı iri saata baxırdılar. Nəhəng əqrəb sürətlə axır, hər dövrədə kiçik əqrəbi Almaniya qatarının hərəkət saatına bir az da yaxınlaşdırırdı.

Nəhayət, qatarın dispetçeri amiranə tərzdə fit çaldı, əlindəki rəngli fənərləri qaldırıb sürətlə qatarın başına – lokomotivə sarı yüyürdü.

Vaxt idi.

Səbahəddin bir əlini Pertevin

, digərini Nihalın

çiyninə qoydu:

– Minməsəm, mənsiz gedəcək, – başı ilə qatara işarə etdi.

Dostları bayaq qatara minən gənc qızın onun ağlını başından almasından xəbərsiz idilər.

Gənc Səbahəddin əziz dostlarına, “Salamat qalın” – dedi, filmlərdəki səhnələri təqlid edib özünü son anda qatara atdı.

Bu təlxəkliyi ilə dostlarını güldürdü.

* * *

Gözü qatar dispetçerində olan maşinist fit ipini bu dəfə gec buraxdı və yorğun lokomotiv hərəkətə başladı.

Səbahəddin digər sərnişinlər kimi pəncərədən boylandı, Sirkəçi vağzalında hay-küy salan dostlarına əl etdi.

Pertev son anda irəli atılıb əlindəki qəzeti – bu, 28 noyabr 1928-ci il tarixli “Cümhuriyyət” qəzeti idi – Səbahəddinə uzadıb:

– Bunu saxla, – ucadan dedi, – latın hərfləri ilə çap olunan ilk qəzetlərdəndir. Yüz ildən sonra çox dəyərli olacaq. İçindəkiləri də diqqətlə oxu.

– Əlbəttə, əlifba inqilabı uğurla başa çatsa! – Səbahəddin gülə-gülə qəzeti yellədi.

* * *

Taraq-turuqla şütüyən köhnə qatarda bir əlində taxta çamadan, digərində “Cümhuriyyət” qəzeti tutan gənc ətrafa göz gəzdirdi. Axtardığı qız bu vaqonda deyildi. Vaqonlararası qapılardan keçə-keçə qatar boyu irəlilədi. İki vaqon sonra hədəfinə çatdı.

Platformada rastlaşdığı qızı tanımadığı üç başqa tələbə ilə tapdı. Gənclər qızın qarşısında oturmağa çəkinmişdilər. Səbahəddin fürsəti fövtə verə bilməzdi. Ona görə də cəld tərpəndi.

Deyəsən, birlikdə Almaniyaya dil öyrənməyə gedəcəkdilər.

Beş gəncin hər biri Müəllim Məktəbinin məzunu idi və Qazinin

istəyi ilə həyata keçirilən proqrama əsasən İstanbuldan yola çıxırdılar.

Dəsmalıyla göz yaşını silən gənc qızın qarşısında oturub əlini uzatdı:

– Adım Səbahəddindir. Sizin kimi Almaniyaya gedirəm.

Qız təəccüblənmədi. Birlikdə gedəcəklərini əvvəldən – platformadakı baxışlarından başa düşmüşdü.

O da əlini uzadıb:

– “Məlahət”

, – dedi və əlavə etdi, – Tanışlığa şadam.

Nədənsə Səbahəddin səfər yoldaşını adəti üzrə söhbət atəşinə tutmadı. Qarşıda uzun yol, danışmaqçün xeyli vaxt vardı.

Hələ vaqonun pilləkənində, “Ağır otur, batman gəl” – deyib özünü tənbeh etmişdi.