скачать книгу бесплатно
* * *
İçində “Rəsmli Ay”ın
son sayı olan “Cümhuriyyət” qəzetini açdı.
Jurnalı yanına, latın əlifbası ilə çap olunmuş qəzeti dizləri üstünə qoydu. İlk sətirləri oxuyanda “Milliyyət” qəzetinin altı ay əvvəl başlatdığı təcrübə yadına düşdü. O vaxt “Milliyyət” öz manşetində “Bax vəqil İsmət Paxa cənablarının İstambula gəlixini” xəbər vermişdi.
Türk dilinə uyğun olmayan şriftlərlə yazılan xəbər xeyli gülüş doğurmuşdu. Yazının başlığına əlavə qeyd də qoyulmuş, latın hərflərinin necə oxunacağı izah edilmişdi.
“Milliyyət”in ardınca “Cümhuriyyət”, “İqdam”, “Son Saat”, “Hakimiyyəti-milliyyə” bu təcrübəni sınamışdı. Qəzetlərdə bir müddət ərəb hərfləri ilə yanaşı latın əlifbası ilə yazılan türk dilinin də istifadəsinə başlanmış və nəticədə, islahat tamamlanmışdı.
Səbahəddinin yola düşdüyü gündən etibarən bütün qəzetlər yeni türk dilində çap olunacaqdı.
Pertevin verdiyi qəzeti oxuyarkən bir tərəfdən də islahat üçün görülən hazırlıqların işə yaradığını düşünürdü. Yeni əlifba ilə yazılan türk dilini istifadə edən qəzetlər bu yolda xeyli əhəmiyyətli iş görmüşdü. Ölkənin hər tərəfində açılan kurslar da yeni yazının mənimsənilməsində çox faydalı olmuşdu. Bununla belə dəyişiklik üçün bir çox insanın qəzet oxumaqdan vaz keçəcəyi güman edilirdi. Avamından ziyalısına qədər – hər kəs qəzet satışının iyirmi beş-otuz faiz azalacağından bəhs edirdi.
Gənc düşünürdü: “Görək… Deyilənlər, həqiqətən də, baş verəcəkmi?”
Səbahəddin yaxşı bilirdi, gənc Türkiyə dövlətinin məqsədi müasirləşməkdir. Onun Almaniyaya göndərilməsi də elə bu məqsədin bir hissəsi deyildimi?
Şübhəsiz!
Türkiyə Respublikası Almaniya, İngiltərə və Fransaya onlarla gənc göndərirdi. Qazinin də vurğuladığı kimi, məqsəd ölkəni çağdaş mədəniyyət səviyyəsinə qaldırmaq idi.
* * *
Səbahəddin yeni əlifba ilə yazılmış bir məqaləyə də göz gəzdirib qəzeti qatladı:
– Oxumaq istəyirsiniz? – deyib yol yoldaşına uzatdı. Gənc qız gülümsündü və təşəkkür edib qəzeti götürdü.
Gənc tələm-tələsik taxta çamadanını açdı, içindən bir kitab və balaca lüğət çıxarıb dizlərinin üstünə qoydu.
Yeniqapı və Lanqa bostanları artıq geridə qalmış, solda güclə görünən dəniz tədricən gözdən itirdi. Qatar Halqalıdan
şimal-qərbə – Frakiyanın
mərkəzinə hərəkət edirdi.
* * *
Vaxt keçdikcə Frakiyanın soyuğu əməllicə hiss edildi.
Səbahəddin zəif lampa işığında Məlahətin əl çantasından bir cüt əlcək çıxardığını gördü. Maraqla gənc qıza yaxınlaşıb:
– Üşüyürsünüz? – soruşdu.
Gənc qız başıyla təsdiqlədi:
– Çox soyuqdur.
Səbahəddin səfərə hazırlaşdığı vaxt yol şəraiti və Almaniya haqqında məlumat toplamışdı:
– Ədirnəni keçənə qədər bu köhnə lokomotivlə gedəcəyik. İstiliyi yoxdur. Sonra bolqarların qatarına minəcəyik. Eşitdiyimə görə, o qatarlar qızdırıcılıdır; lokomotivdən vaqonlara istilik yayılır. Almaniyaya üşümədən gedə biləcəyik.
Ətraflı izaha qulaq asan Məlahət, “Olduqca bilikli adamdır” – düşündü. Gəncin yüksək diqqətini görən qız bir-iki kəlmə danışmağı lazım bildi.
– Deyəsən, bir qədər almanca bilirsiniz, eləmi? – Səbahəddinin dizi üstündəki almandilli kitaba və lüğətə işarə etdi. Beləcə, Səbahəddinin ünsiyyətqurma səyinə qarşı tamamilə səssiz qalıb kobudluq etmədi.
– Xeyr, – gənc dedi. Qızın diqqəti könlünü oxşadı. Onunla danışandan bəri büründüyü roldan çıxıb özü oldu, yenidən kəkələyə-kəkələyə gəvəzələdi, – Bu kitab keçən il əvvəl ingiliscə çap olunub və çox maraq çəkdiyindən dərhal alman dilinə tərcümə edilib. Dostum verdi. Lüğətdən istifadə edərək sözləri tapmağa çalışıram. Adı “Neft”, müəllifi Epton Sinklerdir
. Elə indiyəcən çətinlik çəkmədən tapdığım kəlmələr sadəcə kitabın və müəllifin adıdır.
Gənclər bir-birinə baxıb gülüşdülər.
* * *
Qatar Frakiyanın mərkəzinə yaxınlaşdıqca soyuq daha kəskin hiss olunurdu. Sərnişinlər gecə soyuqdan titrəyəcəkdilər.
Hamı jaket geyindi. Hətta bəziləri əyninə üst-üstə iki jaket keçirdi, adyalı olanlar yanındakılarla bölüşdü.
Sirkəçi vağzalından yola çıxmış qatar dan söküləndə Bolqarıstan sərhədini keçdi. Sərnişinləri digər qatara ötürdülər. Son model lokomotivdən vaqonlara yayılan istilik sayəsində hamı rahat nəfəs aldı.
Səbahəddin qeyd dəftərçəsinə Bolqarıstanla Türkiyə arasındakı fərqi yazmışdı. Osmanlıdan yadigar ölkənin Birinci Dünya müharibəsindən sonrakı sürətli dirçəlişinə həm heyrətlənmiş, həm də əsəbiləşmişdi.
Plovdivi
keçəndən sonra Səbahəddini yuxu basdı. Yuxusuzluğa tab gətirə bilməyəcəyini başa düşən gənc bağa
çərçivəli eynəyini çıxardı, yaşıl mürəkkəbli qələminin qapağını bağlayıb qeyd dəftərçəsi ilə birlikdə qalın paltosunun cibinə qoydu.
* * *
– Haradayıq? – bir neçə saatlıq fasiləsiz yuxudan sonra Səbahəddin soruşdu.
– Bazarcığı
keçdik, Sofiyaya
irəliləyirik, – Məlahət cavab verdi.
Səbahəddin karıxaraq həyəcanla:
– Yuxuda sayıqlayıb xoruldamadım ki? – soruşdu.
Qız ona heyrətlə baxıb:
– Xeyr, – dedi.
Səbahəddin qəfil güləndə Məlahət onun zarafat etdiyini başa düşdü. Gülüşməyə başladılar.
Səbahəddin eynəyini taxdı, cibindən qələmini, dəftərçəsini çıxarıb Məlahətin bayaq adlarını çəkdiyi qəsəbələri qeyd etdi. Sonra Məlahətdən:
– Sizə yazılarımı oxuyum? – soruşdu.
Məlahət gülərüzlü gəncin səmimiyyətlə verdiyi suala:
– Əgər şəxsi deyilsə, buyurun, – cavabını verdi.
Səbahəddin boğazını arıtlayıb oxumağa başladı.
“Müfəssəl Cərmənistan Səyahatnaməsi.
Bismilləhir-rəhmanir-rəhim. Bu səyahətə başlamağımın, təfsilatlı yazıb nəql etməyimin səbəbi…”
İKİ
Almaniyada alman dili, ədəbiyyatı və mədəniyyətini öyrənmək Səbahəddindən ötrü qurtuluş çırağıydı.
Osmanlı İmperiyasında 1907-ci ildə doğulanlar arasında həyatı boyu əziyyət çəkməyən bir nəfər də yoxdur. Səbahəddin isə başıbəlalı Ədirnədə doğulub, ibtidai təhsilini düşmənlə burun-buruna, döyüşlərin getdiyi Ədrəmit, Çanaqqala kimi mərkəzlərdə bitirib.
Ölkənin ən çətin dövründə pulsuz internatda – Balıkəsir Müəllim Məktəbində oxuyub. 1927-ci ildə İstanbul Müəllim Məktəbindən məzun olub, dayısının köməyi ilə Yozqatda bir il müəllim işləyib. Dayısı Rüfət bəy Yozqat Dövlət Xəstəxanasında baş həkim olsa da, Səbahəddin bu şəhəri heç vaxt sevə bilməyib. Qəti qərarla Yozqatdan Ankaraya qayıdıb. Hamıya, Ankaradakı dostlarına da elə hey, “Öldürsələr də, Yozqata ayaq basmaram” – deyirmiş. Təhsil Nazirliyində işləyən dostlarından biri, “İndi nə edəcəksən? – soruşanda, “Moskvaya gedib bəxtimi orada axtaracağam” – deyib. Əslində, bu cavab Səbahəddinin fəryadı idi.
Dostu onun fəryadını sezərək həmin imtahandan bəhs edib iştirakını israrla tövsiyə etmişdi.
Beləcə, Səbahəddinin Almaniya sərgüzəşti başlamışdı.
* * *
– Çox təsirli yazırsan. Yerində olsam, həmişə yazaram, – Məlahət dedi.
Şeirlərini müxtəlif yerlərdə dərc etdirsə də, Səbahəddin özünü nə şair, nə də yazıçı sayırdı.
– Məqsədim elə budur, – dedi, – hələlik yığıram.
Həqiqətən də, yazılarını yığmaqla məşğul idi.
Qatarın keçdiyi hər kəndi, qəsəbəni, bir növ canına çəkir, insanların geyim-keçimlərini, hərəkətlərini incələyir, binaları, yolları yaddaşına yazır, suallar verir, cavabları dəftərçəsinə qeyd edirdi.
Qatarla səyahət qeyri-adi səfər yoldaşı sayəsində Məlahət üçün də əyləncəli idi.
Bir gecə də keçdi, sübh şəfəqi yayıldı.
Səbahəddin Belqrada böyük maraq, heyrət və həsədlə tamaşa edirdi.
Macar düzənliyi barədə dəftərçəsinə “Təsvirinə qələmin gücü çatmır” yazıb, belə davam etdi: “Qatar düz yolla, sağa-sola dönmədən, istiqamətini dəyişdirmədən fasiləsiz altı saat irəlilədi. Yolda zərrəcə kələ-kötürlük olmadı. Bu düzlük qatardakı hər kəsi təəccübləndirdi. Axırda sərnişinlər, “İlahi, yol ya sağa, ya sola barı barmaq boyda əyilsin” – deyə dua etdilər. Nəhayət, möhtəşəm stansiyaya – Peştə
çatdıq”.
Beləliklə, stansiyalar stansiyaları, şəhərlər şəhərləri əvəzləyəcək, Səbahəddin Peştdən sonra Praqa və Drezdenə də vurulacaqdı.
* * *
Berlinə çatanda Səbahəddinin sanki nitqi tutuldu.
Avtomobillərin vıyıltıyla şütüyüb keçdiyi geniş küçələr, böyük meydanlar və möhtəşəm binalarıyla göz oxşayan Berlin onu özünə valeh etdi.
Səbahəddin binalardan biri haqda belə yazırdı: “Vertheym”
adlı ticarət mərkəzi var. Bir ucundan baxsan, o biri ucu görünmür. Az qala, bir məhəllədən böyükdür. Deyilənə görə, beş min işçisi var… Maşallah!”
O dövrdə Türkiyədən Almaniyaya gəlmiş gənc müəllim üçün “Vertheym” kimi ticarət mərkəzi, həqiqətən, heyrətamiz idi. 1896-cı ildə inşa edilmiş, damı şüşə olan binada səksən üç lift vardı. Minlərlə müştəri eyni anda alver edirdi.
Şübhəsiz, 1460-cı ildə tikilmiş, minlərlə dükanı olan Qapalı çarşı da əhəmiyyətli ticarət mərkəziydi, amma “Vertheym” gənc Səbahəddinin ağlını başından aldı.
* * *
Səbahəddin dostlarıyla söhbətləşəndə Almaniyanın inkişaf səviyyəsindən dəm vurur, təkrar-təkrar məşhur ticarət mərkəzindən danışırdı.
Doğrudur, müqayisədə türk gənclərin geyim-keçimi, davranış tərzləri almanlarınkından elə də fərqlənmirdi.
İki ölkənin insanlarını qarşılaşdıranda aradakı fərqi görür, inkişaf səviyyəsini müqayisə edib kədərlənirdilər. Halbuki onlar Türkiyənin ən yaxşı yetişdirilmiş, seçilmiş gəncləriydi.
Türk müəllimlərdən ibarət kiçik qrup hər dəfə iki ölkə arasındakı fərqləri müzakirə edəndə söhbət, təbii ki, həmişə eyni nöqtəyə – Osmanlının əhəmiyyət vermədiyi, gənc Türkiyə Respublikasının isə ümdə məqsədi olan sənaye inqilabına gəlib çıxırdı.
Osmanlı imperiyasının müxtəlif bəhanələrlə ölkəyə avtomobil buraxmadığı illərdə Almaniya maşın istehsal edərək başqa ölkələrə satmağa başlamışdı. Beləliklə, “ox yaydan çıxmışdı”.
* * *
Türk hökuməti tərəfindən Almaniyaya dil öyrənməyə göndərilən beş gənc beş gün ərzində şəhəri o baş-bu baş gəzdi və Berlinin sehrinə qapılıb pullarını xərcləyib qurtardılar.
Tütün almağa belə pulu qalmayan Səbahəddin məşhur “Vertheym”dən aldığı qəlyanını doyunca işlədə bilmədi.
Səbahəddin, Məlahət və digər gənclər birlikdə səfirliyə yollandılar.
Elə o gün Səbahəddin, “Səfirliyin bizə rəhmi gəldi, dərhal Potsdama göndərdilər” – üstəlik səfirlik əməkdaşının qısa xəbərdarlığı, “Alman dilini lap tutuquşu kimi tez öyrənəsiniz!” – dəftərçəsinə qeyd etdi.
Gənc Səbahəddin və üç dostu Potsdamda
“Deutsches Institut für Ausländer”də
yatılı təhsil almağa başladı. Orada Türkiyədən göndərilən başqa tələbələr də vardı. Məlahət isə onlardan on dəqiqəlik məsafədə yerləşən başqa məktəbə qəbul edilmişdi.
ÜÇ
Günlər ötdü, həftələr sovuşdu, aylar dolandı…
Səbahəddin, az qala, alman dili ilə nəfəs alırdı. Əlbəttə, bunu türk səfirlik əməkdaşı, “Alman dilini lap tutuquşu kimi tez öyrənəsiniz”, – dediyi üçün etmirdi. O, təkcə çox maraq bəslədiyi alman dilini öyrənmək üçün yox, habelə ədəbi biliyini və mədəni zövqünü inkişaf etdirməkdən ötrü Almaniyaya üz tutmuşdu.
Alman ədəbiyyatının bənzərsiz əsərlərini orijinaldan oxumağa can atırdı.