banner banner banner
Yaşıl mürəkkəb
Yaşıl mürəkkəb
Оценить:
Рейтинг: 0

Полная версия:

Yaşıl mürəkkəb

скачать книгу бесплатно


Hər dəfə dostlarına, “Təsəvvür edin, bu dili öyrənəndə, nəinki Almaniyada yazılmış ədəbi əsərləri, həmçinin Avstriya, İsveçrə, Elzas

, Bohemiya

və Sileziyadan

çıxmış yazıçıları da oxuya biləcəyik” – deyib həyəcanını dilə gətirirdi.

Dostları Göteylə, Şillerlə təzə tanış olanda o, IX əsrdə yaşamış rahib Otfrid fon Veysenburqun adını zikr etməyə başlamışdı.

Çox keçmədən XI əsrdə qələmə alınmış Volfram fon Eşenbaxın romansı “Partsifal”dan

və Gotifrid fon Strasburqun “Tristan və İzolda”

əsərindən də bəhs edəcəkdi ki, Səbahəddin bu iki əhəmiyyətli əsərlə zəngin alman musiqisinə də baş vurdu.

İstirahət günlərində bəzən dostları, bəzən də Məlahətlə görüşür, əksərənsə vaxtını ütülü şalvarda, fedora papaqda, səliqəli bağlanmış qalstukla konsert zallarında təkbaşına keçirirdi. Yaşadığı yer Berlinə yaxın idi deyə tez-tez bəstəkar Vaqnerin əsərlərindən ibarət konsertlərə gedirdi.

Alman ədəbiyyatı kimi, alman musiqisini də dərindən öyrənirdi.

* * *

Qürbətdə yaşayanların nisgili səngimək bilmir. Fikirləri həmişə geridə – vətəndə qalır, xüsusən, sevgi xatirələri…

Gecə gözünü yummadı. Səhərə yaxın mürgüləsə də, yata bilmədi, çarpayıdan qalxdı. Sviterləri üst-üstə geyinib iş stolunun lampasını yandırdı.

Götür-qoy edib qərara gəlmişdi: xüsusi etinayla ərəb əlifbasında yaşıl mürəkkəbli qələmiylə yazdığı şeirlərini qarşılıqsız sevdiyi qadına hədiyyə edəcəkdi.

– İlahi, nə böyük sevgidir! – sanki inlədi.

Dəftərinin ilk səhifəsinə “Nahidə”

yazdı.

Nahar fasiləsində məktəbdən çıxıb dəftərini o vaxtlar Ankarada müəllim işləyən böyük sevgisinə göndərəcəkdi.

Səbahəddin günəşin ilk şölələri pəncərədən süzülənədək masa lampasının işığında işlədi.

“Qurbağanın serenadası”, “Körpünün uşaqları”, “Qırışlar”, “Oyuncaqlar” başlıqları ilə dörd hissəyə böldüyü şeir dəftərini çantasına qoydu.

Nə böyük eşqdir! Qarşılıqsız, amma böyük!

Onda Nahid xanım hələ on doqquz yaşında idi. Gözəlliyi və zəkasıyla işıq saçırdı. Kişilər onun ətrafında pərvanətək dolanırdılar. Səbahəddin isə Yozqata getməzdən qabaq – İstanbulda ona vurulmuşdu. Sevgisini etiraf etmiş, amma müsbət cavab ala bilməmişdi.

Yozqatdan qalaq-qalaq məktub göndərsə də, nəticə dəyişməmişdi.

Məğlubiyyətini “Sərvəti-fünun” jurnalında “Bir macəra” adıyla dərc etdirdiyi şeirdə ifadə etmişdi.

Üzünü qırxarkən bu şeirin ilk bəndini ucadan oxudu:

Nəticəsiz məhəbbətə bağışladım gəncliyimi,

Gördüm onun nə meylini, nə mərhəmət sığalını.

Diz çökərək hüzuruna deyəndə mən sevdiyimi

Gözləri bir sillə ilə devirdi saf xəyalımı…

Bu sillənin təsiri hələ davam edirdi. Gənc qarşılıqsız məhəbbətin cənginə keçmişdi. Başına gələni lap yaxşı bilirdi, amma eşqdən kim qaça bilər ki?

Səbahəddin qəti qərar vermişdi. Səhər yeməyini bitirdi, günortadan əvvəlki dərslərinə girdi, ardınca poçta yollandı. Cidd-cəhdlə hazırladığı şeir dəftərini Nahidə göndərdi.

* * *

Zaman sürətlə axıb keçirdi.

Gənc “əldəki quşun budaqdakı quşdan faydalı olduğunu” düşünərək Məlahətlə münasibətini heç kəsmədi. Gözəllikdə, cazibədə və başqa keyfiyyətlərdə Nahidə çata bilməsə də, Məlahət daha yaxında, əlçatan idi. Hərdən xüsusi icazə alaraq qızı məktəbdən götürür, birlikdə ətrafı gəzir, Potsdam kafelərində vaxt keçirirdilər. Haçan rastlaşsalar, bir-birinə təzə öyrəndikləri şeylərdən danışırdılar. Əlbəttə, ən çox Səbahəddin danışır, Məlahət qulaq asırdı.

* * *

Səbahəddin bir gün həmişəki kimi əlində kitabla məktəbin qarşısında Məlahəti qarşıladı. Dərhal, “Dostların yaraşıqlı türklə görüşdüyünü yenə də soruşdularmı?” – deyərək marağını gizlətmədi.

Məlahət bunu əvvəlki görüşlərin birində söyləmişdi. Həqiqətən də, haçan küçəyə çıxsa, “Yaraşıqlı türk gəldimi?” – soruşurdular. Qızın ağzından səhvən çıxan bu ifadə gəncin ürəyinə elə yatmışdı ki, dilindən düşmürdü.

– Eh, kaş heç deməzdim, – Məlahət deyindi, – hə, “yaraşıqlı türklə” görüşüb-görüşmədiyimi yenə soruşdular.

Halbuki qız indi çox ciddi idi: Səbahəddinin lovğalanmağına imkan verməyəcəkdi.

– Hansı kitabı oxumağa başlamısan? – deyib mövzunu tez dəyişdirdi, gəncin “yaraşıqlı türk” sözündən həzz almağına mane oldu.

– Rilkenin

bir kitabı, – Səbahəddin bu suala məcburən cavab verdi.

* * *

Kafedə əyləşdilər. Səbahəddin papağını yandakı stula qoydu, qəlyanını səliqə ilə doldurub alışdırdı. Kəkələyə-kəkələyə danışmağa başladı:

– Rilkeni mütləq oxumalısan, Məlahət. Oxuyarkən həyatı da müşahidə etməlisən. O möhtəşəm insan mənə elə fikir aşıladı ki, o fikri həyat fəlsəfəmə çevirdim. Bu haqda danışmağımı istəyirsən?

Məlahət dostunun üzündəki ifadədən başa düşdü ki, çox ciddidir. Bəzən “etmə”, “demə”, “soruşma” söyləyərək zarafat etməsinin həmin an işə yaramayacağını düşündü.

– Qulağım səndədir, – deyib əlindəki qəhvə fincanını stolun üstünə qoydu.

– Məlahət, yalnız möhtəşəm həyat yaşayan insanlar ortaya möhtəşəm əsər qoya bilərlər. Rilke məhz belə şəxsiyyətlərdəndir. Ailəsinin, xüsusilə, anasının təsiri, Praqada keçən uşaqlıq xatirələri, sevgilisi ilə birlikdə Rusiya, Skandinaviya səyahətləri və Rodenlə

Parisdə keçirdiyi günlər…

Səbahəddin bu məqamda susdu.

Məlahət düşündü ki, o özünü Rilkenin yerində təsəvvür edir, sanki Rilkenin həyat təcrübəsini mənimsəməyə çalışırdı.

Səbahəddin sönmüş qəlyanını yenidən alışdırdı, soyumuş qəhvəsindən bir qurtum içdi və stolun üstündəki kitabı göstərərək söhbətinə davam etdi.

– Məsələn, bu “Das Stunden-Buch” əsərini “Saatlar kitabı”, yoxsa “Dua saatları” kimi tərcümə etməliyəm? Qərar verə bilmədim. Şair kitabın ilk hissəsində tanrı obrazı yaratmağa çalışır. Deyir ki, Allahı kainatın xaricində deyil, zərrələrdə axtarmalıyıq…

Həmişəki kimi bir xeyli danışdı. Vəhdəti-vücuddan başlayıb təsəvvüfdə qurtardı. Ardınca cibindən başqa kitab çıxarıb “Das Stunden-Buch”un üstünə qoydu, qəlyanından qullab aldı. Məlahət kitabın adını oxudu:

– Tomas Mann

“Buddenbroklar” – nə deməkdir?

Səbahəddin:

– Ailənin soyadıdır, – deyərək gülümsədi. Qəlyanından bir neçə dərin qullab alıb sözə davam etdi, – yazıçının Lübekli

ailəsinin macərasıdır. Başdan-ayağa satiradır. Mann bu kitabda Buddenbrokların dörd nəslinin addım-addım varlanması və dağılmasını təsvir edir. Bir yandan burjuaziyanın uğur qazanma əzmi, qazanılan pula yiyə durmaq istəyi, digər yandan amansızca biliyi qorumaq həvəsi… Tomas Mann hər şeyi necə də sadə, səmimi nəql edib… Aristokratiyanın başa çatmağı ilə ortaya çıxan bu yeni sinfin sənətə verdiyi dəyəri nə qədər tərifləyibsə, onun pis vərdişlərini, cah-calalını, tərbiyəsizliyini də o dərəcədə ifşa edib. İfşa da sözdü? Ağ yuyub, qara sərib…

Söhbətin bu yerində gəncin səsi yavaşıdı, sonra maraqla:

– Mann niyə belə uğurludur, bilirsən, Məlahət? – soruşdu.

Qız aydın tərzdə:

– Xeyr, – deyəndə Səbahəddin səbəbi açıqladı.

– Hadisələrə elə nüfuz edir ki, sonradan öyrənilən, yaxud kiminsə çatdırdığı məlumatı təkrarlamış kimi görünmür.

Səbahəddin danışdıqca danışdı. Məlahət imkan versə, hələ davam edərdi. Qız cəsarətini toplayıb qol saatını göstərdi: məktəbə qayıtmaq vaxtı gəlmişdi.

Hesabı ödəyib kafedən çıxdılar.

Səbahəddin yol boyu danışdı:

– Bax, Məlahət, Almaniya və digər ölkələrin bədii əsərlərini keçmişdən gələcəyə doğru bir xətt üzərində düzsək, görərik ki, Tomas Mann alman ədəbiyyatının son dayanacağıdır. O sağdır, bizdən cəmi otuz iki yaş böyükdür. Müasirimizdir, – deyib həyəcanla əlavə etdi, – niyə mən də onlardan biri olmayım?

Məlahət dostunun nə demək istədiyini çox gözəl başa düşdü. Ciddiyyətlə:

– Eləysə sən yaz, Səbahəddin, – dedi.

Səbahəddin:

– Yazacağam, amma hələ tezdir, – cavab verdi və Almaniyaya gələndə qatarda dediyi sözü təkrarladı, – hələlik çox mütaliə etməli, təcrübə yığmalıyam.

* * *

Ayrılıq vaxtı çatdı. Hər iksi susurdu, amma qəfil baxışları toqquşdu.

– Nədir? – qız soruşdu. Gözləmədiyi cavab aldı:

– Deyəsən, sənə vurulmuşam, Məlahət.

Qız təəccübləndi, özünü itirdi:

– Hə-ə? Vurulmusa-an? – qırıq-qırıq kəkələdi. Sonra susdu… Səbahəddini incitmək istəmirdi, astaca, – Ailə qurmaq fikrim yoxdur, – dedi.

Əslində, Məlahət dil öyrənmək üçün Avropaya gələn başqa birini gözaltı etmişdi. Səbahəddin onun istədiyi xüsusiyyətlərə malik deyildi. Düzdür, yaxşı insan idi, amma Məlahət Səbahəddinlə birgə yaşamağı ağlına da gətirmirdi.

* * *

Məlahəti məktəbə ötürüb uzun müddət təkbaşına küçələrdə dolandı.

Nahidə bəslədiyi hislərinə qarşılıq ala bilsəydi, əlbəttə, o sözləri deməzdi.

Sanki Nahiddən sonra başqasına ehtiyac duyaraq Məlahətə sevgi etirafı etmişdi.

– Necə axmağam! – özünü dəfələrcə danladı.

Üstəlik rədd cavabı almışdı.

Ayaqları şişənəcən qaranlıq küçələrdə veyilləndi və çarəsiz məktəbə qayıtdı.

* * *

Dərindən sarsılsa da, kitablardan ibarət dünyası onu gözləyirdi.

Məktəbin ən sakit yerinə – kitabxanadakı guşəsinə çəkildi.

Qarşısında böyük lüğət, əlində özündən iyirmi dörd yaş böyük Kafkanın

“Der Prozess” kitabı vardı.

“Təəssüf, nəşrini görə bilməyib” – kitabı vərəqləyərkən düşündü. Kafkanın bir çox əsərinin bu kitab kimi ölümündən sonra işıq üzü gördüyünü hələ bilmirdi.

Müqəddimədə əsərin 1914-1915-ci illərdə yazıldığını oxudu. “Kafka kimi yazıçının kitabının nəşri on il sürübsə, deməli, bir kitabı insanlara çatdırmaq elə də asan iş deyil…” – düşündü. Yadına düşdü ki, bu on il ərzində Almaniya müharibə və böyük xaosla üzləşmişdi.

Kafka yəhudi olduğu üçün əsərlərinin Almaniyada uzun müddət qadağan edildiyinisə növbəti günlərdə öyrənəndə lap təəccüblənəcəkdi.

“Der Prozess”i oxuyarkən dəftərçəsinə Vertheymdən aldığı yaşıl mürəkkəblə “cinayət, azadlıq, yadlaşma, məsuliyyət, hakimiyyətə qarşı çıxma” kimi məfhumları qeyd etdi. Hər birinin türkcə qarşılığını tapıb əlavə etdi.

DÖRD

Səbahəddin yanvarın on beşi sevinclə oyandı.

Nəhayət, bütün gecə düşünüb İstanbula göndərəcəyi məktubun son cümləsini tapmışdı.

Dağınıq otaqdakı qarışıq masanın arxasına keçdi, yaşıl mürəkkəbli qələmini götürüb o cümləni yazdı: “Bu hesabatı kimin oxuyacağı Pertev Naili Mollanın qərarından asılıdır…”

Məktubun başına qayıtdı və yazdıqlarını yoxladı. Bu məktubu on beş gün əvvəl qələmə almağa başlamış və o gündən bəri şirin bir sərxoşluğa qapılmışdı.