banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

Dedi:

– Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, indi qalan suallarıma cavab ver.

Dedim:

– Buyur.

Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim.

Məşədi Həsən:

– Kənkanlıq bilirsənmi?

Mən:

– Necə kənkanlıq? Məgər bəy kənkanlıq edər?

Məşədi Həsən:

– Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi?

Mən:

– Necə özgələrə quyu qazmaq? Başa düşməyirəm.

Məşədi Həsən:

– Qoy açıq deyim. Danos verib ev yıxmaq bilirsənmi?

Mən:

– Xeyr, bilmirəm.

Məşədi Həsən:

– Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz.

O biri sual:

– Neçə borcun var?

Mən:

– Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur.

Məşədi Həsən:

– Bu da olmadı. Şərab içirsənmi?

Mən:

– Xeyr, heç anadan olandan dilimə dəyməyib.

Məşədi Həsən:

– Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı?

Mən:

– Necə boz palton?

Məşədi Həsən:

– Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli[16 - Düyməli] boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir.

Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm.

Dedi:

– Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik.

Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş, bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım.

Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tikilmiş idi. O biri yarısı köhnə zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür?

Dedi:

– Deyəsən qəribsən, bilmirsən?

Dedim:

– Bəli.

Dedi:

– A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, indi buranı tikiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun?

Dedim:

– Əmi, adın nədir?

Dedi:

– Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər.

Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır.

Dedim:

– Qardaş, bura nədir?

Dedi:

– Molla fabrikasıdır.

Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız?

Dedi:

– Molla olmaqdan ötəri.

Bu sözü deyib ah çəkdi. Dedim:

– Balam, niyə ah çəkdin?

Dedi:

– Keçən günlər yadıma düşdü.

Dedim:

– Necə məgər?

Dedi:

– İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma indi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut.

Dedim:

– Səbr elə, Allah kərimdir.

Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində on-on beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi, yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir?

Dedi:

– Bura da Şah Abbasın tənbəlxanasıdır.

Dedim:

– Oradakılar kimdir?

Dedi:

– Gəncənin hacıları və məşədiləri.

Dedim:

– O molla nə qayırır?

Dedi:

– Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan[17 - Mövtufat – vəqfə verilmiş şeylər: vəqf – xeyrat, ehsan: məscid, məktəb xeyrinə sərf olunmaq üçün qoyulmuş mal, mülk və sairə.] verilir, özlərinin də adları nəqibin[18 - Nəqib – Bir qövmün və ya qəbilənin rəisi, yaxud vəkili.] dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar.

Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim:

– Bu oxuyan kimdir?

Dedi:

– Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər.

Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim:

– Bunlar nədir?

Dedi:

– Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər.

Gördüm vaxt keçir, getdim mənzilə.

Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samovarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim.

Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi:

– Dur gedək gəzməyə.

Dedim:

– Bundan sonra haranı gəzəcəyik?

Dedi:

– Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox.

Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”.

Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır.

Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın iki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi:

– A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək.

O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi.

Dedim:

– Məşədi Həsən, yellədək nədir?