banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”.

İstəyirdim yenə mürgüləyəm, bir kişi, əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş.

Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlimci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-iki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh” “afərin, nə lətifdir” sözlərini deyir və ağzının iki yanından su axır. Yaxınlaşıb soruşdum:

– Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya?

Dedi:

– Gəncəyə gedəcəklər.

Dedim:

– Bəs bura haradır?

Cavab verdi:

– Görünür sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat dörddür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına iki min oyun gələ bilər.

Dedim:

– Bəs onda siz yəqin mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim.

Dedi:

– Heç məsləhət deyil, əyləş, özünə bir-iki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al vərəqlə.

Dedim:

– Axı rusca savadım yoxdur.

Dedi:

– Neyləyirsən savadı, məgər mənim savadım var? Budur bu qəzetəyə məndən iki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, indi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, indi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?

Gördüm rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim:

– Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı?

Dedi:

– Çox gözəl müsəlman “qəsdin”ləri var: “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız.

Mehmanxanaların adını bilib, çəkilib kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər.

Xülasə, sübh açıldı, nasilşiki oyadıb dedim:

– Şeyləri götür, apar faytona.

Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca.

İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər.

Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşikim “fayton” – deyib qışqıranda bir erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub altı şahı məndən zəhmət haqqı alıb “spasibo”, yəni “çox razıyam”, ya “çox sağ ol” – deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç dəfə bərk dartıb sonra qamçı ilə iki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola düşdü.

Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər. Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı.

Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə. Kimi odun satır, kimi qalır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi[11 - Səngə – səngək çörək çeşidi, səngəkçi – səngək bişirib satan.], kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır.

Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər çinarın üstündə iki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim:

– Dayanma, tez ol sür.

Faytonçu soruşdu:

– Bəs haraya düşəcəksən?

Dedim:

– Sür müsəlman qəsdinlərinin birinə.

Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə[12 - Zərrab – metal pula sikkə vuran. Görünür, bu küçədə zərrablar varmış.] çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.

Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur[13 - Məhəmməd peyğəmbərin təvəllüd günü.]. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar mövlud oxuyurlar.

Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.

Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”

Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır.

Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar.

Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur.

Dedim:

– Ağa, bu kimdir?

Dedi:

– Elə belə, sənin nə işin var, balam?!

Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.

Dedim:

– Niyə gedib oturmursunuz?

Dedilər:

– Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar.

Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, iki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi… hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi.

Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir.

Dedim:

– Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur.

Dedi:

– Bircə de görüm altıaçılanı tanıyırsanmı?

Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı:

“Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum:

– Kimsən?

Gördüm deyirlər:

– İçəri girməyə izin var?

Dedim:

– Hər kəssən, buyur.

Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu:

– Salaməleyküm.

– Əleykəssalam!

Sonra balaca şəxs başladı məndən üzr istəməyə:

– Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən.

Soruşdum:

– Bəs sən kimsən?

Dedi:

– Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər.

Dedim:

– Çox əcəb, seyid də mehmanxana saxlarmı?

Gördüm seyid pozuldu. Dedi:

– Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki,ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir?

Dedim:

– Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, seyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan!

Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu:

– Bir şeyə meyl edəcəksiniz, ya nə?

Dedim:

– Bir qədər xörək göndər.

Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu.

Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi:

– Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə[14 - Kufə – Ərəb İraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir.] hara, Şam[15 - Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı.Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir.] hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, indi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on ikinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük.

Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi.

Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi:

– A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan?

Dedim:

– Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib.

Məşədi Həsən inanmayıb dedi:

– Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan.

Dedim:

– Buyur.

Məşədi Həsən soruşdu:

– Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var?

Dedim:

– Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər?