banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.

Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.

Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü anası onun yalanının anlayıb dedi:

– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!

Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, kərbəlayı, deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr.

Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.

Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.

Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi.

Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı.

Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi.

Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzaını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.

Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.

Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.

Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur iki aydır ona pul çatmır və peşkəş gəlmir.

Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.

Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.

Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.

Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar.

Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.

İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib.

Soruşdum:

– Kərbəlayı, sən hara, bu yerlər hara?

Dedi:

– Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.

Dedim:

– Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?

Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:

– Gördün?

Dedim:

– Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?

Dedi:

– Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.

Dedim:

– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?

Dedi:

– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.

Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı.

Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:

– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.

Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:

“Ba bədan yar gəşt həmsəri-Lut
Xanəndani-nübüvvətəş güm şüd”[7 - Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.]

AYIN ŞAHİDLİYİ

Ey gahi qədim kimi xəmidə,
Gahi pür olan misali-didə.

    Füzuli

Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.

Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular.

Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!

Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi.

Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi.

O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:

– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olmasaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim:

Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: indi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar.

Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.

Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!”

Səlman dedi: “Belə olan surətdə izn ver iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm.

Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”.

Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı allah yerdə qoymayacaq”.

Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.

Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər.

Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular.

Bu binəvayə neçə il katorqa kəsildi.

Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.

İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İmdi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm.

Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi:

“Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”. Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı…

Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.

Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.

Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahən-şahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam.

Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi:

“Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”

Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır.

Yuxudan ayılmağıma artıq heyf edib dedim: nə olardı bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim.

Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..

MOZALANBƏYİN SƏYAHƏTNAMƏSİ

Bizim möhtərəm mühərririmiz Mozalan[8 - Mozalan – Heyvanları sancan və qan soran iri milçəkdir. Burada məcazi mənada işlədilmişdir.] bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy”[9 - “Səyahətnameyi-İbrahimbəy” – Marağalı Zeynalabdin Məşədi Əli oğlunun (1837-1910) əsəridir. Üç cilddən ibarət olan həmin əsər İstanbulda, Qahirədə, Kəlkətədə və Tiflisdə (“Qeyrət” mətbəəsində) çap olunmuş və Yaxın Şərqdə geniş şöhrət qazanmışdır. Əsərin bir hissəsi inqilabdan əvvəl Azərbaycan dilinə tərcümə edilmişdir. Səyahətnamədə İran dövlət quruluşundakı yaramazlıqlar, törənən cinayətlər və özbaşınalıq qüvvətli vətənpərvərlik duyğusu ilə kəskin tənqid atəşinə tutulmuşdur.] kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, İrəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın… nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çe şömarəm be to mən nam be nam[10 - Mən sənə adbaad nə sayım?], bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.

Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?

Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.

Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on ikinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.

    (İdarədən)

Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı:

– Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza.

Mən yavuğa gedib salam verdim. Məni çağıran əlli, ya əlli beş yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər.

Məni çağıran, əlində papiros, məndən soruşdu:

– Bakıya maşın nə vaxt yola düşür?

Mən cavab verdim:

– Gərək indilərdə gedə.

Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi:

– Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər.

Mən buna yavaşca dedim:

– Ağa, səbr eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər.

Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir çığırma. Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən iki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:

– Tez ol, Bakıya dörd bilet ver.

Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:

– Dvadsat rubley çetır bilet Baku nelzya.

Elə qandım ki, deyir “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.

Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmir yol qatarının ikiminci klaslarının birində özümə bir yer tapdım.

Bir balaca daxmaya doqquz, bəlkə də on adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.

Bizim daxmamızda danışan yox idi. Amma dalanda iki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim. Hələ deyəsən “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim.

Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki, “burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə bunlar heç xəyal eyləmə-yirdilər ki, burada müsəlman olar.