Читать книгу Hekayələr (Чингиз Торекулович Айтматов) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Hekayələr
Hekayələr
Оценить:
Hekayələr

5

Полная версия:

Hekayələr

– Yox, mən onu ölümün ağuşuna ata bilmərəm! – Nurbek yerindən durdu və bir göz qırpımında özünü keçidə yetirdi. O nə edəcəyini, vəziyyətdən necə çıxacağını kəsdirə bilməsə də, onu bilirdi ki, burdan gedə bilməz.

Nurbek körpüyə tərəf qaçdı və çətinliklə nəfəs ala-ala alnını dəmir dirəyə söykədi. Beynində bircə fikir dolaşırdı: “Nə etsin? Bucurqadı necə təmir etsin? Necə? Heç bir səs-səmir yoxdur! Harayına hay verən yoxdur! Dəli Baydamtal, heç olmasa, sən bir söz de! Yox, sən məni eşitməzsən, öz gurultun qulaqlarına dolub!.. Mən indi nə edim?.. Axı mən insanam, mənim adım – İnsandır!.. Buna mən nail olmalıyam, çıxış yolunu mən tapmalıyam!”

– Tapdım! – Nurbek qışqırdı. – Tapdım!..

Hə, Nurbek vəziyyətdən çıxış yolu tapmışdı! O elə indi trosdan tutaraq çayı o üzə keçəcək. O tayda içi alətlərlə dolu olan bir yeşik görmüşdü. Ordan gərək olan alətləri götürmək, onları kürəyinə bağlayaraq yenidən yedəyə qayıtmaq və onu təmir edib yerinə – o taya qaytarmaq lazım idi. Bir daha ona toxunmayacaqdı, yaxşısı budur, göz işlədikcə çayaşağı getsin, bəlkə, aşağılarda bir bərə tapdı… Əşi, bunlar o qədər də vacib deyildi, ən vacib olan iş o idi ki, fikirləşdiyini yerinə yetirsin, başlıca məsələ Asiyaya həyata keçirdiyi böyük işdə əngəl olmamaqdır!

– Bir addım da olsun geri çəkilən deyiləm! – Nurbek inad etdi və ardınca da tərəddüd eləməyə başladı: – Bircə onu bilmirəm ki, bu gərginliyə duruş gətirəcəm, ya yox?.. Burdan yedəyə qədər altı-yeddi metr olar, bu yolu indi gəlmişəm, gəldiyim kimi də qayıdaram, ancaq yedəkdən o biri taya kimi trosla otuz metr yenə getmək lazımdır! Bu, çox uzaq oldu!.. Çox uzaq! Qoy olsun, mən hər şeyə hazıram, Asiya!

Nurbek şalbanın başına dırmandı və yuxarıdakı trosdan yapışdı. Aşağıdakı trosu ayağı ilə yoxladı. Birinci addımı sağ ayağı ilə atdı və mübarizə başlandı!

O, birinci addımını atandan aşağıda hayqıran çayın gurultusu ona bazar meydanlarında kəndirbazları müşayiət edən təbillərin dambıltısını, kərənayların və surnayların4 gur səsini xatırlatdı.

Nurbek bu cür səyyar kəndirbazları hələ uşaq ikən görmüşdü. Özbək kəndirbaz hündür qovaq ağaclarının bərabərində çəkilmiş kəndirin üstü ilə oyan-buyana hərəkət edirdi. Onun hər anı ölümlə və ya yıxılıb şikəst olmaqla nəticələnə bilərdi. Ancaq bu qorxmaz adam üzünü göylərə tutub Yaradana dualar edirdi: “Ya Allah!.. Ya Pir!..”

“Apa5, – Nurbek onda bərk qorxmuşdu və anasının ətəyindən yapışmışdı. – Gedək, apa, gedək burdan!” O heç bu tamaşaya baxa da bilməmişdi.

İndi isə Nurbek özü kəndirbaza dönmüşdü. O da yerdən çox hündürdə olan trosun üstü ilə hərəkət eləyirdi. Onun üstü ilə hərəkət etdiyi tros kəndirbazın kəndirindən heç də qalın deyildi.

Nurbek yedəyə çatıb gücsüz halda onun içinə sərildi. Yolun bir hissəsi arxada qalmışdı. Ancaq bu kiçik qələbə ona çox baha başa gəlmişdi! Tros onun ovuclarını deşik-deşik etmişdi, ciyərləri sinəsinə sığmırdı, qabırğaları yarışa çıxmış at qabırğaları kimi qalxıb-enirdi. İrəlidə isə bundan yüz dəfə çətin və əzablı, uzun bir yol var idi.

“Qayıt, ay bədbəxt, hələ ki gec deyil, geri dön, məhv olacaqsan!” – daxildən gələn bir səs belə deyirdi.

– Yox, mən axıracan duruş gətirəcəm! – Nurbek ucadan cavab qaytardı.

O ayağa durdu, pencəyinin astarını cırıb əllərinə doladı və mübarizə yenidən başlandı. Yenə də elə ilk addımdan təbillərin gumbultusu qulaqlarında səsləndi, gərənayların səsi aləmi bürüdü.

Bu dəfə Nurbek tez gücdən düşməyə başladı. O qorxdu və aşağı baxmayacağına söz verdiyini unudub ayağının altına tərəf boylandı. Bu zaman çayın sürətli axını elə bil birdən dayandı, başı gicəlləndi, gözlərinin önündə hər şey dövrə vurmağa başladı – dağlar, çay, gecənin özü belə sanki su burulğanında üzürdü, bunlar azmış kimi, burulğan onu da özünə çəkirdi. Buna baxmayaraq Nurbek özünü ələ ala bildi. Başını yuxarı qaldırdı, külək elə bunu gözləyirmiş kimi onun üstünə hücum çəkdi, sinəsindən geri itələdi. Ayağı trosun üstündən sürüşdü. Ancaq var gücünü toplayıb ayağını yenidən trosun üstünə – əvvəlki yerinə qoya bildi. Kürəyinə isti tər gəldi… Nurbek gözlərini yumdu, elə bildi açanda hər şey keçib-gedəcək, ancaq gözlərini açanda, demək olar, heç nə görmədi – hər şey əvvəlki kimi fırlanmaqdaydı; ürəyi bulandı. O heç zaman ağlının ucundan keçirə bilməyəcəyi bir boşluğa, kabusların dolaşdığı bir xəyal aləminə düşmüşdü. Onu qara basırdı. Bu yeni aləmdə Nurbek elə bil təzə bir həyata başlayırdı. Keçmişdə başına gələnlər, indiki halı bir anda qatma-qarışıq şəkildə gözlərinin önündə canlandı. Bununla belə, beyninin dərinliklərində bir fikir durmadan vurnuxurdu – qətiyyən dayanmaq olmaz, irəliləmək lazımdır, ancaq irəliləmək; dayanmaq ölümə bərabərdir və o asta-asta, dayana-dayana da olsa, irəli gedirdi.

Duzlu tər damcıları alnından sürüşüb ağzına axırdı. Əllərinə doladığı parça çoxdan cırıq-cırıq olmuşdu. Ovucları şişmiş, barmaqları taxtaya dönmüşdü, ağırlaşmış bədəni aşağı dartılırdı. “Özümü çaya atsam, necə olar? – Nurbek fikirləşdi. – Onsuz da məhv olmuş adamam, indən belə nə olasıdı ki! Bəs keçid necə olsun? Onu kim düzəldəcək? Deməli, Asiya Baydamtalın mənbəyinə gedib çıxa bilməyəcək? Deməli, onun xalq naminə gördüyü işlər yarımçıq qalacaq?”

Nurbek qəddini düzəltdi, daha bir neçə addım irəli atdı.

“Asiya! – o, ürəyində qıza müraciət etdi. – Mənə acığın tutmasın, incimə məndən, əlbəttə, mən sənin tayın deyiləm, mən cinayətkaram, qorxaq bir qaçağam, amma səni sevirəm! Hə! Boynuma alıram ki, bunu özümdən də gizlətmişəm!..”

Çayın ortasına çatandan sonra Nurbek daha irəliləyə bilmədi. Əlləri taqətdən düşdü, hissiyyatını itirdi, ayaqları sözünə baxmadı. Tərs kimi ayağının altındakı tros da boşalmağa başladı. Görünür, harasa ilişib və onun ağırlığına tab gətirməyərək yerindən çıxıb. Hiss etdi ki, ayağını dirədiyi yeganə dayaq – tros yavaş-yavaş aşağı enir, yerində silkindi, ağız dolusu havanı ciyərlərinə çəkdi və bu zaman onu dəhşətli öskürək tutdu. Öskürək nəfəsini kəsirdi. Nurbekin nəfəsi təntidi, sinəsinin altından qalxan ağrı onu silkələdi. Qana bulaşmış əlləri boşaldı və eyni zamanda tros get-gedə daha da aşağı endi. Nurbek trosun üstündə otərəf-butərəfə yellənməyə başladı.

“Əcəl! Əcəli çatdı!” – Baydamtal haray çəkib öz qurbanını gözləyirdi. Nurbekin barmaqları aralanmağa başladı.

“Əcəl! Əcəl!” – Baydamtal səbirsizcəsinə hayqırırdı.

– Su, bir qurtum su! – Nurbekin susuzluqdan ciyəri yanırdı.

“Əyil, çaydan su götür! Sənin yanğını kəsməyə bəs edər, əyil!” – sanki kimsə onun qulaqlarına pıçıldayırdı.

Nurbek var qüvvəsini toplayıb barmaqlarını sıxdı. Bu anda o, qolundakı saatın səsini belə eşidirdi. Bu inanılmaz olsa da, həqiqət idi. Çayın qulaqbatıran gurultusunun içində saatın ölçülü-biçili səsini aydınca ayırd etmək olurdu: “Çıq, çıq, çıq!” Burda saniyəbəsaniyə insan ömrü gödəlirdi! İnsan ömrü! Bu qısa zaman kəsiyində o, yaşamağın nə demək olduğunu başa düşdü…

O, bütün iradəsini toplayıb başını geri atdı və dərə boyu qışqırdı:

– Mən yaşayacam!

…Nurbek özünü sahilə çatdırdı, çatan kimi də üzüqoylu yerə yıxılıb bir saata qədər meyit təki, qımıldanmadan yerdə qaldı. Onun alətləri götürüb geri qayıda bilib-bilməyəcəyi hələ məlum deyildi, ancaq buna heç ehtiyac da qalmadı. Sıxılmış tros boşaldı. Sahildəki burulğacın köməyi ilə Nurbek yedəyi yerinə qaytardı. Səhərə yaxın onun təmirini başa çatdırdı.

Nurbek çaya tərəf endi, çəkmələrini çıxarmadan suya girdi və yalnız indi doyunca su içməyi özünə rəva gördü.

O, suyu qurtum-qurtum, aram-aram içir və uşaq kimi gülürdü. O bu gün ömründə birinci dəfəydi ki, mübarizənin və qalibiyyətin bütöv şirinliyini duyurdu. Onun bu cür şücaət göstərməsi təkcə özünə görə deyildi, heç şan-şöhrət, ad-san üçün də deyildi. O bu igidliyi qarşısına ali məqsəd qoymuş Asiyanın böyük arzularının həyata keçməsi naminə göstərmişdi.

– Hə, indi mən xoşbəxtəm! – Nurbek dedi. – Səhər tezdən Asiya Baydamtalın mənbəyinə gedəcək, artıq onun yolu açıqdır, keçid düzəlib!..

Nurbek bəxtəvərcəsinə nəm və qumlu sahillə evə tərəf qaçdı. Evə çatan kimi karandaş götürüb bir kağıza səliqəsiz xətlə yazmağa başladı:

“Asiya, mən haradan gəlmişdimsə, ora da gedirəm. Bəlkə, bir də heç vaxt görüşmədik, ancaq mən səni həmişə tam ecazkarlığınla ürəyimdə qoruyub saxlayacam. Acığın tutmasın, gülmə mənə, Asiya, sən mənim üçün… Əlvida, özündən muğayat ol… Hə, az qala yadımdan çıxacaqdı, onu da deyim ki, mən Gertseni axıradək oxuyub qurtara bilmədim, bağışla, bu kitabı da özümlə aparıram, axı mübariz insanlardan bəhs edən bu kitab sənin sevimli kitabındır… Səninlə təsadüfi görüşümüz ömrümün ən ağır və ən xoşbəxt günü oldu. Hər şeyə görə çox sağ ol, Asiya… Sən mənə çox şey öyrətdin… Məni sənin Baydamtal üzərində qələbəni hamıdan çox arzu edən dostun bil… Mən buna inanıram, Asiya, Baydamtalı ram edəcəksən…”

9

Asılbay sübh tezdən oyanıb həyət-bacaya baş çəkdi, sonra atı suladı və vedrəni su ilə doldurub onu çimizdirməyə başladı. Günəş dağların arxasından təzəcə qalxırdı, Asılbay əlini qaşlarının üstə günlük eləyib ora boylandı. Çaydan su götürüb üzünə çilədi və bu zaman vedrə əlindən yerə düşdü. Asılbay Asiyanın pəncərəsinin qabağına qaçdı və var gücü ilə pəncərəni döyəcləməyə başladı:

– Qalx, Asiya, tez ol, o çıxıb getdi!

Asiya bir şey başa düşməyib həyətə qaçdı:

– Nə baş verib, atacan?

– Bir ora bax, qızım! – Asılbay qürurla dilləndi və əli ilə artıq onlardan xeyli uzaqlaşmış adamı göstərdi. Adam aşırıma doğru gedirdi. – Bu Nurbekdir, – Asılbay əlavə etdi.

– Nurbek! Nurbek! – Asiya var gücü ilə qışqırdı. Deyəsən, onun ardınca qaçmaq istədi, amma nəyə görəsə dayandı və yerində donub-qaldı. O, səhərlər keçidə doğru qaçaraq Baydamtalın gözəlliyinə tamaşa edəndə necə şən, xoşbəxt, həyəcanlı görünürdüsə, indi də eləcəydi. – Mən belə də bilirdim! – o pıçıldadı.

Nurbek böyük bir qayanın arxasında gözdən itdi. Asiya onun bu halına sevinirdi, amma eyni zamanda haradansa bir xiffət də peyda olub onun ürəyini sıxırdı. O, göz yaşlarını görməsinlər deyə üzünü yana çevirdi və soruşdu:

– Atacan, burdan sovxozacan çoxmu uzaqdır?

– Kifayət qədər yol var, aşırımın arxasındadır, ancaq gedib çıxmaq olar.

OĞULLA GÖRÜŞ

Qoca Çordon evə nədənsə qəribə əhvali-ruhiyyədə gəldi. Ya onu nəsə üzür və qəmə qərq edirdi, ya da əksinə, onu nəsə bərk narahat eləyirdi – arvadı dərhal başa düşdü: ona nəsə olub. Ərinin dilxorluğunun səbəbini öyrənəndən sonra isə lap təəccübləndi, heç bilmədi nə etsin. Çordonun ağlına qəribə bir şey gəlmişdi; ağıllı başla düşünəndə bunu qoca səfehliyinə, cəfəngiyata – nəyə desən yozmaq olardı, ancaq heç cür ağıllı bir adamın hərəkətinə bənzəmirdi.

Qocanın oğlu iyirmi il bundan əvvəl müharibədə həlak olmuşdu. Müharibəyə gedəndə o, yeniyetmə bir oğlan idi, oğlunun görkəmini indi Çordonun özündən başqa heç kim xatırlamırdı. Elə Çordonun özü də uzun illərdir ki, bir yerdə yaşamalarına baxmayaraq, ailədə bu haqda, demək olar, heç vaxt söhbət açmamışdı. İndi isə qəflətən qərara gəlmişdi ki, oğlunun müharibəyə gedənə qədər müəllim işlədiyi yerə getsin:

– Mənə həmişə elə gəlib ki, o sağdır və indi də ordadır. Nəsə məni ora çəkir, mən onu görmək istəyirəm…

Arvadı qorxmuş halda ona baxdı. Əvvəl istədi gülsün: “Sənin başın xarab olub, nədir, dəli olmamısan ki?..” Ancaq vaxtında özünü saxladı. Bütün bunlara rəğmən qoca bu sözləri o qədər arxayın və əminliklə deyirdi ki, gözləri o qədər inamla baxırdı ki, arvadı onun ağlının başında olduğunu, söylədiklərində tamamilə ciddi, qərarında israrlı olduğunu başa düşdü. Arvadı hiss etdi ki, arzuları nə qədər əlçatmaz olsa da, sifəti mis rənginə çalan, ağsaqqallı, qırışlarla örtülmüş mehriban gözlü, dizləri üstə qoyulmuş əlləri iki böyük, yorğun balığa bənzəyən bu adamın sözünü uşaq kimi kəsmək günah olardı.

Arvadının ona yazığı gəldi və o bu fikrin cəfəngiyat olmadığına özünü inandırmağa çalışdı:

– Bəs niyə ora əvvəllər getmirdin? – ehtiyatla soruşdu.

– Bilmirəm! – o, dərindən ah çəkərək cavab verdi. – Nəsə məni indi ora çəkir. Gərək sağ ikən ora gedim, ürəyim belə deyir. Sabah sübh çağı yola düşəcəm.

– Bax da, özün bilərsən.

Arvadı fikirləşirdi ki, qoca fikrindən daşınacaq. Doğrudan da, o, ora niyə gedirdi, indi uzaq, yad bir aulda kimi tapa bilərdi ki? Ancaq arvadının gözlədiyi kimi olmadı. Çordon heç fikrindən daşınmaq istəmirdi.

Yamaca söykənmiş kənd artıq çoxdan yuxuya getmişdi, bütün pəncərələrin işıqları sönmüşdü, yalnız Çordonun evində işıq yanırdı. Qoca özünə yer tapa bilmirdi. Gecə dəfələrlə oyandı, geyindi, həyətə çıxdı və hər dəfə də atların axuruna bir yığın yonca atdı. Özü də elə-beləsindən yox, ən yaxşısından – yarpaqlısından, birinci yığımdan. İndi o, qış üçün tədarük etdiyi, səliqə ilə yığılmış ot tayasını dağıtmaqdan da çəkinmirdi. Başqa vaxt olsaydı, o heç cür buna imkan verməzdi, qışa qədər ot tayasına əl vurmağa icazə verməz, inəyi də, atı da örüşə, məhsulu yığılmış bostanlara, biçilmiş tarlalara aparardı. İndi isə heç nəyi əsirgəmirdi, yol üçün xurcuna yulaf da tökmüşdü.

Bütün gecəni beləcə vurnuxdu, heç arvadı da yatmadı. O, kişinin əl-ayağına dolaşmamaq üçün özünü yuxuluğa vururdu, ancaq hər dəfə qoca həyətə çıxanda dərindən ah çəkirdi. Onu fikrindən daşındırmaq mənasız idi. Arvadı ona indi də deyə bilərdi: “Bir fikirləş, hara gedirsən? Niyə? Sən lap uşaq kimi hərəkət edirsən, camaat sənə gülər axı!” Ancaq o susurdu. Qorxurdu ki, qoca ona deyə bilər: “Əgər sən onun doğma anası olsaydın, məni fikrimdən daşındırmazdın”. O bu sözləri eşitmək istəmirdi. Axı o heç onun oğlunu görməmişdi, heç bilmirdi o necə bir adamdır.

Çordonun arvadı on il bundan qabaq rəhmətə getmişdi, bu onun ikinci arvadı idi. Onsuz da qadın özünü narahat hiss edirdi. Çordonun iki qızı ailə qurub şəhərdə yaşayırdı ancaq heç vaxt onların yanına gəlmirdilər, əlaqələrinin olmamasında özünü günahkar hesab edirdi. Ancaq Çordon hərdənbir şəhərə gedəndə onlara baş çəkərdi. Onlar haqqında Çordon arvadına heç nə danışmazdı, o da çalışardı bu haqda suallar verməsin. Bu cür hallarda ögey analar yaxalarını bir az qırağa çəksələr yaxşıdır – belə daha rahat ötüşmək olar. Elə buna görə də qocanın bu qeyri-adi fikrinə müdaxilə etmək istəmədi. Xeyli götür-qoydan sonra qərara gəldi: “Bu da belə dərdlidir, qoy getsin, bəlkə, dərdi dağıla, ürəyi toxtaya. Belədə onun üçün bir az asan olar”.

Çordon sübh tezdən oyandı. Gedib atını yəhərlədi, sonra qayıdıb təzə çəpkənini geyindi, divardan qamçısını götürdü və qaranlıqda arvadının yatağına əyilərək pıçıldadı:

– Nasipkan, mən gedirəm. Sən nigaran olma, sabah gecə də olsa qayıdacam. Eşidirsən? Sən niyə susursan, hə? Başa düş, axı o mənim oğlumdur. Baxmayaraq ki hər şeyi bilirəm, ancaq ora məni özünə çəkir. Ürəyim ağrıyır, başa düş....

Arvadı sakitcə yataqdan qalxdı, sanki qaranlıqda görürmüş kimi:

– Bu nədir başına qoymusan? – deyə qocanı danladı. – Sən bir bunun papağına bax. Qırx dənə yamağı var. Odun gətirməyə getmirsən ki, qonaq gedirsən.

Baş tərəfdə sandığın qapağını taparaq onu qaldırdı və ordan quzu dərisindən tikilmiş papağı çıxarıb ərinə verdi.

– Ala, qoy başına, köhnə papaqla getməyin yaxşı deyil.

Çordon papağını dəyişib çıxışa doğru yönəldi.

– Dayan, – arvadı onu saxladı, – pəncərənin qabağında düyünçə var, götür qoy xurcuna. Axşama qədər yolda acarsan.

Çordon arvadına “çox sağ ol” demək istədi, ancaq susdu, arvada təşəkkür etməyə adət eləməmişdi.

Kənd hələ yuxudaydı. Çordon atını minib həyətlərlə küçəni keçdi, boş yerə itləri oyatmamaq üçün çəpəri dönərək dağlara gedən yola çıxdı…

Dünən günorta elə bu yolla, köhnə ikitəkərli araba qoşulmuş elə bu kəhər atla odun qırmaqdan qayıdırdı. Qışa yanacaq ehtiyatı görmək lazım idi.

O, Kiçik dərənin bəri başından qurumuş yabanı kollar qırdı, arabaya yüklədi və yəhərə qalxıb ayağını üzəngiyə basdı, tələsmədən, mürgü vura-vura yola düzəldi. Təkərlər, həmişəki kimi, çuxurdan-çuxura adladıqca taqqıldayır, araba cırıldayırdı, hava sakit və isti idi.

Payızın elə vaxtları olur ki, havalar günü-gündən soyumalı olduğu halda, bu ərəfədə sanki günəş vida şəfəqlərini yayırmış kimi daha parlaq və təmiz olur. Dağın döşündən aşağılara doğru bir mənzərə açılırdı: kəndlərin tünd rəngdə bağları, evlərin ağ divarları, saralmış, vaxtı ötmüş tütün plantasiyaları, traktorlar, payız şumu, hündürlükdə uçan gümüşü rəngli təyyarə və gömgöy üfüqdə şəhərin üzərində donmuş bulud örtüyü; bütün bu aləmin üzərindən sürətlə tünd, sakit bir quş dalğası uçurdu.

Çordon bilirdi: bunlar qaranquşlar idi. O hələ səhər tezdən oduna gedərkən qaranquşlar dəstə ilə teleqraf tellərinin üstünə qonmuşdular. Dümağ sinələri, elə bil usta əli ilə yonulmuş başları, parıltılı haça quyruqları ilə sanki bir-birinin eyni idilər; uzun sıralara düzülüb tərpənmədən qarşı-qarşıya oturmuşdular; hərdən cikkiltiylə pıçıldaşır, sanki hansısa bir məqamı gözləyirdilər ki, yerlərindən uçub yola düşsünlər. Qaranquşların bu bayramsayağı yığıncağında öz ciddiliyi və nöqsansızlığı ilə onu cəzb edən bir gözəllik var idi. “Bunlar sənin üçün sərçələr deyil”, – Çordon qürurla düşündü.

Elə indi, onun gözlərinin önündəcə qaranquşlar havaya qalxdılar. Onlar yayı keçirdikləri yerlərin üzərində bir vida dairəsi cızdılar: qaranquşlar havada sakitcə süzərək günəşin qarşısında üzərinə şəfəqlər süzülən böyük, qara, parıltılı bir dəstə əmələ gətirdilər.

Çordon xeyli müddət bu mənzərəni seyr etdi. Budur, onlar payızı yetişmiş, sovulmuş bir bağın üzərində axırıncı dəfə gen bir dairə yaratdılar, diksinib qarışdılar, yenə sıralandılar və tez də geniş səhralara tərəf üz tutdular.

Dəstə kiçilə-kiçilə düzənlikdə uzaqdan gələn mahnı sədası kimi mavi səmada əriyib itdi və nəhayət, qara bir nöqtəyə çevrildi. Qaranquşlar yad ölkələrə uçub getdilər. Halbuki elə bu səhər tezdən onları yaxından görmək, onlara baxıb zövq almaq, onların cəh-cəhlərinə qulaq asmaq olurdı. Hansısa anlaşılmaz, şirin bir kədərin sərxoşluq dalğası onun qəlbinə doldu, gözləri yaşardı; qoca artıq heç nə görmürdü, ancaq o, səmaya baxmağa davam edir və nəsə ona əziz və doğma olan, bir də tapılmayacaq bir itki haqda düşünüb ah çəkirdi. Cavan olsaydı, bir vida mahnısı oxuyardı.

Yaxınlıqda eşidilən at ayaqlarının tappıltısı Çordonu öz xəyallarından ayırdı. Kimsə yorğa bir atın üstündə təpəni qalxırdı. Çordon onu görən kimi tanımadı. Bu, qonşu kənddən olan qoca Saparalı idi. Onlar bir-birini çox az tanıyırdılar. Hərdənbir xeyirdə-şərdə rastlaşır, salamlaşırdılar və bununla onların ünsiyyəti bitirdi. Saparalı, yəqin ki, harasa qonaq gedirdi. Onun əynində velvetdən təzə kürk, ayağında dəridən tikilmiş təzə uzunburun qaloş, başında tülkü dərisindən xovlu araqçın, əlində isə sapı qırmızı quşarmudu ağacından olan qamçı var idi.

– Ay dəmirçi, nə fikrə getmisən? – Saparalı atın yüyənini çəkib qılıqlı bir səslə ucadan onu hayladı.

Hə, Çordon, doğrudan da, nə vaxtsa dəmirçi olmuşdu.

– Qaranquşlar uçub gedirlər, – Çordon kefsiz halda dilləndi.

– Nə? Qaranquşlar? Haradadı onlar?

– Uçub getdilər.

– Qoy getsinlər. Odun aparırsan?

– Hə, qışa tədarük eləyirəm. Bəs sənin yolun harayadı?

Hələ saqqalına dən düşməmiş, qırmızısifət Saparalının üzündə təbəssüm göründü:

– Oğlumgilə gedirəm. Odur e… Böyük dağların arxasında, Aksayda sovxoz direktoru işləyir, – Saparalı qamçısını yelləyib həmin istiqaməti göstərdi.

– Eşitmişəm Aksay haqqında, eşitmişəm, – Çordon başını tərpətdi.

– Hə, ora gedirəm. Oğlum ismarıc göndərib ki, gəlsin bir-iki gün qalsın. Baxmayaraq ki özü direktordu, yenə də biz qocalarsız keçinə bilmir. Nəvəm evlənir. Gərək adət-ənənə ilə toya hazırlaşaq, qonaqlar çox olacaq, istəyirəm cıdırçıların yarışını təşkil edim.

Saparalı oğlu işləyən sovxozun işlərindən, keyfiyyətli yun qırxımına görə çobanların yüksək mükafat almasından danışdı: xalq öz direktorundan razıdı və ortalıqda belə bir xeyir xəbər də dolaşır ki, oğlunu təltif edəcəklər.

Bunun hamısı yaxşı idi. Ancaq indi Çordon başqa şey haqda düşünürdü: o, qəflətən çoxdan ürəyinin dərinliyində basdırılmış, ancaq həmişə canlı olan dərdinin əks-sədasını eşitmişdi. Bu kədər qaranquşlar uçarkən bir daha böyük ağrı ilə ürəyində baş qaldırmışdı. İndi isə yeni bir qüvvə ilə onun sinəsini yandıran alova dönmüşdü. Bəli, bu, oğul həsrəti idi, çoxdan dünyadan köçmüş oğlunun həsrəti… Axı onun da oğlu nə vaxtsa orada işləmişdi – Aksayın yaxınlığında. Bir zamanlar o da atasını dəvət edərdi ki, onun yanına gəlsin. Deyəcəyi sözün fərqinə varmadan Çordon da sanki sayıqlayırmış kimi Saparalının sözünü kəsib dedi:

– Məni də oğlum çağırıb.

– Sənin də oğlun ordadır?

– Hə! – Çordon vahimə içində pıçıldadı.

– Mənsə bilmirdim, – Saparalı çiyinlərini sadəlövhlüklə çəkdi. – Belədirsə, lap yaxşı. Harada olurlar olsunlar, təki Allah canlarını sağ eləsin. Salamat qal! – Saparalı bunu deyib atını tərpətdi.

Çordon yalnız Saparalı aralanandan sonra özünə gəldi. Sükutun dibsiz cingiltisi onu ildırım kimi vurdu: “Mən nə dedim? Yalan, yalan! Axı nə üçün?…”

Çordon yola çıxdı və Saparalının arxasınca cumdu.

– Dayan, dayan, Saparalı! – Çordon qışqırdı və onun arxasınca qaçdı ki, yalanına görə üzr istəsin, doğrusunu danışsın.

Saparalı atın başını geri çevirdi:

– Sənə nə oldu? – o, həyəcanlı halda dedi.

Çordon təngnəfəs özünü ona çatdırdı, istədi hər şeyi olduğu kimi danışsın, ancaq yenə hansısa bir qüvvə onu bu qərarından daşındırdı, oğlunu sağ-salamat təsəvvür etmək hissi onu tərk etmədi… Söylədiyi kəlmələrdə və təsəvvüründə oğlunun sağ-salamat olması ona düzünü danışmağa imkan vermədi. Oğlunu elə buradaca yenidən dəfn etmək istəmədi. Cəsarəti çatıb deyə bilmədi ki, oğlu artıq yoxdur: o, müharibədə həlak olub. Çordon istəyirdi ki, oğlu bir az da yaşasın, heç olmasa, bir neçə dəqiqəliyə. Sonra deyər, qaçaqaç deyil ki…

– Səndə burunotu6 yoxdur ki?.. Çəkməsəm, ölərəm. Varındısa ver! – Çordon xahiş etdi.

– Allah saxlamış, əməlli-başlı qorxutdun məni!

Saparalı dərindən nəfəs aldı və burunotu götürmək üçün əlini cibinə atdı.

– Aç ovcunu. Mən də bu zəhrimara qalmış tütünü bilirəm, – o, şüşə qabdan onun ovcuna bir topa burunotu tökdü. – Bu nədir, əllərin əsir ki, deyəsən, qocalmısan?

– Hə, müharibə vaxtı o qədər çəkic vurmuşam ki, qocalıq özünü göstərir. Bağışla ki, səni yolundan elədim.

– Heç nə olmaz… Mən getdim.

– Yaxşı yol! – Çordon dedi.

İndi Saparalını yolundan saxlamaq yaxşı deyildi. Çordon haradasa buna sevindi də. Saparalı getdi, oğlunun ölümündən danışmaq lazım olmadı. O çıxıb gedəndən sonra Çordon fikirli halda bir qədər yolda dayandı, sonra ovcunu açıb burunotunu yerə tökdü və arabasına tərəf getdi.

O, başını aşağı salıb yavaş-yavaş gedirdi: “Bu nə iş idi mən tutdum, ağlım azıb, deyəsən!” – öz-özünə deyindi. Sonra yolun ortasında dayandı, fikirli-fikirli ətrafa baxdı. Gözlərini ucsuz-bucaqsız səmada səhraların üstü ilə uçan quşların dəstəsinə dikdi və pıçıldadı: “Yox, mənim oğlum var, o sağdır!” Sonra dərdli-dərdli, var gücü ilə, xırıltılı bir səslə qışqırdı: “Mənim oğlum var, o sağdır, mən onun yanına gedəcəm, mən onu görəcəm!” Sonra yenə sakitləşdi.

Kəndə gedən yolda Çordon özünü əmin edirdi ki, narahatlığa əsas yoxdur, olan-olub, keçən-keçib, ancaq içində həmin aula getmək istəyi bir az da alovlandı. Belə də olmalı idi. O bu yanğına səbəb olacaq qoru illər boyu ürəyində gəzdirmişdi. O bu barədə tez-tez fikirləşirdi, arzulayırdı ki, oğlunun axırıncı dəfə gəzdiyi yerlərə baş çəksin, müharibəyə getməmişdən əvvəl onun ayaq basdığı yolları ziyarət etsin. Saparalı ilə görüş bunun üçün bir qığılcım idi. İndi Çordonun təsəvvüründə oğlunu sağ-salamat görmək istəyi gerçəkləşir, fantaziyası reallaşırdı. O təsəvvür edirdi ki, oğlunun yaşadığı kəndə gəlib: onlar söhbət edirlər, nə haqdasa danışırlar. Oğlu atasını görcək çox sevinəcək və ona yaxınlaşacaqdı: “Nə yaxşı ki, gəldin, ata!”

“Mənim əziz balam. Sən elə əvvəlki kimisən, ancaq mən, gördüyün kimi, qocalmışam”.

“Yox, ata, sən elə də qocalmamısan. Sadəcə, zaman çox keçib. Niyə gəlmirdin? Nə qədər vaxt keçib: iyirmi il, bəlkə də, çox. Yoxsa mənim üçün darıxmamısan?“

“Necə yəni darıxmamışam?! Həyatım boyu həsrətini çəkmişəm. Bağışla ki, səni bu qədər gözlətdim, heç cür yır-yığış eləyə bilmirdim. Özün bilirsən, anan rəhmətə getdi, onu dəfn etdik. Sən müharibədə həlak olandan sonra elə çökdü ki, heç cür özünə gələ bilmədi. Budur, indi sənin xatirəni anmağa gəlmişəm. Gəldim ki, sənin yanında olmuş insanların qarşısında baş əyim. Bu torpağa, bu dağlara, udduğun havaya, içdiyin suya baş əyim. Budur, görüşdük, mənim balam. Nə baxırsan, bu qədər danışmaqdansa, apar göstər mənə bir zaman haqqında danışdığın aulu, dərs dediyin məktəbi”.

Çordon nə qədər yaddaşını qurdalasa da, Sultanının yaşadığı evin sahibi olan ovçunun adını xatırlaya bilmədi. Bircə onu bilirdi ki, o, yaxşı adam olub, oğlu onu çox istəyirdi, indi onun, yəqin, yetmişə yaxın yaşı olardı. Görəsən, indi sağdır, yoxsa yox? O, tez-tez xəbər yollayardı ki, Çordon onlara qonaq gəlsin və qartalla ova çıxsınlar. Görəsən, həmin qartal dururmu, axı onlar çox yaşayırlar.

bannerbanner