
Полная версия:
Hekayələr
Nurbek yerindən qalxdı və sakitcə çadırdan çıxdı. Ətrafı nəzərdən keçirdi, heç kim yox idi. Oğrun-oğrun əyilərək kənara sıçradı və yarğandakı kölgədə gözdən itdi.
Bir müddətdən sonra dağın ətəyindəki traktorun yanında cib fənəri bir-iki dəfə yanıb-söndü. Birdən gecənin sükutunu traktorun pulemyot atəşinə bənzər “Ta-ta-ta-ta!” gurultusu pozdu. O, traktorun mühərrikini işə salmışdı. Bir neçə saniyədən sonra traktorun tempi aşağı düşdü və normal qaydada uğuldamağa başladı.
Faralar yandı və traktor yerindən dəbərdi. Nurbek hərəkət dəstəklərindən yapışıb gərginlik içində irəli baxırdı. Traktor üzüaşağı enirdi.
“Hə, texnika insan iradəsinə tabedir, onu idarə etməyi bacarmaq lazımdır və insan barmağını hara uzadırsa, o da ora gedəcək. Bunun üçünsə cəsur, qərarlı və möhkəm olmaq lazımdır! Bax buna deyərlər şəxsi nümunə – Nurbek traktoru hamının sürməyə cəsarət edə bilmədiyi yerdə də sürər!”
– Yox, traktor aşmayacaq! Bu cəfəngiyatdır. Siz xəcalət çəkməli olacaqsınız! – Nurbek həyəcandan titrəyərək qışqırdı.
Traktor, doğrudan da, aşağı enirdi. “Bunlar nədən qorxurdular? – deyə Nurbek düşündü. – Doğrudur, bu vəziyyətdə əyləşmək elə də münasib deyil, daim bir tərəfə əyilmiş şəkildə qalmalısan, amma bu da boş şeydir, dözmək olar!”
Qarşıda təpəcik göründü. Traktor yuxarı qalxdı və az qaldı ki, çevrilsin. Amma Nurbek tez sürəti dəyişdi və traktor dartınıb təhlükəli təpəni aşdı. Şumun sonuna çatıb traktoru geri döndərdi. Nurbek artıq öz qələbəsinə tamamilə əmin idi.
– Sizə sübut edəcəm, mən kiməm! – o, əsəbi sevinc içində bağırdı. – Səhərə kimi bütün sahəni şumlayacam, lazım gələrsə, lap o dağların zirvəsinə kimi bütün torpaqları çevirəcəm! Trofimov, sabah görəcəksən ki, hansımız haqlıyıq!
Nurbek artıq ikinci dövrəni vururdu. Özündə olmazın bir güc hiss edirdi, ona elə gəlirdi ki, o da bu polad traktorun bir parçasıdır.
Qarşıda yeni bir təpəcik göründü.
– Heç nə olmaz! – o özünə ürək-dirək verdi.
Traktor təpənin başına qalxdı və birdən əməlli-başlı yana əyildi.
– Eybi yox! – Nurbek özünü ələ aldı.
Əlləri ilə bərk-bərk sükandan yapışdı. Üçüncü sürət həddinə keçdi… Traktor dəlicəsinə uğuldayır, irəli can atır və get-gedə yanı üstə əyilirdi. Traktoru dikyuxarı sürmək lazımdı, yoxsa çevriləcəkdi! Nurbek özünü arxaya sıxdı və sağ dəstəyi var gücü ilə özünə tərəf çəkdi. Traktor tırtılları ilə torpağı eşərək yerində dövrə vurdu və təpəyə qalxa bilməyib dayandı, radiatoru göyə qalxdı və yerindəcə donub-qaldı. Nurbekin qan beyninə vurdu: “Nə etməli? Tez sürəti dəyiş! Hə! İndi də mühərrik söndü. Daha nə edə bilərəm?!”
Amma artıq gec idi. Birdən traktor geri hərəkət etdi, kotanı altına alıb şaqqıltı ilə əzdi və çevrilməyə başladı, Nurbek özünü kabinədən bayıra atdı. Sonra hər şey bir anda baş verdi. Traktor dərəaşağı diyirlənməyə başladı və get-gedə ağlasığmaz dərəcədə sürətini artırdı. Enişin sonunda o, sərt bir qayaya çırpıldı və dəhşətli bir gurultu qopardı.
– A-a-a! – Nurbek qışqırdı, ancaq öz səsini özü belə eşitmədi. Metal traktor daş qayaya çırpılarkən qığılcım qopdu, qayadan qopan daş parçaları və traktordan ayrılan dəmir parçaları ətrafa səpələndi, torpaq lərzəyə gəldi və tez də hər şey yatdı, dərəyə zülmət qaranlıq çökdü.
Nurbek ayaqyalın, başıaçıq, bircə alt paltarında, əllərində fənər hadisə yerinə qaçan insanları gördü. Onu titrətmə tutdu, sanki yer ayaqları altından qaçmağa başladı. İnsanlar isə artıq ora yaxınlaşmışdılar, ətrafı həyəcanlı səslər bürümüşdü.
– Nahaq özümü kabinədən bayıra atdım, – Nurbek dəhşət içində pıçıldadı. – Gərək traktorla birlikdə mən də əziləydim!
O özündə-sözündə deyildi, çaşıb-qalmışdı, nə edəcəyini bilmirdi, birdən yerindən götürüldü və hara gəldi qaçmağa başladı.
Nurbek ətrafına boylanmağa qorxurdu. O, başını çiyinlərinə qısaraq onu əlləri ilə örtdü, ayaqları bir-birinə dolaşdı və yerə sərildi, amma tez də tərpənib dovşan kimi qaçmağa başladı.
“Tez tərpən! Bir az da ayaqlı ol! Onlar özlərini çatdıracaqlar… Eşidirsən nə deyirlər: “Tutun, tutun canini! Qoymayın qaçsın!..”
Nurbek var gücü ilə qaçırdı, heç nəyə baxmadan, heç nəyə fikir vermədən… Ancaq elə bil zəhrimara qalmış ayaqlarına qurğuşun bağlamışdılar, yerdən qoparmaq olmurdu, onlar qamçı kimi bir-birinə dolaşırdı, bir yandan da nəfəsi təngiyirdi, havası çatmırdı elə bil, içərisi od tutub yanırdı. Nurbek yaxalığını dartıb qopartdı.
* * *Səhər tezdən səmada iki qartal göründü. Onlar hərdənbir könülsüz-könülsüz qanad çalır, sonra havada uzun-uzadı dövrə vururdular. Quşlar sərt qanadlarını yelləyərək havada azadə süzürdülər.
Bu hüdudu bilinməyən səmada yalnız qartallar hökmranlıq edirlər. Onlar da hökm sahibləri kimi özlərini ağır, ciddi və təmkinli aparırlar. Qartalların qanadları altına nə desən sığır: dağlar, dərələr, çaylar, qarla örtülü düzəngahlar… Onlar yer üzərində baş verənlərin hamısını bütün dəqiqliyi ilə görürlər.
Budur, dərənin lap dibində oyuncağa oxşar nəsə bir fiqur göründü.
“… İnsan! Bir bax, bu insandır!” – qartallardan biri qaqqıldadı. “Görürəm, bu, doğrudan da insandır!” – ikinci qartal cavab verdi.
Düzdür, insan peyda olmuşdu, ancaq qartallar özlərini o yerə qoymayıb etinasızcasına havada cövlan edirdilər. Bu insan onları qətiyyən narahat eləmirdi. Bəyəm bu məxluq onların yuvalarını dağıda bilərdi? Xeyr, bu adam özü öz kölgəsindən qorxur: o ya qaçaqdır, ya da yolunu azmış bədbəxtin biridir. Bunu adamın inamsız addımlarından, qorxu dolmuş gözlərindən, səksəkəli baxışlarından o saat bilmək olurdu. O, tez-tez nigarançılıqla ətrafa boylanır, tərəddüd edib dayanır, yerindəcə donub-qalırdı. Bəyəm bu insan övladı sıldırım qayaların başındakı əlçatmaz yuvaya qalxa bilərdi? Onda o güc, o iradə nə gəzirdi ki, qartallarla əlbəyaxa döyüşə girsin! Məgər məqsədinə çatmaq naminə bu insan özündə güc tapıb onlarla döş-döşə gəlməyə qadir ola bilərdi? Yox, qartal yuvasına əl uzatmaq üçün gərək özün də qorxubilməz qartal olasan! Hətta belə olan halda da kimin qalib gələcəyi açıq döyüşdə bilinəcək. Qartallar üzbəsurət döyüşü sevirlər. Düşmən yuvalarına doğru sürünəndə onlar qışqırırlar: “Dayan! Geri dön!” Sonra qəzəbli bir qaqqıltı eşidilir: “Hazır ol!” Daha sonra isə qartal səmadan qaya parçası kimi üzüaşağı şığıyır. Havanı vıyıltı ilə yararaq caynaqlarını düşmənin sinəsinə pərçimləyib onu dərənin dibinə yuvarlayır. Sonra isə uzun müddət qartallar yuvalarının üzərində cövlan edir, beləcə, gah sevinclə, gah nifrətlə, gah da təəssüflə səmada qıy vururlar…
Bu insan oğlu isə belə bir döyüş haqda fikirləşmirdi də, elə isə qoy öz yoluyla çıxıb getsin.
Günortaüstü adam artıq böyük aşırımın başına gəlib çatmışdı. Qartallar elə ki gördülər insan oğlu oradan uzaqlaşdı və bir azdan gözdən itəcək, onlardan biri qaqqıldadı: “İnsan getdi!..” İkinci qartal ona qısaca cavab verdi: “Getdi”.
6Nurbek aşırıma gəlib çatana kimi tamam əldən düşmüşdü. O, indiyəcən insan ayağı dəyməmiş qalın qar örtüyünün üstü ilə irəliləyirdi. Aşırımda güclü və soyuq külək əsirdi. Artıq bir sutka olardı ki, dilinə heç nə dəyməmişdi. Aşağılara enmək lazım idi, bəlkə, oralarda çobanların yaşadığı alaçıqlara rast gələ bilərdi. Aşırımdan dağın mənzərəsi ovuc içi kimi görünürdü. Aşağılarda, dərənin lap dibi ilə böyük bir çay axırdı. Ancaq heç bir yaşayış nişanəsi gözə dəymirdi. Nurbek taqətsiz halda bir daşın üstündə oturdu və əlləri ilə üzünü örtdü. “Bu vəhşilər yaşayan dağlarda, ucqar qayalıqlarda insan nə gəzir? – Nurbek fikirləşdi. – Yalnız mənim kimi axmaqlar bu cür yaşaya bilər!” – O, başını bir az da aşağı saldı və gözlərini yumdu…
Külək güclü əsəndə ocağı ya daha da alovlandırar, ya da tamam söndürər. Əzəlki Nurbek sönmüşdü. İndiki Nurbek isə bir tikə çörəyə həsrət qalmış qaçaq idi, indi o, sakit bir yer tapıb ocaq qalamaq, canını qızdırmaq istəyirdi.
“… Mənim Aynagülümün dayısının yaşadığı rayona nə vaxta gedib çata bilərəm? – Nurbek fikirləşdi. – Deyirdilər ki, bu aşırımdan o yana ikigünlük yoldur. Ondan borc olaraq yolpulu götürərdim, şəhərə gedib Aynagülə and-aman edərdim ki, bir də “xam torpaq” sözünü dilimə almayacam!”
Nurbek yerindən durdu və çaya tərəf hərəkət etdi. Aşırımın yüksəkliyindən yol əl içi kimi görünürdü. Ancaq bir az keçmiş Nurbek özünü sal qayalarla əhatə olunmuş bir yerdə gördü; ətrafda daşlardan başqa heç nə gözə dəymirdi. Nurbekin canına qorxu düşdü. O bu daşlı dərədən qaçıb canını qurtarmaq üçün addımlarını yeyinlətdi. Tezliklə ətrafa qaranlıq çökdü, sanki gecə düşmüşdü. Nurbek başını qaldıranda başının üzərində alçaqda toparlanmış qara buludlar gördü. O, bir az da sürətlə yeriməyə başladı. Şimşək çaxdı və daşların üzərinə iri, ağır yağış damcıları düşməyə başladı. Ardınca soyuq və sərt külək qopdu, sonra dolu yağmağa başladı. Dərələri sel başına götürdü. Buludlar səmanı bürüdü və ağırlaşaraq aşağılara endi. Ətrafa zülmət qaranlıq çökdü. Nurbek harada gizlənəcəyini bilmədi. O, münasib yer axtarmaq üçün ora-bura vurnuxmağa başladı. Şimşək isə sanki onu axtarırmış, ələ salırmış kimi Nurbekin arxasında gizləndiyi qayalara çırpılır, ətrafa işıq saçırdı. İldırım guruldayır, sanki pəhləvan qəhqəhə çəkirdi: “Axa-xa-xa-xa!”
Nurbek tamamilə özünü itirdi. O, hara gedəcəyini, nə edəcəyini bilmirdi. Yuxarıdan böyük bir qaya parçası qopub onun başının üzərindən yan keçərək yerə düşdü. Bunun ardınca dalbadal daşlar diyirlənməyə, qabağına çıxanları süpürüb atmağa başladı. Nurbek daldalı çəkilərkən aşağı yuvarlandı…
7Bir neçə gündən sonra Nurbek ilk dəfə həyət-bacaya çıxdı. Yaralı ayağının ağrısı hələ kəsməmişdi. Nurbek axsayırdı, öskürək də ki ondan əl çəkmirdi.
Onu tapan və qulluğunda duran insanlar bir-biri ilə sözləşibmiş kimi, ona heç nəyi xatırlatmırdılar. Hələ ki Nurbek özü başına gələn dəhşətli hadisəylə bağlı kimsədən heç nə eşitməmişdi. Doğrudur, Asiya dərhal öz sözünü demişdi:
– Mən sizin yerinizdə olsaydım, belə etməzdim! Kim ki məsuliyyətdən qorxur… – Asiya sözünü tamamlamadı, elə bil Nurbekə yazığı gəldi, dərindən nəfəs aldı. – Siz hər şeyi olduğu kimi danışdınız, mən heç cür inanmıram ki, siz belə bir iş tutasınız!..
Nurbek bir az toxtadı. “Asiya məni başa düşür, – deyə düşündü. – Deməli, mən o qədər də pis adam deyiləm. O mənə inanır. Bəs başqaları necə? Mənə inanacaqlarmı?” Bir neçə dəqiqə keçmiş onun ürəyində başqa fikirlər baş qaldırdı: “Nə üçün bu adamlar yuxarıları məlumatlandırıb məni ələ vermək istəmirlər? Yoxsa mənim sağalıb ayağa durmağımı gözləyirlər? Bəyəm mənim cinayətkar olmağım həqiqət deyilmi? Hə, mən məhv olmuş adamam! Nahaq mənə yazıqları gəlir, mən öz cəzamı çəkməliyəm!..”
Ancaq Aynagül yadına düşəndə fikrini dəyişirdi: “Yox, mən gərək tezliklə buradan çıxıb gedəm. Bu cür yaşamaqdan bezdim artıq. Mən Aynagülün yanına qayıdacam və biz sakit, firavan ömür sürəcəyik”.
Gecələr gözünə yuxu getməyəndə Nurbek çarpayıda uzanıb başına gələnləri adamlara necə izah edəcəyi haqda düşünürdü; həmin gecə mühərrikin nə üçün söndüyünü götür-qoy edirdi. Aydın məsələdir ki, hər traktor dağlıq ərazilərdə işləməyə qadir deyil. Onun dağlıq ərazilərdə işləyə biləcək yeni, təkmilləşdirilmiş traktorlar haqda da öz fikirləri var idi… Ancaq bütün bunlar indi kimə lazım idi… Bəyəm yenidən ora qayıtmağa cəsarəti çatacaqdı, insanların üzünə necə baxacaqdı?
Hər gün səhər tezdən Asiya və hidrotexnik Bektemir kanat yolunun yedəyinə əyləşib yan tərəflərdəki bucurqadı2 fırladaraq çayın üzərindəki trosla o biri sahilə keçirdilər. Sonra isə onlar sahil boyunca yuxarılara, Baydamtalın qarlı mənbəyinə gedib çıxırdılar. Asiya orada öz müşahidələrini aparırdı. Nurbek onları keçidə qədər ötürür, sonra geri qayıdırdı. O, demək olar, bütün gününü qoca Asılbayla keçirirdi. Oğlu Bektemirdən fərqli olaraq qoca ünsiyyətcil və söhbət sevən adam idi. Yaşı yetmişi haqlamasına baxmayaraq, bir yerdə dayanıb durmurdu, bütün günü hərəkətdəydi, təsərrüfat işləri ilə məşğul olurdu. Bu ucaboy, çubuq kimi arıq qocanın qəribə, çox cavan gözləri var idi. Adama elə gəlirdi ki, o hər şeyə heyrətlə baxır, daim nəsə yeni, maraqlı bir şey axtarır.
Bu gün Asılbay Nurbekin əlindən tutdu və nəsə bir sirr açacaq kimi ona baxdı: “Gedək, sənə bir şey göstərəcəm!” O, Nurbeki ətəyində cavan alma ağacları əkilmiş bir təpənin başına gətirdi. Ağaclardan biri çəhrayı çiçək açmışdı.
– Bu onun ilkidir! – Asılbay pıçıldadı. – Bunların şitillərini Asiya şəhərdən gətirmişdi. Onda mən təəccüblənmişdim: “Bunları nə üçün gətirmisən, qızım? Bu fidanlar buranın şaxtasına tab gətirə biləcəkmi? Sən nə edirsən, Asiya, bunlar məhv olub gedəcək”. – “Siz bunu haradan bilirsiniz? – deyə soruşmuşdu. – Siz niyə elə fikirləşirsiniz ki, onlar əmələ gəlməyəcək? Gərək sınaqdan çıxaraq, öyrənək…” Onda mən çox utanmışdım… İndi isə o vaxtdan iki il keçir, görürsən… ağac ilk çiçəyini açıb… Asiya hələ bilmir. Görəndə sevincindən atılıb-düşəcək… Bəs nədir, bu, çox böyük işdir… Baydamtalda adamlar məskən salanda hazır bağları olacaq!..
Səhər tezdən günəş dağların arasından görünəndə onun şüaları çayın üzərindəki dumanı dağıtdı, Nurbek, həmişəki kimi, Asiyanı keçiddən ötürməyə getdi. O artıq hiss etmişdi ki, Asiya Baydamtala yaxınlaşanda nədənsə həmişə həyəcanlanır. O birdən dayanır, başını qəşəngcə geri eləyir və onu sahildə tək qoyub irəli qaçır. Asiyanın bir sevimli daşı da var idi, daş sinəsinə kimi suyun içində idi. O, cəld həmin daşın üstünə qalxır və onun lap qurtaracağında dayanırdı. Qız acgözlüklə suların səsinə qulaq kəsilir, günəşin ilk şüaları onun üz-gözünə yayılırdı. O, adətən, çayın daha gur axdığı uçurumu göstərir və qışqıraraq nəsə deyirdi. Ancaq nə dediyini başa düşmək olmurdu, çayın gurultusu onun səsini batırırdı. Bəzən isə ancaq qırıq-qırıq sözlər eşitmək olurdu: “Ay-ay! Nurbek!.. Bir bax… Baydamtal…”
– Nə deyirsən, Asiya? Eşitmək olmur!
Qız gülür və əl çalırdı.
Ancaq bu dəfə Asiya keçidə sarı qaçıb getmədi.
– Yəqin, sən darıxırsan, Nurbek? – qız dayandı və onun gözlərinin içinə baxdı. – Sən o kitabı oxuyub qurtardın? Tamam sağalandan sonra sən də bizimlə birlikdə o zirvələrə qalxacaqsan. Mən öz təcrübələrimi sənə göstərəcəm. Orda çox maraqlı şeylər görəcəksən. – Asiya bir qədər fikirləşdi və əlavə etdi: – Hə, bu gün isə Gertsenin3 “Keçmiş və düşüncələr” kitabını tap. Oxu, o mənim ən sevimli kitablarımdandır. Mən mübariz, məqsədyönlü, güclü insanları sevirəm!
– Yaxşı, Asiya!
Asiya yenə də nəsə demək istəyirdi, ancaq onlar artıq sahilə gəlib çatmışdılar. Nurbek yedəyə qalxmaqda Asiyaya kömək etdi.
– Biz bir azdan qayıdacağıq! – qız qışqırdı. Onlar o biri sahilə çatanda Asiya oradan Nurbekə əl elədi. O, sanki demək istəyirdi ki, orada dayanmasın, evə getsin, yoxsa öskürəyi tutacaq. Sonra isə onlar sahildən uzaqlaşdılar, Asiya bir neçə dəfə dayanıb geri döndü və ona əl elədi.
Nurbek onlar döngədə gözdən itənədək keçidin yanında dayandı, baxışları ilə onları yola saldı. Sonra o, evə dönmək əvəzinə daşlı sahillə çaya tərəf endi, aşağısını suların yuduğu bir daşın üstündə oturdu.
Baydamtal həmişəki kimi coşub-çağlayırdı.
Çayın dayaz yerindən bir dalğa qalxıb Nurbekin ayaqlarına tərəf gəlirdi. Dalğa sanki deyirdi: “Çıx get! Yaxın gəlmə!” Nurbek ayaqlarını geri çəkmədi. Hirsli dalğa onun çəkmələrinin üstündə bulanıq köpük qoyub geri çəkildi, sonra yenə qayıtdı. Nurbek gülümsədi.
Baydamtal mənbəyini dağ silsiləsinin döngələrindən götürürdü. Oralar daim qar və buzlaqlarla örtülü olur, çay da başlanğıcını elə buradan götürür. Əgər insanlar bu buzlaqların ərimə prosesini öyrənsələr, Baydamtalı da ram eləyərlər. Bu hələ ki bir problem olaraq qalır, bu işin öhdəsindən ancaq cəsur və qorxmaz adamlar gələ bilərlər.
Nurbek həyəcanlı halda ayağa durdu və çayın dayaz yeri ilə irəliləyərək Baydamtalın gur sularına tamaşa etməyə başladı.
Asiya bunun haqqında danışanda onu tanımaq olmur. Onun sakit və fikirli gözləri alışıb-yanır, onu daha güclü və daha işıqlı hislər çulğayır. “Sən təsəvvürünə gətir, Nurbek! Vaxt gələcək, bizim kolxozçular istidən qovrulan göylərə əl açıb yağış yağması üçün yalvarmayacaqlar. Çayın mənbəyinin sirrini öyrənib onu öz iradəsinə tabe edən insanlar tarlalara nə qədər lazımdır su verəcəklər!”
Qoca Asılbay isə Baydamtalın gələcəyindən söhbət düşəndə köynəyinin yaxalığından yapışıb:
– Ay tövbə! – deyir və başını bulayır. – İndiki gənclər heç sədd-sərhəd bilmirlər! Birdən elə işlərə girişirlər ki, bu az qala Allahın işinə qarışmaq olur! Bizim Asiya, inşallah, öz arzusuna çatacaq! Baxmayaraq ki həyatda müqəddəs insan yoxdur deyirlər, mənə elə gəlir, bizim Asiya öz əməlləri ilə müqəddəslik qazanacaq. Qarları, suları iradənə tabe etmək zarafat işdirmi? Qoy başqaları mənə gülsünlər, Asiya kimi gənclərə bütün varlığımla inanıram. Kim ki xalq üçün çalışır, o, mütləq istədiyinə çatacaq… Xalq özü ona kömək olacaq.
Nurbek kanat keçidinin yanında dayanıb fikrə getmişdi: “Kaş Asiya tez qayıdaydı! Vaxt necə də gec keçir”, – və düşündüklərindən özü qorxdu. O, dəfələrlə bu cür fikirləşərkən özünü yaxalamışdı. “Nə üçün? – Nurbek özü özündən soruşdu. – Doğrudanmı, mən Asiyaya vurulmuşam? Sən nə danışırsan, ağlın azıb nədir, bu ola bilməz! Mən onun haqqında başqa fikrə düşə bilmərəm, bu mənə elə gəlir! Məhəbbət elə-belə baş vermir. Mən ona hörmət bəsləyirəm, elə bil doğma bacımdır, dostumdur, amma bizim aramızda sevgidən söhbət gedə bilməz… Bəli, bəli! Sus, unut bu cür fikirləri, bir də bu haqda fikirləşmə!..”
Ancaq bu da var ki, bircə daşın düşməsi bir qayanı yerindən laxlada bilir. O, dəfələrlə özünə əmr eləmişdi ki, Asiya haqqında düşünməsin, ancaq bundan bir şey çıxmamışdı. Əksinə, fikirləri dönüb, dönüb onun üstünə qayıdırdı. O nə edəcəyini bilmirdi.
Nurbek, doğrudan da, çox qorxdu. “Gedim Asılbayın yanına, bir az söhbət edək, bəlkə, ötüb-keçdi!” – deyə fikirləşdi. Ancaq nəyə görəsə qocayla bu gün söhbətləri tutmurdu.
– Bu gün nə olub sənə, nəsə itirmisən, nədir? – Asılbay əlində yonduğu ağacı bir kənara qoyub təəccüb içində Nurbeki başdan-ayağacan süzdü. O, çox həyəcanlı idi.
– Yox! – Nurbek anlaşılmaz halda donquldanıb otağa keçdi. O, Gertsenin kitabını əlinə götürdü, bir-iki səhifə oxuyub qırağa qoydu və pəncərədən dağlara sarı boylandı: “Doğrudan da, mən elə bil nəsə itirmişəm! – ucadan dilləndi. – Çox maraqlıdır, bu nə ola bilər, görüm yadıma sala bilirəmmi!” – və birdən dilindən yenə bir nida qopdu:
– Asiya, görəsən, nə vaxt qayıdacaq?.. Bəsdir, yetər! – Nurbek yumruğunu masaya çırpdı. – Sənin haqqın yoxdur onun işinə və şəxsi həyatına qarışmağa! Onun haqqında düşünmə, utandırma onu!
Nurbek evdən qaçıb çıxdı və yenə də çayın qırağına gəldi. O, yenə də həmin daşın üstünə çıxdı və başını əllərinin arasına alıb oturdu.
“Sənin dilin necə dönüb “sevirəm” deyə bilər! – Nurbek fikirləşdi. – Asiya bu vəhşi, sirli, bu keçilməz dağlarda ona görə yaşayır ki, xalqa xeyir versin, misilsiz işlər görsün… Bəs sən kimsən? Əlbəttə ki, Asiya heç vaxt məni sevə bilməz! Onun üçün daha layiqli olan insanlar var!”
Dalğalar yenə də diyirlənib Nurbekin ayaqlarına çırpıldı. Sanki onlar demək istəyirdi: “Rədd ol, çıx get burdan!”
8Gecəyarı olmuşdu. Dərəyə zülmət qaranlıq çökmüşdü. Dağların üzərində kül içində köz kimi sayrışan topa ulduzlar gözə dəyirdi. Aşağılarda isə Baydamtal həmişəki kimi kükrəməyində idi.
Nurbek həyətdən çıxanda dərə boyu dağlardan əsib gələn güclü külək onun şapkasını başından yerə atdı. O əyilib şapkasını yerdən götürdü və onu bərk-bərk başına keçirib tez keçidə tərəf üz qoydu. Keçidə çatanda lal-dinməz dayanıb ətrafı gözdən keçirdi və öz-özünə pıçıldadı:
– Əlvida, Asiya! Sənə heç nə demədən getdiyimə görə hirslənmə. Belə yaxşıdır!
Nurbek yedəyə qalxdı.
O, Asılbayla söhbətlərindən belə başa düşmüşdü ki, çayın o biri sahilinə keçəndən sonra çayın axarı boyu gedib dərəyə dönsə və qarşısına çıxacaq aşırımı adlasa, iki sutkadan sonra şoseyə gedib çata bilər. Bu yol şəhərə gedən yoldur.
Nurbek yerini rahatladı və bucurqadı fırlatmağa başladı. Diyircəklər cırıldadı və yedək yerindən dəbərdi. Sən demə, onu hərəkət etdirmək elə də asan iş deyilmiş: bu iş iki nəfərə hesablanmışdı. Az keçmiş Nurbek yorulduğunu hiss etdi. O, nəfəsini dərdi və oradan aşağıya boylandı, qorxusundan gözlərini yumdu və bərk-bərk dəstəkdən yapışdı. Aşağıda dəhşətli bir mənzərə açılırdı. Orada gecə çayın köpüklü sularına qarışıb üzüaşağı axırdı. Sanki çay gecənin qaranlığı ilə döyüşürdü; onlar bir-birini üstünə atılırdılar, amma bir-birinə güc gələ bilmirdilər. Nurbek qərara gəldi ki, bir də heç vaxt aşağıya baxmasın və dəstəyi ikiqat qüvvə ilə fırlatmağa başladı. Budur, artıq yolun yarısı arxada qalıb. İndi o biri sahil daha aydın görünürdü. Nurbek yorulduğuna baxmayaraq, özünə dinclik vermirdi. Bir az da hərəkət etmək lazımdır və… Haradansa cırıltılı bir səs çıxdı, dəstək nəyəsə ilişdi və yedək yerindəcə dayandı. Nurbek qalxıb diyircəklərin yerindən çıxıb-çıxmadığını bilmək üçün onları əli ilə yoxladı, hər şey qaydasındaydı. O, cib fənərini yandırdı, bucurqadı nəzərdən keçirdi və çarəsiz qalıb aşağı oturdu.
– İndi mən nə edəcəm? – o zarıyaraq öz-özünə deyindi.
Sən demə, trosun dolandığı barabanın oxu sınıbmış. Bu, ancaq dəstəyi birtərəfli fırlatmaqdan ola bilərdi. Əgər yanında lazım gələn alətlər olsaydı, onu təmir etmək elə də çətin deyildi. Ancaq bunları haradan əldə edə bilərdi? Yedək, demək olar, çayın ortasında ilişib qalmışdı. Vəziyyətdən çıxmaq üçün nə edə bilərdi? Beləcə, lap sübhə qədər gözləmək olardı, bəs sonra… Səhər tezdən Asiya və Bektemir buraya gələcəkdilər. Bu ki lap biabırçılıqdır! Bu halda onların gözünə görünməkdənsə, ölmək yaxşıdır. Nəyin bahasına olursa olsun, o biri sahilə keçmək və gözdən itmək lazım idi.
Nurbek qərara gəldi ki, yedəkdən çıxıb əlləri ilə trosdan yapışsın və beləliklə, o taya adlasın. Bəli, bəli, o belə də edəcəkdi. Ancaq gərək aşağı və yuxarı trosların arasındakı məsafə onun boyundan artıq olmayaydı. Belə olsa, o, ayaqlarını aşağıdakı trosa çatdıra bilməyəcək və yuxarı trosdan asılıb qalacaqdı. Ancaq ölmək ölməkdi, xırıldamaq nə deməkdi!..
Nurbek ayağa durdu, əlləri ilə trosdan bərk-bərk yapışdı və yedəyin kənarına doğru addımladı.
Çayın gurultusu qulaqlarını doldursa da, o, ürəyinin necə döyündüyünü də eşidirdi. Xoşbəxtlikdən trosların arasındakı məsafə elə bil onun boyuna biçilmişdi, ayağını aşağıdakı trosa dirədi. Bircə axıradək dözə biləydi, yıxılmayaydı! Çox az qalıb – vur-tut dörd metr! Tros ovuclarının içini tamam siyirmişdi, əlləri qan içindəydi, sanki alışıb-yanırdı… Bütün bunlara baxmayaraq o, tələsmədən, asta-asta və ehtiyatla irəliləməkdə davam edirdi!
Budur, bu da sahil. Nurbek əllərini trosdan üzüb üzüqoylu yerə yıxıldı.
– Keçdim! Keçdim! – o, sevincindən qışqırır, torpağı qucaqlayaraq onu qoxulayır və astadan pıçıldayırdı: – Torpaq, torpaq! İndi mən hara istəsəm, ora da gedə bilərəm!..
Nurbek ayağa qalxdı və yellənə-yellənə irəli addımladı. O, bir anlığa dayanıb keçidə tərəf boylandı və yerindəcə donub-qaldı, ağlından keçirdiyi fikir boğazını qurutdu. İlk baxışdan adama elə gələ bilərdi ki, heç nə olmayıb, ancaq uzaqdan qaraltısı görünən yedək çayın üzərində yetim kimi yazıq-yazıq cırıldayırdı.
– Mən neylədim? – Nurbek həyəcan içində qaranlığa boylandı və irəli addımladı. – Belə də iş olar, yedəyi xarab etmişəm, özüm də çıxıb gedirəm? Onlar məni ölümün caynağından qopartdılar, müalicə etdilər, mən isə minnətdarlığımı bildirmək əvəzinə onlara ziyan vurub aradan çıxıram!
Nurbek yerə oturdu, başını əllərinin arasına alıb gözlərini yumdu. Təsəvvürünə gətirirdi ki, sabah nələr olacaq…
…Sabah hidroloqlar keçidin yanına gələndə görəcəklər ki, yedək çayın ortasında havadan asılı qalıb. Deməli, gecə ikən kimsə ondan istifadə edib, yedəyi qaçırıb və aradan çıxıb. Axı bunu kim eləyə bilərdi? Hamı bir-birinin üzünə baxacaq. Bəs axı Nurbek haradadır?.. Aydın məsələdir!.. Gedəni saxlamazlar! Amma işi bir an da dayandırmaq olmaz. Onlar yedəyi sahildəki burulğacın vasitəsilə keçidə çəkmək istəyəcəklər. Ancaq hərəkət edən tros sınıq barabana sıxılıb qaldığından yedək yerindən tərpənməyəcək. Onlar çox pis vəziyyətdə qalacaqlar, keçid sıradan çıxıb! Bunu kim elədi? Alçaq Nurbek!
– Mən heç vaxt ondan belə şey gözləməzdim! – Asiya dodağını dişləyərək pıçıldayacaq.
– Səni görüm heç zaman xeyir tapmayasan, pis atanın belindən gələn yaramaz! Bu nə iş idi başımıza açdın? – Asılbay dərindən köks ötürəcək.
– Mən bu sərsəri itin axırına çıxacam! – Bektemir yerdən daş götürüb ovcunda sıxacaq.
Bəs sonra, sonra nə olacaq? Asiya heç vaxt öz işindən qalmayacaq. Belə olan halda o, işini necə davam etdirəcək? Bircə çıxış yolu qalır. Alətləri də götürüb trosun üstü ilə yedəyə doğru hərəkət etmək. Bunu demək asandır, çətin ki kimsə trosun üstü ilə bu qədər məsafəni qət edə bilsin, keçiddən yedəyə qədər azı otuz metr məsafə var, trosdan əlin üzülsə, sonrası məlum məsələdir, birbaşa ölümdür: Baydamtal həmin andaca onu daşdan-daşa çırpacaq. Onların arasında kim bu cür təhlükəli işə qol qoyar? Asiya! Onun qarşısını heç nə ala bilməz, o, işinin bir dəqiqə belə dayanması ilə barışmayacaq.