banner banner banner
Avropa. Türklər. Böyük Çöl
Avropa. Türklər. Böyük Çöl
Оценить:
Рейтинг: 0

Полная версия:

Avropa. Türklər. Böyük Çöl

скачать книгу бесплатно


Qədim Rusiyada yaşamış çöl xalqları üzrə tanınmış mütəxəssis olan professor S.A.Pletnyova qeyd edir: “Kişi qəbirlərinin əksəriyyətində ölü ilə qəbrə atını (yüyənlə birlikdə) və silahını da qoyurdular. Adətən, bu əşyaların ancaq metal hissəsi bizə gəlib çatır: dəmir dəhnə, metal üzəngi, qarınaltı toqqanın dəmir hissəsi, dəmir ox ucluqları, qılınc tiyələri. Bundan başqa, demək olar ki, hər qəbirdə biz kiçik bıçaqlara və çaxmaqdaşına rast gəlirik. Bütün adıçəkilən əşyalar ölçü və formalarına görə inanılmaz dərəcədə oxşardır. Bu oxşarlıqlar Uraldan Avropa düzənliklərinə qədər bütün köçərilərə xas idi. Belə əşyaların formalarında dəyişikliklər eyni vaxtda baş verirdi. Bütün bunlar nəticə çıxarmağa imkan verir ki, poloveslərin əksər qış çadır şəhərciklərində (digər çöl sakinləri kimi) özlərinin ənənəvi çöl üsulları və meyarları olan dəmirçi istehsalı geniş yayılmışdı”.

Həqiqətən də, çöl sakinlərinin öz xarici görünüşləri, “ənənəvi çöl üsulları və meyarları ilə” öz məişətləri var idi. Bu nəticələr Pletnyova tərəfindən çox dəqiq arqumentlərlə izah edilib, onunla mübahisə etmək mümkün deyil. Böyük Çöldə, həqiqətən, bütün digər mədəniyyətlərdən fərqli olan, özünəməxsus mədəniyyət hökm sürürdü.

Əlbəttə, digər rus alimləri də bu mədəniyyətin cizgilərini göstərmişlər; məsələn, professor S.İ.Rudenko Altayın bir sıra kurqanlarını əla araşdırmış, bəzi tapıntılarda çoxluq təşkil edən ornamentlər haqqında əsl elmi poema yazmışdır.

Radzivil salnaməsindən şəkil. Maraqlıdır, həm ruslar, həm də qıpçaqlar eyni cür təsvir edilmişlər. Fərq yalnız ondadır ki, qıpçaqların bayrağına xaç çəkilmişdir.

İşgüzar türklər, demə, öz qılınclarını, nizələrini, dəbilqələrini, zirehlərini, at yüyənlərini elə-belə bəzəmirmişlər. Ornament əşyanın bu və ya digər nəslin üzvü olan sahibinə məxsusluğu haqqında, bir növ, damğa idi. Bununla nəslin vahidliyi qeyd edilirdi. Türklərdə hətta ornamentlər belə standartlaşdırılırdı. Ona görə ki ornamentlər məlumat daşıyıcıları idi!

Həddindən artıq diqqətli müşahidəçi olan çuvaş alimi A.A.Trofimov bu məlumatı xüsusi tərzdə və bacarıqla oxuyub izah etmişdir. O müəyyənləşdirmişdir ki, ornamentlərdə babalarımız, əsasən, sözləri və kəlmələri şifrləyirmişlər. Rəssamın ustalığı ona imkan verirdi ki, run yazılarına təmtəraqlı şəkil versin. Ukraynalıların, kazakların, çuvaşların tikmələrini tədqiq edən Trofimov gözlənilməz nəticəyə gəldi ki, ornamentlər hələ qədim dövrdə şəxsin vizit kartı rolunu oynayırdı. Bu naxışlar təkcə gözəllikləri ilə fərqlənmirdi, onlarda yalnız özününkülərə tanış olan gözəllik, yəni gizli yazı var idi!

XIX əsrə qədər çuvaş qadınlarının oxumağı və tikməyi bacardıqları «run» naxışlı tikmələr. Bu sənət qıpçaqların yayıldlğı yerlərdə – Ukraynada, Bolqarıstanda və digər yerlərdə hələ də qalır.

Bax budur türk ornamentinin əsas vəzifəsi: o özündə “özününkünü” “yad”dan fərqləndirə bilmək üçün işarələr daşıyır.

Türk mədəniyyəti haqqında yerli-yataqlı məlumat əldə etdikdən sonra görmək olur ki, Kiyev salnamələri miniatürlərində türklər daha çox təsvir ediliblər. Slavyan və ruslar orada, demək olar, yoxdurlar. Onları çox asan fərqləndirmək olar. Pletnyova, Rudenko və digər alimlər, düzü, türkləri türk adlandırmasalar da, sübut etdilər ki, ruslarda silah, geyim, ümumiyyətlə, hər şey başqa cür idi!

Arxeoloqlar slavyanların yaşadıqları məskənlərdə türklərdə olduğu kimi dəmirçilik sənəti mərkəzlərinə rast gəlmədilər. Hərçənd akademik Rıbakov öz kitablarında rus ustasının düzəltdiyi qılınc haqqında fəxrlə danışırdı. O guya Svyatoslava məxsus idi. Düzdür, onun üzərində bir tanış detal var: qılıncın tiyəsi üzərində run yazısı… Ola bilər ki, slavyanlar haradasa qılınc düzəldirdilər[42 - Slavyanların tapılmış metallurgiya mərkəzlərı narazılıqdan savayı heç nə törədə bilmir. Onlar Dəşt-i Qıpçaq ərazisindədir! Dnepryanıda. Özü də kürələr – dəmirçi ocaqları eynilə Altay türklərində olduğu kimidir. Türk metallurgiyası slavyan metallurgiyası adlandırılıb?! Çox güman, başqa bir şey olmuşdur ki, onunla razılaşmaq mümkündür, yəni slavyan ərazilərində bataqlıq metallurgiyası geniş yayılmışdır, bu, filizlə zəngin bataqlıq lilindən metal almağa imkan verən texnologiya idi.], lakin Kiril və Mefodi tərəfindən artıq maarifləndirilmiş slavyanlar aydındır ki, run ilə yazmırdılar.

Üzərində run yazısı yaxşı qalmış digər bir qılıncı araşdıran akademik Rıbakov özünü biabır elədi. O, mətni “yenidən işləyib”, necə deyərlər, ora sadəcə öz ağlınca çatışmayan hissəni “əlavə edib” yazını belə oxudu: «Людота коваль», yəni “Lüdota döyüb hazırlayıb”. Bu ona qılıncın guya rus tərəfindən hazırlandığını söyləməyə imkan yaratdı… Axı kim sənətkara icazə verərdi ki, öz adı ilə silahı murdarlasın? Əşya üzərinə öz səxsi işarəsini, damğasını vurmaq haqqı ancaq məşhur sənətkarlara tanınırdı. Qılıncın tiyəsinə babalarımız yalnız Allah kəlamları qeyd edirdilər!

Əgər sözügedən qılıncın üzərində Rıbakov kimi “düzəliş” etməsək, onda həmin cümlələr qədim türk run yazısında belə oxunur: “Məkrli planı qırıb-çat! Pis niyyətləri məhv et!” (“Aү uj sÏgu ur. Al je”).

…Silahın tarixi, onun ornamenti – uydurmaçılığı xoşlamayan maraqlı mövzudur və öz tədqiqatçısını gözləyir. Hansı ki o həm də türk ordusu olan süvari qoşunun tarixi ilə məşğul olmalıdır.

Bax, məsələn, yunan tarixçisi Lev Diakon 971-ci ildə rusların Bizansa hücumunu təsvir etdiyi zaman necə möcüzə-bahadırlar gördüyünü yazıb: “Svyatoslavın döyüşçüləri ilk dəfə idi ki, at üstündə görünürdülər (mənim tərəfimdən fərqləndirilmişdir – M.A.), lakin onları idarə edə bilmirdilər”.

Bu сür müşahidə adamı çıxılmaz vəziyyətdə qoyur. Bəs 965-ci ildə ruslar, özü də atlarsız Xəzər dövlətinə necə qalib gəlmişdilər? Belə çıxır ki, eləcə gəliblər və məğlub ediblər. Yəqin ki, at sürməyin əlifbasını bilmədən onlar anadangəlmə süvarilər olan xəzərlərə qalib gəlmək üçün xeyli əziyyət çəkməli olublar.

Əgər istehzasız danışsaq, xəzərlərlə vuruşan Svyatoslav idi, yoxsa Svyatoslav ilə Bulqar xaqanlığının ittifaqı?.. Açıq-açığına Rusiya tarixində nəsə düz yazılmayıb. Ola bilər ki, bu sualın cavabı çox sadədir: Xəzərin paytaxtı Səməndər şəhərini özününkülər – türklər darmadağın ediblər, ruslar isə özgənin qələbəsini öz adlarına çıxıblar… Təəssüf ki, Rusiya tarixində belə hadisələrə tez-tez rast gəlmək olur: həqiqətə oxşamayan bəzi bu cür qələbələr nəsə çox asanlıqla əldə edilib.

Guya Svyatoslavın həlak olduğu yerdən tapılmış və X əsrə aid edilən bir qılınc. Lakin tiyənin üzərindəki run yazısı diqqəti özünə cəlb edir. Yazı qılınc sahibinin kim olduğu barədə dəqiq xəbər verir.

Lakin hadisələrin başqa cür inkişafı da istisna deyil. Ümumiyyətlə, heç bir müharibə olmayıb! Xəzər dövləti, çox güman ki, təbii fəlakət nəticəsində məhv olmuşdur: o vaxt böyük bəla baş vermiş, İtil (Volqa) çayı məcrasını dəyişmiş, mənsəbi xeyli şimala çəkilmişdir. Varlı Xəzər ölkəsində susuzluq, aclıq xaqanlığın taleyini həll etmişdir… Lakin istənilən halda Svyatoslavla heç bir əlaqəsi yoxdur.

Kiyevin atlı qoşunlarında slavyanlar yox, Ukrayna xaqanlığının əhalisi, ukraynalı-qıpçaqlar vuruşurdular. Ruslar türkləri bir-birinə qarşı qaldırdılar və qardaş qırğını başlandı. Qardaş qardaşa qarşı getdi, biri rus bayrağı, digəri isə öz bayrağı altında. Salnamə miniatürlərində məhz bu hadisə əbədi olaraq əks olunub. Məhz buna görə rus və türk döyüşçüləri eyni libasda təsvir edilmişlər.

Lüdota Kovalın «məşhur» qılıncı. Onun üzərindəki run yazısı məlum «bərpadan» sonra slavyan dilində oxunmuşdur, oxumaq üçünsə mətni tərsinə çevirmiş və çatışmayan yeri əlavə etmişlər.

Bu qardaş qırğınından sonra rusların idarəetməsi, bununla da Kiyev Rusunun tarixi başlandı… Salnamə miniatürləri, doğrudan da, “itmiş dünyaya pəncərədir”. Əgər bu pəncərəni çirkabdan təmizləsən, onların arasından çox şey görünə bilər.

Şəkillərdən biri o birilərdən kəskin surətdə fərqlənir: burada türklər başqa cür təsvir olunmuşlar – başlarında dəbilqə əvəzinə kənarları geniş sahəli papaq var. Bu nədir? Kimdir bunlar?

Papaq qırğız və qazaxlarda indiyə qədər yaddan çıxmayan baş geyiminə çox oxşayır. Deməli, şəkildə Dəşt-i Qıpçağın şərq xaqanlıqlarından olan adamlar təsvir olunmuşdur. Onları peçeneqlər adlandırırdılar. Onlar papaq geymirdilər. Baş geyimi türklərdə sahibi haqqında qiymətli məlumat daşıyıcısı idi. Baş geyiminin forması, materialı onun hansı nəslə və təbəqəyə mənsub olduğunu bildirirdi.

Salnamə şəkillərində çox şeylər var idi. Orada bütöv bir xalqın həyatı əks olunurdu.

Qədim yazının hərfləri kimi miniatürlər köçüb getmiş nəsillərdən danışır. Kiməsə o, ibtidai və çox sadə görünə bilər… Amma yox, hər bir detal çox səylə işlənib: o, mahiyyəti özündə daşıyır, müəllifin hissini bizə çatdırır…

İncə zövqlə çəkilmiş qədim şəkillər sanki işıqlanır və adamları fikirləşməyə dəvət edir. Onlarda artıq heç nə yoxdur. Bu cür incəsənət növü Çin və yapon mədəniyyətlərində də saxlanılıb. Orada da rəssamlar tamaşaçıların təxəyyülü üçün mütləq ağ yer saxlayırdılar ki, tamaşaçı həmmüəllif, onun “şəkli” isə dünyada ən ifadəli və yaddaqalan olsun. Lakin “şəkli” ancaq özü görə bilərdi! Müasir, fərsiz nəsillərin qabalaşmasında əcdadların heç bir günahı yoxdur.

Xalqların Böyük köçünü başlamış süvarilər. Təsvirlərin iki min il yaşı var.

Böyük Çölü fərqləndirən cəhətlərdən biri də onun özünəməxsus məişət əşyaları idi… Bu evin “xırda əşyaları” da qıpçaq mədəniyyəti haqqında mühüm məlumat daşıyırdı. Bu mədəniyyət necə adlandırılmağından (poloves, peçeneq, bulqar, andreyev və s.) asılı olmayaraq onun kökü birdir: türk kökü…

…Kiyev salnamələrinin şəkillərində məhz qıpçaqların məişət əşyaları təsvir olunub. Mübahisəlidir? Lakin akademik V.L.Yaninin aşkarladığı Novqorod tapıntılarına görə fikir yürütsək, slavyanların məişəti də tamamilə başqa olmuşdur.

Məsələn, knyaz Vsevolodla bağladığı sülh sazişi ilə əlaqədar olaraq knyaz Yaropolka təqdim edilən fincana baxaq (eynilə buna oxşar fincanlar Kiyevdən min kilometrlərlə uzaqlarda yerləşən kurqanlardan da tapılmışdır). Onlar “çaron” adlanır və indi də məişətdə işlədilir. Onlarda sülh rəmzi olan içki – ayran və ya kumıs süfrəyə verilir.

Kiyev knyazının oturduğu kreslo “tver”[43 - Yeri gəlmişkən, “tron” sözü də türk mənşəlidir və mənası “fəxri yerə qalx” deməkdir.] adlanırdı. Slavyanlar Avropada hələ sərgərdan dolaşdıqları vaxt, V əsrdə Attila məhz belə bir kresloda otururdu. Elə indi də türklər “yüksək qonaqlar” üçün “tver” adlanan “yüksək yer” saxlayırlar.

İndi gəlin Kiyev knyazlarının baş geyimlərinə diqqət yetirək: bu, türk milli geyiminin fərqləndirici parlaq cizgisidir. Onu qıpçaq əyanları geyirdilər… Bununla əlaqədar Monomaxın papağının tarixi çox maraqlıdır, Bizansa onun heç bir aidiyyəti yoxdur. Onun “Bizans mənşəli” olması ideyası Vladimir Monomaxın ölümündən çox sonra meydana çıxıb…

Geyim şəkillərdə təsvir olunur. Yəni alimlərdən heç biri onu tədqiq etməmişdir? Həqiqətən heç kim təəccüblənməyib ki, niyə rus kişiləri türk kaftanına bürünüb? Qıpçaqlar kaftanı klobukla birlikdə təntənəli dini ayinlər zamanı geyinirdilər.

Kaftanı nazik keçədən ikiqat tikirdilər. Paltarlar müxtəlif olurdu. Arxeoloqlara hətta bezdən hazırlanmış qolsuz geyimlər də məlumdur. Onları hələ iki min il yarım bundan əvvəl Altayda geyinirdilər. Xan kaftanının qolunun ağzına samur xəzi tikir, sincab dərisindən bəzək vururdular. Xəzin üstündən paltara xüsusi görünüş verən bəzək əşyaları və düymələr tikilirdi.

Yan-yörəmizdə görün nə qədər tədqiq olunmamış əşya var!

Hər şeyin səbəbi isə yalnız ondadır ki, türklərin milli geyimini ruslar “mənimsəyib”. Bu arada onu da deyək ki, armyak, yepança, kaftan, başlık, şuba, şuşun (sarafana oxşayan uzun qadın paltarı), klobuk, sapoq və bir çox digər geyim əşyalarının adları türk köklü sözlərdir və onların öz tarixi sahibləri var. Gəlin kazak milli geyimini (əlbəttə ki, çar gimnastyorkalarını yox, həqiqi, qədim geyimi!) və qumuq geyimini müqayisə edək: tamamilə oxşar, hətta xırdalığına qədər eynidir. Ona görə ki eyni xalqa mənsubdur.

Radzivil salnaməsindən şəkil. Sülh əlaməti kimi təqdim olunan fincan görürük. Fin-can o zaman da türklərdə «çaron» adlanırdı. Belə fincanlara qədim Altayın qaya rəsmlərində tez-tez rast gəlinir.

Bu gün kazaklar rus adlandırılır; onlar öz əcdadlarından üz döndərib, lakin bu onların tarixlərini və geyimlərini də “rus” adlandırmağa ixtiyar verirmi?

Qədim Kiyevin şəkilləri həm də onunla maraqlıdır ki, orada ruslar da təsvir olunub. Bu ən maraqlısıdır! Şəklə əlavə edilmiş adamların paltarı Avropa geyimidir. Onların xarici görünüşü bambaşqadır. Ruslar həyatda bax belə idilər!

Salnamə səhifələrinə sonradan çəkilmiş adamın əlində təsvir olunmuş şeypur da qıpçaq şeypuru deyil. Qıpçaqlar öz nəfəsli alətlərini əymir, düz hazırlayırdılar. Qıpçaq şeypurundan biri 1153-cü ilin şəklinə düşüb. Həmin qədim şeypurlar indi də Altayda, Xakasiyada, Qırğızıstanda, Karpatda (qutsullarda), bir sözlə, Çöl xalqının nəsilləri qaldığı hər yerdə səslənir.

Hətta miniatürlədən birində ustalıqla təsvir edilmiş dəfn səhnəsi sual doğurur: doğrudanmı, rus və slavyanlar ölünü tabutda, türbələrdə basdırırdılar? Bunlar ki qıpçaq adətidir. Qəbrin dibinə isə türklərin müqəddəs ağacı olan küknar yarpaqları döşəyirdilər.

Dəfn adət-ənənələri çox mühafizəkardır, onlar nadir hallarda dəyişir. Nə vaxtsa qıpçaqlar öz həmtayfalarının nəşini qədim Şərq adəti üzrə odda yandırırdılar. Sonra ondan imtina etdilər, taxta türbələr tikməyə başladılar. Çin mənbələrində deyilir ki, Avropa ərazisində ilk dəfə tabutdan xəzərlər istifadə etməyə başlayıblar. Lakin köhnə adəti saxlamaq xatirinə onlar qəbrə, tabutun altına kül və ya ağ əhəng tökürdülər…


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)