скачать книгу бесплатно
Onlardan, bu qəlpələrdən burqundların, savoyalıların, xorvatların, bavariyalıların, saksonların, katalonların, serblərin, çexlərin, bolqarların və Avropanın digər “kiçik xalqlarının”, Avropa tarixçilərinin “xəstə” dünyagörüşünə görə, birdən-birə heç nədən meydana çıxan xalqların tarixi başlandı. Elə bil göydən düşmüşdülər.
Attiladan sonra Böyük Çöl bir-biri ilə düşmənçilik edən xaqanlıqlara, uluslara, ailələrə bölündü… Hamının hamıya qarşı müharibəsi başlandı. Daxili müharibələr heç vaxt səngimək bilmirdi. O, indi də davam edir. Hər yeni nəsil dünyaya qonşuya nifrətlə gəlir, nifrətlə də dünyadan köçürdü.
Qardaşlar bir-biri ilə mübahisə etdilər,
Polad qılınclarını həvəslə itilədilər.
Ölənə qədər bir-birini doğradılar,
Qılınclaşdılar, döyüşdülər, söyüşdülər.
Qardaş-qardaşı yalançı adlandırdı,
Nəhayət, sonuncu da məhv olub getdi.
İndiyə qədər nəvələri də döyüşür,
Hamı həqiqət uğrunda vuruşur.
Əvəzində özləri ölür, məhv olur.
Bu sözləri şair Aleksey Konstantinoviç Tolstoy yazıb getmişdir. Onun türk mənşəyi haqqında ailə şəcərəsi, ailə gerbi və əlbəttə ki, qədim çöl əfsanələrini öz dərinliyi ilə, riqqətlə təsvir etdiyi şeirləri xəbər verir.
K.Timiryazev
«Timiryazevlər soyadı 1408-ci ildə Qızıl Ordadan böyük knyaz Vasili Dmitriyeviçin yanına gəlmiş İbrahim Timiryazevdən gəlir… Timiryazevlər soyadı «dəmir döyüşçü» xüsusi isminə gedib çıxır».
Bizim mənəvi sərvətimiz
Hunlar, yəni qıpçaqlar haqqında çox yazılıb, guya onlar vəhşi dalğa kimi Avropadan keçib və yoxa çıxıblar… Bəs bu vəhşi ordular necə yaranmışdı? Onları kim böyütmüş, kim geyindirmiş, kim yedizdirmişdi? Hərb sənətini kim öyrətmiş, nəhayət, silahlandırmışdı? Axı bütün bunlara ciddi məbləğdə maddi xərc tələb olunurdu.
Düz yerdə dünyanın ən güclü ordusu meydana gələ bilməz! Türk atalar sözündə deyilir: “Dayça yetişdirməyən ata minə bilməz”. Qıpçaqlar “öz dayçalarını” yeddi yüz il yetişdirmiş, sonra onlar süvari olaraq dünyanı yerindən oynatmışdılar… İki min il tarixi olan səhifələri açmaq üçün xeyli suallar vermək lazım gəldi.
Altayın geologiyası ilə maraqlanandan sonra mən dərk etdim ki, yeni metalişləmə texnologiyası niyə məhz orda meydana gəlmişdir, sən demə, buranın filizinin tərkibi dəmir və digər qiymətli qarışıqlarla çox zəngindir. Sonra Çin salnamələrinin qoruyub-saxladığı “Bahadur Tenqri” yazısındakı sözlər məni cəlb etdi. Məhz türklər iki min il yarım bundan qabaq onlara dəmirin sirrini açanı Göy Allahı adlandırmışlar.
Burada sual meydana çıxır: ümumiyyətlə, biz qədim türklərin mənəvi mədəniyyəti haqqında nə bilirik? Çox çətinliklə Tenqri xan haqqında məlumat toplanıldı.
Yeni Allaha sitayiş, görünür ki, dəmirlə əlaqədar idi. Bəs görəsən, niyə? Təsadüfi deyil ki, qədimdə dəmiri “səma metalı” adlandırırdılar… Bəlkə, bu sitayişin “yaranmasına” meteoritlər kömək əli uzadıb? Səma daşları qədim insanları “Göydən gələn metalla” tanış etdi! Bu, səma metalının gücünü dərk edən insanlarda inkişaf edərək inama çevrildi və onlar sonradan yaranan Dəmirçi Allahına sitayiş etməyə başladılar… Yalnız konkret hadisədən din, Səma Allahına, onun cəzalandıran və müdafiə edən polad qılıncına inam yarana bilər!..
Lev Tolstoy
Tolstoy nəslinin əsasını qoyan şəxsin adı… «İndris» ərəb sözü olan «kişi, igid» sözündən yaranmışdır. Tols toyların soyadının gerbində də heraldik işarə olan ox və yatağan (əyri xəncər) bu nəslin çöl əsilli olmasından xəbər verir.
Türklər əvvəllər bütpərəst idilər. Lakin yeni Allah onları dəyişdirdi. Tenqri türk mənəvi mədəniyyətinin mərkəzinə çevrildi. Uca Yaradan xalqı məğlubedilməz etdi.
Türklərə ruh və Səma Allahını bəxş etmiş Altay türk xalqının müqəddəs yeridir! Əcdadlarımız Vətəni müqəddəsləşdirir, onu yer üzünün cənnəti adlandırırdılar. Bu kəskin hiss qıpçaqların qanında hələ də qalmaqdadır. Xiffət, vətən həsrəti türklərə məxsus xəstəlikdir. O, hələ türk dilinin olmadığı və danışıq dilinin tədricən yarandığı dövrdə də mövcud olmuşdur. Adamlar hələ o vaxt Altayın uca zirvələrinə həsrətlə baxır və onlarsız yaşaya bilmirdilər.
Qədim türklər üç zirvəsi olan Üç Sumer dağına ehtiram bəsləyirdilər. Onun haqqında əfsanələr yaranmışdı. Dünyanın mərkəzi! Burada dua oxuyur, bayramlar təşkil edirdilər… Bu dağın ətrafında yerli əhali indi də ov etmir, yüksəkdən danışmır, bura müqəddəs yerdir. Maraqlıdır ki, buddizm mifologiyasına görə, Sumeru dağı universal kosmoqonik rəmzdir.
Altayda sonralar digər yüksəkliklərə – Xan-Tenqriyə, Borusuya da sitayiş edirdilər. Onlara, müqəddəs dağlara daş üzərində şəkillər, sonra isə ilahi mətnlər həsr olunurdu. Daş üzərində söz ilə təsvir bir yerə gəldi və uzun əsrlərboyu mənəvi ənənə olaraq qaldı. İbadətin təntənəli, məbədlərin bəzəkli olması, təmizliyi də məhz buradan gəlir… Kitabların və salnamələrin illüstrasiyası da buradan qaynaqlanır…
Yüksəkliklərin içərisində Tibetin Kaylas dağına daha çox ehtiram göstərilirdi. O, minlərlə adam üçün ziyarət yeri idi. Deyilənə görə, səmadan Tenqri xan Kaylasa enmişdi.
Səma Allahına sitayiş edənləri müqəddəs Kaylas, Üç Sumer dağlarının görünüşü belə vəcdə gətirir və onlara xüsusi zövq verirdi. Bu dağlar, görünür ki, türklərə məbəd memarlığının ideyasını vermişdi… Bütün bunlar Altayda başlayan bir zəncirin halqasıdır.
Kuşan döyüşçüsü
Çöldə dağlara sitayişetmə ənənəsi, əlbəttə, yaddan çıxmır, düzənlikdə adamlar müqəddəs dağların “oxşarını” yaradırdılar! Əvvəlcə torpaqdan kurqanlar yaradır, onun yanında yığışıb dua oxuyurdular. Sonra məbəd müqəddəs dağların rəmzi oldu. Ancaq yenə də məbədin yanında, xüsusi meydanlarda dini ayinləri icra edirdilər… Çöldə hər şey əvvəllər Altayda olduğu kimi qalırdı, ənənəni qoruyur və əlavələr edirdilər.
Qıpçaqlar Səma Allahını qəlblərində yaşadır və onun təsvirini daş üzərinə həkk edirdilər. Bu, daim Allahı xatırlama idi; o, ruhu təmizləyir, Yaradanla təmasa yönəldirdi. Buradan da “ikona” və yaxud “aykone” yarandı… Əcdadlarımızın fikirlərinin dərinliyi və genişliyi adamı heyrətləndirir, mahiyyətinə görə onları əhatə edən dünya, Daimi Göy Səma – Tenqri günbəzi altında olduğu üçün məbəd idi.
Tenqri xanın obrazını türklər nə qədər dərindən anlayırdılarsa, ona daha çox adla müraciət edirdilər: Uca Yaradanı “Boq”, “Alla”, “Xoday”, “Qospodi” deyə çağırırdılar… Hər birinin də öz mənası vardı. Sonra bu türk sözləri yüngülcə dəyişdirilərək başqa xalqların və dinlərin lüğətinə daxil oldu.
…Yaddan çıxmış, təhqir edilmiş Vətəni mən tədricən dərk etməyə başladım. Mənim vətənimi!.. Getdikcə o daha sevimli olurdu. Yadıma gəlir, İvan Alekseyeviç Buninin sözləri mənə çox təsir etmişdi. Onun şeirində mən hamımızı, o cümlədən özümü tanıdım.
Vətən, onlar sənə lağ edir,
Sənin sadəliyinə,
Kasıb daxmalarına
Baxıb səni qınayır.
Sanki ədəbsiz oğul,
Şəhər dostlarının yanında,
Utanır anasından, onun
Yorğun, utancaq, qəmli baxışlarından.
Görmək üçün onun simasını,
Yüz verst yol gəlmiş anasını,
Son qəpiyini onunçün gətirmiş bu qadını
Qarşılayır o, istehzalı bir gülüşlə.
Təəssüf ki, biz əsrlərlə Çölə “istehzalı gülüşlə” nəzər salmış, onun bizim Böyük Vətənimiz olduğunu dərk etməmişik. Onun haqqında az məlumatlı olduğumuzdan savayı, yalanlara inanmış və onun “son qəpiyindən” də üz çevirmişik… Mən dəyişiklik istəyirəm, arzu edirəm ki, mənim xalqım duzsuz süddən yenə də canlandırıcı kumısa çevrilsin. Qoy onda Qürur oyansın.
Türklərin kökü minilliyin dərinliyindən uzanıb gəlir. Qədim türk bədii ədəbiyyatından parçalar gəlib bizə çatıb. Onların dillərinin dərinliyindən və obrazlılığından adam zövq alır. Bəs kitablar özləri hanı? Onlar müəmmalı surətdə yoxa çıxıb. Lakin onların geri qaytarılması qaçılmazdır; məsələn, Ermənistan və Gürcüstanın arxivləri xeyli qiymətli materialları qoruyub-saxlayır. Orada erməni hərfləri ilə, lakin türk dilində yazılmış irihəcmli qədim kitablar var.
Hindistanda, Tibetdə, İranda da nəsə qalmalıdır, axı bu ölkələr uzun illər Böyük Çöllə münasibətdə olmuşdur. Brahma yazısı ilə qeydə alınmış türk mətnlərinin mövcudluğu elmə məlumdur. Buddistlər onları müqəddəs əşyalar kimi qoruyub-saxlayırlar.
Avropada da hər hansı bir tükroloqu sevindirəcək arxivlər vardır, məsələn, Balkanlarda XIX əsrə qədər türk run yazıları hələ yaddaşlarda idi. Monaxlar ondan gizli yazışmalar vaxtı istifadə edirdilər.
Rusiya mədəniyyətində qıpçaq ənənələri hələ də axıradək tədqiq olunmamışdır. Onlar isə kifayət qədərdir. Heç olmasa, Derjavinin sözlərini yada salmaq kifayətdir: “Tatar mahnılarını masa altından işıq şüası kimi nəsillərə ötürəcəm”.
Məsələn, Aleksandr Sergeyeviç Puşkin məhz türk nağılları danışırdı, çar Saltanın çarlığının və Buyan adasının çox dəqiq coğrafi məkanı vardır, bu, Kazan xanlığıdır. Lukomorye isə Krımdır… Puşkin yaradıcılığının, gördüyümüz kimi, dərin, iki min illik kökləri var. Hələ o dövrdə türklərin yüksək səviyyəli poeziyası mövcud idi. Puşkinin tərcüməsində o, indi də adamı vəcdə gətirir.
Türk ənənələri Derjavinin, Aksakovun, Qoqolun, Turgenevin, Tolstoyun, Tütçevin, Buninin, Nabokovun, Bulqakovun, ümumiyyətlə, nəsilləri Böyük Çöldən çıxmış digər böyük klassiklərin yaradıcılıqlarını fərqləndirirdi. Bu isə sırf ədəbiyyatşünaslığın araşdırma predmetidir.
Avropa qıpçaqları
Coğrafiya xəritəsi çox ciddi tarixi sənəddir, o özündə heç də qalın kitabdan az məlumat daşımır. Onu oxumağı bacarmaq lazımdır. Xalqların Böyük köçü xəritədə öz izini qoymuşdur. O zaman, yəni II–V əsrlərdə öz şəhərləri, yaşayış məskənləri, stanitsaları, yol məntəqələri olan Böyük Çöl ölkəsi – Dəşt-i Qıpçaq yarandı.
Baykaldan Alp dağlarına qədər geniş bir ərazidə türk mədəniyyəti aparıcı rol oynayırdı. Bütün çöllük ərazidə. O dövrdə Avropa Sibirdən “başlanırdı”! Əsrlər keçdi, hər şey sanki yoxa çıxdı. Lakin… xəritə insanların yaddaşından çıxanları qoruyub-saxlamışdır.
Bunu Nikolay Rerix də qeyd edib:
Biz bilmirik, lakin onlar xatırlayır.
Daşlar bilir, bilir ağaclar da
Və xatırlayır.
Kimlərin dağlara, çaylara ad verdiyini,
Keçmiş şəhərləri kimlərin qurduğunu.
Qədim ölkələrə kimlərin ad verdiyini.
Bizə məlum olmayan sözlər,
Hərəsinin geniş bir mənası var.
Məsələn, götürək Dəşt-i Qıpçağın sərhədini. Olduğu kimi durur! Məşhur toponimik E.M.Murzayev rus dilində olan “kurqan” sözünə belə izah verir ki, əvvəllər o, “sərhəd”, “mərz” mənasını daşıyırdı. Niyə? Ona görə ki birinci növbədə kurqanlar türk torpağını fərqləndirirdi. Kurqanların arxasında ruslar üçün yad torpaq başlayırdı.
Şimalda Dəşt-i Qıpçağın sərhədi Moskva çayından keçirdi, çayın şimal sahili finlərə və uqorlara, cənub sahili isə türklərə məxsus idi[16 - Görünür, burada dəqiqləşdirici izahata ehtiyac var. XII əsrdə sərhəd indiki kimi ciddi xətt təşkil etmirdi. Bu, qonşuların da eyni qədər marağı olduğu, kifayət qədər geniş bir ərazi idi (münasibət, mübadilə və sülh zonası). Moskva, Oka çayları və onlara bitişik sahələr slavyanlar buraya gəlməmişdən əvvəl belə ərazilər idi, ona görə də türk abidələri fin-uqor abidələri ilə qonşuluqda yerləşirdi. Bu, təbiidir; məsələn, Nijni Novqorod əvvəllər türkcə Bulqar adlanırdı və qədimdən öz yarmarkaları ilə məşhur idi. Bulqar yarmarkasına Avropadan, İrandan tacirlər gəlirdilər.]. Təkcə Moskva ərazisində bir neçə kurqan qrupu məlum idi, onun da çox hissəsi cənub (sağ) sahildə yerləşirdi. Belə kurqanlar keçmiş “türk” Moskva ətrafı ərazilərdə də var, toponimika bunu təsdiq edir; məsələn: Kolomenskoyenin qədim adı Kollomadır, türk dilində “gözətçılik”, “təchizat” deməkdir. Kapotnya – “Yüksəklikdə yerləşən məskən” (və yaxud “Hündür ot”), Kuntsevo – “Sığınacaq” və yaxud “Karvansara”… Sözlər açıqca slavyan mənşəli deyil… Moskva çayından şimalda isə kurqanlar yoxdur, orda başqa xalq yaşayırdı, başqa mədəniyyət var idi, burada toponimlər yenə də slavyan olmayan digər köklərə malikdir.
Cənubda isə türk ölkəsinin hüdudları İrana gedib çatırdı, buna isə yenə də kurqanlar şahidlik edir. Sərhəd, demək olar ki, dəyişiklik olmadan indi də qalır, əvvəlki kimi orda türklər yaşayır, indi onlar İran azərbaycanlıları adlanırlar.
Dəşt-i Qıpçağın şimalı və cənubu arasında indi minlərlə türk coğrafi adları var, bu, toponimika üçün xəzinədir! Məsələn: Moskva Kremli ilə üzbəüz, sağ sahildə Balçuq yerləşir. Rus dilində belə söz yoxlur, türk dilində isə bu, “bataqlıq”, “palçıq” deməkdir. Təmiz türk toponimidir.
II Nikolay – Romanovlar sülaləsinin sonuncu nümayəndəsi. Onun da ulu babaları Böyük Çöldən gəlmişdilər.
Oxşar nümunələr kifayət qədərdir. Bir qayda olaraq, Rusiyanın çöl hissəsinin köhnə şəhərlərinin əksəriyyətinin adları türk kökənindən çıxarılıb: məsələn, Oryol – “yüksəkliyə qalxan yol”, Tula – “dolğun”, Bryansk (Birinçi, Bryaneçsk) – “birinci”, “əsas”, Saratov (Sarıtau) – “sarı dağ”, Simbirsk (Simbir) – “tənha qəbir”… Kaşira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan… Çoxlu bu cür adlar ki, onların hər biri unutqan qıpçaqlara Vətənləri haqqında məlumat verir.
Coğrafi xəritələr İvan Qroznının və I Pyotrun işğalçı müharibələrinin izlərini özündə həkk edib. Onlar Rusiyanın qonşu torpaqları hesabına necə genişləndiyini göstərir. Xəritə çox qaranlıq tarixi hifz edir, amma sonradan yazılmış salnamələr onu ağartmaq istəyir. Başa düşürsən ki, Avropa xəritələrində qədim türk şəhəri kimi göstərilən Kipenzayın rus şəhəri Penzaya, Şapaşkarın Çeboksara, Buruninejin Voronejə, Sarıtaunun Saratova, Çelyabanın Çelyabinskə dönmələri heç də təsadüfi deyil…
Altaydan ən uzaq torpaqlar Attilanın dövründə “alman”, yəni türk dilində “uzaq” adlandırıldı. Buradan da Almaniya toponimi yarandı. Bir çox “alman tayfaları” göygöz, enlisifət, əsl qıpçaq görünüşlü idilər və türk dilində danışırdılar, bunu run yazıları, qədim adətlər və xalq yaddaşı təsdiqləyir. Onlar uzaq Altaydan çıxıb gələnlər idi.
Fransa, İtaliya, İngiltərə, Avstriya, Yuqoslaviya və Çexiya əhalisinin bir hissəsinin erkən tarixi də eynilə belədir. Əgər arxiv sənədlərinə diqqət etsək, görərik ki, XVI əsrin sonlarınadək bu ərazilərdə türk dili işlək idi. Doğrudur, inkvizisiya vaxtı Qərb kilsəsi bu arxivlərdə “böyük təmizləmə” apardı, ancaq xoşbəxtlikdən bəzi sənədlər xilas ola bildi. Onlar qeyri-adi olan fikri təsdiq etməyə imkan verir: Mərkəzi Avropada türklər yaşayırdı… Özlərini unudan türklər burada qaldılar…
Əlbəttə, türk coğrafi adları Avropa xəritələrində qorunub-saxlanıb. Onun vasitəsilə bir çox ölkə və xalqların tarixini oxumaq olar.
Budur, burqund tayfasının marşrutu. Burqund ulusu Avropaya Baykal silsilə dağlarının yarğanlarından gəlmişdir, “burqund” toponimi oranın ən şərq nöqtəsində yaranmışdır. Sonralar Xəzəryanı düzənliklərdə yaşamış, bir hissəsi Qafqaz dağətəyi ərazidə, Qaraçayda məskunlaşmışdı; orada Burqund kəndi var. 435-ci ildə isə Attilanın atası tərəfindən aparılmış ulus müasir Fransaya çataraq Burqundiyanı, Burqund yurdunu yaratmışdır… Fransız-burqundlar türk milli mətbəxinin yeməklərini, bəzi geyim və məişət əşyalarını qoruyub-saxlamışlar, adət və ənənə də yaddan çıxmayıb. Lakin ana dilini itirmişlər.
Savaoy ulusunun izləri ilə də getmək olar. Bu toponim də görünməz tellərlə coğrafi xəritədə əks olunur, o da Altaydan gəlib… Gəldiyi vaxt isə Xalqların Böyük köçü ilə üst-üstə düşür. “Terinq” sözü də bu cür tarixi səyahətdə kompas rolunu oynaya bilər.
“Terinq” türk dilində “nəsə bol” deməkdir; məsələn, geniş, bərəkətli vadi haqqında belə deyirdilər. Balxaşdan (əvvəllər bu göl Terinq-göl adlanırdı) Mərkəzi Avropayadək bu toponim nəzərə çarpır. Təsadüfdürmü? Qərbi Avropa ədəbiyyatına görə, Attilanın müttəfiqləri məhz terinqlər (türinqlər), burqundlar və digər “alman tayfaları” olmuşlar. Onların hamısı bacarıqlı süvarilər idi, üzərində xaç çəkilmiş bayraq altında vuruşurdular… Artıq tarixçi İordanın terinqlər, onların atçılıq sənəti haqqında olan sözləri təəccüblü səslənmir… Yerli avropalılar o dövrdə at yetişdirmirdilər! Və kumıs da içmirdilər. Bu, türklərin sevimli məşğuliyyətidir.
Dunayın xəritəsinə nəzər salaq – əsl qıpçaq adları meşəsidir. Sözgəlişi, “balkanlar” türk dilində “meşə ilə örtülü dağ silsiləsi” deməkdir. Azərbaycanın rayonlarından biri belə adlanır və meşə ilə örtülü əsrarəngiz gözəl dağları var.
Deyirlər ki, qaradağlılara Balkanlarda “karatayevlilər” deyib sataşırlar, niyə? Türk dilini bilmədən cavab verə bilməzsən. Cavab isə çox sadədir. “Kara” – qara, “tau” – dağ deməkdir. Deməli, “karatayevlilər” və “qaradağlılar” eyni sözdür.
Avrasiyanın xəritəsində türk toponimləri göydəki ulduzlardan bir qədər azdır. Lakin onlar haqqında haradasa oxumaq çətindir. Düzdür, bu mövzuda kitablar nəşr olunub, lakin xaricdə. Çox az alimin onlardan xəbəri var. Onlardan biri tanınmış coğrafiyaçı Eduard Makaroviç Murzayevdir. O, ola bilər ki, həyatının ən əsas işini görmüş, “Türk coğrafi adları” kitabını yazmışdır… Kitab gülünc bir tirajla (cəmi beş yüz ədəd) buraxılmışdır.
Böyük Çölün sərhədləri İngiltərədə də pis sezilmir. Onlar V–VI əsrlərdə türklərin (sakların ulusu və yaxud saksların?) rəhbərliyi altında olan anqlosakson yürüşləri haqqında xatirələrdir.
Aborigenləri məğlub edən qıpçaqlar özlərinin “ada” dövlətlərini yaratdılar, əvvəl yurta, sonra isə krallığa ad verən Kent şəhərini saldılar. “Kent” türkcə “daş qala” deməkdir. O, adanın içərisinə doğru irəliləmək üçün meydan rolunu oynamalı idi. Onun əks tərəfində, qitədə Kale[17 - “Kala” – türk dilində “qala” deməkdir, lakin daşdan hörülən qala yox, torpaq qala] şəhərini saldılar, buradan da məlum olduğu kimi, anqlosakson yürüşləri başlandı, burada Pa-de-Kale boğazından keçid hazırlanırdı. Xəritə bu məlumatı təsdiq edir.
Lakin ola bilər ki, ən maraqlısı da budur, toponimikanın göstərdiyi lap üzdə yerləşir. “İnq” qədim türk ifadələrinə görə “qənimət” deməkdir. “İnqlend” – “Əldə edilmiş torpaq” sözü buradan yaranmayıbmı?.. Mübahisəlidir? Ola bilər. Lakin türklər buraya gələnədək adalar Albion adlanırdı.
Əvvəlcə düşünmək, sonra isə mübahisə aparmaq üçün başqa bir fakt: İnqlenddə olan kilsə Roma papalığını tanımırdı, ancaq papa Böyük Qriqori onların inamını qazana bildi. İngilislər yalnız Şərq ayinləri adətlərinə əməl edirdilər. Niyə? Bu ayinlər adalara necə gəlib çıxıb? Onları nə üçün arianlar adlandırırdılar, niyə? Ən birinci abbatın adı Aydan idi. Bu, türkcə “işıqlı” deməkdir. O, aborigenlərə Səma Allahına inam bəsləməyi öyrədirdi. Niyə? Abbat ada torpağında tərcüməçi ilə gəzirdi. Yenə də niyə?
Yeri gəlmişkən, ucqar İngiltərədə çoxdan tarixi abidələrə çevrilmiş kurqanlar haradandır? Bunların eynisi olan kurqanlar Böyük Çölün digər torpaqlarında da vardır. Şotlandiyada isə onlar yoxdur… İngilislər onların sevimli oyunu olan polonun (əllərində çubuq, at üstündə) Xalqların Böyük köçündən əvvəl Altayda yarandığını bilirlərmi? Orada taxta topu yox, düşmənin dəri kisəyə bükülmüş başını qovurdular. Türklərdə bir sıra qədim oyunlarla yanaşı, bu oyun da unudulmamışdır.
Qıpçaqların qanı bəzi ingilislərin damarlarında hələ donmamışdır. Hərəkətləri və xarici görünüşləri onların kökündən xəbər verir… İngilis qıpçaqları, görünür, əcdadlarının hələ anqlosakson yürüşlərindən xeyli əvvəl işlətdiyi “özgə şalvarını geymə” məsəlini unudublar. Onları geyinməklə əslini gizlədə bilməzsən.
Qıpçaqlar dünyanın yarısını fəth edib sanki tarixdən yoxa çıxdılar. Hər iri ara müharibələrindən sonra ulus ulusun ardınca Dəşt-i Qıpçağı tərk edir, yaxud başqa “yeni” bir xalqa çevrilir, başqa biriləri ilə qarışırdı. Türklər günəşdə qar kimi əriyirdilər.
Nə göy, nə yer aralandı, xəstəlik, ölüm
Bizə dolaşmadı, bəs niyə və kim,
Ey türk xalqı, cavab ver, kim və niyə
Qanun və hakimiyyətini məhv etdi sənin?
Sən, sən özün, ey xalq, torpağın qarşısında,
Sənə xidmət etmək istəyən xaqanın önündə,
Öz qarşında sən günah işlətdin,
Özün püşk ataraq Bəlanı seçdin.
Axı zirehə bürünmüş heç kəs gəlmədi
Səni məhv etməyə, kölə etməyə.
Axı qılıncı səninkindən iti olan heç kəs gəlmədi
Səni fəth etməyə, əyməyə, yox etməyə.
Ey mənim türk xalqım…
Şair Anatoli Prelovski türk hökmdarı Kül-Tiginin ölümündən sonra xalqına daş üzərinə yazılmış olan müraciətini belə tərcümə etmişdir. Mətn elə bil dünən run yazısı ilə daş üzərində həkk edilib. Əslində isə onun min il yaşı var.
Yəni həqiqətənmi Bəla bizim daxilimizdədir?.. Yox! Bəla əbədi deyil. Düşmənin dilindən gələn söz qıpçaqlar üçün zəhər oldu, qoy həqiqi söz dərman olsun.
I hissə
“Moskal tarixi”
Dəşt-i Qıpçaq, onun faciəsi haqqında hekayəni ən yaxın və ən məlum olandan, taleyin hökmü ilə türk ölkəsinin tarixi varisi, ancaq bununla razılaşmağa tələsməyən Rusiyadan başlamaq lazımdır.
Olduqca gülünc vəziyyət alınıb: Sibirdə xarici görünüşündə slavyan izi olmayan minlərlə açıq-aşkar monqoloid tıpli adam yaşayır, lakin özlərini rus adlandırır, ancaq rus dilində danışır, rus adları daşıyırlar. Bu gün xalis asiyalılar da özlərini slavyan adlandırırlar. Təmiz türk görünüşü olan slavyanlar burada milyonlarladır.
Ümumiyyətlə, Rusiya (eyni zamanda Avropa) tarixində heç nəyə təəccüblənmək lazım deyil, ağıl üçün o, çoxdan tapmacaya çevrilib, bəzi hadisələrin məntiqi dəyişdirilib, faktlar isə yoxa çıxarılıb; məsələn, çar Rusiyasında 196 xalq yaşayırdı. Sovet dövründə həmin rəqəm kəskin surətdə azalıb. Hakimiyyət insanların milliyyəti ilə öz əmlakı kimi, necə istəyir elə də davranırdı…
Sovet rejimi dövründə ilk olaraq kazaklar adlarından məhrum edildilər. Çöl xalqının nəslindən olan kazakları onlar haqqında dekretdən sonra rus adlandırdılar və onlar sovet dövrünün ilk “yeni rusları” oldular. Düzdür, əvvəllər Kuban və Stavropol kazaklarını ukraynalılara aid etdilər, sonra isə onlardan rus düzəltdilər… Həqiqətdə indiki ruslar axı kimlərdir?
Bu haqda indiyə qədər çox söz deyilib. Şairlər, yazıçılar, filosoflar bu sadə suala “gözəl” cavablar axtarıblar. Lakin cavab vermək üçün həqiqəti bilmək lazımdır. Hər şey göz qabağındadır: “Şərqi slavyan şüurlu qədim rus xalqı erkən feodal Kiyev Rus dövlətinin (IX–XII əsrlər Kiyev Rus dövləti) vahid rus dövləti kimi yarandığı dövrdə formalaşmışdır. Rəsmi nöqteyi-nəzər budur. Lakin…
Bəs Kiyev Rus dövlətinə qədər nə olub? Axı o, boş yerdə meydana gəlməyib. IX əsrdə Dneprin sahillərinə gəlib çıxmış bu adamlar kimlər idi? Haradan gəlmişdilər? Yəni Kiyev (slavyan) Rus dövlətinin vahidliyi orada yeni xalqın formalaşa bilməsi üçün kifayət qədər möhkəm idi? Adətən, buna əsrlər və əsrlər sərf olunur.
Digər bir fikir də başadüşülməzdir: niyə Kiyevin sakinlərinə həmişə rus deyil, ukraynalılar demişlər, axı Rus – bu elə Kiyevdir? Nəhayət, niyə ukraynalıların mədəniyyəti ruslarınkından kəskin surətdə fərqlənir?
Kiyev Rus dövlətinin meydana çıxdığı dövrə qədər Misir, Qədim Yunanıstan, Qədim Roma sivilizasiyaları məhv olmuşdu, hələ Qədim Şərqi demirik. Bəs indiki Rusiyanın ərazisində Kiyev Rus dövlətinə qədər nə olmuşdur? Səhra? Yenə də yox. Arxeoloqlar, məsələn, sübut etmişlər ki, Kiyevin əsası digər rus şəhərlərinin çoxu kimi (Bryansk, Tula, Yelets, Rostov-Don, Simbirsk, Çelyabinsk, Tümen) IV–V əsrlərdə qoyulmuşdur. Budur, yeni sual meydana çıxır: əgər bu şəhərlər hələ Rus dövləti olmayanda mövcud idisə, niyə onlar “qədim rus” şəhərləri adlanır? Təəssüf ki, Rusiyada belə sualların üstündən sükutla keçir, yaxud da elə fərziyyələr meydana atırlar ki, nəticədə yalnız yeni suallar doğur və çaşqınlıq yaranır.
Əl-İdrisinin tərtib etdiyi dünya xəritəsi (1154-cü il). Göründüyü kimi, Şərqdə o dövrdə «Rus» adını heç kəs bilmirdi, amma Böyük Çölün xaqanlıqları hamıya yaxşı tanış idi.
Lakin o uzaq keçmişin əlyazmaları dövrümüzə qədər gəlib çıxıb və bu, Rusiya üçün də sirr deyil. Rus adında xalqın adının çəkildiyi ən erkən yazı “Bertin salnaməsi”, “Rus salnaməsi” və bir də Qırmızı xalatlı Konstantinin “İmperiyanın idarə edilməsi haqqında” traktatıdır. Orada nə yazılıb? Hər yerdə eyni şey: skandinaviyalıları – varyaqları ruslar adlandırırlar.
Belə çıxır ki, yuxarıda sitat gətirilmiş “Dünya xalqları” rus ensiklopedik kataloqu, yumşaq desək, səhv edir. Ruslar barəsində susaraq rus xalqı haqqında danışmaq düzgün deyil, axı xalq öz adını və etnik mənşəyini onlardan götürmüşdür.
IX–XII əsrlərdə Kiyev Rus dövlətinin əsasını ruslar qoymuşlar. Niyə hamıya məlum olan bir şey gizlədilsin? Niyə slavyanlardan Rusun “inşaatçıları” düzəldilsin?
“Bertin salnaməsi”ndə, məsələn, 839-cu ildə rusların Bizans səfirliyi ilə birlikdə Mömin Lüdovikin yanına gəlməsi haqqında xəbər verilir. “Rus” xalqının tarixdə ilk dəfə adının çəkildiyi yazılı mənbədir. Çox ciddi mətndir, elə rus xalqının tarixini də bundan başlamaq lazımdır.
Milli mənsubiyyətləri haqqında danışanda ruslar özlərini isveçli və ya norman adlandırırdılar. Belə çıxır ki, ruslar slavyan deyildilər. Üstəlik, “slavyan” olduqları haqqında heç özlərinin xəbərləri də yox idi. Onların kökləri də tamam başqadır.