
Полная версия:
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi
Kolumb və onu təqib edən avropalılar boş çöllərə gəlmədilər. Onlar elə bir yerə gəlmişdilər ki, bəzi yerlərdə əhali Avropadakı qədər sıx yerləşir idi. Hinduların özlərinə məxsus tarixləri, adət-ənənələri, özlərinə aid dastanları və dilləri var idi. Sosial cəhətdən avropalılardan daha bərabər olan bir cəmiyyətdə yaşayırdılar. Bəs “inkişaf etmək” yerli qəbilələri qırmaq üçün tutarlı bir səbəb idimi? Hinduların tarixi bizə tarixə fatehlərin və liderlərin hekayələrindən daha fərqli bir gözlə baxmağımızın vacib olduğunu xatırladır.
“AĞ HİNDULAR”İngilis kolonistləri bir döyüşdə yerli amerikalılar tərəfindən əsir alındı və sonradan onlar özləri hindu icmalarında yaşamağa üstünlük verdilər ki, məhz buna görə də “ağ hindular” adlandırıldılar. Unis Uilyams (1696-1785) buna bir misaldır. O, kahnavak mohavkları (Kahnawake Mohawk) tərəfindən əsir götürüləndə yeddi yaşındaydı. Onun anası və qardaşlarından ikisi öldürülənlər arasında idi. Digər iki qardaşı isə özü kimi əsir götürülmüşdü. İki il yarım sonra onun atası Reverend Con Uilyams Unis və onun qardaşlarının geri qaytarılması üçün hindularla danışıqlara başladı, lakin Unis hinduların icmasını tərk etməyi rədd etdi. Bir mohavk kimi o katolikliyi qəbul edib başqa bir mohavka ərə getdi.
Bu hadisə onu göstərir ki, mohavklar uşaqlara qarşı daha mülayim olub və qadınlara da kişilərlə bərabər səviyyədə hörmət edib. Avropalı valideynlər fiziki cəzanın zəruri olduğunu hesab etdikləri halda, hindular inanırdılar ki, uşaqları “mülayim sözlərlə tənbeh” etmək lazımdır, çünki cismani cəza xarakteri zəiflədir və uşaqları müti edir. Yerli amerikalıların mədəniyyətində əsas məqsəd uşaqlara azadlığı və cəsarəti təlqin etmək idi.
1753-cü ildə Benjamin Franklin yazırdı: “Hər iki cinsdən olan ağ insanlar hindular tərəfindən gənc yaşlarında əsir götürüləndə və bir müddət onların arasında yaşayandan sonra hətta Dostları tərəfindən pul müqabilində geri alınsalar və ağla gələ biləcək bütün nəvazişlə onların ingilislər arasında yaşaya bilmələri üçün müalicə olunsalar da, yenə də Qısa müddət sonra onlar bizim həyat tərzimizdən iyrənirdilər və hərəkətləri və ağrı-acıları ilə də bunu büruzə verirdilər və ilk Fürsətdə yenə də bir daha xilas edilməsi qeyri-mümkün olan meşəyə qaçırdılar”.
Mənbə: Mintz, Steven. Huck’s Raft: A History of American Childhood. Boston: Harvard University Press, 2004, p. 7, 8, 15, 35.
İKİNCİ FƏSİL
QARA VƏ AĞ2
Dünya tarixində irqçiliyə Amerika Birləşmiş Ştatları kimi vurğun olan başqa bir ölkə yoxdur. Bu irqçilik necə başladı? Buna necə son qoymaq olar? Daha açıq desək, qaralar və ağlar bir-birlərinə qarşı düşmənlik hissi bəsləmədən bir yerdə yaşaya bilərlərmi?
Bəlkə də, tarix bizə bu suallara cavab tapmaqda kömək edə bilər. Bu qitəyə ilk gələn ağların və qaraların izinə düşərək Şimali Amerikadakı quldarlıq tarixindən bəzi məqamlara işıq tuta bilərik.
Quldarlıq Şimali Amerikada qaralarla ağlar arasındakı normal münasibətə çevrildi. Eyni zamanda ağlar qaraların özlərinə bərabər olmadıqlarını düşünməyə başladılar. Qaralar 350 ildən bəri özlərinin daha aşağı irqə aid olduqları düşüncəsindən yaranan irqçilik səbəbilə Amerika cəmiyyətində daha aşağı mövqelər tutacaqdılar.
Niyə irqçilik?
İlk ağ mühacirlərin keçirdikləri təcrübələr onları qaraları kölələşdirməyə vadar etdi. Virciniyada 1609-1610-cu illərdə baş vermiş “Aclıq Dövrü”ndən sonra həyatda qalan mühacirlərə yeniləri də qoşuldu. İlk mühacirlərin tarlalarda kifayət qədər tərəvəz və meyvə yetişdirə bilmələri üçün daha çox işçi qüvvəsinə ehtiyacları var idi. Təkcə qarğıdalı ilə kifayətlənmək istəmirdilər. Virciniyadakı mühacirlər hindulardan tütün əkməyin yollarını öyrənmişdilər və 1617-ci ildə İngiltərəyə ilk dəfə tütün göndərdikdə yaxşı qazanc əldə etmişdilər. Bəziləri siqaret çəkməyin günah olduğunu düşünsə də, plantatorlar belə insanların qazanclarını azaltmasına heç vaxt icazə vermədilər və İngiltərəyə tütün göndərməyə davam edirdilər.
Bəs tütün yetişdirmək və onu satışa hazırlamaq kimi əziyyətli bir işi kim edəcəkdi? Ağ mühacirlər hinduları özləri üçün işlətməyə məcbur edə bilmədilər. Çünki hindular say etibarilə mühacirlərdən çox idi. Hinduları silahla vurmaq istəsələr belə, digər hindular onları qətlə yetirirdilər. Hinduları qula çevirmək mümkün olmadı, çünki onlar tabeedilməz və inadkar idilər. Şimali Amerika meşələri mühacirlərə qəribə və qorxunc görünsə də, hindular burada özlərini evlərindəki kimi hiss edirdilər. Asanlıqla mühacirlərdən uzaqlaşa və ya qaça bilərdilər.
Bəlkə də virciniyalılar hinduları nəzarətdə saxlaya bilmədikləri üçün əsəbi idilər. Bəlkə də, bar-bar olaraq gördükləri hinduların mədəni olan ağlara nisbətdə özlərinə çox daha yaxşı baxa bilmələrini qısqanırdılar. “Amerika Quldarlığı, Amerika Azadlığı” adlı kitabında Edmund Morgan kolonistlərin hindulardan daha yaxşı yaşamaq və ya onları nəzarət altında saxlamaq kimi uğursuz cəhdlərinin ağlara nələr hiss etdirdiyi haqda belə fikirləşir:
“… Hindular öz aralarında sizin üstün metodlarınıza güldülər və sizdən daha az qüvvə sərf edərək torpaqdan daha səmərəli istifadə etdilər… Öz adamlarınız onlarla yaşamaq üçün sizdən qaçmağa başlayanda bu sizə çox pis təsir etdi… Buna görə də hinduları öldürdünüz, onlara işkəncə verdiniz, kəndlərini və tarlalarını yandırdınız… Amma bunlara baxmayaraq daha çox qarğıdalı becərə bilmədiniz…”
Bəlkə də bu qısqanclıq və qəzəb mühacirləri qaraların ağası olmağa hazırladı. Qara qulları gətirib işlətmək virciniyalılara çox təbii göründü. Axı Amerikadakı digər koloniyalar bunu uzun zamandan bəri edirdilər.
1619-cu ildə Afridakan bir milyon qara Cənubi Amerika və Karib adalarındakı portuqal və ispan koloniyalarına aid mədənlər və şəkər qamışı tarlalarında qul olaraq işlədilmək üçün gətirildi. Əslində qul ticarəti Kolumbdan 50 il əvvəl on minlərlə afrikalı öz torpaqlarından aparılıb Portuqaliyada satılanda başlamışdı. Buna görə də 1619-cu ildə ilk iyirmi qara Ceymstauna gətirilərək mühacirlərə satılarkən ağlar əslində çox əvvəldən afrikalıları kölələşdirməyi düşünürdülər.
Afrikalıların çarəsizliyi qul olmalarını asanlaşdırırdı. Hindular öz torpaqlarında, ağlar isə yeni bir qitədə idilər. İngilis mədəniyyətini də özləri ilə bərabər gətirmişdilər. Qaralar isə öz torpaqlarından və mədəniyyətlərindən qoparılmışdılar. Dil, geyim-keçim, adət-ənənə və ailə həyatı kimi ağlara lazımsız görünən mədəni miraslarının yavaş-yavaş yox edildiyi yeni bir həyat tərzində yaşamağa zorlanmışdılar. Yalnız fövqəlbəşəri bir iradə ilə mədəni miraslarının qalıntılarına sahib çıxa bilərdilər.
Afrika mədəniyyəti Avropa mədəniyyətindən daha aşağı bir mədəniyyət idi və buna görə də onu yox etmək dahamı asandır? Afrika mədəniyyəti öz daxilində Avropa mədəniyyəti qədər inkişaf etmişdi. Afrika mədəniyyəti altında 100 milyon insan yaşayırdı. Böyük şəhərlər qurmuş və dəmir alətlərdən istifadə etmişdilər. Əkinçilik, toxuma, dulusçuluq və heykəltəraşlıqda ixtisaslaşmışdılar. XVI əsrdə Afrikaya gedən avropalılar Timbuktu və Mali krallıqlarından təsirlənmişdilər. Avropa dövlətlərində müasirləşmə prosesi gedərkən Afrika dövlətləri olduqca təkmil və sabit idi.
Əslində Afrikada da quldarlıq sistemi var idi və avropalılar bunu özlərinə haqq qazandırmaq üçün istifadə etdilər. Afrikadakı qulların həyat şəraiti daha ağır olsa da, Amerikadakılardan daha çox haqqa sahib idilər. Amerikadakı quldarlıq iki səbəbə görə tarixdəki ən qəddar quldarlıq sistemidir. İlkin olaraq Amerikadakı quldarlıq sistemi sərhədsiz bir qazanc məqsədilə qurulmuşdu. Həmçinin ağları ağa, qaraları isə qul olaraq görən irqçi bir nifrətdən qaynaqlanırdı. Bu səbəbdən Amerikadakı quldarlıq sistemində qullarla insan kimi davranılmırdı.
Bu qeyri-insani rəftar Afrikada başlamışdı. Əsir alınan qullar bir-birilərinə zəncirlərlə bağlanaraq sahilə doğru kilometrlərlə getməyə məcbur edilirdilər. Hər beş əsir quldən ikisi bu yürüş zamanı ölürdü. Sağ qalanlar isə çatdırılacaqları yerə aparılmaq üçün hərracda satılanadək qəfəsdə saxlanılırdılar.
Sonra qul gəmilərinin göyərtələrinə yüklənirdilər. Tabutdan çox da böyük olmayan qaranlıq bölmələrdə bir-birlərinə zəncirlənirdilər. Bəziləri bu pis şəraitdə havasızlıqdan ölürdü, bəziləri isə bu zülmdən qurtulmaq üçün özünü dənizə atırdı. Gəmilərdə okeanın o tayına göndərilən afrikalıların üçdə birinin yolda öldüyü güman edilir. Fəqət qul ticarəti sərfəli iş idi və tacirlər qaraları balıq kimi anbarlarda toplamaqda davam edirdilər.
Əvvəllər ən böyük qul taciri hollandlar idi. Sonradan isə bu ticarəti ingilislər öz boyunlarına götürdü. Yeni İngiltərədəki bəzi amerikalılar da bu ticarətə qoşuldu. 1637-ci ildə ilk Amerikan qul gəmisi Massaçusetsdən yola düşdü. Gəminin anbarları təxminən yarım metr genişliyində və iki metr uzunluğunda dəmir qəfəslərə bölünmüşdü.
1800-cü ilə qədər 10-15 milyona qədər afrikalı Amerikaya gətirilmişdi. Bizim müasir mədəniyyətin başlanğıcı saydığımız bir dövrdə Afrika təxminən 50 milyon insanını quldarlıq yolu ilə itirdi.
Quldarlıq Amerikan koloniyalarında Ceymstaundakı mühacirlərin ümidsiz işçi axtarışları ilə başladı. Hindulardan istifadə edə bilmədilər və ağları da qulləşdirmək çətin olacaqdı. Fəqət gözünü qazanc ehtirası bürümüş insan tacirləri sayəsində artıqlaması ilə qara mövcud idi. Tutulduqdan sonra gördükləri dəhşətli rəftar afrikalıları olduqca çarəsiz vəziyyətə saldı. Bütün bunlar afrikalıların kölələşdirilməsinə yol açdı.
Qorxu və İrqçilik
Görəsən Amerikadakı bütün qaralar qul idi? Bəlkə də ağ mühacirlər bəzi qaraları qul yox, xidmətçi kimi qəbul etmişdilər. Çünki ağ nökərlər3 də var idi. Bəs onlarla qaralara nisbətdə daha fərqli rəftar edirdilər?
Virciniyada baş vermiş bir hadisə ağ və qaralara olan rəftarın çox fərqli olduğunu göstərir. 1640-cı ildə altı ağ və bir qara xidmətçi qaçmağa cəhd etdi, amma tutuldular. Emanuel adlı qara məhkəmə qərarı ilə otuz dəfə qamçılandı. Həmçinin bir yanağı közərmiş dəmirlə damğalandı, ayaqları qandallı vəziyyətdə bir ildən çox işləmək cəzası verildi. Tutulan ağların cəzaları isə çox daha yüngül idi.
Bu qeyri-bərabər rəftar irqçilik idi, hərəkətlərdə və duyğularda özünü göstərirdi. Ağlar özlərini qaralardan üstün görür və onları alçaldırdılar. Qaralara bir-birinə etdiklərindən daha çox sərt və zalımcasına münasibət göstərirdilər. Bəs bu irqçilik “təbii” idi? Ağlar qeyri-ixtiyari olaraqmı qaraları sevmir və onlara pis rəftar edirdilər? Ya da irqçilik əslində aradan götürülməsi mümkün olan müəyyən şəraitin nəticəsi idi?
Bu sualları cavablandırmağın bir yolu Amerika koloniyalarında yaşayan bəzi ağların qaralara bərabər gözlə baxıb-baxmadığını öyrənməkdir və sübutlar bunun baş verdiyini göstərir. Ağlar və qaralar düşmən olaraq gördükləri eyni ağaya sahib olduqları və eyni problemlərlə qarşılaşdıqları zaman bir-birləri ilə bərabər rəftar edirdilər.
Quldarlığın Amerika koloniyalarında təşəkkül tapmasını izah etmək üçün “təbii” irqçilikdən danışmağa ehtiyac yoxdur. İşçi qüvvəsinə olan tələbat bunu izah etmək üçün tutarlı bir səbəbdir. Koloniyalara gələn ağların sayı tarladakı işçi ehtiyacını qarşılamaq üçün kifayət etmirdi və buna görə də mühacirlər bu ehtiyacı qarşılamaq üçün quldarlığa yönəldi. İşçiyə tələbat artmaqda idi. 1700-cü ildə Virciniya əhalisinin on ikidə birini qullar təşkil edirdi, 1763-cü ildə qullarin sayı 170 000-ə, yəni əhalinin yarısına bərabər oldu.
Başlanğıcdan etibarən qara qadın və kişilər kölələşdirilməyə müqavimət göstərdilər. Müqavimətləri ilə – bəlkə yalnız özlərinə və bacı-qardaşlarına olsa da – bir insan olaraq şərəfli olduqlarını göstərdilər. Əksər vaxtlarda işi yavaşlatmaq və gizlicə ağların mülklərinə zərər vermək kimi müəyyənləşdirilməsi və cəzalandırılması çətin metodlara baş vururdular. Bir müqavimət şəkli də qaçmaq idi. Afrikadan təzə gələn və hələ öz kəndlərindəki həyatı saxlamağa çalışan qullar toplucaqaçaraq vəhşi təbiətdə kiçik icmalar4 qurmağa səy göstərirdilər. Amerikada doğulub kölələşdirilənlər isə daha çox tək qaçıb azadlıqlarına qovuşmağa üstünlük verirdilər.
Qaçaq qullar cəza və ölümlə qarşılaşacaqlarını bilirdilər. Qaçış planını hazırlayarkən belə tutulsalar, çox dəhşətli şəkildə cəzalandırılırdılar. Qullar yandırılır, şikəst edilir və öldürülürdülər. Ağlar digər qulların qiyamını əngəlləmək üçün sərt cəzaların labüd olduğuna inanırdılar.
Ağ mühacirlər qaraların mütəşəkkil üsyanından qorxurdular. Qul üsyanlarına olan qorxu böyük plantasiya həyatının bir reallığı idi. 1736-ci ildə Vilyam Berd adında bir virciniyalı plantator belə yazırdı: “Bədbəxt taleli” cəsur bir qul lideri qiyam etdikdə “çaylarımızı qanla rəngləndirəcək” bir müharibə başlada bilər.”
Çox olmasa da buna bənzər qiyamlar da baş verdi və bunlar plantatorların qorxusunu həmişə canlı saxladı. 1720-ci ildə Cənubi Karolinadakı bir ağ mühacir əvvəlcədən qarşısı alınan planlanmış bir üsyanla bağlı Londona bunları yazırdı:
“… Sizə bildirmək istəyirəm ki, bu yaxınlarda zəncilərin bütün ağları yox etmək və Çarles Tauna ələ keçirməyə yönəlmiş vəhşi çıxışları ilə qarşılaşdıq… Lakin Tanrıya şükürlər olsun ki, bundan xəbərdar olduq və əksəriyyətini həbs etdik, bəzilərini yandırdıq, bəzilərini asdıq və bəzilərini sürgünə göndərdik…”
On, ya da daha çox sayda qaranın birləşərək qiyam qaldırdığı və ya üsyana hazırlandığı 250-ə yaxın hadisə məlumdur. Ancaq üsyanlarda yalnız qullar iştirak etmirdi. Qulların üsyanına bəzən ağlar da dəstək verirdi. 1663-cü il kimi olduqca erkən bir tarixdə Virciniyadakı nökər və qara qullar azadlıqlarına qovuşmaq üçün gizlicə birləşərək üsyana hazırlaşarkən xəyanətə uğradılar və əksəri edam olundu.
1741-ci ildə Nyu-Yorkda on min nökər və iki min qara qul var idi. Sərt qış şəraitinin hər iki irqin yoxsullarına səfalət gətirdiyi bir dövrdə əsrarəngiz yanğınlar başladı. Qara və ağlar əlbir olmaqda günahlandırıldılar. Sərt ittihamların irəli sürüldüyü məhkəmə çox həyəcanlı keçdi. Bəzi insanlara təzyiq altında məcburən etiraf etdirildi. Nəticədə iki ağ kişi və iki ağ qadın edam edildi, on səkkiz qul asıldı və on üç qul də diri-diri yandırıldı.
Amerika koloniyalarında qaraların üsyanından da böyük yalnız bir qorxu var idi ki, o da indiki həyat şəraitindən razı olmayan ağların ictimai quruluşu dəyişdirmək üçün qaralarla birləşmə qorxusu idi. Xüsusilə də, quldarlığın ilk illərində, hələ irqçilik çox da yayılmamışkən bəzi nökərlərə qullar qədər pis münasibət göstərilirdi. Bu iki fərqli irqə mənsub insanların birləşmə ehtimalı var idi.
Belə böyük bir üsyanın qarşısını almaq üçün koloniya liderleri bəzi tədbirlər gördü. Yoxsul ağlara kömək edərək bəzi yeni haqlar verdilər. Məsələn, 1705-ci ildə Virciniyada plantatorların təqaüdə çıxandan sonra nökərlərə bir az pul və qarğıdalı verməsi ilə bağlı qanun qəbul edildi. Azadlıqlarına qovuşan nökərlər torpaq payı da alacaqdılar. Bu tədbirlər nökərlərin cəmiyyətdəki mövqelərindən daha az şikayətlənmələrini təmin edərkən ağ ağalarına qarşı qara qullarla birləşməsi ehtimalını da azaltdı.
Tarixin bu ipləri ilə hörülən tor qaraları Amerika quldarlıq sisteminin içinə həbs etdi. Ac mühacirlərin çarəsizliyi, ölkələrindən didərgin salınan afrikalıların acizliyi, qul tacirləri ilə tütün əkən plantatorların əldə etdiyi yüksək qazanclar və üsyan edən qulları cəzalandırmağa istiqamətlənmiş qanun və adətlərin hamısı bu torun bir hissəsi idi. Son olaraq ağ və qaraların bərabər şərtlərdə birləşməsinin qarşısını almaq üçün yoxsul ağlar bəzi sosial qazanclarla təmin edilmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Aborigen-yerli, yerli mənşəli. Hər hansı bir ölkənin ilk sakinlərinə verilən ad. (red.)
2
İngilis dilindən tərcümədə orijinallığı pozmamaq məqsədilə ağdərili və qaradərili insanlara qısaca ağ (white people) və qara (black people) insanlar kimi tərcümə etmişik. Qaradərili insanlara zənci yazmamağımızın səbəbi isə “zənci” (negro) ifadəsinin Amerikada təhqir kimi qəbul olunmasıdır. (tərc.)
3
İlk zamanlarda İngiltərədən Amerikaya insanları qulluqçu kimi gətirirdilər və onlara şərti olaraq “ağ qul” deyilsə də, rəsmi statusları “servant” idi. “Servant” sözünün Azərbaycan dilində qarşılığı kimi nökər sözündən istifadə edəcəyik.Lakin bu bilinməlidir ki, koloniyalarda nökərların rəsmi statusu qara qullar ilə bizim başa düşdüyümüz müasir xidmətçilərin arasında idi. Nökərları tacirlər İngiltərədən öz pulları ilə gətirir və Amerikada bir ailəyə satırdılar. Bu borcun müqabilində isə nökərlar 7-4 illik müddətə pulsuz olaraq öz ağaları üçün çalışmalı idilər və 7-4 ildən sonra onlara pay torpaqla bərabər azadlıq da verilirdi. Qara qullardan fərqli olaraq ağa nökərı öldürə bilməzdi.
4
Qaçaq qullar meşələrdə gizlin və əsasən də, bataqlıqlarla əhatələnmiş quru hissələrdə özlərinə məskən salırdılar ki, bu da “Maroon” adlanırdı. İspancadan “cimarrón”, yəni “fərari, qaçaq, dağların üstündə yaşayan” anlamını verir (cima-zirvə, üst).
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов