banner banner banner
İki ömrüm olsaydı
İki ömrüm olsaydı
Оценить:
Рейтинг: 0

Полная версия:

İki ömrüm olsaydı

скачать книгу бесплатно

İki ömrüm olsaydı
Əli Zeynalov

Xatirə ədəbiyyatı #16
Azərbaycan xalq artisti Əli Zeynalov bu kitabda ömrünün yeniyet-məlik illərindən başlayıb yaşlı çağlarınadək teatrla, sevdiyi aktyor sənəti ilə bağlı xatirələrindən bəhs edib. Böyük aktyor sonda “Əgər mənim iki ömrüm olsaydı, onu yenə də sevdiyim sənətə qurban verərdim!” qənaətinə gəlir.

Kitab aktyorun yaşadığı dövrdə incəsənətə, teatr sənətinə olan münasibəti öyrənmək baxımından da əhəmiyyətlidir.

Əli Zeynalov

İki ömrüm olsaydı…

"Xatirə Ədəbiyyatı" silsiləsindən 16-cı kitab

© Əli Zeynalov / İki ömrüm olsaydı…

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 116 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Ön söz

Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları ilə yaddaşlarda qalan istedadlı aktyorlarımızdan biri də 1964-cü ildə Xalq artisti fəxri adına layiq görülən Əli Zeynalovdur.

Əli Zeynalovun kiçik yaşlarından teatra qarşı böyük sevgisi olub. Sehrinə düşdüyü o böyük sevgi Əlini Pedaqoji texnikumu bitirsə də, işini atıb, Teatr texnikumunda da oxumağa vadar etmişdi.

Anasının və bir çox yaxın adamlarının etirazlarına baxmayaraq taleyini teatra bağlamaq inadından dönməmiş, Teatr texnikumunu qurtardıqdan sonra əsl aşiq kimi bu sənətin bütün çətinliklərinə, ağrı-acılarına tab gətirməyi bacarmışdı. Şəki, Gəncə teatrlarında çəkdiyi əziyyətlər də iradəsini qıra bilməmişdi.

Nəhayət, 1934-cü ildə İrəvan dövlət teatrındakı fəaliyyəti ilə sənət sevinclərini dadmağa başlamışdır. Burada az vaxtda şöhrət qazanan, tamaşaçıların sevimlisinə çevrilən Əli Zeynalov 1945-ci ildə Azərbaycan Milli Dram Teatrına dəvət almışdır. Milli Dram Teatrında çalışdığı otuz il ərzində daim aparıcı rollar oynamışdır. Yerli və xarici dramaturqların əsərlərinin tamaşalarında yaratdığı Elxan ("Od gəlini"), Eyvaz ("1905-ci ildə"), Antoni ("Antom və Kleopatra"), Fərhad ("Fərhad və Şirin"), Həsənzadə ("Sən həmişə mənimləsən") və başqa bənzərsiz rolları ilə geniş tamaşaçı rəğbəti qazanmışdır.

Görkəmli aktyor milli kinomuzda qırxa yaxın filmdə çalışıb. Doqquz bədii filmdə müxtəlif xarakterli irili-xırdalı rollar oynayıb. İfadəli səs tembrinə görə isə iyirmi beş bədii, beş sənədli filmdə ona mətn oxumaq, baş və ikinci dərəcəli rolları səsləndirmək həvalə olunub.

Əli Zeynalov 1988-ci ildə – ömrünün 75-ci ilində vəfat etmişdir. O, sənətinə və insanlara olan sevgisini həyatında da, yaradıcılığında da, təsdiqləyə bildi.

1973-cü ildə çap edilən "İki ömrüm olsaydı" kitabını yenidən oxucuların ixtiyarına verərək, onları ölməz sənət aşiqinin həyat hekayəsi ilə yaxından tanış olmağa dəvət edirik.

    Rövşən Verfi

İki ömrüm olsaydı

Desəm ki, gənc yaşlarımda teatra məndə bir laqeydlik vardı, bəlkə də buna inanmazsınız. Hətta uşaqlıq çağlarımda mən teatrdan qorxmuşam da.

O zaman atam və əmim Salyanda müəllimlik edirdilər. Həvəskarlardan dram dərnəyi təşkil etmişdilər. Ayda iki dəfə klubda tamaşa verirdilər.

Bir dəfə atam məni də tamaşaya aparmışdı.

Yadımdadır, ikinci pərdədə atamla əmimi zindana salmışdılar. Mən maraq və qorxu hissi ilə səhnəyə baxırdım. Bir də gördüm ki, atam əlindəki tapança ilə özünü vurdu.

Mən dəhşətli bir səslə qışqırdım. Sonra nələr baş verdiyini deyə bilmərəm.

Gözlərimi açanda gördüm ki, evimizdəyəm, atam başım üstə dayanıb. O, elə kədərli və dalğın idi ki! Yaşarmış gözlərini silib üzünü yana çevirdi…

Atam sonralar nə qədər təkid etdisə də, mən bir daha teatra getmədim. Nədənsə tamaşa adı gələndə o qorxunc səhnəni xatırlayırdım. Mənə elə gəlirdi ki, kluba ayaq bassam yenə tapança səsi eşidəcəyəm. Get-gedə arzular qorxu hissini qəlbimdən silib apardı. Mən başqa bir həvəslə yaşayırdım. Piano çalmaq həvəsi ilə. Eyni zamanda şəkil çəkməyi də çox sevirdim.

Pedaqoji texnikumda oxuyanda isə ədəbiyyata həvəs göstərməyə başladım. Ara-sıra kiçik hekayələr yazırdım.

Hər bir gəncin həyatında olduğu kimi, mənim də həvəs və istəklərim bir-birini əvəz edirdi. Və bir gün elə bir gözlənilməz hadisənin sehrinə düşdüm ki, ömür yolum, taleyim, gələcəyim barədə dərin-dərin düşünməli oldum.

1928-ci ilin yayı… İmtahanlarımı müvəffəqiyyətlə verdim.

Atamgil belə qərara gəldilər ki, yay tətilini Biləsuvar kəndində keçirim. Əmim orada məktəb müdiri işləyirdi.

Bu, mənim ürəyimdən idi. Əvvəla, əmimi çox istəyirdim, ikincisi də gurultulu şəhər həyatından bir az uzaqlaşmağa can atırdım.

Burada cavanlarla ilk tanışlığım çox maraqlı oldu.

Bu təzə tanışlar içərisində özümə dostlar da tapdım. Onlardan mənə ən yaxını Fərrux adlı bir aqronom idi. O, bir gün məni təcili kluba çağırdı. Mən orada bir dəstə cavan gördüm.

Fərrux mənim qolumdan tutub vəcdlə dedi:

– Qərara gəlmişik ki, tamaşa hazırlayaq. Söz yox ki, bu işdə sən bizə kömək edəcəksən.

Cavan bir müəllim irəli yeridi:

– Əlbəttə, siz şəhərdə Dram teatrının, İşçi teatrının tamaşalarını görmüsünüz, bu işdə bizdən təcrübəlisiniz.

Fərrux mənim cavabımı gözləmədən kitabı açıb rolları bölməyə başladı.

Onlar Hüseyn Cavidin "Şeyda" pyesini tamaşaya qoymaq istəyirdilər. Şeyda rolunu mənə verdilər.

Klubdan çıxıb evə gedəndə yavaşca Fərruxa dedim:

– Mən oynamaq istəmirəm.

– Necə yəni oynamaq istəmirəm?!

– Başa düş, axımən heç səhnəyə çıxmamışam.

– Sən də qəribə adamsan, yəni biz çıxmışıq? Sən heç olmasa Bakıda Abbas Mirzəni görmüsən, elə onu təqlid eləsən, olar əntiqə!

Mən ona heç nə deyə bilmədim. Hətta deyə bilmədim ki, mən heç Abbas Mirzəni də görməmişəm.

Öz nöqsanımı başa düşürdüm: "Bakıda yaşayıb oxuyasan, amma teatra getməyəsən, heç bir tamaşaya baxmayasan".

Ertəsi gün məşqlərə başladıq. Rejissorluğu əmim boynuna götürmüşdü. İlk günlər çox çətinlk çəkirdim. Ancaq buna baxmayaraq rolu hamıdan tez əzbərlədim. Buna mütaliəm və iti hafizəm kömək etmişdi.

Tamaşa günü yaxınlaşırdı. Tamaşaya baxmaq istəyənlərin sayı klubdakı yerlərə nisbətən qat-qat çox idi.

Salon ağzına qədər dolmuşdu. Klubun müdiri pərdə qabağına çıxıb elan etdi ki, tamaşanı bir də göstərəcəyik, hamı baxa biləcək.

Mən bərk həyəcan keçirdim. Suflyor budkasında oturub bizə söz verən əmimin razılığıyla gülümsəyən gözlərini gördükcə həyəcanım getdikcə azalırdı.

Tamaşa müvəffəqiyyətlə keçdi. Bizi dəfələrlə alqışladılar. Əlbəttə, bu alqışların ən çoxu Fərruxun payına düşürdü.

Onun məlahətli səsi, təbii oyunu, səhnədə özünü son dərəcə sərbəst aparması bizi doğrudan da heyran etmişdi. O, Musa rolunu oynayırdı.

Tamaşa qurtarandan sonra biz Fərruxla klubdan çıxıb çaya tərəf getdik. Aylı gecə idi. Çayın xəfif şırıltısı nəğmə kimi adamın ruhunu oxşayırdı. Danışmışdıq. Qəlbimizdəki sevinc şəlaləsi qanadlı arzularla qovuşmuşdu. Kiçik bir daşın üstündə oturduq. Elə bil Fərruxun gözləri yol çəkirdi. O, kövrək bir səslə:

– Bilirsənmi, Əli, – dedi – mən teatrı çox sevirəm… Uşaqlıqdan aludəsiyəm.

– Bəs nə üçün bu sənətin dalınca getməmisən?

– Əmim qoymadı, – deyə, o, kədərlə cavab verdi. – Atam öləndən sonra bizi əmim böyüdüb.

O, yenə susub fikrə getdi. Bu anlarda mən Fərruxun taleyi barədə düşünürdüm. Dostum əlini çiynimə qoydu:

– Elə ki yolum Bakıya düşür, hər axşam Dram teatrına gedirəm. İmkanım olsaydı Abbas Mirzənin bütün rollarına baxardım. Özü də bir dəfə yox, on dəfə…

Mən elə mütəəssir olmuşdum ki! Fərruxun dediklərindən sarsılmışdım: "Necə olub ki, indiyə kimi Abbas Mirzəni görməmişəm? Yəqin Fərrux mənim yerimə olsaydı, bütün gününü teatrda keçirərdi".

Gecədən xeyli keçmiş evə qayıtdıq.

O gecə səhərə qədər sevindim, həyəcanlandım, qanadlandım. O gecə nə qədər unudulmaz idi! Gözümü yumurdum, o dəqiqə gurultulu alqışlar məni diksindirirdi. Fərruxun salonu sehirləyən yumşaq, cazibəli səsi hələ də qulaqlarımda cingildəyirdi.

Səhər kluba getdim. Hamı yığışmışdı. Deyilənə görə tamaşaçılar bizdən çox razı qalmışdılar.

Klub müdiri təklif etdi ki, həftənin axırında tamaşanı bir də təkrar edək. Biz məmnuniyyətlə razılıq verdik. Lakin sonra məlum oldu ki, Fərrux bir ay müddətinə Leninqrada – Təkmilləşdirmə institutuna gedir.

Beləliklə, tamaşanı bir daha göstərə bilmədik. Mən Fərruxu yola saldım. Onun gedişi məni qüssələndirirdi. Bir neçə gündən sonra biz təzədən məşqlərə başladıq. Lakin bu əbəs idi. Fərruxun rolunu heç kəs ifa edə bilmədi.

Tətil günləri qurtardı. Mən Bakıya qayıtdım. Artıq son kursdaydım. Özü də tamamilə dəyişmişdim.

Bir gün ədəbiyyat müəlliməmiz təəccüblə soruşdu:

– Axır vaxtlar qəribə olmusan. Həmişə fikirli görünürsən. Dərslərədə hazır gəlmirsən. De görək, nə olub sənə?

Mən başımı aşağı salıb susdum.

Əlbəttə, bu vəziyyətim tələbə yoldaşlarımı da heyrətləndirirdi. Axı, bu il biz texnikumu bitirib müəllimlik diplomu almalı idik. Bütün dərslərdən əla qiymətlə oxuduğum halda son kursda hamıdan geri qalırdım.

Çıxılmaz vəziyyətə düşmüşdüm. Gecə-gündüz teatr haqqında, səhnə haqqında düşünürdüm. Şirin-şirin arzuların, xəyalların burulğanından çıxa bilmirdim.

Bir dəfə yoldaşlarımdan eşitdim ki, vağzalın yanındakı fotoatelyenin vitrinində Abbas Mirzənin böyük portreti qoyulub.

Adı dillərdə bir əfsanə kimi gəzən, dostum Fərruxun ürəkdən sevdiyi bu adamın şəklinə uzun-uzadı baxdım. O, nədənsə mənə qeyri-adi bir varlıq kimi göründü. Gözlərindəki vüqar və cazibə qüvvəsi məni elə bil əfsunlamışdı.

O gün dərsə getmədim. Dolaşıq fikirlərlə gəzə-gəzə dəniz kənarına gəldim.

Son vaxtlar məndəki bu dəyişiklik ailəmizdə də nəzərdən qaçmamışdı. Tez-tez evdən çıxır, küçələri dolaşır, həmişə tək-tənha qalmaq istəyirdim.

Axşama yaxın idi. Qoca bibim o biri otaqda tikişlə məşğul idi. Mən çarpayıda uzanıb dərin fikrə getmişdim. Bibimin səsi gəldi:

– Gəl çörəyini ye!

– Yemirəm! – deyə cavab verdim. Ağzı üstə uzanıb üzümü balmcın altında gizlətdim.

Bibim asta addımlarla gəlib yanımda oturdu.

Mənim bu rəftarım, deyəsən, qəlbinə toxunmuşdu. Axı, mən öz sirlərimi həmişə ona deyərdim. Bir şey lazım olanda ona müraciət edərdim. Amma indi bibimdən də uzaq olmaq istəyirdim. O, mənim xətrimi çox istəyirdi. Mənim bibimə olan mehribanlığım nədənsə anama xoş gəlmirdi. O bundan əsəbiləşir, tez-tez atama gileylənirdi. Atamla mənim aramda böyük bir hörmət pərdəsi vardı. O, anamın təhrikinə baxmayaraq məni məzəmmət etməzdi. Anam isə yerli-yersiz məni acılayırdı. Bununla da kifayətlənməyib mənə təsir etsin deyə bibimlə sərt rəftar edirdi. Buna dözə bilmədim. Son günlər yaman əsəbi olmuşdum. Bəzən günlərlə evdən gedir, yoldaşlarımgildə qalırdım…

Bibimin qırışmış,mehriban əlini saçlarımda hiss etdim. Başımı qaldırıb ona baxdım. Gözləri yaşarmışdı.

– Nə olub sənə? Bu qədər fikir olar ki, eləyirsən?

Elə bil mən onun sualını gözləyirdim. Hönkür-hönkür ağladım.

– Ağla, qoy ürəyin boşalsın, görürəm haçandır dolmusan.

O mənə təsəlli versə də, özünün də qəhərləndiyini hiss edirdim.

Bibim oturub diqqətlə mənə qulaq asırdı. Ona deyəndə ki, teatra getmək istəyirəm, aktyor olmaq istəyirəm, o, gözlərini gözlərimdən çəkməyərək diqqətlə baxdı, baxdı… Ürəyim riqqətlə döyünürdü: "Görəsən bibim nə deyəcək? Bəlkə heç o da bu işə razı olmayacaq?".

O, yaylığının ucu ilə yaşarmış gözlərini silə-silə dedi:

– Bilmirəm, atan bu işə necə baxar?

Ani sükutdan sonra əlavə etdi:

– Amma onu bilirəm ki, qohum-əqrəba razı qalmaz.

O, haqlı idi.

Atamla heç vaxt öz istəyim, arzularım barədə danışmamışdım.

Ona deyə bilərdimmi ki, mən artist olmaq istəyirəm? O bu arzuya necə baxardı, qohumlar, tanışlar arasında sıxılmazdımı?

Atam bu istəyimə razı olmasa mən daha nə edə bilərdim? Axı o, öz oğlunu müəllim görmək istəyirdi. Bu ona sarsıdıcı bir zərbə olmazdımı?

Bu sirrim evdəkilərə məlum oldu.

Bibim dilini dinc qoymamışdı. Düzdür, mən özüm də arzu edirdim ki, bilsinlər. Amma nədənsə indi peşman olmuşdum.

Birtəhər pedaqoji texnikumu qurtardım. Atamın mənimlə belə bir söhbəti oldu:

– Müəllimlik etmək istəyirsən, yoxsa təhsilini davam etdirmək?

– Teatr texnikumuna girmək istəyirəm.