скачать книгу бесплатно
Mən bu sözləri deyib özüm də hiss etmədən günahkar adamlar kimi başımı aşağı saldım. Atam bir müddət yerindən tərpənmədi. Sonra o biri otağa keçdi, mən başımı qaldıranda gördüm ki, bibim qapı ağzında dayanıb mənə baxır. Elə bu vaxt atam əlində portfel evdən çıxdı.
Həmin gün "Raboçi i ziritel" jurnalının son səhifəsində Bakı Dövlət Teatr Texnikumuna tələbə qəbulu barədə elan oxudum. Tərəddüd edə-edə sənədlərimi aparıb texnikumun katibliyinə verdim…
* * *
Evimizdə demək olar ki, oturmağa yer yox idi. Qohumlar, tanışlar hamısı bizə yığılmışdı.
Mənim hərəkətim onları haldan çıxarmışdı. Anamın şikayət dolu səsi evi başına götürmüşdü. Məni danlamağa, "başıma ağıl qoymağa" başladılar. Bir sözlə tələb edirdilər ki, mən alim, həkim, heç olmasa müəllim olum.
Başımı aşağı salıb susurdum. Danışmasam da, qərarım qəti idi. Dodaqlarım titrəyirdi. Çalışırdım ki, ağlamayım. Bu özü də bir qəhrəmanlıq idi. Mən öz qərarımın qətiliyini onlara sübut etmək istəyirdim. Boğazım göynəyirdi. Amma özümü saxlayırdım. Dırnaqlarım az qala əlimin ətinə keçmişdi. Ağrı hiss etmirdim. Bircə gözlərimdən yaş axmayaydı! Bunu necə arzu edirdim!?
Demək olar ki hamı növbə ilə danışırdı. Axırda stolun baş tərəfində oturan və bizim ailəyə yaxın olan, şişman kişi sözə başladı:
– Əşi, uşaqdır, qanmayıb, bir işdir edib. Sabah mən Maarif komissarlığına gedib o texnikumun direktorunu biabır edərəm. Bu harada görünüb ki, müəllim diplomu alan bir adamı təzədən texnikuma götürür? Heç eybi yoxdur!
Elə bil məni ildırım vurdu. Çevrilib nifrətlə ona baxdım. Ancaq bir söz deyə bilmədim.
Atam daha dinmirdi. Ortalığa dərin bir sükut çökdü. Ürəyim daha da sıxıldı. Dayım üzünü atama tərəf tutub dedi:
– Ay Yusif, bəs sənin sözün nədir?
Yenə şişman kişi söhbətə qarışdı.
– O nə deyəcək? Yoxsa el-obanı bizə güldürəcək?
Titrəyirdim: "Ah, bircə atam danışaydı".
Elə bu an başını qaldırıb aram səslə dedi:
– O, hansı sənəti istəyirsə, onun da dalınca getməlidir. Zorla sənət seçdirmək ağıllı iş deyil. Yoxsa aqibəti pis olar.
Mən sevincək bayıra çıxdım.
Elə bil atam dünyanı mənə bağışlamışdı. Bircə anın içində o, gözümdə nə qədər yüksəldi, ucaldı. Var səsimlə qışqırmaq istəyirdim: "Sağ ol, ata, atacan!.."
Qəbul imtahanlarını yaxşı verdim.
Dərslərin başlanmasına bir həftə qalmışMaarif komissarlığından təliqə aldım ki, səhər saat 8-də Darülmüəllimatın binasında (indiki Bakı Komitəsinin yerləşdiyi bina) olmalıyam. Axşam təliqəni atama göstərdim. O, dedi ki, mütləq getmək lazımdır.
Səhər getdim. Böyük salon pedaqoji texnikumu bitirən gənclərlə dolu idi. Yoldaşlarımın bir çoxunu orada gördüm. Haqqı ilə bir stol arxasında oturduq. Ondan yavaşca soruşdum:
– Bu nə məsələdir?
– Xəbərin yoxdur?
– Yox.
– Səni hardan tapıblar?
– Heç yerdən, evə çağırış vərəqəsi gəlmişdi.
O, dodağını büzüb dedi:
– Əgər bəziləri kimi şəhərdən çıxıb başqa yerə getsəydik, onda bizi də tapa bilməzdilər. Mən dəmir yolunda işləyirəm. Bilmirəm ünvanımı hardan tapıblar. Bəs sən haradasan?
– Mən teatr texnikumuna qəbul olmuşam.
O, diqqətlə mənə baxaraq çiyinlərini çəkdi.
– Mənə belə gəlirdi ki, sən ədəbiyyatçı olacaqsan. Axı, ədəbiyyata çox həvəsin vardı. İndi ki, səni axtarıb tapıblar, çətin qoyalar oxuyasan.
– Kim qoymaz?
– Maarif komissarlığı.
– Nə üçün qoymur?
– Ona görə ki, pedaqoji texnikumu bitirənlərin bir çoxu öz isxtisası üzrəişləməyə getmir. Kəndlər müəllimsiz qalıb. Ona görə də məsələ qoyulub ki, pedtexnikumu bitirən bütün məzunlar ən azı iki il müddətinə rayonlara göndərilsin.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: