
Полная версия:
Kərbəla dilbəri
Xalid monastırının əsas binasının şərq tərəfində eni və uzunu əlli addıma bərabər olan düzbucaqlı şəkilli tövləsi vardır. Tövlənin üç tərəfdən yerə sıx və bərabər şəkildə çalınmış payalardan ibarət hündür hasarı vardır. Tövlənin dördüncü hasarını isə monastırın öz binasının şərq divarının bir hissəsi təşkil edir. Payaların yuxarı tərəfindən yarıya parçalanmış ağac budaqları uzununa düzülmüş və budaq qabığından hazırlanmış kəndirsayağı çatılarla möhkəm bağlanmışdır. Tövlənin həmin qayda ilə payalardan düzəldilmiş sürütmə qapısının bir tərəfi yerə çalınmış payadan ibarət olan möhkəm dayağı vardır. Həmin sürütmə qapının zorba budaqdan ibarət olan üst qolu birbaşa binanın divarındakı oyuğa keçirilmişdir. Tövlənin üstünün yarısını örtən talvarın tavanı da ağac budaqlarından düzəldilmişdi. Talvarın örtülü hissəsi davar və qaramalın qışda buraya sığınması üçün nəzərdə tutulmuşdu.
Monastırı, tövləni və bağı birlikdə əhatə edən, həm də adam boyundan da hündür sıx bitmiş böyürtkən kollarından ibarət yaxşı hasarı vardır. Həmin hasarın da tövlənin qapısına bənzər, amma ondan çox möhkəm taxta qapısı vardır. Qapının yanında zəng asılmışdı. Buraya gələn hər bir kəs bu zəngi çalanda içəridəkilər səsi eşidib qapını açırlar.
Hicrətin 60-cı ilində Xalid monastırı belə bir görkəmə malik idi. Məhz həmin ildə Müaviyə ibn Əbu-Sufyan vəfat etmişdi. Vəzifədə onu oğlu Yəzid ibn Müaviyə əvəz etdi. O, Dəməşqdə islam xilafətinin xəlifəsi oldu. Bu monastırın rəisi əslən bizanslı olan qoca bir keşiş idi. O, ömrünün əlli ildən çoxunu burada keçirmişdi. Əvvəlcə uzun müddət adi rahib olmuşdu. Sonra onu rahiblikdən irəli çəkib monastırın rəisi təyin etmişdilər. O, Xalid ibn Əl-Vəlid burada gecələyəndə yeniyetmə rahib olmuşdu və Dəməşqin fəthini də öz gözləri ilə görmüşdü. Cavanlığında ərəb dilini bilmirdi, amma sonralar tədricən bu dili lap yaxşı öyrənmişdir. Rahiblər rəisin yaşına və gözəl əxlaqına görə ona çox hörmət edirdilər. Müaviyə özü də monastırın rəisinə hörmət edirdi və çox vaxt Qutədə ova çıxanda monastır rəisinin qonağı olur, hətta arabir onunla zarafat da edirdi. Yəzid xəlifə olandan sonra o da monastırın rəisinə hörmət edirdi.
3. Qutənin gözəlliyi
Hicrətin həmin 60-cı ilinin payız günlərinin birində monastır əhli çox tezdən oyanmışdı: monastırın bağından meyvələri daşımaqda rahiblərə kömək etmək üçün ətraf kəndlərdən kəndlilər gəlmişdilər. Onlar bağdan üzüm, heyva, alma, nar, armud, gavalı və şaftalı doldurulmuş səbətləri daşımağa kömək etməli idilər. Rahiblər payızda hər gün səhər tezdən kəndlilərin gəlişini intizarla gözləyirlər. Onların bəziləri aşağı düşüb kəndlilərin səbətləri monastırın həyətinə daşımalarına kömək etməyə başladılar. Həyət ətrafdakı hücrələrin qarşısındakı boş bir sahədən ibarətdir. Ortada isə həyətin çox hissəsinə kölgə salan böyük bir söyüd ağacı ucalırdı. Söyüdün yaxınlığında isə bir su quyusu görünürdü. Monastır əhli lazım gəldikdə bu quyunun suyundan istifadə edirdi. Kəndlilər səbətləri tək-tək, bəzən də qoşa-qoşa içəri daşıyırdılar. Monastırın rəisi isə hələ də yuxarıda öz otağında idi. Səhər ibadətindən sonra öz otağına qayıtmışdı, içəridə təkcə dua edirdi. O, adamların səs-küyünü eşidib otağından bayıra çıxdı və həyətə enən daş pilləkənin yuxarısında dayandı. Adi rahib paltarının üstündən əbasını çiyninə salmışdı.
O, rahiblərin yükləri içəri daşımasını görüb dedi:
– Niyə səbətlərin hamısını içəri daşıyırsınız? Özünüz yaxşı bilirsiniz ki, biz onların bir hissəsini xəlifənin iqamətgahına sovqat göndərməliyik. Xəlifə bir qayda olaraq onların bir hissəsini öz əmirlərinə və mühafizəçilərinə paylayır.
Bunları deyib, Qutə vadisinin əzəmətli mənzərəsinə tamaşa etmək üçün binanın damının kənarına tərəf getdi. Günəş uzaqdakı dağların arxasından boylanmağa başlamışdı. Artıq onun şüaları bağ-bağatdakı ağacların budaqlarında əks olunmağa başlamışdı. Quşlar budaqları tərk edərək səs-səsə verib, dəstə-dəstə uzaqdakı açıqlığa tərəf uçurdular. Onların bir hissəsi isə şərqə tərəf üz tutmuşdu. Sanki Günəşi öz civiltiləri ilə salamlamaq üçün bir-birini ötməyə çalışırdılar.
Monastırın rəisi bağlara tərəf baxmağa başladı. Bu bağların görünüşü adamın könlünü açırdı. Müxtəlif gül kollarının pöhrələrindən qalxan rayihə adamın qəm-qüssəsini silib aparır, onu məst edirdi. Cürbəcür gül kolları arxlarla, cığırlarla bağlar arasında çəpər təşkil edirdi. Gül kollarına müxtəlif şəkilli və ölçülü meyvə ağaclarının kölgələri düşürdü. Ağaclarda yaşıl yarpaqlardan çox müxtəlif rəngli meyvələr vardı: qıpqırmızı narlar, sapsarı heyvalar, dümağ mərsinlər, bənövşəyi gavalılar, alyanaqlı almalar adama gəl-gəl deyirdi.
Qutənin bir tərəfində müxtəlif növlü üzümlüklər vardı. Tənəklərin bəzilərindən ağ şama bənzər, bir hissəsindən alqırmızı, bəzilərində isə kömür kimi qara salxımlar sallanırdı. Müxtəlif rəngli otlar bağların torpağına gözəl bir xalı kimi sərilmişdi. Bağların arasındakı arxlarda axan suyun şırıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı bu mənzərəyə xüsusi gözəllik verirdi. Qutə vadisi ağaclarının arası ilə çayların axdığı bir cənnət bağına bənzəyirdi. Günəşin buraya saçdığı şüalar arxlardakı sularda əks olurdu. Şüaların gölün səthindən əks etməsi diqqəti daha çox cəlb edirdi.
Monastırın rəisi burada olduğu bütün müddət ərzində az qala hər səhər bu mövqedə dayanırdı, gözləri isə bu mənzərədən ləzzət almaqdan doymurdu. Nə yükləri daşıyan, meyvələri seçən rahiblərin və kəndlilərin səsi, nə də tövlədəki qoyunların mələşməsi, öküzlərin böyürtüsü, eşşəklərin anqırtısı onu bu gözəl mənzərədən ayıra bilmirdi.
Dayanıb xaliqin yaratdıqları barədə düşünməyə başladı. Sonra Qutənin gün çıxan tərəfinə baxdı. Uzaqdan gələn yollara baxdı, onları qurumuş çayların məcrasına oxşatdı. Həmin tərəfə baxarkən lap uzaqdan bir dəvə karvanının ağır-ağır gəldiyini gördü. Karvan ya İraqdan, ya da Hicazdan gəlirdi. Karvanda eşşəklər və dəvələr bir-birinin ardınca düzülüb asta-asta gəlirdilər. Monastırın rəisi karvanın kimin olmasını və ya onun haradan gəlməsini müəyyənləşdirmək istədi. Lakin karvanın hələ çox uzaqda olmasına görə bunu təyin edə bilmədi. Cavanlığında belə məsafədən çox şeyi asanlıqla müəyyənləşdirə bilirdi. İndi isə bacarmadı. Bir də gözlərinı sınaqdan çıxartdı və doğrudan da, qocaldığını anladı. Ürəyində ömrünün çox hissəsinin keçdiyinə təəssüfləndi. Yüklərin daşınmasında rahiblərə göstəriş verməyi qərara aldı. Bütün işləri qurtarandan sonra yuxarıdan enib kilsəyə keçdi. Həmişəki qayda ilə ibadət etdi, sonra yuxarıdakı otağına qayıtdı.
4. Hörmətli qonaqlar
Monastırın rəisi əlindəki kağızı oxuya-oxuya daş pilləkənlə yuxarıdakı otağına qayıtdı. İçəri daxil olub yatağında dirsəklənib kağızı oxumağa davam etdi. Bir azdan sonra monastıra yaxınlaşan dəvələrin səsini eşitdi və monastırın baxıcısını yanına çağırdı. O, hündür boylu, dolu bədənli yaşlı bir kişi idi. Monastıra bu yaxınlarda gəlmişdi. Monastır rəisinin otağına girib onun qarşısında dayandı. Monastırın rəisi ona dedi:
– Karvan səsi eşidirəm. Bir nəfəri göndər, yola çıxsın, gələnlərin kim olduğunu öyrənsin.
Monastırın baxıcısı binanın damının kənarına yaxınlaşıb baxmağa başladı. Bir azdan geri qayıdıb dedı:
– Yüklü dəvələrdir və bir neçə nəfər adam da var. Geyimlərindən görünür ki, İraq əhlidirlər.
– Onlar, deyəsən, səhər baxarkən uzaqdan gördüyüm karvandır. Bizim tərəfə dönüblər. Gərək, onlara qonaqpərvərliyimizi göstərək.
– Nəyə görə onları qəbul etməliyik? Onlar yad adamlardır, heç tanımırıq da. Hökuməti öz məhsul və meyvələrimizlə təmin etməyimiz kifayət deyildirmi? Onlar monastıra daxil olsalar da, yəqin ki, bir az istirahət etdikdən sonra çıxıb gedəcəklər.
– Çıxıb getsələr, öz işləridir, getsinlər. Əgər qalmaq istəsələr, onları qəbul edib qonaqpərvərlik göstərməliyik. Bunu onların xəlifələri öhdəmizə qoyublar. Onları qəbul edib hörmət göstərmək bizim borcumuzdur.
Monastırın baxıcısı belə bir öhdəliyin olmasından xəbərdar deyildi. Ona görə də dərhal soruşdu:
– O nə öhdəlikdir?
– Müsəlmanlar bu diyarı fəth edəndə buralarda bəzi işləri yerinə yetirmək biz xaçpərəstlərin öhdəsinə qoyulmuşdur. Həmin öhdəliklərdən biri də monastırlara gələn müsəlmanlara üç gün ərzində istədikləri xidməti göstərməkdən ibarətdir. İstəsək də, istəməsək də əhdnaməyə əməl etməliyik. Bizə qonaq gələn hər kəsə bir il buradan getməsə belə xidmət göstərməliyik.
Monastırın baxıcısı bunları bilmədiyinə görə xəcalət çəkdi və üzr istəmək istədi. Birdən qapıdakı zəngin səsi eşidildi. Monastırın rəisi dedi:
– Zənnimdə yanılmamışam. Get, qonaqları qəbul et, “xoş gəldiniz” de, onların karvanını yerbəyer edəndən sonra mənə xəbər ver.
Monastırın baxıcısı cavan rahiblərdən birini bağın qapısını açmağa göndərdi, özü isə monastırın qapısında dayanıb gələnlərə baxmağa başladı. Üç nəfər idilər, əyinlərində əba, başlarında kufiyyə, onun üstündən isə üqal5 vardı. Birisi isə sifətini də örtmüşdü. Bir neçə dəvənin üstündə qurudulmuş xurma ilə dolu böyük səbətlər və kisələr vardı. Bütün bunlardan görünürdü ki, onlar İraq tacirlərindəndir və yüklərindəkiləri Dəməşqdə satmağa gətirmişlər. Onlar monastırın qapısına yaxınlaşanda birinin çox gənc bir qız olduğunu aşkar etdi və dərhal da onlardan şübhələndi: ”Əgər onlar buralara yalnız ticarət üçün gəliblərsə, nə üçün belə bir qızı özlərilə gətiriblər?” Onlar monastırın qapısına yaxınlaşanda monastırın baxıcısı qonaqları qarşılamaq üçün irəli çıxdı, yunanca xidmətçilərə dəvələri tövləyə aparıb yemləməyi tapşırdı. Şam diyarında təzə olduğuna görə qonaqlara çətinliklə ərəbcə “xoş gəlibsiniz” dedi. Qabağa düşüb onların qapıdan içəri keçmələrinə kömək etdi. Qonaqların biri hündür boylu olduğuna görə başını əyib içəri keçməli oldu. Dar dəhlizdən keçib o biri qapıdan monastırın ortasında söyüd ağacı və su quyusu olan həyətə çıxdılar.
5. Kərbəla dilbəri
Monastırın rəisinə qonaqların gəldiyini xəbər verdilər. O, dərhal aşağı düşdü, qonaqlara “xoş gəlibsiniz” dedi və onları oturmağa dəvət etdi. Qonaqlar onun qeyri-ərəblərə xas olan tələffüzünə baxmayaraq ərəbcə təmiz danışmağına valeh oldular. Söyüd ağacının altındakı oturacaqlara əyləşib, hər kəs öz fikir aləminə qərq oldu. Monastırın rəisi onlara növbə ilə nəzər salmağa başladı: birisi hündür boylu, enlükürəkli, möhkəm bədənli, əlli yaşlarında olan xoş simalı bir kişi idi. Sifətinin tükləri az idi, qara saqqalı, iri qara gözləri vardı. Monastırın rəisi dərhal xatırladı ki, onu bundan əvvəl görmüşdür. Qonaqların ikincisi isə yaşı iyirmidən bir qədər çox olan gənc idi. Ona baxan hər bir kəs bədəninin möhkəmliyinə, üzünün tükünə və saqqalına görə ilk baxışdan ona otuz yaş da verə bilərdi. Sifətindən sağlamlıq yağırdı.
Üçüncüsü isə çox gözəl bir qız idi. Monastırın rəisi ona ilk dəfə baxan kimi qızın gözəlliyinə heyran oldu. Dəməşqdə və onun ətrafında keçirdiyi bütün ömrü boyu bizanslılar, ərəblər, nəbatilər, siryanilər və ya yəhudilərdən belə bir gözəllikdə qıza rast gəlməmişdi. Rəisin gözləri indiyədək belə qənirsiz gözələ tamaşa etməmişdi. Qızın gözləri gəncin gözləri kimi iri deyildi. Buna baxmayaraq, bu gözlərdə xüsusi bir məlahət var idi. Baxışları çox iti idi. Gözləri kirpiklərinin arasından par-par parıldayırdı. Monastırın qoca rəisi bu gözlərə qiymət vermək iqtidarında olsaydı, onlara çox cazibəli gözlər kimi qiymət verərdi. Çünki bu gözləri görən hər bir kəs dərhal onlara heyran olub sahibinin qarşısında diz çökməkdən başqa bir çarəsi qalmazdı. Bu gözlərdə ürəklərə təsir etmək qüdrəti və eyni zamanda bir saflıq əlaməti vardı.
Qızın sifəti dolu deyildi, amma elə bil işıq saçırdı, yanaqlarındakı qızartı onun sağlam olmasına dəlalət edirdi. Xüsusilə də məhz indi belə bir uzun səfərdən sonra yanaqları qıpqırmızı idi, az qala qan damacaqdı. Monastırın rəisi qızın geyiminə də diqqət yetirdi: ona elə gəldi ki, qız kasıb ailədəndir. Ürəyindən belə bir fikir də keçdi: ”Əgər atası mal-dövlət cəhətdən kasıbdırsa, belə bir qızla çox zəngin adamdır.” Lakin qız paltarının qollarını bir az çirmələdikdə və üzündəki örpəyi bir az qaldırdıqda rəis yəqin etdi ki, o, heç də kasıb deyildir. Qulaqlarından mirvari sırğalar sallanırdı, qollarında qızıl, gümüş və fil sümüyündən düzəldilmiş bilərzik və qolbaqlar vardı. Qızın dodaqlarının gözəlliyini, onlardakı ürəkləri əsir edən ifadəni vəsf etməyə nə qələm, nə də dil qadir deyildi. Əgər bir gözəlliyi dil və qələm vəsf etməyə qadir olsaydı, deməli, o heç də gözəllik deyil, bəlkə də yazanın və danışanın təsvir etdikləri bir şəkildir. Lakin istedadın təsvir etməkdə aciz qaldığı gözəllik Kərbəla dilbəri Səlmanın gözəlliyidir. Qızın gözəlliyi ona baxanların ürəklərinə dərhal öz təsirini göstərir, görkəmi ətrafdakıları özünə cəlb edirdi. Onunla danışan hər bir kəs qıza valeh olur, qarşısında pis söz danışmağı bacarmır, istər-istəməz ona tabe olur, onunla mübahisə etməyə gücü çatmırdı. Qıza verilmiş fitri zəka ilə aydın zehnin vəhdəti, sifətindən ətrafa təcəlla edən izzət və nəfsi, öz ləyaqətini lazımınca dərk etməsi onun öz ismətinin qoruyucusudur.
Monastırın rəisi qonaqları ilk dəfə görəndə kişini cavanların atası, gənci və qızı isə onun övladları olduğunu zənn etmişdi. Onların sifətlərinin cizgilərinin müxtəlif olduğunu yəqin etdikdən sonra qərara gəldi ki, gənc və qız bir-birlərinə oxşasa da kişi onların atası deyildir.
Monastırın rəisi söhbətə özü başladı:
– Görünür, uzaqlardan gəlirsiniz. İraqlı deyilsiniz ki?!
Amir cavab verdi:
– Bəli, biz Kufədən xurma gətirib Dəməşq bazarlarına aparırıq.
Amir hələ sözünü qurtarmamışdı ki, monastırın rəisi onu tanıdı və adının Amir olduğu da yadına düşdü. Dərhal soruşdu:
– Sən Amir Əl-Kindi deyilsən?
Amir gülümsündü və dedi:
– Bəli, özüyəm. Mən özüm əvvəlcədən tanışlıq vermədim ki, görüm, köhnə qonağını xatırlayırsanmı?
Monastırın rəisi dərindən nəfəs alıb dedi:
– Necə xatırlamıram?! O qorxunc hadisənin şahidi olmuşam. Mən hələ də qoz ağacının altındakı o dəhşətli saatları indiyədək unuda bilmirəm.
Amirin sifətindəki ifadədən aydın görünürdü ki, o, həmin faciəli hadisəni yada salmaq istəmir. Söhbəti davam etdirmək istədi, amma monastırın rəisi onu qabaqlayıb soruşdu:
– Yəqin ki, bu cavan oğlun, bu gözəl də qızındır? Adları nədir?
Amir bir anlığa susdu, şəhadət barmağı ilə saqqalını sığallayıb dedi:
– Bəli, övladlarımdır, adları da Əbdürrəhman və Səlmadır.
Monastırın rəisi bu cavabla kifayətləndi. Amma hiss etdi ki, Amir nəyi isə gizlədir. Barmaqları ilə cibindəki kiçik ləpik daşlarını bir-bir çevirməyə başladı. Rahiblər bu daşlardan o vaxtlar təsbeh kimi istifadə edirdilər. Gün ərzində keçirdikləri ibadətlərin və duaların saylarını yadda saxlamaq üçün istifadə edirdilər. Onlar gün ərzində lazım olan ibadətlərin və duaların sayı qədər kiçik ləpik daşı toplayıb ciblərinə qoyurdular. Hər dəfə dua başa çatdıqdan sonra ciblərindəki daşlardan birini çıxarıb kənara qoyurdular. Cibdəki daşlar qurtaranda bilirdilər ki, dualar və ibadətlər yerinə yetirilib, yəni başa çatdırılıb. Xaçpərəstlər təsbehlərdən yalnız XIII əsrdən etibarən istifadə etməyə başlayıblar.6 Monastırın rəisi hələ də cibindəki daşları çevirməkdə idi, sonra söhbəti başqa bir mövzunun üzərinə gətirdi:
– Kufədən burayadək yolu neçə günə qət etdiniz?
– Karvanla birlikdə iyirmi günə gəlmişik.
– Xurma satmaq üçün bu səfərə çıxmaqla çox məşəqqət çəkmədinizmi? Onların satışından qazandığınız bu yollarda çəkdiyiniz əzab-əziyyətə dəyməz.
Amir monastır rəisinin sualından deyilənlərə inanmadığını hiss etdi. Şəkk-şübhəni tamamilə aradan qaldırmağa cəhd etdi:
– Doğru deyirsən, xurma satmaq üçün bu qədər əziyyət çəkməyinə dəyməz. Biz yükümüzü də, dəvələrimizi də satacağıq. Dəvələr çox baha qiymətə satılır, xurmadan qat-qat çox gəlir verir. Qayıdan baş Dəməşqdən başqa mal alıb İraqa aparacağıq.
Səlmanın onlarla gəlməsinin bu cür izahının ağlasığmaz olduğunu dərk edən Amir dərhal bildirdi:
– Səlma isə Dəməşqi və onun mənzərəli yerlərini görmək üçün bizimlə getməyi israr etdi. Biz də gördük ki, onu Kufədə tək qoyub gəlməkdənsə, özümüzlə aparmaq daha yaxşı olar.
6. Qoca abid
Amir və monastırın rəisi söhbət edirdilər. Səlma isə həyətin küncündə divara söykənmiş qocaya baxırdı. Qocanın yanında qara rəngli, iri başlı və zəhmli bir it də var idi. İt arxa ayaqları üzərinə oturub, qabaq ayaqlarını yerə möhkəm dirəmişdi. O özünün bu duruşunda əsl şirə bənzəyirdi. İt nəzərlərini Səlmanın üzünə dikmişdi. Par-par parıldayan gözləri ilə qızın sifətini diqqətlə süzürdü.
Divara söykənmiş qoca özünün qəribə görkəmi və qaba paltarı ilə Səlmanın diqqətini cəlb etmişdi. Qız indiyədək belə bir görkəmdə qoca kişi görməmişdi və eşitməmişdi. Kişi çox qoca idi, başının tüklərinin hamısı ağarmışdı, bir dənə də qara tük yox idi. Kənardan ona baxana elə gəlirdi ki, başında ağ əmmamə var. Burnu aydın seçilirdi, az qala hədəqəsindən çıxan qara gözləri vardı, alnı qırış-qırış idi. Saçlarını heç vaxt daramaması, əl-üzünü illərlə yumaması onun görkəmini daha acınacaqlı edirdi. Saçlarına heç bir daraq girməzdi. Səlma gördü ki, qoca uzun çirkli dırnaqları ilə saqqalını və başını qaşıyır. Səlmaya çox qəribə görünən isə onun geyimi idi. Əynindəkinə paltar demək mümkün deyildi. Geyimi cod tükdən toxunmuş parçadan olan rahib paltarına, bir az da dərviş geyiminə bənzəyirdi, bəlkə də bu onun çox köhnəldiyinə görə rəngini itirmiş öz əbası idi.
Qoca iti böyründə divara söykənib mürgüləyirdi. O, yatmaq istəmirdi, amma gözlərinin qapaqları özü-özünə örtülürdü. İt də, onun sahibi də bir-birinə çox isinişmişdi.
Əbdürrəhman da qocaya və onun itinə baxır, onların halına acıyırdı.
Amir Səlmanın adını çəkəndə qız fikrindən ayrılıb üzünü Amirə tərəf çevirdi. Qocaya tərəf işarə edib dedi:
– Həyətin küncündəki o qoca kişi və onun qara qorxunc iti məni çox maraqlandırır. Deyəsən, Əbdürrəhman da mənim kimi çox təəccüblənib.
Əbdürrəhman öz adının çəkildiyini eşidib fikirdən ayrıldı və onlara tərəf baxdı. Sifətindən görünürdu ki, o da Səlma kimi çox təəccüblənib. Monastırın rəisi barmağı ilə onlara işarə etdi və dodağını dişlədi. Qonaqlar boyunlarını ona tərəf uzatdılar. Monastırın rəisi onlara pıçıltı ilə dedi:
– Bu qoca əsl zahid və guşənişin adama bənzəyir, amma onun hərəkətləri heç də abid adamın hərəkətlərinə oxşamır. Elə bil ki, ağlı çaşıb. O, bir neçə il bundan əvvəl bizim monastıra gəlib, elə o vaxtdan da burada bizimlə qalır. O qara it isə gecə-gündüz qocanın yanında olur, çox nadir hallarda ondan ayrılır. Heç bir dəfə də əl-üzünü yuduğunu, ya da dırnaqlarını tutduğunu, yaxud da paltarını dəyişdiyini görməmişik. Çox qəribədir ki, bizim hücrələrdən heç birinə girib yatmır. Çox vaxt həyətin həmin küncündə, bəzən də o biri küncündə yerə oturur. Deyilənə görə, Qutədə ağacların bəzisinə dırmaşıb elə oradaca, bəzən də elə ağacın altında yatır. Çox qəribədir ki, o heç vaxt ət və çörək yemir, mer-meyvə ilə kifayətlənir. Bağ-bostanları gəzib özünə meyvə və tərəvəz yığır, çox vaxt da ağaclara çıxıb özü üçün meyvə dərir. Bizimkilərin ona yazığı gəlir, heç vaxt meyvə toplamasına mane olmurlar.
Amir dilləndi:
– Deməli, o nə isə bir kəramət sahibidir. Bizdə belə adamları kəramət sahibi hesab edirlər.
Onlar bu cür pıçıltı ilə söhbət etdikləri zaman zəng çalındı. Rahiblərdən biri cəld qalxıb, gələni qarşılamağa getdi. Lakin o, uzun müddət geri qayıtmadı. Monastırın rəisi yerindən qalxıb onun ardınca getdi.
7. Müəmmalı qonaq
Səlma əli ilə itə işarə edib, onu yanına çağırdı. İt dərhal qaçıb qızın yanına gəldi. Səlma cibindən bir xurma çıxarıb itə tərəf uzatdı. İt xurmanı qızın əlindən götürüb yedi. Qıza mehribanlaşdı, başını onun paltarına sürtməyə başladı. Səlma isə barmaqları ilə itin başını sığallamağa başladı. İt qıza daha da isnişib, quyruğunu bulamağa başladı. Lakin zəngin səsini eşidən kimi dik qalxdı. Quyruğunu dikəltdi, nəzərlərini monastırın qapısına dikdi. Sanki kimi isə görmək istəyirdi. Gələn adamın üstünə atılmağa hazır dayandı.
Monastır rəisinin də bayırda həddindən çox yubandığını hiss edən it bərkdən hürməyə başladı. Bu, həyətdə oturanları, xüsusilə də qocanı narahat etdi. İtin hürməsindən yuxudan diksinib oyanmış qoca ətrafa baxmağa başladı. İtin ondan çox uzaqda olduğunu görüb, “Şeybub!” – deyə qışqıraraq onu yanına çağırdı. İt dərhal qaçıb qocaya yaxınlaşdı və onun barmaqlarını və qollarını yalamağa başladı. Qoca isə bundan xoşhal olub dedi:
– Necəsən, dostum, mənim yeganə həmdəmim!?… Bu gələn qonaqla necəsən? Deyəsən, öz adətinə görə onu heç xoşlamırsan?
Amir qocanın dediklərini eşidəndə fikir verdi ki, o, təmiz ərəb dilində danışır. İtini isə ərəblərin cahiliyyət dövründə öz itlərinə verdikləri adlardan biri ilə çağırır. Öz-özünə dedi: ”Qoca, deyəsən, ərəbdir. Görəsən, o kimdir? Niyə bu hala düşüb?”
Rahibin gecikdiyini görüb onun ardınca gedən monastır rəisi qapıda Amirgilin paltarına bənzəyən libas geyinmiş bir kişi ilə qarşılaşdı. Lakin onun sifətinin alalıq xəstəliyindən dümağ olduğunu görüb özünü bir az itirdi. Lakin kişinin də Amirgildən olduğunu, nədənsə, onlardan geri qaldığını və yalnız indi gəlib çıxdığını zənn etdi. Kişini salamlayıb dedi:
– Buyur, içəri keç. Dostların artıq iki saatdır ki, gəliblər.
İçəri daxil olan kişi monastır rəisinə susmağı işarə etdi və onları heç kəsin görməməsi üçün rəisi qapının arxasına çəkib pıçıltı ilə dedi:
– Mənim buraya gəlməyimi heç kəsə, xüsusilə də mənim dostlarım olduğunu zənn etdiyin o üç nəfərə demə! Burada böyük bir sirr vardır, vaxtı gələndə özüm sənə danışacağam. İndi isə məni tez elə bir otağa apar ki, heç kim görməsin və mənim orada olmağımdan heç kəs xəbər tutmasın. Bax, səni xəbərdar etdim, özündən muğayat ol. Dediyim həmin məsələ mövlamız əmirəlmöminin xəlifə ilə bağlıdır.
Monastırın rəisi qorxub duruxdu, sonra dərhal dedi:
– Mən istədiyin kimi edərəm. Əgər istəyirsənsə, mən o üç qonağı bu saat monastırdan çıxarım?
– Yox, çıxarma! Qoy istədikləri qədər qalsınlar, amma gözdə-qulaqda ol, mənim buraya gəlməyim barədə onların yanında heç nə danışma!
– Baş üstə! – dedi və qonağı həmin dəhlizin qapısından çıxarıb rahiblərin müxtəlif işlərlə – dərzilik, dülgərlik, dəmirçilik və digər sənətlərlə məşğul olduqları otaqlara daxil etdi. Qonaq bu iş yerlərinə nəzər salan kimi özünü Kufənin bəzi bazarlarına düşdüyünü zənn etdi. Burada işləyənlərin libaslarına baxanda daha da təəccübləndi. Çünki İraqdakı sənətkar rahiblərin də eyni ilə bu cür paltarda olduqlarını görmüşdü. Onlar cod tükdən toxunmuş və ya pambıq parçadan hazırlanmış uzun rahib köynəklərinin üstündən ağ keçi dərisindən biçilmiş önlük taxmışdılar. Bu rahiblər gecə-gündüz bu paltarlarda olur və işləyirlər. Onların canı bu paltarlardan yalnız xaçpərəst dini ayinlərini yerinə yetirərkən azad olur7.
Monastırın rəisi qonağı kilsənin yanındakı xüsusi otağa gətirib çıxardı. Onu içəri ötürdü. Beynində isə ondan eşitdiklərini saf-çürük edirdi. Rəis bundan sonra daha monastırın həyətində tərk etdiyi qonaqların yanına qayıdıb onlarla birlikdə oturub söhbət etmək arzusunun olmadığını hiss etdi. Rahiblərdən birinə boş otaqlardan birini qonaqlar üçün hazırlamağı əmr etdi. Rahib qonaqları hazırlanmış otağa apardı və geri qayıtdı. Otaqda həsirdən başqa heç nə yox idi. Onlar qapını arxadan bağlayıb, yorulduqlarından dərhal həsirin üstünə çökdülər.
8. Mübahisə
Qonaqlardan ilk danışan Əbdürrəhman oldu. O, Amirə müraciətlə dedi:
– Mən deməmişdimmi ki, mənim ardımca gəlməyin. Sən bu diyara gəlməkdə səhv etmisən. Yenə də tək gəlsəydin, dərd yarı olardı. Sən isə üstəlik Səlmanı da özünlə gətirmisən. Bu da monastır rəisinin barəmizdə vurduğu eyhamlara gətirib çıxardı.
Amir sakitcə cavab verdi:
– Oğlum, dedim ki, səni qorumağı öhdəmə götürdüyümə görə arxanca buralara gəlmişəm. Axı, sən mənə oğul yerindəsən. Atan vəfat edəndə sənə qəyyum olmağımı vəsiyyət edib. Sənin belə bir təhlükəli işə başlamağını gördüm. Həm də o işi yad bir ölkədə, özü də təkbaşına görmək istədiyini biləndən sonra heç ola bilərdimi ki, ardınca gəlməyim?! Səlma isə sənə görə məndən daha çox həyəcan keçirir.
– Bəlkə Peyğəmbər aleyhis-səlamın ailəsinin intiqamını almaq və müsəlmanları bəladan xilas etmək kimi bir işi səfeh iş hesab edirsən?
Səlma sifətinə ciddilik və təmkin verib Əbdürrəhmanın sözünü kəsdi:
– Sənin həyata keçirmək üçün buraya gəldiyin iş çox müqəddəs işdir. O işi sən həyata keçirməsən, mən özüm yerinə yetirəcəyəm. Buna səndən çox mənim haqqım var. İnsanların rahatlığını təmin etmək məqsədilə öldürmək istədiyin o adam səndən çox mənə zülm edib. Onunla mənim aramda bir qan düşmənçiliyi vardır. Özün yaxşı bilirsən ki, onun atası mənim atamı qətlə yetirib. Özü də heç bir təqsiri olmadan öldürüb. O öz qəbiləsinin başçısı və ağsaqqalı Hucr Əl-Kindini qətlə yetirib. Nəyə görə öldürüb, təqsiri nə idi? Ona görə öldürüb ki, Hucr Peyğəmbər aleyhis-səlamın əmisi oğlu İmam Əlini lənətləməkdən qəti imtina edib. Bəli, bu Yəzid İmam Əlinin qətlinə görə olmasa da, Hucr ibn Adiyyin öldürülməsinə görə cəzasını almalıdır. Yəzid bu cinayətlərdən biri olmasa belə, o birisinə görə cəzalandırılmalıdır. Yəzid Allahın bəndələrinin işləri ilə məşğul olmayıb, vaxtını sərxoşluqda keçirdiyinə, it, meymun və pələnglərə təlim verdiyinə, əyyaşlıq etdiyinə, həftələrlə ovla məşğul olduğuna, vaxtını şeir deyib tənbur çalmaqla keçirdiyinə görə qətlə yetirilməlidir.8 Onu qətlə yetirmək özü şərəfli işdir. Lakin bu iş çox təhlükəli və çətin işdir. Sən buna müvəffəq ola bilməzsən, çünki sən adi bir adamsan. Yəzid isə xəlifədir, onu əyanları və mühafizəçiləri gecə-gündüz qoruyur. Sənə görə çox qorxuram. Eşitmişəm ki, lənətə gəlmiş Əbdürrəhman ibn Mülcəm İmam Əlini məscidin ortasında qətlə yetirməyə cəsarət etdi, amma ölümdən yaxa qurtara bilmədi. Sən niyə özünü belə bir təhlükəyə məruz qoyursan!?