banner banner banner
Qutadğu bilig
Qutadğu bilig
Оценить:
Рейтинг: 0

Полная версия:

Qutadğu bilig

скачать книгу бесплатно

Nə altda, nə üstdə… yersizmi o pir?
18. Məkanı yaratdı… öz məkanı yox,
Onsuz heç bir kəsin bir imkanı yox.
19. Ey hər sirrə yaxın, hər qəlbə əziz,
Surətlər, şəkillər səndədi şəksiz.
20. Sənin yaratdığın dağlar, dənizlər,
Ucalar, çökəklər, çöllər nə qədər!..
21. Sənindir göy səma, min-min Ay, ülkər,
Qaranlıq gecələr, aydın gündüzlər.
22. Uçanlar, gəzənlər, nəfəs alanlar,
Səndən ruzu tapıb oldu bərqərar.
23. Ərşdən başlamış nəm torpağacan,
Atam, sən vermisən hər canlıya can.
24. İmanı kamil tut, ey haqqa tapan,
Bir olan Tanrıya elm ilə inan.
25. Sən soruşma onun necəliyini,
"Amin!" de, dərk elə incəliyini.
26. Hardadır, nə cürdür, sorma maraqla,
Yerdəmi, göydəmi, özünü saxla.
27. Əfv et suçlarımı ey ucam-ulum,
Sən dərdsiz ağamsan, mən dərdli qulun.
28. Sənə sığınmışam, sənsən pənahım,
Darda əlimdən tut, ey qibləgahım.
29. Yetirsin peyğəmbər mənə özünü,
Yapışsın qolumdan qiyamət günü.
30. Salam, dörd eşinə, yüz min salamlar,
Onlara həmişə məhəbbətim var.
31. Göstər qiyamətdə o pak üzləri,
Bizə yol göstərsin müdrik sözləri.
32. Vəsfinə acizəm, ey canım-gözüm,
Həmdini özün qıl, tükənir sözüm.

PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN FƏZİLƏTLƏRİ

33. Tanrı elçisiydi Həzrət peyğəmbər,
Xəlq içrə mötəbər, kişilikdə ər.
34. Məşələ çevirdi zülmət gecəni,
Hüsnünün nuruna qərq etdi səni.
35. O xəbər gətirdi pərvərdigardan,
Doqru yola çıxdın, sən ey qəhrəman.
36. Ata-anasını fəda qıldı o,
Yalnız ümmət üçün açdı doğru yol.
37. Nə gündüzlər yedi, nə gecə yatdı,
Tək səni tanrıdan sordu, ucaltdı.
38. O sənin uğrunda çox çəkdi nalə,
Sən ona həmd qıl, səadət dilə.
39. Bütün qayğıları ümmət üçündü,
Ümmətin uğrunda, məşələ döndü.
40. Atadan, anadan yaxın, mehriban,
Ümməti sorardı yalnız Tanrıdan.
41. O el səadəti, allah zəhməti,
Tanrı vergisiydi xülqü, xilqəti.
42. İpək təbiətli, əliaçıq, mərd,
Qılıqlı, mehriban Həzrət Məhəmməd!
43. Hanı yerdə, göydə o qədər əziz?
Tanrı qarşısında hörməti hədsiz.
44. Bütün başçılara bir göz işığı,
Bütün peyğəmbərlər ondan aşaqı.
45. Mən onun yoluna könül bağladım,
Qövmünü, hökmünü bərk qucaqladım.
46. Özün ehtiyat tut mənim könlümü,
Onunla oyanım qiyamət günü.
47. İlahi, əlimdən özün yapış gəl,
Bədirlənmiş Ay tək gördüm üzünü.

PEYĞƏMBƏR SƏHABƏLƏRİNİN, RİZVANALLAHİ ƏLEYHİM FƏZLLƏRİ

48. Alqışa layiqdir onun dörd eşi -
Məsləhət məbədi, ülfət günəşi.
49. İki qaynatası, iki damadı,
Xəlqin sevimlisi, qolu, qanadı.
50. Hamıdan birinci, öndəydi Atiq,
Gözü-könlü doğru, Tanrıya sadiq.
51. Malım da, canım da qurbandır! – dedi,
Yalnız rəsuluna sevinc dilərdi.
52. Hələ xalq əsilli Faruq adlı ər -
Dilində yaşardı qəlbindəkilər.
53. Xəlqə şəriəti nişan verərək,
Qaldırdı pərdəni, göstərdi örnək.
54. Sonra Osman gəldi, o ülvi xilqət,
Kişilər kişisi, əliaçıq, mərd.
55. Cüt qızını verdi peyğəmbər ona,
Osa canını da öz rəsuluna.
56. Hələ həzrət Əli – mərdlik məşəli,
Əqlinə təslimdi qılınclı əli.
57. Comərd, əliaçıq, himməti uca,
Bilikli, tədbirli, gənc ikən qoca.
58. Dinin, şəriətin dayağıdılar,
Onlara zülm etdi kafər o ki var.
59. Bu dörd eş mənimçin dörd mizac gibi,
Verdilər qəlbimi, diriliyimi.
60. Üzümü tutmuşam pərvərdigara,
Min salam yetirir məndən onlara.
61. Onlara səadət, sevinc verim mən,
Qiyamət günündə tutun əlimdən.

ŞÖVKƏTLİ, ZƏFƏRLİ, MƏDƏDLİ, HƏQİQƏT VƏ DİN DAYAQI TAVĞAÇ ULU BUĞRA QARA XAN ƏBA ƏLİ HƏSƏN BİNNİ ARSLAN XAN RƏHMƏTULLAHİ ƏLEYHİM ŞƏNİNƏ

62. Öncə Şərqdən əsdi bahar yelləri,
Sonra ətir saçdı cənnət gülləri.
63. Deyəsən bir azca boz idi dünya,
Əlvan rənglər ilə bəzəndi dünya.
64. Çəkdi dövlət yayı səfalı bahar,
Qışa hökm elədi: – kənar ol, kənar.
65. Günəş şölə çəkdi, qayıtdı yenə,
Balıq quyruğundan Quru bürcünə.
66. Necə ətir saçdı ağaclar, ləklər,
Al, sarı, qırmızı, yaşılca rənglər.
67. Yaşıllıq pərdəsi tutdu hər yanı,
Tavğac yola saldı Çin karvanını.
68. Necə zənginləşdi dərələr, dağlar,
Al, yaşıl geyindi bağçalar, bağlar.
69. Güldü, qah-qah çəkdi türlü çiçəklər,
İpar, kafur ətri dənizlər qədər.
70. Qərənfil nəfəsli səba küləyi,
Daqıtdı aləmə mişk, ipar iyi.
71. Tutmuş yeri-göyü qırqovul, ağquş,
Qaz, ördək sədası nə xoş olurmuş.
72. Göydə cəh-cəh vurur duma qatarı,
Dəvə karvanımı nazlı uçarı?
73. Eşini çağırır ilarquş yalqız,
Yoxsa sevdiyini haraylayır qız?
74. Kəklik qəhqəhəsi düşür dağlara,
Ağzı qan gibidir, qaşı qapqara.
75. Göydə qağıldayan qara qarğalar,
Yerdə qəmzə satan qızamı oxşar?
76. Gülşəndə sonalar-bülbüllər ötər,
İbrani surunu çalar sərasər.
77. Əliklər, cüyürlər çəmən nəfəsli,
İnəklər, buğalar ülfət nəfəsli.
78. Göylər göz yaşıyla dedi sözünü,
Güllər qah-qah çəkib açdı üzünü.
79. Mənə tənə vurdu dünya gülnəfəs,
– Xaqanın üzünü görmədinmi bəs?
80. Bəlkə yuxlayırsan, dur, aç gözünü,
Bəlkə eşitmirsən, eşit sözümü.
81. Neçə ildən bəri məyus, dul idim,
Atdım dul donumu, ağ libas geydim.
82. Ulu xaqan oldu bəyim… bəzəndim,
Uğrunda canım da qurbandır, dedim.
83. Bulud gumbuldadı, davul döyərək,
Xaqan qılıncıtək bərk vurdu şimşək.
84. Qılınc yıldırımlar sıyırdı qından,
Dağlar silkələndi qışqırığından.
85. Aləmi fəth etdi Tavğac Buğraxan,
Ona peşkəş olsun qoy iki cahan.
86. Ey dinin şövkəti, haqqın qılıncı,
Dövlətin dayağı, millətin tacı!
87. Bayat hasil etdi diləklərini,
Bayat mədədkarın hifz etsin səni.
88. Ey dünya cəmalı, dövlət dayağı,
Arslan tərpənişli haqqın bayrağı!
89. Bəxt sənə əl verdi, fələk qılınc – qın,
Bəxtini, təxtini Tanrı saxlasın.
90. Aləm aram tapdı xaqanı görcək,
Rəng-rəng ərməğanlar göndərdi fələk.
91. Çıxdı od yuvadan aləm quş təki,
Rumun qeysərləri, hindin rajlakı.
92. Mədh edib, şad olub qucaqlaşdılar,
Sevinc taxta çıxdı, aşıb-daşdılar.
93. Bürüdü aləmi nə qədər çiçək,
Dağ-dərə, çöl-çəmən çiçəkdən göyçək.
94. Xoşdur qönçə-qönçə ətir saçanlar,
Yaşıla ağ üzlə qapı açanlar.
95. Çiçək var – alovlu qəlyan çəkmədə,
Çiçək var, göbəyi mişg tökmədə.
96. Şərqdən ərmağanlar daşıyan da var,
Qərbdən xidmət üçün gələn can da var.
97. Bəxt gəlib qapıya xidmət etməyə,
Qapılar açılır, hörmət etməyə.
98. Yazın xidmətilə fəxr etdi topraq,
Düşmən boyun əydi, təslim olaraq.
99. Xaqan davulları kükrədi, daşdı,
Görməyən gözlərin uyğusu qaçdı.
100. Aləm aram tapdı, yol açdı bəxtə,
Xaqan ədaləti çıxardı təxtə.
101. Səxavət üzünə tamarzı qalan,
Qoy gəlib xaqanı görsün yaxından.
102. Cəfasız, vəfalı kişi istəsən,
Onun gözlərinə diqqət yetir sən.
103. Nəf umsan, düşmədən borca, ziyana,
Bəri gəl, xidmət qıl, könül ver ona.
104. Xoşrəftar, mülayim, mehriban, adil,
Aqil ər özüdür, özgəsi deyil.
105. Ey gözəl xilqətli, müqəddəs uruğ,
Var olun, qalmasın aləm qupquru.
106. Ey Türklərin bəxti, şükr etmək gərək,
Sənə dövlət verdi, çin verdi fələk.
107. Atalar sözündə bir təbir də var:
Atanın köhləni övlada qalar.
108. Min hədiyyə vermiş sənə bu aləm,
"Qutadqu bilik"dir mənim hədiyyəm.
109. Növ-növ ərmağanlar keçəri, əbəs,
Mənim ərmağanım əbədi, ölməz.
110. Mal-dövlət tükənir axar su gibi,
Söz əbədi qalır, gəzir aləmi.
111. Yazıldı kitaba xaqanın adı,
Demək, kitabla bir əbədi qaldı.
112. Ya rəbb, mədədkar ol hər işdə ona,
Daim dövlət quşu qonsun başına.