скачать книгу бесплатно
Üzdəniraq ada
Rövşən Yerfi
Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.
Rövşən Yerfi
Üzdəniraq ada
ÜZDƏNİRAQ ADA
Ədəbiyyatımızda dedektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun əziz xatirəsinə…
I
O, qarşısındakı boz rəngli, böyük, qalın dəmir qapını ehtiyatla döydü. Onu yaxınlıqdakı pəncərədən görmüşdülər. Yüngül uğultu səsi gəldi, qapı açılmaq üçün çərçivəsindən boşaldı, deyəsən elektrik düy-məsi ilə idarə olunurdu. Açılan yolun sağ tərəfində dəmir barmaqlıq-larla ayırılmış arakəsmədə əli silahlı bir neçə əsgər dayanmışdı.
O, salamlaşdıqdan sonra köynəyinin döş cibində səliqə ilə saxladığı vərəqi barmaqlıqların arasından yaxındakı əsgərə uzadıb özünü təqdim etdi:
– Şəfi Osmanlı… məni baş idarədən göndəriblər, rəisi görmə-liyəm.
Əsgərlər onu maraqla başdan-ayağa süzdülər. Narahatlıqla kağızı bir-birlərinə ötürdülər. Nəhayət ki, bir qədər ucaboylusu dil-ləndi:
– Aha.., işləməyə göndəriblər, belə de da. Rəis çöldədi, – kağızı ona qaytardı, – çıx çöldə gözlə, gələndə göstərərik görüşərsən.
Müəssisənin ətrafı çox da böyük olmayan meşəlik idi. Bura gələn yolun sol tərəfində ayrı-ayrı üç balaca birmərtəbəli otaqlar tikilmişdi. Otaqlarda hərbi formalı adamlarla yanaşı mülki işçilər də çox idi.
Boz rəngli, iri, açılarkən relsin üzəri ilə hərəkət edən qapının zəhmindən adama elə gəlirdi ki, bu qapıya heç tank da təsir edə bilməz. Darvazanın hər iki tərəfində və oradan meşənin içərisinə doğru uzanan, hündürlüyü beş metrdən az olmayan, üstü dəmir torlar, tikanlı məftil-lərlə örtülü hasarların başında müəyyən qayda ilə düzülmüş, vışka deyilən qaravulxanalar, onlarda isə əli avtomatlı əsgərlər gözə dəyirdi.
Hündür, qalın divarlar, göz işlədikcə uzanan tikanlı məftillər, əjdaha ağzına bənzər qapı, vışkada dayanmış əsgərlərin narahat baxış-ları, divarın o tayındakı xoşagəlməz həyatdan, yeknəsək, üzücü dünya-dan xəbər verirdi.
Şəfi gəlib-gedənə mane olmamaq üçün yoldan kənara çəkilib, otaqlardan birinin qarşısında dayandı. Elə təzəcə dayanmışdı ki, içəridən bir qadın onu səslədi:
– Ay oğlan, bura gəl, səninləyəm.
Şəfi səs gələn tərəfə getdi. Köhnə, rəngi solmuş, neçə-neçə insanlar yola salmış şkafların arasında, darısqallıqdan ayaq atmağa yer olmayan otaqda, ortayaşlı bir qadın oturmuşdu.
– Kimi axtarırsan?
– Salam əleykim, rəisi görməliyəm.
– Əleyküm. Xeyirdirmi?
– Xeyir deyəndə ki, işləməyə gəlmişəm.
– Nadzor?
– Xeyr, ofiser.
– Əmrini almısan? Baxım.
Şəfi bayaqdan ehtiyatla, əzilməmək üçün əlində saxladığı kağızı qadına verdi.
– Dəstə rəisi… aydındır. Mənim adım Elmiradı, müəssisənin otdelkadrıyam. Əliməmməd müəllimi tanıyırsan? Rəisi deyirəm ey, gələndə mən sənə göstərərəm görüşərsən. O, üstünü yazandan sonra kağızı mənə verərsən, məndə qalacaq.
Qadın maraqlı nəzərlərlə gələcək dəstə rəisinə baxdı və soruşdu:
– Bura gəlməmişdən əvvəl hansısa zonda işləmisən?
– Yox. İşləməyə burada başlayacagam.
– Eybi yox, öyrənərsən. Təzə-təzə çətin olur, sonra alışacaqsan. Bu rəis gələndən nə qədər işçi getdi buradan. Köhnələr gedir, yerinə təzələr gəlir. Yazıqları qınamalı deyil axı, kim isti yerdən qaçar? Heç pişik də qaçmaz.
Bu arada pəncərədən dəbdə olan son markalı, qara rəngli xidməti avtomobilin gəlişi göründü.
– Rəis gəldi, bax o, bizim Əliməmməd müəllimdir, – Elmira qabaqda rəislərə məxsus tərzdə oturmuş kişini göstərdi.
Əliməmməd hündür, həm də kök, dazbaş, hər tərəfinə nəzarət edə biləcək cəld, iri gözləri olan ciddi görkəmli kişi idi. O, mavi, qısaqol köynək geyinmişdi. Ağır-ağır, tələsmədən maşından düşdü. Rəis maşından bir neçə addım aralanmışdı ki, göz qırpımında ətraf otaqlardan çoxlu hərbi geyimli adamlar peyda oldu və ona təzim edə-rək başına yığıldılar. Əliməmməd onlarla görüşüb, dinlədikdən sonra hərəyə bir göstəriş verdi. Yığışanlar hərəsi bir tərəfə yollandı.
Adamlar dağılışanda Şəfi ona yaxınlaşdı:
– Əliməmməd müəllim, sizi bir dəqiqəliyə narahat etmək olar?
O, bütün iri gövdəsi ilə Şəfiyə tərəf döndü. Şəfi onun az qala adamı dəlib keçən baxışlarını, üzünə zəhm verən sifət cizgilərini ya-xından gördükdə, filmlərdə tamaşa etdiyi həbsxana rəislərinin sifəti gözləri önündə canlandı. Artıq bu filmdəki deyil, əsl həbsxana rəisiydi, durmuşdu önündə.
– Əliməmməd müəllim, – əlindəki kağızı ona uzatdı, – məni sizin müəssisəyə işləməyə göndəriblər.
Rəis kağızı diqqətlə oxudu, sonra Şəfinin daxilinə baxırmış kimi gözlərinin dərinliklərinə qədər baxdı.
– Bu kağızı ver otdelkadra, özünə buraxılış vəsiqəsi yazdır, səhər saat doqquzda işdə ol, sabahdan işdəsən. Hərbi geyimin əynində olsun!
– Aydındır, oldu, – Şəfi cavab verdi.
Əliməmməd kağızı ona qaytarıb, cəld addımlarla bayaq Şəfi-nin çölə qaytarıldığı qapıya – müəssisənin nəzarət-buraxılış məntəqə-sinə daxil oldu. Onu görən bütün hərbi forma geyinmiş insanlar farağat vəziyyətini alıb əsgəri qayda ilə salam verirdilər.
***
Birinci iş günü olduğu üçün səhər Şəfi işə yarım saat tez gəldi. Elektriklə açılıb-örtülən üç zəhmli dəmir qapını keçdikdən sonra uzunsov ikimərtəbəli binanın çox da böyük olmayan həyətinə daxil oldu. Həyətdə böyük tut ağacları ilə yanaşı səliqə ilə əkilmiş gül-çiçəklər, bəzək kolları, tənəklərdən sallanmış üzüm meynələri göz oxşayırdı. Həyətin yuxarı tərəfində binanın ikinci mərtəbəsinə qalxan taxta pilləkən səmtdə, ətrafında uzun oturacaqlar, içərisində müxtəlif ölçüdə qırmızı, xırda balıqlar üzən dairəvi hovuz vardı.
Hovuzun ətrafındakı oturacaqlarda ondan artıq leytenantdan başlamış polkovnik-leytenantadək müxtəlif rütbəli zabitlər əyləşib, bir-birinə aman vermədən söhbət edirdilər. Şəfi onlara yaxınlaşıb salamlaşmaq məqsədi ilə:
– Sabahınız xeyir! – söylədi.
Hamı söhbətinə ara verib sözarası onun salamanı alaraq, göz-ucu süzüb, söhbətlərinə davam etdilər. Onlardan bir qədər cavanı, gözü eynəkli oğlan yanında əyləşmək üçün Şəfini dəvət etdi:
– Gəl otur, kənarda dayanma, təzə gəlmisən?
– Yox, oturmuram, sağ olun! Hə, təzə gəlmişəm.
– Dəstə rəisisən?
– Bəli.
Dəqiqələr ötdükcə həyətə daxil olan zabitlərin sayı artırdı. Onların hər biri yaxınlaşan kimi, hamı ilə, o cümlədən Şəfi ilə əl verib görüşürdü.
Saat doqquza bir-neçə dəqiqə qalmış ikinci mərtəbədən kimsə göstəriş verdi:
– Qalxın, iclasa gəlin.
Bu göstərişdən sonra oturanlar da söhbətlərini kəsib, birlikdə pilləkənlərlə yuxarı qalxdılar.
Yuxarıda dar, uzun dəhlizin ortasında, sağ tərəfdə “Rəisin qəbul otağı” sözləri yazılmışdı. Paltar asılqanından başqa bir şey olmayan qəbul otağından yol rəisin otağına gedirdi.
Qapı açıq idi. Geniş, işıqlı zala bənzəyən kabinetin qapı ilə üzbəüz yuxarı başında Əliməmməd oturmuşdu. O, bu gün işə hamı-dan tez gəlmişdi. Onun stoluna perpendikulyar qoyulmuş stolun sağında və solunda üzbəüz daha iki nəfər zabit əyləşmişdi. “Gərək ki, onlar müavinlərdir”, – Şəfi yəqin etdi. Kabinetə daxil olan hər bir zabit içəri girən kimi rəis tərəfə, “Sabahınız xeyir”, deyərək salamlaşıb, divar boyunca sağ və sol tərəfə otaq uzunu düzülmüş stullardan münasib olanına əyləşirdi. Eyni qayda ilə Şəfi də içəri daxil olub pəncərələr tərəfdəki cərgənin sonuna yaxın stullardan birinə əyləşdi. Zabitlər yerini tutduqdan sonra, rəis amiranə bir səslə soruşdu:
– Çöldə qalan olmadı?
Hamı narahatlıqla qapıya tərəf baxdı.
Sonuncu daxil olan zabit:
– Xeyr, – söyləyərək arxasınca otağın qapısını örtüb yerində əyləşdi. Rəis hamıya nəzər gəzdirib sözünə davam etdi:
– Növbətçi, məruzə eylə görüm, gecə növbəsində xidməti necə yerinə yetirmisiniz?
Qolundakı qırmızı sarğının üzərində MRNK yazılmış zabit ayağa durdu:
– Rəis, növbə zamanı hadisə baş verməyib. Xidmət lazımi qaydada təşkil olunub. Salamatlıqdır.
– Axşamkı hadisədən danış, nə baş verib, necə olub ki, o oğraşı sənin nəzarətçilərin kor olub görməyib. Mən bilmirəm siz bura xidmətə gəlirsiniz, ya yatmağa?
– Cənab polkovnik, məhkum adboydan əvvəl gizlənibmiş, biz aşkarladıq tapdıq…
– Hamısını bilirəm, özünə əziyyət vermə. Əziyyəti axşam çəkəydin, hadisənin qabağını alaydın. Birdən o anasını gördüyümü vurub öldürəydilər, kim cavab verəcəkdi prokurorun qabağında? Rasim, – o, müavinlərindən birinə, gözləri ilə adamı yeyən mayor müraciət etdi, – burdan çıxan kimi axşam növbədə olanları yığırsan otağına, araşdırırsan, mənə məruzə edirsən, hərəni öz günahına görə cəzalandıracağam. Bəsdi! İşləyə bilən işləsin, bilməyən getsin bacar-dığı işin dalınca. Heç kimin evinə dəvətnamə göndərilməyib ki, sən Allah gəl islah-əmək müəssisəsində işlə. Xərc qoyub özünüz gəlmi-siniz, zəhmət çəkin işləyin.
Bu vaxt qapı ehtiyatla döyüldü. Rəis sözünə ara verib, “Gəl”, – söylədi. Ucaboylu baş leytenant yolda baş verən hadisə ilə əlaqədar gecikdiyinə görə üzrxahlıq etmək istəyirdi ki, rəis daha da qəzəbləndi:
– Bura bax, avtobus belə gəldi, yol belə getdi, bunların mənə dəxli yoxdur. Zəhmət çək, evindən tez çıx. Saatdan xəbərin var? Bir başını qaldır saata bax.
Girəcəkdə qapının üstündəki saatda ona on dəqiqə işləmişdi.
– On dəqiqədir hardasan? Mənim iclasıma gecikən adam kabinetimə girməsin, getsin çölə işinin dalınca. Ümumiyyətlə, tapşı-racağam ki, qapıdakı əsgər bir dəqiqə gecikən adamı içəri buraxma-sın. Rasim, – yenidən müavinə müraciət etdi, – izahatın alarsan.
Rəis nəzərlərini dolandırıb Şəfinin üstündə dayandırdı:
– Onu da bildirim ki, hörmətli nazirimizin əmri ilə kollektivi-mizə bu gündən gənc zabit göndərilib – Şəfi Osmanlı.
Şəfi adını eşitcək ayağa durub farağat vəziyyətini aldı. Kabi-netdəki bütün gözlər ona dikildi.
– Əyləş, – rəis sözünə davam etdi, – dəstə rəisi vəzifəsində çalışacaq. İlk gündən pisikdirməyin, nə çətinliyi olsa kömək edin. Zampalit, – deyə, o biri müavininə müraciət etdi, – bu leytenantı sənə tapşırıram. Hələlik bir neçə gün işləyib, müəssisə ilə tanış olsun. Sonra dəstə verərik işləyər. Bu qədər. Hərə öz işinə. Kimisə başqası-nın otağında laqqırtı vuran görməyim. Görsəm özündən küssün, mən-dən yox.
– Axşam növbəsində olanlar, bir də əməliyyatçılar, mənim otağıma yığılın, – rəisin əməliyyat üzrə müavini mayor Rasim elan etdi.
– Dəstə rəisləri də mənim otağıma getsinlər. Mən də indi gəli-rəm, – o biri müavin də dilləndi.
Zabitlər bir-birinin ardınca rəisin kabinetini tərk edib dəhlizə çıxdılar.
***
Şəfi dəhlizdə dayanıb Əliməmməd müəllimin “zampalit” de-diyi müavinini gözləyirdi. Otaqda müavinlərdən savayı kimsə qalma-mışdı.
Az keçmədi zampalit də otaqdan çıxdı.
– Siz burada niyə dayanmısınız? – O, Şəfiyə müraciət etdi.
– Cənab mayor, mən sizin otağınızı tanımıram.
– Onda gəl mənimlə gedək. Əvvəlcə tanış olaq. Sizin adınız Şəfi oldu, eləmi?
– Bəli, elədir.
– Mənim adım Bəhramdır. Bəhram müəllim. Otağım yaşayış zonasındadır.
“Zampalit” zabitlərin arasında ən ucaboylusu idi. Enli kürəkləri, geniş alnı, köklükdən əsər-əlaməti olmayan əsl hərbçi bədəni var idi. Bəhram müəllim böyük addımlarla yaşayış zonasına yönəldi. Baxanda uzağı qırx yaş vermək olardı. Baxışlarında ciddilik olsa da, səsinin tonundan, danışıq tərzindən bir az mülayim xasiyyətli olması sezilirdi. Tərbiyə işləri üzrə müavin elə mülayim, insaflı olmalıdır, – Şəfi düşündü.
Onlar pilləkənlə ikinci mərtəbədən həyətə enib sol tərəfə – yaşayış zonasına tərəf addımladılar. Sexlərin arasından keçdikdən sonra daha bir qapıdan, – “vaxta” deyilən yerdən keçdilər. Yol boyu rastlaşan zabit və nəzarətçilər Bəhram müəllimi görcək salam verir, təzim edir, onunla yanaşı gələn Şəfiyə də göz qoyurdular.
“Vaxta”dan çıxıb hər tərəfi müxtəlif formalı iki, üç mərtəbəli binalarla əhatə olunmuş, içərisi qarışqa kimi qaynaşan məhkumla dolu geniş həyətə daxil oldular. Əyinlərində qaramtıl paltar, başları qırxıq, boş-boşuna həyətdə günün altında fırlanmaqdan yanıb qaral-mış bu əcaib məxluqlar görünüşcə qarışqaya daha çox oxşayırdılar. Hər tərəfdən yüzlərlə göz ona tərəf baxıb heç də xoş olmayan işıq-larla parlayırdı. Şəfiyə elə gəldi ki, ona yalquzaq kimi baxırlar. O, bu təsirdən daxilində nəfəsinin daraldığını hiss etdi, amma, tövrünü pozmadı, “zampalit” sayaq sifətinə ciddi ifadə verdi, gözünü qırp-madan onların baxışına əks cavab verərək özünü tox tutdu.
Şəfi Bəhram müəllimlə həyətin mərkəzi hissəsindəki ikimər-təbəli binanın ikinci mərtəbəsinə qalxan dəmir pilləkənlərlə balkona çıxdılar.
Balkonun yuxarı başındakı qapının ağzına ona yaxın zabit yığışmışdı. Onlara yaxınlaşan kimi Bəhram müəllim “Bir daha saba-hınız xeyir”, – deyə salamlaşdı.
– Hamı gəlib? – Təmkinlə yığışanlara nəzər saldı.
– Hamı buradadır, cənab mayor, – ortaboylu kapitan cavab verdi.
Bəhram müəllim otağı açıb öz yerində əyləşdikdən sonra bal-kondakıları da içəri dəvət etdi:
– Gəlin, əyləşin, bir-iki məsələ var, götür-qoy edək.
Bu otaq rəisin kabinetindən çox-çox balaca, yaraşıqsız və kasıbyana idi. Burada deyəsən hərənin öz yeri vardı. Hamı əyləşdi. Şəfi divar boyu düzülmüş boş stullardan birində əyləşdi.
İçərilərindəki qısaboy, dolubədənli, yaşlı, başda oturan mayor Şəfiyə tərəf səsləndi:
– Yaxın otur, ilk gündən özünü kollektivdən ayırma.
Şəfi razılıqla gülümsünüb stulunu yaxına gətirdi.