
Полная версия:
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Ancaq bu xoşa gələn şeylərin arxasında aparteid kabusu dolaşırdı. Cənubi Afrika şiddət, amansızlıq və fiziki zorakılığın daşdığı nəhəng qazan kimi qaynayırdı. Qaradərili qəbilələr və xüsusilə də ağlarla qaralar arasında toqquşmalar səngimirdi. Maskın uşaqlığı aparteidin ən qanlı və ən mənfur epizodları ilə eyni vaxtlara düşdü. Yüzlərlə qaradərili tələbənin ölümü ilə nəticələnən Soueto üsyanı zamanı Maskın cəmi 4 yaşı vardı. Cənubi Afrika irqçi siyasətinə görə uzun illər başqa ölkələr tərəfindən sanksiyalara məruz qaldı. Mask uşaq vaxtı xaricə gedəndə oradakı insanların Cənubi Afrikada baş verənlərə münasibətini görürdü. Digər ağdərili uşaqlar kimi o da utanc hissi keçirir, ölkəsindəki vəziyyətin bərbad olduğunu anlayırdı.
Pretoriya və bəyaz afrikalı mədəniyyəti Maskın xarakterinə təsir etdi. O torpaqların kişilərinə xas ifrat dərəcədə sərt davranış müsbət qarşılanır, güclü, əzələli gənclərə hörmət edilirdi. Mask isə fərqli idi: utancaq, sakit halı ilə sanki bir yabançı kimi yaşayırdı. O, zaman keçdikcə insanlığı xilas etmək düşüncəsinin nə qədər doğru olduğunu görürdü. Ancaq Mask Cənubi Afrikanın konkret problemləri üzərində deyil, bəşəriyyətin gələcəyi haqqında düşünməyə başladı. Amerikanı çoxları kimi o da böyük fürsətlər ölkəsi və arzuların həyata keçdiyi arena kimi təsəvvür edirdi. İndi baxın, bu hekayə də səmimi bir şəkildə “bəşəriyyətin maariflənməsi’’ haqda düşünən, Cənubi Afrikadan çıxmış sakit bir oğlan uşağının Amerikanın ən cəsur və işgüzar iş adamı olmasının hekayəsidir.
Mask Amerikaya iyirmi yaşlarında gəlir. Buna onun soykökünə qayıtması kimi də məna verirlər. Genealoji ağacı Maskın ana tərəfdən babalarının İsveçrə almanlarından olub Haldeman soyadı daşıdığını göstərir. Onlar Avropadan Nyu-Yorka Amerikadakı müstəqillik müharibəsi zamanı (ing. American War of Independence – ABŞ-ın müstəqilliyinin 1776-da elanı ilə nəticələnmiş 1775–83-cü illərdəki müharibə – İ.N.) köçüblər, oradan isə İllinoys və Minnesotaya səpələniblər. Maskın dayısı, ailənin qeyri-rəsmi tarixçisi sayılan Skott Haldeman bu haqda belə deyir: “Biz fermer ailəsindən gəlirik, içimizdə vətəndaş müharibəsində barrikadaların fərqli tərəfindən də insanlar olub’’.
Uşaqlığında adı fərqli və qəribə olduğu üçün oğlanlar Maskı cırnadırmışlar. Ona 1872-ci ildə İllinoysda dünyaya gəlmiş ulu babası Con İlon Haldemanın adını veriblər. İlon Haldeman sonralar Minnesota ştatına köçür və orada Almeda Ceyn Norman adlı qadınla evlənir. 1902-ci ildə Minnesotanın Peko şəhərində onların Coşua Norman Haldeman adlı oğulları doğulur.
Con İlon Haldeman oğlunun doğulmasından 2 il sonra şəkər xəstəliyinə tutulur. O zaman bu diaqnoz ölüm cəzasına bərabər sayılırdı. 32 yaşı olanda ona 6 ay ömrü qaldığını deyirlər. Az da olsa tibb bacısı təcrübəsi olan arvadı Almeda onun ömrünü uzatmaq üçün müalicə üsulları axtarır. Kayropraktik üsulunu (yun. chiropractic – Amerikada populyar olan alternativ, manipulyativ tibb – İ.N.) Con İlona tətbiq edir. O bu müalicə ilə beş il daha yaşayır. Bundan sonra onlar kayropraktik ənənəsi olan ailə kimi də tanınırlar. Almeda kayropraktik məktəbini bitirdikdən sonra 1905-ci ildən həkim kimi fəaliyyətə başlayır. Maskın ulu nənəsi daha sonra öz klinikasını açıb Kanadanın ilk kayropraktik həkimi olur.
Ekssentrik və çox fərqli bir insan olan Coşua Norman İlon Maskın babası idi və o hər zaman İlon üçün nümunə olmuşdur. Coşua Norman sağlam və müstəqil uşaq kimi böyüyürdü. 1907-ci ildə ailəsi Saskaçevan düzünə köçür. O, 7 yaşında olarkən atası vəfat edir və erkən yaşda çalışmağa alışır. Yaşadığı yerin çılpaq təbiətini sevir, at minməyi öyrənir, boks və güləşlə məşğul olur. Ata olan həvəsindəndir ki, rodeo (kovboyların idman müsabiqəsi) yarışları təşkil edir. Ailə şəkillərində əynində dəri getr, əlində isə lasso var. Yeniyetməykən Coşua Ayova ştatının Palmera şəhərindəki kayropraktik məktəbində oxumağa gedir. Təhsilini başa vurub Saskaçevana qayıdır, amma fermerliklə məşğul olur.
Depressiya illərində (ing. Great Depression – 1930-cu illərdə Amerikada tüğyan edən Böyük İqtisadi Böhran – İ.N.) Coşua Haldeman maliyyə böhranı keçirir. Fermer təsərrüfatı üçün avadanlıq alarkən istifadə etdiyi bank kreditini qaytara bilmir və nəticədə beş min akr (iki min hektardan çox) torpaqları əlindən alınır. Skott Haldeman atasının o vaxtdan banklara inanmadığını deyir. Skott atasının yolu ilə getmir, kayropraktik təhsili alaraq onurğa sütunu ağrıları üzrə dünyanın ən önəmli ekspertlərindən biri olur.
Fermer təsərrüfatı əldən çıxınca Coşua Haldeman köçəri həyat tərzi sürür. 190 sm-lik boyu ilə inşaat meydançalarında muzdlu fəhlə kimi çalışır. Bir ara Saskaçevanda partiya quraraq siyasətlə də məşğul olur, qəzet buraxır, mühafizəkar və antisosialist yazılar yazır. Nəhayət, o da həyatını manual terapiya ilə bağlayır. O, 1948-ci ildə Kanada vətəndaşı olan rəqs müəlliməsi Uinnifred (Uin) Jozefin Fletçer ilə evlənir. Bu evlilikdən onun bir oğlu və üç qızı olur. Qızların ikisi əkizdilər: Key və Mey. Mey İlon Maskın anasıdır.
Ailə 20 otaqdan ibarət üçmərtəbəli evdə yaşayırdı. Uinnifred burada açdığı rəqs studiyasında dərs verirdi. Hər zaman yenilik və macəra axtarışında olan Coşua Haldeman isə uçmağa meyil salır və özünə təyyarə alır. Haldeman arvadı və uşaqları ilə şəxsi təyyarələrində Şimali Amerikanı gəzdikcə xeyli tanınmağa başladılar. Siyasi tədbirlər və kayropraktiklə bağlı iclaslara təyyarəsi ilə gəlib-gedirdi. Sonralar arvadı ilə birgə “Haldemanlar uçuşda’’ adlı kitab da yazdı.
Haldemanın həyatı öz axarı ilə gedirdi, amma 1950-ci ildə o hər şeyi atdı. Həkim və siyasətçi olan Haldeman dövlətin insanların həyatına müdaxilə etməsinə qarşı çıxır, Kanada bürokratiyasını çox zəhlətökən görürdü. Evində söyüş söyməyi, siqaret çəkməyi, koka-kola içməyi və rafinə edilmiş undan istifadə etməyi qadağan etmişdi. Haldeman Kanadada mənəviyyatın çökdüyünü iddia edirdi. Ən əsası isə Haldeman macərasız yaşaya bilmirdi. Evlərini və rəqs studiyasını satıb Cənubi Afrikaya köçməyə qərar verir. Haldeman o vaxta qədər orada heç olmamışdı. Skott Haldeman atasına 1948-ci il modeli olan Bellanca Cruisaire təyyarəsini sökməyə və onu Afrikaya göndərmək üçün konteynerə yükləməsinə yardım etdiyini xatırlayır. Afrikada təyyarəni yenidən yığıb ondan yaşamaq üçün yer arayışında istifadə etdilər. Nəhayət, Pretoriyaya yerləşməyə qərar verdilər və Haldeman yenidən manual praktikasına başladı.
Ailənin macəra ruhu sərhəd tanımırdı. 1952-ci ildə Coşua və Uin 22 min mil (35 min km) qət edərək Afrikadan Şotlandiya və Norveçə, oradan da geriyə uçdular. Uin şturman idi, bəzən də pilot oturacağına otururdu. 1954-cü ildə ər-arvad Afrikadan Avstraliyaya və geri 48 min km uçaraq öz rekordlarını qırdılar. Qəzetlər onlardan yazdı: ehtimal ki, ilk dəfə idi birmotorlu təyyarədə Afrikadan Avstraliyaya uçulmuşdu.
Bu səyahətdə onlar Afrika sahillərindən qalxıb Ərəbistan yarımadası üzərindən İran, Hindistan və Malayziya, oradan da Timor dənizindən Avstraliyaya çatmışdılar. Viza və lazımi sənədləri toplamağa bir il vaxt sərf edilmişdi. Uçuş müddətində mədə problemi yaşamışdılar. Skott Haldeman Timor dənizi üzərində atasının vəziyyəti xarab olunca Avstraliyaya qədər təyyarəni anasının sürdüyünü və yerə endikdən sonra halının düzəldiyini deyir.
Təyyarə səyahəti ilə yanaşı, ailə piyada səfərləri də sevirdi. Afrikanın cənubunda, Kalahari səhrasında tərk edildiyi ehtimal olunan İtirilmiş Şəhəri tapmaq üçün yola çıxmışdılar. Ailə albomunda bu səfər zamanı çəkilmiş fotoda Afrika savannasının ortasında 5 uşaq var. Onlar ocaq üstündəki böyük metal qazanın ətrafına yığışıblar, qayğısız görünürlər, açılıb-qapanan stulda ayaqlarını ayaq üstünə atıb kitab oxuyurlar. Arxa planda isə yaqut qırmızısı rəngindəki Bellanca təyyarəsi, çadır və avtomobil var. Zahiri sakitliyin xaricində çox sayda təhlükə gizlənib. Bir dəfə yük maşınları kötüyə çırpıldı, bamper və radiator sıradan çıxdı. Maşın səhranın ortasında ilişib qaldı, ətrafla rabitə quracaq heç bir alət yoxdu. Coşua maşınla 3 gün boyunca əlləşdi, ailə isə qıraqda yeməyə bir şey axtarırdı. Gecə ocağın ətrafında giyena və leopardlar dolaşırdılar, bir səhər isə oyanıb qarşılarında aslan gördülər. Coşua əlinə keçən ilk şeyi – gecə lampasını alıb aslanın qabağında sallamağa və bağırmağa başladı. Aslan çıxıb getdi.
Coşua ilə Uin atıcılıqda da usta idilər, bir sıra yarışlarda iştirak edib qalib olmuşdular. 1950-ci illərdə “Ford” avtomobillərində 8 min km-lik Keyptaun–Əlcəzair rallisində iştirak edərək birinci yeri tutmuşdular.
Haldemanlar uşaqlarını liberal ruhda böyüdür, hər şeyə icazə verirdilər. Bu tərbiyə metodu İlon Mask da daxil sonrakı nəsillərə qədər davam etdi. Uşaqları əsla cəzalandırmırdılar: Coşua hesab edirdi ki, düzgün davranışı özləri tapmalıdırlar. Uzun səyahətlərə çıxanda uşaqlar evdə təkbaşına qalırdılar. Skott Haldeman atasının bir dəfə də olsun məktəbə gəldiyini xatırlamır. Baxmayaraq ki Skott yaxşı şagird idi, “sinifkom’’ və reqbi komandasının kapitanıydı. Skott xatirələrində belə yazır: “Atam hər şeyi olduğu kimi qəbul edirdi. Biz hər şeyə qadir olduğumuzu düşünürdük, sadəcə olaraq qərar qəbul edib onu həll etmək lazımdı. Bu mənada atam həyatda olsa, İlonla qürur duyardı’’.
Coşua Haldeman 1974-cü ildə 72 yaşında həlak oldu. Təyyarəsinin enişini təkmilləşdirmək üçün məşq edirdi. İki dirək arasındakı kabeli görmədi, təyyarənin təkərləri ona ilişdi. Təyyarə döndü və onun boynu qırıldı. Babası həlak olanda İlon yenicə yeriməyə başlamışdı. Hələ kiçik yaşlarından babasının qəhrəmanlıqları haqda çox sayda hekayələr eşidir, saysız-hesabsız slayd-şoularda babasının səyahətlərinə, savannadakı macəralarına baxırdı: “Nənəm danışırdı ki, bir neçə dəfə babamla ölümün iki addımlığında olmuşduq. Onlar heç bir naviqasiya aləti, hətta radioları belə olmadan uçur, uçuş xəritələri yerinə hər zaman dəqiq olmayan avtomobil yolları xəritəsindən istifadə edirdilər. Babam ağlasığmaz hərəkətlər edərkən macəra, kəşf etmək və tədqiqat ruhu ilə alışıb-yanırdı’’. İlon deyir ki, onun riskə olan meyli birbaşa babasından gəlir. İllər sonra İlon yaqut qırmızısı Bellanca təyyarəsini tapıb almaq istədi. Amma təyyarə tapılmadı.
İlonun anası Mey Mask valideynlərinə sitayiş edirdi. Gəncliyində tipik bir “əlaçı qız’’ idi, riyaziyyatı sevir, məktəbdə yaxşı oxuyurdu. 15 yaşına çatanda onun üzündəki cizgilərə diqqət etdilər. Məlum oldu ki, Mey çox gözəldir. Ucaboylu, qamətli, sarısaçlı, almacıq sümüyü çıxıq və kəskin xətləri ilə Mey rəfiqələrindən seçilirdi. Ailə dostlarının manekenlik məktəbi vardı, Mey orada modellik öyrənirdi. Bazar günlərində podiuma çıxır, jurnallarda fotoları nəşr olunur, arada rəsmi tədbirlərə də dəvət alırdı. Nəticədə “Miss Cənubi Afrika’’ gözəllik yarışmasının finalına çıxdı. Mey manekenliyi buraxmadı, altmış yaşından sonra da “New York’’ və “Elle’’ kimi jurnalların üz qabığına çıxır, Beyonsenin kliplərində yer alır.
Mey və İlonun atası Errol Mask bir məhəllədə böyüyüblər. İlk dəfə görüşəndə 1948-ci ildə doğulmuş Meyin 11 yaşı vardı. Errol Meyin məktəbdəki uğurlarına biganə idi, amma ona aşiqdi. Mey belə deyir: “O mənim ayaqlarıma və dişlərimə vurulmuşdu’’. Universitetdə tələbə ikən onlar sürəkli görüşürdülər. Meyin dediyinə görə, Errol 7 il boyunca onu istədi; usanmadan evlilik təklif edirdi: “Məni heç rahat buraxmadı’’.
Evlilik həyatları elə ilk gündən qarışıqdı. Mey bal ayında hamilə qaldı və 28 iyun 1971 tarixində, toylarından düz doqquz ay iki gün keçmiş İlonu dünyaya gətirdi. Evlilikləri çox qibtəediləcək olmasa da, Pretoriyadakı həyatları kifayət qədər yaxşı idi. Errol mühəndis idi, yaşayış və ofis binaları ilə ticarət mərkəzlərinin, hətta hərbi-hava qüvvələrinin bazasının layihələri üzərində çalışırdı. Mey isə diyetoloq işləyirdi. Bir ildən sonra İlonun Kimbal adlı qardaşı, çox keçmədən də Toska adlı bacısı doğuldular.
İlon hər şeyə maraq göstərən, hərəkətli bir uşaqdı. Hər şeyi çox tez qavrayırdı. Mey də bütün analar kimi oğlunu yaşına görə çox inkişaf etmiş, dahi biri olaraq görürdü: “Digər uşaqlardan fərqli olaraq hər şeyi havada tuturdu’’. Narahat edən tək şey İlonun zaman-zaman transa girməsiydi. İlonu dindirəndə o eşitmir, uzun-uzadı bir nöqtəyə baxırdı. Bu o qədər çox təkrarlanmağa başladı ki, valideynləri və həkimlər onun kar olduğunu düşündülər. Mey İlonun onları eşitmədiyini deyirdi. Həkimlər uşağı müayinə edib adenoidləri (patoloji olaraq böyümüş badamcıqlar – İ.N.) kəsməyi məsləhət gördülər: bu əməliyyatdan sonra, adətən, eşitmə qabiliyyəti düzəlir. Mey bunun kömək etməyəcəyini bildirdi. Anası İlonun vəziyyətinin onun eşitmə sistemi ilə deyil, beyninin çalışma xüsusiyyəti ilə bağlı olduğunu təxmin etdi. Mey belə deyirdi: “O özünə qapananda sanki başqa dünyaya düşür. Hələ də təkrarlanır o vəziyyətlər. Sadəcə olaraq artıq fikir vermirəm, bilirəm ki, ya yeni raket quraşdırır, ya da ona bənzər bir şey’’.
Digər uşaqlar İlonun bu xüsusiyyətini bəyənmirdilər. Yanında hoppanıb bağıranda da İlon onları heç vecinə almır, öz dünyasında düşünməyə davam edirdi. Ətrafındakılar onun tərbiyəsiz və nəzakətsiz olduğunu deyir, ya da başqa dünyalardan gəlmiş tühaf adam kimi qəbul edirdilər. Mey onun doğrudan da ləng olması ilə fərqləndiyini, bu özəlliyinin də onu yaşıdlarına sevdirmədiyini deyir.
Mask üçün bu anlar şox gözəldi. Beş və ya altı yaşlarında o, dünyadan qopub hansısa konkret məsələnin həllinə konsentrasiya olmağı öyrənmişdi. Qismən bu bacarıq onun beyninin çalışma şəklinin vizual xarakterli olması ilə bağlıdır. O, xəyalən hansısa bir şəkli bütün dəqiqliyi ilə, detallarına qədər görə bilirdi. Bunu ancaq kompüter proqramlarının mühəndis qrafikasına oxşatmaq olar. Mask belə xatırlayır: “Güman ki, mənim gözümün torlu qişasına (retina – İ.N.) gələn vizual informasiyanı işləyən beynim düşüncə proseslərinə də qoşulur. İndi bundan çox istifadə edə bilmirəm, çünki diqqətimi tələb edən həddindən artıq çox şey var. Amma uşaqkən bu öz-özünə baş verirdi. Gələn görüntünü işləyən beyinin böyük hissəsi daxili düşünmə proseslərində çalışmağa başlayır’’. Kompüterdə bu iki çox mürəkkəb funksiya iki çip arasında bölüşdürülüb. Qrafik prosessorlar görüntünü, yəni video və ya kompüter oyunlarını işləyir, hesablama prosessorları isə riyazi əməliyyatları həyata keçirir. Vaxt keçdikcə Mask belə bir qənaətə gəldi ki, onun beyni qrafik çipin analoqudur. Bu da ona xarici aləmdəki obyektləri görməyə imkan verir, xəyalında onları kopiyalayır və başqa obyektlərlə qarşılıqlı təsirini anlamağa yardım edir. Daha sonra Mask fikrini belə izah edir: “Görüntü və rəqəmlərə gəlincə mən onlar arasındakı qarşılıqlı prosesləri və alqoritmik əlaqəni işləyirəm. Təcil, impuls, kinetik enerji – onların obyektlərin davranışına necə təsir etdiyini aşkar görürəm’’.
Gənc İlonun ən diqqətçəkən özəlliyi onun kitab oxumağa olan həvəsidir. Çox erkən yaşdan o, kitablardan ayrılmırdı. Qardaşı Kimbal belə deyir: “Gündə on saat kitab oxuyurdu, bazar günləri isə iki kitab bitirirdi’’. Bir dəfə ailə alış-verişə çıxanda İlonun itdiyinin fərqinə varır. Mey və Kimbal onu bir kitab mağazasında tapırlar. İlon yerdə oturub kitab oxuyurdu. Hərzamankı transabənzər vəziyyətdə idi.
Böyüyüncə məktəbdən sonra saat ikidə kitab mağazalarına getməyə başladı. Axşam altıya qədər – valideynləri işdən evə qayıdana kimi orada qalırdı. Bədii ədəbiyyat, komikslər, elmi-populyar kitablar oxuyurdu. Özünün xatırladığı kimi: “Bəzən məni mağazadan qovurdular, amma çox vaxt mənə dəymirdilər’’. Sevdiyi kitablar arasında The Hitchhikker’s Guide to the Galaxy (“Avtostopla qalaktikada”) ilə birlikdə The Lord of the Rings (“Üzüklərin hökmdarı”), Ayzek Azimovun Foundation (“Fond”) seriyası və Robert Haynlaynın The Moon Is a Harsh Misstress (“Üsyankar Ay”) romanı var. Mask belə deyir: “Vaxt gəldi, mən məktəb və rayon kitabxanasındakı kitabları oxuyub bitirdim. Üçüncü və ya dördüncü sinifdəydim, deyəsən. Kitabxanaçını mənim üçün əlavə kitab sifariş etməyə razı saldım. Beləliklə, Britaniya ensiklopediyasını oxumağa başladım. Çox faydalı idi. Axı nəyi bilmədiyini bilmirsən. Və ətrafımızda nə qədər çox şey olduğunu anlamağa başlayırsan’’.
İlon faktik olaraq iki komplekt ensiklopediya oxudu. Bu qəhrəmanlığı ona dost qazanmağa kömək eləmədi. Fotoqrafik bir yaddaşı vardı və ensiklopediyalar onu “faktlar fabrikinə” çevirdi. O, klassik “hər şeyi bilən’’ oldu. Yemək masasında Toska Yerdən Aya qədər məsafəni soruşur. İlon o andaca dəqiq məsafəni dilə gətirir: perigeyi də, apogeyi (trayektoriyası ellips şəklində olan Aydan Yerə ən yaxın məsafə perigey, ən uzağı isə apogeydir – İ.N.). Mey belə xatırlayır: “Toska həmişə deyirdi ki, nəyisə bilmək istəyirsənsə, bizim dahidən soruş. Nə desək, hər şeyi xatırlayırdı’’. İlon “kitab qurdu’’ olduğundan çox ağır və ləngdi. Anası onun idmanla arasının çox da yaxşı olmadığını deyir.
Mey İlonun axşamçağı küçədə qardaşı və xalaoğulları ilə oyun oynarkən uşaqlardan biri qaranlıqdan qorxduğunu söylədi. İlon ona dedi: “Qaranlıq sadəcə olaraq işığın yoxluğudur’’. Qorxaq uşaq nəzəri bir izah istəmirdi, istədiyi birinin onu sakitləşdirməsiydi. Uşaqkən başqalarının səhvini düzəltməsi və iynəli sözləri İlona dost qazanmağa mane olurdu. O isə elə hesab edirdi ki, insanlar səhvlərini biləndə sevinirlər. Mey bu haqda belə deyir: “Uşaqlar belə şey eşitmək istəmirlər. Onlar İlona onunla oynamaq istəmədiklərini deyirdilər. Bir ana kimi ona acıyırdım, dostlarının olmasını istəyirdi. Kimbal və Toska evə dostlarını gətirirdi, o isə yox. Onlarla da oynamaq istəyirdi, amma alınmırdı’’. Mey uşaqlara onu da oynamağa çağırın deyirdi. Cavabları belə olurdu: “Onunla darıxdırıcıdır’’. Lakin İlon böyüdükcə qardaşı, bacısı və xalası uşaqları ilə yaxşı münasibətlər qurdu. Məktəbdə özünə qapalı olsa da, ailədə açıq və dostcanlı idi. Və nəticə etibarilə böyük rolunu öz üzərinə götürərək bütün işlərdə liderlik etməyə başladı.
Mask ailəsində işlər bir müddət yolunda gedirdi. Evləri Pretoriyanın ən böyük evlərindən biri idi, Errolun işləri yaxşıydi. İlonun səkkiz yaşında olduğu bir fotoda üç ağbəniz uşaq pilləkənlərin üstündə oturub, arxa planda isə Pretoriyanın məşhur bənövşəyi ağacı – jakaranda görünür. Şəkildə İlonun yumru yanaqları və geniş təbəssümü var.
Bu fotonun çəkilməsindən qısa bir zaman sonra ailə dağıldı. Valideynləri bir il keçməmiş boşandılar. Mey uşaqlarla Cənubi Afrikanın şərq sahilində yerləşən Durbandakı bağ evinə köçdü. İki il sonra İlon atasıyla yaşamaq istədiyini dilə gətirdi. Mask bu istəyini belə izah edir: “Mənə elə gəlirdi ki, atam kədər içində və kimsəsizdir. Anamın 3 uşağı yanındaydı, atam isə yalqızdı. Bu, ədalətsizlik idi’’. Ailənin bəzi üzvləri qərarı İlonun özünün verdiyini, bəziləri isə ata nənəsi Koranın ona təzyiq göstərdiyini deyirlər. Mey o hadisəni belə xatırlayır: “Onun bu mutlu evi nə üçün tərk etdiyini anlaya bilmirdim. Həqiqətən də, bu xoşbəxt evi mən onun üçün yaratmışdım. Amma İlon həmişə bildiyini edirdi’’. İlonun keçmiş arvadı, onun 5 oğlunun anası Castin belə ehtimal edir ki, İlon evin Alfa erkəyi olduğundan məsələnin emosional tərəfinə baxmır. Castin İlonun valideynləri ilə çox da yaxın münasibətdə olmadığını söyləyir və Mask ailəsi haqda “soyuq, sentimentallıqdan uzaq insanlar” deyir. Bir müddət sonra Kimbal da atasının yanına köçdü. O bunu belə izah etdi ki, təbiəti etibarilə oğul atasının yanında yaşamalıdır.
Errol haqda söz düşəndə ailə üzvləri susmağa üstünlük verirlər. Onun çətin insan olduğu ilə razılaşıb təfərrüatlara varmırlar. Errol sonralar ikinci dəfə evləndi və İlonun iki atabir bacısı da var. Onlar bu gün də İlonun himayəsindədirlər. İlon və qohumları, görünür, bacıları pərt etməmək üçün Errolu camaat içində müzakirə etməmək haqda qərar qəbul ediblər.
Haqqında bilinənlər bunlardır: Errolun ailəsinin dərin Cənubi Afrika kökləri var. Onun sülaləsinin izləri iki yüz il əvvələ qədər gedib çıxır. Masklar adlarının Pretoriyanın ilk telefon kitabçasına düşdüyünü söyləyirlər. Onun atası Uolter Henri Ceyms Mask orduda çavuş olub. İlon ata babası haqda belə deyir: “O, demək olar ki, danışmırdı. Viski içir, çox əsəbi olurdu və əntiqə krossvord doldururdu’’. Errolun anası Kora Ameliya İngiltərədə intellektual bir ailədə doğulmuşdu. Nəvələrinə də yetişirdi, oğluna da. Kimbal nənəsinin işgüzar, zirək və təşəbbüskar bir qadın olduğunu deyərək həyatlarında çox böyük rol oynadığını qeyd edir. İlon nənəsinə Nana deyirdi və onunla çox yaxın idi. Valideynləri boşandıqdan sonra o, İlonu məktəbdən götürüb gəzdirir və onunla Scrabbl (masaüstü söz oyunu – İ.N.) oynardı.
İlk baxışda Errolun evində həyat gözəldi. Ev kitablarla dolu idi. Kompüter və özünə lazım olan şeyləri almaq üçün İlonun pulu da vardı. Errol uşaqları özü ilə xarici səfərlərə aparırdı. Kimbal o dövrün çox şən keçdiyini və onda yaxşı xatirələr buraxdığını söyləyir. Errol övladlarını intellekti ilə təəccübləndirir, onlara bəzi dərslər verirdi. İlon atası haqda belə deyir: “O, istedadlı mühəndisdi. Atam hər şeyin necə çalışdığını bilirdi’’. Atasının iş yerinə gedən İlon və Kimbal kərpic qoymaq, su sisteminin qurulması, pəncərənin necə yerləşdirilməsi və elektrik kabellərinin çəkilməsini öyrənirdilər. Bunları öyrənmək qardaşların çox xoşlarına gəlirdi.
Kimbal atasının hər zaman ciddi nəzarəti altında olduqlarını vurğulayır. Errol İlonla Kimbalı qarşısında otuzdurub üç-dörd saat boyunca “tərbiyəvi iş’’ aparırdı. Uşaqlar ağızlarını belə aça bilməzdilər. Errol oğlanlarına göstərdiyi zabitədən, onları adi uşaq əyləncələrindən məhrum etməkdən zövq alırdı sanki. İlon tez-tez atasını Amerikaya köçmək üçün inandırmağa cəhd edir, Errol isə bu istəyə qarşı çıxırdı. İlonu susdurmaq üçün evdəki xadiməni işdən çıxardıb ev işlərini onun görməsini istədi – “Amerikalı olmağın nə olduğunu bilsin’’ demişdi.
İlon və Kimbal bu mövzuda ətraflı danışmasalar da, aydın olurdu ki, ataları ilə yaşadıqları dövrdə ciddi travmatik təzyiqə məruz qalıblar. İkisi də müəyyən psixoloji sarsıntı keçirdiklərini düşünür. Kimbal belə deyir: “Atamda nələrinsə normal olmadığı dəqiqdir. İlonla mənə də keçib bunlar. Və bizi bu sərt tərbiyə sistemi yetişdirib’’. Errolun adı gələndə Meyin tükləri biz-biz durur: “Kimsə onunla yola gedə bilmir. Çətindir onunla. Heç nə danışmaq istəmirəm, çünki bütün bunlar dəhşətdir. Bilirsinizmi, bu haqda danışmaq lazım deyil, uşaqlar, nəvələr var axı…’’.
Errolla oğlu haqda söhbət etmək istədiyimi bildirəndə mənə elektron poçtla belə bir cavab göndərdi: “İlon mənimlə yaşayanda çox müstəqil və məqsədyönlü bir uşaqdı. O dövrdə Cənubi Afrikada heç kim kompüterin nə olduğunu bilmirdi. Amma İlon kompüter elmi ilə maraqlanırdı, on iki yaşına çatanda onun istedadı hər kəsə məlum idi. İlon və qardaşı Kimbalın uşaqkən maraq dairələri genişdi, hamısını sadalamaq çətindir. Mənimlə bərabər Cənubi Afrika və onun xaricində çox səyahət etdilər. İlon, qardaşı və bacısı hər atanın arzu etdiyi nümunəvi uşaqlardı və hələ də elədirlər. İlonun nailiyyətləri ilə çox qürur duyuram’’.
Errol mənə göndərdiyi elektron məktubu İlona da göndərdi. İlon atasının “keçmişlə bağlı söylədiklərinə inanmaq olmaz” dedi və məni onunla yazışmaq fikrindən daşındırdı: “Bu dünyanın adamı deyil o, başında hər şey qaydasında deyil’’ söyləyərək daha detallı izahat verməkdən boyun qaçırtdı. Sonra isə əlavə etdi: “Demək olar ki, çocuqluğum yaxşı olmayıb, danışanda qulağa xoş gəlsə də, mutlu deyildim. Uşaqlığım iztirabla doluydu. Atam həyatı zəhər eləməyi yaxşı bacarırdı. O, istənilən vəziyyəti bərbad edə bilərdi, hətta ən yaxşısını belə. Bədbəxt adamdır o. Bilmirəm…lənət olsun…insan necə belə ola bilir…bilmirəm mən… Gəl qapadaq bu söhbəti, yoxsa çox uzağa gedərik’’. İlon və Castin uşaqlarını Errolla əsla tanış etməyəcəklərinə and içiblər.
İlon kompüteri ilk dəfə on yaşına çatanda Yohannesburqdakı Sandton Ticarət Mərkəzində görüb. O günü belə xatırlayır: “Elektronika cihazları satan mağazanın küncünə bir neçə kompüter qoymuşdular. İnsanın istədiklərini yerinə yetirəcək maşının bu olduğunu düşündüm. Mənim belə maşınım olmalıdır! Bu sehrli aləti almaq üçün atamı bezdirməyə başladım’’. 1980-də satışa çıxmış populyar ev bilgisayarı VIC-20 çox keçmədən onun oldu. 5 kilobayt yaddaşı olan kompüterin üstündə BASIC proqram dilini öyrənmək üçün dərs vəsaiti də vermişdilər. BASIC dili 6 aylıq kursla mənimsənirdi. İlon isə üç gün üç gecə yuxusuz qalıb işi bitirdi. Həyatında bundan daha cəzbedici və həyəcanverici bir şey görməmişdi. Atası mühəndis olsa da, onda nəsə bir luddistlik vardı, texnikaya biganə idi. Errol kompüterin oyun oynamağa yaradığını, onunla real mühəndis problemi həll olunmayacağını deyirdi. İlon bu sözləri vecinə almadı.
Kitab sevgisinin üzərinə bir də kompüter ehtirası gəldi. İlon çox vaxt Kimbal və xalası uşaqları Rass, Lindon və Peter Rivi (xalası Keyin uşaqları) müxtəlif avantüralara təhrik edirdi. Bir dəfə məhlələrində qapı-qapı gəzərək pasxa yumurtalarının satışını təşkil etdilər. Yumurtaları yaxşı boyamasalar da, onları üçqat bahasına varlı qonşularına sata bildilər. İlon ev şəraitində partlayıcı maddələr və raketlər də düzəltməyə başladı. Cənubi Afrikada “Estes’’ raketləri üçün start qurğuları yox idi. Bu səbəbdən də kimyəvi birləşmələri düzəldib konteynerlərə yerləşdirmək lazımdı. İlon belə xatırlayır o macəranı: “Nə çox şeydən partlayıcı düzəltmək olarmış. Barıtı selitra, kükürd və manqal kömüründən hazırlayırlar. Amma güclü bir turşunu güclü qələvi ilə birləşdirsən, çıxan enerjinin miqdarı xeyli çox olacaq. Dənəvərlənmiş xlorla əyləc yağı isə dəhşətli təsir yaradır. Barmaqlarımı itirmədiyim üçün şanslıyam’’. Partlatmağa bir şey olmayanda oğlanlar qat-qat paltar geyinir, qoruyucu eynəklər taxıb pnevmatik tüfənglərdən bir-birini gülləbarana tuturdular. İlon qardaşı ilə qum təpələri arasındakı tozlu yollarda çox velosiped sürürdü. Kimbalın bir dəfə velosipeddən uçaraq hansısa darvazanın tikanlı məftillərinə girdiyini unutmayıblar.