banner banner banner
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Оценить:
Рейтинг: 0

Полная версия:

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

скачать книгу бесплатно

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Eşli Vans

Bu həyəcanlandırıcı kitab bir şirkət qurmağa, kosmik gəmilər inşa etməyə və Marsa getmək istəməyinizə kömək edəcək. Kitabın yeganə mənfi cəhəti İlon Mask olmadığınızı xatırladığınız an sizin qarşınıza çıxacaq.

Eşli Vans

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

© 2015 by Ashlee VANCE

© Altun Kitab MMC – 2018

Tərcüməçidən

    Dəlinin əməli şüurlu insanın xəyal gücünü geridə buraxar.
    Borxes, “Alef”

Hər şey kiçik qızımın ad günümə bu kitabı hədiyyə etməsi ilə başladı. İllərdir izlədiyim, haqqında neçə məqalə yazdığım bir dahinin irreallıqla sərhədləri zorlayan macəradolu bir həyat hekayəsi vardı qarşımda. Psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə xəstələrinə diaqnoz qoya bilirlər. Freyd həyatda olsaydı, İlon Mask haqda, kim bilir, nə deyərdi. Yaradıcı insan normaları alt-üst edən sərhədlərə yaxınlaşıb sonradan geriyə – reallığa dönür. Bəs Mask necə? Uzun zamandır yaratdıqlarını anlamağa çalışdığım bu dahi sanki o sərhədlərdən aramıza qayıtmır, əksinə, ürkdüyümüz, qorxduğumuz o sərhədlərdən daha da irəliyə – utopiya ilə gerçəyin sarmaş-dolaş olduğu bir xəyali dünyaya keçir. Kitab da elə onun ‘’Sizcə, mən dəliyəmmi?’’ sualı ilə başlayır…

Kitabı oxumağa başladığım günlərdə Mask gözlənilmədən Türkiyəyə gəldi, prezidentlə görüşdü, Atatürkün “Anıtkabir” mavzoleyini ziyarət etdi. Orada çəkdirdiyi şəklin altına Atatürkün bu sözlərini yazdı: “Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin”. Sosial şəbəkələrdə Maskın Atatürkə verdiyi dəyər böyük rezonans doğurdu, gördüyü işləri onun möhtəşəm sözləri ilə taclandırdı. O gün kitabı Azərbaycan türkcəsinə tərcümə etmək haqda düşündüm. Bizim gənclərin də dünyanın çöhrəsini dəyişdirən fantastik layihələrin müəllifini tanımalarını istədim.

    Kitablar başqa yerlərdə olmaq istəyən insanlar üçündür.
    Mark Tven

“İnsanları xəyal qura bilməyən ölkədə elmin gələcəyi yoxdur” – tərcümə prosesində bu fikir beynimi sürəkli məşğul edirdi. İlonun mütaliə və kitab sevgisindən bəhs edən bölümlər məni heyrətə gətirirdi. Gündə 10 saat kitab oxumağı təsəvvür edirsinizmi? Ayzek Azimov, Robert Haynlayn və Artur Klarkın kitabları ilə böyüyən bir uşağın xəyal gücü də kainatın sərhədlərini, təbii ki, aşacaqdı. Karl Saqanın dediyi kimi, “Xəyal gücü bizi mövcud olmayan dünyalara aparır, amma o olmasa da, heç bir yerə gedə bilmərik”. Mask ilk kompüterinə 10 yaşında sahib olmuşdu. Sizin o yaşda kompüteriniz vardımı? 12 yaşında kompüter oyunu yazır, onu sataraq ilk qazancını əldə edir. Oyunun məğzi hidrogen bombaları ilə yad planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməkdən ibarətdi. Balaca İlonun bu proqramı yazdığı vaxtda elmi-texniki ədəbiyyatda ”şüa aparatı’’ deyə bir şey yox idi.

Orta məktəb təhsili, mütaliə və xəyal qurmaq bacarığı – oxucu bunların əhəmiyyətini kitabın hər bölümündə hiss edir. Digər tərəfdən xəyal qurmaq da bir istedaddır və bu da Maskda yetərincədir. Oxuduğu kitablar onda bəşəriyyətin gələcəyinə fərqli, xüsusi bir baxış yaratdı. Tənəffüslərdə kartondan raket düzəldib uçurdan uşağın bir gün Marsda insan koloniyası qurmaq arzuları, dünyanın ən güclü raketini yaratması da bu gün təəccüb doğurmur. Çox sevdiyim bir kəlamda deyildiyi kimi, “Böyük xəyalların doxsan, kiçik xəyalların isə on faizi həyata keçir”. Mask hər zaman böyük xəyallar qurdu və qurmağa da davam edir.

    Quş kimi göydə uçar yerdəkilər, Bizi yerə gömdü minbərdəkilər.
    M.Ə.Sabir

Sosial şəbəkələrdə bizim məşhur alimlərdən birinin dediyi iddia edilən bir fikir tirajlanır: “Sinfinizdə pis oxuyan uşaqlarla dost olun, gələcəkdə sizə başçılıq edəcəklər”. Uşaqlarımızı belə absurd fikirlərlə oxumaqdan, təhsildən soyutmaq yolverilməzdir. Düşündüm ki, kitab bu sərsəm, cəfəngiyyat yanaşmanı alt-üst edəcək, təhsilin, elmin önəmini göstərəcək.

Eşli Vens kitabı yazarkən 300-dən çox insanla görüşüb, onların fikirlərindən istifadə edib. Nəticədə Maskın bilinən tərəflərindən başqa, onun xarakterindəki ziddiyyətlər, irqçi düşüncələri, zaman-zaman özünü göstərən qəddar idarəetmə metodları ortaya çıxıb. Bu baxımdan müəllifin əməyini təqdir etmək lazımdır. ABŞ-da kitabın bir neçə nəşri var və mən “Son söz”ü axırıncı nəşrdən tərcümə etmişəm. Burada müəllifi tanımaq olmur: ilk nəşrdəki Mask heyranlığı özünü qatı bir müxalifə buraxıb: tənqidlər, əsassız ittihamlar və s. Mask zatən dünyada birmənalı qəbul edilmir, amma müəllifin düşüncələrindəki belə radikal dəyişikliyi anlamaqda çətinlik çəkdim. Diqqətli oxucu da, əminəm ki, bunu sezəcək.

Kitabda İlonun qardaşı Kimballa bacısı Toska arxa planda qalıblar. Halbuki onlar da öz sahələrində uğurludurlar. Errol Mask kitabda despotik ata kimi verilib, adının mümkün qədər az çəkilməsinə çalışılıb. Mən orijinal mətnə sadiq qalmağa çalışdım, ancaq “Altun kitab”ın sahibi, gözəl dilçi-alim Rafiq İsmayılovla belə qərara gəldik ki, heç olmasa, kitabın şəkillər bölümünə “müdaxilə” edək. Və nəticədə orijinaldan fərqli olaraq ailə şəkillərini – atası, ilk arvadı Castin və b.-nın özəl şəkillərini tapıb altına kiçik mətnlər yazdım.

    Nəyi bilirəmsə, ona inanıram.
    Lüdviq Vitgenştayn

Yaxın keçmişə qədər Silikon Vadisinin ən kultlaşmış ismi Stiv Cobs idi. Ancaq modern gəncliyin “Texnoloji Buddası” sayılan Maskın şöhrəti artıq onunkunu çoxdan keçib. Bildiklərinə inanan bu iki dahini tez-tez müqayisə edirlər. Stiv Cobs kompüterin modern dünyadakı yerini dəyişdi, onu kiçildərək mobil telefona sığdırdı. Mask isə dünyanı dəyişməyə çalışır – Marsda insan koloniyası qurmaq, aerokosmik sənaye tarixinin ən güclü raketini kosmosa göndərmək, yenidən istifadə olunan daşıyıcı raketlər, bərpa olunan enerji, elektromobillər, vakuum dəmir yolu xətti, süni intellekt və kosmik internet.

    Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
    Gah enərəm yer üzünə, seyr edər aləm məni.
    Nəsimi

Kitab ABŞ-da satışa çıxarılanda nə Tesla Model S, nə də Model 3 elektromobilləri çıxmışdı, Falcon Heavy-nin kosmosa göndərilməsi isə sual altında idi. Nəşrdən sonra Maskın planları bir-bir reallaşmağa başladı. Tərcümə bitəndə isə tarixin ən böyük raketi – 27 motorlu Falcon Heavy uğurla kosmosa göndərildi. “Mask və kosmik internet” bölümündə bəhs edilən qlobal şəbəkə infrastrukturunun əsası isə əlinizdəki kitabın nəşrindən bir neçə gün öncə qoyuldu. Dünyanı vahid internet sisteminə bağlamaq, interneti uzaq bölgələrdə də yaymaq üçün Mask başgicəlləndirici bir meqalayihəyə start verdi. 2019–24-cü illər arasında SpaceX kosmosa 4425 ədəd internet paylayıcı peyk göndərəcək. Bunların ilk 2 peyki 22 fevral 2018 tarixində kosmosa buraxıldı. 5 il ərzində ortalama hər həftə bir raket buraxmaq lazım gələcək. Böyük Səhradan Sibirin ucsuz-bucaqsız torpaqlarına, Himalay dağlarının zirvələrindən Papua-Yeni Qvineya cəngəlliklərinə qədər hər yerdə fasiləsiz internet olacaq. İlon Mask “Bəşəriyyətə format atdı” – kainatın fəthində yeni bir mərhələ başlayır.

    Göydə bir bitməyən dərinlik var
    Ki, donar hər düşüncə heyrətdən.
    H.Cavid, “Dəniz tamaşası”

Tərcümə əsnasında tez-tez Qustav Malerin 5-ci simfoniyasını dinləyirdim. IV hissədəki Adajiettodakı dərin lirizm insanı içindən qoparıb Mask kimi başqa dünyalara aparır. Zatən Malerin musiqisi də heç bu dünyanınkı deyil. Kədərli notlarla başlayır simfoniya, getdikcə Maler o məşhur lirizmini işə salır və arfa təlatümün arxasınca qaranlığın içindən günəşi çıxarmağa çalışır sanki. Buradakı həsrət, acı, iztirab o qədər dərin və təsirlidir ki, insanın daxilini param-parça edir. Musiqini irəliyə aparmaq yerinə Maler tərəddüd edir, geriyə, başdakı akkordlara qayıdır, major və minor bir-birinə qarışır. O ürpədici musiqi qərar verə bilmir – qaranlıqdamı qalsın, yoxsa işığamı can atsın.

İlon Mask isə Malerdən fərqli olaraq tərəddüd etmir – bəşəriyyəti qaranlıqdan çıxarıb işıqlı bir gələcəyə aparmaqda qərarlıdır. Bu kitabın ana dilimizdə nəşrindəki əsas məqsəd də bizim övladlarımızın ümumbəşəri layihələrdə ön sıralarda olmalarını görməkdir.

    İbrahim Nəbioğlu,
    27.02. 2018, su çərşənbəsi,
    İstanbul

1. İlonun dünyasi

“Sizcə, mən dəliyəmmi?”

İlon Mask bu sualı mənə Silikon Vadisindəki axşam yeməyində vermişdi. Hər zaman olduğu kimi, görüşə gecikirdi. Mən restorana ondan öncə gəlmiş və bir cin-tonik sifariş verib oturmuşdum. On beş dəqiqə sonra gəldi. Ayağında dəri ayaqqabı, üstündə dama-dama köynək və cins şalvar vardı. Boyu 1.83 olsa da, tanıyanlar onun daha iri göründüyünü deyirlər. Enlikürək, cüssəli və sağlam bədənə sahibdi. İçəri girəndə düşünürsən ki, cüssəsini xüsusi nümayiş etdirib Alfa erkəyi[1 - Alfa erkəyi – özünəarxayın, xarizmatik və lider tipli kişi – İ.N.] kimi yeriyəcək. Ancaq bunun yerinə utancaq birini görürsən. Masaya tərəf başı azca öndə yeriyərək yaxınlaşdı, əlimi tez sıxıb yerinə oturdu. Maskın ətrafa isinib özünü rahat hiss etməsi üçün daha bir neçə dəqiqəyə ehtiyacı vardı.

Mask məni axşam yeməyinə müxtəlif mövzularda danışmaq üçün dəvət etmişdi. 18 ay öncə onun haqda kitab yazmaq istədiyimi deyəndə mənimlə bu məsələdə əməkdaşlıq etməyəcəyini söyləmişdi. Rədd etməsi mənə toxunsa da, qəzetçi inadım qamçılanmışdı. Qoy elə olsun dedim, bu kitabı onun yardımı olmadan da yazaram. Əvvəllər Maskın şirkətlərində çalışmış bir çoxları ilə münasibətim vardı. Onun bəzi dostlarını isə zatən tanıyırdım. Aylar bir-birini əvəzlərkən 200-ə yaxın insanla görüşüb məlumatlar topladım. O arada Mask mənimlə yenidən əlaqə yaratdı. Evimə telefon açaraq iki alternativdən birini seçəcəyini söylədi – ya həyatımı zəhərə çevirəcək, ya da layihəmdə mənə yardım edəcəkdi. Kitabı çapa getməzdən əvvəl oxuyacaq və qeydlər edəcəkdi. Əgər mən o qeydləri qəbul etsəm, əməkdaşlığa razılaşacaqdı. Yazdığım mətnə qarışmayacaq, səhv olduğuna inandığı xüsusları düzəltməyimi tələb edəcəkdi. Bunun səbəbini anlayırdım – Mask həyat hekayəsini şəxsi nəzarətinə götürmək istəyirdi. Ruhən o, alimdi və faktları təhrif etmək onu özündən çıxarırdı. Kitabın çapından sonra üzə çıxan hər hansı bir yanlışlıq onu sonsuza qədər incidərdi. Məntiqini anlayırdım. Lakin kitabı çapdan öncə oxumasına peşə etikası baxımından izin verə bilməzdim. Maskın öz həqiqətləri vardı, ancaq onlar heç də hər zaman başqalarının həqiqətləri ilə üst-üstə düşmürdü. Ən sadə suallara belə lüzumsuz, uzun cavablar verməyə meyilli idi. Onun otuz səhifəlik qeydlərinə ehtiyacım yoxdu. Buna baxmayaraq axşam yeməyində görüşüb bütün bunları müzakirə etməyə qərar verdik.

Görüşümüz PR-çıları müzakirə etməkdən başladı. Mask ictimaiyyətlə əlaqələr şöbəsində işləyənləri tez-tez dəyişməkdə ad çıxartmışdı və Tesla üçün yeni PR müdiri axtarırdı. Özünəxas bir əda ilə “Dünyadakı ən yaxşı PR müdiri kimdir?” deyə sordu. Daha sonra söhbət ikimizin də tanıdığımız Hovard Hyuz (Howard Hughes)[2 - Hovard Robard Hyuz (ing. Howard Robard Hughes, 1905–1976) – amerikalı iş adamı, mühəndis, aviasiya pioneri, aktyor, rejissor, prodüser; “Hughes Aircraft”, “AirWest”, “Hughes Helicopters”, “TWA” kimi şirkətlərin sahibi; yığılan şassi, radionaviqasiya, avtopilot və b. mühəndis yeniliklərinin yaradıcısı – İ.N.] və Tesla zavodundan düşdü. Mask sifarişləri qəbul etməyə gələn ofisiantdan saxladığı pəhrizə uyğun azkalorili karbohidratlı yeməkləri soruşdu. Siyah kalmarla hazırlanmış lobster sifariş verdi. Söhbətimiz hələ başlamamışdı, Mask yeməyini yeyirdi. Gecələri onu yatmağa qoymayan böyük qorxusunu danışmağa başladı: Google şirkətinin qurucusu Larri Peycin (Larry Page) süni intellekt sahəsindəki çalışmalarından ehtiyat edir, robotların insan irqini məhv edəcəklərini deyirdi.

“Həqiqətən də, əndişəliyəm’’ dedi. Peyc yaxın dostu idi, onun xoşniyyət insan olduğunu deyirdi. Amma bu, Maskı rahatlatmağa yetərli deyildi. Robotlar insan həyatını asanlaşdıracaq deyə Peyc nikbindi. Mask: “Mən isə nikbin deyiləm. Peyc istəmədən şeytani bir şey yarada bilər’’ – dedi. Yemək gələn kimi boşqabındakıları tez yeyib bitirdi. Yemək demək doğru olmazdı, elə dişlədi ki, yemək bir andaca ortadan qeybə çəkildi. Maskı mutlu edib danışdırmaq üçün boşqabımdan böyük bir parça bifşteksi ona verdim. Planım işə yaradı, amma sadəcə doxsan saniyəliyə. Böyük ət parçasını da bir anda aşırtdı.

Maskı bədbin olduğu süni zəka mövzusundan öz məsələmizə gətirmək bir az zaman aldı. Kitab haqda danışmağa başladıq. Məndən onun haqda yazmaq istəyimin səbəblərini və niyyətimi öyrənməyə çalışırdı. Bir qədər gözləyib söhbətə nəzarəti əlimə aldım. Bədənimdə toplanan adrenalin cin-toniklə qarışdı və mən kitabı yazmaq səbəblərim haqda düz 45 dəqiqəlik bir monoloq söylədim. Maskdan çox şərt qoymadan izin verməsini gözləyirdim. Onun qeydləri və məni sürəkli nəzarətdə saxlamaq istəyi jurnalist kimi etibarıma kölgə salacaqdı. Nə qədər təəccüblü də olsa, Mask sözümü kəsib “Tamam” dedi. Demək ki, Mask öz fikrini müdafiə edən, əzmli və inadkar insanları sevir. Əvvəllər onlarla qəzetçi Mask haqda kitab yazmaq üçün ona müraciət etmiş, “Yox” cavabı alınca da itaət edərək taleləri ilə barışmışdılar. Fəqət Maskın rədd etdiyi insanlar içində tək mən inadla israrlarıma davam etmiş və bu da, görünür, onun xoşuna gəlmişdi.

Axşam yeməyi Maskın azkalorili karbohidrat pəhrizini pozması ilə bitdi. Ofisiantlardan biri halva deserti gətirdi və Mask əlləri ilə onu yeməyə girişdi. Artıq anlaşmışdıq: Mask mənə şirkətlərindəki müdirləri, dostları və ailə üzvləri ilə əlaqə qurmağa icazə verdi. Kitabı yazdığım müddətdə ayda bir dəfə axşam yeməyində mənimlə görüşəcəkdi. Mask ilk dəfə idi bir jurnalistə həyatına girməyə izin verirdi. İki saat yarım sürən yemək bitmək üzrə idi. Mask əllərini masanın üstünə qoyub qalxmaq istəyirdi ki, birdən dayandı, gözlərimin içinə baxaraq o inanılmaz sualı verdi: “Sizcə, mən dəliyəmmi?’’ O anda çaşıb-qaldım, bu sualın tapmaca olub-olmadığını düşünürdüm, odur ki, ağzımı açıb danışa bilmədim. Bu sualın mənim üçün deyil, Maskın özü üçün olduğunu sonralar anlayacaqdım. Əslində, cavabımın önəmi də yoxdu. Mask yenə duruxdu, yüksək səslə mənim güvəniləcək adam olub-olmadığımı sordu. Qərar vermək üçün gözlərimin içinə baxırdı. Bir-birimizin əlini sıxdıq və o, qırmızı rəngli Tesla Model S avtomobilinə minib uzaqlaşdı.

İlonun dünyası ilə tanışlığa Kaliforniyada, Hotornda (Hawthorne), Los-Anceles beynəlxalq hava limanından bir neçə mil məsafədəki SpaceX mərkəzindən başlamaq lazımdır. Maskın iş otağına gedən yolda ziyarətçilər yan-yana asılmış iki nəhəng Mars fotosu ilə qarşılaşırlar. Soldakı fotoda Mars bu gün olduğu kimi verilib – soyuq, səhra və qızılı rəngdə, sağdakında isə Mars artıq okeanlarla əhatə olunub və yaşıllıqlar içindədir. Planetin temperaturu artırılıb və insan həyatına uyğunlaşdırılmış hala gətirilib. Maskın məqsədi də buna nail olmaqdır. Marsda insan oğlu üçün kosmik koloniyalar qurmaq İlon Maskın həyatının mənasıdır. O bu haqda belə deyir: “İnsanlığın parlaq bir gələcəyə sahib olduğunu düşünərək ölmək istərdim. Əgər bərpa olunan enerji (Günəş, külək, dalğa, su və b. mənbələrdən alınan enerji – İ.N.) problemini çözsək və başqa bir planetdə mədəniyyət qurub bir yox, bir neçə planetdə yaşamaq bacarığına nail olsaq, bu, həqiqətən də, çox yaxşı olar’’.

Maskın söylədiyi, ya da gördüyü işlər bəzilərinə ağlasığmaz gəlirsə, bunun səbəbi elə onların ağlasığmaz olmasındadır. İmkansız şeylərlə məşğul olması Maskı Silikon Vadisinin[3 - Silikon Vadisi – “Intel”, “Cisco”, “HP”, “Softway”, “Apple”, “Microsoft”, “Facebook”, “Twitter”, “Yahoo”, “Google” kimi şirkətlərin yerləşdikləri Şimali Kaliforniyadakı San-Hose vadisinə verilən addır – İ.N.] kumirinə çevirib. Peyc kimi həmkarları onun haqqında hörmət və bir az da ehtiyatla danışırlar. Biznes həyatına yeni atılanlar artıq “İlon kimi olmaq’’ istəyirlər. Əvvəllər hamı Stiv Cobsa (Steven Paul Jobs, 1955–2011, “Apple Computer, Inc.” şirkətinin qurucusu və ortaqlarından biri – İ.N.) bənzəməyə can atırdı. Amma Silikon Vadisi fərqli bir dünyadır. Onun xaricində Maskı təzadlı biri kimi görürlər. Onu elektromobilləri, günəş batareyaları və raketləri olan, boş ümidlər satan bir adam kimi qəbul edirlər. Stiv Cobsu unudun. Mask insanların qorxuları üzərində ağlasığmaz sərvət qazanmış P.T.Barnumun (19-cu əsrdə yaşamış amerikalı iş adamı, “Ringling Bros. and Barnum & Bailey” sirkinin qurucusu – İ.N.) elmi-fantastik versiyasıdır. Bir Tesla avtomobili satın alın. Planeti nə hala saldığınızı bir kənara atın!

Bir vaxtlar mən özüm də bu düşərgənin üzvü idim. Mask xoşniyyətli bir xəyalpərəst kimi məni də valeh etmişdi. O, Silikon Vadisinin texno-utopistlər klubunun tipik nümayəndəsinə bənzəyirdi. Bu düşərgənin insanları Ayn Rand (Alisa Zinovyevna Rosenbaum (1905–1982) – amerikalı yazar, filosof, obyektivizm cərəyanının banisi) heyranları ilə mütləqiyyətçi mühəndislərin sintezidirlər. Əgər biz onların əl-ayağına dolaşıb mane olmasaq, o insanlar bizim bütün problerimizi asanca həll edəcəklər. Bir gün, həm də kifayət qədər yaxın zamanda biz beyinlərimizi, zəkamızı kompüterə yükləyə biləcəyik. Bununla da rahatlıq tapacağıq, qoy sonrasını alqoritmlər düşünsün. Çox vaxt onların ambisiyaları ilham verir, gördükləri işlər faydalı olur. Ancaq texno-utopistlər texnologiyaların sonsuz imkanları haqdakı banal söhbətləri ilə əvvəl-axır adamı bezdirirlər. Ən çox da onların bu əsas fikrindən çaşbaş qalırsan ki, insan defektli bir məhsul, bəşəriyyət isə kainat üçün mənasız bir yükdür. Silikon Vadisindəki tədbirlərdə Maskın pafoslu çıxışları texno-utopistlər üçün oyun kitabından seçilmiş sözlər kimi səslənirdi. Onun şirkətlərinin dünyanı xilas edəcəkləri haqda fikirləri isə heç inandırıcı görünmürdü.

Amma 2012-nin əvvəlində mənim kimi pessimistlər etiraf eləməyə başladı ki, Mask, həqiqətən də, qoyduğu hədəflərə çatır. Bir zamanlar məsxərəyə qoyulan şirkətləri bənzərsiz işlər görür, uğur qazanırdı. SpaceX Beynəlxalq Kosmik Stansiyaya orbital yük gəmisi göndərmiş və müvəffəqiyyətlə geri qayıtmışdı. Tesla Motors özünün tam elektrikli, göyçək Model S sedanını buraxırdı. Nəfəs kəsən gözəllikdə idi; avtomobil sənayesi ilə Detroyt heyrətə düşmüşdü. Bu iki nailiyyəti Maskı biznesin nəhəngləri içərisində əlçatmaz zirvəyə çıxartdı. İki fərqli sahədə belə uğuru ancaq Stiv Cobs qazanmışdı – Apple-ın yeni modeli və Pixar-ın (Kaliforniyada qurulmuş film və animasya şirkəti, 1986-da Stiv Cobs tərəfindən alındıqdan sonra 2006-da 7,4 milyard dollara Disneyə satılıb – İ.N.) yeni blokbasteri ilə. Lakin Mask hələ yeni başlayırdı. O həm də birjaya açılmaqda olan günəş enerjisi sahəsində sürətlə böyüyən Solar City şirkətinin ən böyük sərmayədarı və onun Direktorlar Şurasının sədri idi. Cəmi bircə həmlə ilə Mask raket və avtomobil sənayesi ilə energetika sektoruna son onilliklərin ən böyük töhfələrini vermişdi.

Maskı daha yaxından tanımaq və “Bloomberg Businessweek” (1929-dan bu yana Amerikada nəşr edilən həftəlik iqtisadiyyat jurnalı – İ.N.) üçün material yazmağa qərar verdim. Onunla əlaqə yalnız köməkçisi Meri Bet Braun vasitəsilə mümkün idi. Və Meri məni sonralar Mask Diyarı adlandıracağım yerə dəvət etdi.

Mask Diyarına ilk dəfə gələnin çaşqınlıqdan ağzı açıq qalır. Sizə maşınınızı Hotornda, “One Rocket’’ adresində yerləşən SpaceX-in mənzil-qərargahının önündəki dayanacağa park etməyi söyləyirlər. Yəqin, düşünəcəksiz ki, Hotornda nəsə yaxşı bir şey ola bilərmi? Bura Los-Ancelesin köhnə-köşkül evləri, mağazaları və ucuz restoranlarının olduğu darıxdırıcı bir rayonudur. Bütün bunlar beton qutulara bənzəyən nəhəng sənaye təsislərinin içində yerləşir. Belə bir yerdəmi yerləşir Maskın şirkəti? Lakin daha sonra gördüklərin anlam qazanmağa başlayır, qarşınıza sahəsi 51 min m2 olan mistik bir bəyaz bina çıxır. Bura SpaceX-in əsas binasıdır.

Bu adamın yaratdıqlarının heybətli miqyasını SpaceX-in giriş qapısından keçəndən sonra anlayırsan. Mask Los-Ancelesin ortasında kosmik raketlər istehsal edən zavod tikib. Və bu zavod birdəfəyə bir raket deyil, çox raket düzəldir, özü də “sıfırdan”. Zavod böyük bir iş meydanıdır. Arxa tərəfdə metal hissələrin qaynaq dəzgahlarına yanaşması üçün böyük platformalar var. Digər tərəfdə isə ana plata, rabitə modulları və b. elektron hissələr hazırlayan bəyaz önlüklü texniklər çalışırlar. Digərləri isə xüsusi germetik şüşə kameralar içində raketlərin kosmik stansiyaya daşıyacağı kapsulları yığırlar. Başlarına bandana bağlamış döyməli adamlar Van Halen-i (Kaliforniyalı rok qrupu – İ.N.) dinləyərək raket motorlarının ətrafına kabellər döşəyirdilər. Yüklənməyə hazır raket gövdələrini də elə oraya düzmüşdülər. Binanın bir başqa bölümündə isə raketlər bəyaz rəngə boyanacaqları vaxtı gözləyir. Bir dəfə gəlməklə zavodu görüb anlamaq mümkün deyil. Qəribə formalı dəzgahların ətrafında yüzlərlə insan çalışırdı.

Bura Mask Diyarındakı sadəcə 1 nömrəli binadır. SpaceX satın alana qədər bura Boeing-747 təyyarələri üçün füzelaj istehsal edən Boeing zavodu idi. Qövsvarı damı olan və anqara bənzəyən binada Tesla-nın araşdırma laboratoriyası ilə dizayn studiyası yerləşir. Model S sedanı və Model X krossoverinin dizaynı məhz bu studiyada hazırlanıb. Bir qədər irəlidə Tesla enerjidoldurma stansiyası inşa edib. Los-Anceles sürücüləri burada avtomobillərini elektriklə pulsuz doldururlar. Buranı tapmaq çox asandır, Mask stansiyanın ortasına qırmızı-bəyaz Tesla loqotipi yerləşdirib.

Maskdan ilk müsahibəni bu dizayn studiyasında almışam. Onun necə çalışdığını o əsnada görmüşdüm. Özünə güvənən adamdır, ancaq bunu həmişə nümayiş etdirmir. İlk görüşdə utancaq və ağır insan təsiri bağışlayır. Onun Cənubi Afrika aksenti azalsa da, hələ də hiss edilir, bu da onun axıcı və səlis danışmasına mane olur. Bir çox mühəndis və fiziklər kimi istədiyi kəlməni axtararkən pauza verir, qəliz elmi-texniki terminlərdən istifadə edir, onları sadələşdirilmiş sözlərlə əvəz etmir. Düşünür ki, dediklərini onsuz da hər kəs anlayır. Heç nə anlamırsınızsa da, anlamayın deyir, öz işinizdir. Mask, əslində, zarafatcıldır, özünü sevdirməyi bacarır. Amma hər söhbətinin mütləq bir hədəfi və hansısa mənası var. O, sadəcə olaraq çənəsini boş yerə yormur. Onun güvənini qazanmağım və mənə daxili dünyası ilə şəxsiyyətinin daha dərin qatlarını açması 30 saata yaxın sürən çoxsaylı söhbətlərdən sonra mümkün oldu.

Bir çox şirkət sahibi və CEO-nun (ing. dilində Chief Executive Officer, baş direktor və ya İdarə Heyətinin sədri – İ.N.) ətrafında sürəkli köməkçiləri və ya müavinləri olur. Mask isə şirkətlərində, əsasən, təkbaşına gəzir. Restoranlarda çox vaxt keçirtməz. İşinin sahibidir, nüfuzunu göstərən bir əda ilə yeriyir. Maskla dizayn studiyasının birinci mərtəbəsindəki nümunələri və maşınları incələyərkən söhbət etdik. Ayaq saxlayan kimi işçilər Maskın üstünə tökülüşür, onu informasiya selinə qərq edirlər. O, diqqətlə dinləyir, düşünür və əgər razı qalsa, başını tərpədirdi. Oradan başqa informasiya axınına tərəf hərəkət edir. Tesla-nın layihə müdiri çalışmış Frans fon Holshauzen Model S-in təkər və təkər diskləri ilə Model X-in oturacaqlarının yerləşmə sxemi haqda Maskın fikrini öyrənmək istəyir. Bunları müzakirə edib yüksəkkeyfiyyətli qrafik kompüterin satış nümayəndələri ilə arxadakı otağa keçirlər. Onlar üçölçülü yeni renderinq (kompüter qrafikasında görüntünün vizuallaşdırılması – İ.N.) texnologiyasını nümayiş etmək istəyirdilər. Bu texnologiya Tesla üçün virtual Model S-in son retuşunu təshih etməyə imkan yaradacaq, hətta kölgələr və küçə lampalarının avtomobilin kapotundakı əksini belə göstərəcəkdi. Tesla mühəndisləri yeni kompüter sistemləri almaq istəyir və Maskın bunu təsdiq edəcəyinə inanırdılar. Burğu alətinin ciyiltisinə və iri sənaye ventilyatorlarının səsinə baxmayaraq mühəndislər Maskı ideyalarının önəminə inandırmaq istəyirdilər. Mask isə hərzamankı iş qiyafətində – cins şalvar, qara futbolka və dəri ayaqqabıda dayanıb 3D eynəyini taxmağa tələsmirdi. Bu haqda düşünəcəyini söyləyib yüksək səsin mənbəyinə – dizayn studiyasının dərinliyində enerjidoldurma stansiyaları üçün 10 metrlik qüllələrin inşa olunduğu bölümə getdi. Mask “Bu düzəltdiyiniz beşballıq bir fırtınaya da tab gətirər, odur ki bir az incəldin’’ dedi. Sonda qara rəngli Model S-ə minib SpaceX-in mənzil-qərargahına qayıtdıq. Yolda mənə sarı dönərək “Bizim insanlar internet, maliyyə və hüquqla çox məşğul olurlar. Ona görə də bizdə innovasiyalar azdır’’ dedi.

MASK DİYARI İLHAM QAYNAĞIYDI

Silikon Vadisinə 2000-ci ildə gəldim və San-Fransiskoya qonşu Tenderloynda yaşamağa başladım. Bura şəhərin pis ad çıxarmış bölgəsi idi. Yerli sakinlər buradan uzaq durmağa çalışırdılar. Burada şalvarını çəkib park edilmiş maşınların arasında təbii ehtiyaclarını ödəyən və ya başını avtobus dayanacağının divarına vuran psixopatlarla qarşılaşmaq adi bir haldı. Striptiz klublarının yanındakı ucuz barlarda transvestitlər iş adamlarına ilişir, əyyaşlar küçədəki skamyalarda gecələyirdilər. San-Fransiskonun bu çirkin və görkəmsiz, bıçaq yaraları ilə dolu səmtində internet inqilabı haqda röyaların bitdiyi daha bariz görünürdü.

San-Fransisko insan acgözlüyü haqda hekayələri ilə məşhurdur. Qızıl qızdırması (ing. Gold rush – İ.N.) dövründə şəhər olmuş San-Fransisko dəhşətli zəlzələdən (1906-cı il dağıdıcı zəlzələsi – İ.N.) sonra da iqtisadi şəhvətini itirmədi. İqtisadi yüksəliş və çöküşlər bu yerlərin ritmi, habelə ahəng və melodiyası idi. 2000-ci ildə San-Fransisko görünməmiş bir iqtisadi canlanma yaşadı, şəhərdə çılğın bir istehlak ajiotajı başladı. İnsanların sürətli varlanma fantaziyalarına qapıldığı, internetin isə başgicəlləndirici illəri idi. Populyar olan bu sərsəm ideyaların enerjisi hər addımda hiss edilirdi: şəhər uğuldayır və qaynayırdı. Mən San-Fransiskonun ən əxlaqsız və ən pozğun səmtində yaşayırdım, insanların yüksəlişini də görürdüm, çöküşünü də.

O vaxtlar biznesin çılğınlıqları haqda müxtəlif hekayələr danışılırdı. Sürətlə böyüyən bir şirkət qurmaq üçün nəyisə istehsal etməyə lüzum yoxdu. Bir internet ideyanızın olması və bu düşüncənizə sərmayə qoyacaq investor tapmaq kifayət idi. Yeganə məqsəd qısa müddət ərzində çoxlu pul qazanmaqdı, çünki bu vəziyyət bir gün mütləq bitəcəkdi.

Vadinin işçiləri taqətdən düşənə qədər çalışırdılar. Hamı gecəyarısına qədər işləyirdi. İş yerləri müvəqqəti yaşamaq üçün evlərə çevrilmiş, şəxsi gigiyena unudulmuşdu. Heç nə istehsal etməmək üçün çox çalışmaq lazımdı. Stress atmaq vaxtı gələndə isə ağlınıza gələn bütün yollara baş vurulurdu. Ovaxtkı şirkətlər kim daha vəhşi əyləncə növü seçəcək deyə bir-biri ilə bəhsə girmişdi. Tanınmış şirkətlər “bərkgedən” olduqlarını nümayiş etdirmək üçün mütəmadi olaraq konsert salonları kirayələyirdilər. İçkilərin pulsuz olduğu belə gecələrdə səhnəyə Barenaked Ladies (Kanada rok qrupu – İ.N.) çıxır, barlarda isə rəqqasələr şou göstərirdilər. Gənc mühəndislər fahişələr çağırır, tualetlərdə kokain çəkirdilər. Acgöz idilər, ağıllarındakı tək şey varlanmaqdı.

Sürətli varlanma haqda internet fantaziyalarının çöküşü San-Fransisko və Silikon Vadisini dərin depressiyaya saldı. “Tusovka’’lar yoxa çıxdı. Küçə qadınları artıq səhər saat 6-da küçələrdə “Mənimlə gəl, şəkərim. Qəhvədənsə mən yaxşıyam’’ deyib sabah seksi təklif etmirdilər. İndən belə Barenaked Ladies yerinə Nil Daymondun (Amerikalı müğənni, mahnı sözlərinin müəllifi – İ.N.) mahnıları, pulsuz futbolkalar və boğazda düyünlənmiş qəhər vardı.

Yüksək texnologiyalar industriyası adamlarının indən belə nə ilə məşğul olacaqları haqda heç bir təsəvvürləri yox idi. Sabun köpüyü kimi partlayan vençur şirkətləri (elmi araşdırmalar, mühəndislik fəaliyyəti və innovasiyaların tətbiqi ilə məşğul olan kiçik şirkətlər – İ.N.) tamam batmamaq üçün maliyyələşdirməni kəsdilər. Təşəbbüskarların nəhəng fikirlərinin yerini təvazökar niyyətlər tutdu. Silikon Vadisinin bütün sakinləri sanki bir anda kütləvi şəkildə içkini buraxdılar. Melodram kimi səslənsə də, həqiqət belə idi. İşıqlı gələcək qurduğuna inanan milyonlarla zəka sahibi birdən bunun doğru olmadığını anladı. Və dəbə yeni davranış şəkli mindi – riskdən qaçmaq üçün ehtiyatlı olmaq.

Dəyişikliyi görmək üçün o dövrdəki ideyalar üzərində qurulmuş şirkətlərin durumuna baxmaq kifayət idi. Google arenaya 2002-də çıxmışdı və elə o vaxt da uğur qazanmağa başladı. Amma bu, tipik bir örnək deyil. Google şirkətinin qurulması ilə 2007-də Apple iPhone-nun yaranması arasındakı dövrdə bir sıra mənasız şirkətlər yarandı ki, onlar qısa müddətdə batıb yox oldular. Hətta Facebook və Twitter kimi uğurlu qurumlar belə Hewlett-Packard, Intel və ya Sun Microsystems kimi həqiqi məhsul ortaya çıxaran və on minlərlə insanı işlə təmin edən şirkətlərə bənzəmirdilər. Sonrakı illərdə məqsədlər dəyişdi. Artıq böyük risklərə gedib yeni sənaye sahələri açmaq yerinə istehlakçını əyləndirərək bazarı bol-bol reklamla doldurub asan pul qazanmaq dövrü başlayırdı. Facebook-un keçmiş mühəndisi Jeff Hammerbacher mənə belə demişdi: “Bizim nəslin ən parlaq beyinləri insanların mausla reklama daha çox tıklamaları üzərində baş sındırırlar. Bu, dəhşətdir’’. Silikon Vadisi bərbad bir şəkildə Hollivuda oxşamağa başlamışdı. İstehlakçılar isə içlərinə qapanıb virtual dünyanın əsirinə çevrilmişdilər.

İnnovasiyalardakı bu durğunluğun daha böyük problemə çevriləcəyini ilk dəfə fizik Conatan Hyubner dilə gətirdi. Pentaqonun Kaliforniyadakı Çayna gölündə yerləşən Dəniz Aviasiyasının Elmi Tədqiqat Mərkəzində çalışan Hyubner “Leave it to Beaver’’ serialındakı ölüm tacirinin versiyasıdır. Ortayaşlı, arıq və saçı tökülmüş bu adam, adətən, qəhvəyi köynək, xaki rəngli şalvar və pencək geyinir. 1985-dən bu yana ən son texnologiyalardan istifadə edərək silah sistemləri üzərində çalışmaqdadır. O, “dotkom’’ların (ing. dot.com – “nöqtə-com’’lar internet şəbəkəsi üzərində çalışan şirkətlərə verilən addır – İ.N.) batmasından sonra masasına qoyulan innovativ təkliflərə baxmır, onları ciddiyə almır. Hyubner 2005-ci ildə yazdığı “Dünyada innovasiyaların azalma tendensiyası’’ adlı məqaləsində Silikon Vadisini tənqid edərək ona xəbərdarlıq edir.

Hyubner innovasiyalarla bağlı vəziyyəti təsvir etmək üçün ağac metaforundan istifadə edir. İnsan oğlu artıq ağacın gövdəsinə çıxaraq budaqları üzərində məskunlaşıb, təkər, elektrik, təyyarə, telefon, tranzistor kimi həqiqətən də böyük kəşflər edib. İndiki nəsil isə ağacın təpəsində yellənərək bizə qədər olunmuş kəşfləri inkişaf etdirmək istəyir. Bu metaforla Hyubner həyatımızı dəyişdirən böyük kəşflərin ciddi şəkildə seyrəldiyini göstərir. Bundan başqa, o, bir nəfərə düşən texniki innovasiyaların zamanla azaldığını deyir. Mənə verdiyi müsahibəsində “Düşünürəm ki, insanın indən belə 100 böyük ixtira edəcəyi ehtimalı getdikcə azalır. İnnovasiya məhdud qaynaqdır’’ deyir.

Hyubner insanların onun fikri ilə razılaşması üçün beş il lazım olduğunu söyləyir. Onun təxmini hardasa tam doğru çıxdı. 2010-da PayPal-ın (internet üzərindən çalışan onlayn ödəmə sistemi – İ.N.) qurucularından, Facebook-un ilk xarici investoru Peter Thiel yüksək texnologiyalar sənayesinin tənəzzülə uğradığı fikrini irəli sürdü. “Biz uçan avtomobillərin xəyalını qururduq, əvəzində isə əlimə keçən 140 simvol oldu’’ – bu cümlə onun “Founders Fund’’ isimli sərmayə şirkətinin şüarına çevrildi. “Gələcəyə nə oldu’’ adlı essesində Thiel və tərəfdarları iddia edirlər ki, Tvitter özünün 140 simvolu ilə yalançı tərəqqidir. Thielə görə, elmi fantastika bəşəriyyətin gələcəyini tərənnüm etməyi dayandırıb və antiutopiyaya çevrilib. Bunun səbəbi texnologiyaların dünyanı dəyişdirəcəyinə olan inamın qalmamasıdır.

Mask Diyarını ilk ziyarətimə qədər mən də yuxarıdakı düşüncələrin çoxu ilə razı idim. İlon hədəflərindən çəkinmirdi və onun şirkətlərində çalışanlar xaricində çox az insan zavodları, elmi tədqiqat mərkəzlərini, maşın sexlərini görmüşdü və onun niyyətlərinin miqyasını anlayırdı. Mask çox şeyi, məsələn, sürətlə irəliyə doğru hərəkət etməyi, bürokratik iyerarxiyadan azad olmağı Silikon Vadisindən götürmüşdü. O, bütün bunları real yüksəliş üçün böyük, fantastik avadanlıqların təkmilləşdirilməsinə tətbiq etdi.

Belə baxanda Mask özü də hamı kimi “xəstəliyə’’ yoluxmuşdu. Universitetdən məzun olan kimi “Zip2” adlı şirkətini (“Google Maps’’in daha bəsit variantı) qurub “dotkom maniyası’’na qapıldı. İlk şirkəti böyük uğur qazandı – 1999-da Compaq 307 milyon dollara Zip2-ni satın aldı. Mask bu satışdan 22 milyon dollar qazandı və onun, demək olar, hamısını yeni şirkətinə, sonralar PayPal adlanacaq startapa yatırdı. 2002-ci ildə isə eBay 1,5 milyard dollar ödəyərək PayPal-ı satın aldı. Mask PayPal-ın ən böyük hissədarı kimi fantastik dərəcədə varlandı.

Mask həmkarları kimi depressiyaya düşüb Silikon Vadisində veyillənmədi, onların buraxdığı səhvləri təkrarlamamaq üçün Los-Ancelesə köçdü. Doğru olan şey dərin bir nəfəs alıb növbəti əlverişli vəziyyəti gözləmək idi. Ancaq Mask gözləməyi seçmədi. Əlindəki pulun 100 milyon dollarını SpaceX, 70 milyonunu Tesla, 30 milyonunu isə SolarCity şirkətlərinə yatırdı. Bütün sərvətini itirmək üçün bundan sürətli yol ola bilməzdi. “Va-bank’’ gedərək dünyanın ən bahalı iki yerində – Los-Anceles və Silikon Vadisində supermürəkkəb komplekslər inşa etdi. Maskın şirkətləri hər şeyi başdan yaradaraq aerokosmik sahədə, avtomobil istehsalı və Günəş enerjisində qəbul edilmiş həqiqətləri yenidən dərk etməyə başladı.

Mask ABŞ hərbi-sənaye kompleksinin nəhəngləri olan Lockheed Martin və Boeng ilə mübarizəyə başladı. Rusiya və Çin şirkətlərini də əlavə etsək, görərik ki, söhbət artıq dövlətlərlə təkbaşına mübarizədən gedir. SpaceX öz sahəsində azməsrəfli təchizatçı kimi ad çıxarıb. Amma bunlar uğur üçün kifayət deyil. Kosmik biznesin içində siyasət də var, lazımlı adamlara yaltaqlanmaq və proteksionizm də. Bunlar isə kapitalizmin təməlini oyur. Stiv Cobs iPod və iTunes-u bazara çıxaranda səsyazma industriyasına qarşı getmiş və bəzi əngəllərlə qarşılaşmışdı. Amma musiqi industriyasının şıltaq ludditləri (19-cu əsrdə Böyük Britaniyada maşınların tətbiqinə qarşı fəhlələrin ilk kortəbii çıxışlarının iştirakçıları – İ.N.) Maskın “adamyeyən” əleyhdarları ilə müqayisədə heç nə idilər. SpaceX kosmosa yük daşıyıb Yerdəki start meydançasına qayıdan çoxistifadəli raketləri sınaqdan keçirir. Əgər SpaceX bu texnologiyanı təkmilləşdirsə, rəqiblərinə sarsıdıcı zərbə vuracaq ki, bu da, şübhəsiz, raket sənayesinin bir çox şirkətini biznesdən çıxaracaq. Bununla da Amerika kosmosa insan və yük daşımaqda dünya lideri olacaq. Bu isə Maska çox sayda düşmən qazandıracaq. Onun qeyd etdiyi kimi, “Mənim üçün göz yaşı tökənlərin sayı onsuz da az idi, indi daha da azalacaq. Ruslar məni fiziki olaraq yox edəcəklər deyə ailəm qorxu içində yaşayır’’.

Mask Tesla Motors şirkəti ilə avtomobillərin istehsal və satılma şəklini dəyişdirmək, eyni zamanda bütün dünyada enerjidoldurma stansiyaları şəbəkəsini inşa etmək istəyir. Hibridlərin yerinə (Mask onlara “şərti olaraq optimal kompromis’’ deyir) insanların çox istədiyi tam elektrikli avtomobillər istehsal edəcək. Bununla da texnologiyanın sərhədləri genişlənəcək. Tesla bu avtomobilləri dilerlər vasitəsilə deyil, internetdən və ya Apple mağazalarına bənzəyən elit ticarət mərkəzlərindəki qalereyalarda satır. Tesla həmçinin texniki xidmətdən çox qazanc əldə etməyi gözləmir, çünki elektromobillər üçün adi avtomobillərdə olan yağ dəyişmək kimi prosedurlara ehtiyac yoxdur. Tesla-nın birbaşa satış modeli texniki xidmətdən böyük qazanclar əldə edən avtodilerlərə açıq meydan oxumaqdır. Hazırda Tesla-nın enerjidoldurma stansiyaları Amerika, Avropa və Asiyanın əsas magistral yollarında fəaliyyət göstərir. Onlar maşınlara 20 dəqiqəyə yüzlərlə km mənzil qət etməyə imkan yaradır. Bu enerjidoldurma stansiyaları günəş enerjisi ilə işləyir və Tesla sürücüləri bunun üçün pul ödəmirlər. Amerika infrastrukturunun böyük hissəsi köhnəlir. Mask futuristik nəqliyyat sistemi yaradaraq Amerikanı dünyanın önünə keçirir. Maskın baxışı və son illərdə gördükləri işlər Henri Ford və Con Rokfellerin mirasının ən yaxşı nümunələrini özündə birləşdirib.

Mask məişətdə və sənaye müəssisələrində istifadə edilən günəş batareyaları istehsal edən SolarCity şirkətini qurub. SolarCity-nin əsas konsepsiyası Maska aiddir. Direktorlar Şurasının sədri Mask özüdür, amma biznesi xalası oğulları Lindon və Piter Riv qardaşları idarə edirlər. Qısa zamanda SolarCity onlarla enerji şirkətini geridə buraxaraq böyük bir şirkət halına gəlib. Alternativ energetika ilə məşğul olan şirkətlərin iflas etdiyi bir zamanda Mask ekoloji cəhətdən təmiz iki uğurlu enerji şirkəti qurdu. Zavodları, müxtəlif sahələrdə çalışan on minlərlə fəhlə və mühəndisi ilə Mask 11,7 milyard dollarlıq sərvət[4 - “Bloomberg Billionaires Endeks”ə görə Maskın sərvəti 2017-ci ilin sonunda 21,3 milyard dollar idi – İ.N.] qazanaraq dünyanın ən zəngin adamlarından birinə çevrilib.

Mask Diyarını ziyarətim Maskın butün bunlara necə nail olduğuna cavab verməyə yardım elədi. “Marsa insan göndərmək’’ deyimi nə qədər çılğın səslənsə də, Maskın şirkətləri üçün bu, bir stimul, hədəf və əsas ilham mənbəyidir. Üç şirkətin də işçiləri həyatlarını imkansız olana verdiklərini dərk edirlər. Mask qarşısına real olmayan hədəflər qoyur. Bunun üçün də işçilərdən “alışıb-yanmağı’’ tələb edir. Onlar da bu tələbi gördükləri işin bir hissəsi kimi qəbul edirlər. Bəzi işçilər Maskı buna görə sevir, bəziləri isə nifrət edirlər. Ancaq Maska səylərinə, ideyalarına görə sadiqdirlər. Silikon Vadisindəki bir çox iş adamında çatışmayan Maskdakı önəmli hədəflər qoyma qabiliyyəti və gördüyü işin fəlsəfəsini dərk etməkdir. Mask işinə mübtəla olması, tükənməyən arzu və səyləri, davamlı axtarışda olması ilə dahidir, həm də macərapərəst bir dahidi. O, pul qazanmağa can atan iş adamından daha çox, əsgərlərini zəfərə aparan generala bənzəyir. Mark Zukerberq (Facebook-un qurucusu və CEO-su – İ.N.) sizin şəkillərinizi paylaşmağa kömək etdiyi bir vaxtda Mask bəşəriyyəti, insan irqini məhv olmaqdan xilas etməyə çalışır.

Həyatındakı hər şey Maskın cəsarətli ideyalarının reallaşmasına yönəlib. Yaşayışı ekssentrik və bəzən də ağlasığmazdır. Onun üçün adi bir iş həftəsi Bel Air-dəki malikanəsində başlayır. Bazar ertəsindən ertəsi gün axşama qədər SpaceX-də çalışır, sonra şəxsi təyyarəsinə minib Silikon Vadisinə uçur. Bir-iki gün Tesla-nın Palo-Alto şəhərindəki (Kaliforniya ştatında əhalisi 70 min olan şəhər, San-Fransiskodan 53 km uzaqda yerləşən Palo-Alto Silikon Vadisinin tarixi mərkəzidir, onun qeyri-rəsmi paytaxtı sayılır – İ.N.) ofislərində və Frimontdakı zavodunda çalışacaq. Şimali Kaliforniyada Maskın öz evi yoxdur, ona görə də ya dəbdəbəli “Rosewood’’ otelində, ya da dostlarıgildə qalır. Dostlarından birinin evində qalması üçün köməkçisi qısa bir e-mail göndərir: “Bir nəfər üçün yeriniz varmı?’’ Müsbət cavab gələrsə, Mask gecənin gec saatlarında qapının zəngini çala bilər. Adətən, ona boş yataq otaqlarından birini ayırırlar, amma Mask çox vaxt kompüterdə oyun oynayarkən kiçik divanda yuxuya qalır. Cümə axşamı isə növbə yenə də Los-Anceles və SpaceX-dədir.

O, keçmiş arvadı Castinlə birgə azyaşlı 5 oğlunu – əkiz və üçəmi böyüdür. Uşaqlar həftədə 4 gün ataları ilə qalırlar. Mask hər il həftədə neçə saat uçduğunu hesablayır və bununla da vəziyyətin nəzarətdən çıxıb-çıxmadığına baxır. Belə bir qrafiklə necə yaşadığını soruşduqda Mask belə cavab verir: “Uşaqlığım çətin olub, bəlkə də, ondandır’’.

Mask Diyarını ziyarətlərimdən birində söhbətimiz çox qısa sürdü. O, ailəsi ilə Oreqon ştatında yerləşən milli parkdakı Kreyter gölünə həftəsonu tətili üçün yola çıxacaqdı. Cümə günü axşam saat səkkizdi, Mask oğlanları ilə dayələrini özəl təyyarəsinə mindirməli, vardıqları hava limanından avtomobillə çadırın qurulduğu yerə hərəkət etməlidirlər. Onları gözləyən dostları çanta və yüklərini boşaltmağa kömək edəndə artıq qaranlıq düşmüş olacaq. Həftəsonuna bir neçə piyada gəzinti planlanıb. Bütün istirahət bundan ibarətdir. Bazar günü günün ikinci yarısında Mask uşaqları ilə Los-Ancelesə geri qayıdacaq. Uşaqları buraxıb həmin axşam da Nyu-Yorka uçmalıdır. Orada yatacaq, səhər tezdən müsahibə verəcək, sonra isə görüşləri var. Elektron poçtunu yoxlayacaq. Yatıb ertəsi gün səhər Los-Ancelesə qayıdacaq. Bütün gün SpaceX-də çalışacaq. Çərşənbə axşamı günorta San-Hoseyə uçub Tesla Motors-un zavoduna gedəcək. Axşam isə Vaşınqtona uçub prezident Obama ilə görüşəcək. Çərşənbə günü axşam yenidən Los-Ancelesə dönəcək. Bir neçə gününü SpaceX-ə ayıracaq. Həftəsonu isə Google Direktorlar Şurasının sədri Erik Şmidtin Yelloustonda təşkil etdiyi konfransda iştirak edəcək. Mask o günlərdə ikinci arvadı, aktrisa Talula Raylini (Talulah Riley) yenicə boşamışdı və özəl həyatına birini daxil edib-etməyəcəyini hesablamağa çalışırdı. Bununla bağlı Mask belə demişdi: “Düşünürəm ki, işimə və uşaqlarıma yetərincə zaman ayırıram. Lakin bir problem var. Münasibətə girmək üçün özümə yeni bir qız tapmalıyam. Bunun üçünsə hardansa zaman oğurlamaq lazımdır. Bu zaman nə qədər olmalıdır? Bəlkə, 5–10 saat ola bilər. Həftədə qadına neçə saat ayırmaq lazımdır? 10 saat yetərmi? Bunun aşağısı nə qədərdir? Mən bilmirəm’’.

Mask istirahətə nadir hallarda vaxt ayırır, ancaq ayıranda da əyləncəsi də həyatı kimi dramatik və qeyri-standart olur. Otuz illiyinə dəvət etdiyi 20 nəfər qonağı üçün İngiltərədə bir qəsr kirayələmişdi. Gecə saat ikidən sabah altıya qədər gizlənpaç oynamışdılar. Ertəsi gün axşam Parisə uçub orada qardaşı və xalası uşaqları ilə gecəyarısından sabah altıya qədər küçələrdə velosiped sürərək əylənmişdilər. Sonra bütün günü yatıb axşam “Şərq ekspressi”nə minib yenə də səhərə yuxusuz qalmışdılar. Qatarda “Lucent Dossier Experience” adlı məşhur avanqard qrupunun akrobatik tryuklarından ibarət şousunu izləmiş, fala baxdırmışdılar. Ertəsi gün qatar Venesiyaya gəldi. Axşam yeməyini verandadan Böyük Kanalı (ital. Canal Grande, Venesiyanın ən məşhur kanalı – İ.N.) dostları ilə seyr edərək yemişdilər. Mask kostyumlaşdırılmış partiləri də sevir; bir kərəsində cəngavər qiyafətində gəlmiş, çətirlə Dart Vader (“Ulduz müharibələri’’ndəki əsas personajlardan biri – İ.N.) qiyafətində bir liliputla duelə çıxmışdı.

Sonuncu ad günlərindən birinə Mask 50 nəfər dəvət etmişdi. Busəfərki qəsr (əgər ona qəsr demək mümkündürsə) NyuYork ştatındakı kiçicik Tarrytown qəsəbəsində idi. Yapon stimpank stilində (elmi fantastikada bir cərəyan, insan inkişafının alternativ variantını araşdırır) elmi-fantastik bir performans olacaqdı. Amma korsetlər, dərilər və maşınlara pərəstiş kimi həftəbecər bir şey alındı. Mask samuray qiyafəti geyinmişdi.

Əyləncə proqramında Gilbert və Sallivanın viktorian dövrünə aid “Mikado’’ adlı komik operası da nümayiş olundu. Hadisələr Yaponiyada bir şəhərin kiçik teatrında baş verir. Talula Rayli amerikalıların bir şey bildiyinə inanmadığını söyləmişdi (Maskın “qadına həftədə 10 saat ayırmaq’’ planı baş tutmadığı üçün Talula ilə münasibətlər yenidən bərpa olunmuşdu). Amma sonrakı nömrəni amerikalılar çox sevdilər. Mask gözlərini bağlatdırdı, hər əlinə bir şar aldı, birini isə ayaqlarının arasında sıxışdırıb divara söykəndi. Səhnəyə bıçaqatan akrobat çıxdı. Mask çox qorxduğunu xatırlayır. Seyr edənlər də Mask üçün əndişələnmişdilər. Maskın ən istəkli dostu Bill Lee o səhnəni belə xatırlayır: “İnanılmaz idi, ancaq İlon hər şeyə filosof kimi baxır’’. Şənlikdə bir sumo güləşçisi də vardı. Qəsrin içində bir rinq quruldu və Mask sumo çempionunun qarşısına çıxdı: “160 kilo idi. Mən adrenalinin verdiyi həvəslə üstünə getdim, yerdən qaldırmağa çalışdım. Birinci raundu udmağıma icazə verdi, amma sonra məni elə günə qoydu ki, indiyə qədər belim ağrıyır’’.

Rayli bu mərasimləri Mask üçün sənət halına gətirdi. Onlar 2008-ci ildə – Maskın şirkətlərinin ən uğursuz dövründə tanış olmuşdular. Maskın sərvətini itirməsi və mətbuatın onu lağa qoyaraq tənqid hədəfinə çevirməsi Talulanın gözü önündə baş verirdi. O vaxt açılan yaraların hələ də sızıldadığını bilirdi. Maskın çətin xasiyyətinin də bu və digər emosional travmalardan – balaca oğlunun faciəvi ölümü, yeniyetməlik yaşlarında Cənubi Afrikadakı çətinliklər və s.-dən qaynaqlandığını anlayırdı. O, Maskın istirahət edib əylənməsi, az da olsa, acılarını unutması üçün əlindən gələni etdi. Bu haqda Rayli belə deyirdi: “Onun ruh rahatlığı üçün müxtəlif əyləncəli şeylər düşünürəm. Ona çocuqluğunda görmədiklərini indi verməyə çalışıram’’.

Raylinin səyləri hər nə qədər çox olsa da, lazımi nəticəni vermirdi. Sumo güləşçisi ilə qarşılaşmadan sonra Mask Tesla-nın Palo-Altodakı mənzil-qərargahına getdi. Şənbə günü olmasına baxmayaraq avtomobil parkı dolu idi. Tesla-da yüzlərlə gənc çalışır – kimi kompüterlərdə avtomobil hissələri dizayn edir, kimi də elektron təcrübələr aparırdı. Maskın qəhqəhələri mərtəbəni başına götürmüşdü. Onu toplantı otağında gözləyirdim. İçəri girəndə insanların şənbə günləri çalışmasından mütəəssir olduğumu dedim. O isə məsələyə daha fərqli tərəfdən baxırdı. Mask getdikcə istirahət günləri daha az adamın çalışmasından şikayət etdi: “Rahatlaşmışıq, tənbəlləşmişik. Elə bu dəqiqə hamıya e-mail atacam. Daha sərt olmaq lazımdır’’.

Xəyal qurub və onu həyata keçirmək istəyən insanlar da ancaq belə olmalıdırlar. Hovard Hyuz və ya Stiv Cobsun da işçilərinə necə olduqlarını təsəvvür etmək çətin deyil. Yeni bir şey yaratmaq asan deyil. Amma əgər yaratdığın əzəmətli bir şeydirsə, onda bu çox çətindir. Şirkətləri qurduğu iyirmi il ərzində Maskın ətrafına çox insan toplanıb. Onlar ya Maska pərəstiş edir, ya da onu sevmirlər. Kitab üzərində çalışarkən mən bu insanlarla qarşılaşdım. Mənə Mask və müəssisələrinin fəaliyyəti haqda xeyli təfərrüatlar danışdılar.

Maskla axşam yeməkləri və mənim periodik olaraq Mask Diyarını ziyarətlərim bu adamı fərqli tərəflərdən tanımağa kömək etdi. Onun elədikləri Hyuz və ya Cobsun elədiklərini geridə buraxır. Mask aerokosmik və avtomobil sənayeləri kimi elə sahələrə baş vurub ki, Amerika artıq o sahələrdən əlinu üzmüşdü. Və o bu sahələrin simasını dəyişərək yeni və fantastik işlər gördü. Bu dəyişmədə Maskın proqram təminatçısı olması və bunu praktikada tətbiq etmək qabiliyyəti əsas rol oynadı. O, atom və baytları kimsənin ağlına gəlməyəcək şəkildə elə birləşdirdi ki, nəticələr göz qamaşdırdı. Doğrudur, o da iPhone və Facebook kimi milyonlara, milyardlara xitab etmək istəyir. Amma hələ ki o, zəngin adamlara oyuncaq düzəldir. Onun çox böyük vədlər verən imperiyası raketinin partlaması və ya maliyyə böhranı nəticəsində Tesla avtomobillərinin bazardan kütləvi şəkildə çəkilməsi ilə çökə bilər.

Digər tərəfdən Maskın şirkətləri onun əleyhdarlarının düşündüyündən daha çox işlər görüb. Hətta tərəddüd edənlərin arasında da nikbin olanların sayı artmağa başlayıb. Tanınmış ixtiraçı və proqram təminatı üzrə ekspert Edvard Yanq belə deyir: “İlon mənim üçün Silikon Vadisini yenidən quran, fəaliyyətini zamana uyğunlaşdıran parlaq bir örnəkdir. Gördüyü işlər önəmlidir, amma kafi deyil. Texnologiyalara inteqrasiyanın fərqli modellərini axtarmalıyıq. Bu inteqrasiya proqram təminatı, elektronika, yeni materiallar və hesablama qüdrətinin harmonik vəhdəti olmalıdır. Maskın güclü tərəfi də elə bundadır. Maskın zəkası ona qəribə maşınların erasına yol çəkməyə, elmi fantastikanın arzularını çin etməyə imkan verir’’.

Bu mənada Mask Hovard Hyuzdan daha çox, Tomas Edisona bənzəyir. O, böyük ideyaları qavrayıb onları böyük məhsullara çevirən ixtiraçı, iş adamı və sənayeçidir. Onun yanındakı minlərlə insan metallik məmulatın istehsalı ilə məşğuldur və onlar Amerika zavodlarında ağlasığmaz işlər görürlər. Cənubi Afrikada doğulmuş Mask bu gün Amerikanın ən innovativ sənayeçisi, ən qeyri-ordinar düşünən insanıdır. Ehtimal ki, o, Silikon Vadisini yeni, daha perspektivli yola çıxaracaq. Maskın sayəsində amerikalılar 10 il sonra dünyanın ən müasir yollarına sahib olacaqlar. Bu yollarda hərəkət edən elektromobillər günəş enerjisi ilə çalışan minlərlə enerjidoldurma stansiyalarından istifadə edəcək. O vaxta qədər SpaceX hər gün raketlərlə kosmosdakı müxtəlif yaşam bölgələrinə insan və yük daşıyaraq bəşəriyyəti Marsa uçuşa hazırlayacaq.

Yenilikləri qavramaq çox çətindir. Əgər işləri sona çatdırmaq üçün Mask yetərli zaman tapa bilsə, bu yeniliklər həm də qaçılmaz olacaq. Onun ilk arvadı Castin Uilson (Justine Wilson) belə demişdi: “O istədiyinə nail olacaq, heç kim ona mane olacaq gücdə deyil. Bu dünya İlona aiddir, biz hamımız isə, sadəcə, buranın sakinləriyik’’.

2. Afrika

İlon Riv Mask (Elon Reeve Musk) adını ilk dəfə 1984-cü ildə eşitdilər. Cənubi Afrikada nəşr olunan “PC və ofis texnologiyaları’’ jurnalı Maskın işləyib-hazırladığı bir kompüter oyununun çıxış kodunu (kompüter proqramının mətni – İ.N.) yayımladı. Oyunun adı Blastar idi, 167 sətir koddan ibarət bu oyun elmi-fantastik hekayələrin əsasında yazılmışdı. Mətn interfeyslərinin olduğu dövr idi. Maskın yazdığı oyun proqramlaşdırma üçün bir şah əsər sayılmazdı, amma 12 yaşında bir uşağın da bacaracağı iş deyildi.

Mask bu oyundan 500 dollar qazandı. Xarakterinin bəzi xüsusları ortaya çıxırdı. Blastar haqqındakı jurnaldakı qeyd göstərdi ki, müəllif fantastik əsərlər yazarları kimi adının “E. R.Musk’’ şəklində yazılmasını istəyir və onun beynində böyük zəfərlər haqda xəyallar dolaşır. Qısa annotasiyada belə deyilirdi: “Bu oyunda siz hidrogen bombaları ilə başqa planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməlisiniz. Oyunda sprayt qrafikası ilə animasiyalardan geniş istifadə olunur və buna görə də siz proqramın mətni ilə tanış olmalısınız”. (O zaman üçün internetdə şüa aparatı’’ haqda heç bir məlumat yox idi.)

Bir uşağın kosmos, Xeyir və Şərin mübarizəsi haqda xəyallar qurmasında qeyri-adi heç nə yoxdur. Təəccüblü olan onun bu fantaziyaları ciddiyə almasıdır. Gənc İlonla da məhz belə olmuşdu. On yaşlarında Mask fantaziya ilə reallığı elə qarışdırmışdı ki, onları ayırmaq olmurdu. İnsan oğlunun kainatdakı taleyi onun şəxsi problemi olmuş, ona təsir etmək isə şəxsi vəzifəsi. Əgər bərpa olunan enerji mənbələri axtarmaq və ya insanların həyat arealını genişlətmək üçün kosmik gəmilər yaratmaq lazımdırsa, demək ki, lazımdır və Mask problemin həllini tapmalıdır: “Bəlkə də, uşaqlığımda çox komiks oxumuşam. Orada isə dünyanı xilas etməyə çalışırlar. Hər kəs dünyanı daha yaxşı hala gətirməli idi, başqa cür ola da bilməzdi’’.

14 yaşında İlon tam bir ekzistensial böhran yaşadı. Bir çox istedadlı yeniyetmə kimi o da çıxış yolunu dini və fəlsəfi mətnlərdə aramağa başladı. Müxtəlif ideologiyalarla tanış olandan sonra başlanğıc nöqtəsinə geri döndü – ona ən yaxın olanı elmi fantastika idi. Duqlas Adamsın “Avtostopla qalaktikada’’ kitabı həyatında xüsusi rol oynadı: “Bu kitab mənə sualı necə verməyi öyrətdi. Əgər sualı doğru qoysan, cavab kifayət qədər asan tapılır. Əsas geniş düşünməkdir. Onda hansı sualı verəcəyini bilirsən’’. Gənc Mask bununla da özünün əsas missiyasını dərk etməyə başladı – “Ediləcək tək şey insan oğlunun ümumi maariflənməsinə xidmət etməkdir’’.

Maskın həyatın mənasını aramasının haradan gəldiyini təxmin etmək çətin deyil. 1971-ci ildə dünyaya gəlmiş, Cənubi Afrikanın şimal-şərqində, Yohannesburqdan maşınla bir saatlıq məsafədə yerləşən Pretoriyada böyümüşdü. Zəngin bəyazlar üçün Cənubi Afrikanın ozamankı həyat tərzinin qəribə bir cazibəsi vardı. Maskın bütün istəkləri qaradərili qulluqçular tərəfindən anında yerinə yetirilirdi. Varlılar, adətən, özlərini ciddi məşğuliyyətlərlə yormurdular. Onlar inanılmaz gecə həyatı ilə fərqlənirdilər – fırlanan şişdə bişirilmiş quzular, su yerinə axan şərablar, gec saatlara qədər ağalarını əyləndirən qaradərili rəqqasələr. Uşaqlara isə dayələr baxırdı. Təbiət bənzərsiz dərəcədə gözəl idi, yaşamağa stimul verirdi. Zaman məfhumu da Qərbdən fərqli idi: Cənubi Afrikada zamanın qədrini bilmir, ona barmaqarası baxırdılar. “Bu dəqiqə’’ dedikləri beş dəqiqə də çəkə bilərdi, beş saat da. Qədim mədəniyyətlərdəki kimi hər şeyə azadlıq hissi hakimdi. Hər yerdə Afrika qitəsinin azğın enerjisi hiss olunurdu.

Ancaq bu xoşa gələn şeylərin arxasında aparteid kabusu dolaşırdı. Cənubi Afrika şiddət, amansızlıq və fiziki zorakılığın daşdığı nəhəng qazan kimi qaynayırdı. Qaradərili qəbilələr və xüsusilə də ağlarla qaralar arasında toqquşmalar səngimirdi. Maskın uşaqlığı aparteidin ən qanlı və ən mənfur epizodları ilə eyni vaxtlara düşdü. Yüzlərlə qaradərili tələbənin ölümü ilə nəticələnən Soueto üsyanı zamanı Maskın cəmi 4 yaşı vardı. Cənubi Afrika irqçi siyasətinə görə uzun illər başqa ölkələr tərəfindən sanksiyalara məruz qaldı. Mask uşaq vaxtı xaricə gedəndə oradakı insanların Cənubi Afrikada baş verənlərə münasibətini görürdü. Digər ağdərili uşaqlar kimi o da utanc hissi keçirir, ölkəsindəki vəziyyətin bərbad olduğunu anlayırdı.

Pretoriya və bəyaz afrikalı mədəniyyəti Maskın xarakterinə təsir etdi. O torpaqların kişilərinə xas ifrat dərəcədə sərt davranış müsbət qarşılanır, güclü, əzələli gənclərə hörmət edilirdi. Mask isə fərqli idi: utancaq, sakit halı ilə sanki bir yabançı kimi yaşayırdı. O, zaman keçdikcə insanlığı xilas etmək düşüncəsinin nə qədər doğru olduğunu görürdü. Ancaq Mask Cənubi Afrikanın konkret problemləri üzərində deyil, bəşəriyyətin gələcəyi haqqında düşünməyə başladı. Amerikanı çoxları kimi o da böyük fürsətlər ölkəsi və arzuların həyata keçdiyi arena kimi təsəvvür edirdi. İndi baxın, bu hekayə də səmimi bir şəkildə “bəşəriyyətin maariflənməsi’’ haqda düşünən, Cənubi Afrikadan çıxmış sakit bir oğlan uşağının Amerikanın ən cəsur və işgüzar iş adamı olmasının hekayəsidir.

Mask Amerikaya iyirmi yaşlarında gəlir. Buna onun soykökünə qayıtması kimi də məna verirlər. Genealoji ağacı Maskın ana tərəfdən babalarının İsveçrə almanlarından olub Haldeman soyadı daşıdığını göstərir. Onlar Avropadan Nyu-Yorka Amerikadakı müstəqillik müharibəsi zamanı (ing. American War of Independence – ABŞ-ın müstəqilliyinin 1776-da elanı ilə nəticələnmiş 1775–83-cü illərdəki müharibə – İ.N.) köçüblər, oradan isə İllinoys və Minnesotaya səpələniblər. Maskın dayısı, ailənin qeyri-rəsmi tarixçisi sayılan Skott Haldeman bu haqda belə deyir: “Biz fermer ailəsindən gəlirik, içimizdə vətəndaş müharibəsində barrikadaların fərqli tərəfindən də insanlar olub’’.

Uşaqlığında adı fərqli və qəribə olduğu üçün oğlanlar Maskı cırnadırmışlar. Ona 1872-ci ildə İllinoysda dünyaya gəlmiş ulu babası Con İlon Haldemanın adını veriblər. İlon Haldeman sonralar Minnesota ştatına köçür və orada Almeda Ceyn Norman adlı qadınla evlənir. 1902-ci ildə Minnesotanın Peko şəhərində onların Coşua Norman Haldeman adlı oğulları doğulur.

Con İlon Haldeman oğlunun doğulmasından 2 il sonra şəkər xəstəliyinə tutulur. O zaman bu diaqnoz ölüm cəzasına bərabər sayılırdı. 32 yaşı olanda ona 6 ay ömrü qaldığını deyirlər. Az da olsa tibb bacısı təcrübəsi olan arvadı Almeda onun ömrünü uzatmaq üçün müalicə üsulları axtarır. Kayropraktik üsulunu (yun. chiropractic – Amerikada populyar olan alternativ, manipulyativ tibb – İ.N.) Con İlona tətbiq edir. O bu müalicə ilə beş il daha yaşayır. Bundan sonra onlar kayropraktik ənənəsi olan ailə kimi də tanınırlar. Almeda kayropraktik məktəbini bitirdikdən sonra 1905-ci ildən həkim kimi fəaliyyətə başlayır. Maskın ulu nənəsi daha sonra öz klinikasını açıb Kanadanın ilk kayropraktik həkimi olur.

Ekssentrik və çox fərqli bir insan olan Coşua Norman İlon Maskın babası idi və o hər zaman İlon üçün nümunə olmuşdur. Coşua Norman sağlam və müstəqil uşaq kimi böyüyürdü. 1907-ci ildə ailəsi Saskaçevan düzünə köçür. O, 7 yaşında olarkən atası vəfat edir və erkən yaşda çalışmağa alışır. Yaşadığı yerin çılpaq təbiətini sevir, at minməyi öyrənir, boks və güləşlə məşğul olur. Ata olan həvəsindəndir ki, rodeo (kovboyların idman müsabiqəsi) yarışları təşkil edir. Ailə şəkillərində əynində dəri getr, əlində isə lasso var. Yeniyetməykən Coşua Ayova ştatının Palmera şəhərindəki kayropraktik məktəbində oxumağa gedir. Təhsilini başa vurub Saskaçevana qayıdır, amma fermerliklə məşğul olur.

Depressiya illərində (ing. Great Depression – 1930-cu illərdə Amerikada tüğyan edən Böyük İqtisadi Böhran – İ.N.) Coşua Haldeman maliyyə böhranı keçirir. Fermer təsərrüfatı üçün avadanlıq alarkən istifadə etdiyi bank kreditini qaytara bilmir və nəticədə beş min akr (iki min hektardan çox) torpaqları əlindən alınır. Skott Haldeman atasının o vaxtdan banklara inanmadığını deyir. Skott atasının yolu ilə getmir, kayropraktik təhsili alaraq onurğa sütunu ağrıları üzrə dünyanın ən önəmli ekspertlərindən biri olur.

Fermer təsərrüfatı əldən çıxınca Coşua Haldeman köçəri həyat tərzi sürür. 190 sm-lik boyu ilə inşaat meydançalarında muzdlu fəhlə kimi çalışır. Bir ara Saskaçevanda partiya quraraq siyasətlə də məşğul olur, qəzet buraxır, mühafizəkar və antisosialist yazılar yazır. Nəhayət, o da həyatını manual terapiya ilə bağlayır. O, 1948-ci ildə Kanada vətəndaşı olan rəqs müəlliməsi Uinnifred (Uin) Jozefin Fletçer ilə evlənir. Bu evlilikdən onun bir oğlu və üç qızı olur. Qızların ikisi əkizdilər: Key və Mey. Mey İlon Maskın anasıdır.

Ailə 20 otaqdan ibarət üçmərtəbəli evdə yaşayırdı. Uinnifred burada açdığı rəqs studiyasında dərs verirdi. Hər zaman yenilik və macəra axtarışında olan Coşua Haldeman isə uçmağa meyil salır və özünə təyyarə alır. Haldeman arvadı və uşaqları ilə şəxsi təyyarələrində Şimali Amerikanı gəzdikcə xeyli tanınmağa başladılar. Siyasi tədbirlər və kayropraktiklə bağlı iclaslara təyyarəsi ilə gəlib-gedirdi. Sonralar arvadı ilə birgə “Haldemanlar uçuşda’’ adlı kitab da yazdı.

Haldemanın həyatı öz axarı ilə gedirdi, amma 1950-ci ildə o hər şeyi atdı. Həkim və siyasətçi olan Haldeman dövlətin insanların həyatına müdaxilə etməsinə qarşı çıxır, Kanada bürokratiyasını çox zəhlətökən görürdü. Evində söyüş söyməyi, siqaret çəkməyi, koka-kola içməyi və rafinə edilmiş undan istifadə etməyi qadağan etmişdi. Haldeman Kanadada mənəviyyatın çökdüyünü iddia edirdi. Ən əsası isə Haldeman macərasız yaşaya bilmirdi. Evlərini və rəqs studiyasını satıb Cənubi Afrikaya köçməyə qərar verir. Haldeman o vaxta qədər orada heç olmamışdı. Skott Haldeman atasına 1948-ci il modeli olan Bellanca Cruisaire təyyarəsini sökməyə və onu Afrikaya göndərmək üçün konteynerə yükləməsinə yardım etdiyini xatırlayır. Afrikada təyyarəni yenidən yığıb ondan yaşamaq üçün yer arayışında istifadə etdilər. Nəhayət, Pretoriyaya yerləşməyə qərar verdilər və Haldeman yenidən manual praktikasına başladı.

Ailənin macəra ruhu sərhəd tanımırdı. 1952-ci ildə Coşua və Uin 22 min mil (35 min km) qət edərək Afrikadan Şotlandiya və Norveçə, oradan da geriyə uçdular. Uin şturman idi, bəzən də pilot oturacağına otururdu. 1954-cü ildə ər-arvad Afrikadan Avstraliyaya və geri 48 min km uçaraq öz rekordlarını qırdılar. Qəzetlər onlardan yazdı: ehtimal ki, ilk dəfə idi birmotorlu təyyarədə Afrikadan Avstraliyaya uçulmuşdu.

Bu səyahətdə onlar Afrika sahillərindən qalxıb Ərəbistan yarımadası üzərindən İran, Hindistan və Malayziya, oradan da Timor dənizindən Avstraliyaya çatmışdılar. Viza və lazımi sənədləri toplamağa bir il vaxt sərf edilmişdi. Uçuş müddətində mədə problemi yaşamışdılar. Skott Haldeman Timor dənizi üzərində atasının vəziyyəti xarab olunca Avstraliyaya qədər təyyarəni anasının sürdüyünü və yerə endikdən sonra halının düzəldiyini deyir.

Təyyarə səyahəti ilə yanaşı, ailə piyada səfərləri də sevirdi. Afrikanın cənubunda, Kalahari səhrasında tərk edildiyi ehtimal olunan İtirilmiş Şəhəri tapmaq üçün yola çıxmışdılar. Ailə albomunda bu səfər zamanı çəkilmiş fotoda Afrika savannasının ortasında 5 uşaq var. Onlar ocaq üstündəki böyük metal qazanın ətrafına yığışıblar, qayğısız görünürlər, açılıb-qapanan stulda ayaqlarını ayaq üstünə atıb kitab oxuyurlar. Arxa planda isə yaqut qırmızısı rəngindəki Bellanca təyyarəsi, çadır və avtomobil var. Zahiri sakitliyin xaricində çox sayda təhlükə gizlənib. Bir dəfə yük maşınları kötüyə çırpıldı, bamper və radiator sıradan çıxdı. Maşın səhranın ortasında ilişib qaldı, ətrafla rabitə quracaq heç bir alət yoxdu. Coşua maşınla 3 gün boyunca əlləşdi, ailə isə qıraqda yeməyə bir şey axtarırdı. Gecə ocağın ətrafında giyena və leopardlar dolaşırdılar, bir səhər isə oyanıb qarşılarında aslan gördülər. Coşua əlinə keçən ilk şeyi – gecə lampasını alıb aslanın qabağında sallamağa və bağırmağa başladı. Aslan çıxıb getdi.

Coşua ilə Uin atıcılıqda da usta idilər, bir sıra yarışlarda iştirak edib qalib olmuşdular. 1950-ci illərdə “Ford” avtomobillərində 8 min km-lik Keyptaun–Əlcəzair rallisində iştirak edərək birinci yeri tutmuşdular.

Haldemanlar uşaqlarını liberal ruhda böyüdür, hər şeyə icazə verirdilər. Bu tərbiyə metodu İlon Mask da daxil sonrakı nəsillərə qədər davam etdi. Uşaqları əsla cəzalandırmırdılar: Coşua hesab edirdi ki, düzgün davranışı özləri tapmalıdırlar. Uzun səyahətlərə çıxanda uşaqlar evdə təkbaşına qalırdılar. Skott Haldeman atasının bir dəfə də olsun məktəbə gəldiyini xatırlamır. Baxmayaraq ki Skott yaxşı şagird idi, “sinifkom’’ və reqbi komandasının kapitanıydı. Skott xatirələrində belə yazır: “Atam hər şeyi olduğu kimi qəbul edirdi. Biz hər şeyə qadir olduğumuzu düşünürdük, sadəcə olaraq qərar qəbul edib onu həll etmək lazımdı. Bu mənada atam həyatda olsa, İlonla qürur duyardı’’.