скачать книгу бесплатно
Rudin
İvan Turgenev
Rudin – İvan Turgenevin 1855-ci ildə yazdığı ilk romanıdır. Qəhrəmanı 19-cu əsrin ""artıq adamları"" qalereyasını dolduran əsəri əvvəlcə müəllif hekayə kimi müəyyənləşdirib. 1860-cı ildə Turgenev ona qəhrəmanın ölümündən bəhs edən epiloq əlavə etdi.
Rudin ilk dəfə 1856-cı ildə ""Sovremennik""də çap olunub.
İvan Turgenev
Rudin
I
Sakit bir yay səhəri idi. Açıq səmada gün xeyli ucalsa da, çöllərdə hələ şeh parıldayırdı. Yuxudan yenicə oyanmış dərələrdən ətirli bir təravət yayılır, hələ rütubətli və səssiz olan meşədə tez oyanmış quşlar şən-şən ötüşürdü. Başdan-başa yenicə çiçəklənmiş çovdarla örtülü yastı bir təpənin üstündə kiçik bir kənd görünürdü. Əynində ağ kisəyi paltar, başında dəyirmi həsir şlyapa və əlində çətir olan cavan bir qadın dar torpaq yolla bu kəndə tərəf gedirdi. Kazak paltarı geyinmiş nökəri uzaqdan ardınca gəlirdi.
Qadın gəzintidən ləzzət alırmış kimi tələsmədən yeriyirdi. Ətrafda hündür və yırğalanan çovdar əkini, gah gümüşü yaşıl, gah da qırmızımtıl rəngə çalan uzunsov dalğalarla tərpəşərək xəfif-xəfif xışıldayırdı, göyün üzündə torağaylar cəh-cəh vururdu. Bu cavan qadın bu kənddən bir verst aralıda yerləşən öz kəndindən gəlirdi; qadının adı Aleksandra Pavlovna Lipina idi. Dul, uşaqsız və xeyli varlı olan bu qadın, istefaya çıxmış qardaşı ştabs-rotmister Sergey Pavloviç Volınsev ilə bir yerdə yaşayırdı. Qadının qardaşı evli deyildi və bacısının mülkünü idarə edirdi.
Aleksandra Pavlovna kəndə çatıb kənarda xeyli köhnə və alçaq bir daxmanın qabağında dayandı və nökərini çağırıb tapşırdı ki, daxmaya girib daxma yiyəsi olan arvadın səhhətini xəbər alsın. Nökər tezliklə əldən düşmüş bir ağsaqqal kəndliylə qayıdıb gəldi.
– Hə, necədir? – Aleksandra Pavlovna soruşdu.
– Hələ diridir… – deyə qoca cavab verdi.
– İçəri girmək olar?
– Niyə olmaz?
Aleksandra Pavlovna daxmaya girdi. İçəri yaman darısqal, boğanaq və tüstüylə dolu idi… Sobanın səkisindəki yataqda kimsə tərpəşir, zarıyırdı. Aleksandra Pavlovna diqqətlə baxanda alaqaranlıq içində başına dama-dama yaylıq bağlamış bir qarının saralmış və qırışmış üzünü gördü. Sinəsinə qədər ağır bir armyak[1 - Armyak – keçmişdə rus kəndlilərinin geyindikləri, qalın mahuddan kaftana oxşayan üst paltarı.] salınmış qarı çətinliklə nəfəs alır, arıq əllərini zəif-zəif yırğalayırdı.
Aleksandra Pavlovna qarıya yaxınlaşıb barmaqlarını onun alnına toxundurdu… Alnı od içində yanırdı. Aleksandra Pavlovna yatağa tərəf əyilib:
– Hə, halın necədir, Matryona? – deyə soruşdu.
Qarı diqqətlə Aleksandra Pavlovnanın üzünə baxıb zarıdı, sonra dedi:
– Pisdir, əzizim, pisdir. Əcəlim çatıb, bala can.
– Allah kərimdir, Matryona, ola bilər ki, sağalasan. Göndərdiyim dərmanı içmisən?
Qarı dərdli-dərdli zarıyıb cavab vermədi, o, sualı eşitməmişdi.
– İçib, – deyə qapının ağzında dayanan qoca dilləndi.
Aleksandra Pavlovna qocadan soruşdu:
– Qarının yanında səndən başqa kimsə qalır?
– Bir qız da var, onun nəvəsidir, ancaq hey qoyub gedir, bir yerdə oturmur. Yaman dəcəl uşaqdır. Arvada bir stəkan su verməyə də tənbəllik edir. Mən özüm də ki, qocayam, əlimdən nə gəlir?
– Bəlkə arvadı bizim xəstəxanaya aparaq?
– Yox! Xəstəxanaya niyə? Fərqi yoxdur, onsuz da öləcək. Bəsdir yaşayıb, görünür ki, allahın əmri belədir. Yatağından qalxa bilmir. Xəstəxanaya necə gedəcək? Onu yerindən qaldırsalar, elə orda canı çıxar.
– Ox… – Qarı yenə zarıdı. – Ay gözəl xanım, mənim yetimimi gözdən qoyma, bizim ağalar uzaqda olurlar, ancaq sən…
Qarı susdu. O, zorla danışırdı.
– Narahat olma, – deyə Aleksandra Pavlovna dilləndi, – hər şey düzələr. Bax, sənə çayla qənd gətirmişəm. Ürəyin istəyəndə içərsən… – Sonra qocaya müraciət etdi. – Samovarınız var?
– Samovar? Samovar yoxdur, ancaq tapmaq olar.
– Elədirsə tap, ya da istəyirsən, mən özümünkünü göndərim. Bir də nəvənə tapşır ki, xəstənin yanından tərpənməsin. Ona de ki, eyibdir.
Qoca heç nə demədi, içində çayla qənd olan bağlamanı iki əlli aldı.
– Xudahafiz, Matryona! – Aleksandra Pavlovna qarıyla sağollaşdı. – Mən yenə sənin yanına gələcəyəm, sən də ruhdan düşmə, vaxtlı-vaxtında dərmanı iç…
Qarı başını qaldırıb Aleksandra Pavlovnaya tərəf boylandı.
– Ay xanım, bir əlini ver, – deyə qarı dili dolaşa-dolaşa səsləndi.
Aleksandra Pavlovna əlini ona vermədi, özü əyilib onun alnından öpdü. Gedəndə qocaya tapşırdı:
– Bax, dərmanı yazıldığı kimi, vaxtlı-vaxtında verin ha. Çay da içirdin…
Qoca yenə cavab vermədi, sadəcə baş əydi.
Aleksandra Pavlovna təmiz havaya çıxan kimi rahat nəfəs aldı. O, çətirini açıb evlərinə getmək istəyirdi ki, birdən daxmanın tinindən alçaq bir minik drojkisində[2 - Drojki – dörd təkərli yüngül minik arabası.] əynində boz kolomyankadan[3 - Kolomyanka – möhkəm kətan parça.] köhnə palto, başında da belə bir furajka olan, otuz yaşlarında bir adam çıxdı. O, Aleksandra Pavlovnanı görən kimi atını saxlayıb üzünü ona çevirdi. Onun qızartısız geniş üzünün rəngi də paltarının rənginə uyğun idi: gözləri xırda, açıq boz rəngdə, bığları isə ağımtıl idi.
– Salam, – deyə o, tənbəl-tənbəl gülümsəyib dedi, – icazənizlə, bilmək olarmı burda nə edirsiniz?
– Xəstə yanına gəlmişdim… Bəs siz hardan belə, Mixaylo Mixaylıç?
Mixaylo Mixaylıç onun gözlərinə baxıb yenə də güldü.
– Xəstələrə baş çəkməklə, siz yaxşı iş görürsünüz, ancaq xəstəni öz xəstəxananıza aparsanız, daha yaxşı olmazmı?
– Qarı çox zəifdir, onu yerindən tərpətmək olmaz.
– Bəs siz öz xəstəxananızı ləğv etmək istəmirsiniz ki?
– Ləğv etmək? Bu hardan çıxdı?
– Elə.
– Bu nə qəribə fikirdir?! Bu sizin başınıza hardan gəldi?
– Axı siz Lasunskaya ilə yaman dostluq edirsiniz və gərək ki, onun təsiri altındasınız. Onun sözlərinə görə isə, məktəblər və xəstəxanalar boş və lüzumsuz uydurmalardır. Xeyriyyə işləri də, maarif də şəxsi bir iş olmalıdır: bütün bunlar mənəviyyata aid işlərdir… Deyəsən, Lasunskaya belə deyir. Ancaq mən bilmək istərdim ki, bu sözləri o, kimdən öyrənib?
Aleksandra Pavlovna güldü.
– Darya Mixaylovna ağıllı qadındır, mən onu çox sevirəm və hörmət edirəm, ancaq o da səhv edə bilər, bir də ki, mən onun hər sözünə inanmıram.
– Lap yaxşı edirsiniz, – deyə hələ də drojkidən düşməyən Mixaylo Mixaylıç cavab verdi. – Çünki o özü də öz sözlərinə inanmır. Mən çox şadam ki, sizə rast gəldim.
– Nəyə görə?
– Bu nə sözdür?! Elə bil ki, sizə rast gəlmək həmişə xoş deyil! Bu gün siz, bu səhərin özü kimi təravətli və gözəlsiniz.
Aleksandra Pavlovna yenə güldü.
– Nəyə gülürsünüz ki?
– Nəyə güləcəyəm? Əgər siz komplimenti necə soyuq bir əda ilə dediyinizi görə bilsəydiniz! Təəccüb edirəm ki, axırıncı sözü deyəndə nə əcəb əsnəmədiniz.
– Soyuq əda ilə… Siz elə od istəyirsiniz, od isə heç nəyə yaramır. Alışır, tüstülənir və sönüb gedir.
– Həm də qızdırır, – Aleksandra Pavlovna əlavə etdi.
– Hə… Yandırır da.
– Yandıranda nə olar ki? Bu da heç pis deyil! Hər halda…
– Heç olmasa bircə dəfə yanmış olsaydınız, onda görəsən yenə belə deyərdinizmi? – deyə Mixaylo Mixaylıç onun sözünü kəsib küskün əda ilə dedi, sonra qamçını ata vurdu. – Xudahafiz!
– Mixaylo Mixaylıç, dayanın! – Aleksandra Pavlovna qışqırdı. – Bizə haçan gələcəksiniz?
– Sabah. Qardaşınıza salam deyin.
Drojki yola düşdü.
Aleksandra Pavlovna Mixaylo Mixaylıçın dalınca baxdı.
“Lap çuvala oxşayır”, – deyə o fikirləşdi. Beli bükülmüş, toz basmış, furajkası peysərində, sarı saçları dağınıq halda alnına tökülmüş Mixaylo Mixaylıç doğrudan da yekə un çuvalına oxşayırdı.
Aleksandra Pavlovna ağır-ağır evlərinə tərəf yollandı. O, gözlərini yerə dikib gedirdi. Yaxından eşidilən at ayağının tappıltısı onu dayanıb başını qaldırmağa məcbur etdi… Qardaşı at belində onun qabağına gəlirdi. Qardaşının yanınca əynində yaxası açıq yüngül bir sürtuk, boynunda yüngül qalstuk, başında yüngül boz şlyapa və əlində kiçik əl ağacı olan balaca boylu bir oğlan gəlirdi. Bu oğlan Aleksandra Pavlovnanın dalğın olduğunu və heç nəyə fikir vermədiyini görsə də, ona baxıb gülümsəyirdi. Oğlan Aleksandra Pavlovnaya çatan kimi şən və zərif bir əda ilə dedi:
– Salam, Aleksandra Pavlovna, salam!
– Ah! Konstantin Diomidıç! Salam! – Aleksandra Pavlovna cavab verdi. – Siz Darya Mixaylovnanın yanından gəlirsiniz?
– Hə, ordan gəlirəm, – cavan oğlan gülər üzlə cavab verdi. – Məni sizin yanınıza Darya Mixaylovna göndərib. Özüm piyada gəlmək istədim. Səhər çox gözəldir, məsafə də vur-tut dördcə verst. Gəlib gördüm ki, evdə yoxsunuz. Qardaşınız dedi Semyonovkadasınız, gördüm özü də çölə getməyə hazırlaşır. Mən də onunla sizin qabağınıza gəldim. Bəli. Bu nə qədər xoşdur!
Bu cavan oğlan rus dilini təmiz və düzgün danışırdı, ancaq tələffüzü xarici tələffüzü idi. Amma bunun hansı dilə aid olduğunu müəyyən etmək çətin idi. Onun üzündə nəsə asiyalı əlamətləri vardı. Uzun və ortası dik burnu, iri, bərəlmiş, hərəkətsiz gözləri, qalın, qırmızı dodaqları, qabarıq alnı, qətran kimi qara saçları – bütün bunlar onun əslən şərqli olduğunu göstərirdi. Bu cavan oğlanın soyadı Pandalevski idi və Belorusiyanın harasındasa xeyirxah və varlı bir dul qadının hesabına tərbiyə almışdısa da, vətəninin Odessa olduğunu deyirdi. Başqa bir dul qadın onu qulluğa düzəltmişdi. Ümumiyyətlə, orta yaşlı qadınlar Konstantin Diomidıçı həvəslə himayə edirdilər. O, həmin xanımları axtarıb tapmağı bacarırdı. O elə indi də oğulluq sifətilə Darya Mixaylovna adlı varlı bir mülkədar xanımın yanında yaşayırdı. O çox mehriban, xidmətkar, həssas və gizlində şəhvətpərəst bir adam idi. Xoş səsi vardı, yaxşı fortepiano çalırdı və kiminləsə danışanda, gözünü dik ona zilləməyə adət etmişdi. Çox təmiz geyinər, paltarı çox gec köhnəldərdi, enli çənəsini diqqətlə qırxar, saçlarını çox səliqəylə darayardı.
Aleksandra Pavlovna ona qulaq asıb qardaşına dedi:
– Bu gün hamı mənə rast gəlir, indicə Lejnyov ilə danışırdım.
– Hə, onunla? O harasa gedirdi?
– Hə, bir təsəvvür elə, minik drojkisində, əynində də kətan kisə, başdan-başa toz içində. Nə qəribə adamdır!
– Ola bilər. Amma o, çox yaxşı adamdır.
– Bu cənab Lejnyov kimdir? – Pandalevski heyrət edirmiş kimi soruşdu.
– Mixaylo Mixaylıç Lejnyov, – deyə Volınsev cavab verdi. – Di yaxşı, xudahafiz, ay bacı. Mən çölə getməliyəm, sənin zəmilərinə qarabaşaq səpirlər. Cənab Pandalevski səni evə ötürər…
Volınsev atı çapıb getdi.
– Böyük məmnuniyyətlə! – deyə Konstantin Diomidıç qolunu Aleksandra Pavlovnaya təqdim etdi.
Aleksandra Pavlovna da öz qolunu ona uzatdı və hər ikisi yol ilə Aleksandra Pavlovnanın malikanəsinə tərəf yollandılar.
Görünür ki, Aleksandra Pavlovnanın qoluna girib aparmaq Konstantin Diomidıçə çox ləzzət verirdi, xırda addımlarla yeriyir, gülümsəyir və şərqli gözləri çox vaxt olduğu kimi, yaşla dolurdu. Konstantin Diomidıçın ürəyi çox asanlıqla kövrələr və gözləri yaşarardı. Bir də ki, cavan və boy-buxunlu qəşəng bir qadının qoluna girib aparmaq kimin xoşuna gəlməz ki? Bütün … quberniyası Aleksandra Pavlovna haqqında yekdilliklə deyirdi ki, o çox qəşəngdir və quberniya səhv etmirdi. Hələ məxməri ala gözləri, qızılı-qumral saçları, totuq yanaqlarındakı zənəxdanlar və sair gözəllikləri bir yana, bircə düz və azacıq ucu dik burnu hər kəsin ağlını başından ala bilərdi. Ancaq onun ən yaxşı cəhəti mehriban üzünün ifadəsindən ibarət idi: inanan, mehriban və çəkingən olan bu üz adamı həm cuşə gətirir, həm də cəzb edirdi. Aleksandra Pavlovna adama bir uşaq kimi baxır və gülürdü. Xanımlar onu çox sadə hesab edirdilər. Ancaq bundan daha artıq bir şey arzu etmək mümkündürmü?
– Sizi mənim yanıma Darya Mixaylovna göndərib, elədir? – deyə o, Pandalevskidən soruşdu.
– Hə, onlar göndərib, – deyə Pandalevski cavab verdi. Pandalevski sözlərin axırına ingilislərin “th”sinə oxşar “s” əlavə edərdi. – Onlar çox arzu edirlər və buyurdular sizdən acizanə xahiş edim ki, bu gün nahara onlara buyurasınız… Onlar, – Pandalevski üçüncü şəxs haqqında, xüsusən xanım haqda danışanda həmişə cəm şəkilçisi işlədirdi, – təzə qonaq gözləyirlər və sizi mütləq onunla tanış etmək istəyirlər.
– O kimdir ki?
– Müffel adlı bir baron, peterburqlu bir kamer-yunker. Darya Mixaylovna onunla bu yaxında knyaz Qarinin evində tanış olmuşlar və ondan çox mehriban və mədəni bir cavan kimi böyük bir təriflə bəhs edirlər. Cənab baron ədəbiyyatla məşğul olurlar və ya daha doğrusu… ah, nə gözəl kəpənəkdir! İcazənizlə diqqətinizi cəlb edim… Daha doğrusu, siyasi iqtisadla məşğul olurlar. O, nəsə çox maraqlı məsələ haqqında məqalə yazıb və istəyir ki, Darya Mixaylovna həmin məqalə barədə öz rəyini bildirsin.
– Siyasi iqtisada aid məqalədir?
– Dil cəhətdən, Aleksandra Pavlovna, dil cəhətdən. Zənnimcə, sizə məlumdur ki, Darya Mixaylovna bu cəhətdən də bilicidir. Jukovski onunla məsləhətləşərmiş. Mənim Odessada yaşayan vəlinemətim xeyirxah Roksolan Mediaroviç Ksandrıka… yəqin ki, bu zatın adı sizə məlumdur?..
– Əsla, heç eşitməmişəm.
– Belə bir zat haqqında eşitməmisiniz? Təəccüblüdür! Mən onu demək istəyirdim ki, Roksolan Mediaroviç Darya Mixaylovnanın rus dili sahəsindəki biliyi haqda həmişə yüksək fikirdə olmuşdur.
– Həmin baron bir pedant[4 - Pedant – formalist.] olmaya? – deyə Aleksandra Pavlovna soruşdu.
– Əsla yox. Darya Mixaylovna, nəql edirlər ki, əksinə, bu adam indi bir kübar kimidir. Bethoven haqda elə gözəl danışırmış ki, hətta qoca knyaz da mütəəssir olubmuş… Etiraf edirəm ki, bu söhbəti həvəslə dinləyərdim. Axı bu sahə mənim sahəmdir. İcazə verin, bu gözəl çöl çiçəyini sizə təqdim edim.
Aleksandra Pavlovna çiçəyi aldı, amma bir neçə addım gedəndən sonra onu yerə saldı. Onun evinə iki yüz addımdan çox qalmamışdı. Bu yaxınlarda tikilib ağardılmış ev geniş, işıqlı pəncərələri ilə qoca ağcaqayın və cökə ağaclarının qalın yaşıllığı arasında gözə xoş görünürdü.
Təqdim etdiyi çiçəyin atıldığından bir qədər pərt olmuş Pandalevski dedi:
– Nə buyurursunuz, Darya Mixaylovnaya necə ərz edim? Nahara buyuracaqsınızmı? Onlar sizin qardaşınızın da gəlməyini xahiş edirlər.
– Hə, yəqin gələrik. Bəs Nataşa necədir?
– Allaha şükür, Nataliya Alekseyevna sağ salamatdır… Ancaq biz Darya Mixaylovnanın malikanəsinə gedən döngəni ötüb keçdik. İcazə verin, sizinlə xudahafizləşim.
Aleksandra Pavlovna dayandı.
– Bəyəm siz bizə getməyəcəksiniz? – deyə o, qəti olmayan bir səslə soruşdu.