скачать книгу бесплатно
Və Birrebur sanki zarafatla ayağı ilə evin bir divarını aşırtdı.
– Bura bax, – dəmirçi dedi, – əgər belə davransan, lensmanı çağıracam. Sən niyə Günəş Lenaya, ya da Ob çayına girəndə tutmadın?
– Çünki saqqalımı islatmaqdan qorxuram.
– O zaman Günəşi bizim kənddə də tuta bilməyəcək-sən. Çünki Günəş bu gün axşam mənim evimin arxasına yox, Botnik boğazına batıb.
– O zaman sabah Botnik boğazının ətrafından keçib Günəşi İsveçrədə, ya da Norveçdə yaxalayaram.
– Yox, əzizim. Orada sənin işlərin lap pis olacaq, çünki Günəş Atlantik okeanına batır.
– Bəs onda mən nə edim? – troll dərindən ah çəkdi. – Axı okean başdan-ayağa sudur.
– Qulaq as, – dəmirçi dedi, – əvvəl, zəhmət olmasa, divarı yerinə qoy. Sonra isə sənin dərdini çözərik. Bəlkə, səni sıyığa qonaq edim, əzizim troll?
Troll qulağının arxasını qaşıdı, divarı yerinə qoydu və sıyıq yemək üçün masa arxasına oturdu. O, əvvəl sıyığı, sonra boşqabı və qaşığı, yağqabını və çörəkqabını, sonra isə masanı yedi. Dəmirçi çaşqın halda ona tamaşa edirdi. Lakin trollun hələ doymadığını və acgözlüklə uşaqlara baxdığını görən Paavo onu dəmirçixanaya aparmağı qət etdi.
– İçəri keç, – Paavo dedi. – Bəlkə, burada dadlı bir şey tapdın.
– Hə, – Burrebur cavab verdi, – Asiyaya səyahətdən sonra iştaham artıb. Qonaqlığa görə təşəkkür edirəm.
Burrebur burada iki maşa, sonra çəkic, gürz, at nalı, mismar və kömür yedi.
“Maraqlıdır, – dəmirçi fikirləşdi, – görəsən, bu yekəpər zindanı da yeyə bilər?”
Və özü ona zindanı təklif etdi:
– Nuş edə bilərsən.
– Yox, çox sağ ol, – Burrebur cavab verdi. – Hələlik bəsdir. – Sonra ocaqdan bir necə köz çıxarıb saqqalını yandırmamaq üçün ehtiyatla ağzına dürtdü. – Çoxdandır belə yaxşı yeməmişdim. Səhərə yaxın acsam, çox güman, zindanı və uşaqları yeyəcəm.
– Lap elə? – dəmirçi hirslə soruşdu.
– Sən narahat olma. Daha yaxşı bir şey olmadığı üçün onlar da yetər. Bəs mən bu Günəşi necə tutum? – troll dərindən köks ötürdü.
– Sehrli çəkmələr olan yerdə bu, çətin məsələ deyil, – dəmirçi dedi.
– Hə, Günəş dənizə enməsəydi, çətin olmazdı. Amma bilirsən, sehrli çəkmələr öz-özünə qaçır.
– Doğrudan?
– Aydın məsələdir! Hə, yaxşı yadıma düşdü. Dünən Ural dağlarından atılanda çəkmənin sağ dabanı aralandı. Səhərə qədər onu yerinə mismarla. Mən isə yorulmuşam və yatmaq istəyirəm.
Burrebur sağ ayağındakı çəkməni çıxartdı və dərhal xoruldamağa başladı. Belə yalnız üç gün sehrli çəkmələrdə Asiyada qaçan xoruldaya bilərdi.
Dəmirçi fikrə getdi.
– Səhər naharına zindanı və mənim uşaqlarımı yeyəcək? Yox, troll, alınmayacaq. Sən onsuz da evimi alt-üst etmisən. Yatdığn yerdə səni çəkiclə vurub öldürüm? Yox, sən çağırılmamış olsan da, qonaqsan… Ya da o biri ayağındakı çəkməni də çıxarıb qaçıb buralardan gedim? Əla olardı, amma bu, oğurluq sayılır. Paavo isə dürüst insandır. Nə edəcəyimi bilirəm. Qoy çəkmələr trolda qalsın və mən onun sağ dabanını təmir edəcəm. Oyva, get anana de ki, mən səhərə qədər dəmirçixanada işləyəcəm. Qoy anan troldan qorxmasın. O, ölü kimi yatıb.
Dəmirçi trollun sağ çəkməsini götürüb dabanını qopardı və adi dəmirdən yeni daban düzəltdi.
“Qoy indi troll yeddi mil təkayaqlı qaçsın, – dəmirçi öz-özünə dedi. – Belə-belə işlər, – dəmirçi sehrli çəkmənin dabanına baxaraq fikirləşdi, – deməli, sən sürətlə qaçan dəmirdən düzəldilmisən? Sən elə bizim qatara tam uyğunsan”.
Məhz həmin gecə dəmirçixanada qatarın sınıq təkərini təmir edirdilər. Paavo xəlvətcə ora gedib qatarın təkərinə sehrli çəkmənin dabanını yapışdırdı.
“Hə, indi quş kimi uçarsan!” – dəmirçi fikirləşdi və güldü.
Səhəri gün qatarı sınaqdan keçirəndə o elə sürətlə getdi ki, heç bir əyləc onu saxlaya bilmədi.
– Bu qatara nə olub belə? – qatar sürücüsü qışqırdı. – Əvvəllər o, eşşək arabası kimi sürünürdü. İndi isə quş kimi uçur.
– Qatar sizin çox yavaş idarə etdiyinizi düşünür və qatarların İngiltərədə necə idarə olunduğunu göstərmək istəyir, – Paavo dedi.
– Dayan! Dayan görüm! – qatar sürücüsü qışqırdı.
İşə bir bax! Sehrli çəkmənin dabanı əmrə itaət edərək geri çəkildi və yeni əmrə hazır dayandı.
– Bu ki dünyanın ən ağıllı qatarıdır! – qatar sürücüsü sevinclə dedi.
– Əlbəttə! O, bütün Asiyanı üç günə dövrə vura bilər, – Paavo dedi.
Birrebur ayılanda artıq sağ çəkmədə yeni daban hazır idi. O, çəkməsini geyinib Günəşi təqib etməyə hazır idi. Lakin o, bir addım atan kimi sol ayağı güllə kimi götürüldü, sağ ayağı isə onun ardınca süründü. Necə də narahat idi! Birrebur təngnəfəs olub dəmirçixanaya qayıtdı. O, belə vəziyyətdə Günəşə necə çata bilərdi? Dəmirçi Paavo əcinnədən canını qurtarmışdı deyə sevinirdi. Amma onu yenidən görüb qorxdu. İndi onun uşaqları və zindanı necə olacaqdı?
– Əzizim troll. Məgər sən Günəşin elə indicə buludun arxasında gizləndiyini görmədinmi? – dəmirçi soruşdu.
– Gördüm. – O, tez-tez gizlənir, – troll ah çəkərək dedi.
– Qulaq as! Sən kisəni dəmirçixanada unutmusan. Mən də sənə yaxşılıq etmək istədim. Ağacın başında məftildən tələ qurdum və Günəşi tutub sənin kisənə saldım.
– Mənim kisəmə? Bilirsən, sənin kimi dəmirçini bütün dünyanı gəzsən, tapa bilməzsən. İndi sevincimdən səni yeyəcəm. Təkayaqlı qaçmaqdan qarnım quruldadı.
– Nə etməli. Buna görə də çox sağ ol, – dəmirçi cavab verdi. – Amma əvvəlcə Günəşi necə gizlətməyimə baxmaq istəmirsən?
– Aydın məsələdir ki, baxmaq istəyirəm, əzizim mənim. Bəs kisə haradadır? Mən Günəşin ciyiltisini eşidirəm (Paavo kisəyə çoşqa qoymuşdu). Hə, hə, əzizim, ürəyin istədiyi qədər ciyildə. Nəhayət ki, mən bütün dünyaya sahib oldum! İndi hər yeri qaranlığa qərq edəcəm və trollar bütün dünyanı idarə edəcək.
– Hələ sən gəl buna bax! – dəmirçi trollu cırnadırdı. O, kisənin ağzını azacıq açdı.
– Sən neynirsən? Günəş ordan çıxa bilər. Mən özüm kisəyə girərəm, – troll dedi.
Bir, iki, üç!.. Troll kisəyə girdi, Paavo isə bərk-bərk onun ağzını bağladı.
“Yaxşı ki, trollar səfehdirlər”, – dəmirçi fikirləşdi və daha dəqiq olsun deyə kisəyə bir düyün də vurdu.
Kisədən qıy-qışqırıq səsi gəldi.
– Ay aman! O dişləyir! – troll qışqırdı.
– Sən də onu dişlə! – dəmirçi dedi. O, dəmiçixananın qapısınıı bağlayıb gecə sərgüzəştlərindən dincəlmək üçün evə getdi. “Bəs niyə divarı uçuran troll ayağı ilə kisəni yırta bilmədi? Mən hardan bilim? Yəqin, təkayaqlı qacdığı üçün ayaqları ağrıyırdı”.
Birreburun kisədə nə qədər qaldığını bilmirəm, çünki qəzetlər bu barədə yazmamışdı. Bircə onu bilirəm ki, Paavo öz əsirini sakitləşdirib qatarla Berinq boğazına yola salacağını vəd edib. Axı ora çox uzaqdır və təkayaqlı ora gedib çıxa bilməzsən.
Mən uşaqların güzgü ilə Günəşi tutub divarda rəqs etdirməsinə baxanda Burrebir və Burreburu xatırlayıram. Bacarırsansa, Günəşi tut!
QARIŞQA BALASI HƏKİMƏ GEDİR
– Olar yuxarıda baş verənlərə tamaşa edim? – Bala qarışqa soruşdu.
– Dayan görüm. Qoy əvvəlcə mən baxım görüm nə var, nə yox.
Ana qarışqa yuvanın nəfəsliyindən baxdı, amma heç nə görmədi, çünki gün düz gözünə düşürdü.
– İndi isə yuxarıda baş verənlərə mən tamaşa edəcəm!
Və balaca yuvanın nəfəsliyindən sürünüb çölə çıxdı.
Qarışqa yuvası böyük küknar ağacının altında idi. Günəşin parlaq şüaları yaşıl budaqların üstünə düşür, ağacın altındakı buzu əridirdi. Balaca bir buz parçası qopub qarışqa yuvasının üstünə düşdü və qarışqa balasının ayağını qırdı.
– Bu nə səs idi? – Ana qarışqa soruşdu.
– Ciddi bir şey yoxdur! Sadəcə, ayağım qırılıb, – bala qarışqa utancaq səslə dedi.
Ana qarışqa qorxdu, balasını geri, yuvaya dartdı və onun qırılmış ayağını qatranla yapışdırmağa çalışdı. Ayaq yapışdı, lakin bala qarışqa yeriyən kimi yenidən qopdu.
– Belə olmaz, həkimə getmək lazımdır! – Ana qarışqa qərara aldı. O, keçən ildən qalma inciçiçəyindən balaca kisə tikib ayağı ora qoydu, balasını kürəyinə aldı və yola düzəldi.
Qarışqa yuvası dəmir yoluna yaxın idi. Ana qarışqa qatarların cədvəlini yaxşı bilirdi və tam vaxtında özünü qatara çatdırdı!
Ana qarışqa relsdən qatarın təkərinə atıldı, bir neçə dəfə çarxın ətrafında dolandı. Onun bəxti gətirdi və balası ilə qatara qalxa bildi və onlar birlikdə Helsinqforsa yola düşdülər.
Paytaxta çatanda Ana qarışqa ehtiyatla vaqondan çıxdı. O, balası ilə birlikdə tapdalanmaqdan çox qorxurdu. Lakin buna baxmayaraq, cəsarətlə arabaya mindi. Ana qarışqa hələ də balasını kürəyində, onun ayağını isə kisədə aparırdı.
– İndi isə həkimə gedirik, – Ana qarışqa dedi. – Maraqlıdır, at bizim kimi ağır yük barədə nə düşünür?
– Bu görünən ağ rəngli dağlar nədir? – Böyük daş evlərin yanından keçəndə Bala qarışqa soruşdu.
– Bu, insanların yaşadığı yuvalardır, – Ana qarışqa cavab verdi.
Bu zaman onlar düz xəstəxanaya yaxınlaşdılar, çünki arabaçı gənc həkimi iş yerinə gətirirdi.
Ana qarışqa elə tələsirdi ki, arabaçıya yol haqqını verməyi unutdu və balası kürəyində tez pilləkənlə yuxarı qalxdı. Həkim masa arxasında əyləşib yeni burun yaratma sənəti haqqında kitab oxuyurdu. Ana qarışqa masanın üstünə, oradan da kitabın vərəqinə qalxdı. Həkim qarışqanı kitabdan salmaq üçün çırtma çaldı. Lakin Ana qarışqa səhifədən möhkəm yapışmışdı və həkimə buz parçasından və balasının ayağının qırılmasından danışmağa başladı.
– Elə bu? – həkim soruşdu və xırdaca ayağı maqqaşla yapışdırmaq istədi. Lakin maqqaşı çox kobud olduğundan qarışqa balasının ikinci ayağını da qopardı.
– Nə baş verdi? – Ana qarışqa soruşdu
– Heç nə. Sadəcə, ikinci ayağım da qopdu, – qarışqa balası utancaq dedi.
Həkim hər şeydə gözlüyünü təqsirkar bildi və daha incə maqqaş axtarmağa getdi. Amma Ana qarışqa onu gözləmədi. Qopmuş ayaqları kisəyə qoydu, balasını kürəyinə aldı və getdi.
– Gərək həkim Evertin su müalicəxanasına gedək, – Ana qarışqa dedi.
Xoşbəxtlikdən, gonbulun biri arıqlamaq üçün su müalicəxanasına gedirdi.
Həkim Evert böyük ləyənin yanında dayanıb gonbulu suya salmağa hazırlaşırdı. Ana qarışqa həkim onu görsün deyə onun əlinə dırmaşdı. Lakin həkim onu görmədi və əlini suya saldı. Qarışqalar suda qaldılar.
Ana qarışqa güc bəla ilə ləyənin kənarına çıxdı və balasına onun ətəyindən tutmağı tapşırdı. Ana qarışqa xilas olduğuna əmin olduqdan sonra geri çevrildi və balasını görmədi, çünki gonbul cənab suyu elə şappıldatdı ki, oradakı su gur şəlaləyə çevrildi.
– Necəsən, balam? – Ana qarışqa qışqırdı.
– Pis deyiləm, amma, deyəsən, mən boğuluram! – qarışqa balasının incə səsi eşidildi.
Ana qarışqa özünü gur şəlaləyə atdı və böyük çətinliklə balasını quruya çıxardı. Amma, görünür, bala qarışqa artıq ölmüşdü.
– Gərək xalq təbabəti ilə müalicə edən həkim Bekin yanına gedək, – Ana qarışqa qərara aldı.
Xoşbəxtlikdən, həkim Bek həmin vaxt Helsinqforsda idi, yoxsa Ana qarışqanın işi çətin olacaqdı. O, balasını və onun iki qırılmış ayağını götürüb heç bir tibbi təhsili olmayan tanınmış həkimin yanına getdi.
Həkim Bek böyüdücü şüşəni götürüb hərəkətsiz qarışqa balasına və onun qopmuş ayaqlarına baxdı və dedi:
– Buna masaj lazımdır. Mən isə bunu edə bilmərəm, çünki barmaqlarım həddindən artıq böyükdür.
Ana qarışqa bir az fikirləşdi və milçəkləri köməyə çağırmaq istədi, çünki milçəklər ən yaxşı masaj ustası idilər. Amma, təəssüf ki, milçəklərin hamısı qış yuxusuna getmişdi.
– Baxım görüm, bəlkə, ocağın dalında oyaq qalan birini tapdım, – Ana qarışqa fikirləşdi.
Ana qarışqa sürünərək ocağın dalına keçdi və orada ötən payızdan düşüb qalmış yarımcan bir cırcırama tapdı. O, güclə cırcıramanı oradan dartıb gün işığına çıxardı.
Tezliklə cırcırama oyandı və həvəslə qarışqa balasını ovxalamağa başladı.
– Bax belə, – həkim Bek cırcıramanı təriflədi və xırda milin köməyi ilə masajı daha dəqiq etməyi ona öyrətdi.
Cırcırama qarışqa balasını düz üç dəqiqə ovxaladı. Nəhayət, balaca gözlərini həyata açdı və anasına sanki dünyanı bağışladı. Bundan sonra qopmuş ayaqlarını da yerinə bərkitdilər və qarışqa balası sapsağlam oldu.
– Həkim, bu böyük əməyinizə görə nə qədər ödəməliyəm? – Ana qarışqa soruşdu.
– Parabüzən sənin yuvana qonaq gələndə onu yedirt, – həkim Bek cavab verdi.
– Baş üstə! – Ana qarışqa sevinclə dedi. – Mən onu ballı kökəyə və şirəyə qonaq edəcəm. Qoy doyunca yesin!
– Lap yaxşı! – həkim Bek ananı təriflədi. – İndi isə gedə bilərsiniz! Məni isə hələ altı əl və dörd ayaq gözləyir!
– Xudahafiz! – Ana qarışqa sağollaşdı və sapsağlam balası ilə geri döndü.
Onlar evlərinə çatanda artıq yaz gəlmişdi və bütün qonşular iməciliyə çıxıb qarışqa yolunu təmizləyirdilər. Axı qar əriyəndən sonra yola xeyli zir-zibil gətirmişdi.
Bala qarışqanı görən yuvanın sakinləri heyrətə gəldilər. Hamı ona toxunmaq, ayaqlarının bədəninə necə bitişdiyini görmək istəyirdi.
Elə bu zaman yolda yorğun, ac və donmuş parabüzən göründü. Qarışqalar küknar ağacının iynələrindən düzəlt-dikləri nizələrini hazır tutub çağırılmamış qonağı qovmağa hazırlaşdılar. Lakin Ana qarışqa əlinə ot alıb var gücü ilə yellədi və parabüzəni müdafiə etdi. Sonra onu öz evinə dəvət etdi və o günə qədər qarışqa yuvasında görünməmiş bir qonaqlıq verdi.