“Dəfinələr adası” yüz ildən artıdır ki, ən qiymətli macəra romanlarından biri kimi dönə-dönə dünyanın müxtəlif dillərinə tərcümə edilərək oxunur.
Tropik adalar, məchul işarəli xəzinə xəritələri, bir gözü kor, bir əli xəncərli, çiynindəki tutuquşu ilə yaddaşımızda canlanan dəniz döyüşçüsü anlayışlarının yaranmasında “Dəfinələr adası” romanının böyük təsiri olmuşdur. Baş qəhrəman Cim Hokins həmişə hərəkətdə olan, narahat düşüncələr və duyğular axarına düşmüş bir gəncdir. O, yoxsul mənəviyyatlı, iradəsiz kişilərə nifrət edir.
Əsərdə həmçinin qarşıya çıxan hər cür maneəni dəf etməyə qadir, gəmi xidmətində nizam-intizamı əsas şərt sayan tələbkar kapitan Smollet, quldurların qəzəbinə düçar olduğu üçün üç il Dəfinələr adasında tənha həyat sürmüş cəsur dənizçi Ben Hann, kimliyindən asılı olmayaraq, ehtiyacı olan hər kəsə tibbi yardım göstərərək öz insani borcunu yerinə yetirən doktor Livsi kimi maraqlı obrazlar da var.
Əsərin müəllifi Robert Lyuis Stivenson (1850-1890) XIX əsrin ikinci yarısında yaşamış Şotland yazıçısı və ədəbiyyat tənqidçisidir. Stivensonun romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. “Dəfinələr adası”nı 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir.
все жанры