Читать книгу Mirvari (Джон Эрнст Стейнбек) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Mirvari
Mirvari
Оценить:
Mirvari

4

Полная версия:

Mirvari

Kino suyu lil, yaxud qumla bulandırmamaq üçün ehtiyatla hərəkət edirdi. Ayağını daşın bağlandığı kəndirə keçirtmişdi, əlləri sürətlə işləyir, laylardan gah bir, gah da bir neçə molyusk qoparıb səbətə doldururdu. Bəzi yerlərdə balıqqulağılar bir-birinə elə bitişmişdi ki, iri parçalar şəklində qopurdu.

Kinonun xalqı öz başına gələn və dünyada baş verən hər şeyə mahnı qoşmuşdu. Balıqlar, qəzəbli və sakit dəniz, işıq və zülmət, ay və günəş haqqında olan bu nəğmələrin hamısı, hətta unudulmuşları belə Kino və xalqının yaddaşında qalmışdı. İndi balıqqulağıları öz səbətinə yığanda da daxilində mahnı səslənirdi və bu mahnının ahəngi onun içinə çəkib saxladığı nəfəsinin verdiyi oksigenlə qidalanan ürəyinin döyüntüləri, sözləri isə gah bir yerə toplaşan, gah da yoxa çıxan balıq sürüləri, bir də boz-yaşıl su və onun xırda canlıları idi. Ancaq bu mahnının dərinliklərində, lap özəyində güclə eşidilən, mehriban, inadkar və əsas melodiyanın arxasında gizlənən başqa bir səs duyulurdu. O, Mirvarinin, həmin an tapıla biləcək Mirvarinin şəninə səslənirdi, çünki mirvarini səbətə atılan hər bir balıqqulağı hədiyyə edə bilərdi. Uğur və uğursuzluq təsadüf məsələsidir, uğur tanrılar insanın tərəfində olanda qazanılır. Kino bilirdi ki, qayıqda oturmuş arvadı Xuana duaların möcüzəsinə inanır, üzü donub-qalmış, əzələləri gərginləşmişdir: uğuru zorla da olsa tanrıların əlindən qoparmağa hazırdır; bu bəxt ona o səbəbdən lazımdır ki, Koyotitonun çiynindəki şiş çəkilsin. Ona görə də uğura ehtiyac və həvəs böyük olduğu üçün tapıla biləcək mirvarinin incə musiqisi bu səhər daha ucadan səslənirdi. Onun bütün notları öz aydınlığı və zərifliyi ilə sualtı aləmin Mahnısına qarışmışdı.

Qürur, gənclik və güc Kinoya su altında iki dəqiqədən artıq maneəsiz qalmağa imkan verir və o tələsmədən ən iri balıqqulağıları seçirdi. Qıcıqlandırılmış molyusklar sıx bükülmüş laylarda yerləşmişdilər. Kinodan azacıq sağda başdan-başa cavan, hələ yararsız mirvarilərlə örtülmüş daş qalağı vardı. Kino bu daşlara tərəf üzdü və orada, kiçik bir çıxıntının altında tənha, çox böyük bir balıqqulağı gördü. Bu qədim mirvari molyuskunun qatları açılmışdı, çünki onu daş çıxıntı qoruyurdu. Dodaqlara bənzəyən dəri qırışlarının arasında nəsə şəffaf parıltı verirdi, lakin mirvarinin qatları yığıldığı üçün parıltı dərhal yoxa çıxdı. Kinonun ürəyi bərk-bərk döyündü, qulaqlarında tapılacaq dəfinənin mahnısı yenə də ucadan səsləndi. O, yavaş hərəkətlə mirvarini yatağından qoparıb sinəsinə sıxdı. Ayaqlarını daşa bağlanmış kəndirdən çıxartdı, bədəni suyun səthinə qalxdı, qara saçları günəş işığında parladı. Əlini borta tərəf uzadıb balıqqulağını qayığın içinə qoydu.



Xuana sağ borta tərəf əyilib onun qayığa çıxa bilməsinə kömək etdi. Kinonun gözləri alışıb-yanırdı, ancaq özünü ləyaqətli aparmağa çalışaraq sudan əvvəlcə daşı, ardınca da balıqqulağı dolu səbəti çıxartdı. Xuana onun həyəcanını hiss edib baxışlarını kənara çəkdi. Bir şeyi həddindən çox arzulamaq heç nəyə yaramır, bəzən uğursuzluğa da gətirib çıxarır. Arzu edirsənsə, gərək inadla istəməyəsən, bu, tanrıya, yaxud tanrılara qarşı ədəbsizlikdir. Xuana nəfəsini içinə çəkdi. Kino tələsmədən öz gödək, iti bıçağını çıxartdı. Səbətə fikirli-fikirli baxdı. Bəlkə, həmin balıqqulağını lap axırda açsın. Səbətdən kiçik bir molyusk çıxartdı, yığılan əzələlərini kəsdi, barmağıyla mantiya qırışlarını yoxladı və molyusku suya tulladı. Elə bu zaman böyük mirvarini sanki birinci dəfə gördü. Dizi üstə çöküb onu əlinə götürdü və hərtərəfli gözdən keçirməyə başladı. Balıqqulağının qırışları işıqda parlayır, qara rəngdən qəhvəyi rəngə çalırdı, üstündə yalnız iki-üç balaca xərçəng var idi. Kino onu açmadı. Gördüyü sədəf qatının adi parıltısı, ya da təxəyyülün təmiz oyunu ola bilərdi. Bu Körfəzin düzgün olmayan işığı reallıqdan çox, illüziya yaradır.

Amma Xuana baxışlarını Kinodan çəkmirdi. Daha gözləyə bilmədi. Əlini Koyotitonun şalla örtülmüş başına qoydu. Güclə eşidiləcək səslə:

– Aç, – dedi.

Kino cəld hərəkətlə bıçağı balıqqulağının layları arasına soxdu. Molyuskun əzələlərinin necə gərildiyini hiss etdi. Bıçağın sapını dəstək kimi aşağı dartdı; hər iki qatı birləşdirən əzələ partladı və yuxarı lay qopub düşdü. Dodağa bənzəyən molyusk büzüşdü və yumşaldı. Kino dəri qırışını qaldırdı – parlaqlıqda ayın özündən belə geri qalmayan mirvari orada idi. O, işığı özündə toplayır, sanki təmizləyir və gümüşü şüalar şəklində geri verirdi. Təxminən dəniz qağayısının yumurtası boyda olardı. Bu, dünyanın ən böyük mirvarisiydi.

Xuananın nəfəsi kəsildi, az qaldı ki, inildəsin. Kinonun qulaqlarında təmiz, gözəl, şirin, zəfərlə dolu Mirvari nəğməsi səslənirdi. Bu böyük mirvarinin içində onun arzuları, xəyalları yatırdı. O, mirvarini ölən molyuskdan aralayıb ovcuna qoydu və ovcunun içində diyirləməyə başladı. Gördü ki, onun forması da mükəmməldir. Xuana gözlərini Kinonun əlindəki mirvaridən çəkmədən ona tərəf gəldi. Bu həmin əl idi ki, həkimin evinə məxsus hasarın doqqazını sındırmışdı və sümüklərinin çapılmış dərisi duzlu dəniz suyundan boz rəngə çalırdı.

Xuana qeyri-şüuri olaraq atasının adyalında yatan Koyotitoya tərəf əyildi. Yosunlardan hazırlanan təpitməni çıxarıb oğlunun çiyninə baxdı. Qulaqbatırıcı səslə:

– Kino! – deyə qışqırdı.

Kino gözlərini mirvaridən çəkib gördü ki, uşağın şişi çəkilir, bədəni zəhərə üstün gəlməyə başlayır. Mirvarini əlində sıxdı və özünü saxlaya bilməyərək başını dala atıb qalibanə səslə uzun-uzadı bağırdı. Gözləri bərəlmiş, boğazına güc vermiş, bədəni qıc olmuşdu.

O biri qayıqlardakı adamlar qorxu içində onlara baxdılar, dərhal da avar çəkə-çəkə bir-birinin ardınca Xuana və Kinonun qayığına tərəf yönəldilər.

III fəsil

Hər şəhər bir canlı orqanizmə bənzəyir. Hər orqanizmin öz əsəb sistemi, başı, çiyinləri, ayaqları var. Şəhərlərin hamısı bir-birindən fərqlənir, iki eyni şəhər yoxdur. Bu şəhərlər hiss-həyəcanla doludur. Hər hansı xəbərin şəhərə yayılması isə həlli çətin olan tapmacadır. Xəbərlər hətta oğlan uşaqlarının qaçıb onları aləmə car çəkməsindən, qadınların hasarlardan bir-birinə ötürməsindən də tez yayılır.

Hələ Kino və Xuana başqa mirvari ovçularıyla qamış daxmalara çatmamış alınan heyrətamiz xəbərdən şəhərin əsəbləri gərilmiş və titrəməyə başlamışdı: Kino dünyanın ən böyük mirvarisini tutub. Uşaqlar güclə nəfəslərini dərib xəbəri çatdırmağa macal tapmamış analar hər şeydən xəbərdar olmuşdular. Heyrətamiz xəbər qamışlı daxmaları ötüb coşqun dalğa kimi daşlı-kərpicli evləri olan şəhərə çatmışdı. Öz bağında gəzməyə çıxan keşiş bunu eşidən kimi fikrə getdi və kilsənin təmirə ehtiyacı olduğu yadına düşdü. Fikirləşdi ki, belə bir mirvarinin dəyəri nə qədər ola bilər və yadına salmağa çalışdı ki, balaca Kinonu xaç suyuna salıbmı, Kino ilə arvadının kəbinini kəsibmi? Xəbər dükan sahiblərinin də qulağına çatanda onlar rəflərdə qalmış kişi paltarlarını gözdən keçirdilər.

Həkim xəbəri eşidəndə xəstəlikdən yox, qocalıqdan əziyyət çəkən bir qadını qəbul etməkdəydi, hərçənd bunu nə onun özü, də həkim etiraf etmək istəyirdi. Kinonun kim olduğu məlum olan kimi həkim ciddi, lakin ağıllı görkəm aldı.

– Bu uşaq mənim xəstəmdir, – dedi. – Mən onu əqrəb sancmasından müalicə edirəm.

Və piylənmiş gözlərini axıdıb Parisi yadına saldı. Parisdə kirayələdiyi otaq ona dəbdəbəli, girdəsifət məşuqəsi gözəl, xeyirxah qız kimi göründü, lakin bu keyfiyyətlərin heç biri o qadında yox idi. Həkim baxışlarını yaşlı xəstəsindən kənara, boşluğa zillədi və özünü Paris restoranında gördü: ofisiant onun üçün araq butulkası açırdı.

Xəbər ən birinci kilsə səkisindəki dilənçilərin qulağına çatmışdı, bunu eşidib məmnuniyyətlə hırıldamışdılar. Çünki bilirdilər ki, gözlənilmədən xoşbəxtliyə qovuşmuş yoxsuldan səxavətli sədəqə verən yoxdur.

Bəli, Kino dünyanın ən böyük mirvarisini tapmışdı. Şəhərin kiçik kontorlarında mirvari alan agentlər oturmuşdu. Hər biri öz kontorunda əyləşib mirvari gətirənləri gözləyirdi, satıcılar gəlib çıxanda isə dil boğaza qoymadan ticarət etməyə, qışqırmağa və hədələməyə başlayırdılar. Bu o vaxtacan davam edirdi ki, mirvari ovçusu bundan aşağı qiymətə razılaşmırdı. Aşağı qiymətin də öz həddi vardı, mirvari alanlar bu həddi keçməyə cürət eləmirdilər, çünki elə hallar da olurdu ki, ümidsizliyə qapılmış insan çıxıb gedir və öz mirvarilərini kilsəyə verirdi. Sövdələşmə baş tutanda isə mirvari alanlar kontorda tək qalır, mirvariləri əsəbi şəkildə barmaqları arasında oynadır, bu qiymətli əşyaların onlara məxsus olmadığına təəssüf edirdilər. Çünki mirvari alan əslində yalnız bir nəfər idi: o, rəqabət görüntüsü yaratmaq üçün öz agentlərini müxtəlif kontorlarda oturtmuşdu. Heyrətamiz xəbər alıcı kontoruna çatan kimi mirvari alıcılarının gözləri axdı, barmaqlarının ucu sızıldadı, hər biri düşündü ki, sahibləri əbədi yaşaya bilməz, əvvəl-axır kimsə onun yerini tutmalıdır. Fikirləşirdilər ki, o, müəyyən qədər kapital əldə edən kimi öz yeni işinə başlayacaq.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Mirmelio – sürfələri, qarışqaları yeyən cırcıramaya oxşar cücü

2

Pulke – spirtli içki növü

3

Şpanqout – gəminin gövdəsinin əsasını təşkil edən köndələn tir

4

Omar – onayaqlı dəniz xərçəngi

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner