banner banner banner
Mənim üçün qızılgül
Mənim üçün qızılgül
Оценить:
Рейтинг: 0

Полная версия:

Mənim üçün qızılgül

скачать книгу бесплатно

Mənim üçün qızılgül
Samirə Əşrəf

Kitabda müəllifin son on ildə yazdığı on iki hekayə yer alıb. Əslən Cəbrayıl rayonundan olan müəllif İkinci Qarabağ müharibəsindən əvvəl və sonra qələmə aldığı hekayələrdə köçkünlüyün ağır yükü və azad Vətən torpağında keçirdiyi hissləri müqayisəli şəkildə ifadə etməyə çalışıb.

Samirə Əşrəf

Mənim Üçün Qızılgül

Anama ithaf edirəm…

“UNUTMAQ VƏ XATIRLAMAQ DÖNGƏSINDƏ”

Nəsrdə yazı üslubları, gördüyünü, şüuraltında, ürəyinin hansısa qatında saxlanılan nəsnələri qələməalma metodu bilmədiyimiz qədər fərqlidir, biz bu fərqləri sadalamaq istədikdə zənn etdiyimizdən çox şeylər yaddan çıxır. Adicə hekayə də belədir, yazırsan, bu proses məhz nələrinsə əvvəlcə yavaş, sonra sürətlə unudulmasına əsaslanır, belə bir “unutqanlıq” olmadıqca yazı – hekayə, ya roman alınmaz. Yazmaq unutmaq sənətidir. Amma bizə elə gəlir ki, biz nələrsə yada düşdükcə, xatirələr canlandıqca yazmağa başlayırıq. Yazanda hər şeyi arxada qoyub hər şeyi sürətlə unudursan…

İnsan hansısa dərdin, ağrının təsiri altında bəzən o qədər yorulur, o dərəcədə dünyadan bezir ki, bunun bir balaca əksi baş verdikdə yaddaşını təzələmək istəyirsən, təzələyirsən də, amma o ağrı hardasa, bəlkə, sənin içində, bəlkə, səndən çox uzaqlarda qövr edir, bu ağrının küləyi dünyanın hər yerindən əsir, sən bunu bilir, hiss edir, amma əllə toxuna bilmirsən.

Buna uyğun olaraq yazı tərzləri də fərqlənir, bəzən yerlə göy qədər. Göylərdən yerə, ömrün boyu bircə yağış damcısı da düşməyən “şoran” və şırım-şırım torpaqlara bir ümid payı hərədə bir cür gəlir. Nasir var, yazını qurur, belədə bizdən xəbərsiz içimizdəki burulğanın o qurma işinə təsiri çox az olur, nasir də var içində, başladığı əhvalatın ən müxtəlif qatlarında bir gözəgörünməz mexanizm olur, bu əhvalat, bu danışıq tərzi sənin içində sonuna varmayınca sanki bir tilsim içində olursan, o mövzu, o mətləb sənin içində tamamlanmalıdır ki, yaxud ən əsas kərpicləri düzgün qoyulmalıdır ki, onu qələmə ala biləsən. Sənin içində olduğun o tilsim yazını rəngdən rəngə salır, göy qurşağı kimi, ondan qaçıb qurtulmaq mümkünsüz olur.

Samirə Əşrəfin hekayələri bu ikinci tipə aiddir. Həmişə ona elə gəlir ki, başına gələnləri yazır, zahirən bu elə belədir, insan başqa nə yaza bilər ki?! Amma və lakin… Əsas o əhvalat və ömrün ən müxtəlif dönəmlərində başına gələn hadisələri bu gün bu şəkildə quran bir mexanizm də var və əsas da odur, onun varlığı, onun olmasıdır. Bu hekayələrdə hər şey sayrışır, eynən səhər çağı gün işığında, həmin işıq güllərdəki şeh damcılarında dünyanın təkrarsız mənzərələrini yaradır (amma qurmur!). Yazını, ona can verən əhvalat və mətləbi, ən əsası – onların hörgü prinsipini dünyaya gətirən mexanizm (təhkiyə çarxı) həmişə səndən öndədir, bəzən o, məktub kimi yazdığın yazını da hekayəyə, bədii əsərə çevirə bilir. Sən onu hiss etdiyin anda varlığındakı ikinci nəfəslə yaşayırsan – bu, insana nə qədər ömür verir, yaxud Allahın verdiyi ömrü kəsib doğrayırmı, – bunu demək, bəlləmək qeyri-mümkündür.

“Mənim üçün qızılgül” hekayəsi çox kədərli bir əhvalatın rəsmidir, bu hekayədə keçmiş və indiki zaman elə dəqiq və görüntülü detallarla işlənib ki, xatirələrdən bu günə, bu gündən xatirələrə çəkilən “arx” böyük dənizlər, bəzən də göz qaraldan okean kimi aşıb-daşır, sahilləri yuyub aparır və bu məqamda keçmişlə indiki zaman bir nəfəs dərimində birləşir və yox olur.

Təsadüfi deyil ki, Samirə hekayələrinin əksərində “sonrakı” ömründən yox, məhz uşaq qəlbindən, onun dediklərinin dili ilə danışır.

Baxın: “… Atam qohum əqrəbanın işinə yarayan adam olmuşdu. Amma həmişə bircə rumka içkinin badına gedərdi. Bir xeyir iş olanda əldən ayaqdan gedərdi. Çadırından tutmuş bazarlığına qədər hər işə əl atardı. Amma toyun axırına yaxın oturub bir-iki tikə yeyər, üstündən də o zəhrimardan içib keflənərdi. Ya oynamaq, ya da başqa bir şeyi bəhanə edib biri ilə dalaşardı. Vəssalam. Bununla da adı vayqanlı olardı. Toy qurtarandan sonra hamı evinə dağılışardı. Atamın bu hərəkəti onun ağırbaşlı qohumları üçün göydəndüşmə idi. Dərd orasıdı ki, biz də atamın badına gedərdik. Bizi də onun “günah”larının gözünə qatıb toydan sonrakı qonaqlıqların heç birisinə çağırmazdılar. İçki atamı əməlli-başlı hörmətdən salardı. Belə məqamlarda atama qəzəblənsəm də, mənim uşaq qəlbimdə həmişə ona qarşı bir mərhəmət, acıma hissi olardı”.

Samirənin “Soyuducumun kölgəsi” hekayəsi də bu mənada bol material verir. Hekayədəki detallar və göndərmələr, əşyaların təsviri, onlarla söhbətlər, kənara deyilən kəlmələr nəqlin bir məqamında eyni zamanda bir neçə nəsnəyə işarə edir, adi məişət hadisəsi bir çox qəliz psixoloji anların fəlsəfəsini anladır. Hekayədə qəfildən Zvyagintsevin filmləri, xüsusən “Yelena” filmi anılır, əşyalarla insanın daxili dünyasını çılpaq şəkildə göstərmək məqamının altı cızılır. Təhkiyədə qəribə bir ritm var, başlanğıcdakı yuxuyla oyaqlıq arasındakı yumurta söhbəti (yumurtanın ağındakı bərq vuran kristallar…), aclığa dözməyən uşağın kənddəki halının təsviri, yuxudan reallığa açılan pəncərədən (yaxud əksinə) hər şeyin dumanlı şəkildə (həm də kölgəsiz) görüntüsü və zaman keçdikcə atmosferin (ərazinin) aydınlanması, daha sonra əşyalar yerlərini dəyişdikcə hər şeyin boz rəngə boyanıb kölgənin cənginə keçməsi insan həyatının bilinməyən, nadir hallarda hiss edilən keçidlərinə işıq salır. Müəllif Zvyagintsevə istinad edir, amma nədənsə yadımıza müasir ingilis yazıçısı İen Makyuenin “Bağışlanma” romanı və onun eyni adlı ssenarisi əsasında çəkilən bədii film düşür (rejissor Co Rayt, 2007). Bu film iki dəfə “Qızıl Qlobus”, iki BAFTA mükafatını alıb və “Oskar”ın yeddi nominasiyasında qalib olub. Romanda təsvir edilən, vaxtaşırı olaraq diqqət mərkəzinə çəkilən güldan artefaktdır, artefakt isə insan ruhunun “abidəsi” kimi, onun məqsəd və ideyasına çevrilir, zamanla bədii əsərlərin içini “zəbt edən” artefaktlar olmasa, canlı olan hər şey (hərəkət, fikir, sözün özü) itib batar, çünki deyildiyi kimi artefakt yaddaşın simgəsidir, bəzən də özü. Samirənin hekayəsində soyuducu və onun (köhnə soyuducu və köhnə zamanların nəsildən nəslə ötürülən əşyaları, həm də köhnəliyi sıraya düzülüb, maneə yaradıb qoruyan ağbirçək qadınlar metaforası…) yaddaşla bağlı olması, insan həyatının dərin qatlardakı qüssəsi, bəzən özünə də bəlli olmayan narahatlığı, əslində əşyaların, yaddaşla bağlı artefaktların içinə sığınır. Fransız strukturalisti Bodriyarın “Əşyalar sistemi” kitabında bu məsələyə, yəni artefaktın ikincili işarə sistemi olmasına maraqlı baxış sərgilənib. Artefakt insan həyatı barədə yaddaşla bağlıdır. Təzə və köhnə əşya hekayədə insanın içində özü və başqaları ilə mübarizəsini də göstərir. Diqqət edilərsə, bu hekayədə daxili səs (soyuducu ilə, qəhrəmanın özü ilə, qızıyla) bütün gücü və parlaqlığı ilə ifadə edilir. Əşyalar qəhrəmanı indidən keçmişə aparır, indidən gələcəyə yollayır, torpaqlar işğal edildiyi üçün keçmiş həm donuq, həm də həyəcanlıdır, o təkcə zaman yox, insanın daxilindəki hər şeydir, məsələn nəsildən nəslə keçən, cehiz kimi verilən qablar, sənə yad hissdən xilas olmaq üçün təzə soyuducunun üstünə ləyənlərin düzülməsi… Həm də o həyəcanlı, hər şey olan keçmişi diriltmək, qaytarmaq cəhdidir. Bu mənada Samirənin hekayədə qoyduğu, nişanladığı detallar çox mənalı və çox funksiyalıdır. Onun “Eybəcər” hekayəsindəki keçmişə aid köhnə modalı əşyalar satılan dükan, qəhrəmanın şalvarın qıçında güllə yeri axtarması… yenə də keçmişdən təşrif gətirən əşyaların insan ruhunda bilinməyən qatların oxunmasına xidmət edir.

Samirənin əksər yazılarında bu hal – keçmişə dialoq, daha çox isə keçmişə baxıb, onun nəfəsini dinləyib susmaq təyinedici funksiyadadır.

Yəni, hekayəni quran mexanizm həmişə Samirədən bir addım irəlidədir. O, diktə ilə yazır və bu bir ömürdə nadir hallarda baş verə bilər. Həm də insanın ən ağır halında, dərdlərə dözmədiyi məqamlarda… Amma və lakin… Torpaqlar, elə Samirənin uşaqlığının keçdiyi Cəbrayıl işğaldan azad olunduqdan sonra o yerlərə iki, ya üç dəfə səfər etdi, evlərinin uçulub dərd heykəli kimi qalmış yerini tapdı, uşaqlıqdan qoyub (qurub!) gəldikləri saat haqqında yazdıqları və ümumən səfər təəssüratları ona qədər yazdığı hekayələrindən fərqlənirdi, saatın əqrəbləri çoxdan dayansa da, içindəki mexanizm işləyirdi…

Əslində, hekayə nədir? İnsanlar bunu niyə yazır, niyə bir-birinə danışırlar? Yazılmayan hekayələr, danışılmayan nağıllar da var. Nağılın hər dəfə danışılması onun yeni doğuşudur, bu eyni zamanda başqa birisinin təhkiyəsində, əhvalatı danışmaq və çatdırmaq tərzində boy göstərən, hər təsadüfdə dünyanın, nağılı danışan və dinləyənin, onların yan-yörəsindəki hər şeyin içindən səssizcə keçən, elə buna görə də hər şeydə “barmaq izini” qoyan sirdir, özü də gec-tez faş olacaq bir sirr…

Bir hekayəçi kimi Samirənin missiyası bu sirləri qorumaqdır, ona işarə etmək, onunla dərdləşməkdir. Bu kitabdakı bütün hekayələrdə həmin “danışılmayan” sirrin barmaq izlərini asanca görə biləcəksiniz. Yazılan, amma açılmayan sirlər…

    Professor Cavanşir Yusifli

“SOYUDUCUMUN KÖLGƏSI”

Dünən gecə ayaqlarımı sürüyə-sürüyə, yorğun-arğın bir az da deyinərək çarpayıya sərilib yatdığımı yaxşı xatırlayıram. Amma indicə, lap qulağımın dibində eşitdiyim səs həm yuxudan kənarda, həm də yuxunun içindədir.

– Ana, bu yumurtalar donub!

– …

– Ana, eşidirsən, donub e, bu yumurtalar.

İlahi, hansı yumurtalar, nə donmaq? Yuxulu düşüncələrimin qaranlığında çək-çevir edirəm. Qəfildən elə yumurtanın sarısı kimi sapsarı günəşin işığı kirpiklərimin arasından gözlərimə süzülür.

Rayondakı evimizin həyətindəyəm. Atamın toyuq-cücə hininin qarşısına səpələdiyi yaşıl soğan, göyərti qıçalarını yeyib bitirən toyuqlar pətənəkləri tox halda şeşələnə-şeşələnə gəzişirlər. Tox olduqları üçün heç biri o birinin təpəsini dimdikləmir. Toyuqların yaxınlığında qolları, qılçaları köklükdən qat bağlayan qızım dayanıb. Amma o, indiki yaşında yox, uşaqlıq çağındadır. Ağ biserli donunun əhatəli ətəyi onu bir az da toppuş göstərir. Qızım yerə dağılmış yumurta sarısına, bir də əlində bərk-bərk tutduğu salamat yumurtaya baxıb deyir:

– Ana, bu yumurtalar donub.

Yaxınlaşıram. Qızımın əlindən yerə düşüb sınan yumurtanın sarısına baxıram. Haqlıdır. Yerdəki yumurta ağının üzərində xırda buz kristalları günəşin şüalarında bərq vurur. Qızım əlindəki yumurtanı da mənə tərəf yaxınlaşdırır:

– Buna əlini vur, bu da buz kimidir.

Donmuş yumurtaları yumurtlayan toyuq bir kənarda büzüşüb qalıb. Əlimi qızımın mənə doğru uzatdığı yumurtaya toxundururam. Üşüyürəm, canımı soyuq alır. Gözlərimi açıram.

Ağ tavan düz üzümə zillənib. Divarlar həmin divarlardı. Səhər yenicə açıldığından dənizdən əsən sərin meh çılpaq qollarımı üşüdür. Qollarımı tez adyalın altında gizlədirəm. Gözlərimi yummaq istəyəndə qızımın səsi yenidən eşidilir:

– Ana, bu yumurtalar donub!

Axı yumurtalar yuxuda qalmışdı. Gözümü açıb başımın üstündəki həmişəki tavana baxdığımı da dəqiq xatırlayıram. Səs yenə də dinc dayanmır. Çevrilirəm. Qızım əlində tutduğu boşqabı mənə tərəf uzadır. Boşqabın içərisinə çırpılmış iki yumurta sarısı bir-biri ilə qol-boyun olub, ağır-ağır ləngərlənir.

– Bu yumurtalar donub e. Mən indi nə bişirim?

– Necə yəni donub?

– Donub da. Baaax.

Boşqaba bir də nəzər yetirirəm. Doğurdan da, yumurtaların ağı bir az bərkiyib. Deyəsən, soyuducumun şaxtası bu dəfə də bütün ərzaqlarımızı dondurub.

– Bir az gözlə, donu açılsın, sonra bişir, ye.

Qızımın aclığa dözümsüz səsi otağı bürüyür:

– Axı mən acmışam…

– Onda elə bişir. At tavaya “qlazok” elə.

Özüm isə yataqdan qalxıb, ayaqyalın, başıaçıq on beş illik soyuducumun üstünə hücum edirəm. Lap bar verməyən ağaclar kimi ona hədə-qorxu gəlməyə başlayıram. Bircə əlimin baltası kəmdir.

– Sən yenə bu kasıbın hər şeyini dondurdun?! Alıb içinə nə qoyuruqsa, ya xarab edirsən, ya da dondurub, heçə çıxarırsan. Səni tezliklə burdan rədd edəcəm. Lap elə bu gün səninlə olan haqq-hesabımızı çürüdəcəyik.

Başı “qlazok” bişirməyə qarışmış qızım, mənim soyuducu ilə apardığım “müharibə”mə baxır, öyrəncəli halda gülümsəyir.

Günün ən aktual mövzusu soyuducunu yeniləməkdən ibarət olur. Biz daha köhnə soyuducunun əllaməlikləri ilə bacarmırıq, evə yeni soyuducu alınmalıdır.

Başına torpaq qalanası on beş illik soyuducumuzun üstünə üç dəfə şəhərin ən yaxşı ustalarını gətirmişik. Kalan da xərcimiz çıxıb. Amma o özünə yığışmayıb ki, yığışmayıb.

Beləliklə yekdil qərar verilir. Kreditə, lap ac qalmaq bahasına olsa da, yeni soyuducu alınmalıdır. Müxtəlif təkliflər səslənir, telefon bağlantısı ilə anam “canlı yayıma”, müzakirələrimizə qoşulur:

– Alırsınız, bir dəfəlik yaxşısını alın. Bir az da mən kömək edərəm. Amma yaxşısı olsun.

Gəlinimiz anamın böyürəndən yarı ciddi, yarı zarafat xəttə girir:

– Üstü açarlı soyuducular da var. Ağzını bağla, açarını da at cibinə.

Hamı bir-birinə baxır. Təbii ki, bu qərar qəbul olunmur. Bizə qıfıllı soyuducu lazım deyil. Soyuducumuzda qızıl balıq bəsləmirik. Nəyimizə lazımdır açarlı soyuducu?!

Nəhayət yeni soyuducu iki gündən sonra zülm-zillətlə beş mərtəbə yuxarı qalxır. Əllər üzərində bəh-bəhlə evin dəhlizinə qoyulur. Hər şeyi donduran, bizi ac-susuz qoyan, hörmət-izzət qanmayan soyuducu isə eyvana atılır. Ona bu da azdır! O heç doğranıb ulduz olmağa da layiq deyil. Hələ yatıb-durub şükr etsin ki, onu dəmiralanlara satmamışıq.

Artıq köhnə soyuducunun yerini tərtəmiz silib süpürmüşəm. Onun paslı ayaqlarının izini də “atestonla” aparmağa nail olmuşam. Qoy bu qoca əbləhin izi də qalmasın. Bir saatdan sonra isə mətbəxin podimunda nəhəng, par-parlayan soyuducu özü üçün cilvələnir.

Bir gün keçir. Soyuducumuz yavaş-yavaş özünə yer edir. Onunla bağlı oradan-burdan müxtəlif əfsanəvi fikirlər cücərməyə başlayır. Sən demə bu soyuducu əti, balığı, meyvəni lap bir il də təzə saxlaya bilirmiş. Bacım qaranəfəs xəbər yollayır ki, yaxşı baxsın soyuducunun qapısının içərisində suyu sərin saxlamaq üçün balaca “bak” olmalıdır. İki, üç litr suyu ora boşaldandan beş dəqiqə sonra olur buz kimi.

Qapını açıb diqqətlə baxıram, gözümə qapının içərisinə vurulan ağ plastmasdan başqa heç nə dəymir. Gəlinimiz yenə xəttə qoşulur:

– İndi alça, gilas, ərik vaxtıdır. Yığ, qoy, buz yerindəki qabın içərisinə. Qışa qədər necə var, elə də qalacaq. Ləzzətlə yeyərsiniz.

Ardınca da əlavə edir:

– Nə qədər bacarırsan, o qədər çox yığ.

Soyuducunu açıram. İçərisindəki süd kimi parıltı gözümü qamaşdırır. Bu qədər yad təzəliyin içərisindən doğma köhnəliklər də boylanır. Nənəmin anama, anamın da mənə cehiz verdiyi yağ kasası, on beş, iyirmi illik mürəbbə bankaları, anamın Cəbrayıldan Bakıya qədər gətirib çıxardığı pendir qabı xeyir şər məclislərində hər cür təzəliyə qarşı etiraz edən ağbirçəklər kimi yan-yana düzülüblər. Soyuducu da sanki onları özündə saxlamağa minnət edir. Amma məndən çəkinir.

Qapını örtürəm. Bir az mətbəxdə var-gəl edib dəhlizə çıxıram. Hiss edirəm ki, mətbəxlə dəhliz arasındakı məsafədə nə isə yerində deyil. Soyuducunun duruşunda qəlbə narahatlıq gətirən nəsə var. Bir, neçə addımdan sonra tapıram. Kölgə! Soyuducumun kölgəsi hər tərəfi bürüyüb. Mətbəxin pəncərəsindən düşən işığın da qarşısını alıb. Tədbir görmək isə az qala mümkünsüzdür. Bir neçə gün ötür. Nəhəng kölgə yaratdığı qaranlıqla yeni məkanına uyğunlaşır. Boz rəngli soyuducumun özü ilə gətirdiyi soyuqluq, kölgə məni ondan uzaqlaşdırır. Onun zadəgan görünüşünün, varlı sanbalının qarşısında bizim təmirsiz evimiz, yerə sərilmiş nimdaş xalça-palazımız, çox kasıb görsənir. Bu mənzərəni ədalı soyuducumuza bağışlaya bilmirəm. Yəqin elə bu cür düşüncələrə qapılmayım deyə heç vaxt varlı qohumlarımızın, tanışlarımızın evinə qonaq getməmişəm. Hər tərəfin var-dövlətin yaratdığı zənginliklə bəzənməsi həmişə qəlbimi sıxıb. Zvyagintesvin az qala bütün filmlərində burjuaziyanı, kapitalizmi simvolizə edən bu boz rəngli interyer məhz bunun üçündür. Görünür rejissor tamaşaçıya həmin cansıxıcı ab-havanı rənglər, əşyalar vasitəsi ilə çatdırmaq istəyir. Hələ “Elena” filmindəki otaqların, mətbəxin dizaynı ilə ərini övladına görə zəhərləyən qadının qəlbindəki düşüncələr necə də həmahəngdir.

Beləliklə köhnə soyuducudan yaxa qurtarsam da, təzəsi ilə də yollaşmıram. Xeyli narahatlıq yaradan soyuducunun təzəliyindən, bozluğundan xilas olmağın müxtəlif yollarını axtarıram. Əvvəlcə mətbəxin işıqlarını artırıram. Daha sonra köhnə soyuducunun üzərindəki yapışqanları gətirib yenisinin üzərinə vururam. Hətta onun üzərinə qoyduğumuz ləyənlərə də yeni soyuducunun başında yer edirəm. İçini günlərlə silib təmizləmirəm. Qoy ilk günlərdə özü ilə gətirdiyi o parlaqlıq, təzəlik solub getsin, yox olsun! Bəzən gec-gec işlətdiyim ərzaqları onun içərisindən çıxarıb, köhnə soyuducuya daşıyıram. Daşıdıqca da yeni soyuducuma yandıq verirəm. Bəs nə bilmişdin?! Biz köhnə adamlarıq e, sənin bizə gücün çatmaz!

Dan yeri söküləndə günəşsiz pəncərədən mətbəxə dolan qaranlığın yanında soyuducumun kölgəsi öləziyərək tamam yoxa çıxır. “Təbiətin möcüzəvi kölgəsi qarşısında insan əlinin yaratdığı kölgə çox acizdir” – deyə, düşünüb, xeyli təsəlli tapıram.

SATURASIYA

Yuxudan kürəyimin ağrısına oyandım. Gecədən yatağımda qalan telefonun dəstəyini belimin altından sürüşdürüb bir kənara qoydum. Anamın sonuncu göstəriciləri içimdəki ümidsizliyi daha da artırmışdı. Hava yavaş-yavaş işıqlanırdı. Daha bir günüm anamla bağlı təlatümlü xəbərlərin fonunda keçəcəkdi. Onun reanimasiyada verdiyi ölüm-dirim savaşı üçün qardaşım, bacım – bütün qohumları dua edirdi. Bircə mən dua etməyi unutmuşdum. Uzun illər idi dua edə bilmirdim. Buna heç vaxt da tapmırdım. Amma yox, içimdən dua etmək, inanmaq keçsəydi, bəlkə də edərdim. Yalnız ən çətin vaxtlarda allahı xatırlayırdım. Anamın xəstəliyi, əcəllə mübarizəsi hələ mənə tam çatmırdı. On altıncı gün idi ki, onsuz da rahat olmayan həyatım pozulmuş, günlər, həftələr həkimlərlə, tibb bacıları ilə danışmaqla, saturasiya, nəbz, təzyiq, intubasiya, oksigen dəstəyi kimi sözlərlə keçmişdi.

Telefonu və sürüşüb yerə düşmüş dəftərcəni götürüb o biri otağa keçdim. Saat 7 idi. Neçə gündən bəri əzbərimdə qalan nömrəni yığdım. Dəstəkdən tanış operatorun səsi, daha sonra günlərdir qulağımı yağır edən o mahnı səsləndi. Mahnının hansı bəstəkara aid olduğunu tapa bilmirdim. Bir dəqiqəyə musiqi kəsildi. Məlumatçı qadının səsi eşidildi:

– Alo.

– Salam! Xəlilova Rəfiqənin göstəricilərini deyərdiniz…

Səs yoxa çıxdı. Bir, iki, üç, dörd, beş, altı, yediii… Yeddinci saniyədə cavab gəldi:

– Siz xəstənin nəyisiniz?

Vəssalam. Yeddi saniyəlik sükut və verilən sual! Heç yaxşı deyil. Heç. Nəsə baş verib. Ölüb? Yooox! Ola bilməz! Axı niyə ölməlidi? Bilmirəm…

– Qızıyam.

Yenə sükut. Bu dəfə daha qısa. Bir, iki, üç…

– Rəfiqə xanım rəhmətə gedib. Axır qəminiz olsun.

Dəstəyi yerinə qoyub sakitcə otururam. Otaqdakı sükut qulaqlarımı deşir. Ağlamıram. Dincəm. Amma içimdə sürətli sorğu-sual başlanır.

Ömrün boyu qorxa-qorxa bu xəbəri gözlədin. Bunu da eşitdin. Bu da baş verdi. Bundan o tərəfə nə olasıydı ki?! Gec-tez bu xəbəri də alacaqdın.

Anamla davalarım yadıma düşür:

– Sən yorğan-döşəyə düşsən, gəlib sənə baxmayacam.

Doluxsuna-doluxsuna deyir:

– Allah məni sənə möhtac eləməsin. Quş kimi bir gecənin içində uçum gedim.

Arzusuna çatdı. Bir gecənin içində getdi. Amma yox, bir gecə deyil, on altı gecə idi getmək istəyirdi. Sinəsinə, ağzına, burnuna, taxılan aparatlar, əllərinin üstünə sancılan ucu iti iynələr buna imkan vermirdi.

Həkimini qınayıram. Günlərdir üzünü görmədiyim anamın son şəklini ondan istəmişdim. Göndərməmişdi. Qorxdu, amma israrla dedi ki, ananıza nəsə olsa, sizdə ağır təəssürat qalacaq.

İndi bir-bir hamıya xəbər vermək lazımdır. Qardaşıma, bacıma, xalama, dayılarıma… Çox zəhmət çəkməyəcəkdim. Səhər zəngi onsuz da xeyrə işarə deyil. Qulağı səsdə olan qohumlardan hansına zəng vursam, hər şeyi biləcəkdilər.

Deyəsən, bir dəqiqə səssiz-səmirsiz qaldım. Amma sonralar oğlum dedi ki, dörd-beş dəqiqə hərəkətsiz bir nöqtəyə baxıb dayanmışam.

Ayağa qalxıb o biri otağa keçdim. Mobil telefonla ona zəng vurdum, “Evə gəl” – dedim. O da bir kəlmə ilə “yaxşı” cavabını verdi. Elə bil zəngimi – sinəmdən çıxan boğuq səslə “evə gəl” deməyimi gözləyirmiş.

Eyvana çıxmaq istəyəndə gördüm, oğlum lap əvvəldən kölgə kimi yanımı kəsdiribmiş. Xəbəri ilk aldığım andan. Bəlkə, ona görə ağlaya bilməmişəm? Eyvana çıxanda, o da mənimlə gəlmək istəyir. Çiynimlə sinəsindən itələyib, üstünə qışqırıram:

– Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız!

İlahi, bu qədər həngamənin içində Cəbrayılın alınması haradan ağlıma gəldi?

Eyvana çıxıram. Dənizin kənarında tək-tük adamlar gəzişir. İki balıqçı tilovu suya atıb gözləyir. Yavaş-yavaş külək əsir, günəş buludların arxasında daldalanır. Həyəti süpürən qadın həmişəki kimi ağız-burnunu bərk sarıyıb, həvəslə işə girişib. Bir həftə əvvəl ipdən düşən köynəyim də əynindədir. Halbuki, iki gün əvvəl köynəyi ondan xəbər almışdım.

– Suğra xala, bəlkə, aşağıları süpürəndə mənim köynəyimi görəsiniz?

– Yox, yox, nə danışırsan? Heç bir köynək görməmişəm.

İnsafən süpürgəçi arıq olduğu üçün köynək ona məndən yaxşı yaraşır. Otağa qayıdıram. Artıq qızım da yuxudan oyanıb. Matdım-matdım üzümə baxırlar. Paltarımı geyinib yatağa uzanıram. Uzanıqlı vəziyyətdə əvvəl gəlinimizə zəng vururam. Gəlinin “vayyy!!” nidası yadımdadır. Sonra bacımın ərinə zəng edirəm. Səsindəki qorxu və dəhşəti içini çəkir:

– Dayan, dayan, eşitdi – deyib, telefonu kənara atır. Bacımın səsinə telefonu bağlayıram.

Xalama nə isə uydururam:

– Vəziyyəti ağırdır, evə gətirəcəklər.

İçindəki hıçqırıqla birgə udqunur. Dəstəyi qoyur.

Ondan sonra kimlərlə danışdığım yadımda deyil. Otaqda sanki məndən başqa da bir adam var. Danışıram, susuram, tavanın, divarların üzərində bir yer tapıb zillənirəm. O isə qulaq asır, müşahidə edir, vəziyyətdən çıxmağa can atır.

Anamın həkiminə, hər gün əlaqədə olduğum tibb bacısına zəng vururam. Heç biri telefonu götürmür. “Bilirlər” – deyə, öz-özümə düşünürəm. Axı onlar neçə gündür mənə az qala anamın ölüm xəbərini verirdilər:

“Heyf, kaş intubasiya olunmazdan əvvəl bilərdik”.

“Ora girəndən sonra çıxmaq çox çətindir”.

“Ananızın bir faiz ümidi qalıb”.