banner banner banner
Mənim üçün qızılgül
Mənim üçün qızılgül
Оценить:
Рейтинг: 0

Полная версия:

Mənim üçün qızılgül

скачать книгу бесплатно


İş yoldaşlarıma xəbər verirəm. Səhər saat 8-də xəbər hər tərəfə yayılır.

Sınıq-salxaq taksi elə bil yol getmir, addımlayır. Niyə mən mənzil başına, o xaraba qalmış modula çatmıram axı. Onunla dalaşıram.

– Yaxşı taksi çağırmaq lazım idi. Bununla biz beş saata gedib çıxarıq. Atan ölsəydi, belə gecikməzdin!

Təmkinlə cavab verir:

– Sənə elə gəlir, 120 ilə gedirik.

Həmin yoldur. Dəyişən heç nə yoxdur. On bir il əvvəl atam dünyasını dəyişəndə də (hə, dünyasını dəyişəndə, bu söz daha yaxşı səslənir) bu yolu getmişdim. Onda da arxa oturacaqda maşının sağ tərəfində oturmuşdum. Onda da ağlamırdım. Bu nə arsızlıqdı axı? Anan on altı gün xəstəxanada yatsın, on gün komada qalsın, zülm-zillətlə can versin, sən də üzünə durub ağlamayasan!

Zığa, modul tipli xəstəxanaya çatıb maşından düşəndə külək yerdəki sapsarı qumu başımıza sovurur. Qardaşımın qızarmış gözlərini görürəm. Qəzəblidir. Ağlamamaq üçün üz-gözünü turşudub, özünü hirsli göstərməyə çalışır. Mən qohumlarımızla danışıram. Məsləhətlər verirəm:

– Siz gedin, qəbir məsələsini həll edin. Biz meyiti götürək.

Meyit? Öz sözümə, səsimə özüm diksinirəm. Əynimdəki boz palto, başımdakı tünd bənövşəyi yaylıq və dağınıq saçla özüm-özümə anamı xatırladıram. Yadıma gəlir, dayılarım, xalalarım öləndə anam da belə edərdi. Ağlayıb, ürəyini boşaldandan sonra belini bərkidib, işə başlayar, məclislərinin yaxşı keçməsi üçün əlindən gələni edərdi. Başında həmişə yaylıq olardı. Çiyninə düşən kimi çəkib yenə başını örtərdi.

Özümə kənardan baxıram. Qəfildən yaddaşım işə düşür. Anam uzaqdan – Razin “talkuçka”sının yanından əlində iki ağır çanta ilə mənə doğru gəlir. İldırım vurur məni! Axı çoxdan olmuşdu bu, lap çoxdan. Onda uşaq idim. On altı yaşım yenicə tamam olmuşdu. O qadın, anam ağır çantalarla məndən xəbərsiz mənə tərəf gələndə, mən bakılı qrup yoldaşlarımla deyə-gülə evə gedirdim. Anamın əlindəki çantalar, onun bazara mal aparması mənim şəstimə toxunacaqdı. Alverçi qızı olduğumu bilməməliydilər. Onu görən kimi dərhal qızlarla sağollaşıb az qala qaçaraq uzaqlaşmışdım. Marşruta minib bir dayanacaq gedəndən sonra gözlərim dolmuşdu. Mən bilirdim, anam o çantaları nə üçün daşıyır, qaçqınlıqdan sonra hansı məhrumiyyətlərə dözür? Marşrutun növbəti dayanacağa çatmasına dözməyib yarı yolda düşmüşdüm. Anamı qoyub qaçdığım yerə gəlmişdim. Hər tərəfi, bütün yol ayrıcını ələk-vələk eləmişdim. Hətta, mal verdiyi alverçilərin yanına getmişdim. Ancaq o heç yerdə yox idi. Yoxa çıxmışdı. Evə gələndə, onu sobanın yanında çay dəmləyən gördüm. Məndən əvvəl çatmışdı evə. Əlindəki çantalar qapının ağzında idi. Amma vallah, bu çoxdan olmuşdu, lap çoxdan. İndi haradan gəlib düşürdü yadımda. Hətta gözümə görünürdü.

Modulun dəmir qapısında bizi iki hərbçi qarşılayır:

– Meyitlər burdan bir az aralıdan – axırıncı qapıdan verilir.

İşgüzar addımlarla maşına əyləşib onlar deyən yerə gedirik. Geniş ərazidir. Palçıq qarışdıran maşın gurultulu səs çıxarır. Ətrafda çoxlu kağız sement kisələri var.

Mühafizəçi bizə yaxınlaşır:

– Bu gecə beş xəstə ölüb. Bir azdan hamısını çıxarıb, Sabunçuya morqa aparacaqlar. Qara maşınlardı. Gözləyin, sizinki hansı maşında olsa, ona yaxınlaşarsınız.

Külək yenə toz-torpağı göyə sovurur. Ətrafdakı düzəngahda qurumuş kollar küləkdən kirpi kimi yumulub açılır. Ağzımdakı maskanın tini burnumun üstünü didir. Başım ağrıyır, gözlərim göynəyir. Telefona baxıram. Votsapdan nə qədər mesajlar gəlib. Adamlar haradan bildilər? Öz-özümə düşünürəm. Sayta girib baxıram. Başsağlığı veriblər. Oradan oxuyub hamı.

Yarım saat keçir. Uzaqdan iki qara maşın görünür. Tez irəli atılırıq. O, sürücülərə yaxınlaşıb xəbər alır. Sürücü ilə nə isə danışır. Sonra mənə yaxınlaşır.

– Morqa aparırlar. Sakit oturacaqsansa, keç əyləş o maşında, mən də o birisində, gedək. Ölü yiyələrinin bu maşınlara minməsinə icazə yoxdur, amma oğlan razılaşdı.

Keçib sakitcə sürücünün yanında otururam. Arxaya baxmağa qorxuram. Üz-gözünü saqqal basmış, 28-30 yaşlarında oğlan məyusluqla bizə baxır.

– Xanım, sakit olacaqsınızsa, gedək. Səs-küy salsanız, bizim üçün ciddi problem yarana bilər.

– Narahat olmayın.

Səsimdəki soyuqluq özümü də qorxudur.

İndi sakitlikdir. Oğlanın da min cür dərdi var. Göz yaşı canımın yorğunluğu ilə birgə yanağım boyu axmağa başlayır. Maskam islanır. Yolu yarı edəndə, geriyə çevrilib sürücünün arxasında zamoklu sellofanın altında yırğalanan meyitə baxıram. Anam bu qədər kök deyildi axı.

– Qarabağlısınız? – Sürücü soruşur.

– Hə – sakit cavab verirəm.

– Mən də Ağdamlıyam.

– Haradan bildiniz, Qarabağlı olduğumu?

– Ölənin kağızında yazılır…

Şüşənin qarşısına qoyduğu kağızları mənə uzadır. Biri anamın epikrizidir. O biri anamdan üç yaş böyük olan başqa bir qadının.

– Maşında iki meyit var? – sürücüdən soruşuram.

Başı ilə təsdiq edir. Arxaya bir də çevrilirəm. Bu dəfə yerimdən bir az da qanrılıram. Öz oturacağımın arxasında daha bir zamoklu sellofan var.

Anamdır!

Onun bədən quruluşudur. Əti də bərkdir, qarnının üstü yırğalanmır. Çökmüş, yorulmuş bu bədən anamındır. On altı gündə canını qoymağa yer tapmayan anamın…

Maskam daha çox islanır.

Onu morqa təhvil veririk. Anamgilə gedirəm. Taksiyə öz evimin ünvanını verirəm. Sahil metrosunun yanına çatanda o zəng vurur.

– Hardasan?

– Sahil metrosuna çatıram.

– Orda nə işin var?

– Evə gedirəm, xalça, ipək gətirməyə.

– Telefonu ver sürücüyə.

Nə isə danışırlar. Sürücü istiqaməti dəyişir. Anamgilin həyətində təcili yardım maşını var. Evə çatmamış pilləkənlərdə bacımın qışqırığını eşidirəm. Tibb bacısı ilə həkim başını bulaya-bulaya yanımdan ötüb keçir. Evə girən kimi bacım qolundakı pambığı yerə atıb, üstümə şığıyır.

– Səni də allah öldürsün, Nicatı da! Bəs deyirdiniz, heç nə olmayacaq! Bəs deyirdin, çıxacaq vəziyyətdən! Hamınızı allah öldürsün! Aparıb arvadı basdınız o xarabaya.

Qohumlar qolundan tutub onu divana uzatmaq istəyirlər. Əllərindən çıxır. Anamın on altı gündür boş qalan yatağına sərilir.

– Boşdu e… bu kravat! On altı gündür boşdu!

Ona yaxınlaşıram. Bədənindəki hikkəli enerji məni itələyir. Bir neçə dəfə cəhd edirəm. Saraltmaqdan yanıb codlaşmış saçlarını sığallayıram. Əlim üzünə toxunur. Lazerdən sonra təzə-təzə çıxan tüklər əlimə batır. Hamı üz-gözünü lazer etdirdi, məndən başqa deyə düşünürəm:

– Qulaq as! Sakitləş! Səni aparacam morqa. Son dəfə görəcəksən. Sakitləşməsən, getməyəcəksən.

– Gedirəm, gedirəm – deyib, ayağa qalxır. Uzun gödəkcəsini axtarır.

Evdəkilər him-cim edirlər.

Xalam deyir:

– Hara aparırsan, gedib orda konsert verəcək.

Doğrudan, morqa getmək haradan ağlıma gəldi? Onun sakitləşməsi məni ürəkləndirir:

– Bax orda sakit olacaqsan. Olmasan, cənazəni bizə verməyəcəklər. Sabaha qalacaq. Bəlkə də, birisi günə…

Cavab vermir. Qapını açıb pilləkənləri cüt-cüt düşür.

İki saatdan sonra hər şey bitir. Qara maşın həyətimizə girir. Molla Quran oxuyur. Adamlar gendən dayanıb ağlaşır. Onu götürüb aparırlar. Bu da son. Bitdi. Getdi. Bir də qayıtmayacaq. Bu həyətdəki oturacaqlarda oturmayacaq. Qadınlarla tum çırtlaya-çırtlaya söhbətləşməyəcək. Nəvələrini həyətə düşürüb, bizi düşünməyəcək. Baxışlarını uzaqlara dikib taleyinin bəd gəlməsinə, çəkdiyi əziyyətlərə təəssüflənməyəcək.

…Boynunu bir azca sağa büküb atamın şəklinin yanından bizə baxır. Qırx gün keçib, hava həmənki gün kimi soyuqdur. Hamı başdaşına sarılıb ağlaşır. Bir mən, mən başıbatmış məzarın kənarında dayanmışam. Yenə boz palto əynimdə, tünd göy, məxməri yaylıq başımda. Yenə anama oxşayıram. İndi daha çox oxşayıram. Gözüm xalamın ərinin burnundakı ziyilə sataşır. Xalamın saatsaz əri illərdir bu ziyillə mübarizə aparır. İki dəfə həkimə kəsdirib, bir neçə dəfə də özü sapla sıxıb atıb. Amma bax yenə çıxıb. Burula-burula, gül kələmi kimi yenidən bitib.

– Qırx gündür balalarından ayrı burda nətər yatırsan, aaazz?!

Xalamın səsinə diksinirəm. Gözümü onun ərinin ziyilli burnundan çəkirəm. “Yasin” bitən kimi məzardan uzaqlaşırıq. Qəbirlərin arasından birinci çıxan mən oluram. Üşüyürəm, maşına tərəf qaçıram. Maşının qapısına çatanda geri boylanıram. Qəbirlərin arasından boynunu sağ çiyninə tərəf əyib mənə baxır.

Gedirəm. Getməliyəm. Bura qədər idi. Burdan o tərəfi boşluqdur. Özün də bilirsən. Daşdan, mərmərdən necə yapışıb sızıldayım, daşdan, torpaqdan səni nə deyib soruşum? Sən orda deyilsən axı. Boynunu bükmə, elə baxma. Bu uzaqlıqda, bu qədər qəbrin içində məni necə tapdın axı?

Dinləmir. Eləcə boynunu büküb baxır. Maşına əyləşirəm.

Qardaşım maşını işə salır. Şüşələrin üstünə xırda-xırda yağış damcıları düşür. Boynubükük şəklin üstünə də. Yağış gücləndikcə mərmərdəki şəkil də solğunlaşıb yoxa çıxır.

AÇILMAYAN ÇƏTIR

Günlərlə davam edən yuxusuzluq məni o qədər əldən salmışdı ki, guppultu ilə döşəmənin üstünə yıxılan atamın səsinə, bacımın qara-qışqırığına belə ayılmırdım Anamın ayaq səsləri eşidildi. Deyəsən, bu gecə də yuxulamaq mənə qismət olmayacaqdı. Oyanıb özümü divara, qapıya çırpa-çırpa atamın otağına keçdim. Yazıq anam həmişəki kimi onu döşəmədən qaldırmağa çətinlik çəkirdi. Köməkləşib atamı birtəhər çarpayısına uzatdıq. O, məni gözləyirmiş kimi dərhal otaqdan çıxdı. Atamın illərdən bəri süzülüb-solan söyüşləri başlamışdı. Artıq bu qışqırıqlar, söyüşlər mənim üçün o qədər adiləşmişdi ki, elə bil heç nə eşitmirdim. Atama yaxınlaşaraq çırmanıb yuxarıya qədər qalxmış köynəyini çəkib qarnının üstünü örtdüm, ağzından köpüklənib sinəsinə axan suyu təmizlədim. Əllərimdən yapışıb bərk-bərk tutdu. Tezliklə hamını söyə-söyə yuxuya getdi. Atam tam yuxuya gedəndən sonra bacım otağa girdi, yavaşca mənim əlimi atamın əlindən aralamaq istədi. Atam o dəqiqə tərpəndi, göz qapaqları səyridi. Onun ayılacağından qorxub bacımı kənara itələdim. O donquldanmağa başladı:

– Belə özünə öyrəşdirirsən, sən işdə, növbədə olanda az qalır evi başımıza uçursun.

Sonra kinli-kinli atama baxıb – axır yatmağın olsun deyib – otaqdan çıxdı.

Atamın üzünün rəngi ağarmış, ovurdları içəri batmış, gözlərinin ətrafındakı, alnındakı qırışlar daha da çoxalıb, dərinləşmişdi. Xəstəliyinin bütün əzabları simasına sirayət eləmişdi.

Atam kardioloq idi. Əvvəllər təcili yardımda, sonralar isə özəl klinikaların birində işləmişdi. Hər şey atamdan yaşca çox balaca əmimin evlənməsindən sonra başlandı. Atam-gil iki qardaş idi. Onlar balaca olanda valideynlərini itirmişdilər. Əmimi atam böyüdüb, oxutdurmuşdu. Əmim isə nədənsə, yaşamaq üçün Moskvanı özünə məkan seçmişdi. Üç il bundan öncə atam onu yaxın qohumlarımızdan birinin qızı ilə nişanlayıb, toylarını etdi. Toydan sonra əmim qaçaraq Moskvaya qayıtdı. Biz onu heç cür geri qaytara bilmədik. Hər dəfə nə vaxt gəlirsən soruşanda cürbəcür bəhanələr gətirirdi. Beləcə beş aydan sonra atam onun qayıtmayacağını görüb Moskvaya getməli oldu. O gedən günün səhəri, əmim zəng vurub atamın insult keçirdiyini xəbər verdi. Biz bu hadisənin məğzini sonralar öyrəndik.

Moskvaya soyuq qış günlərinin birində qəfil çatan atam əmimdən xəbərsiz yaşadığı evə gedir. Qapını qucağında üç-dörd yaşında sarı oğlan uşağı tutmuş rus qadın açır. Atam əvvəlcə səhv gəldiyini düşünüb, geri qayıtmaq istəyir. Bu zaman həyat yoldaşının arxasından əmim boylanır. Atam biləndə ki, qardaşı illərdir rus qadınla evlidir, üstəlik, onların uşağı da var, əsəbiləşib geri qayıdır. Küçəyə çıxan kimi o başını tutub asfaltın üstünə yıxılır. Anam bir neçə günə özünü atama çatdırıb onu xəstəxanada müalicə etdirməyi bacarmışdı. Bakıya qayıdandan sonra bir neçə il heç nə olmamış kim sap-sağlam gəzib dolaşdı. İkinci dəfə insult keçirəndə isə həmişəlik yatağa düşdü. Danışıb gəzə bilməməyi, qəbul etdiyi dərmanların çoxluğu əsəblərini bir az da pozdu. Günlərimiz atamın söyüşləri, bacımın çığırtıları ilə ötüb keçirdi. Mən və anam bu vəziyyətə öyrəşmişdik. Öyrəşməyən bacım və qonşularımız idi. Günlər keçir, onun vəziyyəti daha da pisləşirdi. Evimizdə salamat qab-qaşıq, gözə dəyəsi əşya qalmamışdı. Atam hamısını sındırıb, dağıtmışdı. Dəfələrlə bacımla, anamla əlbəyaxa olub onları boğmağa çalışmışdı. Nəhayət günlərin birində qonşularımızın şikayəti, həkimlərin təkidi ilə atamı ruhi xəstəxanaya apardılar.

O gündən evimizdə çox şey dəyişməyə başladı. Anam ilk günlər sıxıntılı, fikirli dolaşsa da, sonralar pis günlərini unutmağa çalışdı. O, uşaq bağçasında tərbiyəçi işləməyə başladı. Atamın otağını təmir elətdirib, içinə təzə əşyalar aldı. İndi illərlə qapımızı açmayan qohum, qonşularımız tez-tez bizə qonaq gəlirdilər. Bacım rəfiqələri ilə şəhərə gəzməyə gedir, saatlarla evdə tapılmırdı.

Aradan beş ay keçdi. Bacım imkanlı bir oğlanla nişanlandı. Anam və bacım səylərini birləşdirib atamı oğlan evindən gizlədirdi. Bacım təzə qohumlarına atamın ağır xəstə olduğunu və yanına heç kəsin buraxılmadığını demişdi. Bir gün bacıma nişanlısından heç nəyi gizlətməməsini onun xəstəliyi barədə hər şeyi açıb nişanlısına deməsini təklif etdim. Sözlərim onu o qədər əsəbiləşdirdi ki, halı xarab oldu, bir neçə gün özünə gələ bilmədi. Anam isə dayanmadan qarama deyinirdi:

– O yazıqdan nə istəyirsən, niyə imkan vermirsən xoşbəxt olsun?

Bacımın narahatlığından özüm də pis olub, peşmanlıq hissi duyurdum.

O, keçmişindən qorxurdu, həm də lap çox. Sanki atam bacımın keçmişindən qoparılıb onun arxasınca atılan böyük bir daş parçası idi. O həmin daş parçasının gec-tez möhkəm zərbə ilə başına dəyib onu yerə yıxacağını hiss edirdi. Bunun üçün də bacım tez bir zamanda qara daşlı keçmişindən, keçmişinin izləri olan evimizdən və bizdən yaxasını qurtarmağa çalışırdı. Ancaq o bir şeyi unudurdu ki, keçmiş heç vaxt insanı tərk etmir. Çünki keçmiş gələcəyə bağlıdır. Dünyanın harasına gedirsən get, fərqi yoxdur, keçmişin ən vəfalı köməkçiləri olan xatirələr, yaşantılar, mütləq sənin qarşına çıxıb gözlərini qırpmadan sənə baxacaq. Nə qədər qəribə səslənsə də, keçmiş gözqamaşdıracaq qədər bəyaz olan parıltılı, atlas qadın libasının arxasından uzanan ətəyə bənzəyir. Libas hara gedirsə, getsin, ətək də onun arxasınca sürünüb gedir. Atlas daima gözqamaşdırıcı parıltısı və tərtəmiz bəyazlığı ilə insanların gözünü qamaşdırır. Ətək isə əksinə, daim nəzərə çarpmadan sürünür, toz-torpağa bulaşıb, ayaq altında qalır. Lakin bəzən də atlanıb önə keçir və sanki deyir, mənə yaxşı-yaxşı baxın, mən keçmişəm, unudub həyatınızdan qoparıb, atmaq istədiyiniz keçmiş.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)