
Полная версия:
Həya və Dəyər
O hələ də qanayan əllərinə vəhşi və anlaqsız bir nəzərlə baxdı. Doğrudan da dərin kəsilmiş yarasını yenidən cib dəsmalı ilə sarıdı. O indi bu payız günü Bislet yol ayrıcında dayanıb hara gedəcəyini bilməyən, tam qeyri-müəyyənlikdə olan bir insan idi.
Onun sivil cəmiyyətə əlvida deməsi faktı, işdən qovulması, və özünü bu aciz vəzəyyətə salması söz yox ki Elias Ruklanın həyat yoldaşını da kifayət qədər pərişan edəcəkdi. O düşünə bilmirdi bu səhnəni. Düşünəndə də gözünün qabağına yalnız həyat yoldaşının saysız hesabsız məsləhətləri, vəziyyətdən çıxış yolları, özünün isə uşaq kimi onun qarşısında durub yalnız çiynini çəkməsi gəlirdi. Arvadının adı Eva Linda idi. Bu izahedilməz gözəl qadını ilk dəfə görməsi, onunla tanışlığı bu ümüdsüz anlarında Elias Ruklanın gözünün önündən keçdi. Onlar tanışlıqlarından düz yeddi il sonra ailə həyatı qurmuşdular. İndi burada onun üçün həyatda hər şeyin bitdiyi bu tutqun payız günündə, Bislet dairəsinin yanında, içində gələcəyə olan ölçüyəgəlməz ümüdsüzlük fonunda həyatının keçmişini vərəqləmək istədi. Yaddaşı ona xəyanət etmədi. Gənclik, tələbəlik illəri, Eva Linda ilə Yohan Kornelusen ilə tanışlığı yağış çisələyən Oslo səhərində bir-bir yadında düşürdü:
İlk dəfə tanış olanda Eva Linda onun ən yaxın dostu sayılan Yohan Kornelusenin arvadı idi. 1960-cı illərin sonu idi. Onlar hər üçü gənc idi. Daha dəqiq desək Elias Ruklanın 30-a yaxın, cütlüyün isə 25-26 yaşları olardı. Elias Rukla sonradan can bir qəlbdə dost olacağı Yohan Kornelusenle 1966- cı ildə onların hər ikisi Oslo universitetinin Fəlsəfə fakultəsində oxuyarkən, Blinderndə (Oslo universitetinin kampusu və Universitete ən yaxın metro stansiyası) tanış olmuşdu. Elias Blindernə filologiyadan dərəcə imtahanını vermək üçün gəlmişdi. Eyni zamanda o əsas fənn kimi həm Norveç dilini həm də tarixi seçmişdi və tər tökərək Norveç dilindən öz buraxılış işini yazırdı. Xüsusi istedadı və intelekti ilə seçilməsə də bütün dərslərə girir, ümumi qrupdan geri qalmamağa və imtahanlardan kəsilməməyə çalışırdı. Elə Yohan Kornelusenlə də o fəlsəfə fakültəsində oxuyarkən tanış oldular. Yohan fakültədə seçilən tələbələrdən idi və indidən qarşısına magistr dərəcəsi oxumaq vəzifəsi qoymuşdu. Heç özləri də bilmədən bu ikili arasında münasibət getdikcə çox isti oldu. Onlar bir-birinə meyl salıb ayrılmaz dostlara çevrildilər.
Əslinə baxsan bu ikili çox fərqli idi. Çox. İstər dünyagörüşü, istər ictimai aktivlik, istər sosial düşüncələr baxımından. Hətta bu fərqlilik o qədər nəzərəçarpan idi ki, universitetdə onların bu möhkəm dostluğuna çoxları təəccüblənirdi də. Adamlar nə qədər bu iki fərqli oğlanın dostluğundan danışsalar da, iki eyni universitettdə təhsil alan cavanın tələbəlik illərində belə yaxınlaşma-sına çox təəccüblənmək də yersiz idi.
Elias Rukla ilk dəfə Yohan Kornelusene Vitganştayn haqqında olan mühazirədə fikir vermişdi. Onda həm bakalavr həm də magistr tələbələri birlikdə fəlsəfə fakültəsində bu maraqlı mühazirəni izləyirdilər. Elias Rukla yuxarı cərgələrdə oturmuşdu və birdən ucadan əsnədi. Mühazirənin ən maraqlı yeri idi, Yohan Kornelusen isə Vitqanştaynın ən tanınmış tələbələrindən olan mühazirəçiyə sual ünvanlamışdı. Sualı eşidən müəllim çox ciddi bir sifət alıb dərin fikrə getdi.
Düzünə qalsa iki məfhum arasındakı fərq soruşulan bu sual Elias Ruklaya tam adi bir sual kimi gəldi. Lakin mühaziərçi yenidən çox ciddi bir sima alıb düşünməyə başladı. O üzünü sual verən tələbəyə tutanda artıq 2-3 dəqiqə keçmişdi. Müəllim üzünü Yohana tutaraq onun sualnı izah etməyə başladı. Elə bu vaxt zəng vuruldu və bu auditoriyada mühazirəsi olan növbəti qrup tələbələr heç kimin çıxmasını gözləmədən sinifə axışdılar. Elə bu sual bəs elədi ki Elias Rukla anlasın ki, sual verən tələbə adi tələbə deyil və o özünü gələcəkdə də hələ göstərəcək. Artıq fakültənin özündə də ondan danışırdılar. İnsanlar bu istedalı tələbənin parlaq gələcəyinə artıq indidən demək olar ki, əmin idilər. Gör hələ Yohan Kornelusenin İmmanuel Kant haqqında yazacağı magistir işi necə böyük səs-küy yaradacaq. Həmin gündən bəri Elias Rukla onu fəlsəfə fakültəsinin yerldəşdiyi universitetin Niels Trexovs korpusunda (Oslo universitetində universitetin hər bir binası ölkənin, universitetin həyatında mühüm rol oynanayan şəxslərin adı ilə adlandırılıb) 9- cu mərtəbənin dəhlizlərində tez-tez görməyə başladı. Onu hər görəndə Elias Rukla düşünürdü: Onun təxminən həmyaşıdı olan bu cavan oğlan bir gün ölkənin ən tanınmış fəlsəfə xadimlərindən biri olacaq. Bir dəfə o gördü ki, Yohan Korelusen bir qrup tələbə ilə dayanıb nəyisə canfəşanlıqla müzakirə edir. Elias Rukla həm də bu tələbələrin ona necə göz qırpmadan diqqətlə qulaq asdıqlarına, ordakı qızların isə Yohan Kornelusene necə heyranlıqla baxdıqlarına fikir verdi. Onlar Yohanın dəlillərinə, arqumentlərinə diqqətlə qulaq asır və açıq-aşkar onun yanında olmaqdan qurur duyurdular. Bu tələbə yığınına deyəsən onun dedikləri qədər səs tonu da məftunedici təsir edirdi. Deyəsən müzakirənin ən qızğın vaxtı idi. Yohan Kornelusen isə fikrini çatdırıb qurtarmışdı. Tələbələrdən biri nəsə demək istədi. Elias Rukla başa düşmədi ki o Yohan Kornelusenə etiraz etmək istəyir ya onun dediklərinə nəsə bir əlavəsi var. Tələbənin nitqindən sonra hamının, xüsusən qızların nəzərləri yenidən gün kimi saçan Yohana yönəldi. Onlar bu tələbənin dediklərinə ondan ya etiraz ya da razılıq gözləyirdilər. “Deyəsən qızların belə marağı Yohana yaman ləzzət edir” Elias onlara tərəf baxa-baxa yenə öz-özünə düşündü. Yohan isə səsində və davranışında qətiyyən özündən razılıq əlaməti olmadan sözünə davam edirdi. Bu Elias Ruklanı biraz təəcbüləndirdi. Ona bu müzkirədə əsas Yohan Kornelusenin özünə əmin duruşu və üzündəki şən ifadə ləzzət etmişdi. O çox səmimi görsənirdi və müzakirələrə də açıq idi. Elias Rukla dəhlizdəki oturacağa əyləşdi. Başları qızğın müzakirəyə qarışan tələbələrdən bir qədər kənarda oturduğu üçün onların səsi artıq çox zəif gəlirdi. Bir anlıq ürəyindən bu elmi müzakirələrdə iştirak etmək, öz biliyini göstərmək, mübahisələrə qatılmaq keçdi. Dərhal da özü-özünü məzəmmət etdi. O axı hələ bakalavr idi. Onun belə elmi müzakirlərə qatılmağa savadı və cəsarəti yetərli idimi? Yaxınlaşsa onlara nəsə yeni bir fakt deyə biləcəkdimi? Bir qədər də keçdi. Qızğın müzakirə bitəndə və Yohan Korelusen iki tələbə ilə o oturduğu yerə tərəf addımlayanda o daxilində idarə edə bilməyəcəyi qədər böyük olan bir qısqanclıq duydu. Sadəcə ona görə ki Yohan Kornelusenlə birgə elə dəhlizdə addımlamaq faktı adamın həyatını necə zənginləşdirə bilərdi. Bir neçə gün sonra Elias Rukla yenidən bu skamyada oturmuşdu. Yohan Kornelusen isə dəhlizin o başından asta-asta addımlarla onun oturduğu yerə doğru gəlirdi. Yohan ağır addımlarla o oturduğu skamyaya yaxınlaşıb onun yanında əyləşəndə o Yohandan abır-həya etdi və donub qaldı. “Bəlkə siqaretin olar”? Yohan Kornelusen ondan soruşdu. Elias Rukla başını tərpədib siqaret qutusunu ona doğru uzatdı. Yohan ona uzadılmış qutudan bir siqaret çəkdi və dostcasına başını yelləyərək qutunu Elias Ruklaya qaytardı. Onlar beləcə yanaşı oturdular, Yohan astaca siqaretini sümürürdü. Heç biri danışmırdı. Nəhayət Elias dilləndi: “Nə əcəb sən fəlsəfə oxuyursan”?
Əvvəl Yohan Kornelusen Elias Ruklanın üzünü diqqətlə nəzərdən keçirdi, sonra onu iti baxışlarla və diqqətlə başdan-ayağa süzdü. Bu sualda iztehza və ya lağ etmə meyllərinin olmadığına tam əmin olduqdan sonra cavab verdi: “Bəs sən özun, sən nə əcəb fəlsəfə oxuyursan”? Bu suala Elias Rukla belə cavab verdi: “Mənə bu əsas fənn kimi lazımdır. Norveç dilindən buraxılış işi yazmalıyam. O vaxta kimi istəyirəm bütün akademik borclarımı bağlayam. Həm də bu fənn beynimə elə bil səliqə sahman gətirir”
“Hə, deməli əsas odur ki beyninə səliqə sahman, rahatlıq gətirir hə. Belə de!”
“Bəs yazı işini nədən yazacaqsan? – Yohan sorşdu, – İbsendən?”
“Hə, elə İbseni düşünürəm” – Elias cavab verdi.
“Dayan, dayan, – Yohan dedi, – səni mən Yakob müəllimin Vitqanştayn haqqındakı seminarında görmüşəm deyəsən”.
“Hə, orda olmuşam” – Elias Rukla dedi və Yohanın Vitqanştaynın, belə böyük tədqiqatçısının yalnız adını çəkməsinə, onunla köhnə tanışı kimi davranmasına təəccübləndi. Amma, allah tərəfi, bu onda çox təbii alındı. Yohan Kornelusenə çox güman ki İbsen və Vitiqenştaynın vəhdəti maraqlı gəlmişdi. Bəlkə də elə bu səbəbdən o Eliasa Frederikkeyə getməyi (Frederrike – Oslo universitetinində tələbə kafesi – red.) və orda oturub birlikdə pivə içməyi təklif etdi. Onlar Frederikkedə oturub bir-birinin ardınca pivə içdilər və söhbətləri çox maraqlı alındı. Hava qaralmağa başlayanda isə Yohan Kornelusen təklif etdi ki onlar Yordal Amfi hokkey zalına gedib, VİF- GİF qarşılaşmasına baxsınlar.
Onlar mart axşamının alatoranlığında Oslo küçələri ilə irəliləyirdilər. Sulu qar palçığa qarışmışdı. Onlar tramvaydan düşəndə narın yağış yağırdı. Mart küləyinin müşaiyəti ilə tərk edilmiş Oslo fermalarından keçib Yor-dal Amfi idman kompleksinə çatdılar. Bu hokkey zalı Oslonun şərqində yerləşirdi. Elias Rukla və Yohan Kornelusen 300-400 digər hokkey həvəskarı (Elias Rukla hokkey həvəskarı deyildi) ilə ayaqüstü tribunada öz yerlərini tutdular. Hokkey meydançası boz və sürüşkən idi. Rəngbərəng geyimləri ilə diqqət çəkən hokkeyçilər qoruyucu başlıqlara və ayaqlarındakı dəmir konkilərlə buz üzərində ora-bura elə məharətlə şütüyürdülər ki, sankı elə buz üstündə də doğulublar. Hokkey çubuqları, balaca, qara şayba. ( Şaybanı bu buz meydançasında izləmək Elias Ruklaya çox çətin idi). Hokkey maraqlı aləm idi: Buzu cızan hokkey çubuqlarının səsi, amansız toqquşmalar. Hokkey topu uğrunda gərgin mübarizə. Onlar az sayda olan GİF tərəfdarlarının arasında oturdular. GİF başqa sözlə “Qədim Şəhər” adlanan bu komanda Oslonun içərilərində, qədim şəhərdə yaşa-yanların komandası idi. Onlar indi enişdə olan amma tarixli, köklü bir klub idi. Digər komanda VİF isə Volerenqa adının qısaldılmış forması idi. Onlar Oslonun şimal-şərq hissəsini təmsil edirdi. İçəri Şəhəri təmsil edən komada hokkey aləmində son akkordlarını vururdusa, Volerenqanın heç şübhəsiz ki, irəlidə bir-birindən uğurlu illəri vardı. Əslən Oslodan olmayan, ölkənin şərq hissəsində yerləşən balaca bir stansiya şəhərindən olan Yohan Kornelusen təbii ki GİF-ə könül vermişdi. İndi isə o Elias Rukla ilə bərabər tribunadakı yerlərini alıb ürəkdən azarkeşlik edirdilər. O cibindən dəmir su qabını çıxartdı ( içində hər şey ola bilərdi), bir qurtum içib Elias Ruklaya təklif etdi, sonra isə yaxınlıqdakı bütün azarkeşlərə təklif etdi.
“Bir söz deyim amma heç kim bilməsin ha” O Eliasa dedi. “Mən hokkeyi futboldan daha çox sevirəm. Eşitdin nə dedim? Bax heç kimə haa!”
Eliasda bunun tam əksi olduğu üçün dostunun hokkeyi futboldan niyə bu qədər çox sevdiyini soruşdu.
“Səbəb çox sadədir! Ritm, sürətli temp” Yohan Kornelusen ciddi cavab verdi.
“Hokkeyin ritmi sənlə mənə daha uyğun gəlir” Yohan Yornelusen dedi.
“Bizə?” Elias Rukla təəcübünü gizlədə bilmədi.
“Bəli Bizə!” Yohanın heç nə olmayıbmış kimi cavab verdi. “1960-cı illərin adamlarını nəzərdə tuturam”
“Hokkey, elə bil ki, insanların rok musiqisinə cavabdı” – Yohan dedi.
Oyun bitdikdən sonra onlar Stortveits kafesində oturub biraz da pivə içdilər. Yenə söhbətləri maraqlı alındı və kafe bağlanana kimi pivə içən Elias Rukla və Yohan Kornelusen müxəlif mövzuları müzakirə etdilər.
Kafe bağlananda isə onlar hər ikisi də Soqn tələbə şəhərciyinə doğru yönəldilər (Osloda yalnız tələbələrin yaşayışı üçün tikilmiş 20-25 binadan ibarət kiçik şəhərcik). Düzdü Soqnda onlar hərəsi ayrı-ayrı binalarda yaşayırdılar amma yolları bir idi və onlar bu birlikdəlikdən zövq alaraq yaşadıqları yerə çatdılar. Burada da onlar ayrılmaq istımədilər. Gecəni maraqlı bir musiqili məclislə yekunlaşdırmaq istədilər. Yohan Kornelusen tələbələrdən birinin evində belə bir partinin olduğunu bilirdi və dostunu da götürüb həmin evə gəldi. Qapıya çatanda Yohan Kornelusen qapının zəngini basdı və içəridəkilər Yohanı ən hörmətli, dəyərli qonaq kimi salamladılar. İki dost məclisin lap qızışan vaxtında gəldiklərindən çox düşünmədən oxuyan, oynayan, zaraftlaşan tələbə yığınına qoşuldular. Onlar pivə ardınca pivə içirdilər. Hətta axırda içdikləri pivənin belə sayını itirdilər. Gecənin bir aləmində Elias Rukla hiss etdi ki Yohan yoxa çıxıb. Biraz axtardıqdan sonra dostunu mərtəbənin ümumi mətbəx stolunun üstündə bir xanımla qucaqlaşıb yatan vəziyyətdə gördü. Elias şox yorğun və içkili olduğundan elə bu mətbəxdəcə yerə uzanıb əllərini balış kimi başının altına qoyub yatmışdı. Birdən o ətrafda səs eşitdi, sonra elə bil kimsə onun çiynindən tutub silkələdi. O başını qaldıranda başının üstündə Yohan Korneluseni gördü. Soqn tələbə şəhərciyinin bu binasının bu mətbəxinin pəncərəsindən günəşin ilk şəfəqləri içəri süzülürdü. Yohanın əlində isə bir şüşə buz kimi soyuq akevit vardı. “Dur, səhər yeməyimizi yeyək” – o dedi.
O soyuducudan şokalad yağı, cem, siyənək balığı və pendir çıxartdı. Yumurta qaynatdı. Elias Rukla isə bu ərəfədə hamama keçib duşu açdı və su axınının altında dayandı. İlk tələbələr artıq yavaş-yavaş binanını tərk edirdilər. Dünən həmin məclisdə olan tələbələr isə Eliasla Yohanın olduğu mətbəxə girib stolun ətrafında oturdular. Qızlar və oğlanlar bir yerdə əyləşib nahar etməyə başladılar. Bəziləri hətta dünənki içki məclisi bəs deyilmiş kimi indi də bu səhərin erkən saatlarında əllərini stolun üstündə olan pivə və akervitə uzadırdılar. Belə tezdən içməyin bütün dərs gününü məhv edəcəyini düşünüb heç içməyən tələbələr də vardı aralarında, amma onlar azlıq təşkil edirdi.
Stolun ətrafında oturan qızlardan biri Elias Ruklaya çox tanış gəldi. Biraz düşünəndən sonra o qızın dünən gecə Yohan Kornelusenlə mətbəx stolunun üstündə qucaqlaşıb yatan qız olduğunu yadına sala bildi. Bu qız yalnız yemək yeyirdi və əlini heç içkiyə uzatmırdı da. Qız Yohan Kornelusenin yanında otursalar da gecə aralarında nəsə olmasına dair heç biri kiçik bir nişanə də vermirdi. Ya hər şeyi tam unutmuşdular, ya da belə olmasının hər ikisinə daha xeyrli olması düşüncəsində idilər. Yohan Kornelusen onunla biraz da nəşəli şəkildə asta-asta söhbət edirdi. Əhvalı isə Oslo şəhərinin günəşi kimi ilıq və laqeyd idi. Onlar dünən aralarında heç nə olmayıbmış kimi şirin-şirin söhbət edirdilər. Ya da ki elə olmuş kimi. Və Soqn tələbə şəhərciyinin üzərinə doğan yeni gündə yeni arzularla yeni ehtiras və istəklə danışırdılar. Dünən artıq onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bu yeni gün bu xanıma Blinderndə yeni bir dərs günü, Yohana isə universitet həyatında yeni səhifə demək idi. Amma bu an hər şey fərqli idi. Onlar Yohan Kornelusen, Elias Rukla, bu qız və dünənki məclisin başqa tələbələri burda, bu tələbə şəhərciyində mətbəxdə oturmuşdular. Kimisi yeyir, kimisi içir kimisi də dünən baş verənlərin təsirindən baxışlarını məhcul bir nöqtəyə zilləyib danışmırdılar. Saat artıq 12-yə yaxınlaşırdı və Yohan Kornelusen bu aralar narahat görsənməyə başladı. O universitetə getməliydi. Elias Rukladan onunla universitete gedə biləcəyini soruşdu. Onlar yeni universitetdə yeni məcara, yeni çağırış axtarışı ilə Soqn tələbə şəhərciyindən universitetə tərəf gəzə-gəzə gedirdilər. Yohanın cibindəki balaca Akervit şüşəsi artıq yarı boş idi, yada yarı dolu. Onlar Soqn tələbə şəhərciyindən çıxıb universitetə gedən arxa yola buruldular. Universitetə gedən yol hamar deyildi. Və arxa küçədəki bu yolda onlar çoxlu kələ-kötür yol və təpə keçməli oldular. Biraz hündür təpənin üstünə çıxdılar. Bəli aşağıda görünən Oslo idi. Norveç kimi kiçik ölkənin böyük paytaxtı olan Oslo. Görəsən bu maraqlı şəhər bugün onlar üçün hansı surprizi ehtiyatda saxlayıb.
Onların hər ikisi Norveç dilini, onun fonetikasını və qrammatikasını çox gözəl bilirdlər. Elə belə qısa müddətdə dost olmalarına səbəb olan ortaq cəhətlərdən biri də bəlkə də bu idi.
Oslo isə hər ikisinin ortaq məhəbbəti idi. Elə buna görə də bu təpənin üstündən Elias Rukla və Yohan Kornelusen bir-birinə işgizar bir nəzərlə baxaraq xorla çığırdılar: “Bax bu aşağıda gördüyün Oslo şəhəridi. Oslo! Norveçin paytaxtı. Kral sarayı ilə, kral bağı ilə, Milli teatr ilə, 6-cı Frederik ilə, Oslo universiteti ilə, məşhur həmişə insanlarla dolu olan Karl Yohan küçəsi ilə tanınan şimal şəhəri. İkisinin də birdən aşağıda şəhərdə gördükləri, Norveç bayrağı ilə yanaşı dalğalanan Belçika bayrağı cəlb etdi. Yox bu Almaniya bayrağı idi. Nəsə bir bayram ya tədbir idi. İnsanlar əllərində bayraq, şən əhval-ruhiyyə ilə Oslonun ən böyük küçəsi olan Karl Yohan küçəsində gəzişirdilər. Söhbətə başı qarışan iki dost heç özləri də bilmədən mərkəzə gəlib dar bir yan küçəyə buruldular. Küçənin adını oxudular: Sərhəd küçəsi. Bəli Osloda belə eqzotik adları olan çoxlu küçə var idi. Elə bu an Elias göy tramvayın astaca yaxındakı dayanacaqda dayandığını gördü. Hər ikisi xoş əhvalla sürücüyə qışqıra-qışqıra tramvaya doğru qaçdılar. Görünən odu ki biraz gecikmişdilər. Yohanın bəxti gətirmədi və var gücü ilə bağlanmaqda olan tramvay qapılarına çırpıldı. (Sonralar etiraf etdiyinə görə həmin an bir anlıq hər şeyi unudub və yalnız gözünün qabağında rəqs edən ay və ulduzlar olub. Elias Rukla özünü həyacanla dostuna yetirdi. Onu yerdən qaldırdı, üst-başını təmizlədi. Yohan Kornelusenin frakının qabağı da cırılmışdı, düymələri qırılıb tökülmüşdü. Baş verəndən hədsiz qorxmuş kimi görünən tramvay sürücüsü özünü onlara yetirdi. Hər şeyin qaydasında olub olmadığını soruşdu və Yohana tramvaya minməyə yardım idi. Hər iki dost xeyli dərəcədə məmnun görsənirdilər. Ən azından onlar tramvayı qaçırmamışdılar. Tramvay onlara görə, bəli, bəli yalnız onlara görə ləngimiş və yalnız onlar yenidən minənəndən sonra yola düzəlmişdir. Bu fakt cavan dostlara məmnunluq gətirməyə bilməzdi. Yohan Kornelusen və Elias Rukla beləcə tramvayda Oslonu bir xeyli dolaşdılar. Tramvayla gəzintinin verdiyi məmnunluqdan və yorğunluqdan süstləşib sakitcə oturmuşdular. Nəhayət tramvay dayandı və sürücü bu dayanacağın sonuncu olduğunu elan etdi. Əvvəl sürücü ardındca isə Eliasla Yohan tramvayı tərk etdilər. İxtisasca dağ-mədən mühəndisi olan, süxurları, dağları,vulkanları yaxşı bilən tramvay sürücüsü ilə iki dost arasında çox təlimatlandırıcı və maraqlı söhbət baş tutdu. Təəsüf ki, sürücü tramvayını geriyə sürməli idi. Yohan Kornelusen və Elias Rukla onunla çox isti sğollaşıb bu gözəl dağlıq, meşəlik ərazini özləri üçün tədqiq etməyə başladılar. Ətrafdakı bütün villalar, yollar eyni idi. Hər şey bir-birinə çox bənzəyirdi. Hətta yol kənarına yığılmış qarın hündürlüyü belə hər yerdə eyni idi. Ətrafda bir adam da yox idi ki onlar bu labirintdən necə çıxmalı olduqlarını, buranın hara olduğunu soruşsunlar. Xəbərləri də olmadan Oslonun tanımadıqları ucqar bir yerinə gəlmişdilər. Bir-iki saat beləcə nəsə aşkar etmək üçün ətrafı gəzdilər. Amma bir nəfər də qarşılarına çıxmadı. Yalnız günortadan sonra nəhayət ki, insanlar işdən evə qayıtmağa başlayanda onların bəxt gətirdi. Maşınını öz dəbdəbəli villasının qarşısında saxlayıb, maşından enən kişi iki yad tələbələri görüb təəccübləndi. Möhtəşəm qarajı, villasının qabağındakı 7-8 metr artırması bu kişinin hansı kateqoriyadan olması haqda aydın təssəvvür yaradırdı. Kişi çəkinə-çəkinə onlara geriyə yolu, tramvay stansiyanın harada olmasını izah etdi. Yohan Kornelusen dedi ki, onlar tələsməlidirlər. Cünkü cəmi bir saata Sent Antondakı dağ xizəyi yarışması lent yazısı şəkilində televizorda olacaq. Xoşbəxtlikdən dostlar bu yarışa çatdılar. Onlar yarışın başlanmasına cəmi 5 dəqiqə qalmış özlərini Yohan Kornelusenin ən sevdiyi restoran olan Krölleyə saldılar. Zirzəmidə yerləşən bu restoranın televizoru var idi. Onu divarın üstündə dəmirə bərkitmişdilər. Keçib iki nəfərlik yerlərdən birində oturdular. Elə oturdular ki Yohan üzü televizorun ekranına tərəf, Elias isə üzü Yohana tərəf olsun. Hər dəfə maraq ona güc gəlib televizora baxmaq istəyəndə Elias Rukla 180 dərəcə çevrilməli olurdu. Beləcə Sent Antondakı bu yarış başladı. Əvvəl bir-bir idman geyimində olan xizəkçilər gəldi ekrana. Sonra isə onlar özlərini Alp dağlarından aşağı doğru atdılar. Bu idmaçıların çoxunu Yohan üzdən də tanıyırdı. Avstriyanı, Fransanı, Qərbi Almaniyanı, Şərqi Almaniyanı təmsil edən xizəksürənlər idi. Sən demə Yohan Kornelusen dağ xizək yarışlarının böyük azarkeşi imiş. O hər bir idmançının bu yarış öncəsi hansı formada olmasını, kimin hansı zəif, üstün cəhətlərinin olmasını hətta yarışın favoritinin kim olmasını belə bilirdi. Onlar oturub televizorda bu yarışa baxdıqca o, Elias Ruklaya bu barədə elə hey danışırdı. Budur bax, fransa idmançısının fiziki hazırlığı zəifdir. O tez yorulacaq. Budur fransa idmaçısı sağa döngələrdə çatdırmır. Döngələrdə çox xal itirəcək o. Yarış bitəndən sonra onlar bədənlərində günün gətirdiyi yorğunluğu aydın hiss etdilər. Hər ikisinin qarşısında çox sayda boş pivə butulkası vardı. Bu butulkaları oynada-oynada bir-birlərinə baxırdılar. Dəhşətli aclıq hiss edirdilər. Pulları isə deyəsən tamam bitmişdi. Yohan Kornelusen rahat idi, qayğısız görkəmi var idi. Görünür nəsə bir planı vardı. O ofisiantı yanına çağırdı, onunla uzun-uzadı nəsə danışdı və vəziyyəti izah etdi. Az sonra ofisiant əlində iki dolu bakal pivə, iki dolu boşqab ət, soğan, pomidor, yaşıl noxud, yerkökü olan məcməyini ehtiyatla onların stolunun üzərinə qoydu. Stolun üzərində əvvəlcədən qoyulan müxtəlif dadlı souslar, ketçup, moyanez və duz-istiot hələ də onların qarşısında idi. Onlar acgözlüklə yeməyə girişdilər. Yedilər və pivədən içdilər. Ağızlarını marçldadaraq yeyirdilər və tez-tez pivələrindən iri bir qurtum alırdılar. Bu arada sohbət etməyə də imkan tapırdılar. Dərin bir maraqla biri-birinin son zamanlar izlədiyi filimlər haqqında danışıqlarına qulaq asırdılar. Yohan Kornelusen Konisbergdən (Rusiya Federasıyasının Kalininqrad şəhəri) olan bir kişi haqda danışmağa başladı. Bu kişi Yohanın cavan həyatına böyük təsir etmişdi. Yalnız az sonra Elias Rukla Konisbergin Köningsberg olmasını Yohanın danışdığı təsir edici kişinin isə Emmanuel Kant olmasını dərk etdi. Həə, Kalininqraddan olan kişini deyirsən? O soruşdu. Yohan Kornelusen Kantın bəşər tarixinə möcuzəvi təsirindən, fəlsəfi fikirlərindən, ona və ideyalarına olan sevgisindən uzun-uzadı danışdı. Söhbət elə qızışdı ki, onlar bir neçə saat stolun arxasından durmadılar. Sonda Yohan Kornelusen özünü narahat hiss etdi və buradan hansısa əyləncə məclisinə getmək istədiyini bildirdi. Yenidən həmin, dünənki, Soqn tələbə şəhərciyində təşkil olunan tədbirə can atırdı. Bu dəfəki məclis şəhərciyin başqa binasında başqa mənzilində başqa insanların iştirakı ilə baş tuturdu. “Burdan gələcək mənfəət də tamam ayrı cür olacaq” – Yohan gülə-gülə dostuna dedi. Onlar həmin məclisə qalxıb qapının zəngini çaldılar. Qapını açanlar kandarda dayananlar Yohan Korneluseni görüb sevinclə çığırışdılar. Onlar indi məclisin istisini və musiqi səsini daha yaxından duya bilirdilər. Mənzil əllərində pivə butulkaları olan tələbələrlə dolu idi. Elias nə qədər çalışdı ki Yohanı gözdən qoymasın və daima onun yanında olsun, amma alınmadı. Qısa müddət sonra o dostunu gözdən itirdi. Eybi yox, o düşündü, əvəzində bir əlinə bir bakal, o biri əlinə isə bir butulka pivə alıb məclisə qarışdı. Pivəni gah butulkadan gah da bakaldan içərək başı dumanlı halda ətrafda baş verənlərə baxırdı. O, hər ikisi məşğul olan əllərinə baxdı: “Bax bu nəsə başqa söhbətdi” – öz-özünə dedi. Kim bu şəkildə pivə içə bilər? Məclis Elias Ruklanı yaman tutmuşdu. Ətrafdakı qızlar gülərək ona yaxınlaşıb yoxa çıxırdılar, sonra iki dəfə Yohan Kornelusen ona yaxınlaşıb nəsə anlaşılmaz söz deyib o da yoxa çıxdı. Hər şey ətrafda xoş bir şəkildə dönürdü. Ətrafda nə tipdə istəsən qız görmək olardı: Sunmire və Soqndan olan qarasaçlı qızlar, Tirsildən olan sarısaçlı qızlar. Çox idi gözəl qızlar bu məclisdə, həddən artıq çox idi. Elias isəyirdi ki qışqırsın, desin ki ay camaat görmürsunüz mən də varam bu məclisdə. Amma deyəsən onun bu məclisdə varlığı heç kimə maraqlı deyildi və ətrafdakılar ona heç fikir də vermirdilər. O, tək idi, tək tənha. Hətta bu insanların çox olduğu məclisdə də. Yaxşı bəs Yohan Kornelusen hara yoxa çıxdı?
Nəyə görə Elias təkdi indi? Nəyə görə o qışqırsa belə məclis əhlindən onunla heç kim maraqlanmır, danışmır? Onu görmürdülər. Onu yalnız yanında Yohan olanda aşkar edirdilər.
O oyananda ətraf sakitlik və qaranlıq idi. Yavaş-yavaş ətrafına baxdı. Soqn tələbə şəhərciyində tanımadığı bir mənzilin mətbəx stolunun üstündə yatıbmış. Kimsə sağ olsun ki anlayışlı olub və onu bura gətirəndə işığı da söndürüb ki, Elias rahat yatsın. Mətbəxin qaranlığına hardansa gün işığı düşürdü və o dərk etdi ki artıq bu gecə bitib və gələn işıq da mart səhərinin açılmasının göstəricisidir. Çox keçmədən yanında elə stolun üstündəcə yatan Yohan Korneluseni də gördü. O ağzı üstə yatmışdı və bərkdən xoruldayırdı. Yohan Kornelusenin açıq ağızla xoruldamağını saymasaq ətraf tam sakitçilik idi. Elias özünü tam əldən düşmüş hiss etdi. O indi dərk elədi ki onun üçün məclis artıq bitib. Bütün bədənində keyləşmə və ağrılar hiss edirdi. Amma bu narahatçılığın içində bir şey onu sevindirirdi: Axı onun yanında yatan Yohan Kornelusenin özü idi!