banner banner banner
Gülüstan. Bustan
Gülüstan. Bustan
Оценить:
Рейтинг: 0

Полная версия:

Gülüstan. Bustan

скачать книгу бесплатно

Şeir

Bu dünya duracaq illər boyunca,
Lakin torpaq olar bizim bu bədən.
Bir xəyal qalacaq bizdən yadigar.
Varlıqsa yox olub gedəcək həmən
Bəlkə bir xeyirxah biz yazıqları,
Rəhmətlə xatırlar dua edərkən.

Kitabı tərtib edib fəsillərə ayırarkən, mətləbi qısa bir surətdə ifadə etməyə diqqət göstərməyi lazım bildim və oxucunun darıxmaması üçün behişt bağlarına oxşayan bu «Gülüstan» kitabını səkkiz fəslə böldüm:

1. Hökmdarların rəftarı haqqında.

2. Dərvişlərin əxlaqı haqqında.

3. Qənaətin fəziləti haqqında.

4. Susmağın faydalan haqqında.

5. Eşq və cavanlıq haqqında.

6. Zəiflik və qocalıq haqqında.

7. Tərbiyənin təsiri haqqında.

8. Söhbət qaydaları haqqında.

Günümüz xoş ikən, keçmədəydi bil,
Hicrətdən altı yüz əlli altı il,
Qəsdimiz verməkdi düz yolu nişan,
Allaha tapşırıb köçdük dünyadan.

I FƏSİL

HÖKMDARLARIN RƏFTARI HAQQINDA

1. Hekayət [13 - Hekayət – «Gülüstan» kitabında müxtəlif həcmli və müxtəlif məzmunlu, əsasən şeirlə nəsrin qarşılıqlı əlaqəsi ilə yazılan kiçik hikmətamiz hekayələr belə adlanır. Burada da eyni adla saxlanılıb.]

Nağıl edirlər ki, bir padşah bir əsirin öldürülməsini əmr etmişdi. Yazıq əsirin ümidi kəsildikdə, ağzına gələni deyib padşaha söyüşlər yağdırmağa başladı. Məsəl var deyərlər: canından əl çəkən ağzına kələni deməkdən qorxmaz!

Beyt

Yoxsa bərk ayaqda qaçmağa imkan,
Kəsərli qılıncı qarmalar insan.

Şeir

Ümidsiz qalsa hər insan
Açar dil, qorxmaz aləmdə.
Hücum eylər itə birdən
Pişik məğlub olan dəmdə.

Padşah yanındakılardan əsirin nə danışdığını soruşdu. Xeyirxah vəzirlərdən biri dedi:

–Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən adam, başqalarının da günahını bağışlaya bilər.

Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi:

–Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi.

Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi:

–Onun yalanı sənin doğrundan xoş idi, çünki o, xeyirxahlıq məqsədilə deyilmiş, səninki isə bədxahlıq. Ağıllı adamlar demişlər: «Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır».

Şeir

Kimin ki, sözünə əməl edir şah,
O, gərək hər sözdə olsun xeyirxah.

Fridunun [14 - Fridun (Firidun) – Əfsanəvi Pişdadiyan sülaləsindən altıncı padşah hesab olunur. Atasını zalım Zöhhak öldürmüş, anası onu xilas etmişdir. Dəmirçi Gavə Zöhhakı taxtdan saldıqdan sonra onu taxta əyləşdirmişdir.] sarayının tağında yazılmışdır:

Lətifə

Bu dünya məgər qaldımı bir şaha?
Get öz qəlbini bağla bir allaha.
Bu dünya, bu mülkə sığınma bir an,
O sən tək çoxun məhv edibdir, inan.
Nə fərqi gedərkən bu canü, bu tən,
Ya taxt üstə öl, ya da torpaqda sən?

2. Hekayət

Xorasan hakimlərindən biri yuxuda gördü ki, Mahmud Səbüktəkinin [15 - Mahmud Səbuktəkin – Qəznəvilərin ən məşhur və qüvvətli hökmdarlarındandır. 997–1030-cu illər arasındakı hökmranlığı dövründə İran, Türküstan və Hindistanın əsas hissəsini öz hakimiyyəti altında birləşdirmişdir.] bütün badəni çürüyüb torpağa qarışmış, lakin gözləri hələ də öz hədəqəsində hərlənir və ətrafa baxır. Bütün alimlər bu yuxunu yozmaqda aciz qaldılar. Ancaq orada olan dərvişlərdən biri baş əyib dedi: «Gözləri həsrət çəkir, axı, ölkəsi əldən-ələ keçir».

Şeir

Çox gömüldü yer altına mənəm-mənəm deyənlər
Ki, onlardan bu dünyada bircə ad-san qalmadı.
Torpaq altda yatanlara bir diqqətlə nəzər sal.
Torpaq yedi, sümüyündən belə nişan qalmadı.
Yaxşı addır Nuşirəvanı [16 - Nuşirəvan – Sasani sülaləsinin ən məşhur hökmdarı olmuşdur. 531–579-cu illərdə hakimiyyət sürərək İran və eləcə də bütün Yaxın Şərq ədəbiyyatında ədalətli bir hökmdar surəti kimi mədh olunmuşdur. Guya Məhəmməd Peyğəmbər onun zamanında doğulması ilə fəxr edirmiş.] bu dünyada yaşadan.
Lakin, köçdü bu dünyadan Nuşirəvan, qalmadı.
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
Nə qədər ki, deməmişlər filan-filan qalmadı.

3. Hekayət

Bir şahzadə haqqında eşitmişəm ki, özü çirkin və qısaboylu, qardaşları isə gözəl və uca idi. Bir dəfə şah ona alçaq nəzərlə baxıb, etinasızlıq göstərdi. Oğlan həssas idi, başa düşdü və dedi:

– Ata, ağıllı gödək, axmaq uzundan yaxşıdır. Hər qaməti uca olanın qiyməti baha olmaz. Qoyun kiçik olsa da təmiz, fil böyük olsa da murdardır.

Şeir

Çox alçaq olsa da Tur dağı [17 - Tur dağı – Qırmızı dənizin şimalında Sina yarımadasında bir dağdır. Yəhudilərin peyğəmbəri sayılan Musa guya Misirdə Peyğəmbərliyə çatdıqda onun dinini qəbul etməyən Firounu bütün qoşunu və əmlakilə dənizə qərq etmiş, sonra öz tərəfdarları ilə Tur dağına çəkilmişdir. Dini rəvayətə görə guya Allahla bu dağın başında danışarmış.] bişək,
Allah dərgahında sayılır yüksək.

Şeir

Söylədi bədəncə zəif bir alim,
Bir şişman axmağa: «Varmı xəbərin,
Əgər ərəb atı arıq olsa da,
Bir tövlə eşşəkdən yaxşıdır, yəqin».

Atası güldü, söz dövlət başçılarının ürəyinə yatdı, qardaşlarında isə kin oyatdı.

Şeir

Nə qədər dil açıb dinməmiş insan,
Hünəri və eybi qalacaq nihan.
Gördüyün hər meşə sanma ki, boşdur,
Bəlkə də yatmışdır orada qaplan.[18 - Gördüyün hər meşə sanma ki, boşdurBəlkə də yatmışdır orada qaplanBu iki misranın farsca əsli belədir:Hər bişe gəman məbər ke, xalistŞayəd ke, pələng xofte başəd.Burada «bişe» (meşə) və «xali» (boş) sözlərinin bir də «bisə» yəni «xallı daş» və «xal» kimi oxunması ilə əlaqədar olaraq, tədqiqatçılar bunun mənasını «hər qaraltını xallı daş hesab etmə, bəlkə o yatmış pələngdir» kimi də izah edirlər.]

Deyirlər ki, həmin günlərdə güclü bir düşmən padşahın ölkəsinə hücum etdi. Hər iki tərəfin qoşunları üz-üzə gəldikdə döyüş meydanına birinci atılan haman oğlan oldu.

Vuruş çağı kimsə görməmişdir arxamı,
Bəlkə torpaq-qan içində görəcəksən döşümü.
Hər döyüşən öz başını itirirsə vuruşda,
Dönüb qaçan, girə verər saya gəlməz qoşunu.

Bunu deyib, özünü düşmən qoşununa vurdu, bir necə pəhləvan öldürdükdən sonra atasının yanma gəldi, baş əydi və dedi:

Məni belə zəif hesab edən sən,
Demə ancaq boydadır hər iqtidar.
Döyüşlərdə incə belli at gərək.
Kök öküzün meydanda nə xeyri var?!

4. Hekayət

Nağıl edirlər ki, düşmənin qoşunu son dərəcə çox, hökmdarınkı isə az idi. Buna görə də onun qoşunundan bir hissə döyüşdən qorxub qaçmağa başladı. Bu vaxt haman oğlan nərə çəkib dedi:

–Ey, kişisinizsə, çalışın qadın paltarı geyməyin! Süvarilər onun bu sözündən qeyrətə gəlib cəsarətləndilər, qaçanlar da geri döndülər, hamısı birlikdə düşmənə qarşı hücuma keçdi. Padşahın qoşunu həmin gün düşmənə qələbə çaldı.

Şah igid oğlunu bağrına basıb öpdü. Sonra şahın ona qarşı məhəbbəti gündən-günə artmağa başladı, nəhayət onu özünə vəliəhd təyin etdi. Qardaşları paxıllıqdan onun xörəyinə zəhər qatdılar. Bacısı eyvandan bunu gördü, dərhal pəncərəni bərk çırpdı. Oğlan işin nə yerdə olduğunu duydu və əlini xörəkdən çəkərək dedi:

– Heyfdir, hünərlilər ölə, hünərsizlər onların yerini tuta!

Beyt

Dünyadan yox olsa gər hüma quşu,
Bir kimsə sayəban etməz bayquşu. [19 - Dünyadan yox olsa gər hüma quşuBir kimsə sayəban etməz bayquşu.Hüma quşu qədim nağıl və əfsanələrdə dövlət quşu kimi təsvir olunur. Guya bu quş kimin başı üzərində uçub kölgə salsa, o padşah olar. Əslində isə belə bir quş həyatda mövcud deyil. Klassik ədəbiyyatda mifik hüma quşu nə qədər dövlət və səadət simvoludursa, bayquş da o qədər fəlakət və bədbəxtlik simvolu kimi qələmə alınıb.]

Ataları bu xəyanətdən xəbərdar olub oğlanlarını yanma çağırtdırdı, onlara lazımi qulaqburması verdikdən sonra, hərəsinə ölkənin uzaq bir hissəsində yer ayırdı. Bununla da aralarındakı fitnə yatdı və ədavət aradan qalxdı, çünki məsəl var deyərlər: «On dərviş bir kilimə yığışar, iki padşah bir ölkəyə sığışmaz»

Şeir

Bir çörək taparsa mömin, düz adam,
Yarısın paylayıb, yansın yeyər.
Padişah bir ölkə aldıqda, yenə
İkinci ölkəni almaq istəyər.

5. Hekayət

Ərəblərdən bir dəstə quldur dağ başında məskən salıb, karvan yolunu kəsmiş, dağın zirvəsində ən uca yerdə möhkəm bir mövqeyi tutmuşdular. Buna görə şah qoşunları quldurlara bata bilmir, camaat isə onların qorxusundan yata bilmirdi. Quldurların bu hərəkəti bir müddət də davam edərsə, onlara üstün gəlməyin mümkün olmayacağını görən o ətrafın başçıları tədbir üçün bir yerə toplaşdılar.

Şeir

Yeni rişə atan cavan bir çinar,
Bir adam əl atsa yerindən çıxar.
Lakin kök atarsa o xeyli zaman,
Fələk də gələrsə, qoparmaz, inan.
Çeşmə tutulsa da kiçik bel ilə,
Dolarsa keçilməz böyük fil ilə.

Başçılar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərdilər və hücum üçün fürsət gözləməyə başladılar. Pusquda oturmuş adam tezliklə xəbər gətirdi ki, quldurlar məskənlərini yiyəsiz qoyub, hansı bir tayfa üzərinə isə basqına getmişlər. Bunu eşidən kimi dərhal sınanmış və müharibə görmüş bir dəstə döyüşçü göndərdilər, onlar gedib quldurların məskən saldığı dağın keçidində pusquda dayandılar. Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə qayıtdılar, qənimətləri yerbəyer edib, silahlarını açdılar, paltarlarını soyunaraq yatdılar. Onların başının üstünü alan birinci düşmən yuxu oldu. Gecədən xeyli keçdi.

Beyt

Günəşi bürüdü zil bir qaranlıq,
Guya ki, Yunisi udmuşdur balıq.[20 - Günəşi bürüdü zil bir qaranlıq.Guya ki, Yunisi udmuşdur balıqDini əfsanələrə görə qədim İsrail xalqı peyğəmbər Yunisi guya dəryaya atmış, dəryada isə bir naqqa balıq onu udub qarnında salamat saxlamış və sonra işıqlı dünyaya buraxmışdır.]

Pusqudakı igidlər dərhal hücum edib quldurların qollarını bir-bir dallarına bağladılar, səhər açılan kimi şahın hüzuruna gətirdilər. Şah quldurların hamısını öldürməyi əmr etdi. Onların içərisində gənc bir oğlan da var idi. Onun gül çöhrəsi bahar çəməni tək təzəcə çiçəklənir, gənc ömrünün həyat bağında ilk meyvələr yetişirdi. Vəzirlərdən birinin ona rəhmi gəldi, irəli çıxaraq şahın taxtı önündə təzim etdi və dedi:

– Bu gənc hələ həyat bağından meyvə dərməmiş, cavan ömrünün ləzzətini görməmişdir. Hökmdarın kəramət və səxavətinə arxalanaraq xahiş edirəm ki, şah onun qanından keçsin və bu qulunu minnətdar etsin.

Vəzirin bu sözündən xoşlanmayan şah hiddətləndi və dedi:

Beyt

Yaxşıdan ibrət götürməz, zati bəd, nacins olan,
Necə ki günbəz başında qoz dayanmaz heç zaman.

Belə yaramazların nəslini kəsib, dudmanlarını dağıtmaq lazımdır. Odu söndürüb qorunu saxlamaq, əfini öldürüb balasına rəhm etmək ağıllı iş deyildir.

Şeir

Göylərdən yağsa da dirilik suyu,
Söyüd ağacında görməzsən səmər.
Alçaq adamlarla oturub durma,
Həsir qamışından alınmaz şəkər.