banner banner banner
Gülüstan. Bustan
Gülüstan. Bustan
Оценить:
Рейтинг: 0

Полная версия:

Gülüstan. Bustan

скачать книгу бесплатно


Yəqin bu Pars mülkünə toxunmaz afəti-dövran,
Ki, salmış başına sayə sənin tək sayeyi-yezdan.

Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyam, Sənin dərgahi-alin tək ki, versin dərinə dərman. Özünsən arxası hər bir zavallı bəndənin daim,

Görüm versin mükafatın sənin ol xaliqa-keyhan.
Bu xaki-Parsı sən saxla ilahi badi-afətdən,
Nə qədri abü xak olsa cahanda baqi, cavidan.

KİTABIN YAZILMASININ SƏBƏBİ

Bir gecə keçən günləri xatırlayıb hədər getmiş ömrümə təəssüf edir, könlümün saray daşını göz yaşımın almaz danələrilə deşir, öz halıma münasib olan bu beytləri deyirdim:

Şeir

Ömürdən gedir bu gecən hər nəfəs
Baxıram ətrafa qalmamış bir kəs
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş gecə bu qalan beş gün
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu.
Qoyar piyadəni yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərdi həvəs.
Tikdiyi binada qalmadı bir kəs.
Vəfasız dünyaya meyl etmə, zinhar.
Dostluğa yaramaz bu köhnə qəddar
İndi ki, öləcək pis də, yaxşı da.
Xoş ona ki çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün
Ki, sonra göndərmək deyildir mümkün.
Dövran bir günəşdir, ömür isə qar
Hələ gör xacədə necə qürrə var?
Ey pulsuz bazara gedən sərsəri,
Qorxuram əliboş dönəsən geri.
Sütülkən kim yesə əkinin hər il,
Başşaq toplayacaq xirmən üstü bil.

Bu düşüncələrdən sonra belə qərara gəldim ki, xəlvət bir guşəyə çəkilib heç kəslə söhbət etməyim, sinə dəftərimi mənasız sözlərdən təmizləyib, daha hədərən-pədərən danışmayım.

Beyt

Qalıb bir guşədə sakit danışmaz olsa bir insan,
Daha xoşdur, açıb dil boş, ləyaqətsiz danışmaqdan.

Elə bu zaman vaxtilə kəcavədə həmnişinim [6 - «Kəcavədə həmnişinim və hücrədə həmdəmim» ifadəsindən aydın olur ki, Sədini «Gülüstan» əsərini yazmağa təşviq edən şəxs, onunla birlikdə səyahətə çıxıb, məhrəm söhbətlər edən özü kimi bir şair olmuşdur. Təəssüf ki, Sədi bu dostunun adını aydın söyləmir.] və hücrədə həmdəmim olan dostlarımdan biri qabaqkı adəti üzrə qapımdan içəri girdi. O, nə qədər gülüb-danışıb, zarafat etdisə, cavab vermədim və başımı ibadətdən qaldırmadım. İncik nəzərlə məni süzüb dedi:

Şeir

Bu gün mümkün ikən danışmaq sənə,
Dil aç, qardaşım, söylə, xoşluqla din!
Əcəl peyki bir gün yaxandan tutar.
Zərurət üzündən susarsan, yəqin.

Yaxın adamlarımdan biri vəziyyəti görüb, dostumu başa saldı ki, filankəs qalan ömrünü dünyada guşənişinliklə keçirib, tənhalıq və sükutla başa vurmağı qərara almışdır. Əgər bacarırsan, sən də öz başının çarəsini qıl, nə məsləhət bilirsənsə elə də et.

Dedi:

– O böyük izzətə və qədim səmimiyyətə and olsun, əgər o, mənimlə həmişəki kimi dostcasına danışmasa, əl çəkib, ayaq geri qoymayacağam. Çünki dostun gönlünə dəymək nadanlıqdır. İçdiyi andın günahını isə asanlıqla yuya bilər. Onun seçdiyi bu yol düz yol deyil, ağıllı adamlar rəva bilməzlər ki, Əlinin zülfüqarı qınında, Sədinin sözü qəlbində qalsın.

Şeir

Nədir dil ağızda, ey ağlı olan,
Hünər xəznəsinə açardır inan.
Əgər bağlı olsa, kim anlar ki, o,
Cavahir satandır, ya muncuq satan
Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.

Nəhayət onunla danışmaqdan boyun qaçırıb, üz döndərməyə insafım yol vermədi, o mənim ən yaxın dostum və sədaqətli sirdaşım idi.

Beyt

Necə vuruşasan, o adamla sən,
Ki, onun üzündən gecə bilmirsən.

Onunla söhbət etməyə məcbur oldum. Qalxıb gəzə-gəzə seyrə çıxdıq. Bahar fəsli idi, şaxtalı soyuqlar zamanı keçmiş, qızıl gül dövranı çatmışdı.

Nəzm

Ağaclar üstündə yarpaq köynəyi,
Bayram paltarıdır şadlıq bağında
Birinci günüdür Ordibehiştin,[7 - Ordibehişt – İran şəmsi təqviminin ikinci ayı olub, 21 aprel ilə 21 may arasında davam edir.]
Bülbüllər oxuyur gül budağında.
Qızılgül üzünə al şəbnəm qonmuş.
Sanki tər düzülmüş yar yanağında.

Gecəni dostlarımızdan birinin bağında keçirməli olduq. Gözəl və səfalı bir yer idi. Ağaclar baş-başa vermiş, sanki torpağına mina zərrələri səpilmiş, budaqlarına ulduz danələri asılmışdı.

Şeir

Cənnəttək bir bağdır, çağlayır sular, .
Quşların səsilə dolmuşdur hər yan.
Al-əlvan lalələr bəzəmiş yeri.
Meyvələr doldurmuş bağı firavan.
Külək ağacların kölgəliyində.
Rəngbərəng fərşləri döşəmiş əlvan.

Səhər açılanda qayıtmaq arzusu qalmaq istəyinə üstün gəldi, dostumun ətəyini cürbəcür güllər və çiçəklərlə doldurub, şəhərə aparmaq istədiyini gördüm. Ona dedim:

–Özün bilirsən ki, gülün davamı, gülüstanın isə vəfası yoxdur. Atalar yaxşı demişlər: ömrü az olan şeyə könül bağlamağa dəyməz.

Dedi:

–Nə etmək lazımdır?

Dedim:

–Oxuyanlara səfa, eşidənlərə şəfa verən «Gülüstan» adlı bir kitab yazmaq lazımdır ki, heç bir xəzan yeli onun yarpaqlarına əl vura bilməsin və zamanın gərdişi onun nəşəli baharım boranlı qışa çevirə bilməsin.

Şeir

Nəyinə lazımdır gül tabaq-tabaq,
Gəl, «Gülüstan»ımdan apar bir varaq.
Gül beş-altı günə saralıb solar,
Mənim Gülüstanım daim xoş olar.

Mən bu sözləri deyən kimi dostum ətəyindəki gülləri yerə töküb, ətəyimdən yapışdı və dedi:

– Kişi vədinə vəfa etməlidir.

Elə həmin gün «Ünsiyyət və söhbət qaydaları barəsində» natiqlərə fayda verən, yazıçılara sənətkarlıq öyrədən iki fəsil hazır oldu, xülasə, gülüstandan kül qurtarmamış «Gülüstan» kitabı tamam oldu.

Lakin, həqiqətdə bu kitab o zaman bitmiş hesab edilə bilər ki, o, dünyanın pənahı, allahın (yer üzərində) kölgəsi, yaradanın mərhəmət nuri, zamanın zinəti, sülhün dayağı, göylərdən kömək alan, düşmənlərə zəfər çalan, qalib dövlətin qüvvəti, millətin parlaq çırağı, dövranın camalı, islamın kamalı, Səd ibn Atabək, böyük, əzəmətli şahlar şahı, ümmətin ümidi, Ərəb və Əcəm hakimlərinin başçısı, quruların, dənizlərin sultanı, Süleyman mülkinin varisi, Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (allah, onun səadətini əbədi et, cəlalını artır, işlərinə rəvac ver) sarayında bəyənilsin və (şahzadə) öz lütfkar nəzərlərilə ona baxmış olsun.

Şeir

Bəzərsə mərhəməti bu kitabı sərvərimin,
Olar bu Çin bəzəyi ya ki, nəqşi-«Ərjəngi»[8 - Nəqşi Ərjəngi yaxud Ərtəngi – Sasani (226 – 651) hökmdarlarından I Şapur vaxtında (241–272) İranda məşhur olan rəssam Maninin kitabının adıdır. Orada ən gözəl, nəfis şəkillər mövcud idi. Bu ifadə altında bəziləri Çin rəssamlarının rəssamlıq sənətini də nəzərdə tuturlar.]
Ümidlərim bunadır ki, qəbula layiq olar,
Ki, gülüstan ola bilməz məkani-diltəngi
Ələlxüsus onun əvvəlində xoş xətlə,
Yazılsa Səd Əbubəkr Səd ibn Zəngi.

Mənim fikrimin gəlini zinətdən məhrum olduğu üçün, utandığından başını yuxan qaldırıb, yaslı gözlərini xəcalətin ayağı altından ayıra bilmir. Nə qədər ki, böyük əmir, alim və ədalətli, qələbələr ilhamçısı, səltənət taxt-tacını qoruyanların başçısı, məmləkətin tədbirçilər tədbirçisi, fəqirlərin pənahı, qəriblərin istinadgahı, alimlərin hamisi, zahidlərin dostu, fars əhlinin iftixarı, din və dövlətin fəxri, islamın və müsəlmanların köməkçisi, şahların, sultanların etimadlısı Əbubəkr ibn Əbunəsr (allah onun ömrünü uzun, mənsəbini böyük, ürəyini geniş, yaxşı əməllərinin mükafatını artıq etsin. Çünki, o, dünyanın ən böyük adamlarının tərifinə layiq olmuş, xasiyyətlərin ən gözəllərini özündə toplaya bilmişdir) bu əsəri qəbul edib, onu öz mərhəməti ilə zinətləndirməyincə (bu gəlin) ariflər məclisinə çıxa bilməyəcəkdir.

Şeir

Onun kölgəsində kim olsa, əlbət,
Kini dostluq olar, günahı taət.

Dərvişlərdən başqa hər bir bəndənin və xidmətçinin bir vəzifəsi vardır. Bunlardan hər kim öz işində kahıllıq etsə və səhlənkarlığa yol versə, danlanılar və məsuliyyətə cəlb olunarlar. Dərviş tayfası isə böyüklərin nemətləri müqabilində şükür edib xeyir-dua oxuyurlar. Belə bir xidməti zahirdə etməkdənsə gizlində etmək daha münasibdir, çünki, birincisi yaltaqlığa yaxındır, ikincisi qədirdanlığa, ona görə də tez müstəcab olar.

Şeir

Bu fələyin qaməti şadlıq ilə oldu rast
Ta ki sənin tək oğul doğdu bu bətni-zaman.
Hikməti var xaliqin, lütf eləsə hər kəsə,
Bəndəni xas eyləyib xalqa edər hökmran.
Kim yaşadı xeyrilə, tapdı əzəl dövlətin,
Xeyir-dua saxlayar yaxşı adı cavidan.
Əhli-kəmal etsə də etməsə də vəsfini,
Məşşatə lazım deyil gül üzə heç bir zaman.

Saray xidmətindən çəkinib guşənişin olmağımın səbəbi bu misaldakı Hikmətə görədir: hind filosoflarından bir neçəsi bir yerə yığışıb Bozorcmehrin[9 - Bozorcmehr – Sasani padşahı Ənuşirəvanın (531-579) ağıllı vəziri olub.] fəzilətindən söhbət açmış və nəhayət onun ağır-ağır danışmasından başqa bir eybini tapmamışlar; yəni o, danışarkən çox düşünür, dinləyici isə onun fikrinin sonunu intizarla gözləməli olurmuş. Bozorcmehr bunu eşidib demişdir:

– Əvvəlcə «nə deyim», haqqında fikirləşmək, sonradan «niyə dedim?» peşmançılığından yaxşıdır.

Şeir

Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikir edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini kamil de, gec olsa nə qəm!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışma, «bəsdir» desinlər.
Nitqilə üstündür heyvandan insan.
Heyvandan əskiksən boş-boş danışsan

Xüsusən böyük hökmdarın ariflər və bilikli alimlər iştirak edən hüzurunda danışmağa cəsarət göstərsəm, utanmazlıq edər və hüzuri-mübarəkə dəyərsiz mal gətirmiş olardım. Cavahirat bazarında muncuğun bir arpa qədər qiyməti olmaz. Çıraq, günəş qarşısında işıq verməz, uca minarələr Əlvənd dağı [10 - Əlvənd dağı – İranda Həmədan şəhərinin yaxınlığındadır.] yanımda alçaq görünər.

Şeir

Kim xalqa iddia göstərsə əgər,
Hər yerdən başına bir zərbə dəyər.
Sədisə yazıqdır, qəlbi azadə,
Yazıqla kim dava edər dünyada?
Əvvəlcə bir düşün, sonra dilə gəl,
Divar tez yıxılar olmasa təməl,
Mən də bir gülçüyəm, bostandan uzaq.
Mən də bir Yusifəm Kənandan [11 - Kənan… Bu misrada «Yusif və Züleyxa» poemasının qəhrəmanı Yusifə işarə edilir. Qardaşlarının xəyanətilə quyuya salınmış, qul kimi satılmış, ona aşiq olan Züleyxanın (ağasının arvadı) böhtanı ilə yeddi il zindanda qaldıqdan sonra nəhayət şahlığa çatmışdır.] uzaq.

Loğmandan [12 - Loğman – Tarixi şəxsiyyət olması məlum deyil. Keçmişdə müxtəlif dövrlərdə Ərəbistan və Yunanıstanda bir neçə Loğman adlı həkim və alim şəxslərin yaşadığı qeyd olunur. Yaxın Şərq xalqlarının klassik poeziyasında və xalq ədəbiyyatında bütün xəstəliklərin çarəsini bilən bir həkim kimi məşhurdur.] soruşdular ki, «elmi kimdən öyrəndin?» Dedi: korlardan, onlar ayaqları altını yoxlamadan irəli addım atmazlar. Atalar demişlər:

– Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün! Fərd. Kişiliyini sına, sonra arvad al.

Şeir

Xoruz cəld olsa da savaşda, lakin,
Qızıl quş cənginə o qadir deyil,
Pişik siçan üçün pələng olsa da,
Pələng qarşısında bir siçandır bil.

Lakin alicənab şəxslər öz tabeliklərində olan adamların eyiblərini üzə vurmayıb, xırda qüsurlarını açmadıqlarına əmin olduğumdan, müxtəsər şəkildə bir sıra qəribə hekayələri, təmsilləri, şeir və nağılları, həmçinin keçmiş hökmdarların əxlaq və rəftarlarından bəhs edən rəvayətləri bu kitabda topladım və əziz ömrümün bir hissəsini ona sərf etdim.