Simen Ekernin “Avropalılar” əsəri Avropa qitəsində son illərdə cərəyan edən ictimai-siyasi hadisələrə özünəməxsus müəllif yanaşması təqdim edir. Müəllif Yunanıstanda, Belçikada, Kataloniyada baş verən hadisələri peşəkar yanaşma ilə, siyasi liderləri, Avropa komissiyasının rəhbərini müsahibə etmək yolu ilə oxucularına təqdim edir. Əsl peşəsi jurnalist olan Simen Ekern Avropanı başdan-başa gəzərək “Köhnə dünya”da ağır iqtisadi böhrana verilən reaksiyanı, mühacir problemini, ağır şərtlər altında millətçilik meyillərini araşdırır, avropalıların bu çətin dövrdən necə çıxa biləcəklərinə dair öz peşəkar və dəqiqliklə verilmiş proqnozlarını oxucularla bölüşür. Kitabda yalnız siyasi və iqtisadi hadisələr deyil, həmçinin avropalıların həyat tərzləri, maraqları, seçimləri misallarla, müsahibələrlə və konkret faktlarla təhlil edilir. Kataloniyada İspaniyadan ayrılma problemləri, Şotlandiyada müstəqillik meyilləri, İtaliyanın parçalanması üçün real təhlükə kitabda bədii bir dillə və peşəkar təsvirlərlə oxucuya çatdırılır. Əsər yalnız siyasətlə maraqlananlar üçün deyil, eyni zamanda Avropa qitəsinin tarixi, sosial həyatı, bu gün qarşılaşdığı çətinliklər və dumanlı gələcəyi ilə maraqlananların da stolüstü kitabına çevrilə bilər.
все жанры