banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Bəlkə, mühəndis olduğunu goplayır? – ata şübhəylə soruşdu.

– Orada goplamaq mümkün deyil. Orada hər kəs haqqında hər şeyi bilirlər.

– Babat yedizdirirdilərmi? – anası soruşdu.

– Yaxşıydı, demək olar ki, həmişə bəs edirdi. Pis deyildi.

Yenə adamlar yığışdı. Styopanın yoldaşları gəldilər. Voyevodinlərin balaca daxması qaynayırdı. Stepan danışdıqlarını hər gələnə bir də təkrar danışırdı:

– Əşi, yox, orada, ümumiyyətlə, yaxşıdır! Siz burada kinoya tez-tez baxırsınız? Amma biz həftədə iki dəfə baxırdıq. Sizə artistlər gəlir? Bizə isə elə hey gəlirdilər. Yemək də bəs edirdi… Bir dəfə fokus göstərən də gəlmişdi. Dolu stəkanı bax belə ağzı üstə götürürdü…

Hamı maraqla Stepanı dinləyirdi, bir az təəccüblənirdilər, arada “hm”, “bir bax a” deyib söhbətə qarışır, nəsə danışmaq istəyirdilər. Lakin kənardan bir başqası yeni sual verir və Styopa yenə danışmağa başlayırdı. O, çoxdan gözlənilən bu görüşdən, suallardan, öz danışdığı hekayətlərdən yüngülcə keflənmişdi. Hətta özündən bəzi şeylər də əlavə etməyə başlamışdı.

– Mühafizə məsələsi necə idi orada?

– Boş şeydi! Son vaxtlar bizi sovxoza da işləməyə aparırdılar. Biz orada, demək olar ki, nəzarətsiz qalırdıq.

– Oradan qaçan olur?

– Tək-tük. Mənası yoxdur.

– Deyirlər, əgər adam orada nəsə törətsə, onu daş çuvala salırlar…

– Karserə. Bu da nadir hallarda – cəzan çox ağır olanda olur. O da lap qatı cinayətkarları, bizi isə nadir hallarda.

– Təsəvvürünüzə gətirirsiz, orada nə qədər oğru-quldur var? – bir oğlan sadəlövhlüklə soruşdu. – Yəqin, bir-birinin cibinə girirlər, hə?..

Stepan güldü. Ətrafdakılar da gülüb maraqla Stepana baxdılar.

– Bu məsələyə orada çox ciddi baxılır, – Stepan dedi. – Kimisə tutsalar, dərhal dərsini verirlər…

Bu arada anası və lal qız tez hamamı isitdilər, ata isə dükana qaçdı… Kimi əsginin arasında donuz piyi, kimi dünəndən qalmış kökələr, kimi də taxta qabda baldan çəkilmiş pivə gətirdi – şənlik qəfil yarandı, ev sahiblərinin hazırlıq görməyə vaxtları olmamışdı. Masa arxasına oturanda artıq gecədən xeyli keçmişdi.

Şənlik yavaş-yavaş qızışırdı. Bir-birinin sözünü kəsə-kəsə hamı birdən danışıb-gülürdü… Stepan yuxarı başda oturmuşdu. Gah sola, gah sağa çevrilir, yenə nəsə danışmaq istəyirdi, ancaq artıq onu eşidən yox idi. Heç onun özü də buna çox cəhd eləmirdi. Ona xoş idi ki, adamlara yaxşı ovqat bəxş edib, onlar özlərini əla hiss edir, bir yerə yığışa bilib, danışıb-gülürlər… Onlara lap xoş olsun deyə Styopa gəldiyi yerlərin təsirli bir mahnısını oxumağa başladı:

Keçib günahlarımdan
Bağışla məni, an-aaa,
Üzünə ağ olduğumçün
Yerimdi həbsxan-aaa.

Bir anlığa hamı susdu. Stepanı insanlara etdiyi xeyirxahlıq və sevgi hissi bürüdü. O, hissolunacaq dərəcədə keflənmişdi:

Məhbəs zarafat deyil,–
Sınamaqdı dözüm-üüü.
Zarafat bilə-bilə
Məhv elədim özüm-üüü.

Qadının dilindən oxunan bu mahnı oturanların xoşuna gəlmədi. Günaha batmış qadının peşmançılıq hissini qiymətləndirmədilər.

– Oğru mahnısıdı! – həbsxanada hər tərəfin oğru-quldurlarla dolu olduğunu düşünən həmin sadəlövh oğlan coşqunluqla dedi. – Sakit olun!

– Oğlum, həbsxanada çox qadın yatır? – anası masanın o başından sual verdi.

– Bəs eləyir.

Sonra məhbəs həyatının qadınlar üçün, yəqin, daha ağır olduğu barədə söhbət getdi.

– Yəqin, uşaqlar da başsız böyüyür?

– Uşaqları yetimxanaya verirlər…

– Mən qadınları həbs etməzdim! – kifayət qədər içkili kişilərdən hansısa sərtliklə dedi. – Paltarlarının ətəyini başlarına çevirib kəmərlə çırpardım!

– Belə şeylər kömək eləməz, – deyə Yermolay mübahisəyə başladı. – Sən onu belə cəzalandırsan, o daha qəzəbli və kinli olar. Bax mən özümünkünü cavanlıqda bir-iki dəfə cilovladım. O da mənim acığıma lal qız doğdu.

Kimsə öz sevimli mahnısını oxudu:

Atam əkinçi idi,
Hər gün yer şumlayırdı.
Məni işdə özünə
Arxa, dayaq sayırdı.

Mahnını ağız-ağıza verib oxudular, səslərini zilə qaldırdılar, sonra yavaş-yavaş bəmə endirdilər.

Üç gün üç gecə idi
Mücadilə edirdim.
Bacımı əsirlikdən
Qurtarmağa gedirdim.

Hər kəs mahnıya aludə olmuşdu – başlarını bikef halda aşağı salıb oxuyurdular:

Heyif, amansız cani
Tuşlayıb tüfəngini
Yerə sərdi bacımı, –
O gözəl turacımı.

Qalxdım uca bir dağa,
Doğma kəndə baxmağa.
Gördüm yanır kəndimiz, –
Alışır vətənimiz.

Stepan əsəbi halda yumruğunu mizin üstünə vurdu.

– Sən məni sevmirsən, mənə yazığın gəlmir! – deyə ucadan qışqırdı. – Amma mən sizin hamınızı sevirəm, ay lənətə gəlmişlər. Mən sizin üçün çox darıxmışam.

Kandarda, siqaret dumanının içindən qarmon səsi eşidildi. Kimsə tədbirli tərpənib qarmonçalan gətirmişdi. Hamı bağırmağa başladı. Mahnı canını tapşırdı. Bir-bir stolun arxasından çıxıb mahnının ahənginə düşməyə çalışdılar. Ayaqlarını döşəməyə daha bərk vurmağa çalışırdılar.

Qadınlar əl-ələ tutub nəqərat oxuya-oxuya dövrə vurmağa başladılar. Lal qız da dəsmalını başının üzərində yellədərək dövrə vururdu. Onu barmaqla göstərib gülürdülər… O da gülürdü, o, xoşbəxt idi.

– Verka! Ve-erk! – çox içmiş bir kişi qışqırdı. – Sən ora-bura gəzməkdənsə, oxu, oxu! – Onu eşidən yox idi, öz zarafatına özü gülüb qəşş etdi.

Stepanın anası yaşlı bir qadınla danışırdı:

– Vay nənə, o özünü üstümə necə atdısa, az qala döşlərim partlayacaqdı. Mən güc-bəla ilə onun başını qaldırıb soruşdum: “Şərdimi, xeyirdimi?” O mənim düz qulağımın içinə üfürdü: “Xeyirdi!”

Yaşlı qadın başını silkələdi:

– Xeyirdi?

– Xeyirdi, xeyirdi. Bax belə, lap aydınca “Xeyirdi!” – dedi.

– Qabaqladı.

– Qabaqladı, qabaqladı. Mən də axşam öz-özümə düşünürdüm ki, görəsən, qonşunun mənə qabaqcadan “xeyirliyə” verdiyi xəbər nə ola bilər? Elə bunu düşünürdüm ki, bir də baxıram qapı açılır, budur, oğlan qapının ağzındadır.

– Allah, Allah! – yaşlı qadın pıçıldadı və dəsmalının ucu ilə yaşarmış gözlərini sildi. – Əcəb işdi!

Qadınlar Yermolayı dövrəyə aldılar. Yermolay çox düşünmədən bir ayağı üstə süzməyə başladı, o biri ayağının isə ancaq dabanını yerə vurur, “op-pa”, “at-ta”, “op-pa”, “at-ta” deyirdi. Dabanını yerə necə vururdusa, dolabın rəflərindəki qab-qacaq atılıb-düşürdü.

– Hə, Yermil, bu gün sənin şad günündür, hərəkət elə, – kənardan qışqırışırdılar.

– At-ta, op-pa, – Yermolay oynadıqca deyirdi. İşlədiyi qırx il müddətində dəzgah arxasında donqarlaşan beli isə heç açılmırdı. O da eləcə bükülmüş vəziyyətdə, ağır, düyünlü əllərini yanına salıb oynayırdı. O, bütün dərdlərini unudub oğlunun bu gəlişinə sevinirdi. Axı oğlunun yolunu o az gözləməmişdi: beş ildən bir az kəm.

Styopa dövrəyə, atasının yanına girdi, titrək səslə ağır-ağır dedi:

– Hə, ata…

– Hə, oynayın, ata-bala, hərəkət edin!

– Deyəsən, Styopa orada çox işləyib, özünü əldən salmayıb, gör necə şıllaq atır?

– Özü deyir axı, orada yaxşı olub vəziyyəti, yeməklə də yaxşı doyuzdurublar…

– Hə, gözlə… yedizdirirlər. Yedizdirə-yedizdirə qalıblar.

– At-ta, op-pa! – deyə-deyə Yermolay oğluyla ayaqlaşmağa çalışırdı.

Heç biri oynaya bilmirdi, amma cəhd göstərirdilər. Bu, oradakı adamların xoşuna gəlirdi. Onlara məmnuniyyətlə tamaşa edirdilər.

Beləcə şənlənirdilər.

Başları necə qarışmışdısa, sahə müvəkkilinin evə nə zaman girdiyindən heç kəsin xəbəri olmadı. Bir də onu gördülər ki, o, Stepana yanaşıb nəsə dedi. Styopa onunla küçəyə çıxdı. Qonaqlar isə şənlənməkdə davam edirdilər. Düşünürdülər ki, yəqin, bu belə də olmalıdır. Styopa kənd sovetinə getməli və kağız-kuğuzunu qaydaya salmalıdır. Təkcə lal çox narahat idi. O, həyəcanlı səs çıxarır, atasının qolundan tutaraq dartırdı. Ata sərxoş olduğundan qızı itələdi.

– Əl çək, qaç buradan! Get rəqs elə!

Darvazadan çıxıb ayaq saxladılar.

– Sən dəli olmusan, a gədə? – deyə sahə müvəkkili Styopanın üzünə baxdı.

Stepan kürəyini darvaza qapısının dirəyinə söykəyib gülümsədi.

– Qəribədi? Eybi yoxdur… Olan işdir.

– Axı sənin cəmi üç ayın qalmışdı!

– Səndən yaxşı bilirəm. Bir papiros ver.

Sahə müvəkkili ona papiros verdi, birini də öz damağına qoydu.

– Gedək.

– Gedək.

– Bəlkə, evdə deyəsən?.. Yoxsa axtaracaqlar…

– Bu gün lazım deyil, qoy şənlənsinlər. Sabah deyərsən.

– Üç ay dözməyib qaçmaq! – milis yenə heyrətləndi. – Məni bağışla, həyatım boyu çox gic görmüşəm, amma sənin kimisi rastıma çıxmamışdı. Sən niyə belə etmisən?

Stepan əllərini şalvarının ciblərinə qoyub addımlayırdı. Alatoranlıqda tanış daxmalara, darvazalara, çəpər dirəklərinə baxa-baxa gedirdi… Uşaqlıqdan ona tanış olan ağız qamaşdırıcı bahar soyuğunu içinə çəkir, arabir gülümsəyirdi.

– A?

– Nədi?

– Axı sən niyə belə elədin?

– Qaçmağımı deyirsən? Bircə dəfə gəlib buraları görmək üçün… Çox darıxmışdım… Yuxuma girirdi…

– Axı cəmi üç ayın qalmışdı! – sahə müvəkkili az qala qışqırdı. – İndi isə daha iki il belinə yapışdıracaqlar.

– Eybi yoxdur… Mən artıq bərkimişəm, indi yatmaq olar. Yoxsa yuxular məni bezdirmişdi – hər gecə kənd yuxuma girirdi. Bizim kəndin yazı çox gözəldir, deyilmi?

– Hə-ə… – sahə müvəkkili fikirli-fikirli dedi.

Onlar uzun müddət, kənd sovetinə çatana qədər susdular.

– Qaçmaq da ki sənə müyəssər oldu! Tək qaçmısan?

– Üç nəfər.

– Bəs onlar hanı?

– Bilmirəm, biz dərhal tək-tək ayrıldıq.

– Kəndə nə qədər vaxta çatdın?

– İki həftəyə.