banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Əcəb pivən var, Malanya!

– Sən çox ağ eləmə, keflənərsən…

– Pivə, sadəcə… Yeqor başını bulayıb pivəni içdi. – Fu! Amma reaktiv təyyarələr də təhlükəlidir. Bir yeri qırıldımı, balta kimi yerə doğru uçur. Burada artıq dərhal o söz… Heç sümüklərin də ələ gəlməz. Ölən adamdan 300 qram ancaq qalır. Hələ geyimli-zadlı.

Yeqor qaşqabağını sallayıb diqqətlə pivə şüşəsinə baxdı. Nənə şüşəni götürüb dəhlizə apardı. Yeqor bir qədər də oturduqdan sonra ayağa qalxdı. Yüngülcə səndələdi.

– Ümumiyyətlə, qorxmayın, – dedi. – Sadəcə, kabinədən aralı, quyruq hissədə oturub gedin. Yaxşı, mən getdim.

O, ağır-ağır qapıya doğru irəlilədi, yarımkürkünü və papağını geyindi.

– Pavel Sergeyeviçə salamımı yetirin. Amma pivənə söz yoxdu, Malanya, çox…

Yeqorun belə tez keflənməyi nənənin xoşuna gəlmədi. Ətraflı danışa bilmədilər.

– Sən yaman zəifləmisən, Yeqor.

– Yorğunam, ona görədi. – Yeqor kürkünün yaxalığından saman çöpü çıxartdı. – Bizim xadimlərə deyirdim ki, gəlin quru otu yayda daşıyaq. “Yox” dedilər. İndisə, bu çovğundan sonra yollar keçilməz olub. Bütün günü əlləşib güclə yaxınlıqdakı tayalara yol açmışıq. Üstəlik də sənin pivənin təsiri… – Yeqor başını yelləyib güldü. – Yaxşı, mən getdim. Ağciyər olmayın, uçun. Ancaq kabinədən aralı oturun. Xudahafiz.

– Sağ olun, – Şurka dedi.

Yeqor çölə çıxdı. Hündür artırmadan çox ehtiyatla düşdü və həyətdən çıxarkən doqqazın cırıltısı aydın eşidildi. O, küçədə hətta zümzümə də etdi:

Ucsuz-bucaqsızdır dəniz – gen, geniş…

Sonra səsi kəsildi.

Nənə fikirli və kədərli halda qaranlıq pəncərəyə baxırdı. Şurka isə Yeqor getdikdən sonra yazdıqlarını oxuyurdu.

– Qorxuludu, Şurka, – nənə dilləndi.

– Bəs bu camaat necə uçur?

– Yaxşısı budur, qatarla gedək?

– Qatarla getsək mənim bütün tətilim yollara gedəcək.

– Of, Allah, of, Allah! – nənə dərindən ah çəkdi. – Gəl Pavelə məktub yazaq, teleqramı isə ləğv edək.

Şurka dəftərindən daha bir vərəq cırdı.

– Deməli, uçmayacağıq?

– Necə uçaq, çox təhlükəlidir, aman Allah! Sonra 300 qramlıq cəsədimizi yığarlar…

Şurka fikrə getdi.

– Yaz: əziz oğlum Paşa, mən burada başı çıxan adamlarla məsləhətləşdim.

Şurka kağızın üzərinə əyildi.

– Onlar bizə özlərinin təyyarədə necə getdikləri barədə danışdılar. Biz Şurka ilə qərara aldıq ki, yayda qatarla gələk. O, rahatdır. İndi də gələ bilərdik, ancaq Şurkanın tətili çox qısadır.

Şurka bir-iki saniyə dincəlir, sonra yazmağa davam edirdi:

“İndi isə, Paşa dayı, mən öz adımdan yazıram. Bizim təsərrüfat müdiri Yeqor Lizunov, bilmirəm yadınızdadır, ya yox, nənəmi çox qorxutdu. O belə bir fakt gətirdi ki, guya təyyarənin pəncərəsindən baxarkən onun mühərrikinin yandığını görüb. Əgər bu belə olsaydı, təyyarəçi hökmən alovu, adətən olduğu kimi, sürətin hesabına söndürməyə çalışardı. Məncə, o, borudan çıxan işlənmiş qazın alovunu görüb və küy qaldırıb. Siz, zəhmət olmasa, nənəmə yazın ki, bu, təhlükəli deyil, ancaq mənim sizə yazdığımı ona bildirməyin. Yoxsa o, yayda da sizə gəlməyəcək. Bağ işi, donuzlara, qazlara və toyuqlara baxmaqdan başı açılmayacaq. Onları qoyub gedən deyil. Axı biz kənd sakinləriyik. Amma mən çox istərdim ki, Moskvanı görüm. Biz onun haqqında məktəbdə coğrafiya, tarix dərslərində məlumat almışıq. Amma özünüz də anlayırsınız ki, bu heç nədir. Bir də Yeqor əmi dedi ki, sərnişinlərə paraşüt verilmir. Məncə, bu artıq təhdiddir. Nənəm isə inanır. Nə olar, Paşa dayı, nənəmi utandırın. O sizi çox istəyir. Ona deyin ki, sənin oğlun təyyarəçidir, özü də Sovet İttifaqı Qəhrəmanı, dəfələrlə təltif olunub, amma sən adi bir sərnişin təyyarəsinə minməkdən qorxursan. Həm də bizim artıq səs sürətini aşdığımız bir zamanda. Beləcə yazsanız, o, bir göz qırpımında uçmağa razı olacaq. Axı o sizinlə fəxr edir. Özü də haqlı olaraq. Şəxsən mən də sizinlə öyünürəm. Ancaq mən Moskvanı çox görmək istəyirəm. Hələlik, sağ olun. Sizə salamlarımı yetirirəm. Aleksandr”.

Nənə isə hələ də diktə etməkdə idi:

– Ora payıza yaxın gələrik. O vaxt göbələklər də çıxar, duzlayaram, çaytikanı mürəbbəsi bişirməyə də macal taparam. Moskvada axı hər şeyi pulla alırsınız. Həm də onlar mənim kimi düzəldə bilməzlər. Belə işlər, oğlum. Məndən və Şurkadan arvadına və uşaqlara salam de. Hələlik bu qədər. Yazdın?

– Yazdım.

Nənə vərəqi götürüb zərfin içinə qoydu, ünvanı özü yazdı:

“Moskva, Lenin prospekti, ev 78, mən.156.

Sovet İttifaqı Qəhrəmanı Lyubavin Pavel İqnatoviçə.

Sibirdən – anasından”.

Ünvanı həmişə özü yazırdı. Bilirdi ki, belədə məktub hökmən ünvanına çatacaq.

– Belə, Şurka. Darıxma. Yayda gedərik.

– Mən darıxmıram, amma sən hər ehtimala qarşı tədarükünü gör, ola bilər ki, fikrin dəyişsin.

Nənə nəvəsinə baxıb heç nə demədi.

Gecə Şurka nənəsinin sobanın üstündə ora-bura çevrilərək sakitcə ah çəkib öz-özünə nə isə pıçıldadığını eşidirdi.

Şurka da yatmırdı. Fikirləşirdi. Yaxın gələcək üçün həyat çox qeyri-adi şeylər vəd edirdi. Belə şeyləri arzu etmək adamın ağlına da gəlməzdi.

– Şurk! – nənə səsləndi.

– Hə…

– Paveli, yəqin ki, Kremlə buraxırlar, hə?

– Yəqin ki, necə məgər?

– Deyirəm, heç olmasa, bircə dəfə də olsa gedib oranı görsəydim…

– İndi ora hər kəsi buraxırlar.

Nənə bir müddət susdu.

– Hə, gözlə, hamını buraxırlar, – nənə şübhə ilə dedi.

– Bizə Nikolay Vasilyeviç danışmışdı bu barədə.

Sonra yenə susdular.

– Sən də, ay nənə, lazım gələndə cəsur olursan, amma burada heç nədən qorxdun, – deyə Şurka narazılığını bildirdi. – Nədən qorxdun axı?

– Yum gözünü yat, – nənə əmr etdi. – İgid çıxıb, birinci elə sən özün tumanını batırarsan.

– Gəl mərc gələk ki, qorxmaram.

– Yat, dedim, yoxsa sabah dərsə gecikərsən.

Şurka susdu.

    1962
    Tərcümə edəni: Rəfiqə Şəms

TƏKLİKDƏ

Sərrac Antip Kalaçikov insanlarda xeyirxahlıq və qayğıkeşlik hislərini çox qiymətləndirirdi. Ovqatının xoş çağında, evində tam əmin-amanlığın hökm sürdüyü vaxtlarda Antip mehribanlıqla arvadına deyirdi:

– Sən, Marfa, yekəpər qadın olsan da, kütbeyinsən.

– Nəyə görə ki?

– Elə ona görə… Sənə nə lazımdı? İstəyirsən ki, mən gecə-gündüz ancaq elə hey tikim, tikim? Axı mənim də qəlbim var. O da əylənmək, sevinmək istəyir.

– Tüpürüm sənin qəlbinə!

– Eh-h…

– Nə “eh, eh…” salmısan?!

– Heç… Sənin qolçomaq atan yadıma düşdü. Allah rəhmət eləsin.

Zəhmli və canlı Marfa əlini belinə qoyub yuxarıdan acıqlı-acıqlı Antipə baxırdı. Arıq, sısqa Antip bu baxışlara mətanətlə tab gətirirdi.

– Mənim atamla işin olmasın… Başa düşdün?

– Aha, anladım, – Antip qısaca cavab verdi.

– Bax belə.

– Marfacan, həddən artıq ciddisən. Belə olmaz, əzizim, hər şeyi ürəyinə salsan, ölə bilərsən.

Marfa Antiplə yaşadığı qırx il müddətində onun hələ də nəyi ciddi, nəyi zarafatla dediyini ayırd edə bilmirdi.

– Nə isə, başla tikməyə.

– Tikirəm, canım, tikirəm.

Aşılanmış dəri, qaynayan su və ziftin kəskin qoxusu Kalaçikovların evinə sanki əbədi olaraq hakim kəsilmişdi. Ev böyük və işıqlı idi. Bu evdə haçansa uşaqların gülüş səslərindən qulaq batırdı, sonra burada toylar çalınmış, ölümün dərin sirrinə zəif-solğun işıq salan mum şamların yandığı, güzgülərin pərdələndiyi hüznlü gecələrin xoşagəlməz sükutu da olmuşdu. Bir sözlə, çox şey olmuşdu. Antip Kalaçikov öz qüvvətli qadını ilə birlikdə həyata on iki uşaq gətirmişdi. Ümumilikdə isə on səkkiz uşaq olmuşdu.

İllər keçdikcə evin görkəmi dəyişirdi, dəyişməyən bircə Antipin sobanın sağ tərəfində, arakəsmə ilə ayrılmış iş yeri idi. Burada Antip qoşqu ləvazimatı, yəhər, yüyən və boyunduruqlar tikirdi. Elə oradaca divardan onun sevimli balalaykası asılmışdı. Antipdə ona bir təşnə var idi. Bu onun həyatının mənası, musiqiyə dilsiz məhəbbət və itaətkarlığı idi. Antip başını yana əyib onu saatlarla çalmaqdan yorulmurdu; bilmək olmurdu ki, balalayka ona çoxdan unutduğu nə isə dəyərli bir hadisəni danışır, yoxsa o, balalaykaya öz qocalıq düşüncələrini pıçıldayırdı. Əgər Marfa olmasaydı, bütün günü beləcə oturardı. Marfaya həqiqətən də onun bütün günü tikiş tikməyi lazım idi. Qadın pula çox həris idi, qəpiyin üstündə əsirdi. Bütün həyatı boyu Antipin balalaykası ilə mübarizə aparırdı. Bir dəfə iş o yerə çatdı ki, Marfa hirsindən aləti sobanın içinə atıb yandırdı. Bənizi ağarmış Antip dinməzcə durub alətin necə yandığına tamaşa edirdi. Balalayka tozağacı kimi dərhal alışdı. O, istidən əyildi, üç dəfə insan kimi inildədi, simləri qırıldı və öldü.

Antip həyətə çıxıb baltanı götürdü, tədarük etdiyi yəhər, yüyən, boyunduruq və halqaları xırda hissələrə doğradı. O susur və səliqə ilə doğrayırdı. Qorxuya düşmüş Marfa bir kəlmə də danışmadı. Bu hadisədən sonra Antip bir həftə kefləndi, evə gəlmədi. Axırda gəlib təzə balalaykanı divardan asdı və işinə başladı. Marfa bir də heç vaxt balalaykaya toxunmadı. Lakin o, Antipi diqqətlə izləyirdi: qonşuların evində çox oturmurdu, ümumiyyətlə, çalışırdı ki, evdən çıxmasın. Bilirdi ki, ayağını kandara qoyan kimi Antip işini atıb balalayka çalacaq.

Bir payız axşamı Antip adəti üzrə öz iş guşəsində oturmuşdu, Marfa isə miz arxasında nə isə toxuyurdu.

Hər ikisi susurdu.

Çöldə yağış yağırdı; hər tərəf palçıq idi. Ev isə isti və rahat idi. Antip boyunduruqları mismarlayırdı: taq-taq, taq-taq, taq-taq-taq… Marfa toxuduğunu kənara qoydu. Pəncərəyə baxıb fikrə getdi.

Taq-taq, taq-taq – Antip taqqıldadırdı. Divar saatı da sanki indi dayanacaqmış kimi çıqqıldayır, amma dayanmırdı. Pəncərələrə sanki ovucdan sakitcə yağış tökülürdü.

– Niyə kədərləndin, Marfacan? – Antip soruşdu. – Düşünürsən ki, necə çox pul toplayasan?

Marfa fikirli halda pəncərəyə baxıb susurdu. Antip ona nəzər saldı.

– Tezliklə öləcəyik, – dedi, – çox fikirləşmə. – Nə qədər fikirləşsən də, az da fikirləşsən, çox da, yüz manat pul deyil. – Antip işləyərkən söhbət etməyi sevirdi. – Görürsən ki, mən ömürboyu fikirləşə-fikirləşə özümə fikirləşib babasil tapdım. İşləyirdim! Bir soruş, həyatda yaxşı nə görmüşəm? Heç nə. Camaat, heç olmasa, döyüşüb, cürbəcür üsyanlar qaldırıb, vətəndaş müharibəsində, Vətən müharibəsində iştirak edib… Ölsələr də, qəhrəmancasına ölüblər. Mən isə on üç yaşımdan oturanam, hələ də otururam – bu gün-sabah yetmiş yaşım olacaq. Gör necə səbirliyəm! Bir soruşan gərəkdi, nədən ötrü çalışmışam? Pula qarşı heç vaxt tamahkar olmamışam, tüpürüm onlara. Böyük adam da ola bilməmişəm. Bir azdan peşəm də ölüb gedəcək, sərraclar heç kəsə lazım olmayacaq. Sual olunur: həyat mənə nə üçün verilmişdi?

– Uşaqların üçün, – Marfa ciddi cavab verdi.

Antip Marfanın söhbətə müdaxilə edəcəyini gözləmirdi. Adətən, o, Antipin boş danışığını kobud bir iradla ağzında qoyurdu.

– Uşaqlar üçün? – Antip canlandı. – Əlbəttə, bir tərəfdən düzdür, digər tərəfdənsə yox, düz deyil.

– Hansı tərəfdən düz deyil?

– O tərəfdən ki, təkcə uşaqlar üçün yaşamaq lazım deyil. Bir az da özün üçün yaşamalısan.

– Sən özün üçün nə edərdin ki?…

Antip bu suala dərhal cavab tapmadı.

– Necə yəni nə edərdim? Bir şey fikirləşərdim də… Bəlkə, musiqiçi olardım. O vaxt şəhərdən adam gəlmişdi axı, deyirdi ki, mən anadangəlmə fitri istedadam – qızıl parçası. Qızıl isə nadir tapılır, mən belə düşünürəm. İndi kiməm mən? Adi sərrac.

– Kəs səsini, sən Allah! – Marfa əlini yellədi. – Boş-boş danışıb zəhlə tökmə…

– Deməli, başa düşmürsən, – Antip dərindən ah çəkdi.

Bir müddət susdular.

Marfa qəfildən ağlamağa başladı. Dəsmalla gözünün yaşını silib dedi:

– Uşaqlarımızın hərəsi dünyanın bir tərəfinə uçub.

– Neyləməliydilər ki, bütün ömürləri boyu sənin yanında oturmalı idilər? – Antip söylədi.

Birdən Marfa: