Читать книгу Hekayələr (Исмаил Шихлы) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Hekayələr
Hekayələr
Оценить:
Hekayələr

5

Полная версия:

Hekayələr

‒ Əsəbiləşməyin. Hökm çıxaranda gərək soyuqqanlı olasan. Bir də axı, ev sahibi özü boynuna aldı ki…

‒ Siz onu çaşdırdınız.

Yunis papiros yandırdı. Kibriti şaqqıltı ilə stolun üstünə atdı. Otağı göyümsov tüstü bürüdü:

‒ Əgər belə etsəniz, mən qol çəkməyəcəyəm!

‒ Onda işimizi pozmuş olarsınız.

Bəhlul sakitcə söhbətə qulaq asır və Yunisin dediklərini təəccüblə dinləyirdi. Onun ürəyinə dammışdı ki, hakim haqlıdır, ancaq özünün nə kimi imtiyaza malik olduğunu bilmədiyindən susurdu. Yunis “qol çəkməyəcəyəm!” deyəndə başa düşdü ki, iclasçıdan çox şey asılıdır.

‒ Əgər Yunisin qərəzli fikrinə qulaq assanız, mən çıxıb gedəcəyəm.

Yunis Bəhluldan bu cavabı gözləmədiyindən diksindi və daha da sərtləşdi:

‒ Şura müəllimi adını…

‒ Şura müəlliminə böhtan atmaq, məncə, daha böyük cinayətdir. Hakim bilməsə də, özünə yaxşı məlumdur ki, niyə onların əleyhinə gedirsən.

‒ Mənim qərəzliyim var?

‒ Var! Onlar gərək sənin iclasçılığına etiraz edəydilər.

Yunis başa düşdü ki, Bəhlul keçən il rayon qəzetində Mirzənin onun haqqında çap etdirdiyi şeiri nəzərdə tutur. Bir az da höcət etsə, hər şey açılacaq.

‒ Mən nə deyirəm, istəyirəm, günaha batmayaq.

‒ Əlbəttə!

Hər şeyə yenidən baxdılar, müqəssirlərin, şahidlərin cavablarını bir də nəzərdən keçirdilər və əsl müqəssirin ev sahibi olduğunu yəqinləşdirdilər.

Yenə “məhkəmə gəlir!” dedilər, yenə camaat ayağa durdu, elə ayaq üstündə hökm oxundu. Zaldan alqış səsi eşidildi. Ev sahibi boynunu büküb məhkəmədən aman dilədi, hər şeyi qaytaracağına söz verdi.

…Rayon adamları yenə qəzet növbəsində dayanırdılar. Cavanlar yenə gözaltı mehmanxananın eyvanına baxırdılar. Ancaq Bəhlul bir daha görünmədi. O, qonaqlıqlardan vaxt tapıb meydançaya gələ bilmirdi. Hər axşam bir evə, hər gün bir məclisə çağırırdılar. Ona ömründə bu qədər hörmət olmamışdı, bəlkə, bundan sonra da heç olmayacaqdı.

Əmioğlu

Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum. Ancaq hələ də tələbnaməni yoxlatdıra bilməmişdim. Hesabdar hər gün sayğacı şaqqıldadıb bir səhv tapır, tələbnaməni təzədən köçürtdürür, mən yenidən növbəyə dayanır, gah fasiləyə düşür, gah da hesabdarı baş mühasib yanına çağırtdırdığından ləngiyir, beləliklə, iş günü qurtarır və sabahı gözləməli olurdum. Sözün düzü, direktorun əvəzinə zəhmət haqqı almağa gəldiyimə peşman olmuşdum. Əslində, bu bəhanə ilə rayon mərkəzindən azca aralı olan evimizə dəymək və ata-anamla görüşmək istəyirdim. İşlədiyim kənd uzaq olduğundan və yolun pisliyindən oralara maşın gəlmirdi. Rayon mərkəzinə getmək üçün cığırlarla dərələr aşıb çaylar keçmək və qırx beş kilometrlik yolu addımlamaq lazım idi. Mən elə bilirdim ki, rayona çatan kimi pulu alacağam, bir gün evimizdə qaldıqdan sonra qayıdıb müəllimlərin zəhmət haqqını vaxtında özlərinə çatdıracağam.

Səhər tezdən qapını kəsdirib növbədə onuncu adam oldum. Bu gün hər şeyi qurtarıb pul alacağıma əmin idim. Ancaq hesabdar yenə bir şey tapıb məni geri qaytardı. Acığımdan tələbnaməni atıb küçəyə çıxdım. Şəhərdə qalmağa yerim də yox idi. Mehmanxana müdirinə yalvarmaqdan da üzümün suyu tökülmüşdü. Sabah da istirahət günü idi. Yox, yaxşısı budur, geri qayıdım. Qoy direktor özü gəlsin, müəllimlərin gözü yoldadır, axı onların ailəsi var, pul lazımdır!

– Xoş gördük, İslam, niyə burada durursan?

– Maaş almağa gəlmişəm.

– Mən də. Bəs nəyi gözləyirsən?

– Heç. Papiros çəkmək üçün çıxmışam.

Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd-mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.

Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.

– Hara qaçırsan?

– Banka.

– Dayan görüm.

O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:

– Tələbnaməni yoxlatdın?

– Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?

– Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?

– Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?

– Əmioğlu kimdir?

– Şeydayev.

– Yox.

– Onda yarım ay buradasan.

Camal əlini əlinə vurub qəhqəhə çəkdi. Onun incə dişləri parıldadı, xırdaca gözləri oynadı. Onsuz da saz olan kefi lap duruldu. Mənə elə gəldi ki, qonşu məktəbin direktoru Camal təcrübəsiz yoldaşını ələ salır və özünün üstünlüyündən həzz alır. Kəndə qayıdan kimi mənim burada boynumu büküb necə dayandığımı müəllimlərə danışacaq, əlini əlinə vurub indiki kimi şaqqanaq çəkəcək. Amma gözlədiyi-min əksinə, Camal qolumdan tutub məni idarədən bir az da araladı və saatına baxdı.

– Get, bu saat yarım litr araq al. – Mən diksindim. İnstitutu qurtarmağımıza baxmayaraq, hələ də dilimə içki dəyməmişdi. Camal bic-bic güldü. – Tənəffüsə çıxan kimi Şeydayevə ver, sonrası ilə işin olmasın.

– Nə danışırsan, elə şey olar?

– Olar, olar. Bura bax, qız kimi niyə qızardın? Sənə nə deyirəm, ona qulaq as. Özü də baş mühasibə yaxınlaşanda “yoldaş Şeydayev” zad demə. Bircə kəlmə “Əmioğlu” de, eşitdinmi? Di sağ ol, mən getdim, gecikirəm.

Camal qırğı kimi sıçrayıb küçəni keçdi və azacıq sonra gözdən itdi. Hiss etdim ki, qulaqlarım küyüldəyir, bədənim od tutub yandı.

Küçənin hər iki tərəfindən balaca arx axırdı. Altı və yanları sementlə suvanmış bu dördkünc arxın suyu yeknəsəqliklə şırıldayırdı. Papirosumu sümürüb kötüyünü arxa atdım. Papiros bir müddət suyun üzündə qaldı. Qıjov və təmiz su onu ora-bura çırpa-çırpa ağzına alıb apardı və lilli burulğana saldı. Papiros yox oldu, azacıq sonra isə saralmış və islanmış halda bir az aşağıdan üzə çıxdı. Şübhəsiz, lillənib bata da bilərdi.

Küçənin o üzündəki dükana yaxınlaşdım. Oğurluğa gedən adam kimi əvvəlcə ətrafıma boylandım, qorxa-qorxa içəri girdim. Ömrümdə ilk dəfə içki aldım. Tələsik paltomun qoltuq cibində gizlətdim və ayağım dolaşa-dolaşa qapıdan çıxdım. Elə gəldi ki, hamı gözünü zilləyib mənə baxır, bu saat qışqırıb güləcəklər.

Şəhərin kənarındakı hamamın nazik və bir az da boğuq çıxan fit səsi nahar fasiləsinin çatdığını bütün rayon idarələrində işləyənlərə xəbər verdi. Mən yol kəsməyə hazırlaşan cani kimi döngədə gizləndim. Ancaq canilərdən fərqli olaraq, qorxa-qorxa, hürkək baxışlarla boylana-boylana. Şeydayevin tələsik gəldiyini gördüm. İrəli çıxmaq əvəzinə geri çəkildim. Daldada gizləndim. Hiss etdim ki, ürəyimin döyüntüsü boynumun damarında çırpınır. Dəsmal çıxarıb tərimi sildim və elə bu vəziyyətdə də baş mühasiblə qarşılaşdım. Şeydayev diksinib geri çəkildi, üzümə təəccüblə baxıb qaşqabağını tökdü:

– Ay yoldaş, fasilə vaxtı adamın qabağını küçədə kəsməzlər, qanacağın olsun, bura idarədir?

Hülqumum bir neçə dəfə qalxıb-endi, dodağım titrədi, öz səsimdən özüm hürkdüm.

– Əmioğlu…

Şeydayev dayandı. Elə bil kişinin üzündəki maskanı çıxarıb təzəsini taxdılar. Özü də, dodaqları da, gözü də güldü. Sinəmi sıxan ağırlıq yox oldu, sinədolusu nəfəs aldım. İlk addım atılmışdı. Ancaq sonra nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmədiyimdən susurdum.

Şeydayev əvvəlcə üzümə, sonra isə paltomun şişmiş sinəsinə baxdı. Elə bu an haradansa əsən külək, xoşbəxtlikdən, paltomun yaxasını açdı. Araq şüşəsinin ucu göründü. Şeydayev təklif gözləmədən əlini uzadıb cibimdən şüşəni çıxartdı. Tələsik qoynunda gizlətdi.

– Lap yerinə düşdü, əmioğlu, deyəsən, hal əhlisən. Gedək bizə, əla pitimiz var.

– Çox sağ olun, toxam.

– Yaxşı, məni gözlə. Qayıdan kimi birbaş yanıma gəl.

– Bəs hesabdar?

Şeydayev gülümsündü. O aralanandan sonra uzaq yol yorğunu kimi süst düşdüyümü hiss edib bir daşın üstündə oturdum.

Fasilədən sonra baş mühasib iki dəqiqənin içində tələbnaməni yoxladı, lazımi düzəlişlər edib qol çəkdi, çek yazdı. Mən sevincək ayağa durdum, qapıya doğru qaçdım, ancaq birdən dayanıb geri döndüm. Eşitmişdim ki, çox vaxt bankda pul olmur, ya da müdir qəsdən gələnləri əliboş geri qaytarır və deyir ki, get üç gündən, ya da bir həftədən sonra gəl. Bəzən bu get-gəl o qədər uzanır ki, çekin vaxtı qurtarır və adamlar yenidən baş mühasibin yanına gəlməli və təzədən çek yazdırmalı olurlar.

Şeydayev, deyəsən, ürəyimdən keçənləri duydu. Gözlərini qıyıb gülümsündü:

– Çeki mənə ver.

Verdim. Baş mühasib çeki əlinə alıb kənardakı işarəni göstərdi.

– Bunu görürsənmi?

– Görürəm.

– Bilirsən, bu, nə deməkdir?

Çiyinlərimi çəkdim.

– Bu, o deməkdir ki, sən əmioğlumsan, səni ləngitmək olmaz. Ancaq xərci var.

– Nə qədər?

– Bir palazqulaq yüzlük.

…Elə həmin gün evimizə belə dəymədən, pay-piyada yola düşdüm. Axşama özümü kəndə çatdırıb müəllimlərin pulunu payladım.

Aradan bir ay keçdi. Direktor məni yanına çağırdı.

– İslam, maaş dalınca getmək istəmirsən?

– Yox, əmioğlu, bu dəfə özün getsən, yaxşıdır.

Cərimə

Səhər tezdən qapıları döyüb gülə-gülə qəzet paylayan oğlan bu dəfə Arifi şübhə və təəccüblə süzdü. Jurnalı və qəzeti verdikdən sonra əlindəki dəftərçəni irəli uzadıb: “Qol çəkin”, – dedi və ağzı bağlı zərfi ona verib uzaqlaşdı. Arif qapının arasından süzülən işığın qılınc kimi kəskin zolağında aydın görünən zərfi açdı. Hərflər ekrana düşmüş rəqəmlər kimi aydınlaşıb böyüdü. “Bu gün, 1949-cu il mart ayının 15-də səhər saat 10:00-da məhkəmə icraçısının yanında olmalısınız. Əks təqdirdə inzibati tədbir görüləcəkdir”. Kağızı bir neçə dəfə o üz-bu üzə çevirib yazıları təkrar-təkrar oxusa da, bir şey başa düşə bilmədi. Mətbəxdə xörək bişirən ev sahibəsinin şübhəsini artırmamaq üçün tələsik otağa keçdi. Bütün planları pozulub fikri alt-üst oldu. O, bu gün evdən çıxmamağı, axşamacan, lap elə gecəyarıyacan oturub sabahkı imtahana hazırlaşmağı qərara almışdı. Fikrindən dönmək istəmədi. Stəkandakı yarımçıq çayını içdi. Köynəyini əyninə keçirdi. Kitabı qabağına çəkib kağız-qələm götürdü. Ancaq beş dəqiqə keçməmiş hiss etdi ki, gözü kitabın sətirlərində olsa da, fikri məhkəmədədir. “Əks təqdirdə inzibati tədbir görüləcək”. “Axı mənim məhkəmədə nə işim var?” Əlacı kəsildi. Paltarını tələm-tələsik geyinib bayıra çıxdı.

Havanın soyuqluğundanmı, yoxsa həyəcanlandığındanmı, nədənsə üşürgələndi. Pencəyinin yaxasını düymələyib, sürətini artırdı. Son günlər haralarda olduğunu, kimlərlə oturub-durduğunu bir-bir yadına saldı. Kitabxanalardan başqa, heç yerə getməmişdi. Tramvaydan gedə-gedə atlanmamışdı. Küçə hərəkət qaydalarını pozmamış, restorana getməmişdi. Dalaşmaqla da arası uşaqlıqdan yox idi. Bəs onda günahı nə idi?

Məktubda yazılan ünvanı tapdı. Qaranlıq dəhlizdən keçib lazım olan otağın qapısı ağzında dayandı. İçəri girməzdən əvvəl üst-başını yoxladı. Əlini daraqlayıb saçını bir neçə dəfə geri itələdi. Hərəkətlərinə sərtlik və cəsarət verib qapını açdı:

– Olar?

İri yazı masasının arxasında oturub toz basmış qovluqları araşdıran kişi başını qaldırmadan gözünün altından sərt-sərt Arifə baxdı.

– Qapını açandan sonra icazə istəməzlər.

– Məni siz özünüz çağırmısınız.

Əlindəki kağızı irəli uzatdı. Kişi qovluqları kənara itələyib qolu ilə masanın üstündəki şüşənin tozunu sildi və qələmi mürəkkəbə batırıb nəyəsə qol çəkəcəkmiş kimi hazır dayandı.



– Verin görüm.

Arif çağırış vərəqəsini verdi. O, heç nə soruşmadan kağızı aldı. Qovluqlardan birini götürüb saralmış vərəqləri xeyli çevirdi. Axtardığını tapdıqdan sonra əlindəki göndərişi qovluğa yapışdırdı. Qələmi bu dəfə qırmızı mürəkkəbə batırıb solaxayı qeydlər etdi və yenə başını qaldırmadan dilləndi:

– Yüz manat verməlisiniz.

– Nə üçün?

– Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz.

– Nə şahidlik?

– Bilmirəm. Zəhmət olmasa, qol çəkin və cəriməni ödəyin.

Arif indi onun sifətindəki dənəbir çopurları, qonur gözlərindəki sakit, ancaq amiranə baxışlarını, öz qələbəsinə əmin olan bir adama məxsus istehzalı təbəssüm oynayan dodaqlarını və papiros tüstüsündən şabalıdı rəngə çalan bığlarını aydın gördü. Kişi Arifin özünü itirdiyindən elə bil həzz alırdı.

– Heç bir qəpik də verməyəcəyəm!

– Verəcəksiniz!

– Cinayətin üstünü basdırdığınız yetmir, hələ bir şahidi də cəzalandırırsınız?

– Yoldaş, bu təhqirə görə daha ağır cəza ala bilərsiniz, dediklərinizə məsul olun!

Arif daha nəsə demək istədi. Bir-iki dəfə hülqumu qalxıb-endi. Kişi isə sakitcə dayanıb gözünü ondan çəkmədi.

– Cəriməni verəcəksinizmi?

– Dedim ki, yox!

İcraçı kağızları yenidən qovluğa qoydu. Sakitcə nə isə yazdı və Arifin üzünə gülümsündü:

– Xoş gəldiniz, cavan oğlan, gedə bilərsiniz.

Onun bu sakit və istehzalı sözləri Arifi daha da əsəbiləşdirdi. Qapını çırpıb bayıra çıxdı.

Onun bayaqdan üşürgələnən bədəni od tutub yanırdı. Deyəsən, qızarıb pörtmüşdü. Yoxsa qarşısından ötənlər ona elə təəccüblə baxmazdılar. Dəsmalını çıxarıb üzünü, boynunu sildi. Yaxasını açdı. Özü də hiss etmədən gəlib sahilə çıxdı. Dəniz tərəfdən əsən külək, ləpələrin şırıltısı, lövbər atıb dayanmış gəmilərdən gələn musiqi sədaları Arifi yavaş-yavaş özünə gətirdi. Elə bil onun bədəni soyudu. Əlini cibinə atdı. Papirosu olsaydı, ciyərlərini körük kimi qabardıb tüstü ilə doldurardı. Skamyaların birində oturdu. Qonşu skamyada oturan oğlandan qızın yanında papiros istəməyə üzü gəlmədi.

Arifin elə uşaqlıqdan adamın üzünə durub şikayət etməkdən xoşu gəlməzdi. Yoldaşlarından biri ona toxunsa, müəllimə xəbər verməz, özü başa salmağa çalışardı. Elə böyüyəndə də bu xasiyyətini tərgitməmişdi. Amma bu dəfə məcbur olmuşdu. Əslinə baxsan, aspirant yoldaşının dilinin bəlasına düşmüşdü. Əli onu da, özünü də işə salmışdı.

Kinodan çıxmışdılar. Gördükləri film haqqında mübahisə edə-edə izdihamlı küçə ilə irəliləyirdilər. Adam əlindən tərpənmək olmurdu. Həm may ayının ilıq nəfəsi insanları küçələrə səpələmişdi, həm də axşam növbəsində oxuyanlar dərslərini qurtarmışdılar. Keçiddə ayaq saxladılar. Maşınlar dayandığından tələbələr qatarlaşıb o biri səkiyə addımlayırdılar. Birdən uşaqların arasına çaxnaşma düşdü. Kimsə qışqırdı. Təkər qıcırtısından tük ürpəşdi. Adamlar özünə gəlməmiş qara rəngli köhnə bir “ZİM” maşını güllə kimi ötüb tini buruldu və qaranlıq döngədə gözdən itdi. Ancaq onun arxasında görünən işıq və “55-55” nömrəsi Arifin gözündən yayınmadı.

Uşaqlar küçənin ortasına uzanmış qızı qaldırmaq istədilər. Mümkün olmadı. Onu qolları üstünə alıb kənara çəkdilər. Kimsə telefon budkasına yüyürdü. Azacıq keçməmiş təcili yardım gəldi. Huşsuz qızı yoldaşlarının müşayiəti ilə xəstəxanaya apardılar. Qız yola salındıqdan sonra özlərinə gələn tələbələr maşını əldən buraxdıqlarına heyifsiləndilər, harada olsa, onu tapacaqlarına and içdilər. Maşının nömrəsini onlar da yadda saxlamışdılar…

Bütün gecəni narahat yatan Arif ertəsi günü instituta tez gəldi. Axşam maşının vurduğu qızdan bir xəbər tutmaq məqsədilə komsomol komitəsinə getdi. Arif içəri girən kimi Əli sözünə ara verib: “İkimiz də bir yerdəydik. Hər şey gözümüzün qabağında oldu”, – deyə sözünü yekunlaşdırdı. Arif Əlinin dediklərini təsdiq etdi. Söhbət qurtarandan xeyli sonra otaqda oturub deyilənlərə qulaq asan bir oğlan Əliyə yaxınlaşdı:

– Zəhmət olmasa, bunu oxuyub qol çəkin.

Əli rəsmi vərəqədə yazılanları ötəri gözdən keçirib təəccüblə soruşdu:

– Siz kimsiniz?

Oğlan qalstukunu düzəltdi. Dəri qovluğu qoltuğuna daha möhkəm sıxıb özünü təqdim etdi:

– Mən müstəntiqəm. Hər bir vətəndaş canilərlə mübarizə aparmaqda rəsmi təşkilatlara kömək etməlidir. Bir də bu, mənim ilk istintaq işimdir. Yenicə fəaliyyətə başlayan müstəntiqə kömək etməkdən boyun qaçırmayın.

– Mənim vaxtım yoxdur.

– Cinayət məcəlləsinin…

– Filan maddəsinə görə, cinayəti görüb üstünü açmayanlar cəzalanırlar, eləmi? – deyə Əli onun sözünü kəsdi.

– Bəli. Özünüz savadlı adamsınız, hər şeyi bilirsiniz, yaxşı olar ki, qol çəkəsiniz.

Əli qızardı. Başını tərpədib hamının görəcəyi tərzdə dilini çıxartdı və dodaqaltı deyindi: “Səni dilim-dilim olasan, dilim!” və kağıza qol çəkdi.

Müstəntiq Əlinin ifadə vərəqəsinə diqqətlə baxıb gülümsündükdən sonra eyni rəsmi əda ilə Arifə yaxınlaşdı:

– Elə bilirəm, yoldaşınızın dediklərini təsdiqdən boyun qaçırmazsınız.

Arif mübahisəni yersiz hesab etdiyindən dinməz-söyləməz kağıza qol çəkdi.

Bir aydan sonra onu məhkəməyə çağırdılar. İki saat gözləmə otağında saxladılar. Günortaya yaxın katibə hakimin əvəzindən üzr istəyib dedi ki, bu gün məhkəmə olmayacaq, başqa vaxt sizi çağıracağıq.

Bu hadisədən xeyli keçdi. Xoşbəxtlikdən, maşın vuran qız sağaldı. Yay imtahanlarını da verdi. Şahidlər də arxayınca istirahətə getdilər. Arif ürəyində sevindi ki, elə yaxşı oldu qız da sağaldı, maşındakılar da cəzalanmadılar, bizi də get-gələ salmadılar. Deyəsən, hər şey unuduldu. Ancaq Arifin gözlədiyinin əksinə, çənli-çiskinli bir payız günü onları yenidən məhkəməyə çağırdılar. Şahidlər nəmlənmiş paltarda, deyilən vaxtda, deyilən yerdə oldular. Makinada nə isə döyəcləyən və arabir balaca güzgüdə özünə sığal verən qız gələnləri gözaltı süzdü. Arif bu baxışdakı istehzanı duysa da, mənasını başa düşmədi. Saçına qırov kimi qonmuş narın yağış damlalarını əli ilə quruladı.

– Hakimə deyin ki, gəlmişik.

– Lazım olsa, özü çağırar.

– Axı çox gözləməyə vaxtımız yoxdur.

– Gözümüz aydın. Sizə kim demişdi ki, şahid olun!

– Onu düz deyirsən, bacı, dilimizin bəlasına düşmüşük.

Otağa sükut çökdü. Katibə makinanı daha hirslə döyəcləməyə başladı.

Divar saatı danqıldayanda Arif ayağa durdu. Katibədən icazə almadan hakimin otağına keçdi.

– Biz çoxmu gözləyəcəyik?

– Sizi nə üçün çağırıblar?

– Şahidliyə görə.

– Hə, o maşın məsələsi? – Hakim stəkanındakı çayın son qurtumunu arxayınca içdi. Cibindən qat kəsmiş ağ dəsmal çıxardı. Ağzını ehmalca sildi. – Bu gün də iclas olmayacaq.

– Nə üçün?

– Çünki düzgün ifadə vermirsiniz. Biz dəqiqləşdirmişik ki, qızı “ZİM” yox, “Pobeda” vurub.

– Görən mənəm, yoxsa siz?

– Yəqin, pis görmüsünüz.

Arif institutda söylənənlərin həqiqətə oxşadığını yəqin etdi. Ona demişdilər ki, qızı maşınla vuranlar pul veriblər ki, ifadəni dəyişsinlər. Arif hakimə yaxınlaşdı. Onunla məsləhətləşəcəkmiş kimi aşağı əyildi:

– Qızı “ZİM” vurub. Ancaq, deyəsən, Sizə “Pobeda” xeyirlidir.

Sədr yerindən dik atıldı:

– Bu, nə deməkdir?

– Bu, o deməkdir ki, qurtarın alverinizi və bizi az incidin!

– Həddini bil! Ədalət məhkəməsini təhqir eləmə!

– Tüpürüm sənin kimisinin ədalətinə!

Qapının çırpılmasına katibə dik atıldı. Arifin arxasınca Əli də küçəyə güllə kimi çıxdı…

Dəniz sahilində oturub bütün bunları xatırlayan Arif yenidən papiros çəkmək istədi. Əlini cibinə atdı və başa düşdü ki, çəkməyə bir şeyi yoxdur. Ayağa durdu. İnstituta yollandı. İçəri girəndə yoldaşları xəbər verdilər ki, bu gün təqaüd günüdür. Arif kassaya çatanacan alacağı pulu, borclarını, yeni çıxan kitabların dəyərini hesabladı. Kassanın önündə adam azdı, çox gözləməli olmadı. Cədvələ qol çəkdi. Kassadan uzaqlaşmamış pulunu saydı və təəccüblə kassirin üzünə baxdı:

– Yüz manat çatmır.

– Cəriməni tutmuşam.

Köynək

Qapı ikiqat idi. Üstünə sarı meşin örtük çəkilmiş, güllü mismarla çalın-çarpaz naxış vurulmuşdu. Səs-küy gözləmə otağından içəri keçib katibə mane ola bilmirdi. O, şikayətçiləri qəbul etməzdən əvvəl bir saat oturub qəzetlərə baxar, lazımi yerlərə zəng çalıb danışar, telefon çağırışlarına cavab verər, katibənin dəmlədiyi çaydan bir-iki stəkan içər və sonra düyməni basardı. Katibə qapını açar, işi olanlar növbə ilə içəri gələrdilər. Ancaq bu dəfə o, qəzetlərə ötəri nəzər saldı, telefonlara əl atmadı. Ayağa durub pəncərənin önündə dayandı. İsti idi. Tozlu-torpaqlı yollar və sonu görünməyən pambıq tarlaları, Kürün sahilinə qədər uzanan kövşənlər elə bil od tutub yanırdı. Zəmilərin kənarındakı gölməçələrdə camışlar yatışır, uşaqlar qurbağa kimi arxa tökülüşüb çimirdilər. Şəhərin yanından ötən baş yolda isə maşınlar sağa-sola şütüyürdü.

Qapı gözlənilmədən açıldı. Katib səsə geri çevrildi. Böyük yazı stolunun qarşısında cavan bir qadın dayanmışdı. İsti olmasına baxmayaraq, başına ağ ipəkdən saçaqlı şal örtmüşdü. Göy koftasına uyğun maviyə çalan parçadan qırçınlı yubka geyinmişdi. Qara, yastıdaban çəkmələrini də, hiss olunurdu ki, ayağına təzəcə alıb. Qadının qaralmış sifətindəki qızartı güclə sezilirdi. Telləri bir-iki yerdən qıvrılıb yanağının üstünə düşmüşdü. İpək şalın saçaqları sinəsinə səpələnsə də, yaxasındakı orden və medallar nəzərə çarpırdı.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Rus dilindəki “начальник” sözünün təhrif olunmuş forması. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs, müdir, rəis.

2

Ağcaqanad, milçək və s. qanadlı həşəratlardan qorunmaq üçün cunadan (tənzifdən) tikilən yataq örtüyü

3

Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı

4

Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək

5

Dialekt söz, “Üşümək”, “titrəmək”, “şübhələnmək”, “qorxuya düşmək” mənasında

6

Adətən kənd yerlərində evin, həyətin, bağın və s.-nin hasarında bir-birinə keçirilən ağaclardan ibarət sadə qapı

7

Rus dilindəki “исполнительный комитет” söz birləşməsinin ixtisarı. İcraiyyə komitəsi (canlı dildə bəzən həmin komitənin sədri mənasında)

8

Yüngül, yumşaq, incə xovlu yun və ya yarıyun parça növü

9

Müəllif burada “qarnının bir az da qabağa çıxdığını” nəzərdə tutur.

10

Hakim

11

Yəni “müəllimi görəndə ayağa qalxan”

12

Burada “hiyləgər, kələkbaz” anlamındadır.

13

Bu söz müəllifin işlətdiyi özünəməxsus sözlərdəndir.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner