banner banner banner
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan
Оценить:
Рейтинг: 0

Полная версия:

Çovdarlıqda uçurumdan qoruyan

скачать книгу бесплатно

Birdən dedi:

– Bura bax, Holden. Bu beysbol əlcəyi hardan çıxdı?

– Nə olsun? – soyuqqanlıqla dedim.

– «Nə olsun» nədir? Sənə demədim, otaqdan, evdən yaz?

– Demişdin, inşa yaz, yazmışam. Beysbol əlcəyindən oldu, olmadı, bunun nə dəxli?

– Başın batsın sənin, – dönüb üzümə baxdı. – Yaxşı eləyib səni bayıra atıblar. Heç vaxt bir işi adam kimi görmürsən.

– Nə deyirəm. Onda onu ver bəri, – dedim. Ona yaxınlaşdım, dəftəri qəfil dartıb əlindən aldım, hirsimdən cırıq-cırıq elədim.

– Neyləyirsən, niyə cırırsan? – dedi.

Cavab vermədim. Cırdıqlarımı aparıb zibil yeşiyinə tulladım. Sonra çarpayıya uzandım.

Hələ də Ceyn barəsində bircə kəlmə də deməmişdi. Ona görə də daha dözməyib dedim:

– Niyə belə yubandın? Yəqin, sənə görə yazıq qız da gecikməli olub, eləmi?

– Hə, bir balaca gecikdi, – Stredleyter laqeydcəsinə cavab verdi.

İlahi, mən bu adama necə də nifrət edirdim!

– Gəzməyə hara getdiniz? Nyu-Yorka?

– Dəlisən nədir? Necə gedəydik? O qədər yolu gedib-qayıtmağa vaxt hardan idi?

– Mənim salamımı ona çatdırdın?

– Hə.

Yalan deyir, gözünün içinə qədər yalan deyir.

– Əgər Nyu-Yorka getməmişdinizsə, onda bu vaxta qədər hardaydınız? – dedim. Səsim titrədi, bərk əsəbiləşmişdim. Hiss elədim ki, bunun axırı nəsə pis qurtaracaq.

Mən yatdığım çarpayının yanına gəlib aşağı əyildi, başladı zarafatyana çiyinlərimə vurmağa.

– Bəsdir, – dedim. – De görüm, hardaydınız?

– Heç yerdə. Ed Benkinin maşınında oturmuşduq, – çiynimə bir yumruq da ilişdirdi.

Ed Benki Pensinin basketbol məşqçisiydi. Bu Stredleyter də onun ən sevimli oyunçusuydu.

Stredleyter hələ də çiyinlərimə döyəcləyirdi. Diş şotkası əlindəydi, sonra ağzına soxdu. Sanki mənim nə dediyim onun vecinə də deyildi.

Qalanını yaxşı xatırlamıram. Bir o yadımdadır ki, sakitcə ayağa durdum, guya bayıra çıxırdım, sonra var gücümlə ağzındakı diş şotkasının üstündən ona bir yumruq ilişdirmək istədim. Kaş şotka bu əclafın boğazını deşib keçəydi. Ancaq yumruğum qulağının dibindən sivişdi. Güman ki, bir balaca ağrıtdı, ancaq mən istəyən qədər yox.

Bir də onda ayıldım ki, döşəməyə sərilmişəm. Dizlərini sinəmə dirəmişdi. Qollarımı tutmuşdu, ona görə də tərpənə bilmirdim, yoxsa onu öldürəcəkdim.

– Nə olub sənə, şeytan ağlını alıb nədir?

– Bu murdar dizlərini çək sinəmdən, – dedim.

Nə qədər elədim, çəkmədi. Qollarımı da buraxmadı, mən də ona dişimin dibindən çıxanı dedim.

– Yum ağzını, Holden! – Stredleyterin sifəti od tutub yanırdı. – Yum ağzını, dedim! Məni hövsələdən çıxarma. Yoxsa əngini əzərəm.

– Çək bu iyrənc dizlərini sinəmdən!

– Buraxsam, ağzını yumacaqsan?

– Hə.

Buraxdı. Durdum ayağa. Sinəm bərk ağrıyırdı.

– Ömrümdə sənin kimi qanmaz birinə rast gəlməmişəm, – dedim.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)