скачать книгу бесплатно
– Dəlisən nədir? – Ekli dedi.
– Ay ana, əlini mənə ver. Niyə əlini mənə vermirsən?
– Bəsdir, dur ayağa!
Başladım kor kimi əl-qolumu oynatmağa, ancaq ayağa-zada durub eləmədim. Elə hey zarıldayırdım:
– Ana, ana, əzizim, niyə əlini mənə vermirsən?
Bəzən bu cür hoqqalar mənə yaman ləzzət verir. Axırda bezdim. Kepkamın dimdiyini yenə arxaya fırladıb sakitləşdim.
– Bu kepkanı hardan almısan? – Ekli dedi.
– Nyu-Yorkdan.
– Neçəyə?
– Bir dollara.
– Səni hərifləyiblər, – başladı kibrit çöpüylə murdar dırnaqlarını təmizləməyə. Dırnaqlarını qurdalasa da, gözünü kepkamdan çəkmirdi.
– Biz tərəflərdə belə kepkayla maral ovuna çıxırlar, – dedi. – Bu ovçu kepkasıdır.
– Cəhənnəmə ki, – kepkamı götürüb bir də onu diqqətlə nəzərdən keçirdim. Nişan alan adam kimi gözümün birini qıyıb baxdım. – Bu kepkada adam ovuna çıxırlar, – dedim. – Bu kepkada mən adam ovlayacağam.
– Evdəkilər bilir ki, səni bayıra atıblar?
– Yox.
– Bəs Stredleyteri neyləmisən?
– Futbola gedib. Qız dostu ilə.
– Onun görüşdüyü qız kimdir elə? – dedi. Stredleyterdən zəhləsi getsə də, onun kiminlə görüşdüyünü öyrənib bilməsə, bağrı çatlayar.
– Bilmirəm. Nəyinə lazım?
– Heç, elə-belə. Zəhləm gedir ondan.
– Amma o sənin dərdindən dəlidir. Bir dəfə mənə söylədi ki, onun fikrincə, sən əsl şahzadə balasısan, – dedim. Şitliyim tutanda elə hamıya «şahzadə» deyirəm. Yoxsa dilxorçuluqdan adam birtəhər olar.
– Burnunu soxmadığı yer qoymayıb, – Ekli dedi. – Mən onu heç adam da saymıram. Amma o özünü hamıdan ağıllı sayır.
Bir müddət dinmədim. Sonra dedim:
– Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa, bu dişlərini bir dəfə yu» deyir. Özü də sənə sataşmaq üçün demir, burda inciməli nə var ki?
– Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!
– Yox, yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.
– Sənə dedim ki, o, əclafdır.
– Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandır, – dedim. – Bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. Ya da, bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadın üstünə. Nə yolla olursa olsun hökmən onu sənə bağışlayar. Amma burdakı uşaqların çoxu…
– Söz tapdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.
– Yox, sən eləməzsən, – başımı buladım.
Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Həmişə harasa tələsirdi. Mənə sarı yönəldi, zarafatyana yanaqlarımı şappıldatdı – bu da heç xoşagələn vərdiş deyildi, – sonra soruşdu:
– Axşam bir yana getmirsən?
– Bilmirəm. Bəlkə, getdim. Nədir, qar yağır?
Əməllicə qara batmışdı.
– Bura bax, əgər bir yana getməyəcəksənsə, o zolaqlı gödəkçəni bir axşamlığa mənə ver.
– Yox! Sənin əyninə gəlməz, genəldərsən, – dedim. İkimiz də bir boydaydıq, ancaq o məndən iki dəfə ağır gələrdi. Çiyinləri çox enliydi.
– Qorxma, heç nə olmaz, – deyib cəld şkafa tərəf qaçdı. – Nə var, nə yox, Ekli? – arada Eklinin kefini soruşmağı da unutmadı. O, mehriban oğlan idi, kin-zad saxlamazdı. Yalandan da olsa, həmişə Ekliylə salamlaşırdı.
– Bəs qız dostun hardadır? – soruşdum.
– O biri korpusda, – əl-üz dəsmalını, üzqırxanı qoltuğuna vurub köynəksiz-zadsız otaqdan çıxdı. Otaqda da həmişə bu cür qurşağacan çılpaq gəzir, çünki belə hesab eləyir ki, yaraşıqlı bədəni var. Doğrudan da, beləydi: qədd-qamətinə söz ola bilməzdi.
4
Elə bir işim olmadığına görə mən də durub yuyunma otağına getdim. Üzünü qırxıb qurtarana qədər Stredleyter ilə bir az laqqırtı vurmaq istəyirdim. Burda da bir o idi, bir də mən. Uşaqlar hələ futboldan qayıtmamışdılar.
Yadınızdadır, Eklidən danışanda demişdim ki, pintinin, natəmizin biridir? Bax bu Stredleyter də natəmiz uşaqdır, ancaq bir az başqa cür natəmizdir. Zahirən çox səliqəliydi, amma kaş indi onun əlindəki üzqırxanı görmüş olaydınız. Pas atmışdı, tük basmışdı.
Stredleyter son dərəcə özünə məftun adamdır. Şəkildə yaraşıqlı düşürdü. Yəni onun gözəlliyi albom gözəlliyi idi. Mən Pensidə elə oğlanlar tanıyıram ki, Stredleyterdən onqat yaraşıqlıdırlar, ancaq albomda şəkilləri o qədər də yaxşı çıxmır.
Stredleyterin böyründəki kranın önündə oturub soyuq suyu açıb-bağlayırdım. Qırmızı kepka hələ də başımdaydı. Özü də tərsinə – dimdiyi arxa tərəfə. Bu kepka, doğrudan da, mənə yaman ləzzət eləyir.
– Bura bax, – Stredleyter dedi, – gəl mənim xatirimə bir iş gör.
– Nə? – çox həvəssiz soruşdum. Yaraşıqlı, özündənrazı oğlanların hamısı belədir. Gərək bunların xatirinə həmişə nəsə eləyəsən.
– Birinci günəcən tarixdən azı yüz səhifə dərs oxumalıyam, – dedi. – Bəlkə, mənim üçün ingilis ədəbiyyatından bir inşa yazasan? Birinci gün təhvil verməsəm, işim xarabdır. Yazarsan?
Məni lağa qoyub nədir?!
– Məni bu lənətə gəlmiş məktəbdən dünən qovublar. Sən də istəyirsən ki, indi sənə inşa yazım?
– Bilirəm, bilirəm. Bəla burasındadır ki, onu təhvil verməsəm, mənim də işim xarabdır. Dostumsan, kömək elə.
– Nədən yazmalıyam?
– Nədən olursa olsun. Təsviri bir şey. Otaq haqqında. Və ya bina haqqında. Ya da nə vaxtsa yaşadığın bir yer haqqında. Təki təsvir ifadəli və canlı olsun.
– Bunu hardan tapmısan? – Stredleyter soruşdu. Qırmızı kepkamı deyirdi. Yeni görürdü.
– Səhər-səhər Nyu-Yorkdan almışam. Bir dollara. Xoşuna gəlir?
Stredleyter başını tərpətdi.
– Əladır, – dedi. Əclaf məni hərifləyirdi. Çünki dərhal əlavə elədi: – Yaxşı, inşa yazarsan?
– Vaxt tapsam, yazaram.
Gəlib yenə də onun böyründəki kranın önündə oturdum.
– Budəfəki görüşün kiminlədir? Fitsceraldla? – soruşdum.
– Allah eləməsin. Sənə demədimmi, o donuzla qurtarmışam?
– Fitscerald deyilsə, bəs kimdir? Bəlkə, o Fillis Smitlə görüşəcəksən?
– Yox. Əslində, elə onunla görüşməliydim, ancaq hər şey tərsinə oldu, başqasına ilişdim. Bed Tou ilə bir otaqda qalan qız… Bura bax. Az qala yadımdan çıxmışdı. O qız səni tanıyır.
– Ola bilməz, adı nədir? – məni maraq bürüdü.
– Mən bilən… Hə, Ceyn Qallaher.
İlahi, o bunu deyəndə az qaldı huşum başımdan çıxsın.
– Ceyn Qallaher! – oturduğum yerdən dik qalxdım. – Hə, onu tanıyıram. İnişil yayda qapıbir qonşu olmuşuq. Onda onun zırpı buldoqu da var idi. Elə buldoqun hesabına tanış olduq. Həmişə gəlib bizim…
– Holden, adamsan, işığın qabağında durma, – Stredleyter dedi. – Durmağa yer tapmırsan?
Əməlli-başlı həyəcanlanmışdım.
– O indi hardadır? – soruşdum. – Heç olmasa, gedib görüşüm. Hardadır dedin? O biri korpusda?
– Eh…
– Necə oldu ki, məndən söz saldı? Görən, indi Brin-Morda oxuyurmu? Onda demişdi ki, bu məktəbə girmək istəyir. Ya da ki Şipliyə. Elə bilirdim, indi Şiplidə oxuyur. Necə oldu ki, söz məndən düşdü? – doğrudan da, bərk həyəcanlanmışdım. Düz sözümdür.
– Mən nə bilim axı?! Bəlaya düşmədik.
– Ceyn Qallaher, – yenə təkrar etdim. Hələ də özümə gələ bilmirdim. – Sən bir təsadüfə bax!
Stredleyter saçlarına mənim briolinimi[8 - Briolin – saça qulluq üçün nəzərdə tutulmuş kosmetik vasitə (əsasən, kişilər tərəfindən istifadə edilir)] sürtürdü.
– O qız rəqqasədir, – dedim. – Baletə gedir. Gündə düz iki saat məşq eləyirdi. Qorxurdu fiqurası pozula. Həmişə onunla dama oynayırdıq. Özü də damaya çıxanda daşları çevirməzdi, bircə dəfə də yerindən tərpətməzdi.
Stredleyter dinmirdi. Adətən, belə şeylər heç kəsi maraqlandırmır.
– Onun anası da biz getdiyimiz klubun üzvü idi, – dedim. – Mən orda bir müddət qolf ağacı daşıyan olmuşam. Pul qazanmaq istəyirdim.
Stredleyter heç qulaq asana oxşamırdı. Saçı ilə məşğul idi.
– Yox, gərək gedib görüşəm.
– Bəs niyə durmusan? Get də!
– Gedəcəyəm, gözlə bir dəqiqə. Onun valideynləri ayrılıb. Anası sərxoş bir adamla evlənib, – dedim.
Yaxşı yadımdadır, həmin adam həmişə şortik geyərdi. Ceyn deyirdi ki, yazıçıdır, pyes-zad yazır. Amma onu həmişə möhkəm içən, sarsaq radiodetektivlərə qulaq asan görmüşəm.
– Ceynin uşaqlığı çox ağır keçib. Zarafatsız. Yox ey, gedim onunla bir görüşüm. Yaxşı deyil.
– Bəs onda nəyi gözləyirsən? Bayaqdan gedim-gedim deyincə çıx get də, – Stredleyter dedi.
– İndi kefim yaxşı deyil, – dedim. Belə yerə getməkdən ötrü də gərək adamın, doğrudan da, kefi kök ola.
Stredleyter, axır ki, sıx, pırtlaşıq saçlarını darayıb qurtardı. Üzqırxanı, dəsmalı yığışdırdı.
– Bəri bax, məndən ona salam de, yaxşımı?
– Yaxşı, – Stredleyter dedi, ancaq dəqiq bilirdim ki, deməyəcək.
– Bura bax, – dedim, – məni qovduqlarını ona demə ha. Yaxşı?
– Yaxşı.
5
Hər şənbə axşamı bizim üçün əsl bayram idi; çünki stollara bifşteks[9 - Bifşteks – qızardılmış mal ətindən hazırlanan yemək] qoyurdular. Bunu qəsdən edirdilər. İstəsəniz lap min dollardan mərc gələrəm, çünki hər bazar valideynlərin çoxu məktəbə öz uşaqlarını görməyə gəlirdi və hər bir ana öz əziz-xələf oğlundan axşam nə yediyini soruşurdu. O da deyirdi: «Bifşteks». Fırıldağa bax! Kaş o bifşteksləri öz gözlərinizlə görmüş olaydınız. O qədər xırda və bərk idilər ki, heç bıçaq da kəsmirdi.
Həmin axşam heç kimə görüş-zad verməmişdim; pijamamı, xalatımı geydim, qırmızı kepkamı da başıma keçirib inşa yazmağa başladım.
Stredleyterin tapşırdığı kimi təsvir eləməyə nə bir ev ağlıma gəlirdi, nə otaq. Həm də belə şeylərdən inşa yazmaq ürəyimə yatmır. Ona görə də götürüb qardaşım Allinin beysbol əlcəyindən yazdım. Alli həmişə bu əlcəyi sol əlinə geyərdi. Çünki solaxay idi. Qardaşım əlcəyin hər yerinə, hətta barmaqlarının üstünə də şeir yazmışdı. Özü də yaşıl mürəkkəblə. Bunu ona görə eləmişdi ki, meydançada topsuz qalanda bikarçılıqdan oxumağa bir şey tapa bilsin. İndi o, sağ deyil. 1946-cı il iyulun 18-də biz Meyndə olanda ağ qan xərçəngindən öldü. Məndən iki yaş balaca olsa da, yüz dəfə ağıllıydı. Yaman dərrakəli uşaq idi. Müəllimləri həmişə anama məktub yazardılar ki, belə bir uşağa dərs demək onlar üçün böyük xoşbəxtlikdir.
İlahi! O necə də qəsəng uşaq idi. Bir də görürdün, yemək stolunun arxasında ağlına nə gəldisə, uğunub özündən getdi, stoldan aşdı. On üç yaşım olardı, valideynlərim məni psixiatrın yanına apardılar. Çünki qardaşımı itirən gecə yumruğumla vurub qarajın bütün şüşələrini qırmışdım. Hələ o yay aldığımız «Pickup»ın da şüşələrini qıracaqdım, olmadı, ona çatanda qolumu sındırdım. Onda elədiklərim özümdən asılı deyildi.
Elə şeylər var ki, onları xatırlamağa çətinlik çəkirsən. İndi də ha fikirləşirəm, Stredleyterin Ceynlə görüşdən haçan qayıtdığını yadıma sala bilmirəm. Yəni hələ də xatırlaya bilmirəm ki, dəhlizdə onun çərdəymiş addımlarının səsini eşidəndə mən otaqda nəylə məşğul idim. Bəlkə də, hələ pəncərənin önündən çəkilməmişdim. Mən bir şeydən əndişəyə düşəndə, həqiqətən, bərk həyəcanlı oluram. Stredleyteri mənim qədər tanısaydınız, siz də bu cür əndişəyə düşərdiniz. Yaramazın biridir. Özü kimisi yoxdur.
Soyuqdan deyinə-deyinə içəri girdi. Sonra dedi:
– Bəs bu camaat hanı? Lap meyitxanaya oxşayır ki!
Ona cavab vermək fikrində deyildim. Soyunmağa başladı. Ceyn barədə bir kəlmə də demədi. Heç mən də soruşmadım.
Qalstukunu boğazından açanda inşanı yazıb-yazmadığımı soruşdu. Dedim ki, yazmışam, çarpayısının üstündədir. Gedib onu götürdü, köynəyinin yaxasını aça-aça oxudu.