banner banner banner
Uzaq sahillərdə
Uzaq sahillərdə
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq sahillərdə

скачать книгу бесплатно

– Xeyr, təzəcə gəlmişəm.

– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?

– Xeyr, bu dairədə partizan hərəkatını yatırmaq işləri üzrə gestapo[6 - Gestapo – Hitler Almaniyasında gizli polis] rəisinin müaviniyəm.

– Nə etmək olar! Uğur olsun! – və mətləbə heç dəxli olmadan əlavə etdi: – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!

O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə dönərək bufetə tərəf yönəldi.

Polkovnikin ötəri dediyi bu tərif mayor fon Şultsu qəzəbləndirdi. O bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlunun, qədim pruss[7 - Pruss – burada: keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq] nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənirdi…

Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi… Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir!

Yemək vaxtı yaxınlaşırdı. Zabitlər yavaş-yavaş holldan salona keçməyə başladılar. Şults da onların ardınca tələsdi.

Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksəkrütbəli zabitlər almanlara xas olan dəqiqliklə stolların dalında öz yerlərini tutmağa başladılar. Salondakı kiçik orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenantla əsgər içəri girdilər.

Ober-leytenant yaxındakı stollardan birinin boş olduğunu görüb Körpəyə dalınca gəlməyi işarə etdi.

Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb stolun altına qoydu və yerini rahatladı.

– Bura zabitlər üçündür, – arıq xörəkpaylayan qadın Körpəyə tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.

Ober-leytenant nəzakətlə etiraz etdi:

– Qoyun bunu zabitlər özləri həll etsinlər.

Arxadan kimsə bağırdı:

– Qalx!

Körpə diksinib yerindən elə sıçradı ki, altındakı stul aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib ayağa durdu.

Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxırdı.

– Sənin burada nə işin var?! – kapitan qəzəblə qışqırdı.

Körpənin rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı.

– Bu nədir? – kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən!

Bu vaxt ober-leytenant sakit və arxayın bir hərəkətlə ayağa qalxdı.

– Cənab kapitan, əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də yaxşı bir şey deyil, lakin bu əsgəri reyxsmarşalın özü təbrik etmişdir.

– Anlamıram! – kapitan təkəbbürlə ober-leytenantı süzdü.

Ober-leytenant sözünə davam etdi:

– O məni ölümdən xilas etmişdir. Rus mərmisi yaxınlıqda partlayan zaman bədəni ilə məni qorudu. Özü isə yaralandı. O əsl qəhrəmandır.

– Lakin bu ona burnunu bizim xörək qablarına soxmaq ixtiyarı vermir. Əgər sizin həyatınızı xilas etmişsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.

Kapitan stulunu çəkib onların stolunun arxasında əyləşdi. Ober-leytenant Körpəyə baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiyninə vuraraq dedi:

– Nə olar, Körpə, görünür, bu salonu tərk edib aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər, – o, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana dönüb yumşaq bir tövrlə sözünü bitirdi: – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.

Onlar salondan çıxandan sonra kapitan yaxındakı stolun dalında əyləşən sinəsi ordenlərlə bəzənmiş qoca polkovnikə müraciət etdi:

– Gördünüz bu cırtqozu?!

– Onunla ciddi danışmaq pis olmaz, – polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

– İcazə verin, bunu mən edim. Onun iştahasını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parıltılı uzun paltar geyinmiş bir qadın qaçaraq salona girdi. O, ilan kimi qıvrılaraq rəqs edir və xırıltılı bir səslə oxuyurdu. Zabitlər Körpənin stəkana qoyduğu dəsmallarla əllərini silərək bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

Birdən salona qarışıqlıq düşdü… Qoca polkovnik dəsmalın üstündə yazılar gördü. Əzilmiş kağızı hamarlayıb çeşməyini taxdı, yazını oxuduqdan sonra qəddini düzəltdi. Ucadan əmr verdi:

– Hamı stollardakı dəsmallara baxsın!

Musiqi kəsildi. Kağızlar xışıldamağa başladı. Hərə öz dəsmalındakı bu qısa sözləri oxudu: «Ölümə ölüm!» Bu sözlərin altında isə «Xalq intiqamçıları» yazılmışdı.

– Direktor! – kim isə vəhşicəsinə bağırdı.

Yarımçılpaq rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.

– Qapıları bağlayın, heç kəsi buraxmayın! – polkovnik bağırdı.

Qorxudan ölümcül hala düşmüş top kimi yumru, balacaboylu bir italyan özünü yetirib soruşdu:

– Bağışlayın, nə olub?..

Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. «Döyçe soldatenhaym»ın bütün xidmətçiləri bu salona toplaşmışdı.

«Görəsən, onların arasında partizan kimdir?» Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala güclə yerləşdilər…

* * *

Həmin vaxt Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat hökm sürürdü.

Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgərini funikulyorla yuxarı aparırdı.

Onlar tramvaydan düşüb sərt qayalıqları dırmaşmağa başladılar. Bu hündürlükdən baxanda aşağıdakı evlər balaca oyuncaqlara oxşayırdı. Onların durduğu yer Opçina adlanırdı.

– Bura bax, Vasya, – ober-leytenant astadan Körpəyə müraciət etdi, – o nə idi, şəhərin içində Anjelikanı qucaqlayırdın?

Vasya gülümsündü:

– Bütün almanlar qızlarla belə gəzirlər.

– Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Anjelikaya qarşı nifrət oyada bilər. İkincisi də, Anjelika gözəl qızdır, başqaları da sənə baxıb onu qucaqlamaq fikrinə düşərlər.

Vasyanın sifəti ciddi ifadə aldı. Ağımtıl qaşları çatıldı.

– Yaxşı, daha elə hərəkət etmərəm.

Ober-leytenant cib saatına baxıb gözünü Vasyaya zillədi:

– Bu nə deməkdir?

– Nə qədər keçib?

– 28 dəqiqə.

– Otuz olmalıdır.

– Vasya! – qəfil pıçıltı eşidildi.

Onlar səs gələn tərəfə döndülər.

Anjelika onlardan bir az aralıda həyəcanlı vəziyyətdə dayanmışdı.

– Necə oldu? – qız onlara yaxınlaşaraq soruşdu.

Ober-leytenant yenə saatına baxdı.

– Neçədir? – Vasya soruşdu.

Ober-leytenant güclə özünü ələ alaraq cavab verdi:

– Bir dəqiqə ötüb.

Anjelika sualedici nəzərlərlə gah Vasyaya, gah da zabitə baxırdı.

– Heç bir şey başa düşmürəm, – ober-leytenant gözlərini şəhərə zilləyərək dilləndi. – Vasya, axı sən əlüzyuyan otaqda kapsulu sındırdın.

– Hə… 30 dəqiqəlik kapsulu… Bəlkə, onlar stolun altındakı çantanı görüblər?

– Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Axı dəsmalları nahaq yerə dəyişdirmədik! Vərəqələr onların diqqətini yayındırmalı idi…

Birdən şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi eşidildi.

Üçü də diksinib şəhərə tərəf çevrildi.

Qeqqa küçəsindən sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

– Viva aminçi! Yaşasın azadlıq! – Anjelika cingiltili səslə qışqırdı. Sonra gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı: – Yoldaş Mixaylo, heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar adınızı «Spartak» qoymuşlar.

Birdən yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb onları qayanın dalına itələdi.

Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdilər.

Patrullar uzaqlaşdıqdan sonra gələn adam rahatlıqla nəfəs aldı və Mixayloya tərəf dönərək rus dilində dedi:

– Cavan oğlan, binanı partladanda bir az ehtiyatlı olmaq lazımdır.

Mixaylo qəddini düzəltdi.

– Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq təmiz alman dilində təkəbbürlə cavab verdi.

Yad adam gülümsündü:

– Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

Mixaylo cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

Yad adam dönüb tərəddüdlə Vasyaya və Anjelikaya nəzər yetirdi. Mixaylo da onlara baxdı. Onlar dinməzcə kənara çəkilib söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

– Briqadanın qərargahına xəbər verin ki, – yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstündən uçmayacaq. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

Mixaylo susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. Mixaylo qutunun üstündə italyan nişanı olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpəyə təyyarədən yük atılacağını bilirdi.

Naməlum adam köksünü ötürdü:

– Mənə inanmırsınız?.. Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər.

Mixaylo yenə də susurdu, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da siqaret çıxarıb yandırdı.

– Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü. – Mən sizi təqsirləndirmirəm. Bəlkə, bu cür də hərəkət etməliydiniz. Sizə yaxşı yol!

– Dayanın! – Mixaylo onu astadan çağırdı.

Naməlum adam dayandı. Mixaylo qəti bir səslə dedi:

– Siz heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.

Naməlum adam bir qədər fikirləşdikdən sonra yaxınlaşıb əlini onun çiyninə vurdu:

– Nə deyirəm, düzgün qərardır… Demək, ehtiyat edirsiniz… Gedək…

Onlar söhbət edə-edə qayaların dalından çıxdıqda Vasya ilə Anjelika təəccüblə bir-birinə baxdılar.

* * *

«Döyçe soldatenhaym» binası ucalan yerdə indi daş daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək binanın dağıntıları altından meyitləri çıxarırdılar. Əsgərlər daş-torpağın arasından bir əlin uzandığını gördülər. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb kənara itələməyə çalışırdı. Sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.

Az keçmiş hadisə yerinə bir minik maşını yaxınlaşdı. Maşından düşən iki cavan esesçi və bir həkim qorxudan özlərini itirmiş halda Şultsa yaxınlaşıb farağat durdular.