Читать книгу Kiçik qəhrəman (Abdulla Şaiq) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Kiçik qəhrəman
Kiçik qəhrəman
Оценить:
Kiçik qəhrəman

4

Полная версия:

Kiçik qəhrəman

Albert başını qaldırıb düşüncəli vəziyyətdə dedi:

– O bəxtiyar günü görmək üçün səni qurtarmaq lazımdır. Mariya qapısını, mətbəxini, bağlayıb xəbərə getmişdir. Jandarmlar bu saat gələcək. Buna bir çarə düşünürəm.

Xuan ona gülə-gülə cavab verdi:

– İspan xalqının aslan balaları kaş bu azğınlara qalib gəlsin, mən ölümdən qorxmuram.

Albert ona cavab vermədi; düşüncəli bir halda otaqdan çıxdı. Bir az sonra əlində iri bir zənbil gülə-gülə içəri girdi. Albaressa və Xuan ona baxıb gülürdülər. Albaressa dedi:

– Ağıllı bala, indi fikrin nədir?

Albert zənbili yerə qoyub dedi:

– Xuan dayı, bu dəfə səni bu zənbilin içində tavandan asacağam.

Xuan bir Albertə baxdı, bir də köhnə, bu böyük zənbilə. Üzünü Albaressaya tutub cavab verdi:

– Bizim zənbil məni saxlamaz, oradan başı üstündə yerə gələrəm.

Albert əlini Xuanın çiyninə qoyub onu sakit etdi:

– Mən elə bir iş yapacağam ki, yıxılsan da, ziyan dəyməyəcək.

Bunu deyib Albert tez dışarı çıxdı. Pəncərədən həyətə baxanda gördü ki, iki jandarm aşağıda pilləkəndə astadan danışır; yuxarı çıxmaqda tərəddüd göstərirlər. Albert gözlərini onlardan ayırmırdı. Onlar bir-biriylə çox məsləhət etdilər. Nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı. Albert tez otağına girib “gəldilər!” deyə bağırdı. Albaressanın köməyi ilə Xuanı zənbilin içinə qoyub ip ilə yuxarı çəkdilər və ipi tavanın orta mismarına möhkəm bağladılar. Sonra ayaqları altına qoyduqları masanı və iskəmləni götürüb bir tərəfə çəkildilər. Albert qapıya çıxdı. Onlara tərəf gələn jandarmı qarşılayaraq:

– Bax, vətəndaş, sən bizi boş yerə bu qədər incitdin, o kişini Mariya mətbəxdə, hovuzun içində gizlətmişdi. Başına böyük bir qabaq keçirmişdi, – dedi.

Jandarm gülümsəyərək soruşdu:

– Bəs o hara getdi, harada gizləndi?

– Mən artırmadan keçəndə hovuzdan çıxdığını gördüm. Əvvəlcə qorxdum, sonra qabağı başından çıxaranda tanıdım. Babama xəbər vermək üçün otağa qaçdım, bu gülməli əhvalatı ona danışdım. Biz artırmaya çıxınca o yox olmuşdu. Nə oldu, hara soxuldu, bilmədik. Bax mətbəxi bağlayıb getmiş, bəlkə də, yenə oradadır?

Jandarm acı-acı güldü.

– Bilirəm, onu siz gizlədirsiniz. Bu dəfə sizi aparmağa gəlmişəm.

Bunu deyib jandarm Albaressanın otağına girmək istədi. Albert gördü ki, Xuanın ayağı zənbilin deşiyindən görünür. Jandarm onu görməsin deyə Albert bir fənd işlətdi. İçəri girincə onun başını qarışdırıb tam zənbilin altında bir kürsü qoydu. Jandarmın qolundan tutub:

– Sən bu kürsüdə otur, mən sənə əhvalatı söyləyim, – dedi.

Jandarm pilləkənləri çıxıb enməkdən onsuz da yorulmuşdu. Özünü kürsünün üstünə salıb oturdu. Albert ona dedi:

– Vətəndaş jandarm, mən Xuanı, əgər bilmək istəyirsinizsə, əvvəldən sevmirəm. O da məni heç sevməz; məni görən kimi qaçır. Çünki ona mən belə bir mahnı qoşmuşam.

Bunu deyib Albert oxumağa başladı:

“Başın kəlikdir, ey Xuan,Qəlbin çəlikdir, ey Xuan.Ayağını çək yuxarı,Zənbil dəlikdir, ey Xuan!”

Xuan anladı ki, Albert bu sözlərlə ona işarə edir. Çünki onun ayağı zənbilin dəliyindən xeyli bayıra çıxmışdı. Jandarm başını qalxızsaydı, onu dərhal görə bilərdi. Odur ki Xuan zənbilin içində özünü toplayıb, ayağını deşikdən çəkmək istəyirdi ki, zənbilin qulpu qırılıb jandarmın başına düşdü. Jandarm ağzı üstündə yerə sərildi. Onun boynu içinə batmışdı. Xuan yerə düşüncə özünü toplayıb birbaş öz evinə qaçdı, qapını içəridən bağlayıb oturdu. Jandarm yerdə ufuldayırdı. Albert pəncərəyə yanaşıb, birdən bağırdı:

– Vay, faşistlər qaçmışlar, respublikaçı atlılar küçədə dolaşır; jandarmları öldürürlər.

Bu sözləri eşidən jandarm boynunu əyə-əyə başını qaldırdı, cəld ayağa qalxdı, vəziyyətin çətinliyini görüb həyəcanla: “Vay, mən neyləyəcəyəm?” – deyə Albertin üzünə baxdı. Albert sandığın ağzını açıb:

– Gəl bura, burada səni tapmazlar, – dedi.

Albert ilə Albaressa onun qolundan tutub çəkə-çəkə gətirib sandığa soxdular, Albert sandığın ağzını bağlayıb açarı cibinə qoydu və gülə-gülə Albaressaya baxıb yavaşca:

– Bundan qurtardıq, – dedi.

Bu ara küçədə səs-küy çoxaldı. Doğrudan da, respublikaçılar qaçan faşist əsgərlərini təqib edir, əllərinə düşən jandarm nəfərlərini öldürürdülər. Jandarmlar can qorxusundan özlərini həyətlərə soxub gizlənirdilər. Albaressa ucadan bağırdı:

– Ay, bizimkilər gəldi, bizimkilər gəldi!

Albert Xuana xəbər vermək üçün otaqdan çıxdı. Artırmada iki jandarm ilə üzləşdi. Onlardan biri:

– Balaca, bizi gizləyə bilərsinizmi? – deyə ondan kömək istədi.

Bunların birisi haman qısaboylu yoğun jandarm idi. Albert hərifləri otağa apardı. Qısaboylu jandarm əlini Albertin çiyninə qoyub dedi:

– Sənə mən çox əziyyət vermişəm. Vaxt olar, xəcalətindən çıxaram.

Albert ona cavab vermədi. Albaressanın köməyi ilə birisini palazın arasında gizlətdilər. Qısaboylu jandarmı da zənbilin içinə qoyub tavandan asdılar. Uzun kəndirin ucunu da qapı yanında vurulmuş mismardan bağladılar. Bu yerdə Mariya ağlaya-ağlaya içəri girdi:

– Bax mən sizi saxladım, indi də siz məni saxlayın, düşmən gəlir.

Albert onu öz mətbəxinə aparıb hovuzun içində oturtdu; qabağı da başına keçirtdi.

– Qorxma, səni burada heç kim tapa bilməz!

Küçələrdə zəfər marşı çalındı. Albaressa pəncərələri geniş-geniş açdı. Xuan da gəldi. Daşqın sevinc içində orduya dəsmal sallayıb salamladılar:

– Yaşasın İspaniyanın müzəffər respublikaçı ordusu!

Bu zaman bir dəstə atlı zabit gəlirdi. Onlar küçənin ortasında dayandılar. Zabitlərdən birisi əli ilə göstərib:

– Onu bax burada vurdular, mən durbinlə gördüm, – dedi.

Albert bağırdı:

– Vətəndaşlar, o faşist zabitini bax bu Xuan dayı öldürdü. Dəmir parçası ilə başını partlatdı.

Albert o qədər ucadan qışqırdı ki, zabitlər cəld ona sarı çevrildilər, razılıq əlaməti olaraq papaqlarını çıxartdılar. İçlərində rütbəcə ən böyük olan ucadan səsləndi:

– Vətəndaşlar, aşağı enin!

Xuan Albertin başını qucaqlayaraq:

– Hörmətli zabitlər, – deyə səsləndi. – Bu fikri mənə verən, döyülməyinə baxmayaraq, məni dörd dəfə faşist jandarmlarından gizləyən bu kiçik qəhrəman Albert ilə Albaressadır. Biz aşağı enməkdənsə, siz yuxarı çıxın, bu kiçik qəhrəmanın ağlasığmaz işlərini görün, həm də sizin üçün hazırladığı dörd hədiyyəni təslim alın!

Zabitlər gülə-gülə, həm də təəccüblə bir-birinə baxdılar. Üç zabit atdan enib həyətə girdi. Xuan onları Albaressanın otağına gətirdi. Bir-biri ilə yaxın dost kimi görüşdülər. Qoca Albaressa əhvalatı başdan-ayağa zabitlərə nağıl etdi. Zabitlər onu heyrətlə dinləyirdilər. Xuanı gizlədərkən Albertin yapdığı işlərə qəhqəhə çəkib güldülər.

Kiçik qəhrəman Albert onların gözündə böyümüşdü. Onun hünərinə, ağıl və kamalına heyran qalıb:

– Sağ ol, kiçik qəhrəman Albert! – deyə onu qucaqlayıb alnından öpürdülər. Albaressa gülə-gülə:

– Albert, durma, hədiyyələri də təslim et! – dedi.

Albert palaza yanaşdı. Onun ucundan tutub bütün qüvvəsi ilə dartdı; Albaressa və Xuan da ona kömək etdilər. Palazı açınca içindən jandarm çıxdı. Albert onun qolundan tutub zabitlərə dedi:

– Götürün, bu biri!..

Sonra sandığı açıb ikinci jandarmı çıxartdı.

– Bu da iki…

Xuanla divara bağlanmış ipi açıb yavaş-yavaş aşağı endirdi. Zabitlər zənbilin içində büzüşüb duran jandarmı görüncə gülüşdülər.

Zabitlər jandarmları tərk-silah etdikdən sonra kiçik binanın mərd sakinlərinə təşəkkür etdilər, onlarla birlikdə qərargaha getməyi arzuladılar.

– Siz də bizimlə bərabər qərargaha gedəcəksiniz. Əsgərlərimiz sizin kimi qəhrəmanları görməlidir.

Albert isə hələ məzhəkəni davam etdirirdi:

– Ay, dördüncü hədiyyəm qalmışdır, onu da təslim alın!

Zabitlər onun arxasınca mətbəxə girdilər. Mariya başında qabaq hovuzun içində səssiz oturmuşdu.

Xuan dedi:

– Dostlar, dördüncü faşist harada gizlənib? Tapın!

Zabitlər mətbəxin hər tərəfinə baxıb bir şey görmədilər. Albert gülə-gülə qabağı Mariyanın başından qaldırdı. Zabitlər heyrətlə bir-birinin üzünə baxdı; sonra ucadan güldülər. Hamı balaca Albertin kələkbazlığına heyran qalmışdı. Zabitlərdən biri soruşdu:

– Kiçik qəhrəman, bu fikirlər sənin başına haradan gəldi? Bunları böyük adam da düşünüb tapa bilməz.

Albert qaşlarını çataraq dərhal cavab verdi:

– Bu fikirləri məndə oyadan vətənimə olan sevgimdir. Biz ölənəcən faşistlərlə çarpışacağıq, torpağımızdan onlara bir qarış da verməyəcəyik!

Zabitlər iftixarla Alberti bir neçə dəfə atıb-tutub:

– Yaşasın vətənimizin qəhrəman oğlu kiçik Albert! – deyə çığırdılar.

Mariya saçları dağınıq halda qorxa-qorxa hovuzdan çıxdı. Onu da jandarmlara qatıb küçədəki gözətçilərə təslim etdilər.

Albert zabitlərlə yan-yana at üstündə gedirdi. Küçədən keçən xalq bağırırdı:

– Yaşasın ispan xalqının yenilməz ordusu!

Zabitlər də Alberti göstərərək deyirdilər:

– Yaşasın ispan xalqının qəhrəman balaları!

KİÇİK QƏHRƏMAN

Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.

Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu.

– Oğlum, niyə qəmlisən, nə olub?

– Heç!

– Necə heç, rəngin qaçmış, üz-gözünə qəm, kədər tozu çökmüş, yoxsa atanın xiffətini edirsən?

Azay başını köksünə dikərək bir az sakit durdu, sonra başını qaldırmadan dedi:

– Ana, atamı əsgər paltarında cəbhəyə göndərdiyimiz gün yadındadırmı?

– Yadımdadır, oğlum, o gün həm şən, həm də kədərli idi. Əsgər paltarı isə ona gözəl yaraşırdı. Qatar yola düşəndə gülə-gülə səni qucaqladı: “İgid oğlum, mərd ol, – dedi, – atanı düşünmə, mənim üçün darıxsan, ana Vətənə qulluq et, o mənim üçün hər şeydən: atadan, anadan da əzizdir”.

Azay anasının sözünü bitirməyə imkan vermədi:

– Yadımdadır… mən onun boynunu qucaqlayıb hönkür-hönkür ağlayırdım. O məni qucaqlayıb öpəndə yaşlı kirpikləri üzümü islatdı. Qatar hərəkət etmək üzrə idi. Məni zor-güc sakit edib vaqona atıldı. Qatar fit çala-çala hərəkət etdi. O, pəncərədən bizə baxırdı, mən də ona… bunlar yadındadırmı?

– Yadımdadır, oğlum!..

– Bu gecə olduğu kimi bunları yuxumda görmüşəm. Qatar hərəkət edərkən sənə baxıb hönkür-hönkür ağlarkən öz səsimə oyandım.

– Xeyirdir, oğlum, ağlamaq sevinməkdir. İnşallah, müharibə zəfərlə başa çatar, atan da sağ-salamat qayıdar.

Azayın gecədən bəri köksünə sığmayan kədəri elə bil bir qədər sovuşdu…

Sərin, buludlu bir gün idi. Azay dəmir yolunun şimala doğru uzanan yaşıl çəmənliyində çiçək dərə-dərə gedirdi. Əlvan çiçəklərdən bir dəstə bağladıqdan sonra dincəlmək üçün bir komanın ətəyində uzandı.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner