Bu kitabda məşhur müəllif S.Rüşdinin «Peyğəmbərin tükü», «Yaxşı məsləhət yaqutdan qiymətlidir», «Radioqəbuledici» əsərləri öz əksini tapmışdır.
«Peyğəmbərin tükü» hekayəsi romançı Rüşdinin həcmcə kiçik əsərlərindən olsa da, məzmununa və yazı manerasına görə Rüşdi yaradıcılığı üçün kifayət qədər xarakterikdir.
P. S. (Tərcüməçidən)
…Hekayəni dilimizə çevirməkdə məqsəd Salman Rüşdi əqidəsini Azərbaycanda təbliğ etməkdən ibarət deyil. Məqsədimiz – Çağdaş dövrün ən ziddiyyətli ədəbi simalarından biri kimi bütün dünyada tanınan Rüşdi barəsində Azərbaycan oxucusunda (səthi və ötəri olsa da) obyektiv və ədalətli təsəvvür oyatmaqdır.
…Həmçinin kiçik qeydimə bir də bunu əlavə etmək istərdim ki, bizim bu niyyətimizin səmimiliyinə inanmaqdan ötrü ədəbiyyatımızın demokratik maarifçilik ənənələrinə hörmətlə yanaşmaq kifayətdir…
Hindistanlı (müsəlman mənşəli) ingilis yazıçısı Salman Rüşdi Azərbaycanda əsasən «Şeytan ayələri» romanına görə tanınır. Lakin 1988-ci ildə yazılan bu əsər Rüşdinin məhsuldar yaradıcılığının ilk əlamətdar hadisəsi deyil. «Şeytan ayələri»nin yazılmasından əvvəl Salman Rüşdi «Gecəyarı zavallıları», «Mavrın son nəfəsi», «Ayıb» və s. əsərlərin ilə təkcə İngiltərədə yox, dünyanın bir sıra ölkələrində də yeni postmodernist ədəbi cərəyanın ilkin mərhələsinin tanınan, sayılan-seçilən simalarından biriydi.
Yazıçının Rusiyada nəşr edilmiş kitabından çevirdiyim «Peyğəmbərin tükü» hekayəsi romançı Rüşdinin həcmcə kiçik əsərlərindən olsa da, məzmununa və yazı manerasına görə Rüşdi yaradıcılığı üçün kifayət qədər xarakterikdir.
Xaotik, fantasmaqorik süjet. Hipnotik-mifoloji ovqat. «Absurd» dediyimiz – (tilsimli) anlaşılan anlaşılmazlıq. Düşünülmüş, məqsədli improvizә. Gah bilərəkdən sadələşdirilən, gah da dəftərxana dili səviyyəsində, qəsdən bayağılaşdırılan eklektik – baməzə dil materialı… Bu sayaq yazı manerası ilə Rüşdi sanki oxucu auditoriyasını qəsdən çaşdırmaq, hətta (bəlkə) bilərəkdən cırnatmaq, dolamaq, incitmək istəyir. Buna görə də o, bizim anladığımız, öyrəşdiyimiz mənada ənənəvi söz ustası və insanpərvər yazıçı deyil. Bununla belə, onun böyük Söz Sehrbazı olduğuna da mənim hazırda heç bir şübhəm yoxdur. Çünki bu hekayəni oxuyanda onu tərcümə edəcəyimi heç ağlıma da gətirməmişdim. Ancaq bədəməl Salman Rüşdinin bu məzhəbsiz, məlun «Tükü» (xalis şeytan tükü kimi) xirtdəyimə necə ilişdisə, bir də gördüm ki, oturub hekayəni tərcümə eləyirəm. Və heç 3 gün də keçməmiş bu әcaib «şeytan tükünün» azərbaycanca deyimini stolumun üstündə hazır gördüm.
«Proloq» əhlinə ehtiramla:
Əkrəm Əylisli
все жанры