
Полная версия:
Çippolinonun macəraları
Bunu başa düşən Çipollino gülümsünüb dedi:
– Narahat olma, evciyəzinə heç nə olmayacaq.
– Bəs onu hara aparacağıq?
– Əvvəl bizim zirzəmiyə qoyaq, sonrasına baxarıq, – pinəçi Üzüm dedi.
– Birdən senyor Pomidor daxmanın yerini öyrənsə, onda necə? – Kudu lələ təlaşla soruşdu.
Bu zaman hamı dönüb təsadüfən oradan keçən vəkil Noxuda tərəf boylandı. Noxud qızardı və and içməyə başladı ki, bu sirri heç kimə açmayacaq:
– Mən xəbərçi deyiləm, vicdanlı vəkiləm!
– Axı rütubətli zirzəmidə evin kərpicləri nəm çəkər, – Kudu lələ sakitləşmək bilmirdi. – Bəlkə, onu meşədə gizlədək?
– Bəs meşədə evə kim göz-qulaq olacaq? – Çipollino soruşdu.
– Mənim tanışım Qaragilə meşədə yaşayır, evciyi ona etibar etmək olar, – professor Armud sözə qarışdı.
Beləliklə, evciyi arabaya yükləyib meşəyə aparmaq qərarına gəldilər. Kudu lələ öz evciyi ilə vidalaşıb nəvəsi Kuducuğun yanına yollandı.
Çipollino, Lobyacıq və Armud evciyi meşəyə apardılar. Onlar evciyi daşıyarkən qətiyyən yorulmadılar. Axı Kudu lələnin daxması quş qəfəsi kimi yüngül idi.
* * *Qaragilə şabalıd qabığının içində yaşayırdı. Evi darısqal olsa da, burada yaşamaqdan məmnun idi. İçəridə elə də çox əşya yoxdu: onun bütün sərvəti birtaylı qayçıdan, paslanmış ülgücdən, iynə-sapdan və pendir qırıntısından ibarət idi.
Professor Armud tanışına təklif etdi ki, gətirdikləri daxmaya köçsün və bundan sonra orada yaşasın. Qaragilə bu təklifdən bərk həyəcanlandı. Çünki hamının kiçik hesab elədiyi daxma onun gözünə həddən ziyadə böyük, lap saray kimi görünmüşdü. Ona görə də əvvəl etiraz elədi:
– Belə böyük evdə yaşamaq? Mümkün deyil! Bu boyda sarayda təkbaşına nə edəcəyəm? Mənə şabalıd qabığında yaşamaq daha xoşdur.
Lakin o, evin Kudu lələyə məxsus olduğunu eşidən kimi razılaşdı:
– Mənim Kudu lələyə həmişə yazığım gəlib. Hətta bir dəfə onu ölümdən, daha doğrusu, tırtıldan qurtarmışam. Tırtıl Kudunun yaxalığına yapışmışdı, mən onu xəbərdar eləməsəydim, kim bilir, bu nə ilə nəticələnəcəkdi…
Evciyi qollu-budaqlı palıd ağacının altına qoydular. Çipollino, Lobyacıq və Armud Qaragilənin yeni evə köçməsinə kömək etdilər. Sonra onlar Kudu lələnin evinin yeni sahibi ilə sağollaşıb söz verdilər ki, tezliklə ona şad xəbər gətirəcəklər. Tək qalan Qaragilə narahat olmağa başladı. Birdən evə oğrular girsə, necə olacaq?
– Belə böyük evi oğrular mütləq soymaq istəyəcəklər. Elə biləcəklər ki, evdə bahalı əşyalar var. Odur ki ayıq-sayıq olmalıyam!
Qaragilə çox düşünüb-daşınandan sonra qapıya zınqırov asmaq qərarına gəldi. Zınqırovun üstünə isə bir lövhə vurdu. Həmin lövhədə bu sözlər yazılmışdı:
«Əziz oğrular, sizdən acizanə şəkildə xahiş edirəm, içəri daxil olmazdan əvvəl bu zəngi çalın! Onda sizi dərhal evə buraxacaqlar və öz gözünüzlə görəcəksiniz ki, bura boşuna gəlmisiniz, oğurlamağa heç bir şey yoxdur».
Lövhəni qapıya asandan sonra xeyli rahatlanan Qaragilə Günəş batar-batmaz yuxuya getdi. Lakin gecənin bir yarısı qapının zəngini vurub onu oyatdılar.
– Kimdir? – Qaragilə içəridən səsləndi.
– Oğrulardır.
– Gəlirəm, bircə dəqiqə gözləyin.
O, xalatını geyinib qapını açdı. Qapıda iki iricüssəli, hündürboy, saqqallı oğru dayanmışdı. Qaragilə onlara icazə verdi ki, bütün evi axtarsınlar. Onun gözünə saray kimi görünən, əslində, quş damından böyük olmayan bu evə oğruların girməsi mümkün deyildi. Odur ki növbə ilə başlarını qapıdan içəri salıb hər yerə göz gəzdirdilər, ancaq oğurlamağa bir şey tapmadılar. Oğruların əliboş qayıdacaqlarına üzülən Qaragilə dedi:
– Əgər üzünüzü taraş etmək istəsəniz, sizə ülgüc verə bilərəm. Düzdür, bir az paslanıb, amma yaxşı ülgücdür, ulu babamdan qalıb.
Havayı taraş olmağı qənimət bilən oğrular razılaşdılar. Üzlərini taraş eləyəndən sonra çıxıb getdilər. Hətta gedərkən Qaragiləyə təşəkkür etməyi də unutmadılar. Bu isə onların pis adam olmadıqlarını göstərirdi. Kim bilir, hansı ehtiyacdan oğurluqla məşğul olmaq məcburiyyətində qalmışdılar!
Qaragilə yenidən yatağına uzandı. Gecə saat 2-də qapının zəngi növbəti dəfə onu yuxudan oyatdı. Bu dəfə də iki oğru gəlmişdi.
– Buyurun, baxın, – Qaragilə dedi. – Ancaq bir-bir, yoxsa evi uçurarsınız.
Bu oğruların saqqalı yox idi, lakin onlardan birinin gödəkçəsinin bütün düymələri qopub düşmüşdü. Qaragilə iynə-sapını ona bağışlayıb dedi:
– Gedərkən ayağınızın altına diqqətlə baxın. Yolda həmişə çoxlu düymə olur. Götürüb bu iynə-sapla tikərsiniz.
Həmin gündən oğrular hər gecə zəngi çalıb Qaragiləni yuxudan oyadırdılar. Onlar evdən oğurlamağa bir şey tapmasalar da, bu balaca, xeyirxah və nəzakətli ev sahibi ilə tanışlıqdan razı qalırdılar.
Gördüyünüz kimi, Kudu lələnin evciyi etibarlı əllərdə idi…
Baron Portağalla hersoq Naringi qrafinyalara qonaq gəlirlər
Nəhayət, Albalı qrafinyaların qəsrinə baş çəkmək vaxtı gəlib çatdı. Qrafinyalar qəsrin yerləşdiyi kənddəki bütün torpaqların, evlərin, kilsələrin sahibi hesab olunurdular.
Çipollino öz dostları ilə birlikdə Kudu lələnin evciyini meşəyə aparan gün qəsrdə canlanma müşahidə olundu. Qrafinyalara qohumları baron Portağal və hersoq Naringi qonaq gəlmişdilər. Baron Böyük qrafinyanın, hersoq isə Kiçik qrafinyanın vəfat etmiş ərinin yaxın qohumu idi.
Çox kök olan baron Portağalın qarnı özündən böyük idi. Burada təəccüblü bir şey yoxdur. Axı Portağalın işi-peşəsi yemək yeməkdi. Ağzı bütün gün durmadan işləyirdi. Çənəsinə yalnız yuxuya getdiyi vaxt bir-iki saat istirahət verirdi.
Baron Portağal gəncliyində axşamdan səhərə kimi yatırdı. Həmin müddətdə mədəsi də onun yediklərini həzm eləməyə imkan tapırdı. Lakin sonralar baron düşündü və bu qərara gəldi:
– Yatmaq vaxt itkisidir. Axı mən yuxuda olduğum vaxt yemək yeyə bilmirəm.
Odur ki gecələr də yeməyə başladı. Baron Portağalın qarnını doyurmaq üçün kəndlilər ona araba-araba yemək daşıyırdılar. O, qısa vaxt ərzində kənddəki bütün yumurtaları, toyuqları, keçiləri, donuzları, qoyunları, inəkləri yeyib-qurtardı. İki qulluqçusu gələn yeməkləri durmadan onun ağzına dürtüşdürürdü. Yorulanda isə onları başqaları əvəz eləyirdilər. Nəhayət, kəndlilər bildirdilər ki, artıq yeməyə heç nə qalmayıb, o hətta ağaclardakı bütün meyvələri də mədəsinə ötürüb. İşi belə görən baron əmr elədi ki, ağacları qırıb gətirsinlər. Portağal ağac yarpaqlarının və köklərinin üstünə zeytun yağı ilə duz töküb yeməyə başladı.
Bağlardakı bütün ağaclar tar-mar edildikdən sonra baron sahib olduğu torpaqları satıb puluna ərzaq aldı. Artıq yaşamağa yeri olmadığından Böyük qrafinyaya məktub yazıb onlara qonaq gedəcəyini bildirdi. Kiçik qrafinya bu xəbəri narazılıqla qarşıladı:
– Baron bizim bütün var-dövlətimizi yeyib-qurtaracaq! Hətta o bizim qəsri bir qazan makaron kimi uda bilər!
Böyük qrafinya ağlamağa başladı:
– Sən mənim qohumlarımı həmişə gözümçıxdıya salmısan! Onları görməyə gözün yoxdur. Mənim yazıq, bədbəxt baronum axı kimə nə eləyib?
– Yaxşı, yaxşı, – Kiçik qrafinya naəlac qalıb razılaşdı. – Çağır gəlsin, ancaq bil ki, onda mən də öz qohumum hersoq Naringini qəsrə dəvət eləyəcəyəm.
– Buyurub gəlsin! – Böyük qrafinya bacısının şərtini qəbul etdi. – O ki quş qədər yemək yeyir. Ümumiyyətlə, sənin mərhum ərinin bütün qohumları cılız adamlardır, elə bil həmişə pəhriz saxlayırlar. Mənim ərimin qohumları isə hündürboy, kök, gözəgəlimlidirlər.
Həqiqətən, baron Portağal kök olduğu qədər də ucaboy idi. Lakin, ilk növbədə, qarnı diqqəti cəlb eləyirdi. Portağalın qarnı o qədər böyük idi ki, onu daşımağa gücü çatmırdı. Harasa getmək istəyəndə kimsə əl arabasında onun qarnını daşımalı idi. Bir sözlə, «qarınqulu» ifadəsi baron Portağalın lap boyuna biçilmişdi. Artıq uzun illərdi ki, o öz qarnının quluna çevrilmişdi.
Senyor Pomidor cəld Lobyanın yanına adam göndərib əmr elədi ki, öz arabası ilə birlikdə onun hüzurunda hazır olsun. Ancaq Lobya arabanı yerində tapmadı. Bildiyiniz kimi, onun oğlu Lobyacıq gəlib arabanı aparmışdı ki, Kudu lələnin evciyini meşəyə daşısınlar. Əlacsız qalan Lobya rəngsazların əhəng daşımaq üçün istifadə elədikləri əl arabasını götürüb gəldi. Senyor Pomidor baron Portağalın qarnını zorla arabaya yerləşdirib qışqırdı:
– İrəli!
Lobya nə qədər güc versə də, arabanı yerindən tərpədə bilmədi. Çünki baron yenicə qəlyanaltı eləmişdi. İki nökər də çağırdılar. Nəhayət, bu üç nəfərin köməyi ilə araba hərəkətə gəldi. Lakin yoldakı daşlar təkərlərə dəydikcə araba atılıb-düşür, baronun qarnı sağa-sola yırğalanırdı. Lobya və nökərlər nə qədər ehtiyatlı davransalar da, təkərlər tez-tez yoldakı çuxurlara düşürdü. Bütün bunlardan təlaşlanan Portağalı soyuq tər basmışdı. Elə ki qonaqlar qəsrə çatdılar, həmin gündən qrafinyaların qara günləri başladı. Böyük qrafinya ağzı dayanmadan işləyən baron Portağala yemək çatdıra bilmirdi. Hersoq Naringi isə Kiçik qrafinya və onun qulluqçularını lap boğaza yığmışdı. O, baron kimi qarınqulu olmasa da, başqa pis cəhətləri var idi. Hersoq Naringi həmişə hər şeydən narazı idi. Məsələn, qulluqçu qız Çiyələk səhərdən axşama kimi hersoqun köynəklərini ütüləməkdən zinhara gəlmişdi. Çiyələk ütülənmiş köynəyi ona gətirəndə isə Naringi qızın işini bəyənməyib çığır-bağır salırdı. Şkafın başına çıxıb qrafinyaları özünü oradan aşağı atmaqla təhdid eləyirdi.
– Əziz Naringi, sizə nə olub? – Kiçik qrafinya qorxa-qorxa soruşurdu.
– Görmürsünüz, mənim köynəyimi necə pis ütüləyiblər?! Belə qırış-qırış köynəkdə gəzməkdənsə, ölsəm, yaxşıdır!
Onda Kiçik qrafinya hersoqu sakitləşdirmək üçün mərhum ərinin yun köynəyini sandıqdan çıxarıb ona verirdi. Hersoq ehtiyatla şkafın başından aşağı düşüb köynəyi geyinib yoxlayırdı. Lakin çox keçmədən yenə onun zəhlətökən səsi eşidilirdi:
– Ölürəm!
Qrafinya qorxudan əli ilə ürəyini tutub yenə hersoqun otağına qaçırdı.
– Əziz Naringi, sənə nə olub axı?
– Mən ən qiymətli qol düymələrimi itirmişəm. Bu dərdə dözə bilməyəcəyəm! Yox, yaxşısı budur, özümü öldürüm!
Kiçik qrafinya hersoqun səsini kəsmək üçün ərinin qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış bütün qol düymələrini hersoqa hədiyyə edirdi.
Bir sözlə, gəldiyi gündən bəri hersoq Kiçik qrafinyanın qiymətli nəyi vardısa, bu yolla onun əlindən aldı. Nəticədə bir neçə çamadan hədiyyə toplayan Naringi razılıqla əllərini bir-birinə sürtdü.
Hər iki qohumun acgözlüyü qrafinyaları mütəəssir eləmişdi. Lakin baronla hersoqa heç nə deyə bilmir, bütün hirslərini atası-anası öləndən sonra onların himayəsində qalmış zavallı Albalıcığazdan çıxarırdılar.
– Acgöz! – Böyük qrafinya yemək vaxtı onun üstünə qışqırırdı. – Get dərslərini hazırla.
– Mən artıq dərslərimi oxumuşam.
– Get o birilərini də oxu! – bu dəfə Kiçik qrafinya səsini başına atırdı.
Zavallı Albalıcığazın onların əmrinə tabe olmaqdan başqa əlacı qalmırdı. Albalıcığaz hər gün o qədər dərs hazırlayırdı ki, ona bir neçə dəftər bəs eləmirdi. Çox yorulanda isə qəsrin ətrafındakı parka gedirdi ki, bir az hava alsın. Lakin qrafinyalar burada da onu rahat buraxmırdılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Примечания
1
Kamerger – bəzi monarxiya dövlətlərində saray xadimlərinə verilən fəxri ad
2
Təbəə – bir dövlətə tabe olan, onun vətəndaşı olan adam, əhali
3
Kavaler – hər hansı bir ordenlə təltif olunmuş şəxs
4
Karet – hər tərəfi örtülü, dördtəkərli minik arabası
5
Eşikağası – keçmişdə böyük adamların evində təsərrüfat işlərinə baxan, xidmətçiləri idarə edən şəxs
6
Senyor – ağa, cənab
7
Qraf – zadəgan rütbəsi
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов