Müasir Azərbaycan şeirində öz dəst-xətti, üslubu, havası və öz Sözü olan şairlərimiz çox azdır. İmzasını imza edənlər, tutduğu yolda – yazdıqları aşıq şeiridirmi, xalq şeiri üslubundadırmı, sərbəst şeirdirmi… – öz izini, cığırını tapanlar da həmçinin. Hətta müşahidələrimiz əsasında görür və heyrət edirik ki, bəzən uğurlu ifadələrlə zəngin şeirlər bolluğunda, şair ruhunun duyulduğu, göründüyü mətnlərdə, poetik tapıntıların çoxluğunda belə müəllifi aşkarlamaq, üslubu müəyyənləşdirən komponentləri üst-üstə qoyaraq, seçərək şairə doğru yol almaq çətin olur. Ruhun, ovqatın, hissin, düşüncənin ifadəsindəki eyniyyət, təsvirlərdəki oxşarlıq təkcə “hamımı eyni cür düşünürmüş” sualını deyil, eyni zamanda da “hamımı eyni cür ifadə edirmiş” sualını da çıxarır ortaya. Və görürük ki, çağdaş şeirlər də, çağdaş şairlər də yazdıqları (və duyduqları, düşündükləri) ilə bir-birinə çox bənzəyirlər. Və əlbəttə ki, ikinci və üçüncüdəki bənzərlik normal qarşılansa da, birincisi heç doğru deyil…
Həm də, ən pisi, bu, yalnız yaşanan ağrıların, ağrıyan ruhların, verilən qurbanların, itkilərin, sarsıntıların eyniyyətindən, oxşarlığından doğan yaxınlıq deyil. Qəlibləşmiş forma, daşlaşmış ölçü, biçim, düşüncələrdə, təsəvvürlərdə özünə illərdir yer etmiş bir-birinə yaxın ifadə, təsvir modellərinin təkrarlığından yaranan eyniyyətdir.
Xüsusilə də söhbət aşıq şeirindən, qoşmadan, gəraylıdan, bir sözlə, hecadan gedirsə…
Çoxluq da bu istiqamətdədir, ağırlıq da…
Bununla belə, özünəməxsus üslubu, dil-ifadə komponentləri olan, fərqli, dəyişik təsvir-düşüncə modeli yaradan müəlliflərimiz var və bu cür diqqətçəkən, seçilən imzalardan biri də İlham Qəhrəmandır. İllərdir ədəbi mətbuatda, jurnallarda, qəzetlərdə hər görünüşü fərqli, özünü yadda saxlayan tapıntılarla, şair ruhunun səmimiyyəti və sadəliyi ilə, yaratdığı poetik obrazların özünəməxsusluğuyla yadda qalıb. Həm sərhədləri daxilində “çalışdığı” formaya, onun qanunauyğunluğuna dərindən bələdliyi duyulub bu mətnlərdə, həm də (və daha çox) xalq ruhuna, təfəkkürünə, düşüncə və özünüifadə modelinə, vasitələrinə doğmalıq… Eyni zamanda da bu iki xüsusiyyəti qorumaqla Özü ola bilmək, özü kimi danışmaq, yazmaq bacarığı… Bir şair üçünsə bu cəhətlər çox vacibdir.
все жанры