
Полная версия:
Professor Douelin başı
– Necə yəni “kəsib atdıq”? Bu, nə deməkdir? Mən razılıq vermirəm! Bu, nə cür əməliyyatdır! Belə vəziyyətdə mən kimə lazımam? Tək bir başla çörək qazana bilməzsən. Mənə qollarım lazımdır. Bizim xəstəxanalara yaxşı bələdəm. Az-maz saxlayandan sonra “sağalmısan” deyib atacaqlar küçəyə.
Onun danışıq tərzi, qarayanız çil-çil sifəti, sadəlövh nəzərlərlə baxan mavi gözləri kənd adamı olduğundan xəbər verirdi.
– Adınız nədir? – professor Kern soruşdu.
– Tomas Buş.
– Məsələ belədir, Tomas… Siz heç nədən korluq çəkməyəcəksiniz. Narahat olmayın, sizi küçəyə də atmayacaqlar.
– Mən heç nə başa düşmürəm, bizi havayı yedizdirəcəksiniz, yoxsa pulla yarmarkalarda göstərəcəksiniz?
– Göstərməyinə göstərəcəyik, amma yarmarkalarda yox. Alimlərə göstərəcəyik. İndi isə dincəlin, – deyib Kern qadın başına tərəf döndü. – Brike, nədənsə, özünü gözlətməyə məcbur edir.
– Bu, nədir? – Tomas soruşdu.
– Görürsünüz, darıxmayasınız deyə, yanınıza xanım da dəvət etmişik… – professor Kern dilləndi. – Loran, onun kranını bağlayın bizə mane olmasın.
Brikenin başı dirilib danışmaq iqtidarında olan kimi xırıltılı səslə zarımağa başladı:
– Ah, ah, mənim bədənim… Mənim bədbəxt bədənim… Siz mənim başıma nə oyun açıbsınız?! Belə qalmaqdansa, ölmək yaxşıdır!
Brike bir qədər sakitləşdikdən sonra professor Kernin izahatlarını səssizcə dinləməyə başladı və dedi:
– Deyirsiniz məni diriltmisiniz? Nə qədər savadsız olsam da, başın bədənsiz yaşaya bilməyəcəyini anlayıram. Elə isə bu nə sehrdir?
– Bu, elmin nailiyyətidir.
– Elminiz belə möcüzələrə qadirdisə, onda mənə başqa bir bədən də calaya bilərsiniz. Axmaq Jor güllə ilə sinəmi parçaladı. Ancaq gülləni alnına sıxan qızlar məgər azdır? Onlardan birinin bədənini kəsib mənim başıma bitişdirə bilməzsiniz? İntəhası, bədənləri əvvəlcə mənə göstərməlisiniz. Mütləq qəşəng bədən seçmək lazımdır.
Brike sonra Lorandan güzgü istəyib bir xeyli özünə tamaşa etdi.
– Dəhşətdir!.. Siz mənim saçlarımı daraya bilərsiniz?
Kern qımışaraq dedi:
– Loran, işiniz artdı. Təbii ki, mükafatınız da artırılacaq.
Professor Kern laboratoriyanı tərk etdikdən sonra, Loran Douelin başını yoluxmağa getdi. Douelin gözlərindən qəm-qüssə yağırdı.
– Yazıq, mənim zavallım, – deyə Loran pıçıldadı. – Tezliklə intiqamınız alınacaq!
Başın işarəsilə Loran hava kranını açdı.
– Yaxşısı budur ki, mənə təcrübələrin necə keçdiyindən danışasınız, – baş kədərlə gülümsədi.
Başlar əylənirlər
Douelə nisbətən Tomas və Brikenin başları öz yeni varlıqlarına daha çətin alışırdılar. Douelin beyni indi də əvvəllər olduğu kimi elmi işlərlə məşğul idi. Tomas və Brike isə sadə adamlar olduqlarından, bədənsiz yaşayışın onlar üçün heç bir mənası yox idi. Təbii ki, onlar çox tez darıxmağa başladılar.
– Məgər bu da həyatdır? – Tomas şikayətlənirdi. – Kötük kimi bir yerdə bitib qalmışam. Divarlardakı hər dəlmə-deşiyə azı min dəfə baxmışam. Heç nə ilə məşğul ola bilmirəm.
Başların ovqatı Kerni narahat edirdi. Nümayiş olunacaqları günə qədər onlar xiffətdən ölə bilərdilər.
Bir müddət onları filmlərlə əyləndirməyə çalışdılar. Ancaq qəhrəmanların cəld hərəkətləri, döyüş səhnələri, uşaqlığını keçirtdiyi kənd mənzərələri Tomasa pis təsir etdi. Kübar cəmiyyətin bal səhnəsi, rəqs edən gözəl qadınların zinətli geyimləri isə Brikeni əməllicə sarsıtdı.
– İlahi, mən necə qəşəng rəqs edərdim! – Brike göz yaşları içində çığırdı.
Başqa əyləncələrə keçməli oldular.
Brike şıltaqlığına ara vermirdi. Tez-tez güzgü tələb edirdi, gözünə sürmə çəkdirir, sifətini pudraladır, saçlarını cürbəcür formaya saldırırdı. Kosmetikanın sirlərinə bələd olmayan Loranın bacarıqsızlığı onun ovqatını təlx edirdi.
– Məgər sağ gözün soldakından tünd rəngləndiyini görmürsünüz? – Brikenin başı əsəbi halda Lorana irad tuturdu.
O hərdən qəribə tələblər irəli sürürdü. Əvvəlcə başının bərkidildiyi stolun alt tərəfini pərdələtdirdi. Bir dəfə isə dedi ki, kişi ilə eyni otaqda yata bilmir. Loran kitabdan arakəsməyə bənzər bir şey düzəltməyə məcbur oldu.

Tomas da Brikedən geri qalmırdı. Bir dəfə şərab istədi. Professor Kern onun qida məhluluna sərxoşluq gətirən maddələr daxil edəsi oldu.
Bəzən isə Tomas ilə Brike birgə duet oxuyurdular. Zəifləmiş səs telləri işə yaxşı yaramırdı. Bu, dəhşətli duet idi.
– Zavallı səsim… Siz mənim əvvəllər necə oxuduğumu eşitmiş olsaydınız! – deyən Brikenin qaşları iztirabla çatılırdı.
Yer və Göy
Brike coşqun həyat tərzi keçirdiyindən, nəinki axirət barədə düşünməyə, hətta kilsəyə getməyə belə macal tapmamışdı. Onun indiki həyatı dəhşətli idi, lakin ikinci dəfə ölmək ehtimalı onu daha çox qorxudurdu. Gecələr axirət dünyasının dəhşətləri ona əzab verirdi. Gözləri qarşısında cəhənnəm alovunun dilləri canlanırdı. Öz günahkar bədəninin nəhəng tavada qızardıldığını görürdü.
Brike dəhşət içində oyanır, dişləri bir-birinə dəyib şaqqıldayır, nəfəsi təngiyirdi.
– İlahi, ilahi, doğrudanmı, sən öz zavallı bəndənin təqsirindən keçməyəcəksən, sən ki hər şeyə qadirsən, – onun dodaqları səssizcə tərpənirdi, – sənin mərhəmətin hədsizdir. Mən çox günaha batmışam, ancaq məgər təqsir məndədir? Anam yadıma gəlmir, xeyirxahlığı kimdən öyrənə bilərdim?.. Mənə qəzəbin tutmasın, ilahi, mərhəmətin sayəsində məni qıl körpüdən keçir…
Tomas da pis yatırdı. Ancaq onu cəhənnəm dəhşətləri təqib etmirdi. Onu üzən dünya həsrəti idi. Cəmisi bir neçə ay əvvəl pul qazanmaq arzusu ilə doğma kəndini tərk etmişdi. O zaman alyanaq Meri ilə evlənə bilərdi… İndi isə hər şey məhv olmuşdu. Başı qarğa ürküdən müqəvva kimi payaya keçirilmişdi. Hanı onun qüvvətli qolları, sağlam bədəni?!
Ona bədən calamaq xahişi ilə Brike yenidən professor Kernə müraciət etdi.
– Cənab professor, mən belə qala bilmərəm. Çox xahiş edirəm. Əminəm ki, istəsəniz, bu işin də öhdəsindən gələrsiniz.
“Lənət şeytana, axı niyə də yox?” – professor Kern düşündü. Bədəndən ayrılmış başları diriltmək şöhrətini öz adına çıxsa da, bu uğurlu təcrübələrin, əslində, professor Douelin xidməti olduğunu yaxşı dərk edirdi. Axı nə üçün o, Doueli ötüb keçməsin? Həlak olmuş iki adamdan bir dirisini yaratmaq möhtəşəm bir iş olardı. Hər halda Douelin bəzi məsləhətlərindən istifadə edə bilərdi. Hə, bu barədə dərindən düşünmək lazımdır.
– Olmaya, könlünüzə rəqs etmək düşüb? – professor Kern gülümsədi.
– Könlünüzə düşüb nədir? Səhərdən axşama qədər kəpənək kimi rəqs edəcəyəm. Təki mənə cavan, yaraşıqlı qadın bədəni verin.
– Axı niyə hökmən qadın bədəni? Ürəyinizdən keçsə, lap elə kişi bədəni də verə bilərəm.
Brike təəccüblə ona baxdı.
– Kişi bədəni? Qadın başı kişi bədəni üzərində! Yox, yox, bu, dəhşətli eybəcərlik olardı! Hətta paltar düşünmək belə çətindir.
– Onda siz artıq qadın olmayacaqsınız. Bığ-saqqalınız çıxacaq, səsiniz dəyişəcək. Çox qadınlar var ki, kişi doğulmadıqlarına təəssüf edirlər.
– Onlar, yəqin, kişilərin əhəmiyyət vermədikləri qadınlardır. Belələri, çox güman, kişiyə çevrilməklə udmuş olardılar. Mən isə… Mənim buna ehtiyacım yoxdur, – Brike öz gözəl qaşlarını qürurla çatdı.
– Yaxşı, siz deyən olsun. Qadın olaraq qalarsınız. Mən də çalışaram sizin üçün münasib bədən tapam.
– Ah, professor, sizə son dərəcə minnətdar olaram. Bunu elə bu gün etmək olarmı?
– Bu, tezliklə olan iş deyil.
Professor Kernin yeni bədən barədəki vədindən sonra Brikenin əhvalı kəskin dəyişdi. Cəhənnəm əzabları artıq onu təqib etmirdi. Qarşıdakı həyatı barədə fikirləşirdi. Güzgüyə baxdıqca sifətinin sınıxması, dərisinin saralması, qırışların əmələ gəlməsi onu narahat etməyə başlayırdı.
– Professor, doğrudanmı, mən belə arıq, solğun qalacağam? – tez-tez həyəcanla Kerndən soruşurdu.
– Siz əvvəlkindən də gözəl olacaqsınız, – Kern onu sakitləşdirirdi.
– Yox, rəng yaxmaqdan bir şey çıxmayacaq, bu, özünü aldatmaqdır, – professor gedəndən sonra Brike deyinirdi. – Gözlərimin kənarlarında, burnumdan dodaqlarıma tərəf yeni qırışlar əmələ gəlib. Elə bilirəm ki, yaxşı masaj edilsə, yox olarlar. Hə, az qala, unutmuşdum, paltarlıq üçün boz ipək tapa bildinizmi? Boz rəng mənə çox yaraşır. Moda jurnalları da gətiribsiniz? Çox əla! Heyif ki, paltar biçmək mümkün deyil. Bədənimin necə olacağı hələ məlum deyil. Professor boyca uca, beldən nazik bədən əldə etsəydi, yaxşı olardı!
Loran professor Douelin başını unutmurdu. Əvvəlki kimi başa qayğı göstərir, səhərlər qiraətlə məşğul olurdu. Söhbət üçün vaxt qalmırdı, ancaq hələ çox şeylər barədə Douellə danışmaq istəyirdi. Loran getdikcə daha çox yorulur və əsəbiləşirdi. Brikenin başı ona bircə dəqiqə belə rahatlıq vermirdi.
Cəsarətli əməliyyatı həyata keçirmək fikri isə Kerni aludə etmişdi. Professor Douelin başı olan otağın qapısını içəridən kilidləyib, saatlarla onunla məşvərət edirdi. Douel Kernin ağlına gəlməyən, lakin təcrübənin nəticəsinə təsir edə biləcək çətinlikləri göstərir, heyvanlar üzərində qabaqcadan bir neçə təcrübə aparmağı məsləhət görürdü. Qarşıdakı təcrübə onun özünü fövqəladə dərəcədə maraqlandırırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов